Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şəmkir Su Elektrik Stansiyasının fəaliyyət ilə tanışılıqda söhbəti - 23 may 2000-ci il


Heydər Əliyev: (Azərenerjitikintiquraşdırma Səhmdar Cəmiyyətinin prezidenti Rəsul Həmidova müraciətlə): 1975-ci ildə biz bunun təməlini qoyanda sən burada var idin?

Rəsul Həmidov: Bəli.

Heydər Əliyev: Biz harada durmuşduq?

Rəsul Həmidov: Cənab Prezident, o qüllə görünən yerdə.

Heydər Əliyev: Əlbəttə, onda bura belə geniş deyildi.

Rəsul Həmidov: Düz deyirsiniz, bura boşluq idi. 1979-cu ildə beton qoymağa gəlməyinizi qeyd etmişik. Ora buradan təxminən 30 metr aşağıdadır. O şəkildə tam görünür.

Heydər Əliyev: Yox, şəklin biri sizdə yoxdur. Məndə evdə haradasa var. İlk dəfə ki, Kürün qırağına gəldik - onda hələ stansiyanın təməlini qoymamışdıq, sadəcə gəldik - Basovski mənə layihəni göstərirdi ki, haradadır, nə cürdür. İzahat verirdi. Mən burada həmin layihələrə baxmışam. Məndə o şəkillərin hamısı var.

Rəsul Həmidov: Həmin layihələrə baxandan sonra bir neçə məsələni həll etdiniz.

Heydər Əliyev: Bəli, bəli.

Rəsul Həmidov: 1979-cu ildə isə stansiyanın tikintisinə başlandı.

Heydər Əliyev: Nə gözəl mənzərədir! O vaxt mənim planım var idi: necə ki, Mingəçevir Su Elektrik Stansiyasının yanında şəhər yaratdıq, burada da bir şəhər yaradaq. İndi Kür qəsəbəsi deyirsiniz.

Rəsul Həmidov: Bəli.

Heydər Əliyev: Mənim planım var idi ki, Kür qəsəbəsində sənaye obyektləri tikək, yəni orada Mingəçevir kimi bir şəhər yaradaq. Yadınızdadır, evlər də tikdik. Bəli, doqquzmərtəbəli evlər var.

Aslan Aslanov: Cənab Prezident, Şəmkirin özündə yoxdur, amma burada doqquzmərtəbəli bina var.

Heydər Əliyev: Mən orada xüsusi bir şəhər yaratmaq istəyirdim.

Rəsul Həmidov: Bəli, o, Yenikəndə kimi gəlməli idi.

Heydər Əliyev: Bəli, mən orada şəhər yaratmaq istəyirdim.

Rəsul Həmidov: Orada zavod da tikilməyə başlandı.

Heydər Əliyev: Bəli, yaxşı yadıma saldın, bir zavod tikməyə başladıq. Yəni bura elə gözəl yerdir ki, Mingəçevirdə olduğu kimi, istədim burada, gölün kənarənda şəhər yaradaq. Sonra mən getdim və məndə olan entuziazm da onunla söndü. Ona görə də belə oldu. Amma indi çox sevinirəm.

Rəsul Həmidov: Möhtərəm Prezident, bu göl Tovuz Su Elektrik Stansiyasına qədər uzanır.
Heydər Əliyev: Əgər onu başlasaq, demək...

Rəsul Həmidov: Necə ki, Yenikənd SES bura birləşir.

Heydər Əliyev: Yenikənd aşağı hissədən Mingəçevirə birləşir.

Rəsul Həmidov: Bəliş yoldaş İmanov daha buradan sanitar suları buraxmır.

Heydər Əliyev: Görürsünüz, “cənablar” deməyə qorxur.

Rəsul Həmidov: Mən bunlara “cənablar” demirəm.

Heydər Əliyev: “Yoldaş İmanov” deyirsən?

Rəsul Həmidov: Bəli.

Müslüm İmanov: Cənab Prezident, hərdənbir “müəllim” də deyir.

Heydər Əliyev: “İmanov müəllim”...

Rəsul Həmidov: Möhtərəm Prezident, indi buradan sanitar sular buraxılmır. Onun hesabına da enerji istehsalı 20 meqavat artır.

Heydər Əliyev: Burada üzən var, ya yox? Yoxsa bunun üçün istifadə olunmur?

Rəsul Həmidov: Bu bölgədə istifadə olunmur.

Heydər Əliyev: Burada yox, qəsəbədə?

Aslan Aslanov: İcazə verilmir.

Heydər Əliyev: Niyə?

Aslan Aslanov: Həm şərait yoxdur, həm də Müslüm müəllim qəti qadağan edibdir.

Heydər Əliyev: Mingəçevirdə dəryaça dairəsində üzürlər.

Aslan Aslanov: Ona görə gərək mən rəsmi müraciət edəm.

Heydər Əliyev: Balıq tutursunuz, yoxsa yox?

Aslan Aslanov: Tutanlar olur.

Rəsul Həmidov: 40 kiloqramlıq balıq tuturlar.

Heydər Əliyev: Yaxşı balıq var?

Rəsul Həmidov: 40, 60 kiloqramlıq balıqlar olur.

Heydər Əliyev: Hansı növ balıqlardır?

Rəsul Həmidov: Çapaq, səf.

Heydər Əliyev: Nərə, uzunburun balıqlar yoxdur?

Rəsul Həmidov: Xeyr, yoxdur. Çoxlu çəki, şahmayə balıqları olur.

Heydər Əliyev: Şahmayə yaxşı balıqdır.

Rəsul Həmidov: Şahmayə Mingəçevirdə də çoxdur. Hazırda Yenikəndin gölündə olan balıq heç yerdə yoxdur. Gölun ağzı bağlı olduğundan gedə bilmirlər. Adamlar tilov ilə nə qədər istəyirlər tuturlar.

Möhtərəm Prezident, o vaxt Sizin fikrinizcə göl qırağında sanatoriya salınmalı idi. Onun hamısını planda nəzərdə tutmuşdunuz.

Heydər Əliyev: Bəli, bəli. Burada sanatoriya, istirahət yerləri yaratmaq... Mənim böyük planlarım var idi.

Aslan Aslanov: Möhtərəm Prezident, Siz prezident seçildikdən sonra avqüstün 11-də məni buraya təyin etdiniz. İndi baxdığınız Şəmkirdəki bu böyük energetika obyektləri cəbhəçilərin vaxtında bərbad hala salınmışdı. Bura pis gündə idi, tamam daşıtmışdılar.

Rəsul Həmidov: O vaxt biz camaatı saxlaya bilmirdik. Hamısı tüfənglə, avtomatla üstümüzə gəlirdi. Yenikənd SES-in açılışında çıxış edən Xəlil Məhərrəmovun üstünə o vaxt silah çəkmişdilər. Demək istəyirəm ki, o vaxt çox ağır vəziyyət idi.

Müslüm İmanov: Gəlib direktora deyirdilər ki, siz çıxın, burada biz oturacağıq.

Heydər Əliyev: Bunu nə cür idarə etmək olardı?

Rəsul Həmidov: Məsələn, burada, Şəmkir SES-də olanların birinin heç savadı yox idi, dördüncü sinfi qurtarmışdı. Deyirdi ki, biz edə bilərik. Keçmiş icra başçısı Tofiq var idi, mən ona dedim ki, bu hidrotexnikadır, buna dəymək olmaz.

Heydər Əliyev: Tofiq kimdir?

Aslan Aslanov: Məndən əvvəlki icra başçısı.

Rəsul Həmidov: Ona dəfələrlə dedim ki, bu avadanlığa toxunmaq olmaz - uça bilər, xalqa ziyan dəyər. Cavab verdi ki, nə olsun, bizim Daxili İşlər Nazirinin birinci müavininin dördüncü sinif savadı var. Dedim ki, onun savadı o qədər ola bilər, amma bu hidrotexnikadır. Sonra fəlakət olar, respublikamız üçün çətin olar. Dedi bilmirəm, nə deyirəm odur.

Heydər Əliyev: Bəs İmanov müəllim onda nə dedi?

Rəsul Həmidov: İmanovu işdən çıxartmamışdılar, sonradan çıxartdılar.

Müslüm İmanov: Bir gün Pənah bəy məni yanına çağırdı. İçəri daxil olanda gördüm ki, mənim iki nəfər işçim - biri torpaqölçən idi, biri də layiq olmayan adam idi - oradadır. Mənə dedi ki, bunları özünə müavin qoyursan.

Dedim, Pənah bəy, mən bunları necə müavin qoya bilərəm, 22 min energetik mənə nə deyər?

Tez əlini telefona atdı ki, “Prokuroru çağırın. Mən sizi tutduracağam, siz daşıtmısınız”. Dedim, tutdurursan tutdur, ancaq bunlardan mənə müavin olmayacaqdır. Elə də möhkəm dayandım, onların heç birini qoymadım.

Sonra gördülər ki, bir şey alınmır, özümu işdən azad etdilər.

Aslan Aslanov: Cənab Prezident, arxanızda dayanan şəmkir SES-in rəisidir. Bu o vaxt da Şəmkir SES-in rəisi idi. Onu tutmuşdular ki, pul ver, pul verməsən səni buraxmırıq. O vaxt burada bir batalyon var idi.

Heydər Əliyev: Mən indi burada görülən işləri görüb çox sevinirəm.

Rəsul Həmidov: Möhtərəm Prezident, buradan yol saldıq. Aşağı hissədəki körpünü saxladıq. Həmin körpüdən siz o vaxt keçmisiniz. Ona görə saxladıq ki, mal-qara Ceyrançölə bu bəndin üstündən getməsin. Yoxsa bura pis vəziyyətə düşərdi.

Müslüm İmanov: Biz Ceyrançölə nə qədər elektrik xətləri çəkdik, bir ilin içərisində hamısını qırdılar.

Heydər Əliyev: Bəli, hamısını qırdılar, satdılar. Onu mən o vaxt Naxçıvanda da gördüm. Axşam yatırdın - səhər durub görürdün ki, elektrik xətlərini kəsiblər. Aparıb İrana satırdılar. Onları mən görmüşəm.

Burada jurnalistlərin suallarına cavab

 Sual: Cənab Prezident, dediniz ki, başladığınız işlər Siz Bakıdan gedəndən sonra yarımçıq qaldı. Bu işləri yaxın vaxtlarda davam etdirmək fikriniz varmı?

Cavab: Birincisi, sən artıq gördün ki, mən bu işləri davam etdirmişəm. 1994-cü ildə böyük çətinlik var idi, amma biz 53 milyon dollar kredit aldıq və bu Yenikənd Su Elektrik Stansiyasını tikdik. Hazırda mənim üçün bu stansiyanın tikilib başa çatdırılmasından böyük hədiyyə yoxdur. Bu işi mən etmişəm.

Bu gün Tovuz Su Elektrik Stansiyasının tikintisi barədə məsələ qaldırdılar. Bu, bir qədər çətindir. Çünki onun tikintisini 200 milyon dollar vəsait lazımdır. Amma həmin stansiyanın da gücu bu qədər olacaqdır.

Bilirsiniz, su elektrik stansiyası çox əlverişlidir, Çünki ucuzdur, orada yanacaqdan istifadə olunmur. Mən Yenikənd Su Elektrik Stansiyasının açılış mərasimindəki nitqimdə də dedim ki, biz nə qədər yanacağa qənaət edirik. Əgər istilik elektrik enerjisinin alınmasında qazdan istifadə  edilsə, bu nisbətən ucuz olar. Amma mazut bundan çox bahadır. Bayaq da dedilər, biz ildə mazuta 400 milyon dollar pul veririk. Bu bizim büdcənin yarısını təşkil edir. Gərək biz bu işlərdən xilas olaq.

Təbiidir ki, Tovuz Su Elektrik Stansiyasını da tikəcəyik. Hazırda Mingəçevir Su Elektrik Stansiyasında da yenıdınqurma işləri aparırıq ki, onun gücünü artıraq. Ancaq gərək indi 200 milyon dollar vəsait tapaq. Əgər indi kredit tapmasaq, bir neçə ildən sonra bizim özümüzdə bu pullar olacaqdır və biz bu işləri mütləq görəcəyik.

Mən bu işlərə o illərdən başlamışam. Yəni bu mənim üçün xırda bir şeydir. O mənada xırda yox ki, bu mənim üçün idmandır, yaxud əyləncədir. Bu mənim həyatımın mənasıdır. Mən bunlarla yaşamışam, bunlarla da yaşayacağam. Məsələn, mən vaxtilə Şəmkir Su Elektrik Stansiyasını yaratdım, yaxud Yenikənd Su Elektrik Stansiyasının əsasını qoydum.

Başqa tikintilər də var. Mən bayaq dedim, biz Mingəçevir Su Elektrik Stansiyasında 8 blok qurmuşuq. Həmin blokların hər biri 300 meqavat enerji verir. Biz o vaxt birinci bloku quranda mən oraya getdim. Bu, böyük bir hadisə idi. O dövrdə bizimlə nə qədər mübarizə aparırdılar ki, burada su elektrik stansiyaları yaratmaq olmaz. Tarixdir, fürsət düşüb, bir məsələni də bildirmək istəyirəm. Özü də bura gözəl yerdir, mənim də kefim bir az açılıb. Hətta mənim doğma böyük qardaşım Həsən Əliyev akademik idi.

Yerdən səslər: Allah rəhmət eləsin.

Heydər Əliyev: O, Azərbaycan ekologiyasının birinci müdafiəçisi, Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin başçısı idi. Həqiqətən də respublikamızın təbiətini çox gözəl bilirdi. Necə deyərlər, canını buna - həm meşələrə, həm sulara, həm torpağa - hamısına sərf etmişdi.

Həsən Əliyev bunları eşidib mənim yanıma gəldi ki, sən nə edirsən, bunu belə etmək olmaz, bu stansiyalar havanı çirkləndirəcək, filan edəcək. Dedim ki, a kişi, bəs bizə elektrik enerjisi lazımdır. Dedi ki, qoy elektrik enerjisini ruslar versinlər. Bildirdim ki, ruslar elektrik enerjisi verirlər, amma mən istəyirəm bizim özümüzünkü olsun. Mən istəmirəm ki, həmişə onlara ümidli olaq. Bizim bir necə dəfə belə söhbətimiz oldu.

Hətta bir dəfə böyük bir iclasda mənim əleyhimə çıxış etdi. Hamı məəttəl qaldı ki, Azərbaycanın rəhbəri, Mərkəzi Komitənin birinci katibi iclas aparır, böyük qardaşı da durub onu tənqid edir.

Yəqin Müslüm İmanovun xatirində olar. Hava məsələsindən sonra dedilər ki, Mingəçevir gölundən götürülən su elektrik stansiyasında dövr edib su kanalına veriləndə həmin suyun temperaturu iki dərəcə artacaq. Temperaturu iki dərəcə artan həmin su kanal vasitəslə tarlalara gedəcək və pambığa zərər verəcəkdir. Bu yadınızdadır?

Müslüm İmanov: Bəli. O vaxt bizi Özbəkistana göndərdiniz. Gedib gördük ki, orada da belə bir stansiya var, oradan çıxan suyu tarlalara verirlər.

Heydər Əliyev: Bəli, gəlib bunu mənə dedilər. Mənim boğazəmdan tutmuşdular ki, bunu etmə. Amma mən heç bir şeyə baxmadım. Yenə də deyirəm, hətta böyük qardaşımın da - mən ona çox böyük hörmət edirdəm. O çox böyük alim idi - sözünə baxmadım. Biz həmin stansiyaları tikməyə başladıq. İndi təsəvvür edin, orada 8 blok var, onlar 2400 meqavat enerji verir. Yəni bütövlükdə Azərbaycanda istehsal edilən 5000 meqavat elektrik enerjisinin yarısını onlar verir. Başa düşürsünüz, əgər bu olmasaydı, indi Azərbaycan nə gündə idi?

Əgər Şəmkir Su Elektrik Stansiyası - bu, 380 meqavat enerji verir - olmasaydı, indi Azərbaycan nə gündə idi? Bütün bu imkanlarla hazırda Azərbaycanda qışda müəyyən çətinliklər yaranır. Doğrudur, insanlar bu çətinliyi başa düşür. Amma fürsətdən istifadə etmək istəyən bir qrup adam bunu başa düşmək istəmirlər. Hətta prezident seçkiləri zamanı namizədlərdən biri deyirdi ki, siz mənə səs verin, mən bir ildə hamınızı elektrik enerjisi və qazla təmin edəcəyəm. Mən fikirləşdim ki, görəsən bu adam bir dəfə elektrik stansiyasını, harada qaz hasil edildiyini görübdürmu? O heç birisini görməyibdir. Bütün bunları görməyən adam havadan danışır. İnsanlar belələrini inanmaz. Ola bilər ki, bir-iki ağılsız adam inansın, amma qalanları inanmaz.

Mən isə bütün bu yerlərin hamısını qarşı-qarşı gəzmoşəm. Mən 1982-ci ildə Azərbaycandan gedəndə biz 15 milyard kubmetr qaz hasil edirdik. Amma indi respublikamızda 6 milyard kubmetr qaz hasil olunur. Təsəvvür edin ki, 15 milyard kubmetr qaz nə deməkdir. O vaxt biz Rusiyadan iki milyard kubmetr qaz alırdıq. Bununla da biz Azərbaycanın bütün kəndlərini, hətta ən ucqar dağ kəndlərini qazlaşdırdıq. Məsələn, Lerikin daş kəndlərini qədər hər yeri qazlaşdırdıq, hamı qaz alırdı. İndi isə qaz yoxdur, lakin həmin şəbəkələr qalıbdır. Nə edək, hazırda 6 milyard kubmetrdən artıq qaz çıxara bilmirik.

Allah üzümuzə baxdı, “Şahdəniz” yatağında böyük miqdarda qaz ehtiyatı tapıldı. Gələcəkdə oradan qaz hasil edəcəyik, onu həm xaricə satacağıq, həm də əhalinin tələbatını ödəyəcəyik.

Bəli, biz bunları edirik və gördüyümüz işlərin də nəticəsi vardır. Amma bütün bunların heç birini bilməyən adam gəlib deyir ki, “siz mənə səs verin, mən prezident olum, bir ildən sonra sizə qaz da, elektrik enerjisi də verəcəyəm”. Bunlar cəfəngiyatdır.

Bilirsiniz, mən bu gün həddindən artıq sevinirəm. Çünki gördüyümüz işlərin bəhrəsi vardır. Yəni mən bunları əzbər bilərəm, amma bir də var ki, gəlib özün görəsən. Məsələn, baxıram, görürəm ki, Yenikənd Su Elektrik Stansiyası nə qədər gözəldir, böyük bir abidədir. Mən oradakı nitqimdə vaxt sərf etmək istəmədim - onu da deyim ki, axı həm də bunlar bizim torpaqların böyük bir hissəsinin suvarılmasını təmin edəcəkdir. Gərək ki, Yenikənd SES-dən altı min hektar sahənin suvarılması üçün su götürüləcəkdir. Aslanov, buradan nə qədər sahə suvarılır?

Aslan Aslanov (Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı): 46 min hektar sahə suvarılır.

Heydər Əliyev: Demək, 46 min hektar sahə buradan suvarılır. İndi Azərbaycanda problemlərdən biri də odur ki, kənd təsərrufatı bitkiləri əkilən torpaqların çoxu susuzdur. Yenə də deyirəm, vaxtilə su çatmayan min hektar sahə indi buradan su götürür.

Baxın, stansiyanın verdiyi enerji ucuzdur. Yəni bunun təkcə istismarına xərc qoyulur, başqa bir xərc yoxdur, yanacaq, yaxud başqa bir şey verilmir. Ona görə də mən fəxr edirəm ki, bunları yaratmışıq. Bunlar hamısı Azərbaycanın müstəqilliyi üçün yaradılıbdır. Əgər bunlar olmasaydı, biz yaşaya bilməzdik. Bəli, elektrik enerjisiz müstəqil yaşamaq mümkün deyildir. Bu elektrik enerjisini bizə kim verəcəkdi? Rusiya versəydi, pul istəyəcəkdi. Pulumuz isə yoxdur. Qonşu ölkələrdə vəziyyətin necə olduğunu bilirsiniz.

Müslüm İmanov: Cənab Prezident, Gürcüstanda da, Ermənistanda da vəziyyət çox ağırdır.

Heydər Əliyev: Bəli, indi onları atom elektrik stansiyası xilas etdi. Əvvəl Ermənistanda bütün ağaclar kəsilmişdi, atom elektrik stansiyası işə düşəndən sonra onların vəziyyəti düzəldi. Amma bundan qabaq onların vəziyyəti çox ağır idi. O vaxt həmin atom elektrik stansiyasını tikməkdə uzaqgörənlik etdilər. Ancaq onun xatası - o tərəfi də, bu tərəfi də var.

Sual: Cənab Prezident, gələcəkdə Azərbaycanda atom elektrik stansiyasının olması barədə düşünürsünüzmü?

Heydər Əliyev: Yox, mən istəmirəm. Biz burada belə stansiya tikməyi planlaşdırırdıq, hətta yerini də müəyyən etmişdik - Duvannının yanında. Orada bir az işlər də apardıq. Hətta o vaxt bunu bizə vermirdilər.

Xatirinizdədir ki, Gürcüstan hətta gətirib Mingəçevirin yaxınlığında, yuxarıda, sərhəddə bir atom elektrik stansiyası tikmək istəyirdi. Biz buna etiraz etdik. Çünki belə çıxırdə ki, onlar bunu gətirib respublikamızın sərhədində tikmək istəyirdilər ki, tullantılar gəlib bizim əraziyə keçsin. Bizim Mingəçevir Su Anbarının zəhərlənməsi çox böyük təhlükə qarşısında idi. Yenə də deyirəm, biz buna etiraz etdik, çoxlu çətinliklər cəkdik. Amma fikirləşdik ki, gərək biz də bir atom elektrik stansiyası tikək. Ona görə də bu barədə məsələ qaldırdıq.

Bizə icazə vermirdilər. Mən sizə deyim ki, bu məsələdə bir az yarış oldu. Bir tərəfdən gürcülər, bir tərəfdən də biz məsələ qaldırdıq. Amma mən buna nail oldum ki, atom elektrik stansiyasının layihəsi hazırlandı. Duvannıdan aşağıda, Navahida onun üçün yer ayrıldı.

Mən Moskvada işləyəndə gürcülər gəlirdilər ki, kömək edin, bizim atom elektrik stansiyası tezliklə fəaliyyətə başlasın. Mən Energetika nazirini bir-iki dəfə göstəriş də vermişdim. Amma sonra Çernobıl hadisəsi oldu. Gürcüstanın o vaxtkı birinci katibi Patiaşvili - o, prezident seçkilərində Eduard Şevardnadzeyə alternativ idi, prezident olmaq istəyirdi - mənim yanıma gəldi. Dedim ki, göstəriş verim, Gürcüstanda atom elektrik stansiyasının tikintisini gücləndirsınlər? Cavab verdi ki, yox, yox, lazım deyil.

Həmin Cernobəl hadisəsindən sonra hamı atom elektrik stansiyası tikməkdən çəkindi. Bəlkə də Allahın işiydi, gərək belə olaydı ki, biz bu işə qarşımayaydıq. Çünki o vaxt hamını inandırırdılar ki, bu çox təhlükəsizdir. Amma necə təhlükəli olduğunu, həm Ukraynanın, həm də Belarusun indiyədək bundan nə qədər əziyyət cəkdiyini, nə qədər insanın şikəst olduğunu görürsünüz.

Sual: Cənab Prezident, Azərbaycanda fəaliyyət göstərən özəl türk liseylərinin məzunları Respublika sarayında görüş keçirirlər. Zati-aliləri, fəxri müəllimi olduğunuz həmin liseylərin şagirdlərini və onların valideynlərini nə arzulayardınız?

Heydər Əliyev: Bilərsiniz, həmin lisey çox yaxşı məzunlar hazırlayır. Mən bu yaxınlarda təsadüfən televiziyada gördüm ki, onlar yenə də dünya olimpiadasında qızıl medallar qazanıblar. Həmin liseylə sənin əlaqən var?

Jurnalist: Bizim televiziya şirkətinin həmin liseylə əlaqəsi vardır.

Heydər Əliyev: Sən hansı televiziya şirkətində işləyirsən?

Jurnalist: Mən Samanyolu televiziya şirkətində çalışıram.

Heydər Əliyev: Doğrudan da həmin liseydə çox yaxşı işlər görürlər. Mən onların işindən razıyam. Mən bilmirim ki, onlar Respublika sarayında hansı tədbir keçirirlər. Ancaq mən həmin liseyə həmişə yaxşı münasibət bəsləmişəm, onlara qayğı göstərmişəm. Doğrudur, onların qaldırdığı məsələni həll edəndən sonra yenisini tələb edirlər. Bir az da genişləndirsən, yenə də tələb edəcəklər. Amma görürəm ki, yaxşı işləyirlər, ona görə də onlara həmişə kömək edirəm.

Arzu edirəm ki, onlar həmişə belə, əgər mümkün olsa, bundan da yaxşı işləsinlər və gənclərimizə daha da yaxşı bilik versinlər.

Yaxşı, bəlkə gedib burada çimək?

Sual: Cənab Prezident, Şəmkir və Yenikənd Su Elektrik Stansiyalarını Siz yaratmısınız. Amma bu silsiləyə Sizin adınızın verilməsinə nə üçün razı olmadınız?

Heydər Əliyev: Əzizim, bilərsən, bunu dəfələrlə demişəm - nə qədər ki, bu dünyada yaşayıram, mənim adəma heç nə vermək lazım deyil. Mən bunu istəmirəm.

Məsələn, Milli Məclisdə o qədər məktublar var ki, Heydər Əliyevə Milli Qəhrəman adı verilsin. Mən demişım ki, həmin məktubları arxivə qoyun. Birincisi, mən Azərbaycanın prezidentiyəm, özüm-özümə mukafat verə bilmərəm. Çünki Milli Qəhrəman adı üçün gərək mən fərman verəm. Mən bunu edə bilmərəm. Ad vermək üçün də gərək mənim fərmanım olsun. Şəxsən mən fərman verməsəm də mənim idarəmdə olan adamlardan kimsə bunu etməlidir. İkincisi, bu mənim təbiətimi uyğun deyil. Bu dünyada heç kəs daimi deyil. Vaxt gələcək, mən də bu dünyanı tərk edəcəyəmə əgər xeyirxah insanlar mən dünyadan gedəndən sonra da indiki kimi belə düşünsələr, onlar nə etsələr, mənim ondan xəbərim olmayacaq. Onlar bu barədə sərbəstdirlər.

Jurnalist: Amma xəbəriniz olsa yaxşıdır.

Heydər Əliyev: Bəlkə o dünyaya kimsə gəlib məlumat verdi.

Sual: Cənab Prezident, sizin təşəbbüsünüzlə Şəmkir-Tovuz bölgəsində üzümçülük böyük sürətlə inkişaf etmişdi. Lakin on il bundan əvvəl bir sıra problemlər uzundən - elektrik enerjisi, qaz olmadı - bütün bu sahələr məhv edildi. Bu sahəni dirçəltmək üçün yeni bir layihə olacaqdırmı?

Cavab: Bunlar elektrik enerjisi, qaz olmadığına görə məhv edilmədi. Bu, sadəcə, Qorbaçovun antialkoqol proqramına görə məhv edildi. Gəlib burada üzüm bağlarını kəsməyi məcbur edəndə elə bil ki, mənim ürəyimi xəncər sancırdılar. Çünki mən həmin üzüm bağlarının yaradılması üçün 1970-ci ildən nə qədər əziyyət çəkmişdim. Mən fəxr edirdim. Sən burada birinci katib idin?

Əhməd Əhmədzadə (Meliorasiya və Su Təsərrufatı Komitəsinin sədri): Bəli, əvvəlcə Füzulidə, sonra isə burada katib olmuşam.

Heydər Əliyev: Bilərəm, sonra bura gəlmisən. Elə bilərsən mənim yadımda deyil? Hamısı yadımdadır. Bayaq mən dedim, burada 120 min ton üzüm istehsal edilirdi.

Əhməd Əhmədzadə: Füzulidə 130 min ton üzüm istehsal olunurdu.

Heydər Əliyev: Bəli, Füzulidə 130 min ton üzüm istehsal edilirdi. Amma biz vaxtilə Füzulidə üzümçülüyu inkişaf etdirməyə başlayanda orada ildə heç 10 min ton da üzüm əldə olunmurdu.

Əhməd Əhmədzadə:  Bəli, əvvəllər orada ildə heç 10 min ton da üzüm istehsal olunmurdu.

Heydər Əliyev: Amma sonra ildə 130 min ton üzüm istehsal edilirdi. Şəmkirdə 120 min ton, Cəlilabadda 200 min ton üzüm əldə olunurduş.Azərbaycanda 2 milyon ton üzüm istehsal edilirdi.

Bu günlərdə Fransanın “Kastel” şirkətinin nümayəndələri gəlmişdi. Söhbət zamanı mən onlara dedim ki, vaxtilə Sovetlər İttifaqında ildə cəmi 6 milyon ton üzüm istehsal olunurdu. Amma o vaxt SSRİ-nin tələbatına görə, ildə 8-9 milyon ton üzüm lazım idi.

60 milyon əhalisi olan Fransa keçmiş SSRİ ilə müqayisədə kiçik bir ölkədir. Fransada da, İtaliyada da ildə 10 milyon ton üzüm istehsal edilir. Amma keçmiş SSRİ-də cəmi 6 milyon ton üzüm istehsal olunurdu. Vaxtilə mütəxəssislər müəyyənləşdirmişdilər ki, SSRİ-də üzüm istehsalı üzrə ən əlverişli yer - həm torpağına, həm də hava şəraitini görə - Azərbaycandır.

Yenə də deyirəm, o vaxt biz Azərbaycanda üzümçülüyun inkişaf etdirilməsi sahəsində böyük işlər gördük. Amma saldığımız üzüm bağlarını sonra qırdılar. İndi bunları bərpa etmək olar, ancaq bu baha başa gələr. Üzüm bağlarını yaratmaq üçün basdırılan çubuqlar beş ildən sonra məhsul verir. Hökumət beş il pul verirdi. Yəni həmin çubuqlar alınırdı, gətirəlirdi, kəndlilər onun yerinin hazırlanmasından, əkilməsindən, becərilməsindən pul qazanırdı, beş ildən də sonra məhsul götürürdü. Amma məhsul götürülənə qədər kəndlilər oradan o qədər pul qazanırdılar ki, ondan sonra heç çox pul qazanmağa ehtiyac olmurdu. Bunların hamısını dövlət edirdi.

İndi birincisi, dövlətin belə imkanları yoxdur. İkincisi, biz torpaqları kəndlilərə paylamışıq. Yenə də deyirəm, mən bu yaxınlarda Fransanın “Kastel” şirkətinin nümayəndələri ilə danışırdım. Prezident Jak Şirak vaxtilə bu şirkət barədə məndən xahiş etmişdi. “Kastel” şirkəti söz vermişdi ki, gəlib Azərbaycanda müəyyən sahədə yeni üzüm sortları əkəcəklər, şərab zavodu tikəcəklər. Amma hələ bunu etməyiblər. İndi onlar pivə zavodu qurmaqla məşğuldurlar.

Mən belə hesab edirəm ki, bizim iş adamları, torpaq sahibləri bir müddətdən sonra bu məsələni həll edəcəklər. Ancaq burada bir rəqabət var. Bizim əsas bazarımız Rusiyadır. İş burasındadır ki, indi Rusiyadan, digər xarici ölkələrdən respublikamıza yüksək keyfiyyətli o qədər şərab gətirirlər ki, gərək bizim istehsal etdiyimiz şərablar onunla rəqabət apara bilsin.

Keçmiş üzüm bağlarının yenidən bərpa olunması hələ də qüvvədədir. Ancaq indi nə sovxoz, nə də kolxoz yoxdur, dövlət isə bu işi edə bilməz. Amma mən ümidvaram ki, torpağın sahibləri bu işə edəcəklər. Çünki respublikamızda üzümçülüyu, şərabçılığı inkişaf etdirmək üçün çox yaxşı şərait vardır.

Sual: Cənab Prezident, biz bir gündür ki, Sizinlə bir yerdəyik. Sizin gördüyünüz işlər hamının gözü qarşısındadır. Bəzi müxalifət partiyalarının rəhbərləri hazırda Amerika Birləşmiş Ştatlarındadırlar. Siz onların addımlarını necə qiymətləndirirsiniz?

Cavab: Mən onların addımlarını heç qiymətləndirmək istəmirəm.

Jurnalist: Cənab Prezident, mənim Moskvada tanışlarım var, Bakıda istehsal olunan şərablar onların çox xoşuna gəlir.

İrşad Əliyev (Kənd Təsərrufatı naziri): Bəli, Azərbaycanda istehsal olunan bir çox şərabların – “Mədrəsəli”, “Qız qalası” və s. Rusiyada aləcıları çoxdur.

Cənab Prezident, Şəmkir bölgəsindəki süfrə üzümu bağlarının hamısı qalır.

Heydər Əliyev: Burada “Şampan” sortları da var idi.

İrşad Əliyev: Bəli, onların bir qismi saxlanılır. Digər hissəsi isə vaxtilə sıradan çıxıbdır.

Əhməd Əhmədzadə: Cənab Prezident, “Şampan” sortları vaxtilə Sizin rəhbərliyinizlə əkilmişdi.

Heydər Əliyev: Bəli, vaxtilə biz gözəl bir “Şampan” zavodu tikdirmişdik. İndi əsas məsələ bazardır. Bazarı ələ alsaq digər işlər yaxşı gedəcəkdir. Əsas məsələ bazarın tapılmasıdır.

Oçerklər

İQTİSADİYYAT

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf