Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yunanıstanın ölkəmizdəki səfiri Georgios Zoisi zəbul edərkən söhbətindən - Prezident sarayı, 10 noyabr 2000-ci il


Heydər Əliyev: Sizin burada səfirlik müddətiniz başa çatır. Amma vaxt çox tez keçdi. Mənə belə gəlir ki, siz etimadnamənizi dünən təqdim etmişdiniz. Neçə ildir?

Georgios Zois: Cənab prezident, dörd il bir aydır.

Heydər Əliyev: Dörd il bir ay, bu, necə tez keçdi.

Georgios Zois: Cənab prezident, düz deyirsiniz.

Zati-aliləri, Sizə dərin minnətdarlığımı bildirirəm ki, bu gün məni qəbul edirsiniz. Artıq dörd il bir aydır ki, mən Yunanıstanın çox böyük hörmət etdiyi bir prezidentin əlini sıxmışam. Bilirsiniz ki, diplomatların hər birinin taleyində müəyyən bir vaxt amili vardır. Mənim də getmək vaxtım gəlib yetişmişdir.

Sizə deməliyəm ki, mən buradan bir səfir kimi yox, bir dost kimi gedirəm. Səfir kimi əsas üç şeyi təsdiq etmək mənim borcumdur. Birincisi, onu deməliyəm ki, bu dörd ildən bir qədər artıq müddət ərzində Azərbaycanın qazandığı nailiyyətlərdən, inkişafdan həddindən çox heyrətlənmişəm, sevinmişəm. Yalnız xoş məramı olmayan, yaxud kor bir insan bu müddət ərzində Azərbaycanın qazandığı nailiyyətləri görməyə bilər.

Zati-aliləri, mən başqa bir səbəbə görə də böyük iftixar hissi keçirirəm. Yunanıstan şəxsən Sizin şəxsiyyətinizə və Azərbaycan xalqına böyük hörmətini həmişə nümayiş etdirmişdir.

Cənab prezident, Sizə məruzə etmək istəyirəm ki, Yunanıstan-Fransa və İtaliya ilə birlikdə Azərbaycanın Avropa Şurasına daxil olmasının həmişə tərəfdarı olmuşdur. Hətta deməliyəm ki, Avropa sizə borclu olmalıdır ki, sizi Avropa Şurasına qəbul etsin. Birincisi, ona görə ki, Avropa Şurasının sizə təklif etdiyi 83 təklifdən 82-ni qəbul edib həyata keçirmisiniz. Bir daha deyirəm ki, siz təkamül yolu ilə inkişaf etməkdəsiniz. Demokratiyanı inkişaf etdirirsiniz və buna görə də Avropanın borcudur ki, sizi Avropa Şurasına qəbul etsin.

İndi isə, bir qədər ikitərəfli münasibətlər haqqında danışmaq istəyirəm. Mən qürur hissi ilə deyirəm ki, burada səfir olduğum müddətdə bizim beş nazirimiz Azərbaycana səfər etmişdir. Zati-aliləri, əlbəttə, biz də Sizin səfərinizi səbirsizliklə gözləyirik. Siz orada yunan xalqının sizə olan dostluq hisslərini duyacaqsınız. Həm də siyasi məsələlərlə, Azərbaycanın böyük problemləri ilə, xüsusilə Dağlıq Qarabağla bağlı Yunanıstanın mövqeyini öyrənəcəksiniz.

Biz həmişə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrin həyata keçirilməsinin tərəfdarıyıq. Zati-aliləri, bizim sabiq nazirimizin Sizə dediyi kimi, biz bir ölkənin bir qarış da torpağını işğal etməsinə razı deyilik.

Cənab prezident, bütün bunları bildirməklə demək istəyirəm ki, mən Azərbaycan xalqından və şəxsən Sizdən ən xoş hisslərlə ayrılıram. Sizə tərəqqi arzulayıram. Mən bundan sonra Birləşmiş Ərəb Əmirliklərində işləyəcəyəm. Deyim ki, çox uzaq deyil, hətta oradan buraya təyyarə reysi də var. Bəlkə buraya gələ bildim. Sizə bir daha minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Cənab səfir, Azərbaycanda görülən işlərə obyektiv, müsbət qiymət verdiyinizə görə sizə təşəkkür edirəm. Bu, bizim üçün çox əhəmiyyətlidir. Çünki Yunanıstan dünyada, dünya siyasətində mühüm rol oynayan ölkələrdən biridir. Yunanıstan da bir çox dövlət çevrilişlərindən, "qara polkovnik"lərin hakimiyyətindən sonra demokratiya yolu ilə gedir. Sizdə olan o "qara polkovnik"lərdən beş-altı il bundan öncə burada da var idi. Biz bunların qarşısını aldıq. Mən bunu ona görə yada salıram ki, siz bizim vəziyyətimizi daha da yaxından anlaya bilərsiniz.

Azərbaycan demokratiya yolu ilə gedir və bu yol ilə gedəcəkdir. Siz tamamilə doğru dediniz ki, biz bu yolu təkamül yolu ilə keçirik. Kimsə hesab edir ki, bu, sıçrayışla ola bilər, yaxud da inqilab ilə ola bilər - səhv edir. Bu proses bütün ölkələrdə, ən demokratik prinsiplər əsasında yaşayan ölkələrdə təkamül yolu ilə gedibdir. Ümidvaram ki, biz bu yol ilə gedib demokratiyanın daha da yüksək pillələrinə çata biləcəyik.

Mən bilirəm, Azərbaycanın Avropa Şurasına qəbul olunması məsələsində siz ölkəmizi dəstəkləmisiniz. Siz doğru buyurdunuz ki, Avropa Şurasının qoyduğu 81-82 məsələdən biz əksəriyyətini bu illərdə həll etdik.

Mən bunu bir neçə dəfə demişəm. Biz Avropa Şurasında olmaq istəyirik, amma Avropa Şurasına da lazımdır ki, Azərbaycan orada olsun. Əgər biz oraya lazım olmasaydıq, heç Avropa Şurası da bizimlə ittifaq qurmazdı. Avropa Şurasına daxil olan ölkələrin səfirləri ayın 8-də qərar qəbul etdilər. Ayın 9-da Xarici İşlər Nazirləri Şurası yekdilliklə qərar qəbul etdi. Təbiidir ki, bu, bizim üçün çox əlamətdar bir hadisədir. Bu prosesdə Yunanıstanın Azərbaycanı dəstəklədiyinə görə mən sizə təşəkkür edirəm, sizin hökumətinizə təşəkkür edirəm.

Dörd il müddətində Yunanıstan-Azərbaycan əlaqələrinin inkişaf etməsində siz çox iş görmüsünüz. Mən sizin bu xidmətlərinizi məmnuniyyət hissi ilə qeyd edirəm. Çox məmnunam ki, söylədiniz, siz buradan dost kimi ayrılırsınız. Biz də sizi dost kimi yola salırıq.

Mənim Yunanıstana səfərim planlarımda durur. Sadəcə, bəzi hadisələr buna mane olur. Ancaq mən bunu mütləq edəcəyəm. Çünki birincisi, biz Yunanıstan dövləti, hökuməti ilə əlaqələrin daha da inkişaf etdirilməsini istəyirik.

İkincisi də, sizin ölkə çox böyük tarixə malik ölkədir. Mən sizin ölkədə 30-35 il bundan öncə olmuşam və memarlığa, qədim tarixi abidələrə çox maraq göstərən bir adam kimi, sizin ölkənin bu barədə çox qədim və çox dəyərli abidələrini görmüşəm. Mən onları bir də görmək istəyirəm.

Mən hələ gənc vaxtlarımda memarlıq fakültəsində oxuyanda memarlıq tarixini öyrənirdik. Dünyanın memarlıq tarixində Yunanıstanın memarlığı xüsusi bir yer tuturdu. Ona görə mən o vaxtlar onu çox həvəslə öyrənirdim, həm də gələcək memar kimi abidələrin çoxunun şəklini çəkirdim. Ona görə bu tarixi keçmiş də məni maraqlandırır. Mən Yunanıstana gəlsəm, mütləq o abidələri ziyarət edəcəyəm. Amma gələcəyəm.

Mən sizə bir daha təşəkkür edirəm. Güman edirəm ki, sizdən sonra burada fəaliyyət göstərən səfir sizin nailiyyətləriniz əsasında bizim əlaqələrimizi daha da irəliyə apara bilər. Bir halda ki, siz bizim dostumuzsunuz, istədiyiniz vaxt Azərbaycana gələ bilərsiniz. Birləşmiş Ərəb Əmirliklərindən, Əbu-Dabidən buraya yaxındır. Mən sizə bir daha uğurlar arzulayıram, cansağlığı, bütün gələcək işlərinizdə müvəffəqiyyətlər arzu edirəm.

Georgios Zois: Zati-aliləri, bu hərarətli, xoş sözlər üçün Sizə minnətdarlığımı bildirirəm. Biz geniş qucağımızı açaraq Sizi Yunanıstanda gözləyirik.

Mən jurnalistlərin və həmkarlarım qarşısında çəkinmədən deyə bilərəm ki, burada işlədiyim müddətdə bu regionda sabitliyin simvolu olan böyük bir siyasətçini gördüm. Çox sağ olun.


"Azərbaycan" qəzeti, 11 noyabr 2000-ci il.