Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Birinci Azərbaycan Beynəlxalq Turizm sərgisinin iştirakçılarına təbrik məktubu - Bakı şəhəri, 28 may 2002-ci il


Hörmətli sərgi iştirakçıları!

Sizi - paytaxtımız Bakı şəhərində təşkil olunmuş Birinci Azərbaycan Beynəlxalq Turizm sərgisinin iştirakçılarını səmimi qəlbdən salamlayıram.

Ümumdünya Turizm Təşkilatına üzv qəbul edilən ölkəmizdə hazırda turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar açılmışdır. Azərbaycanın Avropa ilə Asiyanın qovuşuğunda yerləşməsi də burada turizmin inkişafına münbit zəmin yaradır. Böyük İpək yolunun üzərində mühüm mövqe tutan Azərbaycan ölkələrin və xalqların yaxınlaşması işinə xidmət edən turizm sənayesinin yaradılması yolunda ilk addımlarını atsa da, bu sahədə həyata keçirilən layihələr turizmin respublikamızda böyük perspektivə malik olduğundan xəbər verir.

Azərbaycanın turizm tarixində ilk dəfə keçirilən beynəlxalq miqyaslı belə bir sərgi bir çox ölkələrlə genişlənən turizm əlaqələrinin bariz nümunəsidir. Tədbir zəngin mədəni irsə və rəngarəng təbiətə malik olan respublikamıza beynəlxalq turizm mütəxəssislərinin marağının artması baxımından mühüm hadisədir. İnanıram ki, bu sərgi Azərbaycanda turizmin inkişafı yolunda mühüm mərhələ olacaq, onun böyük potensialından istifadə etməklə turizmin yeni infrastrukturunun yaradılması prosesinə xarici investorların da cəlb edilməsinə imkan yaradacaq, ölkəmizin turizm məkanı kimi tanınmasında əhəmiyyətli rol oynayacaqdır.

Hörmətli sərgi iştirakçıları! Azərbaycanla yaxın tanışlıqdan böyük məmnunluq hissi keçirəcəyinizə inanır, sizə sərginin işgüzar və səmərəli keçirilməsində uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf