Respublikanın enerji təchizatındakı problemlərlə əlaqədar müşavirədə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş və yekun nitqi - 20 dekabr 2002-ci il


Son günlər Azərbaycanda qış, həqiqətən, öz qışlığını göstərir. Biz belə uzunmüddətli soyuq havalara alışmamışıq. Amma eyni zamanda, bu il verilən proqnozlar artıq onu göstərir ki, qış soyuq keçəcəkdir. Biz bunu indidən görürük. Neçə gündür havalar soyuyub?

Artur Rasizadə (baş nazir): Cənab prezident, dekabr ayının birindən.

Heydər Əliyev: Demək, hava bizim yaşayışımız baxımından soyuyub, əslində isə o qədər də soyumayıbdır. Çünki gərək həmişə qış qış olsun, yay yay olsun, yaz da yaz olsun. Təəssüf ki, bəzən Azərbaycanda qış lazımi qədər qar, yağış gətirmir. Bu da, ümumiyyətlə, bizim kənd təsərrüfatına, onun inkişafına zərər vurur.

İndiki halı o qədər də pis qiymətləndirmək olmaz. Ancaq eyni zamanda, bizim bu şəraitə öyrənişli olmamağımız, xüsusən, Bakıda müəyyən çətinliklər, problemlər yaradıbdır.

Məsələn, mənim xatirimdə deyil, - hər halda, mən 60 illik dövr haqqında danışa bilərəm, - uzun illər Bakıda belə qar, belə soyuq görməmişdim. Ancaq statistiklərin məlumatına görə, Bakıda belə qış, belə soyuq hava 100 il bundan öncə olubdur. Eybi yoxdur, indi bu, bizim də qismətimizə düşübdür. Bu da pis deyil, ona görə bundan şikayətlənmək olmaz. Amma eyni zamanda, mən qeyd etdim ki, bu müəyyən problemlər yaratdı. Çünki adətən, bizim təşkilatların qışa hazırlıq proqramları müəyyən bir çərçivəni əhatə edir. Baxmayaraq ki, ötən illərdə biz heç vaxt görməmişdik ki, bizim təşkilatların hamısı qısa hazırlıqlı gəlmiş olsunlar.

İndi isə belə bir vəziyyətə hazırlığı olmayan həm Bakı, həm də ümumiyyətlə, respublika çətinliklər keçirir. Ancaq məlumdur ki, ötən illərə, o cümlədən keçən ilə nisbətən əhalini istiliklə təmin etmək üçün imkanlarımız daha çoxdur. Həm elektrik enerjisi, həm də qaz daha çoxdur. Amma buna baxmayaraq, görünür ki, bəzi yerlərdə işin yaxşı təşkil olunmaması nəticəsində, bəzi hallarda da energetika qurğularımızın belə ağır şəraitə tab gətirə bilməməsi nəticəsində, bir çox hallarda isə buraxılan səhvlər, yol verilən nöqsanlar, səhlənkarlıq nəticəsində problemlər yaranır.

Mən vəziyyətlə hər gün maraqlanıram. Mənə deyirlər ki, çətinliklər var, amma vəziyyət normaldır. Ancaq mən dünən axşam ANS televiziya kanalına baxırdım. Yəqin görmüsünüz, orada bir neçə kadr göstərdilər. Birincisi, qaçqınların yaşadığı yerdə elektrik enerjisi olmadığına görə, - Əli Həsənovu görmürəm, buradadır, - onlar gəlib haradasa küçəni kəsmişdilər. Amma Əli Həsənovla mən vaxtaşırı danışıram. O deyir ki, hər şey qaydasındadır, hər şey yerindədir. Təbiidir ki, bu məsələlər barədə baş nazirlə gündə bir neçə dəfə danışıram. O da çalışır ki, mənə vəziyyəti, ümumiyyətlə, müsbət xarakterizə etsin. Qaçqınlardan savayı, dünən televiziyada göstərilən Bakının hansı rayonları idi, yığışmışdılar, çox şikayət edirdilər ki, uzun müddətdir elektrik enerjisi yoxdur, yaşaya bilmirik.

Hacıbala Abutalıbov (Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı): Cənab prezident, Səbail rayonunun 20-ci yaşayış sahəsində, əsasən, qazdan şikayət edirdilər.

Heydər Əliyev: Biri ora idi. Deyəsən, başqa yerdən də kadr göstərdilər.

Hacıbala Abutalıbov: Bəli, orada da qaçqınlar yalnız işığın olmamasından narazılıq ediblər. 20-ci sahədə isə qəza olub, indi "Azəriqaz" Səhmdar Cəmiyyəti ilə birlikdə işləyirik.

Heydər Əliyev: İş də bundadır ki, belə vəziyyətdə, nədənsə, tez qəza olur. Mən nədənsə deyəndə, müəyyən qədər anlayıram ki, ekstremal vəziyyətdə ola bilər, bizim müəyyən borularımız, qurğularımız, elektrik xətlərimiz dözmürlər. Bu, ola bilər. Amma təkcə bununla əlaqədar deyildir. Bir də deyirəm, hazırlığın lazımi səviyyədə olmaması ilə əlaqədardır, buraxılan səhvlərlə əlaqədardır. İndi mən bilmirəm, burada kimi günahlandırım. Günahlandırmağa gələndə, hamını günahlandırmaq lazımdır. Çünki bu işlərlə, demək olar ki, hamı məşğul olur və xüsusi məşğul olanlar var. Bu işlə birinci növbədə bizim Nazirlər Kabineti məşğul olur, müvafiq nazirliklər, təşkilatlar məşğul olurlar. Bakı şəhəri üzrə, təbiidir ki, bunlarla yanaşı, Bakı Şəhəri İcra Hakimiyyəti, hər rayonun icra hakimiyyətinin başçıları məşğul olurlar. Ona görə də burada məsuliyyət çoxlarının üzərinə düşür. Çoxlarının üzərinə düşəndə də, belə anlama var ki, o da günahkardır, mən də günahkaram. Neyləyək, vəziyyət belədir. Bu, düzgün deyildir. Biz konkret günahkarları da bilirik və onların da haqqında lazımi ölçü götürə bilərik.

Soyuq hava bundan sonra davam edəcək. Amma nə vaxta kimi davam edəcəkdir?

Artur Rasizadə: Proqnozlara görə, dekabr ayının 21-nə qədər davam edəcəkdir.

Heydər Əliyev: Ondan sonra mülayimləşəcək?

Artur Rasizadə: Hələlik dəqiq məlumat yoxdur, amma ümumiyyətlə, Siz dediyiniz kimi, bu qış soyuq keçəcək, qarlı, küləkli olacaqdır. Təkcə bizdə yox, ümumiyyətlə, hər yerdə belədir.

Heydər Əliyev: Sən bununla nə demək istəyirsən?

Artur Rasizadə: Bu, təbiətin işidir.

Heydər Əliyev: İş bundadır ki, biz Azərbaycanda gərək təbiətdən razı olaq. Son iki-üç ildə dünyanın müxtəlif yerlərində o qədər fövqəladə hallar olur, nə bilim, böyük-böyük şəhərləri su basır, qar yağır, qarın altında qalırlar, qasırğa, külək şəhərləri, yaşayış məntəqələrini vurub dağıdır, başqa şeylər. Bunları televiziya ilə dünyanın müxtəlif regionlarında görürük. Biz gərək Allahımıza şükür edək ki, indiyə qədər belə şeylərlə rastlaşmamışıq. İndi isə bizim vəziyyətimiz mürəkkəbləşəndə özümüzə təskinlik verək ki, bu, təkcə bizdə deyil, hər yerdə belədir? Hərənin öz işi, öz məsuliyyəti var.

Bax, buna görə də nəzərə alaraq ki, havaların belə soyuq keçməsi davam edəcək, - ola bilər, bir az mülayimləşsin, yaxud ola bilər, bir az da kəskinləşsin, - heç kəs arxayınlaşmasın ki, ayın 21-dək belə olacaq, birtəhər onu-bunu edin, ayın 21-i ötsün, sonra hava mənim üzümə güləcək. Belə fikirləşmək düzgün olmazdı. Bax, bunları nəzərə alaraq, mən tapşırmışdım, baş nazir srağagün müşavirə keçirdi. Onlar iki saatdan artıq müzakirə apardılar. Amma mən belə başa düşdüm ki, orada əsas Bakının problemləri, qazanxanaların işi ilə məşğul olmusunuz. Mən tapşırmışdım ki, hər halda, lazımi tədbirlər görülsün.

İndi mən bu gün sizi dəvət etmişəm ki, birincisi, vəziyyəti təhlil edək, ikincisi, baxaq, hansı tədbirlər görmək lazımdır. Burada bir neçə adam məlumat verməlidir. Birinci növbədə, "Azərenerji"nin prezidenti Etibar Pirverdiyev, "Azəriqaz"ın prezidenti Əlixan Məlikov, sonra Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev məlumat verməlidirlər.

Yekun nitqi

- Hörmətli müşavirə iştirakçıları!

Mən müşavirə başlanarkən sizə onun məqsədini çatdırdım və bildirim ki, bu gün biz həm mövcud vəziyyəti təhlil edirik, həm də bundan sonra görüləsi işlər haqqında lazımi tədbirlər görürük və görmək istəyirik. Düzdür, vaxt çox getdi - üç saat. Bəzi natiqlər də həddindən artıq çox danışdılar. Ancaq mənə belə gəlir ki, burada olan söhbətin hamısı faydalıdır, əhəmiyyətlidir. Yəni mən heç kəsə imkan verməzdim ki, boş danışıq aparsın və boş danışıq da yoxdur.

Düşünürəm ki, biz Azərbaycanda ölkəmizin enerji ilə təmin olunması ilə əlaqədar indiyə qədər gördüyümüz tədbirlərin, bir tərəfdən, nəticələrini müşahidə edirik, ikinci tərəfdən də, bundan sonra hansı tədbirləri görməliyiksə, onları müəyyən edirik. Buradakı çıxışlardan, müzakirələrdən gördüm ki, onların artıq çoxları məlumdur.

Əgər Azərbaycanın elektrik enerjisi ilə təchizatı haqqında danışsaq, - bu gün bu barədə çox deyildi, - qısaca onu demək olar ki, bizim ölkəni elektrik enerjisi ilə fasiləsiz təmin etmək imkanımız var. Bunun üçün bizim lazımi qədər elektrik enerjisi istehsal edən müəssisələrimiz var. Bunların böyük bir qismi keçmişdən qalıbdır, 1970-1980-ci illərdə tikilibdir və indi də istifadə edilir, təmir olunur. Bir qismi isə son illərdə, yəni Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra tikilibdir. Mən bunları deyə bilərəm: Yenikənd Su Elektrik Stansiyası, şəhərin Xətai rayonunda 100 meqavatlıq 1 nömrəli İEM. Yaponiyadan alınmış kreditlər əsasında "Şimal" DRES-də buxar-qaz qurğusunu tikib hazırlamışıq. Artıq o, işləyir. Mənə deyilənə görə, təxminən 200-250 meqavat elektrik enerjisi verir. Elədirmi?

Artur Rasizadə: Bəli.

Heydər Əliyev: 250 meqavat elektrik enerjisi az deyil, bu, böyük artımdır. Biz Yaponiyadan 90 milyon dollar kredit götürdük, Sumqayıtda da tikdik. Əgər səhv etmirəmsə, bütün elektrik stansiyalarının tikilməsi üçün təxminən 600 milyon dollara qədər kredit götürmüşük. Bu, az vəsait deyil. Bilirsiniz, dünyanın bu vaxtında bu qədər kredit götürmək, onun altına girmək və elektrik stansiyaları yaratmaq asan məsələ deyildir.

Mən iki gün bundan öncə baxırdım, Rusiyada ölkənin elektrik enerjisi ilə təmin edilməsi barədə Çubaysın danışığını "Vremya" proqramında bir balaca göstərdilər. Bilmirəm, sən gördün, yoxsa yox?

Artur Rasizadə: Bəli, gördüm.

Heydər Əliyev: Mən belə anladım ki, bu illərdə Rusiyada yeni bir elektrik stansiyası tikilməyibdir. Düzdür, onlarda çox böyük elektrik stansiyaları var idi, hansılar ki, elektrik enerjisi istehsal edib, bütün SSRİ-yə verirdi. O cümlədən onlardan biz də çox alırdıq. Onlar var, təmir ediblər. Ancaq hər halda, mən bunu eşidəndə fikirləşdim ki, demək, biz bu sahədə öz miqyasımıza görə az iş görməmişik.

Ancaq bunlar da yetərli deyil. Biz "Şimal" DRES-in ikinci növbəsini mütləq tikəcəyik və Yaponiyadan güzəştli kredit almaq imkanımız var. Mən o vaxt danışmışdım ki, indiki elektrik stansiyalarının bəzilərinin dayandırılması, bəzilərinin yenidən tikilməsi barədə proqram hazırlayın. Məsələn, Sumqayıtda yeni elektrik stansiyasının tikilməsi haqqında təkliflər var idi. Deyəsən, Pirverdiyev deyirdi ki, 160 milyon dollar kredit almaq lazımdır. Sən onu deyirdin?

Etibar Pirverdiyev ("Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti"): Bəli.

Heydər Əliyev: Əgər o realdırsa, bunu alıb tikmək lazımdır. Orada neçə meqavat güc olacaqdır?

Etibar Pirverdiyev: 400 meqavata qədər.

Heydər Əliyev: Demək, onu da etmək lazımdır. Çünki bizim bəzi stansiyalar, məsələn, Sumqayıtdakı, Əli Bayramlıdakı stansiyalar artıq köhnəlibdir. Açıq demək lazımdır ki, biz bunları böyük çətinliklə və böyük cəsarətlə işlədirik. O gün Əli Bayramlı elektrik stansiyasında elə bir hadisə baş verdi ki, mənə dedilər, bizim bütün elektrik şəbəkəsinə çox mənfi təsir etdi. Ona görə də bu sistem daim inkişaf etməlidir, daim təkmilləşdirilməlidir.

Ancaq mən bu gün müzakirələrdə sual verirdim. Bir var, bizim elektrik enerjisini istehlakçılara çatdırmaq və itkilərə yol verməmək. Əgər indi bu elektrik stansiyalarının tikilməsi ilə yanaşı, biz ötürücü xətləri də, transformatorları da, başqa qurğuları da təzələyə bilsək, yaxud bir çoxunu təmir edə bilsək, itkilərin qarşısını ala bilsək, heç olmasa itki keçmişdəki səviyyəyə, yəni 8 faizə düşsə, çox şey qazanarıq. Deyirsiniz ki, indi 20 faizə yaxındır, demək, istehsal olunan hər 100 meqavat enerjinin 20 meqavatı itkiyə gedir, halbuki 20 meqavat elektrik enerjisi ilə böyük iş görmək olar. Ona görə bizim qarşımızda duran vəzifə bu məsələlərin hamısını kompleks həll etməkdir.

Bu müzakirələr bir də onu göstərdi ki, biz elektrik stansiyalarının tikilməsi barədə işlər görmüşük və perspektivdə də bu işlər var. Ancaq ötürücü xətlər, transformatorlar, şəbəkələr və sair ikinci dərəcəli səviyyədə qalmamalıdır. Əgər onlar elə qalsa, nə qədər çox elektrik enerjisi istehsal etsək də, istədiyimizə nail ola bilməyəcəyik. Çünki o itkilərin qarşısını ala bilməyəcəyik, həmin bərbad vəziyyətdə qalan şəbəkələr, transformator təsərrüfatı daim, - Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı danışdı ki, transformator yandı, bir mikrorayon bir sutka işıqsız qaldı, - belə vəziyyətdə olacaqdır. Ona görə də bu məsələlər də paralel həll edilməlidir.

"Azərenerji" Səhmdar Cəmiyyətinin prezidentinin bu barədə təklifləri var. Amma mən sənə demişəm, bu tapşırığı bir də təkrar edirəm. Mən demirəm ki, indi bu, təcili bir işdir, amma yaxın gələcəyimiz üçün çox vacibdir. Sən bunların hamısını topla, geniş bir proqram tərtib edin. Elə olmasın ki, bu gün bunu etdik, sevindik ki, bunu etmişik. Sabah o birisini etdik, o da bizə sevinc gətirdi. Proqram hazırlayaq, görək onu nə qədər vaxta yerinə yetirə biləcəyik və həyata keçirək.

Ancaq indi istehsal olunan elektrik enerjisinin istifadə edilməsində, təbiidir ki, burada oturanların hamısının məsuliyyəti var. İndi nəyimiz var, odur. Yəni elektrik stansiyalarımız da budur, dediyim kimi, bunların yetərli gücləri var. Şəbəkələr də məlumdur, transformatorlar da məlumdur. İndi nizam-intizamı, qanun-qaydanı möhkəmləndirmək lazımdır. Hər şey idarə olunmalıdır və hər bir xırda hadisə dərhal nəzərə alınmalıdır, ölçü götürülməlidir. Hesab etmək olmaz ki, qışın soyuq dövrü keçibdir. Yox, keçməyibdir. Düzdür, iki gündür yağış yağır, qar əriyir. Amma hələ soyuqlar qarşıdadır. Bu, birincisi. İkincisi, təkcə Bakıda öz evimizin ətrafını görərək, respublikanın vəziyyətini qiymətləndirə bilmərik ki? Biz bütün respublikada, hər bir bölgədə olan vəziyyəti qiymətləndirməliyik və hər bir bölgə üçün lazımi tədbirlər görməliyik. Burada Bakı şəhəri xüsusi yer tutur.

Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu vəzifəyə təyin olunandan xeyli işlər görübdür. Bunu qeyd etmək lazımdır. Elə bizim küçələrin asfalt örtüyünün təzələnməsi, təmizlənməsi, qaydaya salınması şəhərin görünüşünü nə qədər dəyişdiribdir. Təkcə görünüşü deyil, ümumiyyətlə, şəhər təsərrüfatının keyfiyyəti yüksəlibdir. O, kanalizasiyalar haqqında dedi.

Biz vaxtilə, 1970-ci illərdə Bakının kanalizasiya sistemi ilə bağlı böyük proqram tərtib etmişdik ki, onu həyata keçirək. Beləliklə də oradan-buradan keçən kanalizasiya xətlərini ləğv edək və bunların hamısı Hövsana getsin. Orada da təmizləmə sistemi yaradılmalı idi ki, kanalizasiya suları təmizlənsin, sonra Xəzər dənizinə buraxılsın. Amma bu, yerinə yetirilmədi. Dünənə qədər mən bulvara gedirdim, - indi ona Milli park adı vermişik, - paraşüt qülləsindən bir az bu tərəfə gələndə üfunət başlayırdı. Çünki niyə? Camaatın istirahət etdiyi yerin, parkın kənarında üç yerdən dənizə şəhərin bütün kanalizasiyasının suyu tökülürdü. Mən bunu ilk dəfə deyildi ki, görmüşdüm. Mən onu üç il bundan qabaq da görmüşəm, beş il bundan əvvəl də görmüşəm. Ancaq mənim bu barədə verdiyim göstərişlər yerinə yetirilmirdi. Mən də gedib onu hər gün yoxlamayacağam ki. İldə bir dəfə düşəndə, Milli parka gedirsən. Gəlirsən, görürsən, narahat olursan, göstəriş verirsən. Bəli, yerinə yetirəcəyik. Zaman keçir, yerinə yetirilmir. Amma mən göstəriş verdim, o, başqa yerlərdən gələn kanalizasiya xətlərini qısa bir müddətdə buradan götürdü. Demək, bu, iki-üç ayın işi imiş. Elədirmi?

Hacıbala Abutalıbov: Bəli.

Heydər Əliyev: Bu, Bakıya, əhaliyə, insanlara lazımdır. Kanalizasiya sahəsində görülən bu işlər tədqirəlayiqdir. Ancaq gərək sən Bakının kanalizasiya problemini köklü surətdə həll edəsən. Nə edirsən, et, təkliflərini ver, hansı yardım lazımdırsa, sənə edək. Bu kanalizasiya məsələsini köklü həll et ki, kanalizasiya o evin yanından keçdi, bunun altından keçdi, oradan keçdi - belə olmasın - bunun müəyyən böyük yolları olsun, hamısı dediyimiz yerə getsin və Bakıda bu problem biryolluq həll olunsun.

O ki qaldı küçələrin qaydaya salınması məsələsi, sən onu da edirsən. Güman edirəm, havalar düzələndən sonra davam etdirəcəksən. İndi küçələrdə avtomobillə gedəndə adam özünü daha da rahat hiss edir. Elədir, yoxsa yox?

Artur Rasizadə: Bəli, elədir.

Heydər Əliyev: Buradan aeroporta gedirsən, heç hiss etmirsən ki, avtomobillə gedirsən. Axı, bu da çətin bir məsələ deyilmiş. Murtuz müəllim, elədir?

Murtuz Ələsgərov (Milli Məclisin sədri): Bəli.

Heydər Əliyev: Düzdür, bunun parlamentə aidiyyatı yoxdur. Sadəcə, deyirəm, sən də aeroporta gedirdin, mən də aeroporta gedirdim, taq-tuq, taq-tuq idi. Amma indi maşın gedir, heç hiss etmirsən. Bunlar hamısı yaxşı hallardır. Mən bunları dəstəkləyirəm.

Biz metropolitenin 35 illiyini keçirdik. Orada lazımi tədbirlər görülür, bundan sonra da görün. Çünki qışın bu ağır vaxtında şəhər əhalisinin əksəriyyətini xilas edən metropoliten oldu. Onlar məlumat vermişdilər ki, guya metropolitenlə əhalinin 30 faizi gedib-gəlir. Amma mənə belə gəlir ki, metropolitendən insanlar daha çox istifadə edirlər.

Tağı Əhmədov (Bakı Metropoliteninin rəisi): Cənab prezident, son günlər hər gün 450 mindən çox adam gedib-gəlir.

Heydər Əliyev: Bəli, orada qanun-qaydanı daha da düzəldin. Hər halda, şəhər təsərrüfatı inkişaf etməlidir, şəhərimiz gözəlləşməlidir.

Burada qaz haqqında danışıldı. İndi biz Neft Şirkətindən asılıyıq ki, onlar nə qədər qaz çıxarırlar. Onlar artıq söz verdilər. Artur Rasizadə, sən buna nəzarət edəcəksən, onlar yeni quyular qazsınlar ki, biz qaz hasilatını artıraq. Bir də Rusiyadan gələn qazı mümkün qədər artırmaq lazımdır ki, qazla təminat məsələsi həll olunsun.

Su təchizatı haqqında danışdıq. Bilirsiniz, gərək hər bir sakin, hər bir insan şəhər haqqında düşünsün, yaşadığı yer, küçə, ev haqqında düşünsün. Amma biz isə bütün respublika haqqında düşünürük və düşünməliyik.

Mən bir neçə gündür ki, şəhərdə elektrik enerjisi və qaz təchizatı məsələsindən çox narahat idim. Artur Rasizadəyə tapşırmışdım. O, srağagün bu işlə bir az məşğul oldu. Mən sizi bu gün burada topladım ki, vəziyyəti özüm bilim, siz də biləsiniz. Bir də ki, hamınız bu işə səfərbər olasınız. Biz - xalqımız, millətimiz Avropa dəyərlərini qəbul edib bu istiqamətdə inkişaf etmək istəyirik. Avropa dəyərləri çox böyük sahəni əhatə edir. Bunun ən böyük hissəsi insanların yaşayışıdır, ev şəraitidir və yaşadığı yerlərə göstərilən münasibətdir.

Məsələn, bizdə elektrik enerjisi çatmır, şikayət edirlər ki, şadlıq evlərində səhərə qədər işıq yanır. Elektrik enerjisi çatmır, bəzi yerlərdə isə bir lampa əvəzinə beşini yandırır, pulunu da vermrilər. Amma Avropada belə şey yoxdur. Elə bizim üçün daha yaxın olan, - təbiidir, o da Avropa ölkəsidir, Avropa Birliyinə daxil olacaqdır, - Türkiyəni götürün. Mən orada dəfələrlə soruşmuşam. Əgər orada kimsə elektrik enerjisinin pulunu beş gün vermirsə, elektrik enerjisi kəsiləcək. O, şəhid atasıdır, şəhid anasıdır, müharibə əlilidir, yaxud köçkündür, qaçqındır - fərqi yoxdur. İstanbul şəhərində 12 milyon əhalinin xeylisi gecəqondularda yaşayır. Bilirsiniz də, gecəqondular nədir, biz "samostroyka" deyirik, kasıbdırlar, evləri yoxdur, orada yaşayırlar. Amma elektrik enerjisinin pulunu verməsə, kəsəcəklər. Baxmayaraq ki, o, kasıbdır.

Amma biz buna nə qədər dözəcəyik? Metrodan camaat güzəştlə istifadə edir. Elektrik enerjisini güzəştlə veririk, o qədər güzəştdir ki, heç belə güzəşt ola bilməz. Qazı güzəştlə veririk. Elektrik enerjisindən istifadəyə görə yığılmayan pul 230 milyon dollar təşkil edir.

Artur Rasizadə: Cənab prezident, elektrik enerjisinin pulunu yığmış olsaydıq, büdcədən maliyyələşdirilən təşkilatların işçilərinin əmək haqlarını 80 faiz, pensiyaları isə 2,6 dəfə birdəfəlik qaldırmaq olardı.

Heydər Əliyev: Yaxşı, ay bizim vətəndaşlar, gəlin bu elektrik enerjisinin pulunu verin. Onsuz da bu, heç yerə getməyəcək, bizim büdcəyə gələcəkdir. Büdcə də artanda bizə imkan verəcəkdir ki, insanların maaşını qaldıraq.

Məsələn, mən bəyan etmişəm, 2003-cü ilin büdcəsinə görə, demək olar ki, bütün sahələrdə maaşları qaldıracağıq. Ancaq əgər 230 milyon dollar bir ildə gəlsə… Hələ qazdan nə qədər gəlmir, sudan nə qədər gəlmir - bunları demirəm. Amma heç bir ölkədə belə bir şey yoxdur. Avropa dəyərləri bununla uzlaşmır. Avropa Birliyinə girən ölkələr bu cür yaşaya bilməzlər. Amma biz də Avropa Birliyinə girməyə hazırlaşmalıyıq. Biz Avropanın bir hissəsiyik. Avropada olmaq, nə bilim. elə seçkidən ibarət deyildir. Görürsünüz, nə qədər tələblər var. Onların hamısını yerinə yetirmək lazımdır. Biz neçə ildir ki, bu güzəştləri vətəndaşlarımıza edirik. İndi də məcburuq ki, edək. Ancaq mən bu gün burada iştirak edənlərin hamısına və bütün bu işlərə məsul olan şəxslərə bir də tapşırıram ki, bu barədə səylərini artırsınlar və biz bu sahədə yavaş-yavaş Avropa dəyərlərinə yaxınlaşaq. Ona görə də elektrik enerjisinin, qazın qənaətlə işlədilməsi, onların haqqının verilməsi indi bizim üçün əsas məsələlərdən biridir.

Mən bu gün ancaq Hacıbala Abutalıbov ilə dialoq aparırdım. Ancaq burada bütün rayonların icra hakimiyyətlərinin başçıları iştirak edirlər. Bu təbiidir, onlar öz vəzifələrini bilirlər. Mən yeni bir şey deməyəcəyəm. Rayon icra hakimiyyətinin başçıları rayonun bütün məsələlərinə cavabdeh olsunlar. Təkcə Bakıda yox, bütün respublikada, hər bir rayonda, hər bir şəhərdə, hər bir qəsəbədə. Xüsusən ilin belə ağır dövründə bizim yerli icra hakimiyyəti orqanlarının başçıları gərək həddindən artıq səfərbər vəziyyətdə olsunlar. Gecə-gündüz işləmək lazımdır. Hər şeyə nəzarət etmək lazımdır. Hər şeyi bilmək və meydana çıxan çətinlikləri aradan qaldırmaq lazımdır.

Qış vaxtı soyuq hamıya təsir edir. Lap evində yaxşı istilik olan adama da eşiyə çıxanda təsir edir. Biz də burada isti yerdə oturmuşuq. Amma gəlin, qaçqın düşərgələrindəki, çadırlardakı insanların vəziyyətini təsəvvür edək. Bilirsiniz, əgər insanın bir mənzili varsa. onun divarları var, döşəməsi-tavanı var, evdə əşyası var. Soyuqdur, istiliyi azdır, ya yoxdur, yaxud bir-iki saat elektrik enerjisi kəsilibdir - bəzisi buna dözmür. Ancaq bəs o qaçqın vəziyyətində yaşayan insanlar, çadırlarda olan insanlar bunlara necə dözürlər?! Mən həmişə, xüsusən bu soyuq günlərdə hər gün, hər dəqiqə o qaçqınlar haqqında, onların vəziyyəti haqqında düşünürəm.

Bizim hamımız bu cür ağır vəziyyətdə ötüşə bilərik. Evin soyuqdur, üstünə iki yorğan at. Belə şeyləri biz çox görmüşük. Yaxud yatanda corabını çıxarma. Məsləhətlər verirəm. Əli İnsanov təsdiq edər ki, mənim məsləhətlərim düzdür. Çünki evin var, döşəyin, yastığın var, hətta mebelin var, yemək bişirməyə imkanın da var. Amma o çadırda nə var? Ona görə biz o insanlara ömrümüz boyu minnətdar olmalıyıq ki, onlar belə vəziyyətə dözürlər. Bu gün bir daha bildirmək istəyirəm - mənim gecə-gündüz iş fəaliyyətimin əksər hissəsi ona yönəlibdir ki, münaqişə həll olunsun. İşğal olunmuş torpaqlarımız azad edilsin, o insanlar öz yerlərinə qayıtsınlar. Ondan sonra biz onların yeni həyatını quraq.

Məsələn, işğaldan azad edilmiş rayonlarda Avropa Birliyinin hesabına, Yaponiyanın qrantları hesabına, başqa hesablara nə qədər evlər, binalar tikildi! Xüsusən Füzuli, Ağdam rayonlarında. Çox yerdə tikildi! İndi onlar gedib orada rahat yaşayırlar. Yaxşı evlərdir, rahat yaşayırlar. Mənə deyirlər ki, Füzuli rayonunun azad edilmiş hissəsində rayon əhalisinin, demək olar, 40 faizi yaşayır. Elədir, yoxsa yox?

Əli Həsənov (Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri): Bəli, Horadiz qəsəbəsində vaxtilə 6 min əhali yaşayırdı, hazırda orada 4 minə qədər əhali yaşayır.

Heydər Əliyev: Demək, vəziyyət tamamilə dəyişir. Yeni qəsəbələr tikilir. Biz Ağcakənddə tikdik, mən gedib gördüm. İndi həm Ağdamda, həm Yevlaxda, Şəmkirdə, Biləsuvarda, başqa yerlərdə tikilir, gedib hamısına baxacağıq.

Əli Həsənov: Hazırda 32 rayonda tikinti gedir. Ağdamda tikdiyimiz üç qəsəbənin birinə camaatı köçürmüşük, ikisinə də yaxın günlərdə köçürəcəyik.

Heydər Əliyev: Biz indi nə mümkündürsə, edirik. Amma hamısını edə bilmərik. Hamısını o vaxt edə biləcəyik ki, bizim torpaqlar azad olsun, gedib o evləri, binaları orada tikək. Buna da nail olacağıq. Mütləq nail olacağıq. Amma buna nail olana qədər biz əziyyətin içində yaşayırıq və yaşamağa məcburuq.

Bax, ölkədə belə bir vəziyyət olan halda, başqaları - öz evində, öz mənzilində yaşayan, hər şeyi olan insanlar gərək bu gün elektrik enerjisi yoxdur, sabah qaz gəlmir deyə narazılıq etməsinlər. Əlbəttə, camaat üçün bunların hamısı olmalıdır. Məhz buna görə də mən üç saat yarımdır burada vaxt itirirəm. Amma mən hamıya müraciət edirəm, gəlin, müqayisə edək. Onların da vəziyyətinə baxaq, bütün qalanların da vəziyyətinə baxaq, həmin şadlıq evlərində gecə səhərə qədər oturanların da vəziyyətinə baxaq, restoranlarda oturanların da vəziyyətinə baxaq - hamısının vəziyyətinə baxaq.

Mən sözümü qurtararaq demək istəyirəm ki, burada danışılan bütün nöqsanlar, hamısı aradan qaldırılmalıdır. Danışdığımız tədbirlər həyata keçirilməlidir. Mən bütün bu işləri baş nazirə həvalə edirəm. Rəhbərlik etsin, əlaqələndirsin. Vaxtlı-vaxtında mənə məlumatlar versin. Həm bugünkü problemləri həll etməliyik, həm də perspektivdəki problemləri həll etməliyik və həll edəcəyik. Hamısını həll edəcəyik. İnşallah, bu ili çox yaxşı nəticələrlə sona çatdıracağıq və yeni ili yaxşı əhval-ruhiyyə ilə başlayacağıq. Sağ olun.

"Azərbaycan" qəzeti, 21 dekabr 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf