Azərbaycan Prezidenti Heydər Əliyevin Gürcüstan Televiziyasının müxbiri ilə müsahibəsi - Tbilisi, 10 mart 1996-cı il


Müxbir: Cənab prezident, səfəriniz başa çatır, siz vətənə yola düşürsünüz. Sizin Gürcüstana gəlməyiniz ərəfəsində bir çoxları bu səfəri Xəzərdən çıxarılacaq ilkin neftin nəqli məsələsinin həlli ilə əlaqələndirirdilər. Lakin bu günün reallıqları göstərdi ki, sizin Gürcüstanda olduğunuz müddətdə ən mühüm məsələ təkcə bu olmayıb, həm də çoxcəhətli xarakter daşıyan sənədlər imzalanıbdır. Əgər imzalanmış bəyannaməni də nəzərə alsaq, Xəzər nefti ilə bağlı mövzu bir qədər arxa plana keçdi.

Heydər Əliyev:  Xəzər neftinin nəqli məsələsini biz prinsipcə ötən ilin oktyabrında həll etmişdik. Lakin Gürcüstan ilə Azərbaycan arasında sazişi imzalamaq lazım idi. Ötən müddətdə biz bununla məşğul olduq, mən buraya tam hazırlanmış sənədlərlə gəldim və sazişi imzaladıq. Digər mühüm sənədləri imzalamağımız isə heç də həmin sazişin əhəmiyyətini azaltmır. Bununla yanaşı, biz Gürcüstanla Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında çox mühüm müqavilə də imzaladıq. Eduard Amvrosiyeviç Şevardnadze və mən Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında mühüm bəyannamə də imzaladıq. Digər əhəmiyyətli sənədlər də imzalanmışdır. Bütün bunlar hamısı gələcək fəal əməkdaşlığımız üçün hüquqi baza yaradan sənədlər toplusunutəşkil edir.

Müxbir: Demək olarmı kl, hamin bəyannamənin təşəbbüsçüləri Gürcüstan və Azərbaycandır?

Heydər Əliyev:  Nəinki demək olar, əslində də belədir, təşəbbüsçü bizik. Bu fikri kənardan bizə heç kim deməyib. Mən özüm bu rnəsələ barədə çox düşünmüşəm. Eduard Amvrosiyeviçlə fikir mübadiləsi etmişik, o da bu haqda düşünürdu. Məhz Qafqazın qayğısına qalaraq birlikdə bu fikrə gəldik. Qafqaz dünyanın mühüm regionudur. Burada çox ciddi hadisələr baş verir, münaqişələr gedir, çox qan tökülür. Qafqaz təkcə burada yaşayan xalqlar, Qafqazı təşkil edən ölkələr üçün deyil, həm də ətrafdakı ölkələr, habelə dünyanın bir çox digər ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də biz bu məsələ barədə düşünürdük və ümumi səylərimiz, problemə ümumi baxışımız bəyannamə imzalamağımızla nəticələndi. Şübhəsiz ki, bu, bizim təşəbbüsümüz, Şevardnadze və Əliyevin təşəbbüsüdür.

Müxbir: Bəyannamənin gələcək taleyini, perspektivini necə görürsünüz? Yəqin belə bir fikirlə razılaşmaq olar ki, Qafqazda sülh olmasını istəməyən qüvvələr var.

Heydər Əliyev:  Bilirsiniz, bu bəyannamə məhz belə qüvvələrə qarşı yönəldilib. Əlbəttə, kimin Qafqazda sülh, əmin-amanlıq, sabitlik olmasını istəməsini, kimin istəməməsini zaman göstərəcək. Biz bu bəyannamədə Qafqazın hər hansı ölkəsinin, yaxud Qafqaza maraq göstərən başqa ölkələrin hüquqlarını, mənafelərini tapdalayan heç bir şey təklif etmirik.

Müxbir: Zaman məsələsi barədə dediyiniz çox maraqlıdır. Bütün hunlar Qafqazla bağlı məsələlərin siyasi cəhətidir. Xəzər neftinə gəldikdə isə, bu məsələnin həlli göstərir ki, indi Qafqazın iqtisadi baxımdan dirçəldilməsi də siyasi problemlərin nizamlanması kimi reallıqdır.

Heydər Əliyev:  Əlbəttə, bunlar bir-biri ilə əlaqəlidir. Çünki iqtisadi dirçəliş, Qafqazın böyük iqtisadi potensialından istifadə edilməsi üçün imkanlar yaradılması siyasi məsələlərin həllinə də fəal təsir göstərəcəkdir.

Müxbir: Deyirlər ki, siz, indi jurnalistlərin xoşladıqları ifadə ilə desək, "durğunluq illərinin" siyasi lideri olarkən Eduard Şevardnadze ilə bir növ rəqabətiniz olub, özü də bu, təkcə regionda liderlik üstündə getməyib. Bu, nə dərəcədə doğrudur və İndi Gürcüstan prezidenti ilə münasibətləriniz necə inkişaf edir?

Heydər Əliyev:  Bilirsiniz, rəqabətin olması barədəki fikirlə razı deyiləm. Burada, Tbilisidə birinci gün biz məsələlərimizi həll edərkən dedim ki, ölkələrimiz, xalqlarımız bir-birinə yaxındırlar. Onların qonşuluqda yaşamalarını, deməli, həm də dostluq etmələrini tale özü müəyyən etmişdir. Lakin iş elə gətirmişdir ki, Gürcüstan və Azərbaycanın rəhbərləri kimi bizim keçdiyimiz yollar çox oxşar olmuşdur. Biz zaman, vaxt etibarilə az fərqlə, təxminən eyni vaxtda Azərbaycan və Gürcüstana rəhbərlik etməyə başlamış, eyni vaxtda da Moskvada, keçmiş Sovetlər İttifaqının rəhbərliyində olmuşuq. Şübhəsiz ki, mən "durğunluq illəri" ifadəsi ilə razı deyiləm, tarix özü bunu təkzib etmişdir. O dövr əsla durğunluq illəri deyildi.

Müxbir: Mən bu fikri jurnalistlərin adına çıxıram.

Heydər Əliyev: Bu, jurnalistlərirı deyil, Qorbaçovun uydurması idi. Hesab edirəm ki, o özü də həyatının ən yaxşı illərini həmin dövrdə, Stavropolda işləyərkən yaşamışdır. Sonra isə bütün bu illəri pisləməyə, "durğunluq illəri" adlandırmağa başladı və müvəffəqiyyətsizliyə uğradı. Həmin dövrdə biz çox şeyə nail olmuşduq. Gürcüstanda da, Azərbaycanda da belə idi. Bu, keçmiş Sovetlər İttifaqında da, dünyada da məlum idi. Görünür, dediyiniz fikir başqa şeylə - Eduard Amvrosiyeviç Şevardnadzenin də, mənim də digər respublikaların liderləri arasında seçilməyimizlə bağlıdır, deyə bilərəm ki, məşhurluğumuzla bağlı idi. Yəqin, bu, ondan irəli gəlirdi ki, Qafqazdan, Zaqafqaziyadan olan hər ikimiz Sovetlər İttifaqının rəhbərliyinə gəlib çıxmışdıq. Rəqabət yox idi, xeyirxah münasibət, yaxşı, dostluq əlaqələri vardı. Biz bir-birimizdən yaxşı cəhətləri götürməyə çalışırdıq. Bu mənada rəqabət demək olardı Gürcüstanda yaxşı bir şey görəndə biz onu Azərbaycanda tətbiq etməyə çalışırdıq, Äzərbaycanda da müəyyən bir yenilik olanda hiss edirdim ki, bir müddət sonra təxminən eyni şey Gürcüstanda da meydana gəlir. Vəziyyət təxminən belə idi. İndiki münasibətlərimizə gəldikdə isə, zənnimcə, Tbilisidə olduğum bu üç gün bunların xarakterini kifayət qədər əyani şəkildə nümayiş etdirir. Edurad Amvrosiyeviç Şevardnadze də, mən də bunu çox demişik: bizim münasibətlərimiz mehriban, dostluq xarakteri daşıyır. Hesab edirəm, bu, sadə adamlar kimi bizdən daha çox, xalqlarımızdan ötrü lazımdır ki, həm hərbi münaqişələrlə bağlı, həm də, şübhəsiz sosial-iqtisadi xarakterli problemlərlə bağlı olan indiki mürəkkəb dövrü yaşaya, ağır vəziyyətdən çıxa bilsinlər.

Müxbir: Cənab prezident, bütün sivilizasiyalı dövlətlərdə milli hərəkatı prezidentin adı ilə bağlayırlar. Sovet İttifaqı dağıldıqdan sonra yaranmış dövlətlərdə vəziyyət bir qədər başqadır. İş belə gətirmişdir ki, bir qayda olaraq, prezident və milli hərəkat bir-birinə qarşı duran iki qüvvədir. Bunu sizin barənizdə deməyə çətinlik çəkirəm. Hər halda bu vəziyyət bəzi dövlətlər üçün xarakterikdir. Siz bunu nə ilə izah edirsiniz?

Heydər Əliyev: Bilirsiniz, müxtəlif respublikalarda vəziyyət eyni olmamışdır. Bu vəziyyət Sovetlər İttifaqının dağıldığı dövrdə və xüsusən də o dağıldıqdan sonra xarakterik olmuşdur. Əvvələn vaxt keçdikdən sonra bütün bu proseslər təhlil edilmişdir. İkincisi, hər bir respublikanın özünəməxsus səbəbləri, xüsusiyyətləri var, ona görə də hər birində vəziyyət də müxtəlif olmuşdur. Məsələn, mən hesab etmirəm ki, Gürcüstanda Eduard Şevardnadze ilə hərəkat arasında hansısa qarşıdurma var. Milli hərəkat nə deməkdir? Əgər o, həqiqi, xalqın mənafeyini, milli mənafeni ifadə edən hərəkatdırsa, eyni mənafeləri ifadə edən, amma, necə deyərlər, küçədə qışqırmayan, böyük siyasi təcrübəsinə əsaslanaraq məsələləri həll edən siyasi liderə qarşı çıxmaz.

Bu, Azərbaycana da aiddir. Azərbaycanda milli hərəkatın başlanması ən çox Dağlıq Qarabağdakı hadisələrlə və mərkəzin, Moskvanın bu problemin həllinə ədalətsiz yanaşması ilə bağlı idi. Əslində bu, xalqın Azərbaycandakı və Moskvadakı kommunist rejiminə qarşı coşğun etirazının mayasını təşkil edirdi. 20 Yanvar faciəsinə gətirib çıxaran hadisələri də bilirsiniz.

Sonra milli hərəkatın özündə də müəyyən fərqlər əmələ gəldi. Milli inkişaf uğrunda real şəkildə, həqiqətən mübarizə aparmış və aparan qüvvələr, milli hərəkatda iştirak etmiş qüvvələr bu gün də fəaliyyət göstərirlər. Hərəkata yalnız özlərinin şəxsi mənafeləri üçün qoşulanlar, populistlər, yaxud siyasi cəhətdən səriştəsiz olanlar isə tədricən sıradan çıxdılar. Zənnimcə, Gürcüstanda da belə olmuşdur.

Müxbir: Bəli. Mən ayrılıqda konkret bir dövləti deyil, ümumi meyli nəzərdə tuturdum.

Heydər Əliyev: Bilirsiniz, bu meylləri birmənalı qiymətləndirmək, ümumi meyllər hesab etmək olmaz. Tarixi, milli xüsusiyyətlərdən, konkret regionla bağlı şəraitdən asılı olaraq, məsələn, burada, sizdə Abxaziya - Gürcüstan, Cənubi Osetiya - Gürcüstan münaqişələri, bizdə Dağlıq Qarabağ üstündə gedən Ermənistan - Azərbaycan münaqişəsi, münaqişə olmayan yerlərdə isə nəsə başqa şey vardı, keçmiş Sovetlər İttifaqının ayrı-ayrı regionlarında vəziyyət müxtəlif olmuşdur.

Müxbir: Bilirəm, çox tələsirsiniz. Sonuncu sualımdır. Cənab prezident, səhv etmirəmsə, on beş il olar Gürcüstana gəlmirdiniz. İş elə gətirib ki, indiki səfəriniz martın 8-nə düşüb. Xüsusi olaraq bu vaxtı seçmisiniz, yoxsa təsadüfdür? 8 Mart münasibətilə Gürcüstanda ilk təbrik etdiyiniz qadın kimdir?

Heydər Əliyev: Şübhəsiz, bu vaxt xüsusi olaraq seçilməmişdir. Təxminən bir il idi ki, təkcə danışıqlar aparmır, həm də görüşümüzlə bağlı məsələləri müzakirə edirdik. Mən Eduard Amvrosiyeviçi səfərə dəvət edirdim, o da məni dəvət edirdi. İş belə gətirdi ki, əvvəlcə mənim Gürcüstana səfərim barədə razılığa gəldik. Biz bir neçə dəfə səfərin vaxtmı nəzərdə tutmuş, lakin müxtəlif səbəblər üzündən təxirə salmışdıq. Amma bütün məsələlər, xüsusən Oərb marşrutu ilə neftin nəqli məsələsi həll edildikdən - sonuncu ilə əlaqədar çox şeyi həll etmək lazım idi, - sonra qərara gəldim, ki, səfəri daha təxirə salmaq olmaz, getmək lazımdır. Bu da təsadüfən martın 8- nə düşdü.

8 Marta gəldikdə isə, mən bilirəm ki, bu, Gürcüstanda bayram günü deyil, Azərbaycanda isə bayram günüdür. Ona görə də səfərimin qadınlar bayramı ilə bir vaxta düşməsi barədə fikir özünü doğrultmur. O ki qaldı 8 Mart münasibətilə Gürcüstanda kimi təbrik etməyimə, mən çox gözəl qadını - kinorejissor Lana Qoqoberidzeni təbrik etmişəm. O, parlamentdə Eduard Amvrosiyeviç Şevardnadzenin partiyasının fraksiyasına başçılıq edir. Buraya, Tbilisiyə gələndə onunla görüşdük, həm də o, mənim çox xoşuma gəldi.

Müxbir: Parlamentin iclasında deputatlara və ümumiyyətlə Gürcüstan ictimaiyyətinə müraciət etmək imkanınız olub, indi vətənə yola düşürsünüz, əgər istəyirsinizsə, Gürcüstan milli televiziyası vasitəsilə Gürcüstan ictimaiyyətinə müraciət edə bilərsiniz.

Heydər Əliyev: Hesab edirəm ki, biz burada böyük iş görmüşük. Buraya səfərim ərəfəsində və Gürcüstanda olduğum müddətdə Eduard Amvrosiyeviçlə gördüyümüz birgə işlər çox yaxşı nəticələr vermiş, gələcək əməkdaşlığımızın və dostluğumuzun daha da möhkəmlənməsi üçün yaxşı zəmin yaratmışdır.

Gürcüstanda əvvəllər də və indi də gedən proseslərə biganə qala bilmərəm. Çünki Gürcüstan dost ölkə, gürculər dost xalqdır. Mən Gürcüstana, gürcü xalqına həmişə böyük hörmət bəsləmişəm. On beş ildən sonra yenidən buraya gələndə, şübhəsiz ki, keçmiş vaxtları da xatırladım və ona da sevindim ki, indi Tbilisidə, Gürcüstanda ictimai-siyasi sabitlik var. Bu, həm Gürcüstanın, həm də Azərbaycanın düşdükləri ağır vəziyyətdən çıxmaq üçün çox mühümdür. Mən bu zərurəti Azərbaycanda hiss edirəm. Ona görə də bunun Gürcüstan üçün nə dərəcədə mühüm olduğunu bilirəm. Çünki hər iki ölkədə vəziyyət hər baxımdan oxşar, demək olar, eynidir. Mən gürcü xalqına, Gürcüstan vətəndaşlarına səmimi salamlarımı və xoş arzularımı yetirmək, onlara xoşbəxtlik və səadət diləmək istərdim. Onlara demək istərdim ki, bu vəziyyətdən çıxmaq üçün dözüm, dözüm və yenə də dözüm, son dərəcə mətinlik lazımdır. Mən Azərbaycan xalqına bunu deyirəm, bir dost kimi gürcü xalqına da deyirəm, xoşbəxtlik və səadət arzulayıram.

Müxbir: Çox sağ olun. Sizə yaxşı yol və gələcək həyatınızda uğurlar diləyirəm.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm.