Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda Amerikanın "Pennzoyl Kaspian Korporeyşn" şirkəti ofisinin yeni binasının açılışı mərasimində çıxışı - 7 dekabr 1996-cı il


Möhtərəm prezident cənab Hamilton. Hörmətli xanımlar və cənablar!

Mən sizi bu gün Amerikanın "Pennzoyl" şirkətinin Azərbaycanda, Bakıda ofisinin açılması münasibətilə təbrik edirəm. Amerika Birləşmiş Ştatlarının "Pennzoyl" şirkəti Azərbaycana, ölkəmizin neft sənayesində Azərbaycanla müştərək iş görmək üçün respublikamıza gəlmiş ilk şirkətlərdən biridir. "Pennzoyl" şirkəti başqa şirkətlərə nisbətən, Azərbaycanın neft və qaz yataqlarının nə qədər zəngin və perspektivli olmasını hiss etmişdir, Azərbaycan Respublikası ilə əvvəldən indiyədək sağlam əməkdaşlıq edir. Məhz ona görə də "Pennzoyl" şirkəti 1994-cü ilin sentyabrında, 1995-ci ilin noyabrında imzalanmış iki böyük müqavilənin iştirakçısıdır, yəni o müqavilələrin Azərbaycan Dövlət Neft Şirkəti ilə bağlanması üçün təşkil olunmuş konsorsiumun üzvüdür.

Bununla yanaşı, "Pennzoyl" şirkəti Azərbaycanın dənizdəki qədim neft mədəni olan Neft Daşlarında qazdan istifadə edilməsi ilə əlaqədar böyük bir kompressor stansiyasının tikilib istifadəyə verilməsi ilə də məşğul olmuş və bununla da Azərbaycanda qaz istehsalının artırılmasına öz xidmətini göstərmişdir. Mən bütün bunları çox yüksək qiymətləndirirəm və ona görə də "Pennzoyl" şirkəti ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın böyük gələcəyini bir daha qeyd edirəm.

Burada "Pennzoyl" şirkəti ofisinin yeni binasının tikilməsi və yaradılması da onu göstərir ki, "Pennzoyl" şirkəti Azərbaycanda uzunmüddətli iş görmək proqramına malikdir və buna görə də Azərbaycanla daim əməkdaşlıq etmək üçün belə bir gözəl, zənnimcə, yaraşıqlı binanı tikib özlərinin istifadəsinə veriblər.

"Pennzoyl" şirkətinin indiyədək Azərbaycanda gördüyü işlərdə, Azərbaycanla etdiyi əməkdaşlıqda, əldə olunan nəticələrdə "Pennzoyl"un prezidenti hörmətli cənab Hamiltonun xüsusi xidmətləri var. Ona görə də bu gün mən Azərbaycan dövləti adından "Pennzoyl" şirkətinə hörmət və ehtiramımı bildirir və bəyan edirəm ki, biz bundan sonra "Pennzoyl" şirkəti ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik, genişləndirəcəyik. Bunların hamısı Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında yaranmış sağlam dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına xidmət edir.

Mən "Pennzoyl" şirkətinin Amerika Birləşmiş Ştatlarında, xüsusən ABŞ Konqresində Azərbaycanın mövqelərinin müdafiə edilməsində xidmətlərini xüsusi qiymətləndirirəm. Mən şirkətin buradakı ofis binasının tikilib başa çatdırılması və istifadəyə verilməsi münasibətilə "Pennzoyl" şirkətini və eyni zamanda Azərbaycan Dövlət Neft Şirkətini təbrik edirəm. Bu bina Azərbaycanın, Bakının qədim hissəsi olan İçərişəhərin abadlaşmasında, buranın keçmiş bina və abidələrinin bərpa olunmasında da çox mühüm rol oynayır.

Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu bina "Pennzoyl" şirkətinin burada fəaliyyətinin daha səmərəli olmasına kömək edəcəkdir. Bu bina eyni zamanda Amerika-Azərbaycan dostluğu mərkəzi rolunu da oynayacaqdır. Güman edirəm ki, bu binada həm yaxşı iş görmək üçün şərait yaradılıbdır, həm də Amerika ilə Azərbaycan arasında əlaqələri daha da inkişaf etdirmək üçün, Amerika vətəndaşları ilə Azərbaycan vətəndaşlarının görüşlərinin keçirilməsi, danışıqların aparılması və onların müəyyən məsələləri birlikdə müzakirə etməsi üçün yaxşı şərait yaranıbdır.

Bütün bunlara görə mən bugünkü hadisəni əlamətdar hadisə kimi qiymətləndirirəm. Sizi bir daha təbrik edirəm. "Pennzoyl" şirkətinə onun bütün gələcək işlərində uğurlar arzulayıram. Cənab Hamilton, sizi xüsusilə təbrik edir, sizə cansağlığı, xoşbəxtlik və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Sağ olun.