Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident sarayında respublikanın kənd təsərrüfatında 1994-cü ilin birinci yarısının yekunlarına və islahatların keçirilməsi vəziyyətinə həsr olunmuş müşavirədə giriş sözü - 18 avqust 1994-cü il


Bildiyiniz kimi, respublika iqtisadiyyatının böyük bir sahəsi olan sənaye və tikintidə mövcud vəziyyəti təhlil etmək, işlərin sürətləndirilməsinə yönəldilən tədbirlər görmək üçün avqustun 11-də geniş müşavirə keçirmişik. Bu gün belə bir müşavirə də kənd təsərrüfatı, aqrar-sənaye kompleksi ilə əlaqədar toplanıb.

Məlumdur ki, respublikanın iqtisadiyyatı ağır böhran keçirir. Bunun səbəbləri aydındır və dəfələrlə izah edilib. Ancaq bu böhran dövründə də respublikanın mövcud potensialından səmərəli istifadə olunmur, qarşıda duran problemlərin həllində səhvlərə yol verilir, çətinliklər meydana çıxır və biz bu sahədə işimizi istənilən səviyyədə qura bilmirik.

Respublikanın müharibə şəraitində olduğu bir dövrdə iqtisadiyyatın mühüm əhəmiyyət kəsb etdiyini subut etməyə ehtiyac yoxdur. Ona görə də biz iqtisadiyyatla daim məşğul olmalı, onun inkişafı üçün lazımi tədbirlərin həyata keçirilməsini təmin etməliyik. İqtisadiyyat sahəsində siyasətimiz məlumdur, aydındır. İqtisadiyyatımız keçid dövrü yaşayır. Həmin dövrdə iqtisadi islahatlar sürətlə, dayanmadan həyata keçirilməli, onların səmərəliliyi təmin olunmalıdır. Bu sahədə müəyyən işlər görülur, ancaq bunu kafi, qənaətbəxş hesab etmək olmaz. Biz gecikirik, ləngiyirik. Bununla yanaşı, hər gün, hər ay iqtisadiyyatdan müəyyən nəticələr gözləməliyik. İqtisadiyyat respublika həyatının yaşamasını təmin etməlidir. Bunun üçün, iqtisadiyyatın yeni yollarla getməsi üçün tədbirlər görülməli, digər tərəfdən, iqtisadiyyatın, o cümlədən kənd təsərrüfatının, aqrar-sənaye kompleksinin bütün imkanlarından səmərəli istifadə olunmalıdır.

Bugünkü müşavirə kənd təsərrüfatının, aqrar-sənaye kompleksinin cari məsələləri, ilin ikinci yarısında qarşıda duran vəzifələrin yerinə yetirilməsi ilə əlaqədardır. Ona görə də biz əvvəlcə ilin birinci yarısında görülmüş işlərin yekunlarını aydınlaşdırmalı və ilin ikinci yarısı, bəlkə də daha çox müddət üçün qarşıda duran vəzifələri müəyyənləşdirməliyik.

Keçid dövründə iqtisadiyyatda, kənd təsərrüfatında, aqrar bölmədə istifadə olunmayan ehtiyatlarımız çoxdur. Nazirliklərdə, yerli hakimiyyət və kənd təsərrüfatı orqanlarında işlərin yaxşı qurulmaması, pis səviyyədə aparılması nəticəsində mövcud imkanlardan lazımınca istifadə olunmur və kənd təsərrüfatı məhsulları istehsalı ildən-ilə aşağı düşür. Ona görə də yenə deyirəm, biz bu gün həmin cari məsələləri müzakirə etməli, təhlil etməli, eyni zamanda, bununla paralel olaraq, iqtisadiyyatın yeni yolla getməsi üçün lazımi tədbirlər görülməsi barədə fikir mübadiləsi, söhbət aparmalıyıq.

Müşavirəmiz bax, bu mövzuya həsr olunmuşdur. Xahiş edirəm bunu nəzərə alasınız. Buraya respublika nazirliklərinin, baş idarələrinin, şirkətlərin rəhbərləri, həm də kənd təsərrüfatı rayonları rəhbər orqanlarının işçiləri böyük tərkibdə dəvət olunmuşdur. İstərdim ki, vəziyyət həm obyektiv təhlil edilsin, həm də indiki vəziyyətdə hansı yollarla getməli, hansı tədbirlər görməli olduğumuz müəyyənləşdirilsin. Biz aydınlaşdırmalıyıq ki, birinci dərəcəli hansı tədbirləri həyata keçirməliyik ki, kənd təsərrüfatının geri qalmış hissəsinin səmərəli işləməsini təşkil edək, məhsul istehsalını artıraq, bu məhsullardan əhalinin tələbatının ödənilməsi, iqtisadiyyatımız, sənayemiz üçün istifadə olunması imkanlarını genişləndirək. Məqsəd bundan ibarətdir...

Yekun sözü

Bugünkü müzakirə bir daha göstərdi ki, iqtisadiyyatımız və onun mühüm sahəsi olan kənd təsərrüfatı, aqrar-sənaye kompleksi həm müstəqil Azərbaycanın həyatı üçün çox əhəmiyyətli sahədir, eyni zamanda bu sahədə çox ciddi problemlər və çatışmazlıqlar var. Tam qətiyyətlə demək olar ki, aqrar-sənaye bölməsi ağır vəziyyətdədir. Bunun obyektiv səbəbləri də var, lakin subyektiv səbəbləri daha çoxdur. Bu da ondan ibarətdir ki, son illərdə kənd təsərrüfatı istehsalına diqqət azalmış, keçid dövründə bəzi qeyri-qanuni hallara yol verilmiş, kənd təsərrüfatı rayonlarının imkanlarından lazımi səviyyədə istifadə olunmamışdır. Builki göstəricilərdən də görünür ki, tənəzzül davam edir. Bu, dözülməz haldır.

Azərbaycan iqtisadiyyatının böyük bir hissəsini kənd təsərrüfatı təşkil edir. Əhalinin, demək olar, yarısı, bəlkə də bir qədər azı kənd yerlərində yaşayır, yəni kənd təsərrüfatı ilə məşğuldur. Bizim çox münbit torpaqlarımız var və bu, xalqımızın milli sərvətidir. Həmin torpaqlardan, ümumiyyətlə, kənd təsərrüfatına aid olan təbii sərvətlərdən səmərəli istifadə etmək bizim borcumuzdur. Xüsusən də indiki dövrdə. Əvvəla, ona görə ki, indi Azərbaycan müstəqil dövlətdir, xalqımız öz taleyinin sahibidir. Deməli, torpağımızdan nə qədər səmərəli istifadə etsək, respublikamız, xalqımız, hər bir vətəndaş bundan fayda götürəcəkdir. İkincisi, Azərbaycan Respublikası müharibə şəraitindədir. Ermənistan Respublikasının təcavüzü nəticəsində biz müharibə aparırıq. Müharibə gedən bir ölkədə kənd təsərrüfatına çox böyük ehtiyac var. Çünki ərzaq məhsullarının əsas mənbəyi kənd təsərrüfatıdır. Ona görə də bu sahəyə xususi diqqət verilməlidir. Məsələn, əgər 1941-45-ci illərin təcrübəsini götürsək, görərik ki, sənayenin əsas hissəsi ancaq cəbhə üçün, qələbəni təmin etmək üçün səfərbər olunmuşdu. Ancaq kənd təsərrüfatı çox ciddi nəzarət altında idi. Çünki həm cəbhəni, həm də əhalini ərzaqla və başqa zəruri şeylərdə kənd təsərrüfatı təmin etməli idi. İndi də belədir. Ancaq, bayaq dediyim kimi, təəssüf ki, son dövrdə Azərbaycanın kənd təsərrüfatı ildən-ilə tənəzzülə uğrayır və bu il də belə vəziyyətdəyik. Ona görə də biz son vaxtlar belə görüşlər keçirərək kənd təsərrüfatının vəziyyətini müzakirə etmişik. Bundan məqsəd mövcud şəraitdə imkanlarımızdan istifadə edərək kənd təsərrüfatında məhsuldarlığı artırmaq və ölkəni, xalqı ərzaqla, sənayeni xammalla təmin etməyə nail olmaqdır. Güman edirəm ki, mövcud imkanlar bu sahədə yüksək nailiyyətlər əldə etməyə şərait yaradır. Lakin biz bu imkanlardan istifadə etmirik. Bugünkü müşavirədən də məqsəd odur ki, özümüzü, bütün kənd əməkçilərini, kənd təsərrüfatı ilə məşğul olan bütün nazirlikləri, idarələri, müəssisələri bir daha səfərbər edək ki, həm ilin sonunadək əldə olunacaq məhsulların miqdarını, istehsalını artıraq, həm də gələn il üçün etibarlı zəmin yaradaq.

Bununla yanaşı, müşavirənin əvvəlində qeyd etdiyim kimi, kənd təsərrüfatında istənilən səviyyəyə qalxmaq üçün, dünyanın inkişaf etmiş ölkələrinin bu sahədəki nailiyyətlərinə çatmaq üçün biz kənd təsərrüfatında da iqtisadi tədbirlər görməliyik. Yəni iqtisadi islahatlar keçirməli, kənd təsərrüfatının idarə olunmasını, mülkiyyət formasını dəyişdirməliyik. Bu, ümumən iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında strateji yolumuzdur. Biz bu yolla getməliyik, bundan ötrü daha ciddi tədbirlər görməliyik.

Təsadüfi deyil ki, mən nə kimi işlər görüldüyü barədə həm kənd təsərrüfatı nazirinə, həm də baş nazirin müavini Abbas Abbasova sual verdim. Danışıq, şüarlar, çağırışlar çoxdur. Ancaq əməli iş, demək olar, yoxdur, yaxud da ki, çox azdır. Beləliklə, yerimizdə saymaqla kənd təsərrüfatı daha da ağır vəziyyətə düşə bilər. Çünki kənd təsərrüfatının idarə olunmasının, təşkilinin mövcud formaları öz nəticəsini vermir. "Adıgün" kolxozunun sədri Bayraqdarovla bizim söhbətimiz buna əyani sübutdur. Mənim suallarıma onun verdiyi cavablardan, zənnimcə, bütün müşavirə iştirakçıları özləri üçün aydın etdilər ki, islahatları nə qədər tez aparsaq, kənd təsərrüfatı məhsulları istehsalını bir o qədər sürətlə artıracağıq. Təkcə bu deyil. Məsələn, Bayraqdarov deyir: kənddə yaşayan hər bir adama 0,25 hektar torpaq sahəsi verilmişdir. Bunun 0,15 hektarından götürulən məhsul onu tam təmin edir. İctimai təsərrüfatda isə bu qədər sahədən həmin məhsulun heç onda biri də götürülmür. Məgər bu, subut etmirmi ki, biz mülkiyyət formasını dəyişdirməli, islahatlar aparmalıyıq? Yaxud, mən ictimai təsərrüfatda və fərdi təsərrüfatlarda nə qədər mal-qaranın olduğunu soruşdum.

Beyləqan rayon icra hakimiyyətinin başçısına verdiyim sualdan məqsəd də bunu aydınlaşdırmaq idi. O dedi ki, ictimai təsərrüfatlarda 230 min baş davar var idi, indi 85 min baş qalmışdır. Bu, şübhəsiz, rayonun iqtisadiyyatına böyük zərbədir. Kəndli təsərrüfatlarındakı davarın sayı isə bundan üç dəfə artıqdır. İndi ictimai təsərrüfatdan fərdi təsərrüfata doğru gedirik. Əgər rayonda mal-qaranın sayı azalmayıbsa, əksinə, artıbsa, onun bir sektordan digərinə keçməsi təhlükəli bir şey deyildir, bəlkə də inkişafdır. Yaxşı bilirik ki, müşavirə iştirakçılarının əksəriyyəti kənd təsərrüfatı ilə uzun müddət məşğul olmuş şəxslərdir.

On il, iyirmi il bundan əvvəl hər bir kəsin öz həyətində saxladığı mal-qaradan götürdüyü məhsul kolxoz və sovxozda saxlanılan mal-qaranın məhsuldarlığından xeyli yuxarı idi. Əgər bu, doğrudan da belədirsə, belə dəyişikliklər varsa, onda bunun qarşısını suni sürətdə almaq nəyə gərəkdir? Biz burada niyə iri addımlar atmayaq? Yox, mutləq atmalıyıq. Mən bunu bu gün tam qətiyyətlə deyirəm və Nazirlər Kabinetindən, İqtisadiyyat Nazirliyindən, Kənd Təsərrüfatı Nazirliyindən, digər əlaqədar nazirlik və təşkilatlardan, bu sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, yerli hakimiyyət orqanlarından, icra hakimiyyətinin başçılarından, hətta təsərrüfat rəhbərlərindən də tələb edirəm ki, bu istiqamətdə təcili tədbirlər görsünlər. Şübhəsiz ki, bu işi kortəbii sürətdə, necə gəldi aparmaq olmaz. İşi elə həyata keçirmək lazımdır ki, bu tədbirlərin yüksək nəticələrini görək. Lakin hər dəfə söz verib, əslində isə köhnə idarə üsulundan yenə də əl çəkməmək bizi bundan sonra daha da geri sala bilər.

Məsələn, mən Bayraqdarova cəsarətlə dedim ki, siz işi necə lazım bilirsinizsə, eləcə də aparın, öz təklifinizi irəli sürün və biz də sizə tam səlahiyyət verərik. Nə üçün? Çünki mən Bayraqdarovu da tanıyıram, onun başçılıq etdiyi təsərrüfatda vəziyyətdən də halıyam, onu da bilirəm ki, orada çalışanlar çox əməksevər adamlardır, heç vaxt itkiyə yol verməzlər. Elə Bayraqdarovun özü də belə hallara qətiyyən yol verməz. Axı o, bu təsərrüfata 27 ildir rəhbərlik edir. Özü də çox muvəffəqiyyətlə! Buna görə də mən ona ixtiyar verirəm ki, necə istəyir, elə də hərəkət etsin. Çünki görürəm ki, bu adam daha köhnə üsullarla işləmək istəmir, təsərrüfatı köhnə üsullarla idarə etmək fikrində deyildir. Hətta öz çıxışından da məlum oldu ki, müəyyən tədbirlər görmüşdür.

Mən əminəm ki, o, həmin tədbirləri əsaslandırılmış sürətdə həyata keçirmişdir. Ümidvaram ki, Bayraqdarovun özü də, onun rəhbərlik etdiyi kolxoz da bizim kənd təsərrüfatı sahəsində aparacağımız iqtisadi islahatların həyata keçirilməsində nümunə göstərəcəkdir. Bayraqdarovun kolxozu kimi təsərrüfatı hər rayonda tapmaq olar. Onlar cəsarətlə hərəkət edə bilərlər. Lakin bu işləri həmin strateji yolla aparmaq üçün ciddi fəaliyyət göstərmək gərəkdir. Bir daha deyirəm, mən bunu Nazirlər Kabinetindən, nazirliklərdən, yerli hakimiyyət orqanlarından tələb edirəm. İnanıram ki, tezliklə bizə təkliflər təqdim olunacaqdır. Biz onlara hökmən baxacağıq. Bu barədə müvafiq qanunlar da qəbul edilməlidir. Bununla əlaqədar narahat olmağa dəyməz, çünki qanunu hazırlayıb qəbul etmək çətin bir məsələ deyildir. Başlıcası - onun prinsiplərini müəyyən etməkdir. Bunun üçünsə həmin sahədə çalışan mütəxəssislərimiz təşəbbüskarlıq göstərməlidirlər. Bunu etmək bir də ona görə vacibdir ki, cari kənd təsərrüfatı ili sona yetir, növbəti kənd təsərrüfatı ili başlayır. Əgər indidən ciddi hazırlıq görməsək, payızda, qışda lazımi islahatlar aparmasaq, onda 1995-ci ildə də bu yolla gedəcəyik, hətta indiki səviyyədən də aşağı düşə bilərik. Bu, birinci və əsas məsələdir, mən onu sizin qarşınızda qəti şəkildə bir vəzifə kimi qoyuram və tələb edirəm ki, bu məsələ ilə ciddi məşğul olasınız.

Bununla yanaşı, qeyd etdiyim kimi, bugünkü müşavirədən əsas məqsəd imkanlardan istifadə edərək, cari ildə kənd təsərrüfatı məhsulları istehsalını artırmaqdır. Bildiyiniz kimi, kənd təsərrüfatı məsələlərinin müzakirəsi üçün yazdan bəri bir neçə dəfə görüşmüşük. Hər dəfə də qarşıya vəzifələr qoymuşuq. Vəzifə birinci növbədə respublikada taxıl məhsulları istehsalını artırmaqdır. Taxıl bizim üçün gərəkli məhsuldur. Respublikamız keçmişdə də özünu taxılla təmin etməmişdir, elə indi də təmin edə bilmir. Ancaq keçmişdə bu sahədə böyük çətinliyimiz yox idi. Respublikanı təmin etmək üçün kənardan istənilən miqdarda taxıl məhsulları gətirirdik. Bir sözlə, heç bir problem olmurdu. Amma indi problem var. Bu da ondan ibarətdir ki, indi kənardan taxıl almaq bizim üçün çox çətindir, çünki buna valyuta sərf edilir. Odur ki, respublikada taxıl istehsalını artırmaq lazımdır. Bunun üçün isə daxili imkanlarımız genişdir. Biz bu barədə hələ ilin əvvəllərində danışmışdıq, vəzifələri müəyyənləşdirmişdik, həm nazirliklər, həm də rayon rəhbərləri qarşısında vəzifələr qoymuşduq. Bizə hətta vəd etmişdilər ki, bu il yaxşı taxıl məhsulu gözlənilir, taxıl istehsalı artacaqdır. Deməli, taxıl məhsulları tədarükü də artacaq, taxıla və taxıl məhsullarına tələbatın bir hissəsini respublikanın özü ödəyəcəkdir. Lakin bugünkü müzakirə göstərir ki, verilmiş vədlər yerinə yetirilməmişdir.

Burada kənd təsərrüfatı naziri bəzi obyektiv səbəblərdən danışdı - guya yağış yağdı, zəmilərdə taxıl yerə yatdı. Əlbəttə, yağış da yağa bilər, hava da pis keçə bilər. Lakin kənd təsərrüfatı işləri həmişə gərək elə aparılsın ki, bəzi təbii hallar nəzərə alınaraq, müəyyənləşdirilmiş miqdarda məhsul götürülsün. Axı elə bir il olurmu ki, yağış yağmasın, qar yağmasın, külək əsməsin və ya təbii fəlakət baş verməsin? Heç cür belə il ola bilməz. Hər il haradasa təbii bir hadisə baş verir. Odur ki, təbii halları bəhanə gətirmək olmaz. Belə hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi və taxılçılıqla məşğul olan rayonlarımız vədlərini yerinə yetirməmişlər: söz verilmişdi ki, 1 milyon 400 min tona qədər taxıl istehsal ediləcəkdir, hələlik isə 1 milyon ton məhsul götürülmüşdür. İndi görək bundan sonra nə qədər məhsul əldə ediləcəkdir. Söz veriblər ki, təxminən 400 min ton taxıl tədarük olunacaqdır. Hələlik ki, 260 min ton tədarük edilmişdir. Bu da bizi, şübhəsiz, qane edə bilməz. Ona görə də bu gün mən həm Kənd Təsərrüfatı Nazirliyinə, həm də kənd təsərrüfatı ilə məşğul olan digər nazirliklərə, şirkətlərə, habelə taxılçılıq təsərrüfatlarına və rayon rəhbərlərinə öz narazılığımı bildirmək istəyirəm və tələb edirəm ki, qalan müddət ərzində bu işlə ciddi məşğul olsunlar, istehsalı artırsınlar. Əlbəttə, dövlətə taxıl təhvil verilməsini də artırmaq lazımdır.

Burada Feyruz Mustafayev rayonların nə qədər taxıl istehsal etdiklərinə və nə qədər təhvil verdiklərinə dair bir çox rəqəmlər gətirdi. Bu göstəricilər əsla razı salmır, biz onlarla heç cür razılaşa bilmərik. Mütəxəssislərimiz, Prezident Aparatının işçiləri müəyyən rəqəmlər hazırlamışlar. Həmin rəqəmlərə görə, istehsal edilmiş taxılın təxminən 60-70 min tonunun da dövlətə təhvil verilməsini təmin etmək olar. Ola bilsin ki, bunun üçün müəyyən şərtlər var. O şərtlərə də əməl etmək gərəkdir. Buna görə də Nazirlər Kabinetinə (Abbas Abbasov), Kənd Təsərrüfatı Nazirliyinə, İqtisadiyyat Nazirliyinə (Səməd Sadıqov), Taxıl Məhsulları Şirkətinə (Feyruz Mustafayev) və rayon rəhbərlərinə tapşırıram ki, bu məsələlərlə ciddi məşğul olsunlar və dövlətə taxıl tədarükünü təmin etsinlər. Dövlət müşaviri Arif Rəhimzadə buna nəzarət etməli və bu işlərdə ciddi məşğul olub, mənə mütəmadi sürətdə məlumat verməlidir. Burada bir prinsipi, bir məsələni nəzərə almaq lazımdır ki, indi respublikanın kənardan taxıl almaq imkanı çox məhduddur. Əvvəla, valyuta catışmır. İkincisi isə, alınan taxılın mənzil başına çatdırılması nəqliyyat məsələlərinin çox çətinləşməsi ilə əlaqədar olduqca müşküldür. Odur ki, biz gərək daxili imkanlardan maksimum istifadə edək. Eyni zamanda təsərrüfatlarda xeyli taxıl qalır. Bundan isə kənd zəhmətkeşlərinin tələblərinin ödənilməsi üçün istifadə etmək lazımdır. Bir sözlə, yetişdirilmiş taxılın itkisinə, məhsulu hərənin bir yana çəkib aparmasına yol verilməməli, bu məhsul qorunmalı, dövlətə bacardıqca çox təhvil verilməli, qalan hissəsindən isə rayonlarda, təsərrüfatlarda səmərəli istifadə edilməlidir.

Taxılçılıq kənd təsərrüfatımızın əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq. Buna görə də taxılçılığı əsas sahə hesab edərək, mən müşavirənin bütün iştirakçılarına, taxılçı zəhmətkeşlərimizə müraciət edirəm ki, bu işlə daha ciddi, yorulmadan məşğul olsunlar. İndi gələn ilin məhsulu barədə də düşünmək lazımdır. Aydındır ki, taxılı yığılmış sahələr şumlanmalı, payız əkini üçün hazırlıq görülməlidir. Bu günlərdə biz bir müşavirə keçirdik. Müşavirədə mən kənd təsərrüfatı nazirinə və Taxıl Məhsulları Şirkətinin prezidenti Feyruz Mustafayevə tapşırmışam və bu gün də sizin qarşınızda deyirəm ki, onlar gələn ilin məhsulu üçün, toxum tədarükü üçün başları ilə cavabdehlirlər. Yəni toxum vaxtında hazırlanmalı, təmizlənməli, dərmanlanmalı, keyfiyyətli olmalı və əkin-səpin işləri də vaxtında aparılmalıdır.

Burada çıxış edən rayon icra hakimiyyəti başçılarından biri dedi ki, keçən il əkin işləri dekabr ayında aparılır. Arif Rəhimzadə də qeyd etdi ki, bu iş bəzi rayonlarda dekabrda görülmüşdür. Əgər həmin işlər doğrudan da dekabrda aparılıbsa, bundan böyük məhsul gözləmək də mümkün deyildir. Odur ki, payız şumu, əkini vaxtında aparılmalıdır və gələn il yüksək məhsul götürmək üçün indidən ciddi iş görülməlidir. Yəni taxılçılıq sahəsində vəzifə, bir tərəfdən, sahələrdə qalan məhsulu yığmaqdan, dövlətə taxıl tədarükünü davam etdirməkdən və digər tərəfdən, əldə olunmuş məhsuldan səmərəli istifadə etməkdən, toxum hazırlamaqdan, gələn ilin məhsulunun bünövrəsini etibarlı sürətdə qoymaqdan ibarətdir.

Ümidvaram ki, siz bu vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışacaqsınız. Lakin respublikanın taxılla və taxıl məhsulları ilə təmin olunması üçün əlavə tədbirlər də görülməlidir. Biz bu məsələni bundan öncə üç saat ərzində geniş müzakirə etmişik və vəzifəli şəxslərə tapşırıqlar verilmişdir. Baş nazirin müavini Abbas Abbasov şəxsən bu işlərdə ciddi məşğul olmalıdır. Mən bu barədə ona tapşırıq vermişəm. Kənd təsərrüfatı naziri, Taxıl Məhsulları Şirkətinin prezidenti, digər əlaqədar nazirliklər, baş idarələr ilin sonunadək respublika əhalisinin taxılla və taxıl məhsulları ilə təmin olunması üçün kənardan taxıl alınıb gətirilməsini təmin etməlidirlər. Özü də bununla əlaqədar bütün məsələlər yaxın günlərdə həll olunmalıdır. Təəssüf ki, bu sahə üçün cavabdeh olan orqanlar, vəzifəli şəxslər bəzən həmin məsələlərlə vaxtında məşğul olmurlar. İndi mən sizə açıq deməliyəm, bəzən gəlib bildirirlər ki, on gündən sonra çörək bişirməyə ehtiyatımız yoxdur və təcili tədbirlər görülməlidir. Belə hallar yaramaz və biz onlara daha dözə bilmərik. Odur ki, keçirilən müşavirədə bu barədə göstərişlər verilmişdir. Lakin mən bu sahədə tutduğumuz mövqeni sizə çatdırmaq istəyirəm. Mövqeyimiz bundan ibarətdir ki, ilin axırınadək respublikanı taxılla təmin etmək problemi həll olunmalı, bunun üçün məsuliyyət daşıyan şəxslər müəyyənləşdirilməli və taxılın haradan, hansı nəqliyyat vasitələri ilə gətirilməsi məsələsi aydınlaşdırılmalıdır.

Eyni zamanda 1995-ci ilin birinci yarısı üçün indidən zəruri tədbirlər görülməli, bağlaşmalar imzalanmalı, lazımi yerlərə müraciət edilməli və respublika əhalisini uzun müddət ərzində taxılla və taxıl məhsulları ilə təmin etmək üçün proqram hazırlanmalıdır. Dediyim kimi, baş nazirin müavini Abbas Abbasov bu məsələlərlə məşğul olur və onlar üçün məsuliyyət daşıyır. Bu barədə danışarkən bir məsələyə də toxunmaq istəyirəm. O da çörəyin keyfiyyəti məsələsidir. Yəqin ki, bu məsələ digər şəhər və rayonlarımızın sakinlərini də narahat edir. Hər halda Bakıda bişirilən çörəyin keyfiyyəti çox aşağıdır. Çörəkbişirmə idarəsi gərək ki, Taxıl Məhsulları Şirkətinə tabedir. Onların işində çox ciddi nöqsanlar var. Çörək zavodlarının işində də nöqsanlar az deyildir. Çörəyin keyfiyyəti yalnız ona görə aşağı deyildir ki, respublikamızda istehsal edilən taxılın çörək üçün keyfiyyəti aşağıdır, yaxud başqa komponentlər catışmır. Yox, təkcə buna görə deyildir.

Bunu tam açıqlığı ilə demək lazımdır: təəssüf ki, respublikanın bu ağır şəraitində, taxıl və taxıl məhsulları ilə təminatın çətin olduğu indiki dövrdə ayrı-ayrı vəzifəli şəxslər bu fürsətdən istifadə edərək oğurluqla məşğul olur, vəzifələrindən sui-istifadə edir, taxılın alınıb gətirilməsində cürbəcür əyri yollara gedir, şəxsi mənafelərini ümumi mənafedən, dövlətin, xalqın mənafeyindən üstün tuturlar. Çörək zavodlarında un, çörək oğurlanır, müxtəlif əyintilərə yol verilir. Bax, buna görə də çörəyin keyfiyyəti aşağı düşür. Bu gün mən həmin sahədə calışan vəzifəli şəxslərdən, məsuliyyət daşıyan şəxslərdən bir daha tələb edirəm ki, qeyd olunan nöqsanları aradan qaldırsınlar, çörəkbişirmə idarələrinin işindəki xoşagəlməz hallara son qoysunlar və belə əməllərə yol verən adamlar barəsində ciddi tədbirlər görsünlər. Bizim inzibati orqanlar, hüquqmühafizə orqanları bu məsələlərlə ciddi məşğul olmalıdırlar. Bu gün mən bir daha bildirmək istəyirəm ki, xalqın bu ağır şəraitində çörək, un kimi müqəddəs nemətləri oğurlamaq və beləliklə də, xalqa xəyanət etmək ən böyük cinayətdir. Əgər bunlar bu işin mənəvi cəhətini başa düşmürlərsə, onları heç insan hesab etmək olmaz. Lakin biz öz tədbirlərimizi əməli sürətdə həyata keçirməliyik. Yəni vəzifəli şəxslər, hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olmalıdırlar. Belə biabırçı, çirkin hallar aradan götürülməlidir.

