Respublikamız ağır iqtisadi böhran vəziyyətindədir. 1993-cü il sona çatır. Ölkədə gedən müharibə iqtisadiyyatın vəziyyətinə də ciddi təsir göstərir. Bütün bunlar isə bir sıra ciddi, əsaslı tədbirlər görülməsini tələb edir. Çalışmalıyıq ki, bu tədbirlər iqtisadiyyatda böhran prosesinin qarşısını alsın, iqtisadi potensialdan səmərəli istifadə olunmasına lazımi şərait yaratsın. Müşavirənin də keçirilməsi məhz bu zərurətlə bağlıdır.
İqtisadiyyatın çox sahəsi var, əsas sahəsi isə istehsaldır. Təəssüf ki, bizdə bu sahə son illər get-gedə zəifləyir, istehsalın həcmi aşağı düşür. Bütün bunların əsas səbəbi isə iqtisadiyyatın böhran vəziyyətində olmasıdır. Respublikanın maliyyə imkanları zəifləmiş və bu sahədə ciddi gərginlik yaranmışdır.
İndi Azərbaycan müstəqil dövlət kimi, bir çox ölkələrlə iqtisadi əlaqələr qurmağa başlamışdır. Ancaq bu əlaqələrin respublika iqtisadiyyatına nə qədər mənfəət gətirdiyi hələ məlum deyil. İqtisadi əlaqələrimizin təşkilində, qurulmasında qüsurlar, səhvlər vardır. Bütün bunlar isə respublikada social gərginliyi artırır, adamların həyat səviyyəsinin aşağı düşməsinə səbəb olur və iqtisadi, maliyyə imkanlarımızı çox məhdudlaşdırır.
Bu gün əsasən respublikamızın maliyyə vəziyyəti, istehsal edilən mallardan istifadə, eyni zamanda idxal-ixrac əməliyyatlarının səviyyəsi məsələlərini aydınlaşdırmaq lazımdır. Respublikada istehsal olunan bir sıra məhsulların xaricə satılması, əvəzində lazımi mallar alınması və ölkəmizin ehtiyaclarının təmin olunması əsas məsələlərdən biridir. Ancaq bu sahədə də qarışıqlıq, qanun pozuntuları vardır. Bəzən ayrı-ayrı qrupların, dairələrin mənafeyi ümumrespublika, ümumxalq mənafeyindən üstün tutulur. Ona görə də biz bu sahələrdə istənilən nəticəni əldə edə bilmirik.
Mən istərdim ki, müzakirə zamanı fikirlər açıq-aydın bildirilsin, mövcud vəziyyətə obyektiv qiymət verilsin və lazımi yollar axtarılıb tapılsın.
...Biz bu məsələnin müzakirəsinə çox vaxt sərf etdik, amma, zənnimcə, bu vaxt hədər getmədi. Biz iqtisadiyyatımızın vəziyyətini birgə təhlil etdik. Çıxışların hamısı onu göstərdi ki, Azərbaycanın iqtisadiyyatı, maliyyə-kredit vəziyyəti çox ağır haldadır və əgər ciddi tədbirlər, konkret əməli iş görülməsə, ciddi addımlar atılmasa, iqtisadi-sosial böhran dərinləşəcək və bizdən ötrü daha ağır problemlər yaradacaqdır. Gündən-günə artan inflyasiya, emissiyanın daim davam etməsi maliyyə sistemimizi ağırlaşdırır. Bu da iqtisadiyyatımızın zəifləməsi ilə əlaqədardır. Müşavirə başlanarkən qeyd etdim və indi bir daha təkrar edirəm: həm sənayedə, həm də kənd təsərrüfatında istehsal aşağı düşmüşdür. Maliyyə vəziyyətimizin pisləşməsi və istehsalın azalması bir-biri ilə bağlı problemlərdir. Müstəqil dövlət kimi sərbəst şəkillə xarici iqtisadi əlaqələr saxladığımıza görə xarici ölkələrlə mal mübaliləsinin və maliyyə əlaqələrinin düzgün qurulmasının iqtisadiyyatımız üçün böyük əhəmiyyəti var. Ona görə də müşavirəni əsasən bu mövzudan başladıq. Çünki iqtisadiyyatımız belə ağır vəziyyətlə olduğu halda, istehsalın aşağı düşdüyü bir şəraitdə həm sənaye, həm də kənd təsərrüfatı məhsullarımızın bir hissəsi başqa ölkələrə, xüsusən keçmiş Sovetlər İttifaqından ayrılan müstəqil dövlətlərə göndərilmiş, lakin haqqı ödənilməmişdir. Bu borc milyardlarla hesablanır. Həm də görünür ki, bu, təsadüfi hal deyildir, əksinə, ayrıayrı adamların belə vəziyyətdən istifadə edərək dövlətin, xalqın vəsaitini cürbəcür yollarla mənimsəməsinə yönəldilmiş hallardır.
Bir halda ki, biz müşavirəni respublikadan göndərilmiş malların dəyərinin qaytarılmaması, debitor borclarının yüksək olması mövzusundan başladıq, demək istəyirəm ki, bu çox mühüm məsələdir və bütün başqa məsələlər nəzərdən keçirilərkən unudulmamalıdır.
Baş nazir məlumat verdi ki, görülmüş tədbirlər nəticəsində 8 milyard rubl debitor borcu qaytarılmışdır. Lakin bu azdır. Nazirliklər, o cümlədən maliyyə və iqtisadiyyat nazirlikləri, banklar, ümumən Nazirlər Kabineti həm keçən il, həm də bu il həmin məsələyə fikir verməmiş, onunla məşqul olmamışlar. Bunun nəticəsidir ki, çətin vəziyyətdə olan iqtisadiyyatımızın buraxdığı məhsulların dəyəri respublikaya qaytarılmamışdır. Son günlər Nazirlər Kabinetinin bu sahədə müəyyən tədbirlər görməsi yaxşıdır. Lakin mən kənara məhsul göndərən və bunların dəyəri geri qaytarılmayan nazirliklərə, müəssisələrə, bütün təşkilatlara və onların rəhbərlərinə tapşırıram ki, üç gün müddətində mənə yazılı məlumat versinlər: keçən il və bu il nə vaxt və nə qədər mal göndərilmişdir, nə üçün onların dəyəri qaytarılmamışdır, nə vaxt qaytarılacaq və bundan ötrü hansı tədbirlər görülür.
Çıxış edənlərin bəziləri məlumat verdilər ki, guya həmin mallar klirinq hesablaşmaları üçün göndərilmişdir. Kənd təsərrüfatı naziri də dedi ki, guya Rusiyada hansı bankdasa hesab açılmış və onların göndərdiyi malların dəyəri həmin hesaba geçirilmişdir. Bütün bunların maliyyə baxımından bizim üçün nə qədər zərərli olması barədə deyildi, mən onları təkrar etmək istəmirəm. Əgər bizə məxsus vəsait geri qayıtmayaraq başqa ölkənin bankında bir-iki ay qalırsa, həmin ölkələrdə və respublikamızda inflyasiyanın artması nəticəsində dəyərini itirir, ikinci tərəfdən isə həmin vəsaitin verə biləcəyi bank faizləri o ölkələrə qalır. Ona görə də mən belə vəziyyəti, bununla əlaqədar heç bir izahatı qəbul edə bilmirəm. Bir daha deyirəm ki, üç gün ərzində müvafiq məlumatlar təqdim edilməli, Prezident Aparatında təhlil olunduqdan sonra mənə məlumat verilməlidir. Bilinməlidir ki, bu borclar nə vaxt qayıdacaq, əgər qayıtmayıbsa, hansı məqsədlər üçün - müxtəlif mallar, ehtiyat hissələri və s. almaqdan ötrü istifadə olunacaqdır. Bu birincisi. İkincisi, biz gərək ümumiyyətlə, maliyyə işlərimizlə ciddi dəyişiklik edək. Burada bir çox təkliflər verildi. Banklarımız - həm Milli Bank, həm beynəlxalq bank, həm də sahələr üzrə olan banklar öz işlərini əsaslı surətdə yenidən qurmalıdırlar. Onların fəaliyyətində çox böyük qüsurlar var. Son günlərlə dövlət katibinin keçirdiyi müşavirələrlə bu nöqsanlar onların nəzərinə çatdırılmışdır və təcili qaydada aradan qaldırılmalıdır. Banklarımız gərək elə işləsinlər ki, respublikanın maliyyə vəziyyətinin sağlamlaşmasına, maliyyə-kredit məsələlərinin səmərəli şəkildə aparılmasına şərait yaratsınlar. Şübhəsiz ki, bu, ilk növbədə Maliyyə Nazirliyindən tələb edilir. Maliyyə Nazirliyi nəzarətçi kimi yox, bu proseslərin mərkəzində duran dövlət strukturu kimi fəaliyyət göstərməlidir. Bundan sonra Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə iqtisadi əlaqələrimiz bank vasitəsilə olmalı, barter əməliyyatları məhdudlaşdırılmalı, yalnız konkret məqsədlər üçün aparılmalıdır. Həmin məsələlər bu gün burada aydınlaşdırıldı və belə hesab edirəm ki, əgər bundan ötrü müvafiq fərman lazımdırsa, o hazırlanıb mənə təqdim olunmalı və biz bu sahədə qayda-qanun yaratmalıyıq. İndən belə bu məsələləri özbaşına buraxmaq olmaz. Başqa məsələlər də qaldırıldı. Bu söhbətlər həm rublla, həm də valyuta ilə aparılan əməliyyatlara aiddir. Maliyyə işimizin, ümumiyyətlə, iqtisadiyyatımızın sağlamlaşması üçün əsas şərtlərdən biri vergi sistemimizdə qayda yaradılmasıdır.
Vergi müfəttişliyi nümayəndəsinin çıxışından göründü ki, bu sahədə qüsurlar çoxdur. Yerdən replikalar da verildi ki, guya onlar hətta müəyyənləşdirilmiş planları da yerinə yetirməmişlər. Belə məlumat verildi ki, inflyasiya nəzərə alınmaqla, həmin planlar 29 faiz ödənilmişdir. Əgər biz sərbəst iqtisadiyyata yol veririksə, müvafiq qanunlar qəbul etməklə vergi sistemini məhkəmləndirməliyik. Mənə elə gəlir ki, bu, iqtisadiyyatımız üçün, maliyyə vəziyyətimizin yaxşılaşması üçün əsas yollardan biridir.
Vergi haqqında qanun qəbul edilmişdir. Ancaq əgər o, bugünkü tələblərə uyğun deyildirsə, ona yenidən baxılmalıdır. Eyni zamanda, vergi ilə bağlı təlimata da yenidən baxmaq lazımdır. Bunlar elə səviyyəyə çatdırılmalıdır ki,qısa müddətdə geniş tətbiq edilsin. Vergi sistemi bütün sahələrdə elə rurulmalıdırki, dövlət büdcəsinin formalaşmasında əsas yer tutsun. Burada yoxlamalar barədə çox söhbət getdi və mənə elə gəlir ki, bunlar əsaslı söhbət idi. Çıxışlardan belə məlum oldu ki, vergi müfəttişliyinin özü də qanunsuzluqlara yol verir. Əgər vergi müfəttişliyinin işini yaxşı qura bilsək, bu sahədə müvəffəqiyyət qazanarıq. Bu, əcac vəzifələrimizdən biri olmalıdır.
Maliyyə işlərimizi lazımi səviyyəyə qaldırmaq üçün, zənnimcə, bank kreditlərinin faizini artırmaq lazımdır. Kreditlərin faizində nə üçün belə fərq olduğunu başa düşə bilmirəm. Burada dedilər ki, Rusiyada bank kreditlərinin faizi təqribən 200 faiz, Azərbaycanda isə 50 faizdir. ona görə də banklara tapşırıram ki, beş gün ərzində bu barədə öz təkliflərini versinlər. Həmin təkliflər nəzərdən keçirilməli və müvafiq tədbirlər görülməlidir. Çünki indi əsas məqsədimiz istehsalı artırmaqdır. Bundan ötrü isə müəyyən vasitələrdən istifadə edilməlidir. Həmin vasitələrdən biri vergi sistemidirsə, digəri bank krediti faizlərinin qaldırılmasıdır. Rusiya ilə müqayisədə kredit faizlərində belə yüksək fərqin olması sui-istifadə üçün geniş imkan açır. Bu imkanı özümüz yaradaraq həmin adamlara vermişik, indi isə deyirik ki, maliyyə vəziyyətimiz nə üçün belə ağırdır. Bir daha təkrar edirəm, bu məsələ ilə bağlı təkliflərinizi beş gün ərzində yazılı şəkildə təqdim etməlisiniz.
Burada belə bir təklif də səsləndi ki, prezidentin yanında vergi siyasəti ilə məşğul olacaq xüsusi orqan yaradılsın. Bu barədə də düşünmək lazımdır. Güman edirəm ki, dövlət katibi, müvafiq müşavir Maliyyə Nazirliyi, banklar və s. ilə razılaşdıraraq öz təkliflərini verməlidirlər.
Bugünkü müşavirədə iqtisadiyyatın sərbəstləşdirilməsi, bazar iqtisadiyyatına geniş yer verilməsi haqqında da geniş söhbət getdi. Bununla əlaqədar mənim mövqeyim aydındır. Bir şeyi başa düşə bilmirəm. Bazar iqtisadiyyatı ümumiyyətlə, sosialist iqtisadiyyatına zidd olan iqtisadiyyatdır. Sosializmə və onun iqtisadiyyatına zidd olan qüvvələr son il yarımda Azərbaycana rəhbərlik etmişlər, həm Milli Məclisin, həm nazirliklərin əksəriyyətinin, həm də ki, dövlətin rəhbərliyində olmuşlar. Əgər mühafizəkar qüvvələr bazar iqtisadiyyatının tətbiqinə mane olurdularsa, bəs sərbəst iqtisadiyyat tərəfdarı olan adamlar nə üçün onu həyata keçirməmişlər? Əgər bacarmırdılarsa, heç olmasa, lazımi qərarlar verib ona yol açmaq mümkün idi. Bu yolda bəzi səhvlər də ola bilərdi. Hər halda buna yol açmaq lazım idi.
Lakin kommunist ideologiyasını, sosialist iqtisadiyyatını daim tənqid edən qüvvələr hakimiyyəti ələ aldıqdan sonra yeni bir iqtisadiyyat tətbiq etmək istəmirdilər. Demək olmaz ki, ümumiyyətlə, bacarmırdılar, tətbiq etmək istəmirdilər. Mən belə başa düşürəm. Əgər doğrudan da istəsəydilər, onun yollarını tapa bilərdilər.
Mən birmənalı deyirəm: biz sərbəst iqtisadiyyata keçməliyik və bu yolda cürbəcür bəhanələr axtarmamalıyıq. Ola bilər ki, bu yolda itkilərimiz, çətinliklərimiz olsun. Ancaq bu yolu keçməliyik. Nemət Pənahovun narahatlığını başa düşürəm ki, 70 il bundan qabaq Sovet hakimiyyəti qurulanda xalqın malını əlindən alaraq ümumxalq mülkiyyəti adı altında birləşdirib dövlətin ixtiyarına verdilər. Bu, müəyyən bir vaxtda cəmiyyətin müxtəlif təbəqələrini bərabərləşdirdi. Lakin bu bərabərləşdirmə bir nəticə vermədi. Beş-altı il əvvəl həmin bərabərləşdirmədən imtina olundu və yavaş-yavaş sərbəst iqtisadiyyata keçilməyə başlandı.
Lakin sərbəst iqtisadiyyata keçməyin yolu hamar deyil. Elə ölkələr var ki, onlar daim sərbəst iqtisadiyyat yolu ilə getmişlər. Bu yolun bir neçə pilləsi olmuşdur. Avropanın inkişaf etmiş ölkələrinin, Amerikanın, Yaponiyanın başqa yolu olmamışdır. Onlar mərhələ-mərhələ bu yolla getmişlər. Bizdə isə 1917- 1920-ci illərlə bu yol qırılmış, yeni bir iqtisadi xətt götürülmüşdür. 70 il ərzində bu yeni iqtisadiyyat müəyyən müsbət nəticələr də vermiş, lakin ümumdünya miqyasında qəbul olunmamışdır.
İndi nə edək? Yenə də bənd-bərəni bağlayaq və deyək ki, həmin iqtisadiyyatı saxlamaq lazımdır? Nə vaxtadək saxlayaq? Sizinlə fikir mübadiləsi edirəm. Bəli, bəzi mafioz qruplar qeyri-qanuni yollarla sərvət toplamışlar. Bəzi yerlərdə ola bilər, fabriklərdə, zavodlarda istehsalı aşağı salmışlar ki, sonradan bunları özəlləşdirsinlər. Bəli, belə hallar var. Lakin biz yenidən bunları sosializm sisteminə qaytarmayacağıq ki! Ona görə də sərbəstləşdirmə, özəlləşdirmə getməlidir.
Belə hesab edirəm ki, Milli Məclis özəlləşdirmə haqqında tezliklə yeni qanun qəbul etməlidir. Yanvarda bu barədə qanun qəbul olunmuşdur, lakin o işləmir, çünki bu günün tələblərinə uyğun deyildir.
Bir şeyə təəccüb edirəm. Milli Məclis 1992-ci ilin ortalarından 1993-cü ilin iyununadək mütəmadi fəaliyyət göstərmiş, çoxlu qanun qəbul etmişdir: əlifba haqqında, din haqqında və s. Məncə, bunlar da lazım idi. Ancaq əsas məsələlər barədə qanunlar ya qəbul edilməmiş, əgər qəbul olunubsa, həyata keçirilməmişdir. Bu, təəssüfləndirici haldır.
Əsas məsələlərdən biri özəlləşdirmədir. Bu, asan npocec deyildir. Gəlin birbirimizi qorxutmayaq. Bu işdə risk etmək lazımdır. Bunsuz bir şeyə nail ola bilmərik. Mənim fikrim belədir ki, gərək riskə gedək, təsirli tədbirlər gərək. Hər şeydən çəkinə-çəkinə dayanıb gözləməyin faydası olmaz. Belə naməlum vəziyyətdə yaşaya bilmərik. Biz keçmiş sistemdən çıxmışıq, başqa sistemə isə girməmişik. Deyirik ki, keçid dövründəyik. Keçid dövrü nə qədər olar? Gəlin bütün gücümüzü, imkanlarımızı cəmləşdirək. Başqa çarə yoxdur. Dayanıb vaxt itirmək olmaz.
Güman edirəm ki, burada fikirlər eypidir. Milli Məclis qısa müddətdə özəlləşdirmə haqqında yararlı, bu günün tələblərinə uyğun gələn qanun qəbul etməli və biz onu həyata keçirməliyik. Gərək ki, Vahid Axundov dedi ki, özəlləşdirmə haqqında qəbul edilmiş əvvəlki qanun ancaq ticarət və xidmət sahələrinə aiddir. Belə olan halda da əgər səkkiz ay bundan əvvəl həmin sahələr özəlləşdirilsəydi, yəqin ki, indi bunun nəticəsi olardı.
Şübhəsiz ki, özəlləşdirmə mərhələ-mərhələ getməlidir. Hər şeyi birdən-birə özəlləşdirmək olmaz. Bəli, doğru deyirsiniz ki, səhmdar müəssisələrin yaradılması özəlləşdirmənin əsas yollarından biridir. Lakin bunu etmək üçün gəlin konkret addımlar ataq. Bunun üçün isə qanun qəbul etmək, onun həyata keçirilməsi mexanizmini işləyib hazırlamaq və həyata keçirmək lazımdır.
Baş nazir bildirdi ki, bu barədə Iqtisadiyyat Nazirliyinə, iqtisadçılara tapşırıq verilmişdir və onlar həmin məsələ ilə məşğul olurlar. Bu, çox yaxşıdır. Ancaq güman edirəm ki, özəlləşdirmə haqqında bütün qanunlar Milli Məclisə prezidentin adından verilməlidir. Belə ola bilməz ki, Nazirlər Kabineti hansı bir proqramla isə Milli Məclisdə çıxış etsin. Nazirlər Kabineti prezident strukturunun bir hissəsidir. Ona görə də bu məsələlər hazırlanıb prezidentə verilməli və prezident onları Milli Məclisə təqdim etməlidir. Yaxud Milli Məclisin komissiyaları - iqtisadiyyat komissiyası və s. bu məsələləri hazırlayaraq prezidentə verməli, prezident isə Milli Məclisə təqdim etməlidir. Bunun mexanizmi belə olmalıdır.
İxrac-idxal məsələləri haqqında. Mən uzun müddətdir ki, bu barədə düşünürəm və indi də fikrimi bir qədər açıqladım. Gömrük Komitəsinin sədrinə suallar verməyim də təsadüfi deyildir. O, mənim suallarımı dərhal tutmadı. Bir də deyirəm, əgər bu fikrim qəbul olunursa, onu həyata keçirək. Xaricdən daxil olan malların ola bilər ki, bir qisminə mütləq müəyyən vergi qoyulsun, bir qismi isə vergilərdən tamamilə azad olsun. Xahiş edirəm, bu barədə həm Gömrük Komitəsi, həm də xarici iqtisadi əlaqələr və iqtisadiyyat nazirlikləri təkliflərini hazırlayıb bizə təqdim etsinlər. Maliyyə Nazirliyi də bu işlə məşğul olsun. İxrac olunan mallara qoyulan vergilərə baxmaq lazımdır. Ümumiyyətlə isə bizim gömrük siyasətimiz olmalıdır. Əgər Gömrük Komitəsi bacarırsa, gömrük siyasəti haqqında layihə hazırlayıb qısa müddətdə təqdim etsin. Bu iş də iqtisadiyyat, xarici iqtisadi əlaqələr və maliyyə nazirlikləri ilə birgə aparılmalıdır.
Gömrük siyasəti iqtisadiyyatımızın yüksəlməsini təmin edən əsas amillərdən biridir. İndiyədək biz bundan lazımınca istifadə etməmişik. Gömrük idarələrində qanun pozuntuları var, öz vəzifələrindən sui-istifadə edirlər, gömrük işçilərinin rüşvətxorluqla məşğul olması barədə çoxlu siqnal alınır. Rüşvət almamış mal buraxmırlar. Ona görə də biz gərək bir tərəfdən gömrük siyasətimizi tənzimləyək, digər tərəfdən elə edək ki, gömrük qanunları günün tələblərinə uyğun olsun, üçüncü tərəfdən isə Gömrük Komitəsinin sədri Tahir Əliyevə tapşırıram ki, əməkdaşlar arasında geniş iş aparsın, onları rüşvətxorluqdan çəkindirsin.
Bu məsələləri müzakirə edərkən düşündüm ki, bəlkə, üç ay müddətinə kommersiya strukturlarının, cürbəcür şirkətlərin yoxlanmasına moratorium qoyaq. Mən həm Gömrük Komitəsinin sədrinə, həm daxili işlər nazirinə və həm də respublika prokuroruna sual verdim ki, sizin apardığınız bu yoxlamaların iqtisadiyyatımıza nə kimi xeyri olmuşdur? Məni maraqlandıran budur. 1400 cinayət işinin qaldırılması və s. məni o qədər də maraqlandırmır. Gəlin açıq danışaq, ictimaiyyət arasında geniş söhbət gedir ki, bu yoxlamaların hamısında rüşvətxorluq halları olur. Kim bunu inkar edirsə desin ki, belə deyildir.
Təklif edirlər ki, vergi polisi yaradaq. Polis elə polisdir. Əgər vergi müfəttişi ciddi işləsə, sağlam təşkilat olsa, çox iş görə bilər. Bir tərəfdən Daxili İşlər Nazirliyi, digər tərəfdən prokurorluq, vergi müfəttişliyi yoxlayır. Bir belə yoxlama gedir. Mən yenə deyirəm, əgər bu yoxlamaların konkret nəticəsini, xeyrini-zərərini bilsəydim, onda razılaşardım ki, xeyri var və yoxlamaları davam etdirmək lazımdır. Yoxlamaların ümumiyyətlə, dayandırılması da düz olmaz. Ona görə də mən bunların üç ay müddətinə dayandırılmasını irəli sürdüm. SƏDM orqanları vaxtı ilə ləğv olunmuşdu, sonradan onu bərpa etdilər. İndi Vaqif Novruzov deyir ki, onların işçilərinin sayı cəmi 20 nəfər artmışdır. Məsələ heç də işçilərin nə qədər artmasında, onu hansı strukturun hesabına təşkil etməyinizdə deyildir. Məsələ ondadır ki, bu strukturun iqtisadiyyatımıza xeyri nədən ibarətdir. Sosialist iqtisadiyyatı dövründə bu strukturun müəyyən mənası vardı. Baxmayaraq ki, o zaman da bu sahədə işləyənlərin çoxu rüşvətxorluqla məşğul olurdu. Mən bunu açıq deyirəm. Indi ki, biz sərbəst iqtisadiyyata keçirik, belə şəraitlə buna ehtiyac varmı?
Əgər biz vergi haqqında qanun qəbul edərkən onun təlimatında vergi verməyən təşkilatların bağlanması, ciddi iqtisadi sanksiyalar tətbiq olunması kimi müəyyən cəza tədbirləri nəzərdə tutsaq, belələri haqqında cinayət işi qaldırmağa və bu işə prokurorluğun qarışmasına heç bir ehtiyac qalmaz. Vergini verməyən təşkilatların fəaliyyəti dayandırılsa, iqtisadi yolla onları vergi verməyə məcbur etsək, prokurorluğun müəyyən tədbir görməsinə də lüzum olmayacaqdır. Əslində prokurorluq iki-üç ay belələrini get-gələ salacaq, sonra işi məhkəməyə verəcək və iş burada da xitam olunacaq. Bunun heç bir xeyri olmayacaq. Bu barədə mən bir neçə aydır ki, düşünürəm. Doğrudur, bu, riskli addım olacaq. Amma hər halda müəyyən eksperimentlərə getməliyik. Məgər bu düzgündürmü ki, neçə ildir özəlləşdirmə keçirmək barədə oturub fikirləşirlər, amma heç bir iş görmürlər? Mənə elə gəlir ki, bu barədə təcili surətdə müəyyən sənədləri hazırlamaq, fərman vermək lazımdır. Amma mən çox istərdim ki, kommersiya strukturlarımızla çalışan adamlar, bank işçiləri, işgüzar dairələr həqiqi iş adamları olsunlar, bu fürsətdən istifadə edib mənfi yollara getməsinlər.
Bir daha qeyd etmək istəyirəm ki, biz iş adamları, biznes, sahibkarlıq üçün şərait yaradacağıq. Bu şəraiti ona görə yaradırıq ki, iqtisadiyyatımız inkişaf etsin. Bu şəraiti ona görə yaratmırıq ki, bir çoxları daha da varlansınlar. Əksinə, biz istəyirik ki, kasıb adamların şəraiti yaxşılaşsın. Bəlkə bu barədə də düşünməyə dəyər, elə bir qanun və yaxud da təlimat hazırlansın, iş adamlarının özləri də bu təşəbbüsə qoşulsunlar ki, biznesin sərbəstliyi həm iqtisadiyyatın inkişafına, həm də xalqın bütün təbəqələrinin həyat səviyyəsinin yüksəlməsinə kömək etsin. Valyuta birjası, valyuta bazarı yaradılması barədə burada söhbət getdi. Mənə elə gəlir ki, bu təkliflər dəyərlidir və onlara yol açmaq lazımdır. Ancaq bunları hərəkətə gətirmək üçün lazımi şərait yaratmaq, müvafiq qərarlar qəbul etmək, tədbirlər görmək vacibdir. İqtisadiyyat, maliyyə, xarici iqtisadi əlaqələr nazirlikləri, banklar və Prezident Aparatı bunun üçün müvafiq sənədlər hazırlayıb bizə təqdim etməlidirlər.
Burada qiymətlərin qaldırılmasından da söhbət getdi. Şübhəsiz ki, bu çox mühüm məsələdir. Nazirlər Kabineti bu barədə mənə müəyyən təkliflər verib. Güman edirəm ki, bu təkliflərə yaxın günlərdə baxılmalı, müzakirə olunmalı və bu sahədə prinsip etibar ilə ciddi addımlar atılmalıdır.
Mən bu fikirlə razıyam ki, görülən tədbirlər manatın möhkəmlənməsini təmin etməli, onun dönərliyini artırmalıdır. Biz öz manatımızın qiymətini qaldırmalıyıq. Qoy maliyyə, iqtisadiyyat nazirlikləri, banklar bu barədə öz təkliflərini bildirsinlər, nə etmək lazım olduğunu aydınlaşdırsınlar. Bu işdə də qorxubçəkinmək, lazımi addım atmamaq, heç bir tədbir görməmək daha çox zərərlidir.
Biz xarici investisiyalardan hərtərəfli istifadə etməliyik. Uzun müddət bu sahədə lazımi işlər görülməyib. Srağagün siyasi partiyalarla görüşdə də deyildi, Türkiyədən Azərbaycana 250 milyon dollar kredit ayrılıb. Bu kreditdən indiyədək istifadə olunmayıb. Nə üçün? Gərək Maliyyə Nazirliyi bu barədə vaxtında təkliflər verəydi. Şayiələr gəzir ki, kimlərsə bu krediti bölüb müxtəlif sahələrə ayırmışlar. Bu məsələlərdən mənim xəbərim yoxdur. Belə hesab edirəm ki, bu krediti heç kəs bölə bilməz. Nazirlər Kabineti, Prezident Aparatı, iqtisadiyyat, maliyyə nazirlikləri bu kreditdən istifadə olunması haqqında beş gün ərzində qoy mənə təkliflər versinlər. Biz bu kreditdən dərhal istifadə etməyə başlamalıyıq. Bu kreditin bölünməsi və hansı sahəyə yönəldilməsi məsələləri prezident tərəfindən həll olunacaqdır. Ancaq mən təkliflər gözləyirəm. Bu barədə danışıqları qurtarmaq lazımdır.
Burada malların ixracı məsələsindən də söhbət getdi. Strateji malların ixracı məsələsi ancaq və ancaq prezidentin səlahiyyətində olmalıdır. Təkliflər verilməli və prezident tərəfindən müəyyənləşdirilməlidir. Gəlin belə danışaq ki, bu barədə lazımdırsa, fərman da verilsin, strateji məhsulların ayrı-ayrı təşkilatlar tərəfindən satılmasına son qoyulsun. Mən bu barədə də təkliflər gözləyirəm. Bu məsələ qanuniləşdirilməlidir. Müəyyən olunmalıdır ki, bizim valyutamız nə qədər gələcək və nə qədər gedəcək, hansı malı satıb nə qədər valyuta alacağıq, bu valyutadan necə istifadə olunacaqdır. İxraca gedən strateji məhsullar bir mərkəzdə toplanmalıdır. Mən bunun üçün komissiya yaratmaq fikrindəyəm. Eyni zamanda vahid valyuta fondu yaradılmalıdır. Bundan sonra valyutamızın bir dollarından da prezidentsiz istifadə olunmayacaq. Vahid valyuta fondunun yaradılması barədə layihə də var, bu layihə yenidən işləndikdən sonra mən həmin fərmanı imzalayacağam. Valyuta imkanlarımız mərkəzləşdirilməlidir. Valyutadan istifadə olunması, valyuta gətirən malların ixracı mərkəzləşdirilməlidir və bunların hamısı ümumi iqtisadiyyatımızın inkişafına, respublikamızın ağır vəziyyətdən çıxmasına yönəldilməlidir.
Müzakirə olunan məsələlər barədə öz fikirlərimi bildirdim, tapşırıqlarımı verdim. Toxunulmayan məsələlər qalmadı. Güman edirəm ki, bu görüşümüzdən sonra hər bir vəzifəli şəxs iqtisadiyyatımızın bundan sonrakı vəziyyəti haqqında öz məsuliyyətini hiss etməlidir. Azərbaycanın iqtisadi potensialı böyükdür. Biz gərək bu potensialdan səmərəli istifadə edək.
Diqqətinizə görə sağ olun.