Amerika-Azərbaycan Ticarət Palatasının Azərbaycan Prezidentinin şərəfinə təşkil etdiyi rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Vaşinqton, Milli Tikinti Muzeyi, 30 iyul 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli nazir, hörmətli konqresmenlər, səfirlər!

Hörmətli amerikalılar, azərbaycanlılar, xanımlar və cənablar!

Mən hamınızı səmimi qəlbdən salamlayır və sizə öz hörmət-ehtiramımı bildirirəm.

Mən Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun dəvəti ilə Amerikaya rəsmi səfərə gəlmişəm. Məmnuniyyət hissi ilə deyə bilərəm ki, mən Nyu-York şəhərində Amerika torpağına ayaq basandan indiyə qədər bu səfər uğurlu keçir, mənim üçün, məni müşayiət edən şəxslər üçün Amerika Birləşmiş Ştatlarında çox mehriban, dostluq şəraiti yaranıbdır.

Bizim bütün danışıqlarımız, görüşlərimiz çox mehribanlıq, qarşılıqlı anlaşma və dostluq şəraitində keçir və bu günlərdə danışıqlarımızda mən arzu etdiyimdən də çox nailiyyətlər əldə olunubdur. Bunların hamısına görə, bizə göstərilən qonaqpərvərliyə, mehribanlığa, səmimiliyə görə Amerika prezidenti cənab Bill Klintona və bizi əhatə edənlərin, bizimlə bu gün görüşənlərin və bu möhtəşəm saraya toplaşanların hamısına təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Müstəqil dövlət kimi Azərbaycan dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr qurur və artıq biz müstəqillik dövründə bu sahədə bir çox nailiyyətlər əldə etmişik. Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi xalqımız üçün tarixi hadisə, tarixi nailiyyətdir. Biz bununla fəxr edir, qürur hissi duyur, sevinirik. Sevinir və fəxr edirik ki, uzun illər və əsrlər həsrətində olduğumuz milli azadlığımıza, dövlət müstəqilliyimizə nail olmuşuq.

Mən bu gün burada, Vaşinqtonda, Amerika Birləşmiş Ştatlarının paytaxtında, tarixi memarlıq abidəsi olan möhtəşəm sarayda Azərbaycan Bayrağını görərkən, Azərbaycan Bayrağının Amerika Birləşmiş Ştatlarının Bayrağı ilə yan-yana, bərabər bu salona gəlməsini müşahidə edərkən, Amerika Birləşmiş Ştatlarının Dövlət Himni ilə bərabər, müstəqil Azərbaycan dövlətinin Himnini eşidərkən sevindiyimdən söz tapa bilmədim. Hər bir azərbaycanlı üçün, Azərbaycanın hər bir vətəndaşı üçün azadlıq, müstəqillik nə qədər əzizdir! Biz bunun nə qədər gözəl bəhrələrini görürük! Dünyanın ən böyük dövləti olan Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda bunların hamısını görmək bizdə xüsusi iftixar hissi doğurur.

Biz buraya, sizin ölkəyə xoş niyyətlərlə, Amerika Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi, genişləndirilməsi və daha yüksək səviyyəyə qaldırılması məqsədilə gəlmişik. Ümid edirəm və əminəm ki, indiyə qədər danışıqlarımızda əldə olunan uğurlar davam edəcək, görüşlərimiz və danışıqlarımız gündən-günə istəklərimizi, arzularımızı yerinə yetirəcək və nəhayət, Ağ evdə prezident cənab Bill Klinton ilə görüşüb ölkələrimiz arasında bir çox sənədləri imzalayacaq və beləliklə, Amerika-Azərbaycan dostluq əlaqələrini, əməkdaşlığını daha da genişləndirəcək, yüksək səviyyəyə qaldıracağıq. Bu, bizim istəyimiz, arzumuz və xarici siyasətimizin ali məqsədidir. Mən çox arzu edərdim ki, biz bu məqsədlərə nail olaq.

Son illərdə ölkələrimiz arasında əlaqələr müsbət istiqamətdə inkişaf edir. İqtisadi əlaqələrimiz, hesab edirəm, çox yaxşı nailiyyətlər əldə edibdir. Biz Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qururuq. Azərbaycan Respublikasının iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirmək əzmindəyik. Biz Azərbaycanın qapılarını açıb ölkəmizə xarici investisiyanın gəlməsi üçün əlimizdən gələni edirik. Bu gün deyə bilərəm ki, bütün bu sahələrdə xeyli nailiyyətlər əldə etmişik. Bu nailiyyətlər içərisində Amerika Birləşmiş Ştatlarının bir çox şirkətlərinin və xüsusən neft şirkətlərinin Azərbaycana gəlməsi, Azərbaycanla müştərək iş görməsi və xeyli miqdarda investisiya qoyması bizim bu əlaqələrimizin əməli nəticəsidir.

Bu, işimizin başlanğıcıdır. İmzaladığımız bir neçə müqavilə və yaxın günlərdə imzalayacağımız müqavilələr Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın bir çox onilliklər davam etməsini nəzərdə tutur. Deyə bilərəm ki, XXI əsr tamamilə Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında, xüsusən Azərbaycanın Xəzər dənizi hövzəsinin enerji ehtiyatlarından istifadə edilməsində çox məhsuldar və çox böyük tərəqqi nümayiş etdirən bir dövr olacaqdır. Biz bu böyük gələcəyin əsasını qoyuruq.

Mən fəxr edirəm ki, müstəqil Azərbaycan belə xeyirxah, - həm öz milli mənafeləri, həm də Amerika Birləşmiş Ştatlarının mənafeləri üçün xeyirxah addımlar atır. Əmin ola bilərsiniz ki, biz bu istiqamətdə ardıcıl surətdə hərəkət edəcəyik və bu fəaliyyətimizi heç bir qüvvə dayandıra, bunun qarşısını ala bilməz. Biz gələcək nəsillər üçün böyük bir abidə yaradırıq, bu abidə isə Amerika-Azərbaycan dostluq, əməkdaşlıq abidəsi olacaqdır.

Gənc müstəqil Azərbaycan dövlətinin qarşısında bir çox çətin problemlər var. Biz bu problemləri həll edirik. Biz anlayırıq və müstəqilliyi əldə edərkən də anlayırdıq ki, bu yol bizim üçün asan olmayacaqdır. Çox məmnun oldum ki, səfir Armitac mənim hələ 1991-ci ildəki, Sovetlər İttifaqı mövcud olduğu vaxtdakı nitqimdən bir neçə sözü bu gün xatirimə saldı. Həqiqətən mənim sözlərimdir, mən o vaxt demişdim ki, Sovetlər İttifaqı dağılır və dağılmalıdır, Kommunist Partiyası hakimiyyətdən getməlidir və ümumiyyətlə dünya səhnəsindən getməlidir. Mən o vaxt demişdim ki, Azərbaycan müstəqil dövlət olmalıdır və öz müstəqilliyinə nail olmalıdır. Mən o vaxt demişdim ki, nəyin bahasına olur-olsun, biz müstəqilliyimizə nail olmalıyıq. Bu, bizim üçün asan olmayacaq, çətin olacaq, ancaq bu yolla getməliyik. Əgər bu yolla getməsək, tarix bunu bizə bağışlamayacaqdır. Gələcək nəsillər bunu onsuz da edəcək, ancaq bu, gec olacaq, biz çox şeyi itirmiş olacağıq.

Bu sözləri mən yeddi il öncə demişəm. Bu gün fəxr edirəm ki, mənim dediyim sözlər çin olub, reallığa çevrilib, Azərbaycan müstəqil dövlətdir. Ancaq o vaxt da demişdim və bu gün də deyirəm ki, müstəqillik yolu asan deyil, çətindir. Biz bu çətin yolla gedirik. Əgər getməsək düz, yəni geniş yola çıxa bilməyəcəyik. Ancaq mən inanıram, əminəm ki, biz müstəqilliyin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs, heç bir yolla sarsıda bilməyəcəkdir.

Bizim qarşımızda duran bu çətinliklərin çoxunun öhdəsindən özümüz gəlirik. Ancaq elə problemlər var ki, onların aradan qaldırılması üçün bizə yardım lazımdır. Bu problemlərdən ən böyüyü Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Biz heç vaxt belə bir münaqişəni başlamamışıq, - tarix naminə bu gün bunu bir daha demək istəyirəm. Ancaq keçmişdə nə olub-olubdur. Bu münaqişə doqquz il bundan öncə başlayıbdır. Biz böyük itkilər, qurbanlar vermişik, xalqımız şəhidlər veribdir, qanlar tökülübdür, Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal edilmiş torpaqlardan bir milyon vətəndaşımız zorla çıxarılıb, deportasiya olunubdur; Azərbaycanın başqa bölgələrində çadırlarda ağır vəziyyətdə yaşayır.

Biz bunlara dözmüşük, bu gün də dözürük. Bütün bu çətinliklərə, itkilərə, zərbələrə baxmayaraq, biz sülh istəyirik, məsələni sülh yolu ilə həll etmək istəyirik. Ona görə də üç il bundan öncə atəşin dayandırılması haqqında saziş imzalamışıq. Üç ildir ki, bu atəşkəs sazişinə sadiqik, atəşkəs rejimini qoruyub saxlayırıq. Bu gün bir də bəyan edirəm ki, atəşkəs rejimini bundan sonra da, tam sülh əldə olunana qədər qoruyub saxlayacağıq. Biz bundan sonra heç vaxt döyüşlərin başlanmasına yol verməyəcəyik, müharibənin yenidən başlanmasına öz tərəfimizdən yol verməyəcəyik. Çünki məsələni sülh yolu ilə həll etmək istəyirik.

Ancaq bu məsələnin həll olunmasında bizə yardım lazımdır. Siz bunun tarixini bilirsiniz. Minsk qrupu son illər çox iş görüb, ancaq hələ ki, qarşısında duran vəzifəni həyata keçirə bilməyibdir. Keçən ilin dekabrında ATƏT-in Lissabon Zirvə görüşündə məsələnin sülh yolu ilə həlli üçün üç prinsip müəyyən edilibdir: Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarə hüququnun verilməsi, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təmin edilməsi.

Biz bu prinsipləri qəbul etmişik. Baxmayaraq ki, bizim dövlət suverenliyimizi zədələyir, ancaq biz bunu qəbul etmişik və istərdik ki, Ermənistan da qəbul etsin. Hələ ki, Ermənistan bunu qəbul etmir. Minsk qrupu, onun həmsədrləri - Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa məsələnin bu prinsiplər əsasında həll olunması üçün çalışmalıdırlar. Əminəm ki, əgər üç böyük dövlət, üç böyük dövlətin prezidentləri - prezident Bill Klinton, prezident Boris Yeltsin, prezident Jak Şirak bu məsuliyyəti öz üzərlərinə götürüblərsə və iyunun 20-də Denver şəhərində birgə bəyanat veriblərsə, demək, onlar bu məsələnin həllinə nail olacaqlar. Mən buna inanıram, Azərbaycan xalqı inanır və böyük ümidlər bəsləyir.

Məni buraya - Amerikaya, Vaşinqtona yola salarkən hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayıbdır - prezident Heydər Əliyev Amerikadan, Vaşinqtondan hansı xəbərlə geriyə qayıdacaqdır? Gözlədikləri xəbər də odur ki, Amerika Birləşmiş Ştatları, onun prezidenti cənab Bill Klinton bu məsələnin həll olunması üçün qəti tədbirlər görəcəkdir. Bu tədbirlərin görülməsi üçün Amerika Birləşmiş Ştatlarının, onun prezidentinin imkanları var. Mən çox arzu edirəm ki, Azərbaycan xalqının bu ümidi çin olsun, doğrulsun. Mən demirəm ki, bunu bu gün etmək lazımdır. Ancaq prezidentlər söz veriblər ki, bu məsələ 1997-ci ildə həll olunmalıdır. Arzu edirəm ki, mən Azərbaycana qayıdarkən, Bakı şəhərinə enərkən bəyan edim ki, bəli, Amerika Birləşmiş Ştatlarının paytaxtında, Vaşinqtonda mənə bildirdilər ki, məsələ bu il həll olunacaq və Azərbaycan tam sülh əldə edəcəkdir.

Hörmətli amerikalılar, sizi əmin edirəm ki, indi Azərbaycanda hər bir kəs sülh istəyir. Biz sülh tərəfdarıyıq. Azərbaycanda sülh istəyirik, Qafqazda, bütün regionumuzda sülh istəyirik. Ermənistanla Azərbaycan arasında uzunmüddətli, etibarlı sülh istəyirik. Bu, bizim qarşımızda duran əsas məqsəddir və bu məsələ, bu problem bizim üçün ən çətin problemdir. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu problemin həll olunmasında Amerika ilə dostluq, əməkdaşlıq əlaqələrimiz bizə kömək edəcəkdir. Biz bu ümidlərlə yaşayırıq.

Bu günlərdə keçirdiyimiz danışıqlarda bir məsələni - 1992-ci ildə Amerika Konqresi tərəfindən qəbul edilmiş 907-ci maddəyə əlavənin ləğv olunması məsələsini də irəli sürmüşük. Biz bu günlərdə eşitdik və bildik ki, Amerika Birləşmiş Ştatlarında bu maddəyə əlavənin ləğv olunması fikri artıq formalaşıbdır. Məmnunam ki, bu gün bu kürsüdən bu sözləri Amerika Birləşmiş Ştatlarının energetika naziri cənab Penya da bəyan etdi. Ümidvaram ki, bu məsələ bu günlərdə, nəhayət, həll olunacaqdır.

Konqresdə - Nümayəndələr Palatasında və Senatda bu gün keçirdiyimiz danışıqlar da bizə çox ümidlər veribdir. Cənab Bill Klinton da öz bəyanatlarında dəfələrlə deyibdir ki, o, bu maddənin ləğv olunmasının tərəfdarıdır. Xanım Olbrayt hələ dövlət katibi vəzifəsinə başlayarkən Senatdakı çıxışında bu maddənin ləğv olunması məsələsini irəli sürübdür. Mən çox məmnunam ki, Amerikanın həyatında görkəmli yer tutan, keçmişdə və indi də böyük siyasətlə məşğul olan şəxslərlə bu günlərdə görüşlərimiz olubdur. Mən bu görüşləri qiymətləndirirəm. Bu böyük siyasətçilər də həmin maddənin ləğv olunmasına tərəfdar çıxırlar. Ona görə də mən ümid edirəm ki, biz Azərbaycana qayıdarkən bu barədə də Azərbaycan xalqına xoş xəbər verəcəyik.

Mən bu ümidlərlə, bu arzularla prezident cənab Bill Klinton ilə görüşü səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, bu görüş də nəticəli, məhsuldar olacaqdır.

Biz Amerikanın neft şirkətləri ilə əməkdaşlığımızı genişləndiririk və bir neçə müqavilənin layihələri də hazırlanıbdır. Əgər razılıq olarsa, bu müqavilələr məhz burada, Vaşinqtonda imzalanacaqdır. Bu da çox simvolik olacaqdır ki, bu müqavilələr məhz Amerikanın paytaxtında, Vaşinqtonda imzalanacaq və Azərbaycanda, Xəzər dənizi hövzəsində onlar həyata keçiriləcəkdir.

Bir fikri də bildirmək istəyirəm ki, Azərbaycan xalqı 50 il bundan öncə Xəzər dənizində neft hasilatına başlayıbdır. Azərbaycanlılar dənizdən neft çıxarılmasının pionerləridir. 50 il sonra, XX əsrin axırında Azərbaycan Xəzər dənizində yeni mərhələni irəli sürübdür. Xəzər dənizinin dərinlikdə olan neft yataqlarının dünyanın böyük şirkətləri, o cümlədən Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə müştərək işləmək proqramını irəli sürübdür. Azərbaycan dünyanın böyük şirkətlərini Xəzər dənizinə gətiribdir. İndi Xəzər dənizi hövzəsi dünyanın ən böyük enerji ehtiyatlarına malik olan bir hövzə kimi tanınıb və dünyanın nəzər-diqqəti buraya cəlb olunubdur. Bunda da Azərbaycan xalqının, respublikasının böyük xidmətləri var. Ümid edirəm ki, bizim bu xidmətlərimiz bütün xalqların, o cümlədən Amerika Birləşmiş Ştatları xalqının firavanlığına, çiçəklənməsinə xidmət edəcəkdir.

Bu günlərdə burada olarkən biz Amerika Birləşmiş Ştatlarının tarixini bir daha vərəqləyirik. Amerika Birləşmiş Ştatları böyük tarixi yol keçibdir. Dünyada demokratiyanın, insan hüquqlarının qorunması və möhkəmlənməsində Amerika Birləşmiş Ştatları bəşər qarşısında böyük xidmətlər göstərib və dünyaya böyük örnək olan bir dövlət kimi tanınıbdır. Amerika Birləşmiş Ştatlarının bu təcrübəsi demokratiya, tərəqqi yolu ilə gedən hər bir ölkə, xalq üçün örnəkdir. Bu, bizim üçün də örnəkdir. Biz bu təcrübədən istifadə edir, bəhrələnirik və bundan sonra da istifadə edəcəyik. Amerika demokratiyası, siyasi plüralizmi, insan azadlığı bizim üçün örnəkdir, təcrübə mənbəyidir. Bu təcrübəyə görə mən Amerika xalqının tarixi nailiyyətlərini qiymətləndirirəm və ona hörmət-ehtiramımı bildirirəm.

Bu gun bü möhtəşəm salondakıların hamısı Amerika-Azərbaycan əlaqələrini möhkəmləndirmək və inkişaf etdirmək arzusu ilə buraya toplaşıbdır. Bu toplantını, ziyarəti təşkil edən Amerika-Azərbaycan Ticarət Palatası artıq böyük xidmətlər, böyük fəaliyyət göstərir və Amerika-Azərbaycan iqtisadi əməkdaşlığı üçün böyük iş görmüşdür. Mən bu ticarət palatasının işini bəyənir, dəstəkləyirəm və gördükləri bu işlərə görə Amerika-Azərbaycan Ticarət Palatasının rəhbərliyinə, idarə heyətinə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bütün bu müştərək işlər davam edəcək və bizim hamımızı irəliyə aparacaqdır.

Burada, Vaşinqtonda, gözəl memarlıq abidəsi olan bu möhtəşəm sarayda mən Amerika xalqına, Amerika dövlətinə öz hörmət və ehtiramımı bildirirəm. Amerikanın tarixi nailiyyətlərinə hörmət və ehtiramımı bildirirəm.

Rica edirəm, Amerika Birləşmiş Ştatlarının şərəfinə, Amerika xalqının şərəfinə, Amerika-Azərbaycan dostluğunun şərəfinə, Amerika Birləşmiş Ştatlarının prezidenti hörmətli cənab Bill Klintonun şərəfinə badə qaldıraq. Sağ olun.

"Azərbaycan" qəzeti, 1 avqust 1997-ci il