Yenidən qurulmuş 92 nömrəli ATS-i və 97 nömrəli yeni ATS-i birləşdirən avtomat-telefon stansiyasının təntənəli açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 10 may 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Mən bu əlamətdar hadisə - Bakı şəhərində yeni telefon stansiyasının açılışı münasibətilə sizin hamınızı, buraya toplaşanları ürəkdən təbrik edirəm. Mən vaxtilə burada tikilmiş və indiyədək istifadə edilən 92 nömrəli ATS-in, yeni qurulmuş ATS-in də avadanlığı ilə tanış oldum. Vaxt, zaman ötmüş, keçmişdə xidmət göstərmiş stansiya indi günün tələblərinə cavab vermir. İndi isə günün tələblərinə uyğun olan yeni bir ATS yaradılıb və bu gün istismara verilir.

Mən bu hadisəni böyük məmnuniyyət hissi ilə qarşılayıram. Ona görə ki, 1994-cü il fevral ayında mənim Böyük Britaniyaya rəsmi səfərim zamanı biz orada baş nazir cənab Con Meycor, onun müavini cənab Hezltayn və ölkə hökumətinin digər rəhbərləri ilə bir neçə saziş, o cümlədən Azərbaycan ilə Böyük Britaniyanın "Ci-Pi-Ti" şirkəti arasında əməkdaşlıq haqqında saziş imzaladıq. Mən məmnunam ki, bu saziş artıq əməli surətdə həyata keçirilir və biz bu gün bunun əməli nəticəsini görürük, bununla əlaqədar mərasimdə iştirak edirik.

Bu stansiyanın yaradılmasında mən birinci növbədə "Ci-Pi-Ti" şirkətinin buraya gətirib quraşdırdığı müasir və günün tələblərinə cavab verən avadanlığı, gördüyü işləri yüksək qiymətləndirirəm. Bu stansiya "Ci-Pi-Ti" şirkəti ilə yanaşı, Rusiyanın "LUKoyl" şirkətinin həm Azərbaycanla, həm də Böyük Britaniya ilə əməkdaşlığının bəhrəsidir.

Beləliklə, biz bugünkü əlamətdar hadisədə üç ölkənin - Böyük Britaniyanın, Rusiyanın və Azərbaycanın əməkdaşlığının konkret nəticələrini görürük. Bu, çox gözəl hadisədir. Bu, həm də Azərbaycanın xarici sərmayə üçün açıq olduğunu, xarici şirkətlər ilə müştərək iş gördüyünü bir daha nümayiş etdirir, Azərbaycan Respublikasının bu gün və gələcəkdə telefon, rabitə, ümumiyyətlə kommunikasiya sahəsində çox uğurlu addımlar atdığını göstərir. Bu, çox mühüm sahədir, çünki müasir dünyada, xüsusən hər bir müstəqil dövlətin dünya şirkətlərini, firmalarını əməkdaşlığa cəlb etməsi və bu işlərin səmərəli aparılması üçün rabitə çox böyük rol oynayır. Rabitənin də müasir səviyyədə olması, günün tələblərinə cavab verməsi, bütün işlərin gedişində sürətləndirici rol oynaması indi artıq reallıqdır. Bakıda yeni, yüksək səviyyəli texnika və texnologiyanın quraşdırıldığı ATS-in istifadəyə verilməsi respublikamızın iqtisadiyyatında, onun ictimaiyyətinin həyatında böyük hadisədir.

Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm. Böyük Britaniyanın "Ci-Pi-Ti" şirkətinə, Rusiyanin "LUKoyl" şirkətinə təşəkkürümü bildirirəm və ümidvar olduğumu söyləmək istəyirəm ki, hər bir ölkənin şirkətləri ilə, o cümlədən Böyük Britaniya və Rusiya şirkətləri ilə əməkdaşlığımız bundan sonra da davam edəcəkdir. Bugünkü hadisə göstərir ki, biz əməkdaşlıq edə bilərik, biz bu əməkdaşlığa qadirik. Ölkəmiz bu əməkdaşlıq üçün açıqdır, gəlib burada iş görmək olar və müştərək işlərin nəticəsindən də bəhrələnmək olar. Bunlar çox mühüm hadisələrdir.

Mən sizi təbrik edirəm və bu ATS-in yaradılmasında, indi istismara verilməsində zəhmət çəkmiş adamların hamısına öz təşəkkürümü bildirirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 11 may 1996-cı il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf