Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyənin «Sabançı Holdinq» şirkətinin idarə heyətinin sədri Sakip Sabançının başçiliq etdiyi nümayəndə heyəti ilə görüşü - Prеzidеnt sаrаyı, 11 nоyаbr 2002-ci il


Hörmətli Sabançı!

Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda səmimi-qəlbdən salamlayıram.

Mənim xahişimlə Azərbaycana belə böyük qrupda gəlməyinizi çox yüksək qiymətləndirirəm.

Hörmətli Sabançı ilə son vaxtlar bir neçə dəfə danışıqlarımız, görüşlərimiz olmuşdur. Mən onu Azərbaycana dəvət etmişdim. Ancaq nəyi isə gözləyirmiş. İndi artıq həm özü gəlib, həm də özü ilə bərabər Azərbaycana çox mötəbər insanlar, Türkiyənin hörmətli iş adamlarını gətiribdir. Bu, Azərbaycan üçün çox böyük hadisədir. Çünki Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyədən Azərbaycana хеyli kiçik, orta, böyük iş adamı gəlibdir. Amma indi gələn ən böyük iş adamlarından biri Sabançıdır. Ümumiyyətlə, Türkiyədə Sabançıya bərabər ikinci iş adamı yoxdur. Ona görə bunu heç müqayisə etməyə ehtiyac yoxdur. Mən bu səfəri qiymətləndirirəm, bizim ictimaiyyət də buna çox böyük əhəmiyyət verir.

Mən sizi Türkiyədə dəvət edəndən sonra və məlum olanda ki, Azərbaycana gələcəksiniz, sizin bu səfərinizə böyük maraq var idi. Nəhayət, siz bunu həyata keçirdiniz. Ancaq mən burada bir məna da görürəm. Görünür ki, Sabançı 3 noyabr seçkilərinin keçməsini gözləyirmiş ki, məclis seçilsin və ondan sonra Azərbaycana gələsiniz.

Sakip Sabançı: Onda daha yaxşı olacaqdı.

Heydər Əliyev: Onda daha yaxşı olur. Mən bilirəm ki, siz bu seçkilərin nəticəsini bəyənmisiniz.

Sakip Sabançı: Bəyənmişəm.

Heydər Əliyev: Bəyənmisiniz və demisiniz ki, daha da yaxşıdır ki, indi Türkiyədə bir partiya iqtidarda olacaqdır. Bu sizin sözlərinizdir, qəzetdə yazmışdılar, mən oxudum. Mən düşünürəm, yəqin siz gözləyirdiniz ki, Azərbaycana məhz yeni bir parlament, hökumət seçiləndən sonra gələsiniz. Amma baxmayaraq, bilirəm, sizin hökumətdən heç bir asılılığınız yoxdur. Hər bir hökumətin vaxtında, hər bir iqtidarın vaxtında Sabançı Sabançı olaraq qalıbdır. Çox vaxt iqtidarın, hökumətin Sabançıya ehtiyaçı olur, nəinki Sabançının hökumətə.

Çünki bazar iqtisadiyyatının qanunu belədir. Sərbəst iqtisadiyyatdır, iş adamı sərbəstdir, heç kəsdən də asılı deyildir. Öz işini normal görür, ölkəsinə mənfəət gətirir, vergiləri verir, büdcəni doldurur və beləliklə də onun müstəqilliyi başqalarına nisbətən daha da çoxdur, yüksəkdir.

Məmnunam ki, siz Türkiyədə yeni bir həyat başladığı zaman Azərbaycana gəlmisiniz. Mən bunu da çox qiymətləndirirəm. Fürsətdən istifadə edərək, Türkiyə Cümhuriyyəti və xalqını seçkilərin uğurlu keçməsi münasibətilə bir daha təbrik edirəm. Mən seçkilərdə qalib gələn partiyanın başqanı hörmətli Ərdoğanı dərhal telefonla təbrik etdim, ona uğurlar dilədim. Müxalifətdə olan, seçkilərdə ikinci yeri tutan partiyanın başqanı hörmətli Dəniz Baykalı da təbrik etdim, ona uğurlar arzuladım. Güman edirəm, yaxın vaxtlarda yeni hökumət yaranacaq və Türkiyə iqtisadi məsələlərin həll olunmasında daha da uğurlu işlər görəcəkdir. Belə bir vaxtda sizin buraya gəlməyiniz onu göstərir ki, Türkiyə–Azərbaycan iqtisadi əlaqələri daha da genişlənəcəkdir.

Siz Azərbaycanı görəcəksiniz, onun bu günkü həyatını görəcəksiniz və burada hansı işləri görəcəksinizsə, təbiidir, onu da özünüz müəyyən edəcəksiniz. Mən sizə təşəkkür edirəm.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Sakip Sabançı dedi:

– Hörmətli Prezident, çox sağ olun. Mən bilirəm ki, 35 ildən bəri gözəl bir xalq üçün xidmət göstərirsiniz. Siz bir memar olaraq, bir çox sahələrdə olduğu kimi, ölkənizin irəliyə getməsi üçün də əvəzsiz işlər görmüsünüz. Əgər son on ili keçmiş illərlə müqayisə etsək, yeni ruh insanların gördüyü işi sürətləndirdi. Dövlət müəssisələri vaxtilə çox önəmli və yolgöstərici idi. Bu gün məmləkətinizdə 15-16 ədəd özəl universitet yaratdınız. Dövlətin də universitetləri var idi. Ancaq əskidən yalnız dövlətin universitetləri varkən, rəqabət məsələsi gündəmə gəlmirdi. İndi rəqabət dövrüdür. Müqayisə etsək, dövlət sektorundakı universitetlər özəl sektorlardakı universitetlərlə birlikdə yeniliklər gətirəcəkdir. Hansı sahə olur-olsun, hansı insan idarə edir-etsin, aparılan rəqabət insanlara məmnunluq gətirir.

Mən zati-alinizi İstanbulda dinləyərkən çox təsirləndim. Sonra hörmətli naziriniz Fərhad bəyi dinlədiyim zaman ayrıca təsirləndim. Sizin enerji sahəsində inkişafınızın hədəflərə çatmasını qiymətləndirərkən tamamilə təsirləndim. Zati-aliniz kürsüdə danışarkən, «Çalışsan da, çalışmasan da mən səni dəvət edəcəm» – dediniz. Bu, bir məsələni anladır. Yəni təşəbbüs xeyirlidirsə, insanlığa, ölkələrə fayda verirsə, belə təşəbbüslər həyata keçirilməli, təşviq olunmalıdır. Bu məhz bunu anladır.

Enerji sahəsində zati-alinizin rəhbərliyi ilə məmləkətinizdə son ildə görülən işlərə, inkişafa görə Sizə hər kəs mütləq təşəkkür edir və biz də təşəkkürümüzü bildiririk. Arzu edirik ki, uzun illər yaşayın, rəhbərliyiniz davam etsin və iki qardaş ölkə kimi dialoqlarımız daha da yaxşı olsun.

Mən bir eyibli işimi də söyləmək məcburiyyətindəyəm. Bu gözəl məmləkətinizə indiyə kimi gələ bilməmişəm. Bundan çox peşmanam. Amma bu keçmişdir. İndi irəliyə baxmaq daha yaxşıdır. Artıq ölkəmdə seçkilər başa çatdı. Əvvəllər söyləyirdim ki, partiyalar haqqında qanunları dəyişdirin, seçkilər haqqında qanunu dəyişdirin və ondan sonra seçkilərə gedin.

Bu qanunların dəyişməsini bir səbəbə görə istəyirdim. Bu səbəb güclü, davamlı hakimiyyətin gəlməsi idi, buna həsrət idik, bunu gözləyirdik. Bunu partiya liderlərinə anlada bilmədik. Söylədik, söylədik – hamısı havada uçub getdi. Amma xalqımız səs verdi, liderlərin görə bilmədiyi işi xalq gördü.

Xalq nə etdi? Təkbaşına güçlü bir hakimiyyət yaratdı. Bu, təşəbbüs yolunu açacaq, evimizin içində, digər məmləkətlərdə görəcəyimiz işlərin, qoyacağımız sərmayələrin yolunu açacaqdır. Bundan hər kəs zövq alırsa, deyirəm ki, irəliyə gedəcəyik.

Qonaqpərvərlik göstərib bizi qəbul etdiyinizə görə, zati-alinizə bir daha təşəkkürümü bildirirəm. Cənab Prezident, icazənizlə, dəyərli həmkarlarım Sizə öz fəaliyyətləri barədə qısa məlumatlar versinlər.

Nihat Gökyigit («Tekfen holdinq»in idarə heyətinin sədri): Möhtərəm Prezident, mən buraya yenidən gəlmişəm. Şirkətimiz neft sənayesində Azərbaycanın yüz ildən də artıq olan çox qiymətli təcrübəsindən istifadə edərək, gözəl bir qrup yaratdı, onu müasir texniki avadanlıqla, tikinti materialları ilə təmin etdik. Bu qrup yaxşı işlər görübdür. Bakı–Supsa boru xəttinin Azərbaycan hissəsini tamamladıq. Eyni zamanda, burada neft sahəsində davamlı işlər görür. Ən önəmlisi isə, Bakıdakı bir terminalı tikməkdəyik.

Burada ikinci bir iş də görürük. Bayılda sizin gəmi təmiri zavodunuz var. O, sovet vaxtından qalıbdır və köhnəlibdir. Biz onun bir hissəsini aldıq, sərmayə qoyduq və müəyyən xidməti işlər görməyə başladıq.

Heydər Əliyev: O, Dövlət Neft Şirkətinin işləridir?

Nihat Gökyigit: Bəli. İndi daha böyük işlər var. Biz oranı tamamilə bərpa edirik və 25 milyon dollar sərmayə qoyacağıq. Həmçinin, gələcəkdə burada neft şirkətlərinə 120 milyon dollarlıq iş görəcəyik. Mən başqa işləri demirəm, amma yeri gəlmişkən, bir xahiş edəcəyəm. Hər il İstanbulda keçirilən «Üç dənizin hekayəsi» konfransında Siz buna yeni bir ad tapdınız, «Üç dənizin əfsanəsi» dediniz. Biz buna çox sevindik. Amma dediniz ki, Bakı–Tbilisi–Ceyhan əfsanəsi artıq bitdi. Yeni əfsanələr axtarın. Biz də axtarmağa başlamışıq.

Cənab Prezident, hər il iyunun 6-da İstanbulda keçiriləcək toplantımızda Sizin iştirakınızı çox arzu edirik. Bu toplantı dünyadakı ən böyük neft şirkətlərinin inkişafına xidmət edir. Türkiyə və Azərbaycanın iqtisadi inkişafında çox böyük xidmətlər göstərdiniz. Bunlardan biri də İstanbulda hər il keçirilən «Üç dənizin əfsanəsi» adlı konfransda iştirak etməyə qərar verməyinizdir. Təşəkkür edirəm.

Heydər Əliyev: Mən sizin konfransınızı həmişə dəstəkləmişəm. Bunu bilirsiniz. Son dəfə də sizin konfransda iştirak etdim və bundan çox məmnun oldum. Siz konfransın adını «Üç dənizin hekayəsi» qoymusunuz. Mən isə dedim, bu, «Üç dənizin əfsanəsi»dir. Amma biz bu əfsanəyə son qoyduq.

Əvvəllər onlar fikirləşirdilər ki, üç dəniz nə olacaqdır. Bakı–Tbilisi–Ceyhan boru xətti ilə biz üç dənizin əfsanəsini qurtardıq. Xəzər dənizini, Qara dənizi və Aralıq dənizini birbiri ilə bağlayırıq. 15–20 il bundan öncə Türkiyədə, Azərbaycanda heç kəsin ağlına gəlməzdi ki, belə bir şey ola bilər. Amma artıq bu gerçəklikdir, biz bunu etmişik. İndi sizin şirkətiniz burada terminal tikir. İlk neft bu terminalda toplanacaq, oradan Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Ceyhan limanına gedəcəkdir.

Nihat Gökyigit: Yeni əfsanə özərində çalışırıq. Sizin dəstəyinizə böyük ehtiyacımız var.

Heydər Əliyev: Siz elə bir əfsanə tapın ki, o məni cəlb etsin, oraya gələ bilim.

Nihat Gökyigit: Azərbaycan qazının Türkiyəyə çatdırılması və oradan Avropaya göndərilməsi. Bu da bir əfsanədir, amma həqiqət olacaqdır. Növbəti konfransda bu məsələni müzakirə edəcəyik. Əgər bu konfransa gəlsəniz, çox məmnun olarıq.

Heydər Əliyev: Əgər konfransda bu məsələni müzakirə etsəniz, mən gələrəm.

Sakip Sabançı: Hörmətli Cümhur başqanım, bizim bir qərarımız da var. Əgər gəlsəniz, mənim universitetimə, muzeyimə də gedəcəksiniz. Mən də Nihat bəyə qoşularaq deyirəm ki, əgər həmin konfransa gəlsəniz, bundan böyük şərəf duyacağıq.

Heydər Əliyev: İnşallah.

Zeynalabdin Ensey («Türk–Amerika» işbirliyinin rəhbəri): Möhtərəm Prezident, hamınızı hörmət və ehtiramla salamlayıram. Mən İstanbulda yerləşən bir toxuculuq fabrikinin sahibiyəm. Bir ipək fabrikimiz, İzmirdə konteyner zavodumuz da var. Digər sahələrdə də fəaliyyət göstəririk. Mən də Azərbaycana ilk dəfə gəlirəm. Biz digər türkdilli respublikaları gəzdik, amma buraya gəlmək qismət olmamışdı. Amma indi gəlmişəm, Sizinlə görüşməkdən çox məmnunam. Burada bir çox işlər görmək barədə düşüncələrimiz var. Çünki Sizi çox sevirik. Azərbaycan bizim qardaşımızdır. Siz də onun çox hörmətli, sevimli cümhur başqanısınız. Ona görə də Sizi bir daha ehtiramla salamlayıram.

Heydər Əliyev: Təşəkkür edirəm, çox sağ olun.

Bülənd Əczaçibaşı («Əczaçıbaşı Holdinq»in idarə heyətinin sədri): Hörmətli Cümhur başqanım, hüzurunuzda olmaqdan çox böyük qürur duyuram. Mən buraya ikinci dəfədir gəlirəm. Çox gözəl ölkənizə birinci dəfə gəlməyimdən xeyli vaxt keçibdir. 9-cu cümhur başqanımız hörmətli Süleyman Dəmirəl ilə gəlmişdim. Keçən illər ərzində Azərbaycanda baş verən inkişafı, dəyişikliyi gördük, heyran olduq. Buraya gəlməyimdən on il keçib və aradakı fərqi görməmək mümkün deyildir. Biz bu inkişafı həm izləyirik, həm də bunun bir parçası olmaq arzusundayıq. Azərbaycanda bir çox sahələrlə əlaqələrimiz var. Sərmayə qoymaq üçün imkanları araşdırmaq istəyirik. Qarşıdakı illərdə Azərbaycana sərmayə qoymağı gözləyirik və onun həcmini artırmağı planlaşdırırıq. Azərbaycana sərmayə qoymaq bizim üçün şərəfdir. İnşallah, əlaqələrimizi irəliyə aparacağıq. Minnətdaram.

Ərdoğan Dəmirörən («Dəmirörən şirkətlər qrupu»nun sədri): Cənab Prezident, biz Türkiyədə evlərə qaz sahəsində xidmət göstərən ikinci qrupuq. 25 vilayətdə fəaliyyət göstəririk. Eyni zamanda, ağır sənaye ilə, təhsil və digər işlərlə də məşğuluq. Bir neçə ildir ölkənizlə əlaqədəyik. Buraya sərmayə qoymaq üçün mütəxəssislərimiz araşdırmalar aparırlar. Hazırda son məlumatları gözləyirik. Onları aldıqdan sonra Sizin təbii qaz boru xətləri keçən bölgələrdə stansiyalar qurub, bəzi işləri görmək istəyirik.

Bu mənim Azərbaycana ikinci səfərimdir. Ölkənizdə əminamanlığı, sabitliyi görməkdən məmnunuq. Biz Sizinlə hər zaman çalışmağa hazırıq. İnşallah, birgə işlərimiz olacaqdır. Bizi dinlədiyiniz üçün hörmət və ehtiramımı bildirirəm.

Hüsaməddin Kavi («Kavi Kablo» şirkəti idarə heyətinin və İstanbul Sənaye Palatasının sədri): Hörmətli Cümhur başqanım, şirkətimiz bir neçə ildir energetika sektorunda fəaliyyət göstərir. Hörmətli nazirinizlə iyun ayında İstanbul Sənaye Palatasında görüşmüşdük. Orada 50-dən çox sənaye şirkətinin rəhbərləri hörmətli naziri dinləmiş, düşüncələrini paylaşmışlar.

Həmkarlarımız Azərbaycana sərmayə qoymaq, yeni layihələr həyata keçirmək üçün məlumat əldə etmişlər. İnanıram ki, onların bu sahədəki çalışmaları nəticə verəcəkdir. Çünki Bakı–Tbilisi–Ceyhan boru kəmərinin bölgənin enerji ehtiyatlarından istifadədə oynayacağı böyük bir rol yeni iş yerləri, sərmayə imkanları açacaqdır. Biz bundan sonra da əlaqələrimizi inkişaf etdirməyi və xalqlarımıza sədaqətlə xidmət etməyi düşünürük. Bizi qəbul etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Sakip Sabançı: Hörmətli Cümhur başqanım, bütün həmkarlarım adından Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Mən sizə təşəkkür edirəm ki, Azərbaycana gəlmisiniz və sizinlə bu qədər iş adamları gəlibdir. Mən bunu sadə bir hadisə hesab etmirəm. Bunun nəticəsi olacaqdır. Mən buna inanıram. Bu da Türkiyə iş adamlarının Azərbaycanda iş alması məsələsini daha da irəliyə aparacaqdır.

Mənim İstanbulda Türkiyənin iş adamları ilə görüşməyim –çox məmnunam ki, siz o görüşdə iştirak edirdiniz, biz bir yerdə söhbət etdik – bu məqsədi daşıyırdı ki, onları bir daha Azərbaycana dəvət edim, Azərbaycana gəlməyə həvəsləndirim. Onlara bir daha deyim ki, siz Türkiyədə, başqa ölkələrdə iş görürsünüz. Ancaq Azərbaycanda da iş görməyin sizə də, Azərbaycana da faydası var və Azərbaycan–Türkiyə əlaqələrinin inkişaf etməsində çox böyük əhəmiyyəti var.

Mənim cibimdə Sabançinin kartı var. Bunu görürsənmi? Sən bunu mənə orada verdin, elədirmi?

Sakip Sabançı: Bəli, görürəm.

Heydər Əliyev: Sən elə bildin ki, mən bunu alıb nə isə edəcəyəm. Cibimdə saxlamışam. Dedim ki, Sabançi Bakıya gələnə qədər bu mənim cibimdə qalmalıdır. O gəlsin, burada işlərimizi birlikdə görək.

Nihat Gökyigit: Cənab Prezident, o özünü ələ vermişdir. Yəni artıq buradan qaça bilməz.

Heydər Əliyev: Yox, o buradadır. Bu, onun pasportudur, mənim cibimdədir. Sizə bir daha təşəkkür edirəm.