Azərbaycan Prezidenti Heydər Əliyevin Amerikanın "Hyüston Xronikal" qəzetinin baş redaktoru Ceyms Hovard Gibbonsa müsahibəsi - Hyüston, 2 avqust 1997-ci il


Jurnalist: Cənab prezident, Hyüstona xoş gəlmisiniz! Sizin yaşadığınız iqamətgah Hyüstonun ən görkəmli yerlərindən birində yerləşir.

Cənab prezident, dünən Siz Vaşinqtonda olmusunuz, görüşlər keçirmisiniz. Xahiş edirəm, prezident Bill Klintonla görüşləriniz barədə fikirlərinizi mənimlə bölüşəsiniz.

Heydər Əliyev: Mən Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlmişəm. Bu, ABŞ prezidenti Bill Klintonun dəvəti ilə həyata keçirilən rəsmi səfərdir, həm də Azərbaycan prezidenti kimi, mənim Amerikaya ilk rəsmi səfərimdir.

Səfər zamanı mən bir çox görüşlər keçirmişəm. Mən dünən Ağ evdə prezident cənab Bill Klintonla görüşlər keçirmişəm, danışıqlar aparmışam. Biz Azərbaycan-Amerika münasibətləri haqqında birgə bəyanat və investisiyaların qarşılıqlı surətdə qorunması və təşviqi barədə sənəd imzalamışıq. Amerikanın Energetika Nazirliyi ilə Azərbaycan arasında əməkdaşlıq haqqında və bir neçə digər sənədlər də imzalanmışdır.

Bilirsiniz ki, dünən Ağ evdə vitse-prezident Albert Qorun və ABŞ hökumətinin digər üzvlərinin iştirakı ilə Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının "Şevron", "Eksson", "Mobil" və "AMOKO" şirkətləri arasında çox böyük müqavilələr bağlanmışdır. Bu müqavilələr Azərbaycanın dörd neft yatağının birgə işlənməsi barədədir.

Sizə məlumdur ki, Amerikanın bir çox neft şirkətləri Azərbaycan ilə sıx əlaqələr qurublar, biz müqavilələr imzalamışıq, əməkdaşlıq edirik. Amerikanın adlarını çəkdiyim bu şirkətlərindən başqa, "Yunokal", "Pennzoyl", "Makdermott" şirkətləri də Azərbaycanda geniş fəaliyyət göstərirlər.

Ağ evdə dünən keçirdiyimiz danışıqlar Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında bütün sahələrdə - siyasi, iqtisadi, təhlükəsizlik sahələrində əməkdaşlıq haqqında sənədin və adlarını çəkdiyim digər sənədlərin imzalanması ilə başa çatmışdır.

Sual: Cənab prezident, Hyüston ilə Bakını birləşdirən bir cəhət də var ki, bu da neftdir. Bu iki şəhər neft mərkəzləri hesab olunur. Bilmək istəyirəm ki, Bakı neftinin müştəriləri varmı?

Cavab: Müştəri çoxdur. Bizim əməkdaşlıq etdiyimiz şirkətlər Azərbaycana külli miqdarda investisiya qoyublar və onlar bundan böyük gəlir əldə etmək istəyirlər. Bu gəlir isə neftdən ibarətdir. Onlar nefti dünya bazarlarında satıb qazanc əldə etmək istəyirlər. Ona görə də müştəri çoxdur. Hasil edilən neftin əksəriyyəti Qərb bazarlarına çıxarılacaqdır. Yəni həmin şirkətlər bu məhsulu hara istəyirlər, ora da satacaqlar. Burada məhdudiyyət yoxdur.

"Şevron" şirkəti Qazaxıstanın "Tengiz" yatağında neft istehsal edir. Onlar bu məhsulu Rusiya ərazisindən dünya bazarına çıxarırlar. Lakin görünür, bu neftin ixrac edilməsi sahəsində imkanları bir qədər məhduddur. Ona görə də onlar bizə müraciət ediblər. Biz də həmin neftin dünya bazarına çıxarılması üçün onlara imkan yaratmışıq. İndi Qazaxıstanın "Tengiz" yatağında hasil edilən neftin bir qismi Xəzər dənizi ilə tankerlərdə Bakıya gətirilir, Bakıdan isə dəmir yolu vasitəsilə biz onu Gürcüstana, oradan da Qara dənizdəki Batumi limanına çıxarırıq.

Biz Azərbaycan yataqlarından hasil ediləcək neftin dünya bazarına çıxarılması üçün boru kəmərləri tikirik. Biz indi iki neft kəməri yaradırıq. Birinci boru kəməri artıq hazırdır, digəri isə çəkilir. Ən böyük neft kəməri isə Türkiyənin ərazisindən Aralıq dənizinə çıxacaqdır. Bizim yataqlardan hasil ediləcək ildə təxminən 60 milyon ton neft həmin boru kəməri ilə Aralıq dənizinə çıxarılacaqdır. Məhsulu oradan kim hara istəsə ora da aparacaqdır. Şübhəsiz ki, Amerika Birləşmiş Ştatları bu nefti Amerikaya gətirməyəcəkdir. Amerikanın ətrafında neft çoxdur. Onlar bu nefti istədikləri yerə satacaqlar.

Sual: Cənab prezident, Siz Sovet İttifaqının rəhbərlərindən biri olmusunuz. İndi isə Azərbaycanın rəhbərisiniz. Xahiş edirəm, deyəsiniz, Azərbaycan xalqı Sovet İttifaqının dağılmasından fayda götürəcəkmi?

Cavab: Mütləq! Biz Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan xalqı öz sərvətlərinin sahibi deyildi. Azərbaycanda neft istehsalının 200 illik tarixi var. 1920-ci ildə Sovetlər İttifaqı yaranan zaman bu böyük ölkənin neftə tələbatının təxminən 90 faizini Azərbaycan ödəyirdi. Ancaq biz bu neftdən özümüz istədiyimiz kimi istifadə edə bilmirdik. Hasil edilən neftin hamısı Sovetlər İttifaqının tələbatının ödənilməsinə sərf olunurdu. Respublikamızın digər təbii sərvətləri, potensial imkanları da SSRİ-nin tələbatının ödənilməsinə sərf edilirdi. Amma indi biz müstəqil dövlətik. Bu müstəqillik Azərbaycan xalqı üçün bütün sahələrdə tarixi əhəmiyyət daşıyır.

Yeri gəlmişkən deyim ki, iş təkcə bu təbii sərvətlərdən istifadə edilməsi ilə bitmir. Biz tam müstəqil bir dövlətik. Azərbaycan Dünya Birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətlərindən daha da çoxdur.

Sovetlər İttifaqının vaxtilə rəhbər şəxslərindən biri kimi deyə bilərəm ki, mən Sovetlər İttifaqının dağılmasını istəmişəm və Azərbaycanın dövlət müstəqilliyi əldə etməsinin arzusunda olmuşam. İndi biz buna nail olmuşuq. Bu, bizim üçün tarixi hadisədir.

Sual: Sovet İttifaqı ayrı-ayrı milli azlıqları və millətləri boğmağa necə nail ola bilirdi? Bu milli azlıqlar indi boy atmaqdadırlar.

Cavab: Bilirsiniz, mən deyə bilmərəm ki, Sovet hökuməti milli azlıqları tamamilə boğubdur. Əgər belə demiş olsaq, bu, ədalətsizlik olardı. Sovetlər İttifaqında bütün milli azlıqların hüquqlarının qorunması üçün lazımi imkanlar yaranmışdı. O cümlədən Azərbaycan xalqının özünün respublikası, hökuməti, parlamenti var idi və o, bütün işləri öz dilində aparmaq imkanına malik idi. Azərbaycan öz milli mədəniyyətini, elmini, ənənələrini inkişaf etdirirdi. Ancaq müttəfiq respublikalar Sovetlər İttifaqının tərkibində olduqlarına görə bu imkanlar müəyyən qədər məhdudlaşdırılırdı.

Sovet hakimiyyəti dövründə bəzi milli azlıqlara qarşı çox böyük haqsızlıqlar olmuşdur. Məsələn, Qafqazda yaşayan çeçenlər, inquşlar, Krım tatarları və bu kimi başqa milli azlıqlar İkinci Dünya müharibəsindən sonra öz yerlərindən zorla köçürülmüşlər. Sovetlər İttifaqı dövründə Azərbaycan xalqına qarşı da ədalətsizlik edilmişdir. Məsələn, 1948-ci ildə Ermənistanda yaşayan azərbaycanlıların kütləvi surətdə zorla Azərbaycana köçürülməsi barədə qərar qəbul edilmiş və həyata keçirilmişdir.

Sovetlər İttifaqı rəhbərlərinin milli siyasət sahəsində böyük səhvləri də olmuşdur. Keçmişdə Sovetlər İttifaqına mənsub olmuş ölkələrdə indi davam edən hərbi münaqişələr məhz buraxılan həmin səhvlər nəticəsində baş vermişdir. 1988-ci ildə Ermənistan Azərbaycana hərbi təcavüz etmişdir. Bu hərbi təcavüzün məqsədi Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətini qoparıb Ermənistana birləşdirmək olmuşdur. O vaxt həm Azərbaycan, həm də Ermənistan Sovetlər İttifaqının tərkibində bərabərhüquqlu respublika idilər. Əgər bir respublika başqa bir respublikaya təcavüz edibsə və bunlar ikisi də bir dövlətin tərkibində idilərsə, onda gərək Sovet hökuməti bu münaqişənin qarşısını alaydı.

Mən o vaxt baş vermiş başqa bir faciə haqqında da sizə məlumat vermək istəyirəm. 1990-cı ilin yanvar ayında Azərbaycan xalqı Sovet İttifaqı tərəfindən respublikamıza qarşı törədilən ədalətsizliklərə etiraz etmək və öz milli azadlığına nail olmaq üçün kütləvi tədbirlər, mitinqlər keçirdiyi zaman sovet ordusunun böyük qoşun hissələri Bakıya yeridilmiş və dinc, günahsız insanlar şəhid olmuş, öldürülmüş, küçələr qana boyanmışdı.

Bu ədalətsizliklər bir tərəfdən ayrı-ayrı münaqişələrin yaranmasına, ikinci tərəfdən Sovetlər İttifaqının dağıdılmasına səbəb olmuşdur.

Sual: Cənab prezident, bilmək istəyirəm ki, ayrı-ayrı xalqlar, məsələn, erməni və Azərbaycan xalqları arasında münaqişələrin baş verməsində millətçiliyin də rolu varmı? Bu münaqişələr bəzi xalqların qanında olan əlamətlərdən yaranır, yoxsa bunun başqa səbəbləri var?

Cavab: Şübhəsiz ki, bu münaqişələrin baş verməsində millətçiliyin rolu vardır. Digər tərəfdən, torpaq iddiası, separatçılıq da bu münaqişələrin səbəbləridir. Məsələn, Ermənistan Azərbaycana təcavüz edibdir ki, Dağlıq Qarabağı Azərbaycanın ərazisindən qoparıb özünə bağlasın. Bu, beynəlxalq hüquq normalarına və insan hüquqlarına zidd olan bir hərəkətdir. Bu, bir ölkənin başqa bir ölkənin ərazisini zorla ələ keçirmək niyyətidir. Siz tarixdən bilirsiniz ki, bir çox müharibələr də belə səbəblərdən baş veribdir.

Sual: Cənab prezident, bu münaqişənin həlli yollarını nədə görürsünüz? Mümkünsə, Ermənistan, elə Azərbaycanın özü üçün də kompromis addımların nədən ibarət olduğu barədə fikirlərinizi söyləyəsiniz.

Cavab: Bu münaqişənin həllini biz birinci növbədə sülh yolunda görürük. 1988-ci ildən başlayan münaqişə sonra müharibəyə çevrildi. Ermənistan silahlı qüvvələri ölkəmizə təcavüz etmiş, Azərbaycan ərazilərinin 20 faizini işğal etmişlər. İşğal edilmiş ərazilərdən bir milyondan çox vətəndaşımız öz yerindən-yurdundan zorla qovulub. On minlərlə insan həlak olmuşdur. İşğal edilmiş torpaqlarda Azərbaycanın varidatı tamamilə dağıdılmışdır. Bütün bu zərbələrə, ziyanlara baxmayaraq, biz üç il bundan əvvəl atəşin dayandırılması haqqında saziş imzalamışıq. Üç ildir ki, atəş yoxdur. Biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz öz tərəfimizdən kompromis addımlar atırıq.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabrında Lissabonda keçirilən Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasının prinsipləri müəyyən edilmişdir. Bu prinsiplər üç maddədən ibarətdir: Birincisi, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazi bütövlüyünün tanınması; ikincisi, Dağlıq Qarabağa Azərbaycan Respublikasının tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsi; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin olunması. Bu prinsipləri qəbul etmək bizim üçün kompromisdir. Biz bunu qəbul etmişik, amma Ermənistan tərəfi bu prinsipləri qəbul etməyibdir. Onlar kompromisə getmirlər.

Cənab Bill Klinton ilə dünən keçirdiyimiz görüşdə də mən bu barədə ətraflı söhbət açdım. Prezident Bill Klinton Azərbaycanın sülh təşəbbüslərindən razıdır. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Amma Ermənistan bu prinsipləri qəbul etməyərək, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağa müstəqillik statusu əldə etmək istəyir. Biz isə buna yol verə bilmərik. Biz Azərbaycanın ərazisində ikinci bir erməni dövlətinin yaranmasına yol verə bilmərik.

Yenə deyirəm, biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Buna görə də kompromisə gedirik. Bu münaqişə indiyədək ona görə həll olunmayıb ki, Ermənistan tərəfi kompromisə getmir.

Prezident Bill Klintonla dünən keçirdiyimiz görüşdən və apardığımız danışıqlardan sonra mən belə qənaətə gəldim ki, Amerika Birləşmiş Ştatları və şəxsən prezident Bill Klinton bu məsələ ilə çox ciddi məşğul olacaqlar.

Jurnalist: Cənab prezident, bilirəm ki, başqa görüşləriniz də vardır, ona görə də vaxtınızı çox almaq istəmirəm. Çox sağ olun. Mənə vaxt ayırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.

Heydər Əliyev: Çox sağ olun. Mən bu kitabları da Sizə bağışlayıram, oxuyarsınız.

"Azərbaycan" qəzeti, 3 avqust 1997-ci il