Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Respublika Milli Təhlükəsizlik Nazirliyində İdman-Sağlamlıq Kompleksinin açılışı mərasimində nitqi - 16 may 2000-ci il


Hörmətli zabitlər!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən sizi - Milli Təhlükəsizlik Nazirliyinin bütün əməkdaşlarını, bütün kollektivini bugünkü hadisə münasibətilə - idman-sağlamlıq kompleksinin tikilib başa catması və onun istifadəyə verilməsi münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, bu idman-sağlamlıq kompleksindən Milli Təhlükəsizlik Nazirliyinin hər bir əməkdaşı səmərəli istifadə etsin, öz sağlamlığını möhkəmləndirsin və öz ömrünü uzatsın.

Tikmək, yaratmaq, qurmaq, abadlaşdırmaq həmişə cəmiyyətdə, xalqda böyük minnətdarlıq hissi doğurmuşdur. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Ona görə də burada son illər aparılan bu işlər, tikilmiş bu gözəl binalar, doğrudan da gözəl bir idman-sağlamlıq kompleksinin yaranması və sizin əsas binanın ətrafının abadlaşması, gözəlləşməsi təqdirəlayiqdir. Mən bunu yüksək qiymətləndirirəm və bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Bu gün müstəqil Azərbaycan dövlətinin Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının yaxşı işləməsi, yaxşı fəaliyyət göstərməsi, öz fiziki sağlamlığını daim saxlaması, hətta möhkəmləndirməsi, yaxşı istirahət etməsi üçün çox gözəl imkanlar yaranıbdır. Bu imkanlar göz qabağındadır. Bu məni sevindirir. Çünki təhlükəsizlik orqanlarının əməkdaşları həmişə gərgin işləmişlər. Bu gün isə - Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra, müstəqil dövlət olandan sonra milli təhlükəsizlik orqanlarının işçiləri daha da çox işləməlidirlər və onlardan daha da gərgin iş tələb olunur. Gərgin iş tələb olunmaqla yanaşı, onlara qayğı göstərilir, onların həm şəxsi həyatının, həm də iş şəraitinin bu gərgin işə dözmək üçün layiqli olması təmin edilir. Bu baxımdan hesab edirəm ki, indi Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin böyük bir kompleksi var və bu kompleks həm yaxşı işləməyə, həm də yaxşı istirahət etməyə böyük imkanlar yaradır.

Bir daha qeyd etmək istəyirəm ki, burada son illər görülən işləri mən yüksək qiymətləndirirəm. Bunların hamısı səmərəli iş üçün lazımdır. Bu işlərin belə səviyyədə aparılması münasibətilə Milli Təhlükəsizlik naziri Namiq Abbasovun fəaliyyətinə yüksək qiymət verirəm. Qurmaq, yaratmaq, abadlaşdırmaq ənənəsi Azərbaycanda həmişə olubdur. Kim ki bunu edibdir, o həmişə insanların hörmətini qazanıbdır və izlər qoyubdur.

Burada qeyd edildiyi kimi, vaxtilə - 70-80-ci illərdə görülən işlər Azərbaycanın hər yerində bütün insanlara məxsusdur, ölkəmizin vətəndaşlarına, bu gün bizim müstəqil dövlətimizə, onun azad vətəndaşlarına məxsusdur. Bu, böyük nailiyyətdir. Bu işlərdə mənim xidmətim olduğuna görə, mən bununla həmişə fəxr etmişəm və fəxr edirəm.

Mən bu gün burada ətrafa baxarkən keçmişi xatırlayıram. Keçən dəfə görüşümuzdə biz Azərbaycanın təhlükəsizlik orqanlarının tarixi haqqında danışdıq. Bu tarixin bir hissəsində mən bu orqanların tərkibində olmuşam, işləmişəm, zəhmət çəkmişəm və əlimdən gələni etmişəm. Ancaq o vaxtlar bizim belə imkanlarımız, belə şərait yox idi. Milli Təhlükəsizlik Nazirliyinə indi də məxsus olan o bina - vaxtılı ona sadəcə olaraq deyirdilər "dəniz kənarəndakı bina". Gənclər bunu bilmirlər, insanlar bir-biri ilə danışanda, "NKVD", "KQB" haqqında deyəndə bu təşkilatların adlarını çəkmirdilər, "dəniz kənarəndakı bina" deyirdilər. O vaxt həqiqətən, 37-38-ci illərin repressiyasına, ondan sonrakı bəzi bir çox əyintilərə görə, ora qorxulu bir bina idi və insanlar oradan çox qorxurdular.

O bina keçmişdə, əsrin əvvəllərində tikilmiş bir binadır. Hansısa sahibkarlara məxsus olmuşdur. Gərək ki, Xəzər dənizi gəmiçilərini, ya kimlərəsə məxsus olmuşdur, onu tikiblər. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra o bina təhlükəsizlik orqanlarına verilmişdi. O binada bir çox nəsillər işləmişdir. O binada işləmək mənə də nəsib olmuşdur. Mən 26 il təhlükəsizlik orqanlarında işləmişəm. Onun, demək olar ki, 19 ilini o binada işləmişəm. O vaxtlar biz heç zaman çox böyük tələblər irəli sürmürdük.

O vaxtlar - mən 50-ci ildə o binaya gəlmişdim - mənə elə gəlirdi ki, bu çox gözəl bir binadır, gözəl şəraitdir, yaxşı işləyirik və bina da yaxşıdır, otaqlar da, kabinetlər də, hər şey də yaxşıdır. İşləmək lazımdı, biz də işləyırdik. Amma təhlükəsizlik orqanları əməkdaşlarının istirahətini təmin etmək üçün o vaxtlar da, demək olar ki, bir yaxşı təşəbbüs irəli sürülmüşdü. Bu təklif təxminən 50-ci ildə irəli sürülmuşdu ki, Bilgəhdə ilk dəfə bizim təhlükəsizlik orqanlarının istirahət evi tikilsin. Xatirimdədir, o istirahət evi hələ yox idi. Orada abadlıq işləri aparırdıq. Biz də bazar günləri gedib orada iş görürdük, yer qazırdıq, ağac əkirdik. Haradasa mənim arxivlərimdə gərək ki, bir neçə fotoşəkil olmalıdır - həmin o 50-51-ci illərdə biz orada ağaclar basdırırdıq. Onda bina da yox idi, heç bir şey yox idi. Ancaq xatirimdədir, 1952-ci ildə orada ilk bina tikildi. Artıq 1953-cu ildə insanlar orada istirahət etməyə başladılar. Ondan sonra hər il, xüsusən yay vaxtı bizim işcilərimiz orada istirahət edirdilər. Biz Azərbaycandakı bütün başqa təşkilatlardan fərqlənırdik. Ona görə ki, bizim özümüzun istirahət evimiz vardı, gəlib orada istirahət edirdik. Çoxları da çalışırdı ki, yay vaxtı ora putyovka alsınlar. Bu da böyük bir problem idi. Çünki putyovka çatmırdı. Amma kimsə, bizim təhlükəsizlik orqanlarında işləməyən adamlardan - alimlərdən, yaxud da vəzifəli adamlardan - ora putyovka ala bilərdisə, özünü çox xoşbəxt hesab edirdi.

Mən işləyərək uzun illər orada istirahət etmişəm. Mənim belə xasiyyətim olubdur ki, bəziləri kimi, mən ayrı-ayrı kurortlara, sanatoriyalara gedən adam olmamışam. Mən həmişə o minimumla kifayətlənmişəm. Demək olar ki, o illər mənim həyatımın yay dövrü orada keçibdir. Bir müddət olurdu ki, bir aylıq putyovka götürüb orada istirahət edirdim. Sonra da rəhbər vəzifədə olanda - orada ayrı-ayrı evlər vardı - o evlərdə bizə bir, yaxud iki otaq verirdilər, orada yaşayırdıq. Sonra isə yenə də mənim təşəbbüsümlə orada, dəniz kənarında ilk istirahət korpusu tikildi. Köçdük, orada yaşadıq. Bundan sonra isə mən, bilərsiniz ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri oldum, köçdüm o biri evə. İndi orada Namiq Abbasov yaşayır.

Yəni bunları niyə xatırlayıram? Bu gün buraya gəlib kollektivi görəndə bunlar mənim yadıma düşdü. Məsələn, mənim övladlarım - İlham buradadır, qızım Sevil ondan böyükdur - anadan olandan böyüyənə qədər onların yay dövrü həyatı həmişə orada keçibdir. Amma tək mən deyildim, bizim bütün kollektiv, çoxları putyovka alır, yayda gəlib orada dincəlirdi. Bazar günləri, altıncı günlər çoxları, demək olar ki, hamı ora gəlirdi, dənizin kənarənda yer tuturdu, stirahət edirdi, özləri ilə yemək - yumurta, kotlet və sairə gətirırdılər, istirahət edirdilər, çimırdılər. Biz özümüzu xoşbəxt bir adam kimi hiss edirdik. Yəni biz milli təhlükəsizlik orqanlarının - o vaxt "milli" sözü yox idi - işçilərinin istirahətini o vaxtdan təşkil etməyə başladıq. O vaxt mən həmin istirahət evinin genişləndırılməsi və abadlaşdırılması ilə bağlı xeyli işlər də gördüm.

Orada bir damba vardı, dağılmayıb ki? Siz ondan istifadə edirsinizmi?

Namiq Abbasov: Dağılıbdır.

Heydər Əliyev: Dağılıbdır, təəssüflər olsun. Amma son vaxtlaradək dağılmamışdı. Çünki mən burada Mərkəzi Komitənin birinci katibi işləyərkən yay vaxtı bir-iki dəfə oraya getmişdim. Onda hələ var idi. Təxminən 1980-1981-ci illərdə yay vaxtı hərdən mən o istirahət evi üçün darıxırdım, oraya gedirdim. Bəzən də qayıqla gedirdim, orada çimərliyə çıxırdım. Bizim uşaqlar oraya o qədər öyrənmişdilır ki, mən Zuğulbaya, dövlət bağına köçəndən sonra da çox vaxt oraya gedirdik - İlham da, Sevil də. Çünki ora bizim üçün doğma olmuşdu.

Ancaq o vaxt başqa imkanımız yox idi. Sonra isə mən Azərbaycanın rəhbəri olduğum zaman, təbiidir ki, biz orada bir çox binalar tikdirdik, yaratdıq və bizim Təhlükəsizlik Komitəsinin binasının tikintisi gündəlikdə durdu. Dedim, yer tapın və bu işə başlayın. Gəlib bu yeri tapdılar. O vaxt layihəni hazırladılar. Mən də bunu öz himayəmə götürdüm və bu binanı tikdirdik.

Doğrudur, o vaxt mərkəzdən - çünki bu təşkilat həmişə mərkəzdən maliyyələşdirəlirdi - layihələri və sair sənədləri apararaq müəyyən vəsait aldılar. Amma o vəsait çatmadı, yetərli deyildi. O vaxt mən Azərbaycanın yerli, respublika büdcəsindən daim buraya vəsait ayırırdım. İnşaatçılara həmişə nəzarət edirdim ki, bu bina tikilib hazır olsun.

Azərbaycanda mənim belə əsərlərim çoxdur. Bu bina mənim üçün daha da əzizdir. Çünki mən gəncliyimi sizin indi işlədiyiniz təşkilatda keçirmişəm, həmin çətin dövrləri görmüşəm. Ona görə də imkanım olduğu vaxtda mənim üçün doğma, gəncliyimi keçirdiyim, vaxtilə işlədiyim bir təşkilata daha da yaxşı şərait yaratmaq üçün çalışmışam, bunu etmişəm. Mənə doğma olan təşkilat üçün, sizin üçün, gələcək nəsillər üçün bu binanı mən yaratmışam.

Təəssüf ki, sonra bu bina başqa əllərə düşdü, hansılar ki, bunun nə qədrini, nə də qiymətini bilərdılər, bundan başqa məqsədlər üçün istifadə edirdilər. Məsələn, təəssüflər olsun ki, 1990-cı ildə Azərbaycana sovet ordusunun böyük qoşun hissələrinin gəlməsini təmin edən qərargah bu binada yerləşibdir. Təəssüf olsun ki, bu binada işləyən adamların bəziləri o vaxt böyük cinayətlər də ediblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə televiziyanın partladılması planının həyata keçirilməsinə də bu binadan rəhbərlik olunubdur. Bunlar da həqiqətdir.

Ancaq görürsünüz ki, bunlar muvəqqəti hallar idi. Tarixin müəyyən, ağır mərhələləri idi. Xalqımız o dövrü yaşadı. İndi bu bina artıq müstəqil Azərbaycanın milli təhlükəsizliyini təmin edən nazirliyə məxsusdur. Demək, o illər - sovet hakimiyyəti illərində bizim gördüyümüz işlər bu günümüz üçün faydalıdır. O vaxt bəlkə də çoxları düşünmürdü ki, bu böyük binalar, qurğular, böyük fabriklər və zavodlar bir ilə, iki ilə, üç ilə deyil, on illərə, yüz illərə lazımdır.

Siz buraya neçənci ildə köçdünüz?

Namiq Abbasov: 1989-cu ildə.

Heydər Əliyev: Təsəvvür edin, məsələn, 1920-ci ildən 1989-cu ilə qədər bu təşkilat həmin o köhnə binada yerləşibsə və əgər bu binanı biz tikib yaratmasaydıq indi müstəqil dövlətimiz belə böyük bir sərvətə malik olmazdı. Açığını deyim ki, indi belə bir binanı tikməyə bizim imkanımız da yoxdur. Yəni o illərdə bizim gördüyümüz işlər Azərbaycanın bu gün müstəqil dövlət kimi öz fəaliyyətini həyata keçirməsi, öz istədiyini yerini yetirməsi, öz siyasətini aparması üçün gözəl şərait yaradıbdır. İndi siz nazirliyin binasını genişləndirmisiniz, inkişaf etdirmisiniz. Yəni vaxtilə bizim yaratdığımız binanın əsasında siz - yeni nəsil yeni işlər görmüsünüz. İndi, Allah belə gətiribdir ki, bu işlər yenə də Azərbaycana mənim rəhbərlik etdiyim dövr ilə əlaqədardır, yəni mənim himayəm altında olubdur. Bu da məni sevindirir.

Namiq Abbasov: Sizin sayənizdə mümkün olmuşdur.

Heydər Əliyev: Bəli, təbiidir. Ona görə də bütün bunların hamısı birlikdə çox sevindirici haldır.

Keçmişə nəzər salaraq demək istəyirəm ki, tarixdə Azərbaycanın təhlükəsizlik orqanları işçilərinin belə iş şəraiti, belə istirahət şəraiti heç vaxt olmayıbdır. İndi burada idman-sağlamlıq kompleksi yaranıbdır.

Bizim təşkilatda o vaxtlar da idman-sağlamlıq proqramı var idi. Moskvadan əmr vardı ki, hər bir çekist gərək mütləq daim fiziki hazırlıqla məşğul olsun. Yadımdadır, məcburi olaraq, bilmirim həftədə iki dəfə idi, yoxsa üç dəfə idi - yəqin Yusifzadənin yadındadır - mütləq fiziki hazırlıqla məşğul olmaq üçün iş vaxtından bir saat ayrılırdı. Mənim özüm də həmin o proqram çərçivəsində çalışan adamlardan olmuşam. Ancaq o vaxt bizim nə imkanımız vardı? O vaxt bizim o binanın yanında "Dinamo" klubu vardı, onu da bizə həmişə vermirdilər. Çünki o həm bizim idi, həm də Daxili İşlər Nazirliyinin idi. Orada başqa idmançılar da olurdular. Məsələn, işimiz saat 9-da başlayırdı, biz saat 8-də oraya gəlirdik. Kimi voleybol oynayırdı, kimi basketbol oynayırdı, kimi ştanq qaldırırdı, sonra kim isə adicə gimnastika edirdi. Mən özüm bunların hamısını keçmişəm. Düzdür, bəziləri zorla gəlirdilər. Hətta proqramın bu hissəsini buraxanları o vaxt cəzalandırırdılar. Bu məcburi idi. Nəyə görə məcburi idi? Çünki hərbi qulluqda olan belə adamlar mütləq gərək fiziki cəhətdən sağlam olsun, möhkəm olsunlar.

O vaxt bizim belə çarhovuzumuz, belə imkanlarımız da yox idi. Yenə də deyirəm, "Dinamo"nun bir zalında hamımız yığışırdıq, kim ora düşə bilmirdisə ətrafda - bulvarda qaçırdı. Yaxud da, bizim orada bədən tərbiyəsi təlimatçimiz vardı, o bizi dəstə ilə düzürdü, gimnastika üzrə ayrı-ayrı təmrinləri yerini yetirməyimizə rəhbərlik edirdi. Ona görə də o vaxt biz bu çətinliklər içərisində yaşamışıq, gərgin işləmişik. Amma indi isə müstəqil Azərbaycanda sizin üçün çox gözəl imkanlar yaranıbdır.

Yenə də deyirəm, mən bu gün bütün bunlarla tanış olaraq sizə görə sevinirəm. Çünki Azərbaycanın Prezidenti kimi, mən istəyirəm ki, ölkəmizin vətəndaşlarının hamısı sağlam, hamısı yaxşı fiziki hazırlıqlı olsun. Xüsusilə, dövlət işində, hərbi işdə, təhlükəsizlik orqanlarında işləyənlər. Siz fiziki cəhətdən nə qədər sağlam olsanız, o qədər də yaxşı işləyəcəksiniz. Təbiidir ki, həm fiziki hazırlığınız, həm də ümumi hazırlığınız olmalıdır. Amma fiziki hazırlıq əsas şərtlərdən biridir. Ona görə də mən əmin olduğumu bildirmək istəyirəm ki, siz bu imkanlardan səmərəli istifadə edəcəksiniz və daha da yaxşı işləyəcəksiniz.

Amma burada bir təhlükə var. Belə gözəl bir yer bəzən adamları caşdırır - işi qoyub gedir, orada məşğul olur. Soruşanda da deyir ki, "mən fiziki hazırlığımı, fiziki vəziyyətimi möhkəmləndirirəm". Belələri də olubdur. Vaxtilə, biz işləyən vaxtlarda içərimizdə belələri də vardı. Mən bunların hamısını görmüşəm. Ona görə mən belə mücərrəd söz danışmıram, həyatda gördüklərimi danışıram. İndi də belələri ola bilər. Ona görə də hesab edirəm ki, müəyyən rəislər nəzarət edəcəklər ki, belə imkanlardan sui-istifadə olunmasını iş vaxtı işləmək, istirahət vaxtı istirahət etmək lazımdır. Fiziki hazırlıq tədbirlərini vaxtında aparmaq lazımdır.

Bunu mənim sizə deməyim bəlkə də artıqdı. Başqa adam olsaydı, bunu deməzdi. Amma mən həyatımda bunu, belə faktları gördüyüm üçün və rəhbər vəzifədə olduğuma görə bəzən ayrı-ayrı işciləri buna görə cəzalandırdığım üçün bunları sizə deyirəm ki, biləsiniz.

Milli Təhlükəsizlik Nazirliyinin qarşısında çox böyük vəzifələr durur. Məni sevindirən hal budur ki, indi görürəm ki, böyük bir kollektiv, gənc insanlar və hamısı da Azərbaycanlı, bizim bu vacib təşkilatımızda - Milli Təhlükəsizlik Nazirliyində işləyirlər, çalışırlar. Doğrudur, 1987-ci, 1988-ci illərdən sonra bizim təhlükəsizlik orqanlarında bu təşkilata zərbə vurmaq halları olmuşdur. Amma ona baxmayaraq, 1993-cü ildən sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibi sağlamlaşdı, timizləndi, layiqli olmayan adamlar bu təşkilatdan kənarlaşdırıldılar. İndi mən belə hesab edirəm ki, burada sağlam bir kollektiv yaranıbdır. Bu sağlam kollektiv Milli Təhlükəsizlik Nazirliyinin üzərini düşən vəzifələri yerini yetirməyə qadr.

Bu indi artıq bizim - bilavasitə müstəqil Azərbaycanın, Azərbaycan dövlətinin mühüm orqanıdır. Məni sevindirən odur ki, bu millidir. Milli adıdır, amma tərkibi də millidir. Mən bunu nə üçün deyirəm? Çünki biz sizinlə təhlükəsizlik orqanlarının yaranmasının yubileyini qeyd edərkən o tarix haqqında demişik. O tarix bir tərəfdən, şərəfli tarixdir. Çünki orada da çox şərəfli insanlar olub. Amma eyni zamanda çox əzab-əziyyətli, faciəli tarixdir. Çünki o repressiyalar və başqa ədalətsizliklər ki, bu orqanlarda olubdur, bizim xalqımıza, millətimizə böyük zərbələr vurubdur. Bunların da səbəbləri çoxdur. Çünki bu repressiyalar o vaxtkı hakimiyyətin, kommunist rejiminin siyasəti idi.

İkinci tərəfdən, mən onu da xatırlayıram ki, o vaxt bizim bu təşkilatda milli kadrlar çox az idi, demək olar ki, yox idi. Mən 1950-ci ildə burada, Bakıda işə başlayarkən, xatirimdədir ki, yerli kadrlar - Azərbaycanlılar on faizdən çox təşkil etmirdi. Qalanların hamısı başqa millətlərə mənsub idi. Özü də hər millətdən var idi. Amma - indi adlarını çəkmək istəmirəm - çoxluğu təşkil edən millətlər də vardı. Azərbaycanlılar həm az idi, olanların da bəziləri bacarıqsız idi. O vaxtkı siyasəti mən xatırlayıram. Bəzən rəhbər vəzifəyə bacarıqsız bir azərbaycanlını təyin edirdilər ki, sonra desinlər - görürsünüzmu, Azərbaycanlı bu işi bacarmır, ona görə də bu vəzifəni başqasına vermək lazımdır.

Mən 1950-ci ildə - o vaxt əks-kəşfiyyat şöbəsi vardı, elə indi də var - o şöbədə işə başladım. şöbənin altı bölməsi vardı. Altı bölmədən yalnız birinin rəisi - təkcə mən Azərbaycanlı idim. Qalanları başqa millətlərdən idi. Şöbənin rəisi azərbaycanlı idi, o qədər də bacarıqlı adam deyildi. Onun üç müavinindən biri də azərbaycanlı deyildi. Bax, 1950-ci ildə buranə mən bu vəziyyətdə görmüşəm. Təbiidir ki, hər şey onların əlində idi. Ancaq onu da xatırlayıram ki, 1953-cu ildə Stalin rejimi, buradakı Bağırov rejimi başa catdıqdan sonra bir az imkanlar yarandı.

Mən 1953-cu ildə həmin o əks-kəşfiyyat şöbəsinin rəisi təyin olundum. Bu imkandan istifadə edib şöbəni milliləşdirməyə çalışdım və xeyli iş gördüm. Ancaq eyni zamanda cəzalandım da.

İki ildən sonra məni cəzalandırdılar, vəzifədən çıxartdılar. Şöbə rəisliyindən baş əməliyyat müvəkkilliyinə qədər vəzifəmi aşağı saldılar. Nəyə görə? Apardığım həmin o milliləşmə siyasətinə görə. Çünki onlar o qədər güclü idilər ki, mən azərbaycanlıların sayını artırıb şöbədə onları azaltdığıma görə bir bəhanə tapıb məni işdən çıxartdılar.

Ancaq onlar istədiklərinə nail olmadılar. Sonra yenə məcbur olub məni pillə-pillə, üç ildən sonra öz vəzifəmə qaytardılar. Buna məcbur oldular. Ona görə yox ki, onlar bunu istəyirdilər, amma iş bunu tələb edirdi, bu lazım idi.

Bu milliləşdirmə üzündən mən bir dəfə cəzalanmışam. Sonra biz xeyli milliləşdirmə apara bildik. Xüsusən mən Azərbaycanın başçısı olduğum dövrdə biz xeyli işlər görə bildik. Təhlükəsizlik Komitəsinin tərkibini xeyli milliləşdirə bildik, dəyişdirə bildik.

Ancaq Yusifzadənin xatirindədir ki, mən Moskvaya gedəndən sonra - sən bir necə dəfə gəlib Moskvada mənə məruzə etmişdin ki, yuxarıdan məcbur edirlər, başqa vilayətlərdən 10-15 nəfər adamı göndərirlər ki, biz onları yerləşdirək. Yadındadırmı?

Amma mənim vaxtımda bu yox idi. Mən Azərbaycana rəhbərlik edəndə bu yox idi. Mən respublikadan gedəndən sonra bu proses başlandı. Yusifzadə sədr idi, Moskvada Kremldə mənim yanıma gəlirdi və bir-iki dəfə bunu mənə dedi.

Ancaq bu, təkcə təhlükəsizlik komitəsində deyildi. Bütün respublika belə idi. Məsələn, məndən sonra Kamran Bağırov da bir-iki dəfə gəldi ki, məcbur edirlər ki, başqa-başqa vilayətlərdən kadrlar gətirək. Adını da "kadrlar mübadiləsi" qoymuşdular: guya siz azərbaycanlıları verin, getsinlər Ryazanda işləsinlər, oradan da gəlib Azərbaycanda işləsinlər. Buradan Ryazana gedən Azərbaycanlı o qədər yox idi. Getmək istəyən də, təbii ki, az idi. Amma Ryazandan, ya Bryanskdan, o biri, bu biri yerlərdən Azərbaycana gəlmək istəyən çox idi. Ona görə də, əlbəttə ki, burada müvazinət pozulurdu və bunu da bilirdilər. Amma adını "kadrlar mübadiləsi" qoyurdular. Bunu həm Təhlükəsizlik Komitəsinin tərkibində, həm də respublikanın başqa sahələrində edirdilər.

Mən bunları xatırlayıram. 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsi başlayandan sonra təkcə sizə yox, Daxili İşlər Nazirliyinə də nə qədər adam gətirib doldurdular. Neçənci ildə səni sədr təyin etdik?

Ziya Yusifzadə: 1980-ci ildə.

Heydər Əliyev: 1980-ci ildə. Mən böyük çətinliklə bu Dövlət Təhlükəsizlik Komitəsinin sədrliyinə Azərbaycanlı təyin edilməsinə nail oldum. 1988-ci ildə yenə də Moskvadan başqa millətə mənsub olan adamı bura gətirdilər. Gətirən də, təşəbbüskar da o vaxt burada Azərbaycanın rəhbəri olmuşdu. O demişdi ki, burada Azərbaycanlılar dövlətə sədaqətli deyillər, gərək Moskvadan adam gəlsin. Bunlar da burada işləyənlərin bəzilərinin xatirindədir.

1987-ci ildə mən bir daha Kommunist Partiyasının milli siyasəti haqqında öz fikirlərimi dediyimə və bir çox tədbirlərin əleyhinə çıxdığıma görə - elə əsas səbəblərdən biri bu oldu - istefa verməli oldum. Beləliklə, bir dəfə Azərbaycanda bu milli siyasəti həyata keçirmək, milliləşdirmək üstündə 1955-ci ildə cəzalandım, bir dəfə də Sovet İttifaqının rəhbərlərindən biri olarkən başqa millətlərin hüquqlarını qoruduğuma görə. Məsələn, Şimali Qafqazda respublikaların başında yerli, həmin millətə mənsub olan adamə çıxarıb onun yerinə Moskvadan və ya başqa vilayətlərdən adam gətirib qoyduqlarına görə, yaxud da Qazaxıstanda Kunayevi vəzifədən çıxarıb onun yerinə Moskvadan bir adam gətirib qoyulmasına etiraz etdiyimə görə, mən 1987-ci ildə istefa verməyə məcbur oldum.

Burada tarixdən bəzi epizodları mən ona görə yada salıram ki, indi bizə heç kəs deyə bilmir ki, hansı millətdənsə kimi hara qoymalısan. Bu məni sevindirir.

Təbiidir ki, indi Azərbaycanda başqa millətlər də var, onların nümayəndələri də işləyirlər və işləyə bilərlər. Ancaq o vaxt biz öz vətənimizdə, ölkəmizdə, torpağımızda öz millətimizin inkişafını, xüsusən bu dövlət orqanlarında, dövlət təhlükəsizlik sistemində bunu təmin edə bilmirdik. İndi isə bu, təmin olunubdur. Görürsünüz, buradakıların hamısı milli kadrlardır. Mən buna sevinirəm.

Arzum, istəyim nədir? Bu ondan ibarətdir ki, bizim milli kadrlar gərək yüksək səviyyəli olsunlar. Onlar həm bilikli, həm peşəkar, həm də işə can yandıran, qəlbən işə bağlı adamlar olmalıdırlar. Sizin peşəniz elə peşədir ki, burada hər adam özünə yer tapa bilməz. Ola bilər, bu işdə işləməyə kiminsə həvəsi olsun, amma onun xüsusiyyətləri buna catmasın. Ona görə də kadrların seçilməsində, yeni gənclərin işə qəbul olunmasında və kadrların irəli çəkilməsində çox həssas, diqqətli olmaq lazımdır. Burada kadrları tanışlıqla, dostluqla təyin etmək gərək olmasın. Təəssüf ki, bu qüsur bizdə, Azərbaycanda hələ var. Amma burada olmamalıdır. Çünki, yenə də deyirəm, bir Təsərrufat Nazirliyində, yaxud da başqa bir nazirlikdə müəyyən bir vəzifəni tutan adam, ola bilər, öz peşəsini bəlkə o qədər də bilməsin. Amma burada, Milli Təhlükəsizlik Nazirliyində - mən bunu öz təcrübəmə, keçdiyim yola görə deyirəm - gərək bu peşəni daxilən sevən adam olsun, öz şəxsi xüsusiyyətlərini görə bu peşəyə gərək yararlı adam olsun, eyni zamanda yüksək bilikli, işə sədaqətli adam olsun. Bu peşəni sevərək, heç bir şeylə hesablaşmayaraq gecə-gündüz çalışmağa qadir adam olsun. Burada belə kadrlar olmalıdır.

Ümidvaram ki, belə kadrlar get-gedə yaranacaqdır. Çünki sizin qarşınızda çox böyük vəzifələr durur. Keçmişdə biz Sovetlər İttifaqının Təhlükəsizlik orqanlarının bir hissəsi idik. Biz Sovetlər İttifaqının təhlükəsizliyini qoruyurduq və bu orqanlarda xarici ölkələrin kəşfiyyatçılarının casuslarını axtarırdıq, yaxud da ki, daxildə bəzi problemlərlə məşğul olurduq. Amma Sovetlər İttifaqı böyük idi. Mən indi bəzən xatırlayıram - bəlkə heç Azərbaycanda o vaxt Amerikanın, yaxud da o vaxtkı Sovetlər İttifaqının başqa düşmənlərinin təsəvvür edilən qədər casusları yox idi. Bizim beynimizə yerləşdirirdilər ki, axtarmalısınız, tapmalısınız. O vaxt, məsələn, bəlkə də xarici kəşfiyyat orqanlarının əsas istiqaməti o yerlərə idi ki, orada həqiqətən Sovetlər İttifaqının xüsusi sirləri - hərbi və başqa sirləri var idi.

Ona görə də o vaxtkı işlə indiki iş arasında fərq böyük olmalıdır. İndi müstəqil Azərbaycana xarici ölkələrin xüsusi xidmət orqanlarının marağı hədsizdir, çoxdur. Bunu siz özünüz bilirsiniz. Amma mən də bunu yaxşı bilirəm. Bəlkə də siz bunu əlinizdə olan faktlarla, sənədlərlə bilərsiniz. Mən isə bunu o ölkələrin siyasi fəaliyyəti, siyasi xətti ilə bilirəm. Azərbaycana indi çox böyük maraq var. İqtisadi maraq bizi sevindirir, başqa dostluq maraqları bizi sevindirir. Amma Azərbaycanda təxribat aparmaq, ölkəmizin müstəqilliyinə zərbə vurmaq, daxili ictimai-siyasi vəziyyəti pozmaq, terror aktları həyata keçirmək, başqa bu cür hərəkətlər həyata keçirmək istəyən və bu istiqamətdə fəaliyyət göstərən xarici ölkələrin xüsusi xidmət orqanları var və artıq sizdə olan bir necə faktlar da bunu subut edir. Ona görə də bu gün sizin işiniz o dövrdəki işdən tamamilə fərqlidirş Bu gün siz Azərbaycanın müstəqilliyini qoruyanlarsınız. Azərbaycan xalqının azadlığını qoruyanlarsınız. Bizim dövlətimizə xarici ölkələrdən və daxili düşmən qüvvələr tərəfindən yönəldilmiş təxribatların qarşısını alanlarsınız. Belə halları aşkara çıxarıb, onları ifşa edənlərsiniz. Ona görə də sizin işiniz çoxdur.

Bir də deyirəm, sizin işiniz keçən dövrlərdən fərqlidir. Azərbaycanın bu keçid dövrü və xüsusən Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar torpaqlarımızın işğal edilməsi ilə bağlı yaranmış ağır vəziyyət xarici ölkələrin xüsusi xidmət orqanlarının Azərbaycanda fəaliyyət göstərməsi üçün daha da əlverişli şərait yaradır. Məsələn, bizim neft strategiyamız dünyada böyük əks-səda, böyük maraq yaradıbdır. Neft strategiyamızın, təbiidir ki, Azərbaycanın bu günü, gələcəyi üçün hədsiz qiyməti var. Azərbaycan xalqının gələcək xoşbəxt həyatı üçün bu, böyük imkanlardır. Ancaq bunu istəməyənlər, bunun əleyhinə çıxanlar da vardır. Bizim bu siyasətimizlə razı olmayan başqa ölkələr də vardır. Onlar bizim bu siyasətimizi pozmaq istəyirlər. Bu siyasətimizə görə onlar bizə zərbə vurmaq istəyirlər. Bunlar da vardır. Mən bu sahəni ona görə deyirəm ki, bu sahə Azərbaycana ən çox maraq cəlb edən bir sahədir. Amma tək bu sahə deyil.

Müstəqillik əldə etmək bizim üçün çətin deyildi. Çünki Sovetlər İttifaqı dağıldı və müstəqillik əldə olundu. Bəziləri hesab edir ki, onlar Azərbaycanın müstəqilliyi üçün vuruşublar və müstəqilliyi onlar əldə ediblər. Bu, yanlış fikirdir, yalandır. Sovetlər İttifaqı dağıldı. İstəsəydin də, istəməsəydin də gərək sən öz müstəqilliyini elan edəydin. Sovetlər İttifaqı dağılandan sonra sən durub deyəsən ki, yox, mən müstəqil olmuram, Sovetlər İttifaqının tərkibində olmaq istəyirəm - bu, mümkün deyil.

Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndə çox ağır bir vəziyyətdə idi. Həm Ermənistanla müharibə vəziyyətində idi, həm də daxili ictimai-siyasi sabitlik pozulmuşdu. Amma bu, həqiqətən tarixi bir hadisədir ki, Azərbaycan nəhayət, müstəqilliyini əldə etdi. Müstəqilliyi yaşatmaq, qorumaq, müstəqilliyimizi əbədi və dönməz etmək - bu, əlbəttə ki, asan iş deyildir. Bu, müstəqilliyi əldə etməkdən qat-qat çətindir. Yenə də deyirəm ki, müstəqillik bizə verildi. Bu, dünyada gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi. Sovetlər İttifaqı dağılmalı idi: ola bilər, bir il tez, bir il gecə Sovetlər İttifaqı dağılanda, demək, bu ittifaqı qurmuş, yaratmış respublikaların hər biri mütləq ayrılmalı idi. Yəni bu, tarixin hökmü idi. Buna görə də Azərbaycan xalqı Sovetlər İttifaqına daxil olan başqa respublikalar kimi, bu imkanı əldə etdi və bu bizim üçün tarixi hadisədir. Amma indi bəzi yerlərdə proseslər gedir ki, bu müstəqillik niyə, nə üçün verildi. Bu müstəqilliyi məhdudlaşdırmaq istəyənlər, yaxud bu müstəqilliyi pozmaq istəyənlər, sadəcə, Azərbaycanın müstəqil dövlət kimi yaşamasına mane olmaq istəyənlər var. Ona görə də indi bu müstəqilliyi yaşatmaq, inkişaf etdirmək və onu dönməz etmək ən çətin vəzifədir, amma eyni zamanda şərəfli vəzifədir. Bu bizim üzərimizə düşən tarixi missiyadır. Biz bu tarixi missiyanı həyata keçiririk və keçiricəyik.

Bu gün mən bir daha bəyan edirəm ki, Azərbaycan müstəqillik yolundan heç vaxt dönməyəcəkdir, müstəqilliyini göz bəbəyi kimi qoruyacaqdır. Buna heç kəsin şübhəsi olmasın. Bunun keşiyində bizim xalqımız və xalqın seçdiyi prezident durur. Ancaq bu, hamıdan asılıdır. O cümlədən, birinci növbədə bizim xüsusi orqanlarımızdan, hüquq-muhafizə orqanlarımızdan, ordumuzdan, Milli Təhlükəsizlik Nazirliyindən, sizdən asılıdır. Bax, buna görə də indi sizin işiniz daha da çətindir, eyni zamanda çoxdur. Həm də indi sizin işiniz konkret nəticələri ilə üzə çıxa bilər. Yəni müstəqilliyimizə qarşı xarici və daxili qüvvələrin hərəkətlərinin indi bir müstəqil nazirlik kimi, heç bir ölkədən asılı olmayan təşkilat kimi araşdırılmasına, aşkar edilməsinə sizin imkanlarınız daha da çoxdur. Mən arzu edirəm ki, siz bu imkanlardan səmərəli istifadə edəsiniz və bu vəzifələri layiqincə yerinə yetirisiniz.

Mən bizim Milli Təhlükəsizlik Nazirliyinə etibar edirəm, inanıram. Başqa cür də ola bilməz. Əgər mən sizə inanmasam, etibar etməsəm, birincisi, siz işləyə bilməzsiniz, ikincisi, mən də işləyə bilmərəm. Çünki əgər mən belə bir təşkilata, onun rəhbərliyinə, burada olan adamların bəzilərini inanmıramsa, onda mən dövlət başçısı kimi necə işləyə bilərəm? Ona görə də mənim sizə etibarəm o vaxta qədərdir ki, nə qədər ki, siz bu etibarı doğruldacaqsınız. Sizin də vəzifəniz ondan ibarətdir ki, hər gün, hər dəqiqə çalışasınız ki, bu inamı, bu etibarı doğruldasınız. Mən inanıram ki, siz həmişə Azərbaycan dövlətinin, Azərbaycan prezidentinin etibarlı əsgərləri olacaqsınız.

Bugünkü görüşümuz idman-sağlamlıq kompleksinin açılışı ilə əlaqədar idi. Ancaq mən hesab edirdim ki, burada sadəcə, idmandan, sağlamlıqdan danışmaq az olar. Ona görə də bu fürsətdən istifadə edib, mən sizə öz fikirlərimi və bir az da tarixdən olan bəzi faktları dedim. Bir də ona görə ki, yenə də deyirəm, düzdür, o vaxtlar, mənim dövrümdə işləyən adamlar, görürəm, burada azdır. Təbiidir, yeni-yeni nəsillər gəlir. Ancaq bu ənənələr yaşayır, ənənələr davam edir. Mən sizin hamınızı, elə o vaxt işlədiyim kimi, özümə doğma insanlar hesab edirəm.

Sizin hamınıza cansağlığı arzu edirəm və cansağlığınız üçün yeni imkanlar əldə etmisiniz. Sizə bütün işlərinizdə uğurlar arzulayıram. Ümidvaram ki, sizin hamınız - Milli Təhlükəsizlik Nazirliyinin hər bir əməkdaşı, nazirdən tutmuş lap kiçik əməliyyat müvəkkilinə, adi işciyə qədər - Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə və Azərbaycanın prezidentinə sadiq olacaqsınız. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf