Azərbaycan Prezidenti Heydər Əliyevin Ümumdünya Bankının təşkil etdiyi "Azərbaycan üçün investisiyalar" beynəlxalq konfransının açılış mərasimində çıxışı - Paris, 5 dekabr 1995-ci il


Hörmətli xanımlar və cənablar!

Ən əvvəl bundan çox məmnun qaldığımı bildirmək istəyirəm ki, mənə Parisdə Ümumdünya Bankının iqamətgahına gəlmək, sizin aranızda olmaq, sizinlə ünsiyyətdə olmaq və qarşınızda çıxış etmək imkanı verilmişdir. Mən bugünkü xüsusi görüşün, Ümumdünya Bankı çərçivəsində Azərbaycan Respublikasına həsr olunmuş konfransın açılışı münasibətilə sizin hamınızı səmimi salamlamaq istəyirəm. Ümumdünya Bankının Azərbaycan Respublikasına göstərdiyi çox böyük diqqətə görə, ölkəmizin qarşısında duran mürəkkəb, çətin iqtisadi, maliyyə problemlərinin və digər problemlərin həllində köməyinə görə ona təşəkkür etmək istəyirəm.

Bu gün Azərbaycan Respublikası razı qala bilər ki, onunla, yəni gənc müstəqil dövlətlə Ümumdünya Bankı adını daşıyan belə iri bank arasında kifayət qədər sıx qarşılıqlı münasibətlər yaranmışdır. Biz münasibətlərimizin, əlaqələrimizin və bilavasitə əməkdaşlığımızın qısa müddəti ərzində konkret əməli nəticələr olduğunu, bu əməkdaşlıqdan konkret fayda olduğunu hiss edirik.

Təbiidir ki, bütün bunlar bizim üçün yalnız başlanğıcdır. Lakin biz belə əlverişli başlanğıcdan razıyıq və Ümumdünya Bankı ilə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə ümid bəsləyirik. Biz dünya maliyyə sisteminə, dünya inteqrasiyasına, dünya iqtisadiyyatına qoşulmağın ən mühüm vasitəsini, aparmağa başladığımız iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün vasitəni məhz Ümumdünya Bankı ilə əməkdaşlığı daha da genişləndirməkdə və dərinləşdirməkdə görürük.

Mən bu təşəbbüsə görə, bugünkü görüşə, Azərbaycana həsr olunmuş konfransa görə Ümumdünya Bankına ürəkdən təşəkkür edirəm. Əmin etmək istəyirəm ki, biz Ümumdünya Bankı üçün də, bizimlə əməkdaşlıq etmək istəyənlər üçün də, Azərbaycana maraq göstərərək bu gün buraya toplaşanların hamısı üçün də layiqli tərəfdaş olacağıq. Mən hazırda Fransada, Parisdə yaranmış kifayət qədər mürəkkəb vəziyyətlə əlaqədar bir çox nəqliyyat çətinliklərini dəf edərək, Parisə və buraya, bu salona gələnlərin hamısına təşəkkür edirəm.

Görünür, sizi Azərbaycanda indiki vəziyyət maraqlandırır. Hörmətli sədr bu barədə artıq müəyyən məlumat verdi. Lakin mən belə düşünürəm ki, sizə istər məlum olan və istərsə də məlum olmayan məsələlər barəsində respublika prezidentinin özündən məlumat almaq maraqlı olacaqdır.

Mən buraya, bu görüşə gəlməyi lazım bildim, məhz ona görə ki, şəxsən özüm Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi problemlərinə böyük əhəmiyyət verirəm, Azərbaycanda sərmayələrin fəallaşdırılması problemlərinə, sərmayədarlarla birbaşa əlaqələr yaradılmasına böyük əhəmiyyət verirəm və təbii olaraq, Ümumdünya Bankı ilə sıx, bilavasitə əməkdaşlıq edilməsini çox istəyirəm.

Azərbaycan qədim mədəniyyətə, böyük tarixə malik bir respublikadır. Azərbaycan bəşəriyyətin inkişafının bir çox mərhələlərini yaşamış bir diyardır. Azərbaycan xalqı dünya sivilizasiyasına öz layiqli töhfəsini vermiş bir xalqdır. Azərbaycan öz dövlət müstəqilliyini cəmi dörd il bundan əvvəl əldə etmiş olan bir respublikadır. Bu gün o, dünya birliyinin tam hüquqlu üzvüdür, bütün beynəlxalq təşkilatlara daxildir. Birləşmiş Millətlər Təşkilatının üzvüdür və öz hüquqlarını dünyanın bütün ölkələri ilə öz qarşılıqlı münasibətlərini müstəqil surətdə, suveren surətdə həyata keçirir.

Azərbaycan Qafqazda, iki qitənin - Avropa ilə Asiyanın qovşağında yerləşir, ticarət üçün də əlverişli coğrafi, coğrafi-siyasi mövqedədir və təbii olaraq, onun coğrafi-siyasi mövqeyi bir çox ölkələri başqa mülahizələrə görə də cəlb edir. Azərbaycan olduqca zəngin təbii ehtiyatlara, yeraltı sərvətlərə, müxtəlif torpaq-iqlim şəraitinə malikdir. Onun yüksək sənaye potensialı, çoxsahəli kənd təsərrüfatı, zəngin intellektual imkanları var. Biz bir çox elmi-tədqiqat, layihə institutlarına, kifayət miqdarda yüksək ixtisaslı kadrlar, dərin bilikli alimlər, mütəxəssislər hazırlayan ali məktəblərə malikik. Təbiidir ki, biz öz səviyyəsinə görə zamanın tələblərinə həmişə cavab verən mədəniyyətimizlə - istər keçmiş, istərsə də bugünkü mədəniyyətimizlə fəxr edirik.

Bildiyiniz kimi, uzun müddət Azərbaycan Rusiyanın tərkibində, 1920-ci ildən isə Sovet İttifaqının tərkibində olmuşdur və 15 müttəfiq respublikadan biri idi. O vaxtlar Azərbaycanın zəngin təbii sərvətlərindən bütün Sovet İttifaqının əsasən sənayecə inkişafı üçün istifadə edilirdi.

Sizə xatırladım ki, Rusiyada çıxarılmış neftin əksər hissəsi Azərbaycana məxsus idi. Sizə belə bir rəqəmi də xatırladım ki, dünyanın bütün iri ölkələri cəlb edilmiş olsa da, əslində faşist Almaniyası ilə Sovet İttifaqının neft və neft məhsullarının 70 faizindən çoxunu Azərbaycan verirdi. Çoxları belə hesab edir ki, əgər Azərbaycan nefti olmasaydı və o ağır şəraitdə neft çıxarıb cəbhənin ehtiyacları üçün göndərməyə imkan olmasaydı, onda İkinci dünya müharibəsində faşizm üzərində qələbəni təmin etmək güman ki, mümkün olmazdı. Qələbənin 50 illiyini isə bütün bəşəriyyət, o cümlədən sizli-bizli hamımız qeyd etdik. Yadımdadır, bu şənliklər Parisdə də, Londonda da, Moskvada da keçirildi və bu şənliklərdə iştirak etmək şərəfi nəsib oldu.

Birləşmiş Millətlər Təşkilatının yaradılmasına da, əslinə qalsa, məhz bu qələbə gətirib çıxarmışdır. Bu yaxınlarda biz onun 50 illiyini qeyd etdik və mənə də müstəqil Azərbaycan Respublikasının prezidenti kimi Birləşmiş Millətlər Təşkilatının tribunasından çıxış etmək şərəfi nəsib oldu. Mən bilən, Ümumdünya Bankı da müəyyən dərəcədə Birləşmiş Millətlər Təşkilatının himayəsi altındadır.

Azərbaycan tarixi barədə qısaca olaraq bu qədər. Lakin ona qayıdım ki, biz Sovet İttifaqının tərkibində olarkən bütün zəngin təbii ehtiyatlarımızdan o vaxtlar böyük ölkə olmuş bu dövlətin rifahı naminə istifadə edilirdi. Təbii ki, bu, Azərbaycanın özünün də inkişaf etməsinə imkan verirdi. Biz şikayətlənə bilmərik. Bir daha deyirəm, məhz həmin dövrdə bizdə iri sənaye potensialı yaranmış, kənd təsərrüfatı geniş inkişaf etmiş, xalq savadlı, təhsilli olmuşdur. İndi bizim yüksək ixtisaslı kadrlarımız, mütəxəssislərimiz, alimlərimiz, zəngin mədəniyyətimiz var.

Amma buna baxmayaraq, o vaxtlar biz dövlət müstəqilliyinə malik deyildik. Bu isə bizə bütün öz imkanlarımızdan bəhrələnməyə, nəyisə istədiyimiz kimi etməyə imkan vermirdi.

İndi, biz dövlət müstəqilliyi əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz bir dövrdə öz problemlərimizi özümüz həll edirik. Təbii ki, biz dünyanın bütün ölkələri ilə qarşılıqlı əlaqələr saxlayırıq, müxtəlif bölgələrdə baş verən müxtəlif prosesləri nəzərə alırıq. Lakin dövlət müstəqilliyinin əldə olunması ilə əlaqədar yaranmış çətinliklərə baxmayaraq, öz məsələlərimizi, öz problemlərimizi özümüzün həll etməyimizə imkan verən dövlət müstəqilliyi bizim üçün tarixi hadisə, böyük nailiyyətdir. Biz bunu qiymətləndiririk. Axı bu, müstəqil Azərbaycanın prezidenti kimi mənə burada olmağa və Parisdə Ümumdünya Bankı tərəfindən təşkil olunmuş konfransda çıxış etməyə imkan verir.

İqtisadi baxımdan keçmiş Sovet İttifaqının bütün ölkələri və Şərqi Avropa ölkələri kimi biz də indi keçid dövründəyik. Axı uzun müddət ərzində, on illər boyu biz sosialist iqtisadiyyatı, kommunist ideologiyası, kommunist rejimi çərçivəsində yaşamış və mövcud olmuşuq, dünya iqtisadiyyatından ayrı düşmüşük, başqa qanunlarla yaşayır və iqtisadiyyatı tamam başqa bir prinsiplər əsasında qururduq.

İndi biz bundan uzaqlaşmışıq, özü də birdəfəlik və həmişəlik, biz bir daha hər hansı ittifaqın - Sovet İttifaqının və ya digər bir ittifaqın tərkibində olmaq istəmirik. Biz öz dövlət müstəqilliyimizi çox yüksək qiymətləndirir və bunu dönməz hal sayırıq. Lakin bu keçid dövrü, təbii olaraq, böyük çətinliklərə bağlıdır. Çünki biz bir iqtisadi, sosial sistemdən digər iqtisadi, sosial sistemə keçirik.

Buna görə də biz gərək milli dövlət quruculuğu sahəsində də, ictimai-siyasi həyat sahəsində də, iqtisadiyyat sahəsində də öz strateji xəttimizi dəqiq və aydın müəyyənləşdirək. Bizim xəttimiz isə bundan ibarətdir ki, biz Azərbaycanda hüquqi demokratik dövlət qururuq, demokratik vətəndaş cəmiyyəti yaradırıq. Biz öz iqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə aparır, iqtisadi bazar islahatlarını ardıcıl surətdə həyata keçiririk, yəni milli dövlət quruculuğunda da, ictimai həyatda da, iqtisadiyyatda da dünya iqtisadiyyatı ilə, dünya sistemi, dünya birliyi ilə qovuşuruq, onu nəzərdə tuturuq ki, digər dünyanın yaşadığı bütün həmin sistem sabah həm də bizim sistem olacaq, bizim də öz problemlərimiz olacaqdır. Bu sistem çox sınaqlardan keçmiş və öz yaşamaq qabiliyyətini doğrultmuşdur, müvəffəqiyyətlə fəaliyyət göstərir, insan üçün lazımi firavanlıq yaradır.

Təkrar edirəm, indi biz azad ölkəyik, demokratik ölkəyik, hüquqi dövlətik, bu yol ilə gedirik. Bu isə insan üçün bütün azadlıqların - siyasi, ictimai, iqtisadi azadlıqların yaradılmasını, özəl sahibkarlıq, şəxsi təşəbbüskarlıq üçün, başqa ölkələrlə, əlbəttə, müxtəlif şirkətlərlə azad iqtisadi əlaqələr yaradılmasını, xarici iqtisadi əlaqələrimizi və xarici ticarəti sərbəstləşdirməyi, iqtisadiyyat sahəsində, qiymətlər sahəsində sərbəstləşmənin həyata keçirilməsini qarşıya bir şərt kimi qoyur. Yəni biz qalan bütün dünyanın yaşadığı sistemə tədricən yaxınlaşırıq. Lakin biz keçid dövrü mərhələsindəyik. Bir sosial-iqtisadi sistemin dəyişdirib başqa sosial-iqtisadi sistemlə əvəz edilməsi, təbii olaraq, çətinliklərlə, nöqsanlarla, itkilərlə bağlıdır və çoxlu vaxt tələb edir.

Lakin bir şey aydındır. Mən də istəyirəm ki, siz bunu biləsiniz: biz açıq ölkəyik. Biz iqtisadi islahatlar aparılması yolu ilə gedirik. Biz azad sahibkarlıq üçün, respublikamızın hər bir vətəndaşının bütün öz imkanlarından istifadə etməsi, öz mülkiyyətinə malik olması və Azərbaycanın hüdudlarından kənarda olan firmalarla, şirkətlərlə, şəxslərlə öz iqtisadi əlaqələrini yaratmaq imkanı olması üçün hər cür şərait yaradırıq. Bütün bunlar bizi belə bir fikrə gətirir ki, biz güclü maliyyə yardımına malik olmalıyıq, biz xarici sərmayələrdən istifadə etməliyik.

Xoşbəxtlikdən, biz artıq bu cür maliyyə yardımı almağa başlamışıq. Ümumdünya Bankı ilə aramızda yaxşı münasibətlər yaranmışdı. Nəhayət, Ümumdünya Bankı hiss etmişdir ki, Azərbaycan elə bir ölkə, elə bir ortaqdır ki, onunla əməkdaşlıq etmək olar. Buna görə də bizə kreditlər ayırır, doğrudur, hələlik ehtiyatla olsa da, az-az olsa da hər halda ayırır. Belə düşünürük ki, bundan sonra da ayıracaqdır. Beləliklə, bunun sayəsində biz öz vəziyyətimizi müəyyən dərəcədə yüngülləşdiririk və ümidvaram ki, iqtisadi islahatlarımızı daha uğurla həyata keçirəcəyik.

Biz Beynəlxalq Valyuta Fondundan da yardım alırıq. İndi o, bizimlə fəal əməkdaşlıq edir. Biz bəzi ən iri transmilli şirkətlərlə, xüsusən neft sənayesi sahəsində ən böyük şirkətlərlə əlaqələrə malikik. Mən bu barədə bir qədər sonra danışacağam. Bizimlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında yaxşı əlaqələr yaranmışdır. Bir neçə gün bundan əvvəl mən Londonda olarkən bu bankın rəhbərləri ilə görüşmək və onlarla bəzi məsələləri müzakirə etmək imkanı tapdım. Biz onlardan da kreditlər almağa başlamışıq.

Biz Asiya İnkişaf Bankı ilə maliyyə münasibətləri yaratmağa böyük maraq göstəririk. İslam Bankı ilə də münasibət yaratmışıq. Doğrudur, bu münasibətlər hələlik geniş inkişaf etməmişdir. Demək istəyirəm ki, biz dünyanın bütün maliyyə mərkəzləri, maliyyə strukturları, bankları ilə sıx münasibətlər yaratmağa çalışırıq. Əslinə qalsa, elə bugünkü görüş də, mənim burada olmağım da bu arzumuzu, bu niyyətimizi sizə çatdırmaqla və sizin hamınızı buna inandırmaqla bağlıdır ki, biz həqiqətən bu yoldayıq və etibarlı tərəfdaşlarıq. Yəni iqtisadi bazar islahatlarının həyata keçirilməsi yolu ilə müvəffəqiyyətlə irəliləmək üçün biz yardım almalıyıq, xarici sərmayələrə arxalanmalıyıq.

Məsələn, islahatlar baxımından biz konkret olaraq nə etmişik? Biz qanunlar qəbul etmişik və iqtisadiyyatın aqrar sektorunda islahatlar bu qanunlar əsasında aparılır. Biz mülkiyyətin özəlləşdirilməsi proqramını qəbul etmişik. Proqram qanuni qüvvəyə malikdir və əməli surətdə həyata keçirilir. Bizdə 40-dan çox qanun qəbul olunmuşdur, yəni kifayət qədər qanunverici zəmin yaradılmışdır ki, xarici sərmayələrdən ötrü şərait təmin edilsin, iqtisadi münasibətlərin inkişafına şərait yaradılsın. Bu məqsədlə 200-dən çox normativ akt qəbul edilmişdir. Azərbaycanda xarici firmalarla mindən çox müştərək müəssisə və ya xarici firma, 150-dən artıq xarici kommersiya firma və strukturu var. Bunların hamısı başlanğıcdır. Biz hesab etmirik ki, bu çoxdur. Lakin başlanğıc üçün, zənnimcə, kifayət qədər sanballı göstəricilərdir.

Biz aqrar sektorda islahatlar apararaq fermer təsərrüfatları yaradılmasına böyük əhəmiyyət veririk. Bizdə artıq iki min beş yüzdən çox fermer təsərrüfatı mövcuddur. Biz fermer təsərrüfatları təşkil edilməsi yolu ilə gedirik və təbii olaraq, aqrar sektorda islahatların geniş miqyasda həyata keçirilməsi kənd təsərrüfatında həmçinin geniş miqyasda xüsusi mülkiyyət yaradılmasına gətirib çıxaracaqdır.

Bunların hamısı edilmişdir. Lakin gələcək üçün daha böyük təminatlar yaradılmışdır. Onlar bu yaxınlarda qəbul olunmuş Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır. Mən dedim ki, biz dörd ildir müstəqillik şəraitində yaşayırıq. Bu illər mürəkkəb və çətin olmuşdur. Mən bu barədə və həmçinin səbəblər barəsində az-çox məlumat verəcəyəm.

Noyabrın 12-də biz Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etdik. Bu, Azərbaycanda dövlət quruculuğunu, hüquqi demokratik dövlət quruculuğunu davam etdirmək üçün hər cür şərait yaradan konstitusiyadır. Bu, elə bir konstitusiyadır ki, insana, vətəndaşa bütün azadlıqları verir, şəxsiyyət azadlığını təmin edir, nəhayət, siyasi plüralizm üçün şərait yaradır, həyatımızın bütün sahələrini - ictimai, siyasi və iqtisadi sahələrini demokratikləşdirir, xüsusi sahibkarlığın inkişafına dair, xüsusi mülkiyyətin inkişafına və möhkəmləndirilməsinə dair, onun toxunulmazlığının təmin olunmasına dair yeni qanunlar qəbul edilməsi üçün son dərəcə yaxşı zəmindir. Təkrar edirəm, bu konstitusiya ictimai-siyasi sahədə də, iqtisadi sahədə də geniş imkanlar açır.

Biz iri transmilli neft şirkətləri ilə yaxşı əlaqələr yaratmışıq. Siz yəqin bilirsiniz ki, Azərbaycanın neft yataqlarının birgə işlənməsi haqqında bir il əvvəl, ötən ilin sentyabrında Bakıda 11 ən iri neft şirkətindən ibarət konsorsiumla böyük müqavilə imzalanmışdır. Bu 11 şirkət dünyanın yeddi ölkəsinə mənsubdur. "Əsrin müqaviləsi" adlandırılan bu müqavilə artıq əməli surətdə həyata keçirilir. Ötən il çox iş görülmüşdür. Bu yaxınlarda konsorsiumun rəhbər beynəlxalq əməliyyat komitəsi müqavilənin gələn il üçün büdcəsini təsdiq etmişdir. Büdcə təxminən 600 milyon dollara bərabərdir. Nəzərə almaq lazımdır ki, 1995-ci ildə artıq təqribən 100 milyon dollar xərclənmişdir.

İlkin neftin ixracını təmin etmək üçün konsorsiumla iki neft kəməri çəkilməsi haqqında qərar qəbul etdik. Boru kəmərlərindən biri şimal marşrutu ilə Rusiyadan keçib Novorossiyskə, digəri isə qərb marşrutu ilə Gürcüstandan keçib Qara dəniz sahilindəki Supsa limanına gedəcəkdir. Böyük neft kəmərini layihələşdirmək sahəsində də iş görülür. Lap bu yaxınlarda noyabrın 10-da biz həmçinin böyük perspektivləri olan digər neft yatağının işlənməsi haqqında dörd iri şirkətin iştirak etdiyi konsorsiumla daha bir müqavilə imzaladıq. Bizdə başqa neft və qaz yataqları da var. Biz danışıqlar aparırıq və ola bilsin ki, gələcəkdə digər müqavilələr imzalanacaqdır. Bəs bu müqavilələr nə deməkdir? Bu o deməkdir ki, biz dünya üçün açığıq, əməkdaşlığa hazırıq. Biz dünyanın ən iri neft şirkətlərini ölkəmizə dəvət etmişik və onlarla uzunmüddətli əməkdaşlıq haqqında müqavilə bağlamışıq. Müqavilə otuz il müddətinə imzalanmışdır.

Bu, həm də onu göstərir ki, artıq Azərbaycana etimad var, başa düşürsünüzmü, etimad var və Azərbaycanla əməkdaşlıq etmək olar. Zənnimcə, bu çox mühüm göstərici ona dəlalətdir ki, əcnəbi sərmayədarlar Azərbaycana fəal və cəsarətlə gələ bilərlər. Əlbəttə, hər hansı sərmayədarın bu və ya digər ölkəyə gələ bilməsi üçün müvafiq şərtlər var. Mən sizə cəsarətlə deyə bilərəm ki, bu cür şərtlər Azərbaycanda yaradılmışdır. Ən əvvəl, konstitusiya qəbul edilmişdir, qanunvericilik bazası var. İkincisi, noyabrın 12-də biz müstəqil Azərbaycan Respublikasının parlamentinə seçkilər keçirmişik. Seçkilər demokratik əsasda keçmiş, yeni parlament seçilmişdir və parlamentə seçilən deputatların mütləq əksəriyyəti dövlətin, yəni prezidentin iqtisadi bazar islahatları aparılmasına, ölkənin demokratikləşdirilməsinə yönəldilmiş strateji xəttini dəstəkləyir.

Lakin bütün bunlardan başqa ictimai-siyasi sabitlik barədə daha konkret məlumat gərəkdir. Sizə deyə bilərəm ki, son illər Azərbaycan öz tarixinin çox mürəkkəb dövrlərini yaşamışdır. Siz bilirsiniz ki, yeddi ildən bir qədər əvvəl Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ilhaq etmək məqsədilə Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlamışdır. Bu təcavüz müharibəyə, hərbi münaqişəyə gətirib çıxarmışdır. Bunların nəticəsində Azərbaycan ərazisinin 20 faizindən çoxu işğal edilmiş, Azərbaycanın bir milyondan artıq sakini işğal olunmuş torpaqlardan zorakılıqla qovulub didərgin salınmışdır. Onlar Azərbaycanın digər bölgələrində, əksəriyyəti də çadırlarda ağır iqtisadi, sosial şəraitdə yaşayır.

Lakin bütün bunlara baxmayaraq, bütün bu çətinliklərə baxmayaraq, biz hərbi münaqişəni dincliklə aradan qaldırmaq mövqeyi tutmuşuq və beynəlxalq təşkilatlar, ATƏT və Minsk qrupu çərçivəsində böyük təşəbbüs göstərmişik. Bu problemin dincliklə həlli haqqında ATƏT-in tərkibində artıq çoxdan danışıqlar aparılır. Məhz bununla əlaqədar il yarım bundan əvvəl biz atəşin dayandırılması haqqında, sakitlik yaradılması haqqında Ermənistanla Azərbaycan arasında saziş bağlamağa müvəffəq olduq. İl yarımdır ki, müharibə getmir, atəş açılmır, güllə atılmır, adamlar həlak olmurlar. Biz atəşkəs, barışıq şəraitində yaşayırıq və əmin edirik ki, bu barışıq rejiminə tam sülhə nail olana qədər əməl edəcəyik. Biz tam sülh yaratmaq, onu təmin etmək üçün danışıqlar aparırıq. Yəni hazırda bölgəmizdə hərbi əməliyyatlar keçirilmir. Elə bu Azərbaycanda sabitliyə dəlalət edən mühüm amildir.

Son illər Azərbaycanda mürəkkəb daxili siyasi proseslər getmişdir. Bu da xalqımızın müsibətidir. Bir tərəfdən, Azərbaycan hərbi təcavüzə məruz qalmış, digər tərəfdən isə respublikanın daxilində müxtəlif silahlı qruplaşmalar peyda olmuş, hakimiyyət uğrunda mübarizə, özü də silahlı mübarizə aparılmışdır. Bütün bunlar Azərbaycanda sabitliyi pozmuşdur.

Sizə deyə bilərəm ki, bunların hamısına da son qoyulmuşdur. Biz 1993-cü ildə başlanmaqda olan vətəndaş müharibəsinin qarşısını almağa müvəffəq olduq. Bundan sonra iki dəfə silahlı yolla dövlət çevrilişi cəhdi göstərildi. Təbii ki, onların qarşısı alındı. Azərbaycanda dövlətçilik möhkəmlənmişdir. Bütün bu cinayətkar qruplaşmalar zərərsizləşdirilmişdir. İndi respublikada vəziyyət sakit və əlverişlidir. Buna görə də sizi əmin edə bilərəm ki, mən, Azərbaycan prezidenti kimi, ictimai-siyasi vəziyyətə tamamilə nəzarət edirəm və uzun müddət üçün sabitliyə təminat verirəm. Yeri gəlmişkən, mən bu öhdəliyi öz üzərimə qəbul edilmiş konstitusiyada da götürmüşəm, məni prezident seçərkən xalq qarşısında and içərək əmin etmişəm ki, hər bir vətəndaş üçün sakit həyat şəraitinin təmin olunması üçün hər şey edəcəyəm.

Budur, ötən iki il yarım göstərir ki, mən öz öhdəliklərimi yerinə yetirirəm. Zənnimcə, pis də yerinə yetirmirəm. Azərbaycanda vəziyyət kökündən dəyişmişdir. Əgər sizlərdən kimsə iki, yaxud üç il bundan əvvəl Azərbaycanda olubsa və kimsə bu yaxınlarda gəlibsə o, belə fərqi görməli idi. Hər halda bizə təkrarən gələn qonaqlarımız bunu mənə deyirlər. Onlar mənə deyirlər: bilirsinizmi, iki il bundan əvvəl biz burada olmuşduq. İndi Bakıda, Azərbaycanda vəziyyət bambaşqadır. Adamlar azad-sərbəst yaşayır, qorxub çəkinmədən hərəkət edirlər. Əvvəlki vahimə və narahatlıqdan, keçmişdə mövcud olmuş cinayətkarlıq şəraitindən əsər-əlamət yoxdur.

Bu, bizim nailiyyətimizdir. Biz buna, əlbəttə, asanlıqla nail olmamışıq. Amma hər halda nail olmuşuq. Mən sizi əmin edirəm ki, biz bu vəziyyəti qoruyub saxlamağa, həm də təkcə qoruyub saxlamağa yox, möhkəmləndirməyə qadirik.

Bax buna görə də hesab edirəm ki, Azərbaycanda olmaq, müştərək iş görmək, Azərbaycana vəsait qoymaq və müvafiq fayda götürmək üçün hər cür lazımi şərait yaradılmışdır. Söz verirəm ki, biz azad sahibkarlığa şərait yaratmaq üçün öz işimizin sürətini bundan sonra da artıracağıq.

Mən bilirəm ki, bugünkü görüş Azərbaycanda əsasən özəl sektorun inkişafına həsr olunmuşdur. Mən sizə ümumi xarakterli məlumat verdim. Çünki bu məlumat bütün hallarda hamı üçün gərəkdir. O ki qaldı Azərbaycanda özəl sektorun inkişafına, bu, fəaliyyətimizin birinci dərəcəli sahəsidir. Yəni əgər biz bazar islahatları keçirilməsi yolu ilə gediriksə, əgər biz mülkiyyətin özəlləşdirilməsi yolu ilə gediriksə, deməli, biz xüsusi sahibkarlığı, özəl sektoru fəal surətdə inkişaf etdiririk. Buna görə də əmin ola bilərsiniz ki, biz buna Azərbaycan iqtisadiyyatının gələcək fəal inkişafı, vətəndaşlarımızın rifahının yaxşılaşdırılması üçün bir təminat kimi baxırıq.

Doğrudur, dünən mən bir şirkətin nümayəndəsi ilə görüşdüm. O mənə dedi: siz elə düşünürsünüz ki, özəl sektorun, sahibkarlığın inkişaf etdirilməsi iqtisadiyyatın inkişafı üçün yeganə yoldur, iqtisadiyyatı dövlət sektorunda da inkişaf etdirmək olar. Mən bunu istisna etmirəm. Əlbəttə ki, olar. Mən bilirəm ki, Fransada da, bəzi ölkələrdə də dövlət sektoru sanballı yer tutur. Amma mən nə deyə bilərəm? Mən bütün ömrüm boyu dövlət mülkiyyəti sistemi çərçivəsində yaşamışam. Mən elə bir adamam ki, heç vaxt şəxsi mülkiyyətim olmayıb, Azərbaycan çərçivəsində də, hətta Sovet İttifaqı çərçivəsində də iri iqtisadi sistemə, dövlət sisteminə rəhbərlik etmişəm. Mən Sovet İttifaqının rəhbərlərindən biri olmuşam. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən məhz sırf iqtisadiyyatla məşğul olmuşam. Əgər Azərbaycanda mən respublikanın ümumi rəhbəri kimi həm siyasətlə, həm iqtisadiyyatla məşğul olurdumsa, Moskvada işləyərkən, özü də Nazirlər Soveti sədrinin birinci müavini işləyərkən, Siyasi Büronun üzvü olarkən mən əsasən iqtisadiyyatla məşğul olurdum.

Bir sözlə, mən dövlət sektoru ilə tanışam. Bununla bərabər, Sovet İttifaqının, onun tərkibində isə Azərbaycanın da necə bir vəziyyətə düşdüyünü bilirəm. Bəlkə də hər şey üçün dövlət sektoru təqsirkar deyildir. Onun da öz üstünlükləri olmuşdur. Dövlət sektorunda elə sahələr var idi ki, burada iqtisadiyyatı daha səmərəli şəkildə inkişaf etdirmək olardı. Hansısa bir mərhələdə Sovet İttifaqı həqiqətən müəyyən iqtisadi nailiyyətlər qazanmışdı. Biz bunların hamısını görmüşük. Buna görə də qəti niyyətimiz və qəti xəttimiz özəl sektoru inkişaf etdirməkdən, xüsusi sahibkarlığı inkişaf etdirməkdən, xüsusi mülkiyyət üçün şərait yaratmaqdan ibarətdir. Bayaq dediyim kimi, konstitusiyamız xüsusi mülkiyyətin toxunulmazlığına təminat verir. Lakin məhz bu prinsiplər əsasında belə hesab edirik ki, biz Azərbaycana xarici sərmayələrin, özəl sektora və ümumiyyətlə bütün iqtisadiyyata sərmayələrin böyük axınını təmin edə bilərik, özü də bir çox istiqamətlərdə. Bayaq dediyim kimi, biz çox böyük sənaye potensialına malikik. Buyurub gəlin, bu potensial əcnəbi sərmayədarların ixtiyarındadır. Biz əməkdaşlıq etməyə hazırıq.

Mən bilirəm ki, bu gün burada toplaşan adamlar kənd təsərrüfatının özəl sektoruna sərmayə qoyulmasının mümkünlüyünü öyrənmək istəyirlər. Biz çoxsahəli kənd təsərrüfatına malikik. Ərazimiz böyük deyildir. Lakin Allah-taala bizə bərəkətli torpaqlar və əlverişli iqlim şəraiti bəxş etmişdir. Azərbaycan bir çox iqlim zonalarına malikdir. Bizdə aran zonası da var, tütün, meyvə, taxıl əkib-becəririk. Bir sözlə, bizdə kənd təsərrüfatı çoxsahəlidir. Dediyim kimi, biz fermer təsərrüfatlarını inkişaf etdiririk. Biz nümunəvi özəl fermalar yaratmaq üçün, şəxsi mülkiyyət prinsiplərinin tətbiqi yolu ilə kənd təsərrüfatı məhsulları istehsalında böyük nəticələrə necə nail olmağı göstərmək üçün Ümumdünya Bankının imkanlarından istifadə etmək niyyətindəyik. İndi bizdə xidmət sahəsinə və infrastruktura xaricdən sərmayələr qoyulması üçün geniş imkanlar açılır.

Mən artıq dedim ki, biz böyük müqavilələr bağlamışıq. Bizdə iri neft şirkətləri və bir çox digər xarici şirkətlər işləyirlər. Təbiidir ki, mehmanxana təsərrüfatına, servisin bütün sahələrinə sərmayə qoyulması səmərəlidir. Biz burada sizinlə fəal əməkdaşlıq edə bilərik.

Ölkəmiz turizm üçün, istirahət üçün çox yaxşı baza ola bilər. Sərmayələr burada da çox yaxşı nəticələr verə bilər. Bütün digər sahələrdə, məsələn, sənayedə bizim nəhəng maşınqayırma kompleksimiz, neft maşınqayırması kompleksimiz var. Sənayeni də modernləşdirmək və onu daha da inkişaf etdirmək lazımdır. Biz böyük neft kimyası sənayesi kompleksinə malikik. Bizim öz neftimiz, neft məhsullarımız və qazımız var. Bizdə elə müəssisələr var ki, onlar modernləşdirilsə dünya bazarında rəqabət qabiliyyətinə malik məhsul verə bilər. Bizdə kənd təsərrüfatı məhsullarını, kənd təsərrüfatı xammalını emal edən çox böyük sənaye sahəsi, habelə geniş istehlak malları, digər mallar istehsalı ilə bağlı olan, kənd təsərrüfatı xammalı ilə bağlı olan emal sənayesi var. Burada da kiçik biznes, orta biznes, özəl sektor çox böyük nəticələr verə bilər. Mən sizə deyə bilərəm ki, keçid dövrünün nöqsanları ilə əlaqədar indi bizdə kənd təsərrüfatının potensialının maksimum üçdə bir hissəsindən istifadə edilir, qalan hissə istifadəsiz qalır. Məsələn, biz əgər 80-ci illərdə, 70-ci illərdə hətta sosialist sistemində, dövlət sektorunda ildə bir milyon ton pambıq istehsal etmək imkanına malik idiksə, indi, təəssüflər olsun, cəmi 300 min ton istehsal edirik. Əgər 70-ci illərdə biz dövlət mülkiyyəti sistemi şəraitində təxminən iki milyon ton üzüm istehsal edib sonra da şərabçılıq məhsulu, ərzaq malları üçün məhsul verirdiksə, indi ildə cəmi 200 min ton, yəni əvvəlki illərdəkinə nisbətən on dəfə az üzüm istehsal edirik. Deməli, hələ dövlət mülkiyyəti şəraitində, sosialist idarəetmə sistemi şəraitində bu cür imkan olmuşdur.

Bir təsəvvür edin, əgər indi biz xüsusi sahibkarlığı genişləndirsək və bu torpaqlardan daha səmərəli istifadə edə bilsək, onda 70-80-ci illərdə istehsal etdiyimizdən qat-qat çox məhsul istehsal edərik. Həm də bu məhsul daha yaxşı keyfiyyətli olar. Bax, belə iqtisadi səmərə əldə edilə bilər. Mən bilirəm ki, tütünlə də maraqlanırlar. İngiltərədə mənə bir firma müraciət etdi. Biz təxminən 60 min ton yaşıl tütün yarpağı istehsal edirdik. Bu, təqribən 80-ci illərdə dövlət mülkiyyəti şəraitində, kolxoz və sovxozlarda olmuşdur. Siz kənd təsərrüfatının bu cür formasını bilirsiniz. İndi isə cəmi 20 min ton, ondakından üç dəfə az tütün yarpağı istehsal edirik. Kənd təsərrüfatının digər sahələrində də vəziyyət belədir.

Bir sözlə, potensial imkanlar böyükdür. Biz gərək fəal əməkdaşlıq edək. Bizə sərmayə lazımdır. Söz veririk ki, bu sərmayələrdən əcnəbi sərmayədarlarla fəal əməkdaşlığımız şəraitində istifadə edilməsi üçün maksimum əlverişli şərait yaradacağıq. Artıq bu halda biz daha böyük səmərə əldə edə bilərik.

Onu da deyim ki, biz əcnəbi sərmayədarları cəlb etmək üçün bəzi iri müəssisələrin xarici şirkətlərin idarə olunmasına verilməsi haqqında qərar çıxarmışıq. Mən belə düşünürəm ki, bu da diqqəti cəlb edəcəkdir. Birləşmiş Millətlər Təşkilatının sənaye inkişafı təşkilatı ilə birlikdə biz Azərbaycanın ən iri şəhərlərindən biri olan Sumqayıtda azad iqtisadi zona yaradırıq. Bu şəhərdə iri sənaye - neft kimyası istehsalatı, metallurgiya sənayesi, qazma boruları müəssisəsi və digər obyektlər cəmlənmişdir. Mən belə düşünürəm ki, bu da diqqəti cəlb edəcəkdir. Biz ölkəmizdə xarici investisiyaların idarə olunması üçün xüsusi struktur yaratmışıq. Bu yaxınlarda mən fərman vermişəm və Azərbaycana gətirilən xarici sərmayələrin əlaqələndirilməsi üçün Nazirlər Kabineti yanında bu cür idarə yaradılmışdır.

Daha mühüm bir şərt barəsində. Mən xarici ticarətimizin sərbəstləşdirilməsi, qiymət siyasətimizin sərbəstləşdirilməsi məsələlərinə toxundum. Biz bundan sonra da bu yolla gedəcəyik. Sizə deyə bilərəm ki, 1995-ci il ərzində gördüyümüz tədbirlər Azərbaycanda kifayət qədər əlverişli maliyyə şəraiti yaratmışdır. Məsələn, bir ildir ki, manatımızın mübadilə məzənnəsi sabit olaraq qalır. Biz bunu Ümumdünya Bankının və Beynəlxalq Valyuta Fondunun məsləhəti ilə etmişik. Biz buna nail olmuşuq. Məsələn, biz inflyasiyanın səviyyəsini kəskin surətdə aşağı salmışıq. Əgər cari ilin əvvəllərində inflyasiyanın səviyyəsi 60 faizə çatırdısa, indi, son yarım ildə onun səviyyəsi iki faizdən artıq deyildir. Mən belə düşünürəm ki, bu, pis nəticə deyildir. Əgər biz il ərzində manatın mübadilə məzənnəsini sabit saxlayırdıqsa, əgər biz inflyasiyanı 60 faizdən 2 faizə endirmişiksə və bu xətti bundan sonra da davam etdirmək əzmindəyiksə, bu, onu göstərir ki, biz, necə deyərlər, yeni şəraitdə, yeni prinsiplərlə işləməyə və sizinlə əməkdaşlıq etməyə qadirik.

Mən bir daha təkrar edirəm, təbiidir ki, bütün bunlar üçün bizə maliyə yardımı, xarici sərmayələr, Ümumdünya Bankının, Beynəlxalq Valyuta Fondunun yardımı gərəkdir.

Mənə dedilər ki, Asiya Bankı ilə münasibətlərimiz qaydaya düşməkdədir. Biz Asiya Bankına müraciət etmişik və onunla münasibətlər yaratmaq istəyirik. Mən istəyirəm ki, bütün ölkələrin, xüsusən Yaponiyanın sərmayədarları bizə maraq göstərsinlər. Nədənsə Yaponiya sərmayədarları bu yaxın vaxtlaradək Azərbaycana az diqqət yetirirdilər. Zənnimcə, əgər keçmiş Sovet İttifaqının ərazisini götürsək, onda görərik ki, Yaponiya sərmayədarları ən çox Mərkəzi və Orta Asiyanın hüdudları daxilində cəmləşmişlər. Mənə dedilər ki, burada Yaponiya şirkətlərinin nümayəndələri var. Mən onları da dəvət edirəm. Lakin mən onlara şəxsən müraciət edirəm, çünki onlar Azərbaycanda olmamışlar. Ümumiyyətlə isə hamıya müraciət edirəm.

Müxtəsəri, Azərbaycanda biz iqtisadi islahatlar aparılması, maliyyə sistemi, bank sistemi sahəsində islahatlar keçirilməsi yolu ilə qətiyyətlə gedirik. Beynəlxalq Valyuta Fondundan və Ümumdünya Bankından aldığımız kreditlərdən bu maliyyə mərkəzlərinin tələblərinə tam müvafiq surətdə valyutamızı - manatın qorunub saxlanması üçün, struktur dəyişiklikləri üçün, bizim bank sisteminin yenidən qurulması üçün istifadə edəcəyik.

İndi bizim Azərbaycanda əlverişli ictimai-siyasi şərait və kifayət qədər möhkəm qanunvericilik bazası mövcuddur və xarici sərmayələr üçün bütün təminatlar var. Buna görə də mən sizin hamınızı əməkdaşlığa dəvət edirəm, sizin hamınızı Azərbaycana dəvət edirəm. Əmin ola bilərsiniz ki, bu əməkdaşlıq uğurlu olacaqdır.

Mən sizin hamınıza öz fəaliyyətinizdə nailiyyətlər arzulayıram, bu görüşün təşkilinə görə Ümumdünya Bankına öz minnətdarlığımı bildirirəm və sizin hər birinizlə Azərbaycanda görüşəcəyimə ümid bəsləyirəm. Mən bu problemlərə öz prezidentlik fəaliyyətimdə böyük əhəmiyyət verirəm və Azərbaycana konkret təkliflərlə gələcək hər bir sahibkarla, hər bir səhmdarla görüşməyə hazıram.

Diqqətinizə görə sağ olun. Sizə bir daha ən xoş, ən səmimi arzularımı bildirirəm. Sağ olun.