Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan və Türkiyə respublikaları arasında neft sahəsində əməkdaşlığa dair sazişin yüksək səviyyədə imzalanması mərasimində çıxışı - "Gülüstan" Sarayı, 12 aprel 1995-ci il


Türkiyə Cümhuriyyətinin hörmətli baş naziri, bacımız xanım Tansu Çillər!

Türkiyə Cümhuriyyətinin nazirləri, hörmətli qonaqlar, xanımlar və cənablar!

Türkiyənin baş naziri hörmətli xanım Tansu Çillər bu gün Azərbaycana qısamüddətli işgüzar səfərə gəlibdir. Bu səfərin məqsədi həm qısa görüşlər keçirib danışılar aparmaq, həm də, xüsusən, Azərbaycan Dövlət Neft Şirkəti ilə "Türkiyə petrolları anonim ortaqlığı" şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı yataqların istifadə olunması üçün bir sazişin imzalanması ilə əlaqədardır. Mən sizin adınızdan və öz adımdan Türkiyə Cümhuriyyətinin Azərbaycana ilk dəfə gəlmiş baş naziri, qardaş ölkənin tanınmış dövlət xadimi, respublikamızın hörmətli və əziz dostu, bacımız xanım Tansu Çilləri səmimi qəlbdən salamlayıram və Azərbaycana gəlişi münasibətilə ona təşəkkürümü bildirirəm.

Məlumunuzdur ki, 1994-cü il sentyabrın 20-də burada, "Gülüstan" sarayında "Əsrin müqaviləsi" adlanan bir müqavilə imzalanmışdır. Həmin müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda üç neft yatağının - "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dünyanın böyük şirkətləri ilə müştərək istifadə olunması ilə əlaqədardır. Bu müqavilədə Türkiyənin şirkəti də iştirak edir. O vaxt həmin sənəd imzalanarkən Türkiyə şirkəti bu müqavilənin layihəsinin 1,75 faizinin sahibi olmuşdur. Yəni Türkiyə bu müqavilədə əvvəldən var. Sonradan isə Azərbaycan Respublikasının öhdəsində qalmış 20 faiz haqqında fikirləşdik. Türkiyənin bu barədə bizə müraciəti olmuşdur. Türkiyə prezidenti, əziz dostumuz və qardaşımız hörmətli Süleyman Dəmirəl mənə məktub göndərmiş və xüsusi müraciət etmişdir. Baş nazir, hörmətli xanım Tansu Çillərin də mənə bu barədə müraciəti olmuşdur. Bunları və Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələrini nəzərə alaraq, onların daha da inkişaf etdirilməsini istəyərək, respublikamız həmin müqavilədə öz payından 5 faizin əlavə olaraq Türkiyə Cümhuriyyətinə, bu ölkənin şirkətinin sərəncamına keçməsinə razılıq vermişdir. Artıq bu barədə danışıqlar aparılıb, müəyyən sənədlər hazırlanıb və bu gün bura həmin sənədlərin imzalanması üçün toplaşmışıq. İndi mən istərdim ki, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və "Türkiyə petrolları" şirkətinin prezidenti Sidqi Səncər bu sənədləri imzalasınlar.

Hörmətli baş nazir xanım Tansu Çillər!

Hörmətli nazirlər, qonaqlar, xanımlar və cənablar!

Bu gün burada - Bakının "Gülüstan" sarayında yeni, həm də tam cəsarətlə deyə bilərəm ki, tarixi bir hadisə baş verir. Xəzər dənizinin Azərbaycan sektorundakı yataqların işlənməsi haqqında imzalanmış müqavilə daha da genişlənir, onun dairəsi böyüyür. Dost və qardaş Türkiyənin neft şirkətləri, bütün Türkiyə Cümhuriyyəti bizim bu böyük işimizə, 30 il müddətinə bağlanmış müqaviləmizə qoşulur. Bu məsələ indi imzalanmış sazişlərlə həll olundu. Mən sizin hamınızı, xüsusən də Türkiyədən gəlmiş qonaqlarımızı, baş nazir xanım Tansu Çilləri bu hadisə münasibətilə təbrik edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bu, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişaf etməsi üçün böyük bir addım olacaqdır.

Dostluq və qardaşlıq əlaqələrimizin çoxəsrlik tarixi vardır. Bizim köklərimiz, adət-ənənələrimiz, tarixi keçmişimiz birdir. Bunların hamısı keçmiş zamanlarda da bizi bərabər yaşamağa, torpaqlarımızı qorumağa gətirib çıxarmışdır. Son illərdə bu, öz yeni bəhrələrini verir. Doğrudan da, əsrlər boyu bir yerdə, bir kökdən olmuş xalqlarımız, xanım Tansu Çillərin ifadəsi ilə desək, bir ananın uşaqları 70 ildən sonra bir də qovuşub, əl-ələ verib birlikdə irəliyə gedirlər. Ayrılıq bizi nə qədər incitmiş, əziyyətlər vermiş, çətinliklər yaratmış olsa da bizi tamamilə bir-birimizdən ayıra bilməmişdir. Bütün tarixi əlaqələrimiz qısa müddət ərzində bərpa olunmuş, dostluğumuz, qardaşlığımız göz qabağında, bütün dünyada nümayiş etdirilmiş və etdirilir.

Bu gün bir daha deyə bilərəm ki, Azərbaycan üçün Türkiyə ən yaxın dost, qardaş ölkədir. Eyni kökdən olmağımız, eyni dinə və mədəniyyətə mənsubluğumuz bizim bu günümüz və gələcəyimiz üçün böyük əsas və təməldir. Ötən il və bu il biz bütün Şərqin, bütün türk xalqlarının böyük şairi Məhəmməd Füzulinin 500 illik yubileyini qeyd edirik. Təsadüfi deyildir ki, bu yubiley həm Azərbaycanda, həm Türkiyədə, həm də digər türkdilli ölkələrdə təntənəli şəkildə keçirilir. Bu faktın özü onu göstərir ki, 500 il əvvəl də bir yerdə olmuşuq. Füzuli kimi böyük şairimiz var. O, böyük mədəni irs qoyub gedib. Həmin mədəni irsdən bugünkü nəsillər həm Türkiyədə, həm də Azərbaycanda istifadə edərək mədəniyyətimizi, elmimizi, bütün həyatımızı inkişaf etdirməyə çalışırlar.

Azərbaycan müstəqil dövlət kimi gənc bir ölkədir. Üç ildən bir az artıqdır ki, biz müstəqil dövlət kimi yaşayırıq. Ancaq bu gün böyük məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, respublikamız müstəqillik uğrunda çalışarkən Türkiyə həmişə onu dəstəkləmiş, bizə dayaq olmuş və Azərbaycan öz müstəqilliyini elan edən kimi dünya ölkələri içərisində Türkiyə birinci olaraq Azərbaycanın müstəqilliyini tanımış, bununla da respublikamızın dünya dövlətləri tərəfindən tanınmasına yol açmışdır.

Hörmətli xanım Tansu Çillər tamamilə doğru buyurdu ki, Azərbaycanın hələ bir çox ölkələrdə səfirlikləri, nümayəndəlikləri olmadığına görə biz Türkiyə nümayəndələrinin və səfirlərinin xidmətlərindən istifadə edirik. Mən minnətdarlıq hissi ilə deyə bilərəm ki, hər yerdə və həmişə Türkiyə Cümhuriyyətinin nümayəndələri, elçiləri, səfirləri Azərbaycan nümayəndələrinə kömək edirlər və beynəlxalq təşkilatlarda respublikamıza aid bütün məsələlərin həll olunmasında Türkiyə çox prinsipial mövqe tutur, bizi dəstəkləyir və bizə kömək edir.

Azərbaycan yeddi ildən artıq bir müddətdir ki, Ermənistanın təcavüzünə məruz qalmışdır. Ermənistan torpaqlarımızı işğal etmək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün respublikamıza hərbi təcavüz etmişdir. Ermənistan silahlı qüvvələri bəzi səbəblərdən Azərbaycan torpağının bir qismini işğal edə bilibdir. Hazırda respublikamızın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu torpaqlardan bir milyondan çox vətəndaşımız qaçqın düşübdür. Həmin illərdə Azərbaycanın öz haqq səsini dünyaya yaymaq, Ermənistanın hərbi təcavüzünü dünyanın bütün ölkələrinə, xalqlarına, beynəlxalq təşkilatlara çatdırmaq üçün çox böyük köməyə, yardıma ehtiyacı olmuşdur. Bu məsələlərdə də və ümumiyyətlə, Azərbaycana Ermənistanın təcavüzü barədə Türkiyə həmişə çox prinsipial, çox ardıcıl mövqe tutub, respublikamızı həmişə dəstəkləyib, Ermənistanın təcavüzünü daim pisləyib, Ermənistana bir təcavüzkar ölkə kimi öz münasibətini bildirib.

Bunların hamısı təbiidir, ona görə ki, biz, bir daha deyirəm, yaxın dost, qardaş ölkələrik, keçmiş və bugünkü əlaqələrimiz bizi bu cür münasibətlərlə yaşamağa dəvət edir. Türkiyədə də yaxşı bilirlər ki, Azərbaycanda bu ölkəyə və onun xalqına böyük hörmət və ehtiram var. Bizim bu münasibətlərimiz gündən-günə artır, iqtisadi, təhsil, elmi, mədəni və digər sahələrdə olan əlaqələrimiz daim inkişaf edir. Bu həm Azərbaycan xalqının, həm də Türkiyə xalqının bu günü və gələcəyi üçün çox gərəklidir.

Bu gün biz bu sazişi imzaladıq. Güman edirəm ki, burada Türkiyə vəsaitinin Azərbaycan neftinin çıxarılmasına qoyulması və Türkiyənin bu müqavilədə fəal iştirak etməsi iqtisadi cəhətdən həm Azərbaycan, həm də Türkiyə üçün böyük əhəmiyyətə malikdir. Ancaq bunun mənəvi əhəmiyyəti, ölkələrimizin bu günü və gələcəyi üçün, dostluq və qardaşlıq əlaqələrimizin möhkəmlənməsi və inkişafı üçün qiyməti əvəzsizdir. Güman edirəm ki, bu da indi imzaladığımız sazişin əsasını təşkil edir.

Bu saziş əsasında 30 il müddətində Xəzər dənizində "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından neft çıxarılacaq, ixrac və istifadə olunacaq və Azərbaycanın iqtisadiyyatı üçün çox fayda gətirəcəkdir. Şübhəsiz ki, bu neftin ixrac olunması məsələsi də var. Bu barədə də müəyyən danışıqlar aparırıq. Bizim fikrimiz belədir ki, neftin ixracı üçün boru xəttinin Türkiyədən keçməsi hər şeydən üçün və bizim üçün hər şeydən əlverişli ola bilərdi. Biz bu sahədə də öz fikrimizi demişik və bundan sonra də deyəcəyik.

Beləliklə, ölkələrimiz və xalqlarımız arasında olan əlaqələrin gələcək inkişafı üçün yeni bir addım atılıbdır. Bu münasibətlə sizin hamınızı bir daha təbrik edirəm.

Hörmətli Tansu xanım, sizi təbrik edirəm və Azərbaycan xalqına göstərdiyiniz hörmət və ehtirama, köməyə və səmimi münasibətinizə görə sizə öz təşəkkürümü bildirirəm. Əmin ola bilərsiniz ki, Türkiyənin baş naziri, böyük bir alim, ictimai-siyasi xadim kimi sizi Azərbaycanda çox sevirlər və sizin respublikamıza gəlişinizdən çox məmnundurlar. Güman edirəm ki, siz Azərbaycanda daim böyük hörmət və ehtirama layiq olacaqsınız.

Bu səfəriniz çox qısamüddətlidir. Mən sizi Azərbaycana rəsmi dəvət etmişəm və səbirsizliklə sizin respublikamıza böyük rəsmi səfərinizi gözləyəcəyik. Bir daha sizi təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Türkiyə xalqına öz hörmət və ehtiramımı bildirirəm. Buradan, Xəzər dənizinin sahilindən, "Gülüstan" sarayından Ankaraya, İstanbula və bütün Türkiyəyə Azərbaycan xalqının salamlarını çatdırıram.