"Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqamı"nın təqdimatına həsr olunmuş ümummilli konfransda Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 25 oktyabr 2002-ci il


Hörmətli konfrans iştirakçıları!

Hörmətli xanımlar və cənablar!

Sizi - "Yoxsulluğun azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı"nın müzakirəsinə həsr olunmuş ümummilli konfransın iştirakçılarını səmimi qəlbdən salamlayıram və konfransın işinə uğurlar arzulayıram.

Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf problemlərinə həsr olunmuş belə bir mötəbər ümummilli konfrans böyük əhəmiyyətə malikdir. Çünki ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra həyata keçirdiyimiz tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatının inkişafına, insanların rifah halının yaxşılaşmasına nail olmuşuq. Amma eyni zamanda, yoxsulluq problemi hələ də həll edilməli böyük bir problem kimi bizim gündəliyimizdə durur. Yoxsulluq problemi son onilliklərdə dünyada ümumbəşəri bir problemə çevrilmişdir. Dünyanın bir çox ölkələrində yoxsulluq həddi çox yüksəkdir. Yoxsulluğun azaldılması yolunda mübarizə aparılır. Bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatı tərəfindən İohannesburqda keçirilmiş konfransda da yoxsulluğun azaldılması problemi kəskin qoyulmuşdur. 2015-ci ilə qədər dünyada yoxsulluğun iki dəfə azaldılması vəzifəsi irəli sürülmüşdür.

Yoxsulluğun səbəbləri məlumdur. Dünyanın ayrı-ayrı ölkələrində bunun müxtəlif səbəbləri var. Bəzi qitələrdə elə ölkələr var ki, yoxsulluq son dövrdə, yəni ikinci dünya müharibəsindən sonra və xüsusən axırıncı onilliklərdə dünyada gedən proseslərlə əlaqədardır. Əgər bizim bölgəmizi, yəni Şərqi Avropa ölkələrini, keçmişdə Sovetlər İttifaqına daxil olmuş indiki müstəqil respublikaları, ölkələri götürsək, burada yoxsulluğun səbəbləri digər yerlərdən bir az fərqlidir, ancaq eyni zamanda tam aydındır. Bu, iqtisadiyyatın geridə qalması və bunun nəticəsində insanların işlə təmin olunmaması və beləliklə, onların rifahının yaxşılaşdırılması üçün imkanlar yaradıla bilməməsi nəticəsində olmuşdur.

Keçmiş Sovetlər İttifaqına mənsub olan ölkələrdə, məlumdur ki, SSRİ dağılandan sonra çox ağır sosial-iqtisadi proseslər gedib və getməkdədir. Sovetlər İttifaqı dövründə də bu ölkədə insanların hamısı eyni səviyyədə yaşamırdı. Respublikaların vəziyyəti də müxtəlif idi. Amma, ümumiyyətlə, yoxsulluq mövcud idi. Bəlkə də o vaxt sovet sistemində hamının eyni səviyyədə yaşaması prinsipi prizmasından baxanda, kimin yoxsul olması, kimin olmaması o qədər də görünmürdü. Ümumiyyətlə, Sovetlər İttifaqında, sosialist sistemində yoxsulluq bir problem kimi müzakirə olunmurdu. Yəni problem vardısa da, onun olması etiraf edilmirdi.

Ancaq Sovetlər İttifaqı dağılandan, respublikalar müstəqillik əldə edəndən sonra baş verən proseslər, təbii surətdə, heç kəsdən asılı olmayaraq, iqtisadiyyatın müəyyən qədər pozulmasına, sonra isə müxtəlif ölkələrdə, ayrı-ayrı səviyyələrdə onların ya dağıdılmasına, ya güclü tənəzzülünə gətirib çıxarmışdır.

Bizim ölkəmizdə də bu proses olmuşdur, hamımız bunu yaşamışıq. Amma bizim ölkəmizdə Sovetlər İttifaqının dağılması ilə baş vermiş proseslərlə yanaşı, Ermənistanın Azərbaycana hələ 1988-ci ildən başlanmış hərbi təcavüzü iqtisadiyyatımıza çox böyük mənfi təsir göstərmişdir. Münaqişə, ondan sonra başlanan müharibə, təbiidir ki, iqtisadiyyatımızın bir çox sahələrinə mənfi təsir göstərmişdir. Sonrakı illərdə - 1990-1991-ci illərdə, 1992-1993-cü illərdə isə, bir tərəfdən, Ermənistan-Azərbaycan münaqişəsi, müharibə, onun nəticəsində insanların yerlərindən-yurdlarından zorla çıxardılması, qaçqın və köçkün vəziyyətinə düşməsi, bütün varidatını itirməsi, digər tərəfdən isə, Azərbaycanda bu illərdə mövcud olmuş hakimiyyət böhranı, iqtisadi və sosial böhran ölkəmizin iqtisadiyyatını ilbəil tənəzzülə uğratmışdı. 1993-1994-cü illərdə bu tənəzzül artıq son həddə çatmışdı. İqtisadiyyatımız inkişaf etmək əvəzinə, hər il təxminən 20-25 faiz tənəzzül edirdi. İnflyasiya çox yüksək səviyyəyə qalxmışdı. Təbiidir ki, belə vəziyyətdə bir çox müəssisələrin dayanması nəticəsində insanlar işsiz qalmışdılar. Bir də qeyd edirəm, bütün bunlar və müharibə zamanı qaçqın axınının daim artması ölkəmizdə yoxsulluğun yaranmasının əsas səbəbləri olmuşdur.

Yoxsulluğu aradan qaldırmaq üçün vasitələr məlumdur. Bu, bizim özümüzə də məlumdur. Ancaq eyni zamanda, dünyanın beynəlxalq təşkilatları, bu məsələlərlə məşğul olan qurumlar, ekspert təşkilatları və s. bunların hamısı çox dərin və ətraflı təhlillər apararaq, bir tərəfdən, yoxsulluğun əmələ gəlməsi səbəblərini aydınlaşdırmış, ikinci tərəfdən də, yoxsulluğun aradan qaldırılması yollarını müəyyən etmişlər. Qeyd etdiyim kimi, biz bunu özümüz də iş prosesində müəyyən etmişik. Burada bizim üçün yeni heç nə yoxdur. Amma eyni zamanda, dünya təcrübəsi, beynəlxalq təşkilatların, maliyyə qurumlarının, Birləşmiş Millətlər Təşkilatının müvafiq orqanlarının bu sahədə apardığı işlər ölkəmizdə yoxsulluğun aradan qaldırılması üçün istiqamətlərin müəyyən olunmasında və əməli tədbirlərin görülməsində bizə yardım edir.

Sizə məlumdur ki, bizim iqtisadiyyatımız, nəhayət, 1995-1996-cı illərdə tənəzzülə son qoymuşdur və ilbəil, ardıcıl surətdə inkişaf edir. İnkişafımızın da əsasları məlumdur. Birinci növbədə, bu, Azərbaycanın bazar iqtisadiyyatı yolu ilə getməsidir. Bəli, bu yol bizim üçün yeni yoldur və çoxları üçün olduqca anlaşılmaz, mürəkkəb bir yoldur. İnsanların çoxu bu iqtisadi sistem şəraitində işləməyə öyrənməmişlər. Ona görə də biz bir çox çətinliklərlə rastlaşdıq. Ancaq bazar iqtisadiyyatını tətbiq etmək üçün iqtisadi islahatların həyata keçirilməsi əsas şərt idi. Biz bunları başladıq, uğurla həyata keçirdik və indi də davam etdiririk.

Birinci növbədə torpaq islahatının həyata keçirilməsi, Azərbaycanda torpağın kəndlilərə paylanması və onlara öz torpaqlarından səmərəli istifadə etmək üçün lazımi imkanların yaradılması, yardımlar edilməsi, təbiidir ki, aqrar sektorda ilbəil müsbət dəyişikliklərin əmələ gəlməsinin əsas səbəbi olmuşdur.

Özəlləşdirmə proqramının həyata keçirilməsi. Kiçik və orta müəssisələrin özəlləşdirilməsi həyata keçirilibdir və artıq biz bütün sahələrdə özəlləşdirmənin aparılması üçün proqram tərtib etmişik. İndiyə qədər özəlləşdirmə sahəsində görülən tədbirlər öz nəticəsini veribdir.

İqtisadiyyatın liberallaşdırılması da əsas şərtlərdən biri olmuşdur. Bütün bunların nəticəsində biz, qeyd etdiyim kimi, 1996-cı ildən etibarən iqtisadiyyatımızda inkişafa nail ola bilmişik. O vaxtdan indiyədək Azərbaycanda ümumi daxili məhsul 68 faiz artmışdır. Sənaye məhsulu 23 faiz, kənd təsərrüfatı məhsulu 39 faiz, xarici ticarət dövriyyəsi 2,2 dəfə çoxalmışdır. İnflyasiyanın səviyyəsi 2,5 faiz təşkil etmişdir və bundan yuxarıya qalxmamışdır. 1995-ci ildən sonra inflyasiya demək olar ki, yox dərəcəsindədir. Büitün bunların nəticəsində biz insanların rifah halını yaxşılaşdırmaq imkanı əldə etmişik. Orta aylıq əmək haqqı bu illərdə 3,6 dəfə yüksəlmişdir. Pensiyalar 3,4 dəfə artmışdır.

İndi Azərbaycanın 1 milyard 300 milyon dollar valyuta ehtiyatı var. Ancaq biz iqtisadiyyatda işlərimizə başlayanda, demək olar ki, bir dollar da valyutamız yox idi, heç nəyimiz yox idi. Hər şey dağılmışdı. İqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar biz əvvəldən, hələ 1993-1994-cü illərdən xarici investisiyaların Azərbaycana cəlb olunması məsələsini qarşıya qoyduq və bu barədə ardıcıl surətdə lazımi tədbirlər həyata keçirərək böyük uğurlara nail olduq. Bunların əsasını birinci növbədə, Azərbaycanın neft strategiyası təşkil edirdi. 1994-cü il sentyabrın 20-də burada, "Gülüstan" sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" neft yataqlarının Qərb ölkələrinin bir çox böyük şirkətləri ilə müştərək işlənilməsi haqqında müqavilə imzaladıq. O "Əsrin müqaviləsi" adlandırıldı. Bu, tam əsaslı idi, çünki o vaxt ilk dəfə idi ki, nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada belə müqavilə imzalanmışdı. Biz bu müqaviləni ardıcıl surətdə həyata keçiririk. Bilirsiniz ki, ondan sonra biz neft və qaz yataqlarının işlənməsi ilə əlaqədar bir çox başqa müqavilələr də imzalamışıq və onları da həyata keçiririk. Bunların hamısı bütövlükdə Azərbaycanın dövlət neft strategiyasını təşkil edir. Neft strategiyası Azərbaycanın təbii sərvətlərinin - neft və qaz yataqlarının xalqımızın bu günü və gələcəyi naminə səmərəli istifadə olunması üçün dünyanın böyük, təcrübəli neft şirkətləri ilə birlikdə işlənilməsidir. Bunun sayəsində biz artıq çox yaxşı nəticələr əldə etmişik.

Məlumdur ki, artıq neft hasil olunur, iki istiqamətdə dünya bazarlarına çıxarılır. Biz Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərlərini inşa etdik. İxrac olunan neftdən həm Azərbaycan, həm də bizimlə bərabər bu işdə iştirak edən neft şirkətləri öz gəlirlərini götürürlər. Bunun nəticəsində, Azərbaycanda Neft Fondu yaranıbdır. Bu gün Neft Fondunda 690 milyon dollara qədər vəsait toplanıbdır. Bu, Azərbaycanın böyük bir sərvətidir. Həyata keçirdiyimiz iqtisadi islahatlarla bərabər, bunlar iqtisadiyyatımızın inkişafını təmin etdi, xatırlatdığım göstəricilərin əldə olunmasına gətirib çıxardı. Xalqımızın rifah halının xeyli yaxşılaşması təmin olundu. Qazanılmış nailiyyətlər təkcə istehsalın artmasından, iqtisadiyyatın inkişaf etməsindən, insanların rifah halının yaxşılaşmasından ibarət deyil, Azərbaycanın iqtisadi mənzərəsi tamamilə dəyişmişdir.

Məsələn, apardığımız iqtisadi islahatlar nəticəsində indi Azərbaycanda özəl bölmənin payı istehsalda 70 faiz, o cümlədən sənayedə 50 faiz təşkil edir. Kənd təsərrüfatında istehsalın 99 faizi özəl sektora məxsusdur. Ticarətdə də eyni ilə bu qədərdir. Tikintidə özəl sektorun payı təxminən 65 faizdir. Nəqliyyatda da bu qədərdir. Bunlar bizim iqtisadi islahatların çox gözəl nəticələridir. Bəli, bunların hamısı birlikdə, yenə qeyd edirəm ki, Azərbaycanın iqtisadi mənzərəsini dəyişdiribdir. Azərbaycanda infrastruktur inkişaf edir, şəhərlər abadlaşır. Ölkəmizdə indi geniş inşaat işləri, - təbiidir, özəl sektorun vasitəsilə, - gedir. Sevindirici hal oldur ki, yaşayış binaları tikilir. Bu binalar insanların yaşayış tərzini, mənzil şəraitini yaxşılaşdırmaq üçün tikilir. Bu da böyük biznesdir, son illərdə Azərbaycanda təqdir etdiyimiz bir biznesdir.

Bunların hamısı, qeyd edirəm ki, bizim gördüyümüz işlərin nəticəsidir və mənim dediyim bu sözlər və sizə söylədiyim rəqəmlər Azərbaycanın bugünkü səviyyəsini nümayiş etdirir.

Ancaq bununla bərabər, Azərbaycanda hələ yoxsulluq mövcuddur. Yoxsulluğun aradan qaldırılması bizim üçün əsas vəzifələrdən biridir. Beynəlxalq təşkilatların araşdırma metodikasının nəticələrindən belə görünür ki, əhalinin 47 faizi yoxsulluq səviyyəsindədir. Demək, bizim vəzifəmiz bundan sonra aparılan işlərlə yoxsulluqla mübarizəni gücləndirmək, yoxsulluğu azaltmaq və gələcəkdə Azərbaycanda yoxsulluğu tamamilə ləğv etməkdən ibarətdir. Bunun üçün də mən 2001-ci ilin mart ayında Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının hazırlanması barədə fərman imzalamışam və Dövlət Komissiyası yaratmışam. Komissiyaya baş nazir Artur Rasizadə sədrlik edir. Bu komissiya qarşısında duran vəzifəni həyata keçirməyə çalışır. Onun apardığı işlər nəticəsində yoxsulluğun azaldılmasına, iqtisadi inkişafa dair proqram tərtib olunubdur. Bu proqram beynəlxalq təşkilatların, - burada onların nümayəndələri iştirak edirlər, - iştirakı, məsləhətləri, köməyi ilə hazırlanıbdır.

Biz bu proqrama baxmışıq və bu gün də o, ümummilli konfransın müzakirəsinə çıxarılır. Bu proqramda, - indi bu barədə məruzə olacaqdır, - əsas istiqamətlər göstərilir. Həmin proqram bizim indiyə qədər apardığımız işləri daha da sürətləndirmək, daha da mükəmməl görmək yolu ilə həyata keçirilə bilər. Yəni bazar iqtisadiyyatı getdikcə inkişaf etməli, genişlənməli, Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə etməlidir. İqtisadi islahatlar bütün sahələrdə həyata keçirilməlidir. İqtisadiyyat sahəsi ilə yanaşı, təhsil və səhiyyə sahəsində islahatlar da çox böyük əhəmiyyət kəsb edir. İndi biz elə bir səviyyəyə gəlib çatmışıq ki, iqtisadi islahatları mütləq davam etdirərək, təhsil və səhiyyə sahəsində islahatların sürətlə həyata keçirilməsini təmin etməliyik.

Xarici investisiyalar da cəlb olunmalıdır. İndi bizdə xarici investisiyalar ilbəil artır. Qarşıdakı illərdə də Azərbaycanın iqtisadiyyatına milyardlarla xarici investisiya qoyulması gözlənilir. Dünya təcrübəsindən səmərəli istifadə olunmaqla və beynəlxalq maliyyə qurumlarının - Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, İslam İnkişaf Bankının, Asiya Bankının, digər bankların yardımı, kreditləri ilə ölkəmizdə müxtəlif layihələr həyata keçiriləcəkdir. İndi biz iqtisadiyyatın mümkün potensialını hərəkətə gətirmişik. Ancaq işsizliyi aradan qaldırmaq, təzə iş yerləri açmaq üçün yeni layihələr həyata keçirilməlidir. Bizim İqtisadi İnkişaf Nazirliyimizdə belə layihələr vardır. Nazir bu barədə məruzə edəcək və bildirəcəkdir. Mənə verilən məlumatlara görə, bu layihələr Azərbaycana təxminən 3 milyard dollar sərmayə qoyulmasını nəzərdə tutur. Bunu da donor ölkələrin və təşkilatların köməyi vasitəsilə etmək mümkün olacaqdır.

Biz indiyə qədər özümüz ayrı-ayrı təşkilatlarla iş görərək, Dövlət Proqramını həm öz ictimaiyyətimizin, konfransın müzakirəsinə çıxarmışıq, həm də ki, onun hazırlanmasında bizimlə bərabər işləyən beynəlxalq təşkilatlarla bir yerdə müzakirə edirik. Neft sektoruna, qeyri-neft sektoruna indiyə qədər cəlb olunan investisiyalarla yanaşı, yeni layihələrin, - bir də qeyd edirəm, bunlar beynəlxalq maliyyə mərkəzləri ilə birlikdə baxılmış layihələrdir, - həyata keçirilməsi, investisiya cəlb etmək istiqamətində bizim görəcəyimiz işlər yoxsulluğun azaldılmasını təmin edə biləcəkdir. Ona görə də biz bu məsələləri bu gün birlikdə müzakirə etmək fikrindəyik.

Mən çox məmnunam ki, dəvət olunan bütün beynəlxalq təşkilatların nümayəndələri konfransa gəliblər, iştirak ediblər. Əminəm ki, onlar bizim proqramın, nəhayət, tam hazırlanması və gələcəkdə onun həyata keçirilməsi üçün öz xidmətlərini göstərəcəklər.

Nitqimi qurtararaq demək istəyirəm ki, Azərbaycan 1990-cı illərin əvvəllərindəki ağır vəziyyətdən çıxaraq, ardıcıl surətdə inkişaf etmiş və artıq 2000-ci ildən sonra bu inkişaf daha da sürətli olmuşdur, ölkəmiz irəli gedir. Respublikamızın həm iqtisadiyyatını, həm də xalqın güzəranını çox yaxşı gələcək gözləyir. Biz bunu indiyə qədər gördüyümüz işlərin əsasında təmin etmişik və gələcəkdə görəcəyimiz işlər bunların hamısını tamamlayacaqdır. Neft sektorundan böyük gəlirlər gözlənilir. Bu, Azərbaycanın milli sərvətidir. Azərbaycanın ən vacib sahələrində bu sərvətdən istifadə oluna bilər. Ancaq bunun əksər hissəsi Neft Fonduna yığılaraq, gələcək nəsillər üçün saxlanılacaqdır.

Bildiyiniz kimi, Neft Fondundan indiyə kimi, ilk dəfə olaraq, mən qaçqınların sosial vəziyyətini yaxşılaşdırmaq, onlara yaşayış evləri tikmək üçün 76 milyon dollar ayırmışam. Dövlət büdcəmizə indi Milli Məclisdə baxılır. Müəyyən miqdar vəsait də büdcəmizin kəsirini ödəmək üçün ayrılacaqdır. Ancaq bizim Neft Fondunun gəlirləri artacaq, qarşıdakı bir neçə ildə orada milyardlarla dollar vəsait olacaqdır. Amma bu, bizi heç vəchlə arxayın etməməlidir. Bu, Azərbaycanın iqtisadi vəziyyətinin təminatıdır.

Ancaq eyni zamanda, Azərbaycanın qeyri-neft sektorunda çox böyük imkanlarımız vardır. Azad sektorda, iqtisadiyyatın neftə aid olmayan başqa sektorlarında böyük imkanlarımız vardır. Bu imkanların hamısından istifadə olunması və nəticədə iqtisadiyyatın inkişafının, xalqın rifah halının yaxşılaşdırılmasının təmin edilməsi bizim vəzifəmizdir. Sizə bildirmək istəyirəm ki, bunun üçün bizim real imkanlarımız da yaranıbdır. Biz indiyə qədər apardığımız işlər nəticəsində həm xeyli uğurlar əldə etmişik, həm də gələcək illər üçün çox tutarlı əsas yaratmışıq. Əgər biz 1994-1995-ci illərdə, demək olar ki, boş yerdə, dağılmış iqtisadiyyat şəraitində Azərbaycanın inkişafını təmin etməyə başladıqsa, bilirsiniz ki, indi böyük bir bünövrə üzərində dururuq. Bu bünövrə də Azərbaycanın bugünkü müstəqilliyi, azadlığı, Azərbaycanın müstəqil, demokratik, dünyəvi, hüquqi dövlət qurması, Azərbaycanın Konstitusiyasıdır. Yenə də deyirəm, indi Azərbaycanın güclü iqtisadiyyatı var. Biz bu möhkəm təməl üzərində dururuq və buradan gələcəyə doğru irəliləyirik. Bax, bu yolda bizim əsas vəzifələrimizdən biri yoxsulluğun azaldılmasıdır. Güman edirəm ki, bugünkü müzakirələrdə bu məsələ öz əksini tapacaq və nəhayət, Dövlət Proqramı təsdiq olunaraq həyata keçiriləcəkdir.

Sağ olun.