Hörmətli melioratorlar!
Sizi, Azərbaycan Respublikası melioratorlarının çoxminli kollektivini 50 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycanda suvarma əkinçiliyi mədəniyyətinin yüksəldilməsində sizin kollektivin böyük əməyi vardır. Bunun sayəsindədir ki, respublikamızda istehsal edilən kənd təsərrüfatı məhsulu həcminin 90 faizdən çoxu suvarılan torpaqların payına düşür.
1970-80-ci illərdə irriqasiya və meliorasiya obyektlərinin böyük vüsət almış tikintisində göstərdiyiniz əmək rəşadəti xüsusilə yüksək qiymətə layiqdir. Bu illər ərzində torpaqların irriqasiya və meliorasiya tikintisinə respublikada böyük kapital qoyuluşu hesabına çoxsaylı əsas fondlar, 270 min hektar yeni suvarılan sahələr istifadəyə verilmiş, 550 min hektar sahədə kompleks meliorativ işlər görülmüşdür.
Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün son dərəcə böyük əhəmiyyət kəsb edən Ağstafaçay, Xanbulançay, Tərtərçay, Viləşçay, Əyriçay, Arpaçay, Vayxırçay və onlarca müxtəlif həcmli su anbarları, Əzizbəyov kanalı və Tovuz rayonunda Kür çayı üzərində güclü nasos stansiyaları, Lənkərançay və Arpaçay suqəbuledici qurğuları, Baş Mil Və Baş Şirvan magistral kanalları, Əlincəçay, Şəmkir suvarma sistemləri, Baş Şirvan, Baş Mil-Muğan kollektorlarının və yüzlərlə mürəkkəb hidrotexniki qurğuların tikintisi bütün melioratorların gərgin əməyinin bəhrəsidir. Əkinçiliyin əsas mənbəyi sayılan Kür-Araz ovalığındakı şoran torpaqların meliorasiyası sahəsindəki xidmətləriniz əvəzsizdir. Siz eləcə də bir çox şəhər, kənd və qəsəbələrimizdə sosial obyektlər tikintisinin və abadlıq işlərinin aparılmasının fəal iştirakçısı olmusunuz.
Mülkiyyət formalarından asılı olmayaraq respublikada torpağın münbitliyi məsələsi dövlətin həmişə diqqət mərkəzində olacaqdır. Odur ki, müstəqil Azərbaycanın qarşısında duran sosial-iqtisadi problemlərin həll edilməsində sizin üzərinizə daha mühüm vəzifələr düşür. Əminəm ki, müstəqil respublikamızın inkişafı naminə siz bundan sonra da böyük əzm və yaradıcılıqla çalışacaqsınız.
Yarıməsrlik yubileyiniz münasibətilə bir daha hamınızı təbrik edir, sizə həyatda xoşbəxtlik, cansağlığı və şərəfli işinizdə uğurlar arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
"Azərbaycan" qəzeti, 1 mart 1996-cı il.