Hörmətli xanımlar və cənablar!
Bu gün respublikamızda işə başlayan beynəlxalq konfrans Azərbaycanda dövlət idarəetmə sisteminin islahatlarına həsr edilmişdir.
Ölkəmizdə son illər dövlət müstəqilliyini möhkəmləndirmək və inkişaf etdirmək sahəsində ciddi addımlar atılmış və müsbət nəticələr əldə olunmuşdur. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi ardıcıl surətdə həyata keçirilir. Ölkəmizin iqtisadiyyatını planlı iqtisadiyyat sistemindən bazar iqtisadiyyatı sisteminə keçirmək yolunda böyük işlər görülür. Bazar iqtisadiyyatı yaranır, formalaşır və inkişaf edir. Bunların hamısı Azərbaycanda bütün sahələrdə islahatların həyata keçirilməsinin nəticəsidir. Son illər iqtisadiyyatda islahatların həyata keçirilməsi kompleks xarakter daşıyır. Özəlləşdirmə proqramının, torpaq islahatının həyata keçirilməsi, bütün dövlət mülkiyyətinin özəlləşdirilməsi artıq öz müsbət nəticələrini verir.
Bunlar hamısı Azərbaycanın ilk Demokratik Konstitusiyasının əsasında və qəbul olunmuş 200-dən çox qanunların və prezident fərmanlarının əsasında həyata keçirilir. Bunların nəticəsində Azərbaycanın həyatının bütün sahələrində böyük dəyişikliklər əldə edilmişdir. Birinci növbədə aparılan islahatlar, həyata keçirilən tədbirlər iqtisadiyyatın inkişafını təmin etmişdir.
Məlumdur ki, Azərbaycanın iqtisadiyyatı 1990-cı ildən başlayaraq tənəzzül dövrü keçirmiş, sosial-iqtisadi böhran içərisində olmuşdur. Həmin dövrdə iqtisadiyyat davamlı olaraq ildə 20 faiz aşağı düşmüşdür. Bizim apardığımız tədbirlər, həyata keçirdiyimiz islahatlar iqtisadiyyatda makroiqtisadi sabitliyin təmin olunması ilə nəticələnmişdir.
1995-ci ildə iqtisadiyyatda stabillik əldə olunmuş, 1996-cı ildən başlayaraq iqtisadiyyat inkişaf yoluna düşmüşdür. Məhz bunun nəticəsidir ki, Azərbaycanda ümumi daxili məhsul 1996-cı ildə 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-ci ildə 10 faiz artmışdır. 1998-ci ildə sənaye və kənd təsərrüfatı məhsulları istehsalı artmışdır. Maliyyə sistemində aparılan tədbirlər yaxşı nəticələr vermişdir.
1994-cü, hətta 1995-ci ilə qədər inflyasiya Azərbaycanın iqtisadiyyatına, maliyyə sisteminə böyük zərbələr vururdu. Aparılan tədbirlər, düzgün iqtisadi, maliyyə siyasəti nəticəsində bunların qarşısı alınmış, inflyasiya tədricən aradan götürülmüşdür. Son illər, xüsusən 1998-ci ildə inflyasiya tamamilə ləğv edilmişdir. Hətta 1998-ci ildə Azərbaycanın milli valyutasının - manatın dəyəri möhkəmlənmişdir ki, istehlak mallarının qiymətlərinin azalması və deflyasiya müşahidə olunur.
Bütün bunların nəticəsində iqtisadiyyatın başqa sahələrindəki göstəricilər də sevindiricidir. Təbiidir ki, bütün bu nailiyyətləri əldə etmək üçün Azərbaycanda birinci növbədə ictimai-siyasi sabitliyi təmin etmək lazım idi və bu, Azərbaycanın dövlət müstəqilliyini əldə edəndən sonrakı vəziyyətinə görə xüsusi əhəmiyyət kəsb edirdi.
Məlumdur ki, 1988-ci ildən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində respublikamız böyük, gərgin ictimai-siyasi proseslər içərisində olubdur. Bununla yanaşı, Azərbaycanda sabitlik olmamış, müxtəlif qüvvələrin hakimiyyət uğrunda qanunsuz mübarizəsi, qanunsuz silahlı dəstələrin mövcudluğu ölkəmizin daxili həyatını həddindən çox gərginləşdirmişdir. Şübhəsiz ki, bunlar da Azərbaycanın iqtisadiyyatına böyük zərbələr vurmuşdur. Ona görə də Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə ictimai-siyasi sabitliyi təmin etmək idi. Məhz 1994-1995-ci illərdə bunu təmin edəndən, Azərbaycanda əldə olunmuş ictimai-siyasi sabitliyi dönməz edəndən sonra ölkədə iqtisadiyyat və bütün sahələrdə islahatların həyata keçirilməsi mümkün olmuşdur və bunlar məlum müsbət nəticələri vermişdir. Bunların əsasında Azərbaycanın dünya miqyasında hörməti artmış, ölkəmizin iqtisadiyyatına maraq yüksəlmiş, respublikamıza xarici dövlətlərdən investisiya qoyulması prosesi başlanmışdır. Bütün bunlar yüksələn istiqamətlərlə irəliləyir.
Keçən il, 1998-ci ildə Azərbaycanın iqtisadiyyatına bir milyard 500 milyon Amerika dolları dəyərində investisiya qoyulmuşdur. Adambaşına xarici investisiya qoyuluşunun miqdarına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyi içərisində birinci yerdədir. Ümumiyyətlə, iqtisadi göstəricilərə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələr arasında çox görkəmli yer tutur.
Məlumdur ki, 1998-ci ildə dünyanın bir sıra bölgələrində baş vermiş maliyyə böhranı başqa ölkələrə də sirayət etmişdir. Xüsusən, Rusiyada baş vermiş və bu günə qədər davam edən maliyyə böhranı onun ətrafında olan ölkələrə, o cümlədən Azərbaycana da öz təsirini göstərmişdir. Ancaq başqa ölkələrdən fərqli olaraq Azərbaycanda son illər aparılan düzgün iqtisadi siyasət, həyata keçirilən düşünülmüş tədbirlər və ölçülüb-biçilmiş islahatlar nəticəsində biz Azərbaycanın maliyyə və iqtisadiyyat sahəsində elə bir şərait yaratmışıq ki, hətta Rusiyada baş vermiş böyük maliyyə böhranının da ölkəmizə təsirini azaldıb, onun qarşısını ala bildik.
Qeyd etdiyim kimi, bunların nəticəsində Azərbaycanda iqtisadiyyat inkişaf edir. Biz özəlləşdirmənin də müsbət nəticələrini görürük. İndi artıq Azərbaycanda ümumi daxili məhsul istehsalının 55 faizi özəl sektora məxsusdur. Sənaye məhsulunun 26 faizi özəl sektorda istehsal olunur. Kənd təsərrüfatı məhsulları istehsalının 95 faizi, ticarətin 98 faizi və inşaatın 70 faizi Azərbaycanda özəl sektora məxsusdur. Bunlar iqtisadiyyatın inkişafında da müsbət nəticələr əldə olunmasını təmin edir. Eyni zamanda, bu göstəricilər Azərbaycanda iqtisadi islahatların və onların içərisində özəlləşdirmənin doğru-düzgün, səmərəli aparıldığını göstərir.
Bütün bunlarla yanaşı, indiyə qədər Azərbaycanda dövlət idarəetmə sistemində də islahatlar aparılıb və müsbət nəticələr əldə edilibdir. İqtisadi islahatlarla və özəlləşdirmə proqramının həyata keçirilməsi ilə bağlı iqtisadiyyatı idarəetmə sahəsində ölkənin 20-dən çox nazirliyi, Dövlət Komitəsi, konserni və şirkəti ləğv olunubdur. Bir çox nazirliklərdə və idarəetmə orqanlarında ayrı-ayrı qurumlar ləğv olunub, yaxud da onların bugünkü fəaliyyəti bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılıb və uyğunlaşdırılır.
Bunlar bizim gördüyümüz işlər və əldə etdiyimiz nailiyyətlərdir. Ancaq bu bizim işimizin başlanğıcıdır. İslahatlar bütün istiqamətlərdə davam etdirilir və davam etdirilməlidir. Bu islahatlar içərisində dövlət idarəetmə sistemində islahatların aparılması bir daha zəruri xarakter daşıyır.
Biz ümumiyyətlə, bütün islahatların keçirilməsində Müstəqil Dövlətlər Birliyinə daxil olan başqa ölkələrin bir çoxundan bu işləri vaxt etibarilə gec başlamışıq. Bəzən bizim bu işlərimizi tənqid edənlər, yaxud da ki, bu işlərə qərəzli münasibət göstərənlər islahatların aparılmasında gecikməyimizi və beləliklə guya islahatlara lazımi münasibət göstərməməyimizi sübut etməyə çalışmışlar. Biz hələ bir neçə il bundan əvvəl belə avantüristlərə və Azərbaycanın iqtisadiyyatını dağıtmağa çalışanlara lazımi cavabları vermişik. Ancaq ötən üç ilin nəticələri onu göstərir ki, keçid dövrünü yaşayan bir neçə başqa ölkələrlə Azərbaycanı müqayisə edəndə bizim gördüyümüz işlər daha da dərin xarakter daşıyır. Biz bütün tədbirləri ölçüb-biçib, düşünüb həyata keçiririk və bunlar öz müsbət nəticəsini verir.
Ancaq eyni zamanda islahatların, özəlləşdirmənin həyata keçirilməsi bir çox nöqsanları və çatışmazlıqları, hətta səhvləri də meydana çıxarır. Məsələn, Azərbaycanın kənd təsərrüfatında pambıq istehsalı sahəsi mühüm yer tutur. Biz torpaq islahatı keçirərək, torpağı kəndliyə şəxsi mülkiyyətə verərək ciddi addımlar atmışıq. Biz eyni zamanda, kənd təsərrüfatını idarəetmə sistemini və kənd təsərrüfatı məhsulları istehsal müəssisələrini də özəlləşdirmişik və özəlləşdiririk. Bunlar hamısı olmalıdır. Biz bunu etmişik və bundan sonra da edəcəyik. Ancaq təəssüf ki, bu tədbirlərin həyata keçirilməsi ilə meydana çıxan bəzi problemləri vaxtında aşkar etmək və nöqsanların, mənfi meyllərin qarşısını almaq sahəsində ayrı-ayrı nazirliklərdə və dövlət orqanlarında səhvlərə yol verilmişdir. Bu, pambıqçılıq sahəsində özünü göstərir.
Prezident Aparatı, Nazirlər Kabineti bu yaxınlarda bu məsələləri müzakirə etmişlər. Aydın olmuşdur ki, pambıqtəmizləmə zavodlarının özəlləşdirilməsi müsbət xarakter daşıdığı halda, iş nəticələri istənilən səviyyədə deyil, hətta istehsalı keçmiş dövrlərə nisbətən çox geri salmışdır. Məsələn, Azərbaycanda 1997-ci ilə nisbətən 1998-ci ildə pambıq istehsalı xeyli azalmışdır. 1999-cu il üçün pambıq istehsalına hazırlıq işləri isə çox qeyri-qənaətbəxş vəziyyətdədir. Səbəbi nədir? Səbəbi ondan ibarətdir ki, torpaqları fermerlərə verdikdən, pambıqtəmizləmə zavodlarını özəlləşdirdikdən sonra dövlət, hakimiyyət orqanları bu məsələlərdən əlini demək olar ki, tamamilə üzmüş, bu mürəkkəb və çətin məsələləri fermerlərin, özəl sektorun ixtiyarına vermişdir. Təbiidir ki, on illərlə yaranmış sistemi dağıdıb özəl sektor, bazar iqtisadiyyatı prinsipi əsasında yeni bir iş yaratmaq asan deyildir. Buna dövlət, hökumət qayğısı, yardım, kömək olmalıdır. Ancaq bunlar edilməyibdir. Nəinki edilməyibdir, bu məsələ tamamilə nəzərdən qaçıbdır. Ona görə də indi biz özəlləşdirmənin, torpaq islahatının həyata keçirilməsi nəticəsində pambıqçılıq sahəsində istehsalın artması əvəzinə istehsalın xeyli azalmasının və heç təsəvvür edilməyəcək qədər azalmasının şahidiyik.
Mən dünən bu məsələləri müzakirə etdim və lazımi tədbirlər görülməsi haqqında göstərişlər verdim. Bu günlərdə müəyyən sənədlər qəbul olunacaqdır. Çünki biz iqtisadiyyatımızın böyük bir sahəsini belə bir vəziyyətdə qoya bilmərik.
Mən bu günlər bizim üçün tam aşkar olan məsələni sizə çatdırmaqla onu bildirmək istəyirəm ki, iqtisadi islahatlar, özəlləşdirmə, iqtisadiyyat sahəsində bizim apardığımız işlərin hamısı iqtisadiyyatı inkişaf etdirməyə, vətəndaşların rifah halını yaxşılaşdırmağa, sosial problemləri həll etməyə yönəldilibdir və bu məqsədi daşıyır. Əgər biz aparılan bütün tədbirlər nəticəsində buna nail ola bilmiriksə, onda bazar iqtisadiyyatının, özəlləşdirmənin həyata keçirilməsi istiqamətində gördüyümüz işləri, islahatları özümüz ləkələmiş oluruq. Şübhəsiz ki, bunlara yol vermək olmaz.
Beləliklə, bizim indiyə qədər gördüyümüz işlər dövlət idarəetmə sistemində islahatların daha da dərinləşdirilməsi zəruriyyətinə gətirib çıxarır.
Mən bildirmək istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda dövlət quruculuğu, iqtisadi islahatlar prosesi ilə əlaqədar beynəlxalq təşkilatlarla - Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa Birliyi ilə sıx əməkdaşlıq edirik. Mən bu gün məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu əməkdaşlıq Azərbaycan üçün yaxşı nəticələr verir. Biz bu əməkdaşlıqdan məmnunuq. Mən bu gün Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun Azərbaycana göstərdiyi qayğıya, diqqətə və yardıma görə təşəkkür edirəm. Bu təşkilatların Azərbaycana olan münasibətini, yardımını və qayğısını yüksək qiymətləndirirəm. Bizim bu əməkdaşlığımız artıq uzunmüddətli xarakter daşıyır. Ona görə də biz Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə ayrı-ayrı tədbirlərin həyata keçirilməsi barədə vaxtaşırı məsləhətləşirik, onların tövsiyələrindən istifadə edirik.
Bu gün demək istəyirəm ki, bu təşkilatlar tərəfindən verilən bütün tövsiyələr indiyə qədər bizə kömək edibdir. Bəzən ayrı-ayrı ölkələrdə belə fikirlər irəli sürülür ki, guya bu təşkilatlarla əməkdaşlıq istənilən nəticəni vermir. Biz belə fikirdə deyilik. Hesab edirik ki, əməkdaşlıq səmərəlidir, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində çox əhəmiyyətlidir. Biz bu əməkdaşlığı bundan sonra da davam etdirmək əzmindəyik.
Dövlət idarəetmə sisteminin islahatları ilə əlaqədar biz Dünya Bankı ilə indiyə qədər də əməkdaşlıq etmişik və bu sahədə ciddi addımlar atılması üçün yenidən Dünya Bankına müraciət etdik. Onlar bizim müraciətimizə çox müsbət münasibət göstərdilər. Onlarla birlikdə biz dövlət idarəetmə sisteminin islahatları ilə əlaqədar yeni proqramların hazırlanmasına başladıq. Məhz buna görə də mən 1998-ci ilin dekabr ayında bu məsələlərlə əlaqədar böyük bir fərman vermişəm, komissiya təşkil etmişəm. Bu komissiyanın bir neçə bölməsi vardır. Onlar dövlət idarəetmə sisteminin bütün istiqamətlərində islahatların keçirilməsi üçün layihələrin hazırlanması, təqdim edilməsi və ondan sonra həyata keçirilməsi ilə məşğul olmalıdırlar.
Dövlət idarəetmə sistemindəki islahatlar 1999-cu ildə və ondan sonrakı dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biridir. Biz buna çox böyük əhəmiyyət veririk. Hesab edirəm ki, Dünya Bankının köməyi ilə biz bu islahatları da uğurla həyata keçirəcəyik.
Biz Azərbaycanda apardığımız bütün işlərdə dünya təcrübəsindən, ayrı-ayrı ölkələrdə islahatların həyata keçirilməsi sahəsində əldə olunmuş təcrübədən istifadə edirik. Biz müsbət təcrübələri ölkəmizin xüsusiyyətinə uyğun olaraq tətbiq etməyə çalışırıq. Ancaq mənfi nəticələri, təcrübəni, nöqsanları da öyrənib nəzərə alırıq ki, onlara yol verməyək.
İndi keçid dövrünü yaşayan ölkələrin həyatındakı proseslər bizim üçün də, başqa ölkələr üçün də məlumdur. Məsələn, əgər Rusiyanı götürsək, o, böyük bir ölkədir və islahatlara MDB ölkələri içərisində demək olar ki, hamıdan tez başlamışdır. Lakin bunların aparılmasında, xüsusən iqtisadi islahatların keçirilməsində buraxılan səhvlərə görə böyük və çətin problemlərlə rastlaşıbdır. Biz bunların hamısını ətraflı öyrənirik, müzakirə edirik. Yenə də deyirəm, biz dünyanın harasında olmasından asılı olmayaraq, əldə edilmiş təcrübələrdən ölkəmizdə istifadə edilməsinə çalışırıq.
Düşünürəm ki, bugünkü beynəlxalq konfrans Azərbaycanda bütün islahatların həyata keçirilməsi və xüsusən də dövlət idarəetmə sistemindəki islahatların həyata keçirilməsi sahəsində mühüm bir mərhələ olacaqdır. Bu konfransda aparılan müzakirələr və indiyə qədər əldə edilən təcrübənin ümumiləşdirilməsi bizim gələcək işlərimizə kömək edəcəkdir.
Mən konfransın işini açıq elan edirəm. Konfransın işində sizə uğurlar arzulayıram.
"Azərbaycan" qəzeti, 17 mart 1999-cu il.