Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Kitabi - Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının iclasında giriş sözü - Prezident sarayı, 16 fevral 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Ölkəmiz dövlət müstəqilliyini əldə edəndən sonra biz azərbaycanlılar öz tariximizi, tarixi keçmişimizi və tariximizdə mövcud olan mühüm hadisələri, mərhələləri yenidən təhlil edirik, tədqiq edirik və onları müstəqillik mövqeyindən daha da obyektiv, doğru-düzgün yazmağa və həm ölkəmizin ictimaiyyətinə, həm də dünyaya çatdırmağa çalışırıq. Bu baxımdan "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında verilmiş fərmandan ötən dövrdə xeyli iş görülmüşdür. Ancaq hələ görüləsi işlər də çoxdur. Ona görə də biz bu gün yubiley komissiyasının iclasına toplaşmışıq. Məqsəd də görülən işlərə nəzər salmaqdan və onların əsasında bundan sonra görüləcək işlər haqqında müəyyən addımlar atmaqdan ibarətdir. Görüləcək işlər haqqında iş planının layihəsi sizə təqdim olunub. Güman edirəm, onunla tanış ola bilmisiniz. Arzu edərdim ki, müzakirə zamanı öz fikirlərinizlə bərabər, eyni zamanda iş planına münasibət də bildirəsiniz - nəyi qəbul etmək olar, nəyi olmaz, iş planımıza əlavə nəyi salmalıyıq. Hər halda, bu il biz yubiley tədbirlərini sona çatdırmalıyıq. Ona görə də qarşıda həm böyük, həm də çox gərgin iş durur. Bəllidir ki, tariximizin ən parlaq səhifələrindən biri olan "Kitabi-Dədə Qorqud" dastanının yubileyini indi, müstəqil Azərbaycanın müasir şəraitində çox yüksək səviyyədə keçirməliyik. Ona görə də mən bugünkü müzakirədən çox şey gözləyirəm.

YEKUN NİTQİ

Mənə elə gəlir ki, biz tədbirlər planını yetərli müzakirə etdik. İndi biz gərək müəyyən edək. Şübhəsiz ki, bundan sonra görüləsi işlər tədbirlər planında öz əksini tapıbdır və bu əlavələr də olacaqdır. Ancaq bu yubileyin zirvə görüşü, tədbiri bu il olmalıdır. Şübhəsiz ki, onun vaxtını uzatmaq məqsədəuyğun olmaz. Mənə deyirlər, YUNESKO belə bir fikir irəli sürübdür ki, əgər biz bu tədbiri iyun ayında Azərbaycanda keçirsək, YUNESKO-nun rəhbərliyi həmin tədbirdə iştirak edəcəkdir. Gərək indi biz bu tədbirin vaxtını müəyyən edək. İyul ayı bir az isti olur. Bilirsiniz, yubiley tədbirini sentyabr ayında keçirmək daha yaxşı olar. Ancaq həmin vaxt bir sıra digər yubileylərlə üst-üstə düşə bilər. Çünki Osmanlı imperatorluğunun 700 illiyi qeyd ediləcəkdir. Deyəsən, onlar bunu noyabr ayında keçirmək istəyirlər. Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü hər il bu dövlətlərdən birində olur. Bu zirvə görüşü keçən il Qazaxıstanın paytaxtı Astanada oldu. Orada qərar qəbul edildi ki, növbəti zirvə görüşü 1999-cu ildə Azərbaycanda keçirilsin. Ona görə mən belə nəzərdə tuturam ki, "Kitabi-Dədə Qorqud" dastanının yubileyini həmin zirvə görüşü ilə bir vaxtda keçirək. Bir gün "Kitabi-Dədə Qorqud" dastanının yubileyi, o birisi gün zirvə görüşü keçirilsin. Yaxud da əvvəl zirvə görüşü, sonra isə "Kitabi-Dədə Qorqud" dastanının yubileyi olsun ki, türkdilli ölkələrin dövlət başçıları da bu tədbirlərdə iştirak edə bilsinlər. Artıq belə bir ənənə yaranıbdır. Məsələn, "Manas"ın min illiyi yubileyində türkdilli ölkələrin dövlət başçılarının Qırğızıstanda zirvə görüşü oldu. Yaxud da Daşkənddə Əmir Teymurun 660 illik yubileyi idi, eyni zamanda türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşü keçirildi. Mən həmin ölkələrin dövlət başçıları ilə danışmışam. Onlar da razıdırlar ki, bu iki tədbir eyni vaxtda keçirilsin.

Bu yubileyin vaxtını təyin etmək lazımdır. Ona görə ki, gərək, birincisi,  YUNESKO-nun rəhbərliyi ilə bu barədə danışaq, ikincisi, türkdilli ölkələrin dövlət başçıları ilə bu vaxtı bir də müəyyənləşdirək. Çünki həmin dövlət başçılarının hərəsinin öz proqramı, işi vardır. Gərək vaxtı onlarla da razılaşdıraq. Biz bu yubiley tədbirini iyun ayında keçirməyi nəzərdə tutsaq, onda gərək mən türkdilli ölkələrin dövlət başçıları ilə indidən danışıb onların razılığını alım. Ola bilər, bu tədbirin vaxtı ya iyun, ya da sentyabr ayı olsun. Sentyabrdan sonraya saxlamaq bir az çətindir. Sentyabrda keçirsək, onda biz YUNESKO-nun yüksək səviyyəli heyətindən məhrum olacağıq. Biz bu tədbiri hansı ay keçirsək, həmin tarixi razılaşdırsaq, türkdilli ölkələrin başçıları orada iştirak edəcəklər. Əlbəttə, bu tədbiri iyul və avqust aylarında keçirmək bir qədər çətindir. Biz onu gərək ya iyunda, ya da sentyabrda keçirək. Gəlin belə edək, - mən bu məsələni türkdilli ölkələrin dövlət başçıları ilə müzakirə edim, görüm onlar üçün hansı vaxt əlverişlidir, yararlıdır. Əgər onlar üçün iyun ayı əlverişli olsa, onda bu yubileyi iyunun sonunda, yaxud sentyabr ayını qəbul etsələr, bu tədbiri sentyabrın birinci yarısında keçirmək olar ki, başqa ölkələrdəki tədbirlərlə üst-üstə düşməsin. Gəlin belə danışaq ki, mən bir həftə, on gün ərzində bu məsələni müəyyənləşdirib elan edərəm. Beləliklə, düşünürəm ki, müzakirəni qurtara bilərik.

Çox ətraflı fikir mübadiləsi aparıldı, əhəmiyyətli çıxışlar, yaxşı təkliflər oldu. Hesab edirəm ki, bunların əsasında iş planı daha da genişlənər, konkretləşər, həm "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubiley tədbirlərinin keçirilməsi, həm də bu sahədə gələcək illərdə lazımi işlər görülməsi üçün yaxşı imkanlar yaranar. Fərman imzalanandan sonra indiyə qədər görülən işlər və bugünkü müzakirə onu göstərir ki, biz böyük bir iş başlamışıq. Bu gün bütün çıxışlarda bir daha qeyd olundu ki, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan tarixinin, mədəniyyətinin,   elminin, ədəbiyyatının ən görkəmli, ən parlaq abidəsidir. "Kitabi-Dədə Qorqud" dastanının fövqəladə əhəmiyyəti ondan ibarətdir ki, o bizim tariximizin 1300 illik dövrünü həm əks etdirir, həm də bir daha təsdiq edir. O, tarixi köklərimizi dünyaya göstərir, oğuz, türk mənşəyimizi və zəngin tariximizi sübut edir. Bunlar bizim hamımız üçün, xalqımızın bu günü, gələcəyi üçün əhəmiyyətlidir.

Məlumdur ki, XX əsrdə Azərbaycan xalqı bir çox tarixi hadisələri yubileylərlə, yaxud başqa tədbirlərlə qeyd edibdir. Ancaq bu gün təəssüflə deyə bilərik ki, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycanın həyatında özünəməxsus yeri indiyə qədər tutmayıbdır. Bunun da səbəbləri məlumdur. Çıxışlarda bu barədə deyildi. Biz ötən dövrdə tariximizi özümüz istədiyimiz kimi yaza bilməmişik. Tariximizin, o cümlədən ədəbiyyat, mədəniyyət tariximizin həmişə ideologiya təsiri altında qalması, bu barədə bizim sərbəst olmamağımız vaxtilə belə böyük itkilərə gətirib çıxarmışdı. Buna təəssüf etmək olar. Bununla yanaşı, bu gün məmnuniyyətlə qeyd etmək lazımdır ki, Azərbaycanın vətənpərvər alimləri, tədqiqatçıları, yazıçıları, şairləri "Kitabi-Dədə Qorqud" dastanı haqqında öz imkanları dairəsində əsərlər yaratmışlar və "Kitabi-Dədə Qorqud"un tədqiqatı aparılmışdır. Ancaq buna dövlət himayəsi istənilən səviyyədə olmamışdır. Məsələn, 1970-ci illərdə, 1980-ci illərin əvvəlində mən Azərbaycana rəhbərlik etdiyim zaman biz respublikamızın tarixi, keçmişi, ədəbiyyatı, mədəniyyəti haqqında çoxlu tədbirlər həyata keçirdik. Amma mən bu gün açıq deməliyəm ki, "Kitabi-Dədə Qorqud" haqqında heç bir təşəbbüs irəli sürülməmişdir. Mən bu gün bunu qətiyyətlə deyirəm. Əgər belə bir təşəbbüs irəli sürülsəydi, biz bunu müəyyən çərçivədə həyata keçirə bilərdik. Mənim işlədiyim həmin illərdə milli mədəniyyətimizə, tariximizə aid olan bir çox tədbirlərin keçirilməsinə Moskvanın müqavimətini, hətta qadağanını hiss etmişdik. Lakin bununla yanaşı, bizim cəhdlərimiz, təkidlərimiz nəticəsində biz o vaxt bir çox tədbirlərin keçirilməsinə nail olmuşduq.

Mən bu gün, bu müzakirə zamanı düşünürəm, - bəs nə üçün "Kitabi-Dədə Qorqud" haqqında heç bir təşəbbüs olmamışdı? Eyni zamanda, özüm belə bir cavab verə bilərəm: yəqin ona görə ki, ümumiyyətlə, bizim Azərbaycanın üzərinə pantürkizm damğası vurulduğuna, Azərbaycanda çox dəyərli insanlar pantürkist adı ilə həbs olunduğuna, repressiyaya məruz qaldığına, əsərlər, kitablar dağıdıldığına görə alimlərimiz, ictimai xadimlərimiz "Kitabi-Dədə Qorqud" haqqında təşəbbüs qaldırmağa bəlkə də cəsarət etməyiblər. Mən bunu belə izah edə bilərəm.  Ancaq biz eyni zamanda onu da qiymətləndirməliyik ki, bir çox alimlərimiz, yazıçılarımız bu mövzuya xüsusi fikir vermişlər, əsərlər yaratmışlar və "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycanın həyatında, ədəbiyyatında yaşamış və inkişaf etmişdir. Amma şübhəsiz, bunlar bizim bu gün istədiyimiz səviyyədə - tarixi ədalət səviyyəsində olmayıbdır.

Burada artıq qeyd olundu ki, Həmid Araslının, Məmmədhüseyn Təhmasibin, Əbdüləzəl Dəmirçizadənin və başqa alimlərin yazdıqları əsərlər "Kitabi-Dədə Qorqud" dastanının elmi tədqiqi və geniş təbliğ edilməsi üçün böyük xidmətlər göstərmişdir. Başqa bir çox alimlərin də adını çəkə bilərik. Bizim hörmətli alimlərimiz burada çıxış etdilər və öz tədqiqatları, yazdıqları əsərlər barədə məlumat verdilər. Bunlar hamısı çox qiymətlidir. Mən bu görüş ərəfəsində bir neçə belə kitabla tanış oldum. Alim, professor Samət Əlizadənin burada qeyd etdiyi həmin kitab 1988-ci ildə Fərhad Zeynalovun və Samət Əlizadənin müəllifliyi ilə nəşr edilmişdir. Mən bu kitaba baxdım. O, həqiqətən çox sanballı elmi əsərdir. Ancaq bu elmi əsərlər alimlər, tədqiqatçılar üçün böyük əhəmiyyət daşıyır, geniş ictimaiyyət isə bunlardan istənilən səviyyədə istifadə edə bilməyibdir. "Kitabi-Dədə Qorqud"un elmi nöqteyi-nəzərdən tədqiq edilməsi bizim üçün çox lazımdır. Eyni zamanda, "Kitabi-Dədə Qorqud" Azərbaycan ictimaiyyəti, kütlə, xalq üçün tanınmalıdır.

Mən bu baxımdan Anarın xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Mənə belə gəlir ki, biz bu gün, müəyyən zaman keçəndən sonra Anarın bu sahədəki axtarışlarına, xidmətlərinə daha da yüksək qiymət verməliyik. Bəlkə də Anar uşaqlar üçün Dədə Qorqud haqqında kitab yazanda, yaxud başqa kitablarını yazanda çoxları bunun nə qədər əhəmiyyətli olduğunu o dərəcədə dərk edə bilmirdilər. Amma indi biz artıq öz milli dəyərlərimizi, köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə çalışarkən vaxtilə atılmış belə addımların nə qədər qiymətli olduğunu dərk edirik. Mən Anarın bu münasibətlə yaratdığı filmi də qiymətləndirirəm. Təbiidir, siz də, biz də, hamımız bilirik ki, hər bir tarixi hadisəni elmi kitablardan da tapıb oxumaq olar. Amma hər bir insan elmi kitablardan istifadə edə bilmir. Son onilliklərin təcrübəsi onu göstərir ki, geniş kütlə, xalq üçün tarixi hadisələri izah, təbliğ etməkdən ötrü ən gözəl vasitə onlar haqqında fılmlərin, səhnə əsərlərinin yaranmasıdır. Məsələn, Üzeyir Hacıbəyov vaxtilə "Koroğlu" operasını yaradana qədər bəlkə də xalqımız Koroğlunu bu qədər dərindən dərk edə bilmirdi. Ancaq Üzeyir Hacıbəyovun yaratdığı "Koroğlu" operası və onun səhnəmizdə çox gözəl şəkildə təqdim olunması indi Koroğlu obrazının və "Koroğlu" dastanının məzmununu, mənasını hamımız üçün çox gözəl göstərir. İndi hər birimizdən soruşsalar ki, Koroğlu kimdir, mərhum böyük müğənnimiz Bülbülün səhnədə yaratdığı Koroğlu obrazı yada düşür. Yaxud, - mən bunu vaxtilə demişəm, - Səməd Vurğunun Vaqif haqqında yazdığı pyes Vaqifi geniş kütləyə tanıdıbdır. Vaqifin şerləri, əsərləri tanımırdı, amma o qədər də geniş yox. Şerlərini oxuyurduq, lakin Vaqifin kim olduğu, onun həyatı, tərcümeyi-halı, yaradıcılığı haqqında geniş məlumat yox idi. Xatirimdədir, mən orta məktəbdə oxuyarkən "Ədəbiyyat müntəxəbatı" kitabında Vaqif haqqında bir-iki səhifə və şerləri var idi. Biz orta məktəbdə oxuyarkən Vaqifin "Bayram oldu, heç bilmirəm neyləyim" şerini öyrənmişdik. Mənim orta məktəbdən yadımda qalan odur. Amma "Vaqif" pyesini görəndən sonra Ələsgər Ələkbərovun ifasında Vaqifin surəti də, eyni zamanda Vaqif də bizə məlum oldu. Ona görə də tarixi mövzuda yaradılan əsərlər, o cümlədən "Nəsimi", "Babək" fılmləri çox qiymətlidir. Şübhəsiz ki, Anarın yaratdığı "Dədə Qorqud" filmi də çox qiymətlidir. Onun qiyməti bəlkə də ona görə çoxdur ki, - indi hamımız bilirik - "Kitabi-Dədə Qorqud" dastanının dili çox çətindir, mürəkkəbdir. Onun tarixi də başqa dastanlar kimi o qədər tədqiq olunmayıbdır. Ona görə də bu təşəbbüs çox əhəmiyyətlidir. Hesab edirəm ki, bu film qarşıdakı yubiley zamanı Azərbaycan ictimaiyyətinə, kütləyə yenidən təqdim olunmalıdır.

Mən burada irəli sürülən təkliflərlə tamamilə razıyam ki, "Kitabi-Dədə Qorqud" haqqında böyük bir serial yaratmaq olar. Bunun nə həcmdə olacağını mən bu gün müəyyən edə bilmərəm. Amma bu təklifi dəstəkləyirəm, qəbul edirəm və biz belə bir serialın yaranması üçün lazımi vəsait taparıq. Yəqin ki, bu, tədbirlər planında öz əksini tapmalıdır və bu barədə işlər görülməlidir.

Beləliklə, indiyə qədər olan dövrdə müəyyən işlər görülübdür. Əgər biz tariximizi bu gün müəyyən qədər səliqəyə salsaq, indiyədək görülən işləri yəqin ki, "Kitabi-Dədə Qorqud"un tarixinin öyrənilməsinin birinci mərhələsi hesab etmək olar. Yəqin ki, ikinci mərhələ "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında verilmiş fərmandan başlanır. Siz bu fərmanın əhəmiyyətini burada çox düzgün qeyd etdiniz. Bu fərmanın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, birincisi, biz bütün dünyaya nümayiş etdirir və bildiririk ki, bəli, "Kitabi-Dədə Qorqud" dastanının azı 1300 il yaşı vardır. İkincisi, onu bildiririk ki, bəli, "Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqına, bütün türk dünyasına məxsusdur. Ancaq onun vətəni Azərbaycandır. Burada çox deyildi, bəli, onun vətəni, sahibi Azərbaycan xalqıdır, onun sahibi müstəqil Azərbaycan dövlətidir. Mən belə hesab edirəm ki, bax, bu iki cəhət bizim fərmanın böyük əhəmiyyətini nümayiş etdirir. Həmin fərman veriləndən indiyə qədər görülən işlər də çox əhəmiyyətlidir. Burada bu barədə məlumat verildi. Ancaq daha da çox iş bundan sonra görülməlidir. Bundan sonra görüləcək işlər isə iki mərhələyə bölünə bilər: birincisi, vaxtını müəyyən edəcəyimiz builki zirvə tədbirinə qədər; ikincisi, ondan sonrakı dövrdə görüləcək işlər.

Təbiidir, biz "Kitabi-Dədə Qorqud"un 1300 illik tarixini təhlil etmək, əsərlər yaratmaq və onları nəşr etmək, dünyaya yaymaq işini bir il ərzində görə bilmərik. Ona görə də bizim iş planımızın iki hissəsi olmalıdır. Onun birinci hissəsində nəzərdə tutulan işlər son yubiley tədbirinə qədər görüləcəkdir. İkinci hissəsində planlaşdırılan işlər isə son yubiley tədbirindən sonra, gələcək illərdə görüləcəkdir. Hesab edirəm ki, 1997-ci ildə verilmiş fərman gələcək çox illər, on illər üçün böyük perspektiv açıbdır. Biz böyük bir perspektiv plan hazırlamalı və onu ardıcıl surətdə həyata keçirməliyik. Biz nə qədər çox işləsək, "Kitabi-Dədə Qorqud"u, tariximizi bugünkü və gələcək nəsillərə daha da dolğun, düzgün çatdıra biləcəyik. Biz bunu mütləq etməliyik. Nəhayət, həmin fərmanın meydana çıxması və indi bu müzakirənin aparılması, gələcəkdə görüləcək işlər Azərbaycanın dövlət müstəqilliyinin bəhrəsidir. Bəli, biz keçmişdə nə qədər iş görmüşüksə, indi - müstəqil dövlət olduqdan sonra gördüyümüz işlər onların hamısından üstündür. Çünki biz indi sərbəstik, azadıq, müstəqilik, biz tariximizi olduğu kimi əks etdiririk və əks etdirəcəyik. Biz öz tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və fəxr etməyə haqqımız vardır. Çünki "Kitabi-Dədə Qorqud" dastanı kimi böyük bir elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər. Bunlar da ölkəmizin müstəqilliyi nəticəsində mümkün olmuşdur. Biz bu müstəqillik dövründən səmərəli istifadə etməliyik. Müstəqilliyin qarşımızda qoyduğu vəzifələr çoxdur. Biz hüquqi, demokratik dövlət qururuq, iqtisadi islahatlar aparırıq, siyasi islahatları həyata keçiririk, iqtisadiyyatı inkişaf etdiririk, dövlətimizi möhkəmləndiririk. Bununla yanaşı, mən böyük iftixar hissi ilə deyə bilərəm ki, son illər Azərbaycanda müstəqilliyin imkanlarından istifadə edərək tariximizi təhlil etmək, ədəbiyyatımızı, mədəniyyətimizi yenidən dərk etmək və dünyaya nümayiş etdirmək sahəsində çox işlər görmüşük. Ancaq bundan sonra daha da çox işlər görməliyik və ümid edirəm ki, görəcəyik. Bunların hamısı Azərbaycanın müstəqil dövlət kimi dünyada tanınmasına kömək edəcəkdir.

Mən bir daha deyirəm ki, burada irəli sürülən təkliflər çox dəyərlidir. Məsələn, mən Dədə Qorqud haqqında bu fikirlə razıyam ki, bəlkə də adi bir heykəl qoymaq o qədər də məqsədəuyğun olmazdı. Mən razıyam ki, böyük bir kompleks yaratmaq, onun üçün münasib yer seçmək olar. Yəni doğrudan da, bir surətin heykəlini qoymaq çox lazımdır, lakin "Kitabi-Dədə Qorqud" elə bir dastandır ki, kompleks götürsək, məsələn, bir şəhərcik ayırsaq, sonra orada cürbəcür başqa abidələr də yaratmaq olar. Memarlarımız, heykəltəraşlarımız, rəssamlarımız bu barədə düşünməlidirlər. Hesab edirəm ki, biz bunu edə bilərik. Təbiidir ki, bunu qısa bir zamanda etmək mümkün deyildir. Ancaq əgər bizim mütəxəssislərimiz bu barədə yaxşı bir təklif irəli sürə bilsələr, komissiyamız bu sahədə yaxşı işləyə bilsə, biz belə bir layihəni qəbul edərək və bu layihə əsasında bir, iki, üç ilə böyük bir kompleks yarada bilərik. Bu lazımdır. Əgər film lazımdırsa ki, insanlar baxsınlar, böyük bir kompleks də lazımdır ki, insanlar daim oraya getsinlər. Dədə Qorqudu ziyarət etsinlər və tariximizlə, Dədə Qorqudla daim təmasda olsunlar.

Burada Dədə Qorqudun qəbri haqqında söhbət getdi. Biz bunu dərinləşdirmədik. Ona görə də mən bu gün bu barədə ətraflı fikir söyləmək istəmirəm. Ancaq hesab edirəm ki, komissiyamız gərək bu barədə də bir təklif versin. Bu təklifi yəqin ki, bir-iki ay müddətində vermək lazımdır. Hörmətli alimimiz burada dedi ki, kimsə Dədə Qorqudun qəbrini tanıyır. Amma mən eşitmişəm ki, Dədə Qorqudun Dərbənddəki qəbri məlumdur və oraya ziyarətə də gedirlər. Biz etiraf etməliyik ki, Dədə Qorqudun Dərbənddə qəbri olduğunu son vaxtlara qədər bəlkə də az adam bilirdi. Məsələn, etiraf edirəm ki, mən bunu bilmirdim. Yaxşı, kim bilirsə əlini qaldırsın. Görürsünüz, çox az, üç-dörd adam əlini qaldırır. Gəlin belə danışaq. Bir halda ki, hamınız deyirsiniz Dədə Qorqudun çox yerlərdə qəbri var, gəlin Dədə Qorqudun harada qəbirləri varsa, onları tapaq. Bir halda ki, bu gün deyirik Dədə Qorqudun sahibiyik, həmin qəbirləri tapaq, araşdıraq, kitablarda yazılsın, bunların ünvanı bilinsin. Hesab edirəm ki, komissiya üzvləri Dədə Qorqudun qəbri barədə işlərlə məşğul olurlar.

Mən komissiyanın sədriyəm. Ancaq mənim müavinlərim var. Onlar Elçin Əfəndiyev, Fəraməz Maqsudov və Anardır. Mən bundan sonrakı təşkilati işləri müavinlərimə tapşırıram. Çünki komissiyanın iclasını keçirməyə mənim hər dəfə imkanım olmayacaqdır. Mən müavinlərimdən xahiş edirəm ki, bu gündən iş planı qurulsun. Ola bilər, ayda iki dəfə yığışasınız, komissiyanın üzvlərindən kimləri istəsəniz dəvət edəsiniz, işləri görəsiniz və mənə məlumat verəsiniz. Mən bunu sizdən xahiş edirəm. Bugünkü müzakirəyə görə sağ olun.

Ümumi tarixi arayış

Dədə-Qorqud dastanı

Tarixi arayış

MƏDƏNİYYƏT