Prezident sarayında pambıqçılıqda mövcud vəziyyət və səpin kampaniyasına hazırlıqla əlaqədar problemlərin həlli yollarına həsr olunmuş müşavirədə yekun çıxışı - 30 mart 1994-cü il


Bugünkü müşavirənin çağırılması respublika kənd təsərrüfatının əsas sahələrindən biri olan pambıqçılıqda bu il görüləcək işlərin araşdırılması və eyni zamanda lazımi tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. Bu ayın əvvəlində biz kənd təsərrüfatına aid geniş müşavirə keçirmişik. Güman edirəm ki, həmin müşavirə bir tərəfdən iqtisadiyyatımızın mühüm sahəsi olan kənd təsərrüfatına böyük qayğı və diqqət yetirildiyini nümayiş etdirdi, ikinci tərəfdən isə həm respublika səviyyəsində, həm də yerlərdə kənd təsərrüfatı ilə məşğul olan rəhbər orqanların, vəzifəli şəxslərin məsuliyyətini artırdı. Zənnimcə, həmin müşavirədə nəzərdə tutulan tədbirlər həyata keçirilir və keçirilmişdir. Kənd təsərrüfatı daimi diqqət tələb edir və biz bu sahə ilə bağlı olan problemlərin müzakirəsi üçün gələcəkdə də vaxtaşırı görüşəcəyik.

Qeyd etdiyim kimi, pambıqçılıq kənd təsərrüfatının mühüm sahəsi olduğuna, eləcə də respublikamızın iqtisadiyyatında böyük rol oynadığına görə belə bir müşavirənin keçirilməsini lazım bildim. İndi iqtisadiyyat ağır vəziyyətdədir, uzun müddətdir ki, dərin böhran içərisindəyik və hələlik ondan çıxmaq imkanları çox azdır. Kənd təsərrüfatında, ümumiyyətlə, iqtisadiyyatımızda bu böhranın səbəbləri çoxdur. Biri də odur ki, biz əvvəlki iqtisadi sistemdən, iqtisadiyyatın təşkili və idarə edilməsi ilə bağlı köhnə prinsiplərdən yenisinə keçirik. Bu keçid dövrü uzanmış, həmin mərhələdə lazımi tədbirlərin görülməsi ləngimiş və köhnə sistem üzrə aparılan işlərin səviyyəsi də aşağı düşmüşdür. Səmərə verə biləcək yeni sistem isə hələ yaranmamışdır. Bu, kənd təsərrüfatında da özünü göstərir.

Uzun illər kənd təsərrüfatı istehsalının bazası kolxoz və sovxozlar olmuşdur. İstehsalın təşkilinin bu formalarının səmərəsizliyi barədə son illər çox danışıqlar, müzakirələr getmişdir. Bazar iqtisadiyyatına, sərbəst iqtisadiyyata keçilməsi ilə kənddə, kənd təsərrüfatı istehsalı formalarında da dəyişikliklər meydana gəlmişdir. Ancaq təəssüf ki, bu sahədə də məsələlər çox uzanmış, tədbirlər çox ləng görülmüşdür. Bütün bunlar isə kənd təsərrüfatı istehsalının azalmasına gətirib çıxarmışdır. Lakin səbəb təkcə bu deyildir. Nizam-intizamın pozulması, dağıdıcı proseslərin çox geniş yayılması, iqtisadiyyata münasibətin zəifləməsi, cürbəcür mənfi meyllərin ortaya çıxması və xüsusən müharibə şəraiti iqtisadiyyatın son dərəcə tənəzzülə uğramasına səbəb olmuşdur və bu, kənd təsərrüfatında da öz əksini tapmışdır.

Lakin bütün bunlar o demək deyildir ki, iqtisadi potensialımız azalmışdır, vəziyyətlə razılaşmalı və işləri başlı-başına buraxmalıyıq. Xeyr. Dəfələrlə demişik və bir daha təkrar edirəm ki, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedəcək, təşəbbüskarlığa yol veriləcəkdir. Bununla əlaqədar iqtisadi islahatlar keçirilməkdədir və mütləq keçiriləcəkdir.

Bütün bunlar kənd təsərrüfatına da aiddir. Təəssuf ki, dediklərimiz hələlik çox ləng həyata keçirilir. İqtisadiyyatla məşğul olan müvafiq nazirliklər, orqanlar, təşkilatlar bu sahədə konkret təkliflər irəli sürmür, yaxud da onların hazırlanmasını ləngidirlər.

Bazar iqtisadiyyatı bizim strateji yolumuzdur, biz həmin yolla gedəcəyik. Ancaq bu o demək deyildir ki, mövcud iqtisadiyyat dağıdılmalı və yenisi qurulmalıdır. Xeyr. Keçid dövrünün vəzifəsi mövcud olan iqtisadiyyyatı əldə saxlamaq və sərbəst iqtisadiyyat prinsipləri əsasında yeni iqtisadi sistem qurmaqdır ki, həmin sistem bizə daha artıq səmərə versin. Bu, sənayedə də, kənd təsərrüfatında da, bir sözlə, iqtisadiyyatın bütün sahələrində olmalıdır.

İndi biz bütün çatışmazlıqları, nöqsanları və kənd təsərrüfatı istehsalının bu dərəcədə aşağı düşməsini gördüymüz bir halda, deyin görək, yeni sistemə necə keçəcəyik? Axı bütün bunlarla yeni sistemə keçmək çətindir. Odur ki, bu çətinliklərə, ağır problemlərə baxmayaraq, biz bütün iqtisadiyyatda olduğu kimi, kənd təsərrüfatının da mövcud imkanlarından, potensial imkanlarından səmərəli istifadə etməliyik və başlanmış cari kənd təsərrüfatı ilində bol məhsul yetişdirməliyik. Bunun üçün var qüvvə ilə çalışmalıyıq. Eyni zamanda iqtisadiyyatda islahatları həyata keçirməliyik. Azərbaycanda kənd təsərrüfatı elə böyük potensiala malikdir ki, biz indiki çətin şəraitdə ondan bacarıqla və səmərəli şəkildə istifadə etsək, şübhəsiz, yüksək nəticələrə nail olarıq.

Elə pambıqçılıq sahəsində də imkanlarımız böyükdür. Son illərdə pambıq istehsalının azalması bütün bu səbəblərlə yanaşı, həm də sahəyə münasibətin pisləşməsi ilə bağlıdır. Sahəyə münasibət heç də son bir-iki ildə deyil, bir neçə il bundan qabaq pisləşibdir. Bəziləri, o cümlədən də ictimaiyyətin bəzi nümayəndələri illərlə sübut etməyə çalışdılar ki, guya pambıqçılıq Azərbaycan üçün faydalı deyildir. Digərləri isə pambıqçılığın zərərli olmasından dəm vururdular.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda 70-ci illərdə, 80-ci illərin sonuna qədər ildə orta hesabla 800 min ton pambıq istehsal edilirdi. Sahmanlanmış, yoluna qoyulmuş sahəni dağıdasan, bərbad hala salasan, sonra da gətirib 280 min ton səviyyəsinə endirəsən və axırda da başa düşəsən ki, necə böyük səhv buraxılmışdır - buna nə ad vermək olar? Bu, şübhəsiz, xalqa xəyanətdir.

İndi görürəm hamı, xüsusən də Azərbaycan iqtisadiyyatının, kənd təsərrüfatının mühüm sahəsi olan pambıqçılıq haqqında müəyyən konyunktur məqsədlərlə bəd fikirlər söyləyən, pambıqçılığın əleyhinə çıxan, bu sahəyə qərəzli münasibət bəsləyən dairələr artıq başa düşüblər ki, pambıqçılıq Azərbaycan Respublikası üçün faydalı shədir və bu sahə yaşamalı, inkişaf etməlidir. Məhz pambıqçılıq sayəsində biz həm kənddə yaşayan əhalimizin vəziyyətini yaxşılaşdırar, həm də ümumən iqtisadiyyatımızın yüksəlişini təmin edə bilərik.

Yadımdadır, o vaxtlar, xüsusən yenidənqurma dövründə hərə ağlına gələn və mahiyyətinə varmadığı bir fikir söyləyərək ictimai rəy yaratmağa çalışırdı. Deyirdilər ki, Azərbaycanda bir belə pambıq nəyə gərəkdir, bu qədər pambıq nə üçün istehsal edilirdi. İndi özünüz təsəvvür edin, müstəqilliyə çıxdığımız hazırkı dövrdə, xarici bazarda pambıq çox yüksək qiymətə getdiyi bir vaxtda əgər biz keçən il 800 min ton demirəm, heç olmasa təxminən 600 min ton pambıq istehsal etsəydik, bu, iqtisadiyyatımıza nə qədər böyük mənfəət gətirərdi! Odur ki, nə iqtisadiyyatdan, nə kənd təsərrüfatından, nə də pambıqçılıqdan başı çıxan, lakin bu sahələr barəsində ortaya cürbəcür fikirlər atıb, ictimaiyyəti çaşdıran, ayrı-ayrı adamlarda yanlış fikir yaratmağa can atan həmin adamlar qoy indi bir oturub fikirləşsinlər.

O vaxtlar hələ belə bir fikir də vardı ki, "Ağ qızıl" adlandırılan pambıq guya ittifaq üçün, mərkəz, sovet hökuməti üçün lazımdır. Yox, bilmək lazımdır ki, pambıq ən əvvəl Azərbaycan üçün gərəkdir. Özü də təkcə bu gün yox, gələcəkdə də, həmişə lazım olacaqdır. Azərbaycan kəndlisi pambıqçılıqla bir il, on il, bir əsr yox, əsrlər boyu, hələ qədimlərdən məşğul olubdur. Mənim yadımdadır. 1974-cü ildə Azərbaycanda pambıqçıların qurultayının keçirilməsinə hazırlıq görülərkən bir çox arxiv materialları ilə tanış oldum. O vaxtlar arxivdə tapılan materiallar göstərdi ki, hələ XIX əsrin əvvəllərində Azərbaycanda pambıq əkilib-becərilirdi. Başqa bir rəsmi sənəddə isə 30-cu illərdə Azərbaycanın hansı bölgələrində pambıqçılığın inkişaf etdirildiyindən danışılırdı. Yəqin, bəzi adamların yadında olar, həmin qurultayda mən dedim ki, Qafqaz pambıqçılarının ilk qurultayı 1905-ci ildə Azərbaycanın Ağdaş şəhərində keçirilmişdir. Demək istəyirəm ki, bu, heç də quruluşdan asılı deyildir. İstər sosialist, istər kommunist, istərsə də kapitalist quruluşu olsun, fərqi yoxdur. Pambıq çox mənfəətli bitkidir və o, hər yerdə bitmir. Onun əkilib-becərilməsi üçün xüsusi iqlim, torpaq şəraiti lazımdır. Azərbaycan isə pambıq istehsalı üçün həm iqlim, həm də torpaq şəraiti baxımından əlverişli bir məkandır. Buna görə də ulu babalarımız da pambıqçılıqla məşğul olublar.

Zənnimcə, bu söz-söhbətlər artıq arxada qalmışdır və indi hamı başa düşür ki, pambıq istehsalı Azərbaycan üçün lazımdır. Mən bir məsələni də qeyd etmək istəyirəm. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları arasında pambıq xarici bazarda, yəni valyuta əldə etmək imkanı verən dünya bazarında ən yüksək qiymətə gedən məhsuldur. Ona bərabər tutulası heç bir kənd təsərrüfatı məhsulumuz yoxdur. Keçən il istehsal edilmiş pambığın satışından gözlədiyimiz valyuta Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyətə malikdir. Bunların hamısını ona görə deyirəm ki, pambıq hər bir kəndli üçün, hər bir kənd, rayon üçün, bütövlükdə respublikanın iqtisadiyyatı üçün gərəkli və mənfəətlidir. Buna görə də pambıqçılığa xüsusi fikir verməliyik, onunla ciddi məşğul olmalıyıq. Çünki pambıqçılıq müstəqil Azərbaycan üçün çox böyük gəlir mənbəyidir, istər iqtisadiyyatı qaldırmaq, istərsə də xalqın rifahını yüksəltmək üçün olduqca geniş imkanlar açır.

Bütün bunları nəzərə alaraq cari ildə pambığın əkilib-becərilməsi, məhsulun yığılıb təhvil verilməsi barədə rəy və təkliflərinizi dinləməyi lazım bildim. Məncə, burada edilən məruzə və çıxışlar onu göstərir ki, ötən illərdə kənd təsərrüfatına, xüsusən pambıqçılıq sahəsinə böyük zərbələr vurulmasına baxmayaraq, bu il bizim yenə də yüksək məhsul istehsal etmək imkanımız vardır.

Natiqlər qeyd etdilər ki, 220 min hektar sahədə pambıq əkmək nəzərdə tutulmuşdur. Əlbəttə ki, bu, əvvəlki illərə nisbətən azdır. Vaxtilə 260-270, hətta il vardı, 290 min hektar sahədə pambıq əkilirdi. Dediyim kimi, 220 min hektar əvvəlki illərə nisbətən azdır. Lakin bu qədər sahəyə yaxşı çiyid səpilsə, xeyli məhsul götürülə bilər. Burada çıxış edənlər dedilər ki, Ağcabədidə məhsuldarlıq hər hektarda 7 sentner olub. Mən çox təəccüblənirəm. Bir deyin görək heç elə bir vaxt olubmu ki, Ağcabədidə hər hektardan vur-tut 7 sentner məhsul götürülsün, yaxud Bərldədə hektardan cəmi 10 sentner məhsul yığılsın? Bu, biabırçılıqdır, hətta dəhşətdir. İndi görün, bir vaxtlar hər hektardan 20-25, hətta 30 sentner məhsul verən torpaqlarımız nə vəziyyətə salınıb ki, vur-tut 7-10 sentner məhsul verir. Halbuki torpaq da həmin torpaqdır, hava da həmin havadır, su da həmin sudur. Bəs nə olmuşdur? Hektarın məhsuldarlığının 7-10 sentner səviyyəsinə düşməsi, ən əvvəl kəndlinin, təsərrüfatın, rayonun cibindən gedibdir.

Deməli, birinci növbədə, torpaqda işləyən adama ziyan dəyibdir. Bütün bunlar artıq olub-bitmiş işlərdir. Nə isə, keçənə güzəşt deyərlər. Lakin 220 min hektar da az sahə deyildir. Bir şərtlə ki, əkin sahələri yaxşı hazırlansın, səpin yüksək səviyyədə keçirilsin. Bunların böyük əhəmiyyəti var.

Təsadüfi deyildir ki, kənd təsərrüfatı naziri çıxış edərkən mən soruşdum ki, hansı reproduksiyalarla hansı növlərdən pambıq əkiləcəkdir. Bunu bilmək lazımdır. Yəqin ki, pambıqçılıqla məşğul olan hər bir kəs bunu bilir. Odur ki, nazir də bilməlidir, onun müavinləri də. Çünki məhsulun əsası, bünövrəsi məhz burada qoyulur. Yenə də deyirəm, əgər torpaq yaxşı hazırlanıbsa, yəni vaxtında suvarılıbsa, bol məhsul gözləmək olar. Əlbəttə, çiyidin keyfiyyəti və onun vaxtında səpilməsi də vacib şərtlərdəndir. Bu aqrotexniki proseslər pambıqçılıqla məşğul olan adamlara məlumdur. Demək, yaxşı pambıq əldə etmək üçün çiyidin keyfiyyətini bilmək lazımdır.

Bərdə rayon icra hakimiyyətinin başçısı burada çıxış edərkən dedi ki, biz gedib oradan-buradan çiyid tapıb çıxarır, öyrənmək istəyirik ki, görək toxumluq üçün hansı yaxşıdır. Əlbəttə ki, bu, yaramaz. Çünki toxum əvvəlcədən seçilir, əvvəldən hazırlanır. Pambıqçılıqla məşğul olanlar bilirlər, mənim də yadımdan çıxmayıb ki, toxumçuluq ayrı bir sahədir, toxumluq üçün pambıqçılıq ayrı sahədir. Elə mən də nazirdən reproduksiya məsələsini təsadüfən soruşmadım. Pambıqçılıq sahəsindən götürülən çiyid xüsusi olaraq hazırlanır, lazımi texnoloji prosesdən keçir və sonra növləri, reproduksiyaları müəyyənləşdirilir. Misal üçün, biz vaxtilə məsələ qoymuşduq ki, üçüncü reproduksiya çiyid səpilməsin, yalnız birinci, o çatışmadıqda ikinci reproduksiya olsun. Özü də istər birinci, istərsə də ikinci reproduksiya pambıq tədarük edildikdən sonra, toxumun hazırlanması prosesində gedən texnoloji tədbirlər nəticəsində olmalıdır. Həmin proseslərə nəzarət edilməyibsə, bunlarla Kənd Təsərrüfatı Nazirliyi, əlaqədar idarələr, mütəxəssislər, rayon, təsərrüfat rəhbərləri məşğul olmayıblarsa, bu o deməkdirmi ki, indi gedib harada əlinə keçdi, oradan çiyid gətirəsən? Bu, yaramaz, çəkilən zəhmət hədər gedər, heç bir nəticə əldə edilməz.

Odur ki, indiyədək nə etmisinizsə, artıq edibsiniz. Lakin mən sizdən, rayon, təsərrüfat başçılarından, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən və onun müvafiq idarələrindən tələb edirəm ki, bu məsələlərlə daha ciddi məşğul olsunlar. Toxumların keyfiyyətini yoxlayın, daha keyfiyyətli və bol məhsul verə bilən toxumlar tapıb gətirməyə çalışın. Ona da çalışın ki, sahələrə maksimum miqdarda toxum çatdırılsın və ancaq keyfiyyətli çiyid səpilsin. Bundan çox şey asılıdır.

Daha bir mühüm məsələ - səpinin vaxında keçirilməsidir. Bundan da çox şey asılıdır. Aprel ayı Azərbaycanda adətən mürəkkəb ay olur, havalar bəzən də pis keçir. Düzü, mən dəqiq bilmirəm, burada çıxış edənlər də demədilər - yaz rayonlara, xüsusən pambıqçılıq rayonlarına tezmi, gecmi gəlib (yerdən səs: gec gəlib). Gecikirsə, deməli pambıq səpini də gecikəcəkdir. Əkin-biçinlə məşğul olanlar bilirlər ki, səpinə yaz gecikəndə nə vaxt başlamaq olar, tez gələndə nə vaxt. Onu da bilirlər ki, səpin elə eyni bir rayonun ərazisində də eyni vaxtda keçirilmir. Ola bilsin ki, səpinə rayonun bir təsərrüfatında tez başlasınlar, o birisində gec. Bunu özünüz müəyyənləşdirməlisiniz. Bu, sizin öz işinizdir.

Ancaq mənim sizə tövsiyəm ondan ibarətdir ki, səpin vaxtını düzgün müəyyən edəsiniz. O mənada ki, çiyidi nə vaxtından qabaq səpmək olar, nə də sonra. Səpin vaxtını düzgün müəyyən etdikdə, səpini qısa müddətdə və keyfiyyətlə aparanda gələcək yüksək məhsulun əsası qoyulmuş olur. Unutmayın ki, səpin texnologiyasının da böyük əhəmiyyəti var. Ona görə də xahiş etdim ki, müşavirəni bu gün çağırsınlar. Əlbəttə, vaxtımız olsaydı, onu bir neçə gün bundan əvvəl keçirsəydik, daha da yaxşı olardı. Amma vaxt olmadı. İndi də vəziyyət gərgindir. Proqramım çox gərgindir. Amma buna baxmayaraq, bayaq dediyim kimi, xahiş etdim ki, müşavirə məhz bu gün keçirilsin. Çünki əvvəlki təcrübəmdən bilirəm ki, aprelin elə ilk günlərindən pambıq səpininə başlamaq lazımdır. Heç olmasa, qoy bundan sonra qalan günlər ərzində həm camaat daha da səfərbər olsun, həm də indiyədək görülməmiş işlər başa çatdırılsın, səpin vaxtında, keyfiyyətlə aparılsın ki, yaxşı məhsulun bünövrəsini qoymağa macal tapaq.

Gələcək aqrotexniki tədbirlər, proseslər sizə məlumdur. Odur ki, bu barədə tövsiyələr vermək fikrində deyiləm, çünki bu, sizin öz işinizdir, mütəxəssislərin işidir. Amma keçmiş təcrübədən onu da bilirəm ki, çiyid səpmək, pambıq becərmək, payızda yüksək məhsul almaq çox gərgin iş, əmək tələb edir. Böyük səliqə, işə ciddi münasibət tələb edir. Çox ciddi münasibət. Yenə də öz keçmiş təcrübəm sayəsində bu bitkiyə yaxşı bələdəm. Bilirəm ki, mərhələdə vaxt ötürülsə, səhv buraxılsa, yaxud hər hansı bir aqrotexniki tədbir düzgün həyata keçirilməsə, onda əvvəlki bütün işlər bada gedəsidir. Bunları da bilirəm, neçə illərin təcrübəsindən görmüşəm.

İqtisadiyyatımız ağır vəziyyətdədir. Bilirəm ki, kənd əhalisinin gün-güzəranı ağırdır. İyirmi rayonun iqtisadiyyatının əsas hissəsi pambıq istehsalından asılıdır və asılı olacaqdır. Ümumiyyətlə, gələcək pambıq məhsulu iqtisadiyyatımıza böyük təsir göstərəcəkdir. Bunları nəzərə alaraq, pambıq səpini başlandığına görə, hamınızdan xahiş edirəm ki, bu işlərə çox ciddi yanaşın, hər bir aqrotexniki tədbirin vaxtını yerli şəraitə uyğun olaraq düzgün müəyyənləşdirin, səpini ləngitməyin, keyfiyyətlə aparın. Çalışın ki, bu il yüksək məhsul götürülməsinə nail olasınız.

Burada çıxış edənlərdən bir neçəsi məsələlər, problemlər qaldırdı. Bunlar əsaslı məsələlər və problemlərdir. Sizə düzünü deyim ki, indi müstəqil bir dövlət kimi yaşamağımızın, şübhəsiz, ən müsbət cəhəti ondan ibarətdir ki, biz azadıq, öz taleyimizin sahibiyik. Amma bununla bərabər, 70 il müddətində iqtisadiyyatda yaranan əlaqələr qırılıbdır. Məsələn, burada ayrı-ayrı ləvazimatdan, texnikadan, onların təmirindən söhbət getdi, digər məsələlərə toxunuldu. Bunların əksəriyyəti bizim respublikada istehsal edilmir. Vaxtilə heç kəs bilmirdi ki, bunları haradan alır, haradan gətirirlər. Ümumittifaq dövləti vardı, vaxtında tələbnamələr göndərildikdə hər şey alırdıq. Heç haqq-hesabını da bilmirdik. Çünki qiymətlər müəyyən edilmişdi, lazımi texnika və texniki vasitələr gətirilir, rayonlara və təsərrüfatlara verilirdi. İndi bütün bunlar daha yoxdur.

Odur ki, indi bu problemləri qaldırarkən hər biriniz bilməlisiniz ki, texnika və texniki vasitələrlə təchizat üçün əvvəlki imkanlar yoxdur. Ona görə də yerlərdə olan imkanlardan, o cümlədən nazirliyin öz imkanlarından maksimum dərəcədə səmərəli istifadə etmək gərəkdir ki, ümumən kənd təsərrüfatı və xüsusən pambıq istehsalı lazımi səviyyədə getsin.

Bununla yanaşı, demək istəyirəm ki, bu problemlərin bir neçəsi həll edilə bilər və həll edilməlidir. Ona görə də həm Kənd Təsərrüfatı Nazirliyinə, həm Maliyyə Nazirliyinə, banklara, həm də digər əlaqədar nazirliklərə və baş idarələrə, ən əvvəd Nazirlər Kabinetinə tapşırıram ki, onlar bu problemlərin həll edilməsi üçün lazımi tədbirlər görsünlər. Həmin tədbirləri də görə bilərlər. Mən sadəcə olaraq dedim biləsiniz ki, keçmiş dövrdəki imkanlar daha yoxdur. Lakin nə lazımdırsa, onu başqa bölgələrdən, yəni başqa ölkələrdən alıb gətirməklə bu məsələlərin çoxunu həll etmək olar. Güman edirəm ki, Nazirlər Kabineti, nazirliklər bu işlə ciddi məşğul olacaq və qaldırılmış məsələləri imkan daxilində həll edəcəklər.

Burada elektrik enerjisi məsələsi, su təchizatı, nasosların işləməsi məsələləri qaldırıldı. Bunlar mühüm məsələlərdir. Həm İmanov, həm də Əhmədzadə öz sahələrindəki vəziyyət barədə məlumat verməklə yanaşı, bilməlidirlər ki, bu çətinliklər bütün sahələrdə var. Ona görə də onlar mövcud imkanlardan səmərəli istifadə edərək məsələləri həll etməlidirlər. Maliyyə məsələlərinə gəldikdə isə, güman edirəm ki, Nazirlər Kabineti bunu nəzərdən keçirər və həllinə yol tapa bilər. Bütünlükdə kənd təsərrüfatında, o cümlədən pambıqçılıqda səpin zamanı və sonra aqrotexniki tədbirlər həyata keçirilərkən həm Meliorasiya və Su Təsərrüfatı Komitəsi, həm də Azərenerji Dövlət Şirkəti lazımi tədbirlər görməli və bundan ötrü yerlərdə müvafiq şərait yaratmalıdırlar. Ancaq bununla yanaşı, bir daha təkrar edirəm, hər bir təsərrüfat öz daxili imkanlarından istifadə etməlidir.

Çıxış edənlər nizam-intizam məsələsindən də danışdılar. Doğrudur, son illərdə istehsalın azalması və ümumiyyətlə, cəmiyyətimizdə bəzi mənfi halların meydana çıxması nizam-intizamın pozulması ilə, qanuna zidd cürbəcür proseslərlə əlaqədardır. Aydındır ki, biz indi başqa sosial-siyasi mühitdə yaşayırıq. Artıq keçmiş siyasi sistem yoxdur, ona qayıtmağa ehtiyac da yoxdur. Heç kim hesab etməsin ki, biz bəzi tədbirlər görərkən keçmiş siyasi sistemə qayıtmaq fikrindəyik. Bu, belə deyil. Azərbaycan müstəqil dövlətdir və dediyim kimi, biz öz həyatımızı və işimizi milli ənənələrimiz, mənəviyyatımız əsasında qurmalıyıq. İdeologiyamız buna əsaslanmalıdır. Dövlətimiz demokratik hüquqi dövlət olmalıdır. Azərbaycanda demokratiya bundan sonra da inkişaf etməlidir.

Bunlar bizim əsas prinsiplərimizdir və ondan geriyə çəkilməyəcəyik. Ancaq bununla yanaşı, son illərdə respublikamızın həyatında baş vermiş həddindən artıq mənfi hallara qarşı, nizam-intizamı, qayda-qanunu pozanlara qarşı amansız mübarizə aparmalı, həm iqtisadiyyatda, həm də sosial-ictimai sahədə, bir sözlə, hər yerdə hamımız qayda-qanuna əməl etməliyik.

Bu baxımdan əgər istehsalda nizam-intizam, tələbkarlıq olsa, hər kəs öz işinə görə cavabdeh olsa, məsuliyyət daşısa, şübhəsiz ki, belə ağır vəziyyətə düşmərik. Ona görə də burada nizam-intizamla bağlı qaldırılan təkliflər tamamilə düzgündür. Biz bütün sahələrdə qayda-qanunun möhkəmlənməsinə nail olmalıyıq. Nizam-intizamı, qayda-qanunu pozan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir. Hamımız bilməliyik ki, demokratik hüquqi dövlət, cəmiyyət eyni zamanda intizam, hörmət və ehtiram, dövlətin qanunlarına lazımınca əməl olunmasını tələb edir. Ona görə də kənd təsərrüfatında işimizi lazımınca qurmaq üçün rayonların icra başçıları, digər vəzifəli şəxslər bu istiqamətdə fəaliyyət göstərməlidirlər.

Nizam-intizamdan, qayda-qanundan danışarkən son illərdə respublikamızda xüsusilə geniş yayılmış halın - dövlət, xalq malını dağıtmaq meyllərinin, rüşvətxorluğun qarşısını almaq lazımdır. Rüşvətxorluqdan danışanlar çoxdur. Ancaq bəzən onların özləri də rüşvət almaqla məşğul olurlar. Bu, cəmiyyətimiz üçün, yeni yaranan müstəqil Azərbaycan dövləti üçün çox böyük bəladır. Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat şübhəsiz ki, insanlara təşəbbüskarlıq göstərmək imkanı verir, hər bir kəsin var-dövlətə malik olmasına təminat yaradır. Lakin bütün bunlar oğruluq, əyrilik, fırıldaq, başqasının, dövlətin, xalqın malını oğurlamaq yolu ilə deyil, qanun çərçivəsində, doğru-düzgün yolla, ədalət yolu ilə olmalıdır. Təəssüf ki, indiki mürəkkəb dövrdə bəzi adamlar, qruplar fürsətdən istifadə edərək dövlətin də, xalqın da malını oğurlamış, cürbəcür qanunsuz hərəkətlərlə sərvət toplamışlar və indi özlərini xalqın, cəmiyyətin yeni bir təbəqəsi sayırlar. Mən yenə də deyirəm: Biz sərbəst iqtisadiyyat yolu ilə gedərkən onun nəticələrini bilirik və bu da təbiidir. Ancaq gərək heç kəsə imkan yaranmasın ki, o, rüşvətxorluq, əliəyrilik, fırıldaq, dövlətin, xalqın malını oğurlamaq, mənimsəmək yolu ilə özünə sərvət toplasın. Bunların qarşısı alınmalıdır.

Respublika əhalisinin əksəriyyəti kasıb vəziyyətdə yaşayır. Ölkəmizdə bir milyondan artıq qaçqın var. Onların hamısını təmin etmək dövlət üçün çox çətindir, çünki iqtisadiyyatımız ağır vəziyyətdədir. Belə bir vəziyyətdə bəziləri dövlətin, xalqın malını oğurlayanda gərək bilsinlər ki, qaçqının, kasıbın, şəhid ailəsinin boğazından kəsirlər. Onların oğurladıqları sümük kimi öz boğazlarında qalmalıdır.

Bunları ona görə böyük həyəcan hissi ilə deyirəm ki, əhalimizin əksəriyyətinin vəziyyətini bilirəm. Respublikamızın belə ağır vəziyyətində bəzi adamların vəzifəsindən sui-istifadə etməsi, cürbəcür çirkin yollarla özlərinə sərvət toplaması cəmiyyət tərəfindən, xalq tərəfindən qəbul olunmaz və belələri, şübhəsiz ki, gec-tez cəzalandırılacaqlar.

Mən sizin hamınızı bu problemlərin həll olunmasına dəvət edirəm. Gərək hamımız dərk edək ki, müstəqillik qazanmışıq, xalqımız azaddır, öz taleyini həll etmək imkanı var, Azərbaycan müstəqil dövlət kimi yaşamalı və inkişaf etməlidir. Bunun üçün hər bir kəsdə vətəndaşlıq hissi, Vətənin taleyi ilə yaşamaq hissi yüksək səviyyədə olmalıdır.

Fürsətdən istifadə edərək bir məsələyə də toxunmaq istəyirəm. Respublikamız müharibə şəraitindədir. Dəfələrlə demişəm və bu gün də qeyd etmək istəyirəm ki, biz çox sülhsevər addımlar atırıq, təşəbbüslər etmişik, təkliflər vermişik. Ancaq Ermənistan silahlı qüvvələri zorla öz məqsədlərinə nail olmaq istəyir. Biz də öz tədbirlərimizi göürürük. Bu gün müşavirəyə də ona görə bir qədər gecikdim ki, zabitlərlə, hərbi işə rəhbərlik edən adamlarla bəzi mühüm məsələləri müzakirə edirdim. Biz hər gün bununla məşğul oluruq. Ona görə yox ki, müharibə istəyirik. Ona görə ki, Vətənimizi, torpağımızı müdafiə etmək istəyirik, sülh, danışıqlar yolu ilə ölkəmizi bu bəlalardan xilas etmək istəyirik. Bundan ötrü həm beynəlxalq təşkilatların, həm də ayrı-ayrı dövlətlərin imkanlarından istifadə edirik, Ermənistan Respublikasının rəhbərləri ilə danışıqlar aparırıq. Lakin hələlik məsələnin sülh yolu ilə həllinə nail olmamışıq. Ermənistan tərəfi, görünür, öz iddialarını həyata keçirmək üçün cürbəcür yollara əl atır. Ona görə də müharibə davam edir. Torpaqlarımızın etibarlı müdafiəsi bir nömrəli problem olaraq qalır. Biz bununla məşğul oluruq, siz də məşğul olmalısınız. Hərə öz yerində, öz rayonunda, öz evində özünü müharibə vəziyyətində hiss etməlidir, müharibə şəraitində yaşamalıdır. Hər kəs hər gün düşünməlidir ki, qələbə üçün, torpaqlarımızın azad edilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması üçün nə edir. Bu sualı hər gün özümüzə verməliyik. Əgər belə olmasa, qələbə qazana bilməyəcəyik. Lakin güman edirəm ki, belə olacaq və qalib gələcəyik.

Bu sahədə rayonların imkanları böyükdür. Mən istərdim ki, hərbi hissələrə daha yaxından yardım edəsiniz. Cəbhə bölgələrində olan rayonların rəhbərlərindən bir daha tələb edirəm ki, bu məsədələrlə ciddi məşğul olsunlar. Silahlı Qüvvələrimizə, orduda xidmət edən əsgər və zabitlərimizə xüsusi diqqət və qayğı ilə yanaşmalıyıq. Bütün ölkələrdə belədir. Ordu xalqın xüsusi qayğısı ilə yaşamalıdır. Torpaqlarımızı müdafiə edən Azərbaycan Milli Ordusunun buna xüsusi ehtiyacı var. Xahiş edirəm, əməli fəaliyyətinizdə bunu daim yadda saxlayasınız.

Hər bir rayonda, şəhərdə gənclər orduya çağırılır. Bu da təbiidir. Hələ keçmişdə, sülh dövründə ildə iki dəfə orduya çağırış keçirilirdi. Xatirimdədir, həmin dövrdə sovet ordusuna Azərbaycandan hər il təxminən 60 min gənc hərbi xidmətə çağırılırdı. İndi isə respublikanın bəzi rayonlarında orduya çağırış işi çox zəif gedir. Rayon və şəhərlərin icra başçılarından bu məsələ ilə ciddi məşğul olmağı tələb edirəm. Siz bundan ötrü şəxsən məsuliyyət daşıyırsınız. Çünki ordumuz döyüşür, həlak olanlar, yaralananlar var. Onları əvəz etmək, ehtiyat yaratmaq lazımdır. Bunlar bu günün və gələcəyin ən ümdə məsələsidir. Ancaq mənə məlumat veriblər ki, hərbi xidmətə çağırış elan olunmasına baxmayaraq, bəzi rayon və şəhərlərdə bu iş lazımi səviyyədə getmir. Ayrı-ayrı adamlar rüşvət verərək orduda xidmət etməkdən boyun qaçırırlar. Belə gənclərə və onların valideynlərinə ar olsun. Əgər bu torpaqda yaşayan adam öz Vətəninin müdafiəsindən boyun qaçırırsa, onun burada yaşamağa haqqı yoxdur. Ona görə də sizdən bir daha tələb edirəm ki, bu işlərlə ciddi məşğul olsun.

Keçən ilin noyabrında mənim xalqa müraciətimdən sonra vaxtilə fərarilik edənlərin əksəriyyəti orduya qayıtdı. Onların bir çoxu döyüşlərdə iştirak etdi, bəziləri şəhid oldu. Allah onlara rəhmət etsin. Fərarilərin yenidən cəbhəyə getməsi çox müsbət proses idi. Lakin son vaxtlar yenə də fərarilərin sayının artması barədə məlumatlar gəlir. Buna necə dözmək olar? Bunun üçün sizin də hər biriniz məsuliyyət daşıyır. Fərari hərbi hissəni tərk edib gedirsə, onun komandiri günahkardır. Lakin axı həmin fərari haradasa bir kənddə, rayonda, şəhərdə yaşayır. Siz belələrini görürsünüz. Fərariliklə mübarizə aparılmalı, onun qarşısı alınmalıdır. Bunu sizə bir vəzifə kimi tapşırıram.

Fürsətdən istifadə edərək bildirirəm ki, fərarilər başa düşsünlər - onlar öz mənliklərini alçaldırlar. Vətən qarşısında şərəfli borclarını yerinə yetirməkdən boyun qaçırırlar. Belələrini Vətən də, xalq da heç vaxt bağışlamaz. Dövlət də bağışlamayacaqdır. Ona görə də mən bu yolu tutan şəxslərə, onların valideynlərinə müraciət edirəm: bu əməldən çəkinsinlər, öz vətəndaşlıq məsuliyyətini dərk etsinlər. Ordumuzun qüdrətinin artması, düşmənin qarşısında layiqincə dayana bilməsi üçün hərə öz köməyini göstərsin.

Bununla yanaşı, qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbi hissələri cəbhə bölgələrində torpaqlarımızı müdafiə edirlər. Onlar mənə müntəzəm raport verirlər ki, torpaqlarımızı etibarlı şəkildə qoruyacaqlar və düşmənin hücumlarını dəf etməyə qadirdirlər.

Mən qeyd etdim ki, iqtisadiyyatdakı ağır vəziyyət əhalinin yaşayış səviyyəsini aşağı salmışdır. Biz bunları bilirik. Vəziyyəti yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür və bundan sonra da görüləcəkdir. Ancaq bir şey də məlumdur ki, xalqımız dözümlüdür, respublikamızın müharibə şəraitində olduğunu başa düşür. Bilir ki, hamımızın ən böyük məqsədi müharibə şəraitindən çıxmaq, işğal olunmuş torpaqlarımızı geri qaytarmaqdır. Ona görə də xalq hər bir əzab-əziyyətə dözür. Azərbaycan xalqı dözümlü olduğunu əsrlər boyu nümayiş etdirmişdir və biz indi də bunun şahidiyik. Mən xalqın dözümünə ehtiramımı bu gün bir daha bildirirəm və onu əmin etmək istəyirəm ki, ağır vəziyyətdən, müharibə şəraitindən çıxmaq, iqtisadiyyatı qaldırmaq, adamların yaşayışını müəyyən qədər yaxşılaşdırmaq üçün lazımi tədbirlər görülür və görüləcəkdir.

Şübhəsiz ki, belə bir şəraitdə ictimaiyyət arasında, daxili həyatda sabitlik çox böyük əhəmiyyət kəsb edir. Güman edirəm ki, vətəndaşlarımızın hamısı bir fikirdədir. Həyatımızdakı bütün çətinliklərin qarşısını almaq üçün milli həmrəylik, vətəndaş həmrəyliyi lazımdır, ictimai-siyasi sabitliyi qoruyub saxlamaq lazımdır. Buna mane olmaq üçün bəzi yerlərdə müəyyən cəhdlər göstərməyə çalışırlar. Lakin onları xəbərdar etmək istəyirəm ki, buna heç vaxt nail ola bilməyəcəklər. Xalq ağı qaradan seçməyi, yaxşını pisdən ayırmağı öyrənmişdir. Onu cürbəcür təxribatçı hərəkətlərlə yoldan çıxarmağa heç kəs cəhd göstərməsin. Çünki bunlar heç vaxt bir nəticə verə bilməz.

Yenə də deyirəm, biz cəmiyyətimizdə demokratik prinsiplərin bərqərar olmasını təmin edirik və edəcəyik, eyni zamanda dövlətin qanunlarının qorunması keşiyində durmuşuq və duracağıq. Demokratiya hərc-mərclik, özbaşınalıq deyil, əksinə, qayda-qanunun daha etibarlı qorunması, ona hamının əməl etməsi deməkdir. Güman edirəm ki, rayonların, nazirliklərin, təsərrüfatların buraya toplaşmış rəhbərləri bu sahədə də fəaliyyətlərini gücləndirəcəklər. Çıxış edənlər də bu məsələlərə toxundular. Zənnimcə, hamı öz vəzifəsini bilir və layiqincə yerinə yetirəcəkdir. Bir sözlə, qarşımızda böyük və çətin problemlər var. Bunların həll olunması üçün hər kəs öz sahəsində məsuliyyətlə çalışmalı və əlindən gələni etməlidir.

Güman edirəm ki, bugünkü müşavirəmiz bu sahədə görüləcək işlər barədə sizə lazımi yol göstərir və hamımız bu yolla gedəcəyik. Arzu edərdim ki, bugünkü söhbətlərimiz həm pambıqçılıqda, həm də kənd təsərrüfatının başqa sahələrində, ümumiyyətlə, iqtisadiyyatda ciddi dönüş yaratmaq üçün müəyyən əsas olsun. Bu vəzifələrin yerinə yetirilməsində hamınıza müvəffəqiyyətlər arzulayır və əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan xalqı bundan sonra daha da birləşəcək, öz qüdrətini göstərəcək və xalqımızın bütün təbəqələrinin birgə fəaliyyəti nəticəsində ölkəmiz bu ağır vəziyyətdən çıxacaqdır.

Sağ olun, sizə cansağlığı, xoşbəxtlik arzulayıram.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf