Azərbaycan Prezidenti Heydər Əliyevin "Gülüstan" sarayında Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə dövlət başçıları və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafətdə nitqi - 18 sentyabr 2002-ci il


Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezər!

Gürcüstan prezidenti Eduard Şevardnadze!

Hörmətli qonaqlar, dostlar!

Bu gün biz tarixi bir gün yaşayırıq. Bu gün bir neçə il üzərində işlədiyimiz və çox həyata keçirmək istədiyimiz Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlanılmasının təməlini qoyduq. Mən çox məmnunam ki, bunu biz Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və Amerika Birləşmiş Ştatları ilə bir yerdə edirik. ABŞ-ın energetika naziri bu mərasimdə iştirak etdi, ancaq onun Tokioda təcili işi olduğuna görə ziyafətə qala bilmədi.

Biz bu gün Səngəçalda, Bakı küləyinin əsməsinə baxmayaraq, çox böyük mərasim keçirdik. Yəni kəmərin təməl daşını atdıq, Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəmərinə yol açdıq. Bununla əlaqədar biz - Prezident Əhməd Necdət Sezər, Prezident Eduard Şevardnadze, Amerika Birəşmiş Ştatlarının energetika naziri və mən orada nitqlər söyləmişik və Bakı-Tibilisi-Ceyhan haqqında öz fikirlərimizi, sözlərimizi, arzularımızı demişik. Ona görə də mən indi yemək vaxtı bu barədə danışmaq istəmirəm. İstəyirəm deyəm ki, Bakı-Tibilisi-Ceyhan boru xəttinin hazırlanmasında və indi ona həyat verilməsində iştirak edənlərin hamısına ürəkdən təşəkkür edirəm.

Türkiyə Cümhuriyyətinin prezidenti hörmətli Əhməd Necdət Sezərə, Gürcüstan prezidenti hörmətli Eduard Şevardnadzeyə, Amerika Birləşmiş Ştatlarının energetika naziri cənab Spenser Abrahama xüsusi təşəkkür edirəm. Ancaq bu böyük layihənin hazırlanmasında bizimlə bərabər, bizdən də çox zəhmət çəkənlər var. Birincisi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və onun tərkibində olan şirkətlər, Azərbaycan Dövlət Neft Şirkəti... Mən bu gün onların indiyə qədər gördükləri işi yüksək qiymətləndirərək bəyan edirəm ki, bu işlərin hamısı beynəlxalq standartlara uyğundur və bizim Xəzər dənizində neft hasilatı ilə əlaqədar bütün istək və arzularımızı yerinə yetirə biləcəkdir. Ona görə də bu şirkətlərə təşəkkür edir, onların çox yüksək peşəkarlığını qeyd edirəm. Mən eyni zamanda, bütün neftçilərə, inşaatçılara, bütün fəhlələrə, Azərbaycan övladlarına, müxtəlif ölkələrdən Azərbaycana gəlmiş və bu layihələr üzərində çalışan dostlarımızın hamısına təşəkkür edirəm.

Bu təşəkkürləri edərkən mən yalnız bir adamın, cənab Vudvordun xüsusi səylərini və çox yüksək səviyyəli rəhbərliyini xüsusi qeyd etmək istəyirəm.

Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri tikilməyə başlandı. Mən sizi təbrik edirəm və Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft kəmərinə uğurlu yol arzulayıram.

Bunun üçün qədəhlərinizi qaldırmağı xahiş edirəm.

* * *

Hörmətli prezident Əhməd Necdət Sezər!

Hörmətli prezident Eduard Şevardnadze!

Hörmətli qonaqlar, dostlar!

Bakı-Tibilisi-Ceyhan neft kəməri üç dövlətin ərazisindən keçir. Neft Azərbaycanda hasil edilir və bundan sonra da hasil olunacaqdır. Amma neftin dünya bazarlarına çıxarılması üçün, təbiidir ki, bizim üçün çox əlverişli marşrut lazımdır. Burada da çox fikirləşmək lazım deyildi. Çünki biz Bakı-Tibilisi-Ceyhan layihəsinə 1994-cü ildə Türkiyə Cümhuriyyəti və Gürcüstan ilə bir yerdə başlamışdıq.

Biz əvvəldən Türkiyə Cümhuriyyəti, onun höküməti ilə, Türkiyənin keçmiş prezidenti, mərhum Turqut Özalla, 9-cu prezidenti Süleyman Dəmirəllə bu işləri bir yerdə başlamışdıq, bir yerdə çalışırdıq. Bu boru xətti Türkiyəsiz ola bilməzdi. Biz Türkiyədən savayı başqa ölkədən, regiondan boru xəttini keçirmək istəməmişik. Ona görə də bizim əməkdaşlığımız çox səmərəli olubdur. Türkiyənin şirkətləri burada çox işlər görüblər. Biz daim məsləhətləşdik və təsadüfi deyil ki, Bakı-Tibilisi-Ceyhan əsas ixrac kəmərinin inşa olunması haqqında 1998-ci ildə ilk dəfə Ankara bəyannaməsini qəbul etdik. Daha sonra, 1999-cu ildə İstanbulda, ATƏT-in zirvə görüşündə bu barədə saziş imzalandı. Bu sazişi Azərbaycan prezidenti, Türkiyə prezidenti və Gürcüstan prezidenti imzaladı. Qazaxıstan prezidenti də buna qoşuldu. Ən əhəmiyyətlisi də odur ki, Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Bill Klinton da həmin bəyanata öz imzasını atdı.

1999-cu ildən sonra əsas işlər başlandı. Bu işlərdə yenə də Türkiyə ilə Azərbaycan sıx əməkdaşlıq edirdi və Türkiyənin prezidenti hörmətli Əhməd Necdət Sezər də bizimlə bərabər bu layihənin həyata keçirilməsi üçün çox səylər qoymuşdur, çox zəhmət çəkmişdir.

Türkiyə bizim üçün dost, qardaş ölkədir. Türkiyə xalqı və Azərbaycan xalqı arasında qədim dostluq, qardaşlıq əlaqələri var. Türkiyə bu gün də bizim üçün güvənc yeridir. Türkiyə bizim dostumuzdur. Biz Türkiyə ilə olan bu dostluğumuzu daim, əbədi olaraq davam etdirəcəyik.

Rica edirəm, qədəhlərinizi Türkiyə Cümhuriyyətinin və Türkiyə xalqının şərəfinə, Türkiyənin prezidenti hörmətli Əhməd Necdət Sezərin şərəfinə qaldırasınız.

"Azərbaycan" qəzeti, 19 sentyabr 2002-ci il.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft və qaz kəmərləri