Kənd təsərrüfatının çox mühüm sahələrindən biri də pambıqçılıqdır. Biz neçə-neçə illərin sınağından çıxmışıq. Bir vaxtlar dedilər ki, pambıq Azərbaycan üçün xeyirlidir, bir vaxt da dedilər ki, yox, zərərlidir. Hətta bir ara, daha doğrusu, 1985-90-cı illərdə bir sıra ağzıgöyçək adamlar mətbuatda çıxış edib haray cəkdilər ki, pambıq Azərbaycan xalqına zərər gətirir və s. və i.a. Tarixin özü də, həyatın özü də belələrinə cavab verdi və göstərdi ki, pambıqçılıq Azərbaycanın torpaq və iqlim şəraitinə uyğun olan, Azərbaycanın kənd təsərrüfatında və iqtisadiyyatında qədim dövrlərdən çox mühüm yer tutmuş və bu gün də tutan bir sahədir. Əminəm ki, pambıqçılıq gələcəkdə də iqtisadiyyatımızda öz layiqli yerini tutacaqdır.

Cəsarətlə deyə bilərəm ki, kənd təsərrüfatı məhsulları arasında pambıq bizim üçün ən böyük strateji əhamiyyətə malik məhsullardan biridir. Bütün kənd təsərrüfatı məhsulları arasında ən üstün yer tutan pambığın xarici bazarda satılmasından biz valyuta əldə edirik. İndi respublikamızın xarici valyutaya necə böyük ehtiyac duyduğu yaxşı məlumdur. Sənayedə də, iqtisadiyyatın başqa sahələrində də, elə kənd təsərrüfatının özündə də çox az miqdarda məhsul tapılar ki, onları xarici bazarda satıb valyuta əldə edir və daxili tələbatımızı ödəyirik. Belə məhsullardan biri də məhz pambıqdır. Odur ki, pambıqçılıq nəinki kənd təsərrüfatı işçilərimiz, ümumiyyətlə, vətəndaşlarımız üçün, həm də Azərbaycan Respublikasının bütün iqtisadiyyatı üçün, onun iqtisadi potensialı üçün, xarici ticarət potensialımızı genişləndirmək üçün, ölkənin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün zəngin bir mənbədir. Bax, buna görə də pambıqçılığa ciddi fikir vermək lazımdır. Bütün bunları, eləcə də son illərin təcrübəsini nəzərə alaraq bilməliyik ki, bu sahədə səylərimizi nə qədər gücləndirsək, pambıq məhsulu istehsalını artırsaq, iqtisadiyyatımızın inkişafına bir o qədər sanballı təkan vermiş olarıq. Bir daha deyirəm, pambıqçılıqla və pambıq istehsalı ilə ciddi məşğul olmaq çox vacibdir.

Burada verilən məlumatlara görə, keçən ildəkinə nisbətən bu il daha çox məhsul əldə ediləcəyi gözlənilir. Sentyabr yaxınlaşır. Pambıq yığımına, adətən, bu ayın əvvəlindən başlanır. Deməli, indi yığıma hazırlığın son mərhələsidir, ciddi hazırlıq işləri görülməli, tarlalarda lazımi aqrotexniki tədbirlər həyata keçirilməlidir. Bayaq dedilər ki, iqlim şəraiti taxılın məhsuldarlığına təsir göstərmişdir. İndi elə olmasın ki, burada da desinlər bu və ya digər hallar işə əngəl törətdi.

Uzun illərin təcrübəsi göstərir ki, pambıqçılıq sahəsində iki mərhələ var. Birincisi, pambığın əkilib-becərilməsi, onun yetişdirilməsidir. İkincisi isə məhsulun yığılmasıdır. Məhsul yığımı mühüm prosesdir və qısa müddətdə başa çatdırılmalıdır. Məhsuldarlıq da işin yaxşı təşkil edilməsindən asılıdır. Mən bilirəm, rayonlarımızda təcrübəli adamlar çoxdur. Elə siz də üzərinizə düşən məsuliyyəti bilirsiniz. Pambığın yığılmasına ciddi hazırlaşmaq lazımdır.

Yenə deyirəm, məhsul yığımını qısa müddətdə başa çatdırmaq gərəkdir ki, sonra deməsinlər yağış yağdı, külək əsdi, buna görə də məhsul zay olub getdi. Bu il pambıq məhsulu həm daxili tələbatımızı ödəmək üçün, həm də xarici bazarda satıb respublikanın indiki ağır vəziyyətində onun iqtisadiyyatını müəyyən qədər inkişaf etdirmək üçün çox, həddindən çox lazımdır. Buna görə də mən pambıqçılıq rayonlarının rəhbərlərinə, kənd təsərrüfatı idarələrinə, pambıq zavodlarının müdirlərinə müraciət edirəm, Kənd Təsərrüfatı Nazirliyindən tələb edirəm ki, respublikamızın keçən ildəkinə nisbətən daha çox pambıq məhsulu götürməsi üçün bütün işlərlə yaxından, var qüvvə ilə məşğul olsunlar. Mən burada rəqəmlər gətirmək istəmirəm. Lakin verilən məlumata görə, bu il 450 min tona qədər məhsul götürmək mümkündur. Əslində isə gərək bundan da çox məhsul yığılsın. Ona görə də rəqəmlardən danışmaq istəmirəm. Sözümün mənası budur ki, bütün imkanlardan istifadə edib hər bir kənd təsərrüfatı məhsulunu, o cümlədən də pambığı tamamilə, axıradək toplamaq, dövlətə təhvil vermək lazımdır. Əlbəttə, bütün bu məsələləri həll etmək üçün kənd təsərrüfatının maliyyə vəziyyətini nəzərdən keçirmək gərəkdir. Buraya dəvət olunan rayon rəhbərləri öz üzərlərinə düşən vəzifələri dərk etməli və bilməlidirlər ki, maliyyə məsələləri keçmişdəkinə nisbətən indi həm mürəkkəbdir, həm də çox məsuliyyətlidir. Maliyyə Nazirliyi, banklarımız, xüsusən Aqrar-Sənaye Bankı, kənd rayonlarının bankları bu işlərlə ciddi məşğul olmalıdırlar.

Bilirəm, burada çətinliklər mövcuddur. Amma gərək imkanlarımızdan istifadə edib onları aradan qaldıraq və çalışaq ki, bütün kənd təsərrüfatıməhsullarının tədarükü təmin olunsun.Kənd təsərrüfatının başqa sahələrində də görüləsi işlərimiz çoxdur. Azərbaycanın kəndtəsərrüfatının xüsusiyyəti ondan ibarətdir ki, o, çoxsahəlidir: taxılçılıq, pambıqçılıq,üzümçülük və s. Sizə məlumdur ki, 70-80-ci illərdə respublika çox böyük miqdarda üzüm məhsulu yetişdirmək imkanlarına malik idi. Sizə bu da məlumdur ki, üzümçülüyə böyük ziyan vurmuş, onu dağıdıb viran qoymuşlar. Bütün bunlar xalqın gözləri qarşısında edilmişdir. Mənə belə məlumat veriblər ki, təxminən 120 min hektar üzüm bağları ləğv edilmiş, dağıdılmışdır. İndi görün, bir tərəfdən, milli sərvətimizə, iqtisadiyyatımıza zidd olan tədbirlərin həyata keçirilməsi nəticəsində, digər tərəfdən isə istər respublika orqanlarının, istər də yerli orqanların bu sahəyə biganəliyi nəticəsində nə vəziyyətə düşmüşuk.

Mən inanıram ki, vaxt gələcək, Azərbaycan Respublikası yenə də böyük üzümçülük diyarına çevriləcəkdir. Çünki bizi əhatə edən dövlətlərdə, xüsusən də MDB ölkələrində üzüm məhsullarına çox böyük ehtiyac var, onlar bizim üçün uzunmüddətli xarici bazardır. Buna görə də həmin sahəni inkişaf etdirmək gələcəkdə iqtisadiyyatımızın güclənməsi üçün olduqca vacibdir. Lakin indi mövcud vəziyyətdən danışmaq lazımdır. Aldığım məlumata görə mövcud vəziyyət bu il yaxşı üzüm məhsulu götürüləcəyini söyləməyə əsas verir. Deyilənlərə görə, təxminən 500-550 min ton üzüm tədarük etmək mümkündür. Amma bunun üçün də lazımi işlər görmək, yığıma ciddi hazırlaşmaq, itkiyə yol verilməməsindən ötrü mühüm tədbirlər həyata keçirmək gərəkdir.

Təəssüflər olsun ki, Kənd Təsərrüfatı Nazirliyi şərabçılıq sahəsində lazımi tədbirlər görmür. Keçən illərlə istehsal edilmiş şərab məhsulu indiyədək satılmamış və beləliklə də çox böyük məbləğdə vəsait itirilmişdir. Biz kənd təsərrüfatı naziri Abdullayevə bu barədə dəfələrlə göstərişlər vermişik, xəbərdarlıq etmişik. Ancaq onlar lazımi tədbirlər görməmişlər. Bu gün mən bununla əlaqədar öz tələbimi bir daha bildirirəm və güman edirəm ki, bugünkü söhbətlərdən ciddi nəticələr çıxarılacaqdır. Kənd Təsərrüfatı Nazirliyi bu işlərdə ciddi məşğul olmalı, keçən illərdən yığılıb qalmış şərab məhsulları satılmalı və dövlətin xəzinəsinə vəsait gətirilməlidir. Bu ilin məhsulu isə itkisiz yığılmalı və emal olunmalı, ondan səmərəli istifadə edilməlidir.

Respublikamızda tütünçülük də mühüm yer tutur. Amma təəssüflər olsun ki, tütün istehsalı getdikcə azalır. Halbuki tütünçülük respublikamıza, onun iqtisadiyyatına böyük fayda verən sahədir. Bu sahədə çoxlu səhv buraxılmışdır. Məsələn, keçən il əvvəlki illərdən də xeyli az tütün məhsulu əldə edilmişdir. Ancaq bu məhsul da indiyədək satılmamışdır. Nəticədə onun bir hissəsi çürüyüb xarab olmuş, öz dəyərini itirmişdir. Digər tərəfdən isə belə halları görən tütünçülük təsərrüfatları, yaxud kənd əməkçiləri bu sahəyə daha maraq göstərmirlər. Ona görə də builki göstəricilər keçən ildəkindən xeyli aşağıdır. Şübhəsiz, bunun səbəbi ondan ibarətdir ki, həmin sahəyə cavabdeh olan şəxslər öz vəzifələrini layiqincə yerinə yetirmirlər. Yetişdirilib əldə edilmiş məhsul isə satılmır. Bir tərəfdən deyirlər ki, kənd təsərrüfatı məhsulları almaq üçün vəsait yoxdur, ikinci tərəfdən isə kənd təsərrüfatı məhsulları anbarlarda yığılıb qalmışdır, satılmır. Buna görə də vəsait yoxdur. Şübhəsiz ki, bütün bunlar kənd təsərrüfatı rəhbərliyinin buraxdığı kobud, ciddi, bağışlanılmaz səhvlərdir. Bu gün mən bunları bir daha deyirəm və tələb edirəm ki, belə hallar aradan götürülməlidir. Deyilənlərə görə, keçən ildən qalan 6-7 min ton, bəlkə bundan da çox məhsul hələ satılmamışdır. Bir neçə gün bundan qabaq Moskvadan məktub aldım, yazırlar ki, onlar bizdən 6 min ton tütün satın almaq istəyirlər. Hələ keçən il biz Moskvanın bələdiyyə rəisi cənab Yuri Lujkovla burada müqavilə bağladıq ki, Azərbaycan Moskvaya müntəzəm olaraq tütün məhsulu göndərəcəkdir. Bəs niyə göndərmirik? Nə səbəbə görə? Görünür, kimsə burada özü üçün mənfəət götürə bilməyib, ona görə də məhsul satılmamış qalıb.

Bilirsiniz, dərd-sərimiz çoxdur. Əgər onların müəyyən bir qismi obyektiv səbəblərdən irəli gəlirsə, habelə müharibə ilə iqtisadi böhranla bağlıdırsa və bunlar dağıdıcı qüvvələrin əməlinin nəticəsidirsə, digər tərəfdən isə, taxılçılıq sahəsində olduğu kimi, burada da bizim bu vəzifəli şəxslər özləri üçün mənfəət güdürlər. Bu şəxslər daha çox mənfəət götürməyə can ataraq, ümumi işə zərər vururlar. Yox, bunlar dözülməz hallardır. Tələb edirəm ki, belə hallara son qoyulsun. Özü də tamamilə!

Dediyim kimi, bizim kənd təsərrüfatı çoxsahəlidir. İndi mən aldığım cədvəllərə baxıram. İnanın ki, onlara baxdıqca urəyim ağrıyır. Məsələn, respublikamız vaxtilə ildə 700 min ton tərəvəz tədarük edirdi. Amma indi vur-tut 50 min ton tərəvəz istehsal olunmuşdur. Bu, adama ağır gəlir. Bu gün Dilruba xanım Camalova da qeyd etdi, vaxtilə təkcə Lənkəranda 160-170 min ton tərəvəz istehsal olunurdu. Amma indi heç deyiləsi deyil.

Müxtəsəri, bütün bitkiçilik məhsulları istehsalı azalmışdır. Təəssüflər olsun ki, bütün bunlar bizim hamımızın kənd təsərrüfatı sahəsinə laqeyd münasibətimizin nəticəsidir. Əslində isə kənd təsərrüfatının bütün imkanlarından istifadə etmək lazımdır. Eyni zamanda bostan, tərəvəz, bağçılıq məhsulları yetişdirilməsi sahəsində fərdi təsərrüfatların imkanları genişdir. Şübhəsiz ki, onların imkanları sayəsində respublikanın tələbatını müəyyən dərəcədə ödəmək olar. İndi, bazar iqtisadiyyatına, ümumiyyətlə, sərbəst iqtisadiyyata keçdikdə bunların hamısı müsbət hallardır. Əgər belə imkanlar ictimai təsərrüfatda yoxdursa, və fərdi təsərrüfatda mövcuddursa, bu, təqdirəlayiqdir. Şübhə yoxdur ki, fərdi təsərrüfatlarda yetişdirilən məhsul respublikanın bazarına çıxarılacaq, əhalinin bu məhsullara tələbatının ödənilməsinə kömək edəcəkdir. Odur ki, bu təsərrüfatlara da hər cür şərait yaradılmalıdır. Heyvandarlıq sahəsində çox böyük gerilik var. Burada bəzi natiqlər danışarkən mən onlarla sual-cavab etdim və öz fikrimi bildirdim. Bununla bərabər, bir daha deyirəm: bizim ictimai bölmədə olan mal-qaranın həm sayı, həm də məhsuldarlığı xeyli azalmışdır.

Məhsuldarlıqdan danışarkən ötən illər yadıma düşür. Məsələn, onda biz məhsuldarlığın aşağı olmasına görə tənqid edirdik. Amma indi məhsuldarlıq ondan 5-6 dəfə aşağı düşmüşdur. Buna görə də biz, bir tərəfdən, ictimai təsərrüfatda olan mal-qaranın məhsuldarlığının artmasına çalışmalıyıq və siz bu sahədə qarşıda duran vəzifələri həyata keçirməlisiniz. İkinci tərəfdən isə, dediyim kimi, islahatlar aparılmalıdır. Ola bilsin, islahatlara birinci novbədə heyvandarlıqdan başlamaq lazımdır ki, heyvandarlıq məhsulları istehsalını sürətlə artıra bilək.

Bir sözlə, hətta indinin özündə də kənd təsərrüfatı sahəsində potensialımız böyükdur. Bundan istifadə etmək lazımdır. İndi hər birimiz işin bir qulpundan yapışmalıyıq ki, respublikamızı bu ağır vəziyyətdən çıxaraq. Buna imkanımız var və biz buna nail olmalıyıq. Həm də ona görə nail olmalıyıq ki, biz müharibə şəraitindəyik. Bildiyiniz kimi, apardığımız danışıqlar nəticəsində mayın 12-dən etibarən atəş kəsilmişdir. Altı il davam edən müharibə dövründə ilk dəfədir ki, belə uzunmüddətli atəşkəsə nail olunmuşdur və biz çalışırıq ki, o, bundan sonra da davam etsin.

Məqsədimiz nədir? Mən bunu dəfələrlə demişəm. Lakin bu elə məsələdir ki, onu təkrar etməyə, hər dəfə izah etməyə ehtiyac var. Məqsədimiz ondan ibarətdir ki, müharibəyə son qoyaq, bütün məsələlər sülh yolu ilə həll olunsun. Çünki altı ildən bəri gedən bu müharibənin təcrübəsi göstərir ki, onun müsbət nəticəsi yoxdur. Ona görə də biz həm Rusiyanın, həm də ATƏM-in Minsk qrupunun vasitəçiliyindən istifadə edirik, həm də bilavasitə danışıqlar apararaq atəşkəsə nail olmuşuq və bu müddətdə böyük saziş hazırlayırıq. Ancaq bir daha təkrar edirəm ki, bizim şərtlərimiz var. Yəni erməni silahlı qüvvələri Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalı, ölkəmizin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Şübhəsiz ki, bu halda Dağlıq Qarabağın statusu haqqında danışıqlar apararaq bu barədə sazişə gəlmək olar. Başqa yol yoxdur. Kim isə başqa yolla getmək istəyirsə, bu, səhvdir. Müharibə Azərbaycan Respublikasına, Azərbaycan xalqına böyük bəlalar gətirmişdir. İşğal olunmuş rayonlardakı bütün yaşayış binaları, müəssisələr, sosial obyektlər və sairə dağılmışdır, bir milyondan artıq adam qaçqın vəziyyətindədir. Belə vəziyyətdə uzun müddət dözmək mümkün deyil. Ona görə də biz bu yolla gedirik və mən hər gün hiss edirəm ki, xalq bu siyasəti bəyənir və qəbul edir. Qarabağ zonasının əhalisi ilə aparılan söhbətlər də göstərdi ki, onlar atəşin dayandırılmasını bəyənirlər və hər yerdən xahişlər gəlir ki, çalışın, atəşkəs pozulmasın. Biz də buna çalışırıq.

Eyni zamanda biz həmişə torpaqlarımızın mudafiəsinə hazır olmalıyıq. Orduda ciddi intizam olmalıdır. Cəbhə bölgələrindəki hərbi hissələr öz vəzifələrini ləyaqətlə yerinə yetirməlidir ki, ordumuz respublikamıza qarşı ola biləcək yeni təcavüzü dəf etməyə hər dəqiqə, hər saat hazır olsun. Biz atəşkəsin davam etməsinə çalışsaq da, onun pozulmayacağına təminat verə bilmərik. Çünki, ola bilər, Ermənistan tərəfi yeni təcavüz hərəkətlərinə əl atsın. Ona görə də cəbhəyanı rayonların rəhbərləri, ümumiyyətlə, respublikanın bütün vəzifəli şəxsləri müstəqil Azərbaycanın müdafiəsini daim özlərinin əsas vəzifəsi hesab etməlidirlər. Ordu hissələri olan yerlərdə onlara kömək etmək, maddi təminatına yardım göstərmək, nizam-intizamın möhkəmləndirilməsinə kömək etmək lazımdır. Lakin mən dəfələrlə bəyan etmişəm və bir daha təkrar edirəm: biz müharibənin yenidən başlanmasını istəmirik. Əgər belə bir hal baş verərsə, bu, bizim tərəfimizdən olmayacaq. Mən istərdim bunu hamı dərk etsin və kimlərsə aranı qızışdırmaq istəyirsə, bundan əl çəksinlər. Bunlar qeyri-real şeylərdir. Bu, birincisi. İkincisi, biz heç vaxt Ermənistan ərazisinə qəsbkarlıq gözü ilə baxmamışıq. Ermənistan Respublikası bizə nə qədər zərər vurmuşsa da, gələcək nəsillər, Azərbaycan və Ermənistan bir-biri ilə qonşu kimi yaşamalıdır. Ona görə də gərək sülh yaransın, aramızdakı münasibətlər nə qədər normal vəziyyətə düşsə, respublikamızın bu günü, gələcək nəsillərin həyatı da bir o qədər normal olacaqdır. Biz bu danışıqları davam etdirəcək, Böyük siyasi sazişin hazırlanıb sona çatdırılmasına çalışacağıq.

Daha bir məsələni xatırlatmaq istəyirəm: müharibə ilə bağlı hər şeyi diqqət mərkəzində saxlamalıyıq. Hər bir döyüşçü, bütünlukdə ordumuz diqqət və qayğı ilə əhatə edilməlidir. Altı il ərzində çoxlu şəhid vermişik. Onların ailələrinə daim qayğı göstərilməlidir. Həm nazirliklərdən, həm yerli hakimiyyət orqanlarının rəhbərlərindən, həm də hər bir vətəndaşdan bunu tələb edirəm. Bu, hamımızın vətəndaşlıq borcudur. Çünki o adamlar Vətən yolunda, torpaq yolunda şəhid olmuşlar. Onların xatirəsi qəlbimizdə əbədi yaşamalıdır. Eyni zamanda onların ailələri dövlət orqanlarının, ictimaiyyətin, hər bir vətəndaşın qayğısı ilə əhatə olunmalıdır. Lakin bizə gələn siqnallar göstərir ki, təəssüflər olsun, bəzi yerlərdə vəzifəli şəxslər bu müqəddəs borclarını unudurlar. Mən bundan qəti narazılığımı bildirir və tələb edirəm ki, şəhid ailələrinə xüsusi qayğı göstərilsin, yerli hakimiyyət orqanları bu işlə hər gün məşğul olsunlar. Müharibədə döyüşçülərimizin bir hissəsi yaralanmış, əlil olmuşdur. Həm də bəziləri fiziki cəhətdən çox ağır vəziyyətdədir. Ermənistanla gedən müharibə Azərbaycan üçün Vətən müharibəsidir. Bu müharibədə yaralanan, əlil olan adamlara cəmiyyətimiz, şübhəsiz ki, daim qayğı ilə yanaşmalıdır. Lakin təəssüf ki, çox yerlərdə bu adamlara nəinki qayğı göstərilmir, hətta bəzən onlara mənfi münasibət bəsləyirlər.

Yaralananların, əlillərin problemləri çoxdur. Lakin eşidəndə ki, onlara kömək edilmir, qayğı göstərilmir və hətta bu adamlardan da rüşvət almağa çalışırlar, - insan dəhşətə gəlir. Mən bu gün fasilə zamanı bir qrup əlillə görüşdüm. Onlar Nazirlər Kabinetində, Ali Sovetdə olmuş, Prezident Aparatına müraciət etmişlər, lakin xahişləri istədikləri səviyyədə yerinə yetirilməmişdir. Ona görə də əlillərin bir qrupu etiraz əlaməti olaraq bu gün Azadlıq meydanına yığışmışdı. Mən onların nümayəndələrini dəvət edərək, bayaq dediyim kimi, fasilə vaxtı onlarla görüşdüm. Onlar dəhşətli şeylər danışırlar. Həkim-əmək ekspert komissiyalarında, səhiyyə orqanlarında, yerli hakimiyyət orqanlarında və başqa yerlərdə onlara qayğı, hörmət, mərhəmət göstərmək əvəzinə rüşvət tələb edirlər. Əlillik dərəcəsini dəyişmək üçün rüşvət istəyirlər. Təsəvvür edin, cəmiyyətimizdə nə qədər vicdansız, insafsız adamlar var! İmkanı olan kəs gərək yaralını, əlili, xəstəni görəndə çalışsın ki, öz cibindən yardım etsin. Amma onların haqlı tələblərini yerinə yetirmək əvəzinə rüşvət istəyirlər. Bu sahədə yol verdiyi nöqsanlara görə əmək və əhalinin sosial müdafiəsi nazirin birinci müavini Fəzail Ağamalıyevi bir-iki gün bundan əvvəl işdən azad etmişəm. Lakin məsələ təkcə bununla bitmir, günah yalnız onda deyil. Günah bizim bütün bu sistemdə, ayrı-ayrı nazirliklərdə, səhiyyə orqanlarında, yerli icra orqanlarındadır.

Mən bu ürəkağrıdan sözləri sizə çatdıraraq hamınızdan tələb edir və eyni zamanda bütün ictimaiyyətə müraciət edirəm ki, Vətənimizin, torpağımızın müdafiəsi zamanı yaralanmış, əlil olmuş adamlara ciddi qayğı göstərmək lazımdır. Bu sahədə vəzifəsindən sui-istifadə edən adamların məsuliyyətə cəlb edilməsi ilə hüquq-mühafizə orqanları ciddi məşğul olmalıdır. İqtisadiyyatımızın - həm sənayenin, həm də kənd təsərrüfatının inkişafı üçün xarici ölkələrdə mal mübadiləsi genişləndirilməlidir.

Neftçala pambıqtəmizləmə zavodunun direktoru bu gün burada çıxış edərək məlum fərmandan sonra pambığın satıldığını bildirdi. Pambığın vaxtında satılmaması bizə çox böyük maddi zərər vurmuşdur. Lakin xarici bazara çıxara biləcəyimiz mal təkcə pambıqdan ibarət deyil. Bildiyimiz kimi, aprel ayında mənim imzaladığım fərmana əsasən bütün müəssisə və təşkilatlar öz məhsulunu sərbəst şəkildə xarici bazara çıxara bilər. Bu imkandan istifadə etmək, dövlət xəzinəsinə valyuta gətirmək lazımdır. Müəssisələr, təşkilatlar özləri də bu əməliyyatlar nəticəsində valyuta qazana bilərlər. İqtisadiyyatda olan qanunsuzluqlar haqqında bir neçə kəlmə demək istəyirəm. Avqustun 11-də keçirilən müşavirədə bu barədə danışmışam. Lakin elə hesab etməyin ki, bu, yalnız sənaye işçilərinə aiddir. Yox, bu, iqtisadiyyatın bütün sahələrinə aiddir. İqtisadiyyatda, hüquq-mühafizə, vergi orqanlarında çoxlu qanunsuzluqlar, öz vəzifəsindən sui-istifadə edən, çirkin əməllərdə məşğul olan adamlar var. Bütün bu cinayətkarlığın qarşısını almaq üçün avqustun 9-da fərman vermişəm. Onun ardıcıl sürətdə yerinə yetirilməsi həm hüquq-mühafizə, həm yerli hakimiyyət, həm də təsərrüfat orqanlarının və bütün başqa dövlət orqanlarının əsas vəzifəsidir. Cinayətkarlıq, rüşvətxorluq, korrupsiya ictimaiyyəti, adamları narahat edən, onlarda narazılıq doğuran əsas məsələdir. Belə hallar müstəqil Azərbaycan Respublikasının həyatının bu mühüm mərhələsində gördüyumuz işləri ləkələyir. Ona görə də icra hakimiyyəti başçılarına müraciət edirəm, - onlardan çox şey asılıdır, - yerlərdə bu məsələlərlə ciddi məşğul olmaq lazımdır.

Ancaq təəssüf ki, bəzi icra hakimiyyəti başçıları özləri qanunsuzluq edir, cinayətə qurşanırlar. Bizdə bu barədə məlumatlar var və həmin şəxslər haqqında ciddi ölçü götürəcəyik. Sizə bir daha xəbərdarlıq edirəm: hər bir rayonun rəhbəri, icra hakimiyyəti başcısı prezidentin nümayəndəsidir. Əgər o özü nümunə olsa və bütün bu işlərə nəzarət etsə, zənnimcə, cinayətkarlıq və başqa mənfi hallar xeyli azalar. Ona görə də avqustun 9-da verilmiş fərmanın icrası ilə ciddi məşğul olmağı sizdən tələb edirəm.

İndi respublikada ərzaq qıtlığı var. Adamların bir hissəsi əmək haqqını vaxtında ala bilmir. Çünki mal dövriyyəsi istənilən səviyyədə deyil, islahatlar keçirə bilməmişik. Ona görə də ölkənin maliyyə vəziyyəti çox çətindir. Həll olunmamış başqa problemlərimiz də var. Bütün bunlar həyatımızın reallığıdır. Bu real vəziyyəti dərk edib, hamımız əl-ələ verib böhrandan şərəflə çıxmalı, müstəqil Azərbaycanı irəliyə doğru aparmalıyıq. Bundan ötrü isə gərək hər kəs öz sahəsində məsuliyyətlə calışsın. Bizə məlumatlar gəlir ki, təəssüflər olsun, bəzən hətta ayrı-ayrı vəzifəli şəxslər, yaxud başqa işdə olan adamlar belə çətinliklərdən möhtəkirlik məqsədi ilə istifadə etməyə çalışırlar. Lakin biz belə hallara yol verməyəcəyik. Respublikanın sosial-iqtisadi vəziyyətində çətinliklər çoxdur. Xalq, ölkənin rəhbərliyi bunu bilir və biz lazımi tədbirlər görürük. Mənə elə gəlir ki, ən əhəmiyyətli tədbir atəşkəsin üç aydan artıq davam etməsidir: şəhid vermirik, qan tökülmür. Lakin yenə deyirəm, belə bir vəziyyətdə bu çətinlikləri şişirtmək, onlardan cürbəcür çirkin məqsədlər üçün istifadə etmək respublikamıza zərbə vurmaq deməkdir. Belə hallar var. Ayrı-ayrı qruplar, tək-tək adamlar bundan istifadə etməyə çalışırlar. Xəbərdarlıq edirəm ki, biz belə hərəkətlərin qarşısını alacağıq və xalq, əhali özü həmin adamların belə hərəkətlərinə yol verməyəcəkdir.

Güman edirəm ki, bugünkü görüşümüz öz nəticələrini verməlidir. Burada gedən müzakirələrdən, çıxışlardan hər kəs özü üçün nəticə çıxarmalıdır. Əmin olduğumu bildirmək istəyirəm ki, kənd əməkçiləri ilin sonunadək daha da fədakarlıqla çalışacaqlar və iqtisadiyyatımız yavaş-yavaş böhran vəziyyətindən çıxacaqdır. Bu işdə hamınıza uğurlar arzulayıram.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf