Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti Con Leqatı qəbul edərkən söhbətindən - 27 oktyabr 1998-ci il


Con Leqat: Cənab Prezident, biz Sizin yeni prezidentlik müddətinizdə ölkənizdə sabitliyin davam edəcəyinə tam arxayınıq.

...Bizim indiki neft hasilatımız gündə 70 min barrel (10 min ton) təşkil edir. Eyni zamanda biz yeni quyular qazırıq. "Çıraq-1" platformasında səkkizinci quyuda tamamlama işləri gedir. Burada heç bir təhlükəli hallar baş verməyib, Qərb marşrutu üzrə proqram müvəffəqiyyətlə yerinə yetirilib. 1999-cu ilin yazında Qərb marşrutu üzrə boru kəmərinin tikintisi tamamlanacaq və bundan sonra birinci tanker Supsa limanından hərəkətə başlayacaqdır. Əsas boru kəməri məsələsində də irəliləyişlər vardır. Biz Türkiyə və Gürcüstanla bu barədə müvəffəqiyyətli danışıqlar aparırıq. Rusiya tərəfdən alınmış bir təklifi də nəzərdən keçiririk.

Azərbaycan Dövlət Neft Şirkətinin və ABƏŞ-in birgə işçi qrupu çox müsbət nəticələr əldə ediblər. Biz əsas boru kəməri layihəsinin bütün dünya üçün əhəmiyyətini dərk edərək, bu marşrutun çəkilişi ilə əlaqədar kommersiya və coğrafi-siyasi cəhətləri nəzərə almalıyıq.

Heydər Əliyev: ...Ötən ilin noyabr ayında "Çıraq" neft yatağından ilkin neftin alınması münasibətilə sizin konsorsium, Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən mənə hədiyyə olaraq Böyük Britaniyada bir qızıl gül növünün yetişdirilməsi çox əlamətdar hadisə olmuşdur. Bu gün siz bunu davam etdirərək mənə yeni hədiyyə bəxş etdiniz.

Мən ABƏŞ-in gördüyü işlər barədə daim məlumat alıram va “Çıraq-1” platformasında səkkizinci quyunun qazılması xəbərini çox məmnuniyyətlə qarşıladım. Xatirimdədir, layihəyə görə orada 24 quyu qazılmalıdır. Demək, onun artıq üçdə biri qazılıb. Ümid edirik ki, o birisi quyular da qazılacaqdır. Məni məmnun edən odur ki, qazılan quyulardan çıxarılan neft gözlənildiyindən çoxdur. Bir il müddətində sizin orada işlədiyiniz zaman heç bir texniki xətaya yol verilməməsi, heç bir mənfi hadisənin baş verməməsi də sizin öz işinizə nə qədər diqqətli yanaşmağınızı göstərir. Dənizin ortasında texnikanın və insanların təhlükəsizliyini təmin etmək əsas şərtlərdən biridir.

İlkin neftin ixracı üçün Bakı-Supsa neft kəmərinin tikilməsi barədə verilən məlumatları məmnuniyyətlə qəbul edirəm. Əminəm ki, müəyyən olunan vaxtda o tam tikilib qurtaracaq, həmçinin Azərbaycan, Xəzər dənizindəm çıxarılan ilk neftlə dolu tanker Supsadan vaxtında yola düşəcək.

...Biz əvvəldən belə danışmışdıq ki, oktyabr ayının sonunda əsas neft kəməri haqqında qərar qəbul etməliyik. Bu gün isə artıq oktyabrın 27-dir. Bu ayın sonuna bir neçə gün qalıbdır. Ona görə də biz verdiyimiz bu öhdəliyə də riayət etməliyik. Məlumdur ki, əsas neft kəmərinin tikilməsi, onun marşrutu çox ciddi bir məsələdir. Burada bütün şərtlər - həm kommersiya, həm təhlükəsizlik şərtləri, həm də siz dediyiniz kimi, coğrafi-siyasi prinsiplər, - bunlar hamısı nəzərə alınmalıdır. Ancaq bununla bərabər gərək biz qərar qəbul edək.

Bilirsiniz ki, 1994-cü ildə biz ilk müqaviləni, yəni indi sizin həyata keçirdiyiniz müqaviləni imzalayarkən əsas neft boru kəmərinin 54-56 aya tikilib qurtarmasını nəzərə almışdıq. Bu, müqavilədə də göstərilibdir. İndi o müqavilənin ratifikasiya olunmasından təxminən 43 aya qədər vaxt keçibdir. Amma hələ əsas neft kəmərinin tikilməsinə başlanmamış, müqavilənin müvafiq maddəsi yerinə yetirilməmişdir.

Bakı-Supsa neft kəmərinin tikilməsi barədə qərar sonra qəbul edilib, əvvəlcədən bu neft kəmərinin Bakı-Ceyhan marşrutu ilə getməsi nəzərdə tutulurdu. Konsorsiumda bu barədə müxtəlif fikirlər mövcud idi və müəyyən təhlillər, axtarışlar aparılırdı. Bakı-Ceyhan marşrutu ilə kəmərin tikilməsinə etiraz edənlər də var idi. Azərbaycanın bu barədə fikri dəyişməzdir.

Biz əsas neft boru xəttinin, Bakı-Ceyhan marşrutunun əvvəllər də tərəfdarı olmuşuq və indi də tərəfdarıyıq. Ancaq bu işlər, maliyyələşdirmə məsələləri sizin tərəfinizdən aparılır və ona görə də burada sizin fikirləriniz kənara qoyula bilməz.

Oktyabrın 28-də mən Türkiyəyə gedəcəyəm və orada bu məsələ dövlət başçıları tərəfindən müzakirə olunacaq. Türkiyə və Gürcüstan Bakı-Ceyhan boru xəttinin çəkilməsinə çox böyük maraq göstərirlər, o cümlədən Mərkəzi Asiya ölkələri Qazaxıstan, Türkmənistan, hətta Özbəkistan bu işlərdə çox maraqlıdırlar.

Con Leqat: Qarşıdakı işləri yerinə yetirilməsinə var qüvvə ilə çalışacağıq. Planlarımıza görə 2003-cü ilin yanvar ayına qədər əsas boru kəmərinin tikintisinin tamamlanması mümkündür. Biz bu müddət ərzində işlərimizi görmək üçün hər cür səy göstəririk.

"Heydər Əliyevin Neft strategiyasi" kitabından, Bakı 2001, II hissə, səh 222.