Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin aqrar bölmədə iqtisadi islahatlara həsr olunmuş geniş muşavirədə giriş sözü - Prezident Sarayı, 23 dekabr 1994-cü il


Bugünkü müşavirə respublika iqtisadiyyatında mühüm yer tutan aqrar bölmədə iqtisadi islahatların aparılmasına həsr olunub. Bildiyiniz kimi, iqtisadi islahatların həyata keçirilməsi haqqında respublikada müzakirələr gedir, ictimai fikir formalaşır. Təbiidir ki, bu proses ictimaiyyətdə, müxtəlif mövqeli insanlarda, ayrı-ayrı sahələrdə fəaliyyət göstərən təşkilatlarda psixoloji dəyişikliklər baş verməsi ilə bilavasitə bağlıdır.

Cəmiyyətdə bir tərəfdən köhnə üsul-idarəyə, köhnə iqtisadi sistemə bağlılıq, mühafizəkarlıq meylləri, ikinci tərəfdən isə həyatın təbii, obyektiv prosesləri ilə əlaqədar yeniliklər, dəyişikliklər, islahatların aparılması meylləri mövcuddur. BütUn bunlar təbiidir. Eyni zamanda bu proses bizim gələcək yolumuzun daha da doğru-düzgün müəyyən olunması üçün zəruridir. Bunların hamısının nəticəsində cəmiyyətimizdə ümumi fikir əksərən iqtisadi islahatların həyata keçirilməsi xeyrinə formalaşıbdır. Ona görə də biz dövlətin, hökumətin bu mövqeyini dəfələrlə bəyan etmişik ki, respublikamızın iqtisadiyyatında inkişafı təmin etmək üçün, əhalinin rifahının yüksəlməsinə nail olmaq üçün mütləq iqtisadi islahatlar yolu ilə getməliyik.

Respublikamızda, ölkəmizdə iqtisadiyyatın böyük bir hissəsini aqrar bölmə təşkil edir. Ola bilər ki, həmin bölmə bu islahatları aparmaq üçün daha mürəkkəb sahədir. Bu mürəkkəbliyinə görə aqrar bölmədə islahatların ləngiməsi müəyyən qədər təbiidir. Amma eyni zamanda etiraf etməliyik ki, aqrar bölmədə iqtisadi islahatların ləngiməsi bizim özümüzün bu məsələlərə qətiyyətlə, cəsarətlə yanaşmamağımızın nəticəsidir. İqtisadi islahatlar haqqında danışıqlar, söhbətlər son 5-6 ildir gedir. Əgər bunun birinci mərhələsi Sovetlər İttifaqının sosializm quruluşunun mövcud olduğu dövrdə olubsa (o vaxtlar iqtisadi islahatlar barədə təkliflər var idi, proseslər gedirdi, müəyyən addımlar atılırdı), ikinci hissəsi respublikamızın müstəqillik əldə etdiyi dövrə təsadüf edir.

Azərbaycan üç ildən artıqdır ki, müstəqil dövlətdir. Müstəqil dövlət olan vaxtdan da ümumi hərəkət xətti belə olub ki, respublikamız sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Ancaq bu bəyanatlar, ümumi fikirlər təəssüf ki, əməli işdə öz əksini tapmayıb. Ona görə də biz ləngimişik.

Bunu da qeyd etmək lazımdır ki, respublikamızda iqtisadi islahatların, o cümlədən, xüsusən aqrar bölmədə islahatların ləngiməsi, yaxud buna müxtəlif münasibət bəslənməsi və bəzi mühafizəkar fikirlərin müəyyən yerlərdə üstünlüyü respublikamızın müharibə şəraitində olması ilə, ərazimizin bir qisminin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədardır. Bu, obyektiv haldır. Ancaq eyni zamanda bu bizi tutduğumuz yoldan geri çəkə bilməz, yaxud da bizim qarşımızı almır.

Biz müharibə şəraitindəyik, müharibədən çıxmaq yolları axtarırıq. Bu yollar asan deyil, müəyyən vaxt tələb edir. Bu fikir də yəqin əsaslı olardı ki, biz iqtisadi islahatları sürətlə aparsaq və bunun səmərəliliyini təmin edə bilsək, bunlar həm iqtisadi potensialımızın möhkəmlənməsini təmin edəcək, həm də, bəlkə müharibə şəraitindən daha tez çıxmağımız üçün, torpaqlarımızın geri qaytarılması üçün, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi üçün bir əsas yaradacaqdır. Bunların hamısını cəmləyərək tam qətiyyətlə demək olar ki, aqrar bölmədə iqtisadi islahatlar aparılmalıdır.

Biz istəmirik ki, taleyüklü bu məsələlər - respublikamızın bu günü, gələcəyi üçün çox dərin əhəmiyyəti olan məsələlər tələsik, səthi tədbirlərlə həyata keçirilsin. Ona görə də aqrar bölmədə iqtisadi islahatların aparılması haqqında təkliflər, təşəbbüslər, fikirlər, xüsusən son aylarda ictimaiyyətdə, ayrı-ayrı təşkilatlarda, nazirliklərdə, aqrar bölmə üzrə fəaliyyət göstərən qurumlarda müzakirə olunub. Biz çalışmışıq, şəxsən mən daim belə hesab etmişəm ki, insanlara sərbəstlik verilsin. Aqrar bölmədə hər bir şəxs, eyni zamanda bu məsələlərin həlli üçün məsul olan təşkilatlar bu islahatların hansı yolla necə aparılması haqqında öz fikirlərini, təkliflərini tam sərbəst şəkildə verə bilsinlər, təşəbbüslərlə çıxış etsinlər.

Ancaq bütün bu proseslərə nəzər salarkən mən bildirmək istəyirəm ki, respublikamız həmin sahədə gecikibdir. Bu, təkcə son dövrün prosesi deyil, gecikmə bir neçə ilə aiddir. Son aylarda biz bu işləri sürətləndirməyə çalışmışıq. Hələ bu ilin əvvəlində mən şəxsən müvafiq təşkilatlara göstəriş vermişdim ki, onlar bu islahatlar haqqında müəyyən təkliflər, layihələr hazırlasınlar. Kənd təsərrüfatı ilə əlaqədar bir neçə dəfə keçirilən müşavirələrdə aqrar bölmədə iqtisadi islahatlar aparılmasının zəruriliyini bildirmişəm, bu barədə öz mülahizələrimi irəli sürmüşəm. Kənd zəhmətkeşlərinə, torpaqla bağlı olan adamlara, aqrar bölmədə çalışan bütün vətəndaşlarımıza müraciət etmişəm ki, onlar bu barədə daha çox fəallıq göstərsinlər və əsas təkliflərini hazırlasınlar.

Müəyyən işlər gedir. Ancaq bu işlər də ləngiyir. Nəhayət, noyabrın 5-də mən böyük bir müşavirə keçirdim. Həmin müşavirədə islahatlar barədə hazırlanmış layihələr ilkin müzakirə edildi və bundan sonra bu layihələrin həm Milli Məclisin komissiyalarında, həm də aqrar bölmənin təşkilatlarında baxılması, ictimaiyyət tərəfindən müzakirə olunması prosesi gedib.

İndi bunlar hamısı arxada qalıb. Bu layihələrə bütün təbəqələrdə baxılıb, axırıncı variantları mətbuatda dərc olunub. Siz onlarla tanışsınız. Ancaq bütün bu müzakirələrə baxmayaraq, mən yenə də bugünkü böyük müşavirənin keçirilməsini zəruri hesab etdim. Çünki məsələ çox ciddidir, mürəkkəbdir və bu məsələni həll etmək üçün gərək çox ölçüb-biçək. Yəni bu məsələnin həll olunması, prinsipial yol müəyyəndir. Artıq bu barədə mübahisə etmək, mənə elə gəlir ki, gecdir. Söhbət bu islahatların keçirilib-keçirilməməsindən getmir. İslahatların zəruriliyi ictimaiyyətimiz tərəfindən qəbul edilib. Ancaq bu islahatların hansı yolla, hansı müddətdə, hansı mərhələlərdə keçirilməsi müzakirə olunur - bunun mexanizmi necə olmalıdır, biz hansı vasitələrdən istifadə etməliyik -bunlar müzakirə olunur. Mətbuatda dərc edilmiş, sizin sərəncamınızda olan layihələrin müzakirəyə ehtiyacı vardır və onların da üzərində işləmək lazımdır. Ona görə də son mərhələdə bu müşavirənin keçirilməsini, geniş fikir mübadiləsi aparılmasını lazım bilmişəm.

Biz burada bir şeyi nəzərə almalıyıq. Bildiyiniz kimi, aqrar bölmə sovet hakimiyyəti qurulandan sonra böyük dəyişikliklər prosesi keçmişdir. Uzun illər - əgər sovet hakimiyyətinin qurulması dövrünü, yaxud kollektivləşmə tədbirlərini yada salsaq (o vaxta qədər torpaq şəxsi mülkiyyətdə, mülkiyyətçilərdə olub) - insanlar torpaqdan şəxsi mülkiyyət formasında istifadə ediblər. 1930-cu ildən başlayaraq çox böyük dəyişikliklər gedib. Bunlar bəşəriyyət tarixində bəlkə də ilk dəfə Sovetlər İttifaqında uğur qazanan dəyişikliklərdir. Kollektivləşmə dövründə torpaq da, kənd əhalisinin əlində olan əmlak da kollektivləşdirilib və kollektiv təsərrüfatlar yaranıb. Bu təsərrüfatlar dövlətin əlində olub, dövlət tərəfindən idarə edilib və 70 il müddətində bizim respublikamız Sovetlər İttifaqının başqa yerləri kimi, bu iqtisadi sistem daxilində dövlət təsərrüfatı ilə məşğul olub.

Şübhəsiz ki, bu dövrdə Azərbaycan Respublikasının kənd təsərrüfatı çox inkişaf edib - bunu tam qətiyyətlə, açıq surətdə deməliyik. Yeni torpaqlar istifadəyə verilib, torpaqların sağlamlaşdırılması, onlardan səmərəli istifadə olunması üçün tədbirlər görülüb. Böyük istehsal fondları, emal müəssisələri yaradılıb, Kənd təsərrüfatı məhsulları istehsalı üçün texnikanın cürbəcür formalarından istifadə olunub. Kənddə, kənd təsərrüfatında, aqrar bölmədə mexanikləşdirmə prosesi gedib. Şübhəsiz ki, bunlar hamısı 30-cu illə müqayisədə tamamilə başqa bir aqrar potensial - kənd təsərrüfatı potensialı yaradıb, respublikamızda öz nəticələrini verib.

Sovetlər İttifaqının tərkibində olmuş başqa respublikalar da kənd təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə ediblər. Ancaq bildiyiniz kimi, 70-ci illərin sonunda, 80-ci illərin əvvəlində kənd təsərrüfatı sahəsində bu sistemin axsaması, onun inkişafının dayanması prosesi müşahidə olunmağa başlayıb, çıxış yolları axtarılıb. Bax, bu yollar o vaxtdan axtarılır və həmin axtarış indi də davam edir. Ona görə də biz indi bu iqtisadi islahatları apararkən keçmiş, yəni indiyə qədər mövcud olan istehsal, əmlak, mülkiyyət münasibətləri formasından asılı olmayaraq, əldə edilmiş potensialı saxlamalıyıq, onu daha da inkişaf etdirməliyik. İndi islahatları mülkiyyət formasının dəyişdirilməsi əsasında aparmaq nəzərdə tutulur. 30-cu illərdə mülkiyyət forması inzibati yolla, bir çox hallarda repressiya yolu ilə, zor və güc ilə dəyişdirilirdisə, bu da şübhəsiz, böyük itkilərlə müşayiət olunub və bunlar sonra keçib gedib, insanlar yeni formaya öyrəniblər. İndi isə biz əldə olan bu potensialı saxlamalıyıq və islahatları demokratik prinsiplər əsasında, könüllülük prinsipi əsasında, insanların bu işə şüurlu münasibəti əsasında aparmalıyıq.

Yəni burada nə inzibatçılığa, nə zorakılığa, nə də güc tətbiq edilməsinə yol vermək olar. Sadəcə olaraq, insanları, aqrar bölmədə çalışanları islahatların zəruriliyinə inandırmaq lazımdır və onlar bu islahatları şüurlu surətdə aparmalıdırlar, islahatlar xatirinə yox. İslahatlar ancaq və ancaq aqrar bölmənin səmərəliliyini, kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, torpaqdan daha səmərəli istifadə etmək üçün olmalıdır. Bu islahatlar 70 il müddətində əldə olunmuş potensialı dağıtmaq üçün yox, əksinə, ondan daha səmərəli istifadə etmək üçün aparılmalıdır.

Təəssüflər olsun ki, son illərdə dağıdıcı proseslər geniş yayılıb və iqtisadiyyatımıza zərər vurubdur. Əgər 70-ci illərdə, 80-ci illərin birinci yarısında kənd təsərrüfatında olan iqtisadi göstəricilərimizi yada salsaq və aqrar sahədə bugünkü göstəricilərimizi onlarla müqayisə etsək, son 5-6 ilin dağıdıcı proseslərinin iqtisadiyyatımızı, o cümlədən xüsusən aqrar sahəni nə qədər ağır vəziyyətə saldığını görərik.

İndi aqrar bölməmiz ağır bir mərhələdədir. İslahatlar isə gərək bizi bu ağır mərhələdən çıxarıb iqtisadiyyatın inkişafı üçün əsas yaratsın və bu inkişafı ardıcıl olaraq təmin etsin. Əgər islahatlar bizi çox hissəsi dağılmış aqrar bölmənin daha da dağılmasına doğru aparsa, onda dərin quyunun dibinə düşmüş olarıq. Ona görə də bu islahatların aparılmasında mühafizəkarlığa qətiyyən yol vermək olmaz, eyni zamanda islahat şüarları altında aqrar bölmədə əldə olan potensalımızın dağılmasına da yol vermək olmaz. Bir fikir də əsas yer tutmalıdır: aqrar bölmədə hər bir adam bu islahatların aparılmasından bəhrələnməlidir, hər bir vətəndaşımız bəhrələnməlidir.

30-cu illərdə kollektivləşmə başlayanda kənddə üç təbəqə var idi: qolçomaqlar, orta təbəqə, bir də yoxsullar. O vaxt kollektivləşmə prinsipi, ümumiyyətlə sosializm quruluşunun prinsipi ondan ibarət idi ki, insanlar bərabərləşsin, yoxsulluq aradan götürülsün, adamların hamısı bərabər maddi səviyyədə yaşasın. Ona görə də mülkədarların mülkləri əllərindən alındı, onlar bundan məhrum oldular. Orta təbəqəyə məxsus kəndlilərin mülkləri də müəyyən qədər kollektiviəşmə prosesinə getdi, bunlar hamısı yoxsullarla cəmləşib kollektiv təsərrüfat yaratdılar.

İndi biz bu iqtisadi islahatları aparanda sahibkarlıq, mülkiyyət formalarının dəyişdirilməsi, şübhəsiz ki, müəyyən qədər təbəqələşməyə gətirib çıxaracaqdır. Ancaq eyni zamanda, biz heç vaxt yol verməməliyik ki, bunların nəticəsində yenə də əhalinin bir hissəsi yoxsullaşsın, ağır vəziyyətə düşsün. Ona görə də aqrar bölmədə iqtisadi islahatlar, torpaq islahatı ədalətli, düzgün aparılmalıdır. Ən əsası da ondan ibarətdir ki, iqtisadi prinsiplər, iqtisadi qanunlar əsasında, sərbəst iqtisadiyyat prinsipləri, qanunları əsasında aparılmalıdır. Bax, bunların hamısını təmin etmək üçün, bu iqtisadi islahatların aparılması yollarını müəyyən etmək üçün belə müzakirələr lazımdır. Bu layihələr ictimaiyyətə təqdim olunandan sonra biz təklif etmişdik ki, rayonlarda, təsərrüfatlarda, kəndlərdə torpaqla məşğul olanlar, aqrar bölmədə çalışan adamlar müzakirə etsinlər, öz fikirlərini, mülahizələrini bildirsinlər.

Biz dünən bir müşavirə keçirdik, bu layihələri müzakirə etdik. Layihələrin çatışmazlıqları, nöqsanları, orada zəruri dəyişikliklər aparılması lüzumu dünənki müzakirədə meydana çıxdı. İndi Azərbaycanda, Bakıda bundan böyük salonumuz yoxdur. Buraya aqrar bölmə ilə məşğul olan təşkilatların, nazirliklərin, rayonların, təsərrüfatların nümayəndələri dəvət ediliblər. Mən göstəriş vermişdim ki, dəvət edilənlər arasında bütün təbəqələrdən vətəndaşlarımız olsun, sərbəst müzakirə aparaq, hərə öz fikrini desin. Ola bilər, bu fikirlər bir-birinə zidd olsun, bir-biri ilə toqquşsun, - bundan narahat olmaq lazım deyil. Bu fikir mübadiləsində bəzən fikirlərin toqquşması da ola bilər. Biz gərək bu layihələri daha da təkmilləşdirək, nəticədə elə qanunlar qəbul edək ki, o qanunlar bütün təbəqələrin mənafeyini təmin etsin, eyni zamanda aqrar bölmənin sürətlə, səmərəli inkişaf etməsi üçün əsas yaratsın.

Bugünkü müşavirənin məqsədi bundan ibarətdir. Ona görə də mən sizdən rica edirəm ki, kim hansı fikir söyləmək istəyirsə, çıxış etsin. Bu barədə heç kəsə qadağan yoxdur. Mən istərdim ki, burada hər bir fikir aşkar olsun. Kimin layihə haqqında nə fikri varsa desin. Güman edirəm - bunu demişəm, bir daha deyirəm - müzakirələrdə iqtisadi islahatların keçirilib-keçirilməməsi məsələsinə vaxt itirmək lazım deyil. Çünki artıq məlumdur ki, aqrar sahədə iqtisadi islahatlar keçirilməlidir. Bizim bəzi natiqlər çıxış edərkən bu iqtisadi islahatların keçirilməsi zərurətini sübut etməyə çalışırlar. Bunu sübut etməyə artıq ehtiyac yoxdur. Əgər bu iqtisadi islahatların keçirilməsinə kiminsə ciddi dəlillərlə etirazı varsa, onu desin. Qoy heç kəs çəkinməsin. Kim islahatların əleyhinə çıxış etmək istəyirsə, buna etiraz etmək istəyirsə, konkret sübutları, faktları varsa, buyursun.

Cəmiyyətimizdə bu islahatların həyata keçirilməsi fikri artıq tam formalaşıb. Ona görə də mən istərdim ki, çıxışlarda iqtisadi islahatların həyata keçirilmə yolları haqqında fikir söylənilsin və xüsusən, təqdim olunmuş layihələrə münasibət bildirilsin. Məsələn, o layihələrin hansı hissəsi yararlıdır, hansı hissəsi yararlı deyil, hansını dəyişdirmək, hansına əlavə etmək lazımdır - bax, bunlar deyilsin. Ancaq təkcə layihələr ətrafında yox. Bəlkə elə səmərəli fikirlər var ki, onlar layihələrdə öz əksini tapmayıb - bu fikirləri də bəyan edin. Ona görə də mən istərdim ki, çıxışlar yığcam olsun. Hər natiqə 10 dəqiqə söz veriləcəkdir. Xahiş edirəm buna riayət edəsiniz. Mən istəyirəm ki, bu gün bütün günü buna sərf edək, dəvət olunan müşavirə iştirakçılarından daha çox adam çıxış etsin. Xahiş edirəm ki, hər kəs fikrini qısa və çox sərbəst desin.

Yekun sözü

Müşavirə sona çatarkən məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, bu toplantının keçirilməsi haqqında qəbul etdiyim qərar özünü doğruldub. Bugünkü müzakirə həm bu salona toplaşanlar üçün, həm də respublikamızın ictimaiyyəti üçün - güman edirəm ki, bu müşavirənin gedişi televiziya vasitəsilə tamamilə verilməlidir ki, camaat, vətəndaşlar bizim burada apardığımız danışıqların hamısından xəbərdar olsunlar, - hamı üçün çox əhəmiyyətlidir. Bu gün müşavirəni açarkən mən qeyd etdim. İndi yenə də təkrar edirəm: bu məsələ, yəni aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm və əhəmiyyətli, eyni zamanda son dərəcə məsuliyyətli və taleyüklü bir məsələdir.

XX əsrin əvvəlindən bəri yaşadığımız məkanda günbəgün dəyişikliklər əmələ gəlmişdir. Bu dəyişikliklər həm siyasi, ictimai, həm də iqtisadi xarakter daşımış, xalqımızı, Azərbaycanın vətəndaşlarını cürbəcür çətinliklərlə üzləşdirmişdir. Hakimiyyət, iqtisadi forma və siyasi mühit dəyişibdir. Bunların hamısını XX əsrin əvvəllərindən indiyədək respublikamızın bir neçə nəsli yaşayıb, mübarizə aparıb, çalışıb-vuruşublar. Uğurlar da əldə ediblər, məğlubiyyətlərə də məruz qalıblar. Ancaq Azərbaycan xalqı və Azərbaycan Respublikası bütün bu çətin yollardan keçərək bir respublika kimi formalaşıbdır. Azərbaycanın hüdudları bizə miras kimi qalıb və respublikamız son üç ildir ki, müstəqil dövlət kimi yaşayır. Keçən illərin, onilliklərin təcrübəsini nəzərə alaraq, cürbəcür dəyişikliklər zamanı baş verən hadisələr, xalqımızın itkiləri, eyni zamanda əldə etdiyi nailiyyətlər barədə düşünərək indi yeni bir mərhələdə biz addımlarımızı gərək həm cəsarətlə, həm də elə ataq ki, keçmişdə buraxılan səhvlərə yol verilməsin.

Bu baxımdan aqrar bölmədə indi gördüyümüz və qarşıdakı illərdə həyata keçirəcəyimiz işlər nəinki bizim - indiki nəsil üçün, həm də gənc və gələcək nəsillər üçün yeni bir bünövrədir, yeni bir təməldir, yeni bir əsasdır. Əsrin əvvəllərində torpaq sahibkarların, kənddə yaşayan insanların əlində olubdur. Onlar həmin dövrün imkanları daxilində torpaqdan istifadə ediblər, bununla da özlərini dolandırıblar və xalqımızı yaşadıblar. Çünki o vaxtlar ölkəmiz aqrar ölkə idi. Əgər biz Bakının neftini və onunla bağlı bir neçə yerdə sənaye yaranmasını nəzərə almasaq, Azərbaycan əsrlər boyu aqrar ölkə olubdur.

Ölkəmizin əhalisinin əksəriyyəti kəndlərdə yaşayıb, aqrar bölmədə çalışıb və bütün əhalini də yaşadan torpaq və ondan əldə edilən məhsullar olmuşdur. O dövrdə, yəni əsrin əvvəllərində babalarımız torpaqdan istifadə edərək özləri üçün həyat qurublarsa və dövrün şəraiti çərçivəsində iqtisadiyyatı da müəyyən dərəcədə inkişaf etdiriblərsə, indi, əsrin sonunda biz bu dəyişiklikləri görəndən sonra elə etməliyik ki, yaranmış bütün potensialdan, iqtisadi imkanlardan, o cümlədən aqrar bölmədə olan potensialdan bundan sonra daha səmərəli istifadə olunsun.

Bir daha qeyd etmək istəyirəm: 30-cu illərdə keçmiş Sovetlər İttifaqında Kommunist Partiyasının siyasəti sayəsində kənd təsərrüfatında aqrar bölmədə böyük dəyişikliklər aparılmışdır. Kollektivləşmə prinsipi ortaya atılmış və ardıcıl surətdə həyata keçirilmişdir. Torpaq və ümumiyyətlə, kəndlinin bütün əmlakı ümumiləşdirilmiş, kollektiv təsərrüfata verilmişdir. Tarixdən bizə məlumdur ki, bu proses çox ağır və əzablı gedibdir, böyük itkilərlə müşayiət olunubdur. İnsanlar həlak olmuş, var-dövlətini itirmiş, yaşadığı yerdən təcrid edilmişlər, bu kollektivləşmə prinsipinin həyata keçirilməsi üçün bəziləri sürgün olunmuşlar. Bütün bunlarm nəticəsində bir neçə ildən sonra - yəni əgər kollektivləşmə 1930-cu ildə başlayıbsa, 1937-38-ci illərdə elan olundu ki, artıq Sovetlər Birliyində sosializmin əsasları quruldu, ümumi kollektivləşmə başa çatdı və bu da böyük nailiyyət oldu. Bunlar bizim ölkədə getmiş proseslərdir. Biz bu proseslərin nə təşkilatçısı, nə də iştirakçısıyıq. Biz bunların nəticəsindən istifadə edənlərik. Xalqımıza vurulan itkilər o dövrdə hökm sürən siyasi sistemin iqtisadi quruluşunun fəaliyyəti nəticəsində olmuşdur.

Sovetlər Birliyinin hər yerində olduğu kimi, respublikamızda da güclü, böyük iqtisadi, o cümlədən aqrar potensial yaranıbdır. Bu, tarixi həqiqətdir və bunu heç kəs inkar edə bilməz. O dövrdə aparılan tədbirlərin bir çoxunu bu gün tənqid etmək olar və onlar tənqid edilir. Zorakılıqla, güc, repressiya yolu ilə bu tədbirləri həyata keçirənlər günahlandırılır və günahlandırılmalıdırlar.

Ancaq ondan sonrakı dövrdə yaşayan nəsillər bu prosesin içində olub və mövcud sistemdə iqtisadi potensialdan səmərəli istifadə etməyə çalışmışlar. Biz bunun səmərəsini görmüşük. Azərbaycanın timsalında götürsək, bunun səmərəsi ondan ibarət olubdur ki, respublikamızda 1940-cı, 50-ci, 60-cı, 70-ci illərdə və 80-ci illərin ortalarınadək kənd təsərrüfatı istehsalı ardıcıl surətdə artıb və böyük kənd təsərrüfatı potensialı yaranıbdır. Bu gün burada səslənən çıxışlarda bizim nə qədər torpağımız olması, onun nə qədərinin suvarılması, nə qədərinin məhsuldar olması və nə qədərinin necə istifadə edilməsi barədə rəqəmlər gətirildi. Bunların hamısı olubdur. Həmin torpaqların indiki şəkildə olması, bugünkü vəziyyəti o dövrdə aparılmış meliorasiyanın, suvarma işlərinin nəticəsidir. İndi bizim suvarılan geniş torpaqlarımız var. Bunları planlaşdırmaq, əraziləri təmizləmək, meliorasiya işləri aparmaq, böyük su qurğuları, su şəbəkələri, su hövzələri yaratmaq lazım idi. Əgər bunlar edilməsəydi, indi Azərbaycanda suvarılan bu qədər torpaq olardımı?

Götürək Mingəçevir, Şamxor, Xanbulançay, Viləşçay su hövzələrini, Naxçıvanda Arpaçay su hövzəsini, Araz çayı üzərində və Quba zonasında, Ağstafada olan su hövzələrini və sair. Nə qədər böyük su hövzələri, böyük göllər yarandı və bu göllərdən kanallar çəkildi, şəbəkələr quruldu. Düzdür, onların bir çoxu köhnəlib, çoxunun indi təmirə ehtiyacı var, ancaq bunlar torpaqlarımızdan istifadə üçün görülən işlərdir. Bunlar on illər ərzində yaranıbdır və bizə miras qalıbdır. Bunlar bizim sərvətimizdir. Bu sərvətdən, şübhəsiz, səmərəli istifadə etməliyik. Yaxud götürək kənd təsərrüfatının mexanikləşdirilməsini, maşın-traktor parkının yaradılmasını və texnikadan istifadə olunmasını, onun təmirini, böyük müəssisələrin yaradılmasını. Əgər bunlar olmasaydı, biz torpaqdan bu cür istifadə edə bilməzdik.

Emal müəssisələrini götürək. Böyük emal müəssisələri yaradılıbdır. Kəndin infrastrukturu elə bu aqrar bölmənin fəaliyyətinin nəticəsidir. Məsələn, mən 70-ci illəri götürmək istəyirəm. Bu illərdə kənd təsərrüfatı məhsulunun sürətlə artması kənd əhalisinin həyat şəraitini xeyli yaxşılaşdırdı və kəndlilərin yaşadıqları yerlərdə özlərinə evlər, malikanələr tikib yaratmasına, öz mənzil şəraitlərinin yaxşılaşdırılmasına imkan verdi.

Mənim xatirimdədir, 60-cı illərdə kəndlərə gedirdik, orada palçıqdan tikilmiş evlərə baxanda, ağır vəziyyəti görəndə adamın ürəyi ağrıyırdı. Elə Cəlilabad rayonunun özündə - nümayəndəsi burada çıxış etdi, mən orada 50-ci illərdə də olmuşam - orada da vəziyyət belə idi. İndi Cəlilabad rayonunda bir kənd tapmazsınız ki, orada palçıqdan evlər olsun. Rayonda dəmirlə, şiferlə üstü örtülmüş, eyvanı, bağçası olan müasir evlər həmin dövrlərin nəticəsidir. Aqrar bölmənin fəaliyyəti nəticəsində kəndlərdə uşaq bağçaları, xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları tikilmişdir. Bunların hamısı bizim aqrar bölmənin, kənd təsərrüfatının fəaliyyəti nəticəsində o dövrdə əldə edilmiş, yaradılmış potensialdır. Ancaq çox təəssüflər olsun ki, bu potensial təxminən 1985-86-cı illərdən başlayaraq, islahatlar keçirilməsi üçün görülən tədbirlərin nəticəsində xırda-xırda dağıdılıbdır.

Mən bu gün müşavirəni açarkən də dedim. Dünən də dedim. Artıq 70-ci illərin sonunda, 80-ci illərin əvvəllərində Sovetlər İttifaqında kənd təsərrüfatının inkişafının dayanması prosesi mövcud idi. Yəni kolxoz və sovxoz sistemindən nə qədər mümkün idisə istifadə olundu, kənd təsərrüfatına dövlətdən nə qədər dotasiyalar verildi, nə qədər kömək oldu, meliorasiya işlərinə nə qədər yardım edildi - bütün bunlar öz nəticələrini verdi. Ancaq sonra məlum oldu ki, kənd təsərrüfatı və aqrar bölmə daha bu yolla, bu sistemlə inkişaf edə bilməyəcəkdir. Dövlət aqrar bölməyə çox böyük vəsaitlər sərf edirdi, islahatların keçirilməsi yolları günbəgün axtarılırdı - 70-ci illərin axırlarında və 80-ci illərin əvvəllərində, 1985-86-cı illərdə bu islahatların cürbəcür yollarının axtarışı gedirdi. İndi burada fermer təsərrüfatı haqqında danışıldı. Çıxış edənlərin bəziləri dedilər ki, fermer təsərrüfatı yaxşı nəticə verir, amma bəziləri bildirdilər ki, fermer təsərrüfatı yaransa da fəaliyyət göstərə bilmədi. Natiqlərdən biri də qeyd etdi ki, bu islahat necə gedir ki, biri 100 hektar torpağı götürüb istifadə edir, başqasının bir hektarı da yoxdur.

Bunlar hamısı dəyişikliklər, axtarışlar üçün cürbəcür yollardır. O vaxtlar keçmiş Sovetlər İttifaqında mütərəqqi fikirli ayrı-ayrı adamlar bu yollarla gedib və bu zəruri idi, gedilməli idi. Ancaq təəssüflər olsun ki, bu dəyişikliklər, Sovetlər İttifaqının ərazisində gedən siyasiiqtisadi dəyişikliklər mövcud potensialı dağıtdı. İndi biz Azərbaycanda əgər bir tərəfdən köhnə sistemdən xilas olmuşuqsa, müstəqilliyimizi əldə etmişiksə, bunun özü tarixi nailiyyətdir. Əgər bu gün-sabah respublikamızın iqtisadiyyatı bundan da aşağı səviyyəyə düşsə belə, Azərbaycan xalqının milli azadlığını, dövlət müstəqiliyini əldə etməsi hər şeydən üstündür. Bu, bizim üçün hər şeydən əzizdir, hər şeydən qiymətlidir, tarixi hadisədir.

Ancaq təəssüflər olsun ki, on illərlə yaranmış böyük iqtisadi, o cümlədən aqrar bölmədəki potensial bu proseslər zamanı tədricən və bəzən də sürətlə dağıdılıbdır. İndi biz elə bir mərhələyə gəlib çatmışıq ki, bir tərəfdən bu dağıdıcı prosesin qarşısı alınmalı, digər tərəfdən, həmin prosesin dayandırılması üçün inzibati-amirlik metodlarının nəticə vermədiyi artıq bizə məlum olduğundan, iqtisadi qanunlar, prinsiplər əsasında işi qurmalıyıq ki, bu gözəl torpağımızdan, mövcud iqtisadi potensialımızdan səmərəli istifadə edək.

Ona görə də bu iqtisadi islahatların keçirilməsi zəruridir. Bunu biz dəfələrlə demişik. Ancaq bu gün, yəni burada, bu salonda həmin fikir yenə də diqqət mərkəzindədir. Çünki bu proseslər hələ bəziləri tərəfindən qəbul olunmadığına görə, bəziləri bu proseslərin gələcəyindən qorxduqlarına görə, müəyyən təhlükələr doğuracağına görə cəsarət etmirdilər. Ancaq biz bu islahatların keçirilməsində kecikmişiksə - bir qədər əvvəl burada belə fikirlər də səsləndi - bundan sonra gecikməməliyik. İndiyədək olan olub, keçən keçibdir. Çox şeyi itirmiş, çox şey dağılıbdır. Şübhə yoxdur ki, əgər bir il bundan əvvəl, iki il bundan öncə olan potensialımızın mövcudluğu dövründə biz bu iqtisadi islahatları cəsarətlə keçirsəydik, əlimizdə daha çox sərvət, daha çox imkan olardı. Ancaq indi biz bunu yenə də ləngitsək, yenə də gecikdirsək, vaxt itiriləcək. Son illərin təcrübəsi bunu əyani sübut edir.

Eyni zamanda bunu da dərk etmək lazımdır ki, islahatların keçirilməsi o qədər də asan olmayacaqdır. İslahatları keçirərkən, ola bilsin ki, iqtisadi cəhətdən daha da çətinliklərimiz olsun. Müəyyən dövrlərdə və müəyyən sahələrdə kənd təsərrüfatında istehsal azala bilər. Ancaq islahatlardan sonra biz istehsalın artırılmasına nail ola bilərik. Ona görə də bu qanunların indi qəbul edilməsi zərurətdən doğan bir haldır. Mən hesab edirəm ki, bugünkü müzakirə bunu bir daha sübut etdi. Bu qanunların layihələrində əsas istiqamətlər, prinsipial mövqelər göstərilir. Ancaq bu qanunların həyata keçirilməsi onların yaradılmasından qat-qat çətindir. Həmin qanunların həyata keçirilməsi prosesi də hər yerdə bir cür olmayacaqdır.

Biz 30-cu illərin acı təcrübəsini indi təhlil edərkən görürük ki, bəlkə də o vaxt kollektivləşmə lazım idi. Ancaq bu iş fərqləndirilmiş şəkildə aparılmalı idi. Onu hər yerdə eyni cür - ucdantutma, zorla yox, ağılla keçirmək lazım idi. Bəlkə bu tədbir ağılla həyata keçirilsəydi, adamlar öz səhvlərini dərk edərdilər və müəyyən dəyişikliklər edə bilərdilər. Ona görə də biz bütün bu keçmiş mərhələlərdə buraxılmış səhvlərdən özümüz üçün nəticə çıxarmalı, müsbət təcrübədən istifadə etməliyik. Belə təcrübələr inkişaf etmiş ölkələrdə mövcuddur. Ancaq hər ölkənin özünəməxsus xüsusiyyəti də var.

Şübhəsiz, biz Azərbaycanın kənd təsərrüfatında islahatlar apararkən baxmalıyıq ki, Amerikada, Avropada, Şərq ölkələrində hansı təcrübələr var? Bunların hamısı nəzərdən keçirilməlidir. Amma belə güman etmək də düzgün olmazdı ki, orada olanların hamısını götürüb tətbiq etsək, bizdə də hər şey yaxşı olacaqdır. Mən yenə deyirəm, hər yerin özünə görə xüsusiyyəti var - təbiəti, iqlimi, torpağı fərqlidir, orada yaşayan insanların psixologiyası da müxtəlifdir. Adamların işə münasibəti də başqadır. Bu münasibət, psixologiya, adət-ənənə bir gündə, bir ildə yaranan deyildir. Onların çoxu on illərlə, əsrlərlə yaranmışdır. Bu münasibətin, psixologiyanın əsrlər boyu qərarlaşdığı ölkələrdən, güman edək ki, onları götürüb, buraya qoya bilərik - bu, mümkün deyil. Ancaq eyni zamanda biz buna nail olmaq üçün işləməliyik. Həmin təcrübəyə çatmağa çalışmalıyıq.

Respublikamızın təbii, iqlim xüsusiyyətlərinə, torpaqlarımızın imkanlarına münasib olaraq, eyni zamanda xalqımızın mentalitetinə, adət-ənənəsinə uyğun olaraq buna çalışmalıyıq. Əgər biz bunları nəzərə almasaq və hesablaşmasaq, onda bu islahatları kor-koranə həyata keçirəcəyik. Ola bilsin, bu bir yerdə öz müsbət nəticəsini verəcək, başqa yerdə isə əksinə, böyük çətinliklər yaradacaqdır. Ona görə də bu məsələlərə fərqli şəkildə yanaşmaq əsas şərtlərdən biridir.

İndi müzakirə etdiyimiz və sonra qəbul edəcəyimiz qanun layihələri buna şərait yaradacaqdır. Ona görə də bu işlərdən qorxmaq və çəkinmək lazım deyil. Ancaq eyni zamanda səthiliyə, məsuliyyətsizliyə yol vermək olmaz. Bəzən deyirlər ki, tələsmək lazım deyil. Şübhəsiz, biz gecikmişik. Ancaq bu o demək deyildir ki, biz bu işlərdə tələsməliyik. Doğrudur, bu işlər qısa müddətdə görülməlidir. Amma elə etməliyik ki, onlar bizim üçün həqiqətən nəticə versin.

Keçmişlərdə - indi burada toplaşan adamların çoxu o dövrlərin canlı şahididir - bizim də həyatımızda cürbəcür dəyişikliklər əmələ gəlmişdir. Bəzən ayrı-ayrı mərhələlərdə bu dəyişikliklər elə onların aparılması naminə edilirdi. Bir il, iki il, üç il bu dəyişiklikləri edirdilər və insanlarda belə əhval-ruhiyyə yaranırdı ki, bəli, bu yeniliklər aparılan kimi hər şey dəyişəcəkdir. Amma keçən dövrə baxdıqda görünür ki, heç nə dəyişməmişdir. Bu işləri başlayan adam getdi, o biri gəldi. Dedi ki, bu səhv edib. Başqa biri də gəlib dedi ki, o səhv edib. Bunu hamı belə düşünür.

Bunları deməklə mən heç kəsi bu fikirlərdən çəkindirmək fikrində deyiləm. Əksinə, bu işlərin nə qədər mürəkkəb, nə qədər məsuliyyətli, nə qədər ciddi olduğunu bir daha vurğulamaq istəyirəm. Bir daha öz fikrimi demək istəyirəm ki, biz bu islahatları aparmalıyıq. Ancaq onu həyata keçirərkən fərqli münasibət olmalıdır və bu cür yanaşılmalıdır. Ona görə də bir rayonda, onun bir hissəsində və ya başqa hissəsində bu islahatların keçirilməsində müəyyən fərq ola bilər.

Noyabrın 5-də keçirilən müşavirədə mən Zaqatala və Xızı rayonlarının icra hakimiyyəti başçılarına göstəriş verdim. Onlar artıq öz proqramlarını hazırlayıblar. Dünənki müşavirədə də bu barədə məruzə etdilər, bu gün də burada çıxış etdilər. Mən Prezident Aparatının, Nazirlər Kabinetinin, müvafiq şöbələrinə, Kənd Təsərrüfatı Nazirliyinə, müvafiq komissiyalara tapşırıram ki, ümumi islahatları gözləmədən biz bu barədə qərar qəbul etməliyik və razılıq verməliyik ki, onlar islahatlara başlasınlar. Ancag gördüyünüz kimi, Zagatala rayon icra hakimiyyəti başçısının məruzəsindən aydın olduğu kimi, orada bəzi təsərrüfatları bugünkü formada saxlamaq istəyirlər, bəzilərində böyük dəyişikliklər aparmaq niyyətindədirlər, bəzilərində isə başqa işlər görmək fikrindədirlər. Bunlara sərbəstlik verilməlidir. Həmin sərbəstlik Zaqatala rayonunun miqyasında rəqabət yaradacaqdır. Bu dəyişikliklər müsbət nəticə verdikcə, dəyişikliklərin olmadığı yerlərdə həmin müsbət təcrübəni görən kimi bu yenilikləri tətbiq edəcəklər.

Burada sonuncu çıxış edən, Masallı rayonundan olan natiq də dedi - doğrudur, Masallı rayonunun təsərrüfatında, aqrar bölməsində gedən bəzi proseslər haqqında Nazirlər Kabineti, Prezident Aparatı, yaxud Ali Sovet tərəfindən mənə rəsmi arayışlar təqdim olunmayıbdır - ancaq müxbirlərin, qəzet işçilərinin xəbərlərindən mənə bəlli olan ilkin məlumatlardan da belə hiss etdim ki, orada bu proseslər gedir. Rayon rəhbərliyinin özü bunu müstəqil olaraq aparır. Masallı rayonundan çıxış edən müəllimin - onun özü fermer təsərrüfatının başçısıdır -dediyi sözlər bu barədəki məlumatlarımı bir daha yadıma salır.

Mən bizim Prezident Aparatına, Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə tapşırıram ki, Masallı rayonunda gedən işləri nəzərdən keçirsinlər. Əgər orada bu işlər gedirsə, onları bir proqram şəklinə salmaq lazımdır və həmin proqramı da təqdim etmək lazımdır ki, işə başlasınlar.

Bu rayonların təcrübəsində mən başqa rayonlarımızın da icra hakimiyyəti başçılarına, rayon kənd təsərrüfatı idarələrinin rəhbərlərinə, bilavasitə torpaqla işləyən adamlara müraciət etmək istəyirəm. Bu qanunların, əsasnamələrin qəbul edilməsini gözləmədən harada belə tədbirlərin rayon miqyasında keçirilməsinə imkan varsa, mən onlara razılıq verirəm, təkliflərini hazırlasınlar, təqdim etsinlər və biz bunlara baxıb öz fikirlərimizi bildirək. Bunlar doğrudan da münasib olsa, biz onlara razılıq verərik ki, həmin rayonlarda olduğu kimi belə işləri həyata keçirsinlər. Proseslərin belə getməsi, hesab edirəm ki, yaxşı haldır. Yəni biz ayrı-ayrı təsərrüfatların yox, bütöv rayonların təcrübəsindən istifadə edərək, digər yerlərdə də bunları həyata keçirəcəyik. Bunların hamısı qəbul edəcəyimiz qanunların və onlardan irəli gələn qərarların, əsasnamələrin həyata keçirilməsinə şərait yaradacaqdır. Mən bu gün apardığımız müzakirələrdən belə nəticəyə gəlirəm.

Burada qanun layihələri barəsində cürbəcür fikirlər söyləndi. Əgər bu fikirlərin hamısını ümumiləşdirsək, belə qənaətə gələ bilərik ki, qanun layihələri müşavirə iştirakçıları tərəfindən əsasən bəyənilir. Eyni zamanda bəzi dəyişikliklər barədə təkliflər də səslənir. Bu, təbiidir. Dünən Prezident Aparatında və bu gün burada keçirdiyimiz müşavirə məhz ona görədir ki, bütün ictimaiyyətin, aqrar bölməni təmsil edən adamların nümayəndələri burada iştirak etsinlər və onların fikirlərini cəmləşdirərək bu layihələrdə hansı dəyişikliklər edilməli, hansı əlavələr aparılmalı və ya nəyin çıxarılmalı olduğunu bilək. Ona görə də mən hesab edirəm ki, bu gün burada irəli sürülən bütün təkliflərə diqqətlə baxılmalıdır ki, onların hansı bu layihələrin təkmilləşdirilməsinə kömək edəcəksə, qəbul olunsun.

Belə hesab edirəm ki, bu müşavirənin yekunu olaraq bir komissiya yaradılmalıdır. Həmin komissiyanı mən öz sərəncamımla bu gün yaradıram. Komissiya bu müşavirənin nəticələrini və burada səslənən fikirləri təhlil etməlidir və bu layihələrdə hansı dəyişikliklər, hansı düzəlişlər edilməlidirsə, onu bir həftə ərzində mənə təqdim etməlidir.. Mən indi komissiyanın tərkibini tamamilə deyə bilmərəm. İstərdim ki, komissiyanın tərkibi geniş, fəaliyyətli və bütün təbəqələrdən ibarət olsun.

Hesab edirəm ki, komissiyaya sədrliyi Arif Rəhimzadəyə həvalə edək. Onun üzvləri baş nazirin birinci müavini Abbas Abbasov, kənd təsərrüfatı naziri İrşad Əliyev, Prezident Aparatının məsul işçiləri Vahid Axundov, Yusif Hümbətov, Ramiz Mehdiyev, Şahin Əliyev və başqaları olsunlar. Nazirlər Kabinetinin məsul işçilərini və əgər lazım olsa, Arif Rəhimzadədən başqa Milli Məclisdən digər vəzifəli şəxsləri də bura daxil etmək olar. Komissiyanın rəhbəri Arif Rəhimzadə onun tərkibini dediyim istiqamətdə müəyyən etsin.

Mən bu komissiyaya həvalə edirəm ki, burada söylənən fikirləri bir həftə müddətinə təhlil etsin, bu qanun layihələri üzərində işləsin və layihələrin son variantını təqdim etsin.

Burada bir məsələ barəsində də müəyyən mübahisə getdi. Mən hesab edirəm ki, bu mübahisə lazım deyil. İslahat komissiyaları kim tərəfindən təyin olunacaq, kim tərəfindən başçılıq ediləcək - mən hesab edirəm ki, bu mübahisələrə ehtiyac yoxdur. Burada deyilən fikirlərin hamısı nəzərə alınmalıdır və bizim bu gün təşkil etdiyimiz komissiya bu barədə öz təkliflərini verməlidir. Mən bir məsələni də qeyd etmək istəyirəm ki, bu islahatlar nəinki kənddə yaşayan əhalimizin, bütün Azərbaycan vətəndaşlarının mənafeyinə bilavasitə və ya dolayısı ilə bağlı olan tədbirlərdir. Ona görə də biz bu islahatların keçirilməsi üçün ədalətli, obyektiv, prinsipial qərarlar qəbul edən qurumlar yaratmalıyıq. Torpaq xalqa veriləcəksə, şübhəsiz ki, əhalinin bütün təbəqələrinin bu tədbirlərdə bu və ya başqa formada iştirakı olmalıdır. Biz bunu təmin etməliyik. Komissiya bu barədə öz təkliflərini verməlidir.

O ki qaldı icra hakimiyyəti başçılarının bəzilərinin burada səslənən müxtəlif fikirlərə münasibətinə, icra hakimiyyəti yerli hakimiyyət orqanıdır. Sovetlər 1991-ci ildə, kommunist rejimində seçilmiş sovet orqanlarıdır. İcra hakimiyyətləri isə prezident üsul-idarəsi yaradılandan sonra təşəkkül tapmış yerli hakimiyyət orqanlarıdır, prezidenti yerlərdə təmsil edən orqanlardır. Bildiyiniz kimi, keçmişdə rayonlarda, şəhərlərdə hakimiyyət kommunist partiyalarının müvafiq komitələri idi. Bununla yanaşı olaraq seçkili orqanlar - rayon sovetləri də var idi. Rayon icraiyyə komitələrinin sədrlərini də seçirdilər. Həmin icraiyyə komitələrinin rəyasət heyətləri olurdu. Rayon icraiyyə komitələri əməli iş aparırdı. Rayon sovetlərinin sessiyası vaxtaşırı keçirilirdi, mühüm məsələlər həll olunurdu. Rayon icraiyyə komitələrinin sədrləri və rayon partiya komitələrinin katibləri rayona bərabər rəhbərlik edirdilər.

İndi quruluş dəyişib, Kommunist Partiyasının hakimiyyəti aradan götürülübdür. Başqa yerlərdə olduğu kimi, Azərbaycanda da president üsul-idarəsidir. Ona görə də prezident üsul-idarəsinin atributları yaranıbdır. Bu atributlar icra hakimiyyəti orqanlarıdır. Onlar şəhərlərdə və rayonlarda fəaliyyət göstərirlər. Kəndlərdə də icra hakimiyyəti orqanlarının nümayəndələri var. Bunlar ali icra hakimiyyəti orqanının yerlərdə nümayəndələridir, prezident üsul-idarəsinin atributlarıdır və rayonlarda rəhbərlik səlahiyyəti bunlara verilibdir. Bu qaydaya da riayət edilməlidir.

Eyni zamanda bu sovetlər ki, 1991-ci ildə seçilibdir, onların rəhbərlik funksiyaları itib. Çünki sovetlər tərəfindən seçilən rayon icraiyyə komitələri ləğv olunubdur və icra orqanları yuxarıdan - prezident tərəfindən təyin olunduğundan onlar öz əvvəlki funksiyalarını itiribdir. Ancaq onların da müəyyən funksiyaları var və onlar mövcuddurlar. Ona görə də rayonlarda icra hakimiyyəti orqanları yerli sovetlərlə sıx əməkdaşlıq etməli və birlikdə işləməlidirlər.

Bildiyiniz kimi, mən respublikamızda ümummilli, vətəndaş həmrəyliyi yaratmaq məqsədi ilə dəfələrlə demişəm və bu gün də deyirəm: biz gərək bütün imkanlarımızı birləşdirək. Bütün orqanların işlərini bir-biri ilə sıx bağlayaq, əlaqələndirməni təmin edək, bir-biri ilə əlaqələri möhkəmləndirək. Bunların hamısı cəmiyyətimizdə milli həmrəyliyi, vətəndaş həmrəyliyini, birliyi yaradan amillərdir. Ona görə də kənd rayonlarında kənd təsərrüfatı işi ilə məşğul olan bütün orqanlar bir-biri ilə sıx əlaqədə olmalıdır, öz fəaliyyətlərini uzlaşdırmalıdırlar, bir-birinə zidd olmanı aradan götürməlidirlər. Bunların hamısı yerlərdə məsələlərin ədalətli, doğru, düzgün həll olunmasını təmin etməlidir. Mən bir prezident kimi, şübhəsiz, yerlərdə icra hakimiyyəti orqanlarının bəzilərinin işindən narazıyam. Hesab edirəm ki, onların fəaliyyətində nöqsanlar, çatışmazlıqlar var. Bəziləri, hətta son vaxtlar təyin olunmuş icra hakimiyyəti orqanlarının başçıları onların üzərinə qoyulan vəzifələri layiqincə yerinə yetirə bilmirlər. Mən bu gün bildirmək istəyirəm ki, üzərinə qoyulan vəzifəni yerinə yetirə bilməyən bəzi belə adamlar haqqında lazımi ölçülər götürəcəyəm. Ancaq eyni zamanda onu da bildirmək istəyirəm ki, yerli icra hakimiyyəti orqanları prezidentin səlahiyyətli nümayəndələridir, tam hakimiyyət onların əlindədir, onlar da bu səlahiyyətlərə layiq olaraq işləməlidirlər. Həmin səlahiyyətlərdən rayonun bütün qayğılarının, o cümlədən aqrar bölmənin problemlərinin həllində səmərəli istifadə etməlidirlər. Kim nəyi edəcək, nəyi etməyəcək - narahat olmasınlar, biz bunları da müəyyənləşdirəcəyik.

Fürsətdən istifadə edərək, bir neçə kəlmə də cari işlər barəsində demək istəyirəm. Artıq 1994-cü il sona çatır. Biz çalışırdıq ki, bu qanunları bəlkə payız vaxtı qəbul edək. Amma çatdıra bilməmişik. İndi bunlar qısa müddətdə qəbul olunmalıdır. Ancaq bu o demək deyildir ki, həmin qanunlar qəbul edilən kimi avtomatik surətdə hər şey yaxşı olacaqdır. Qarşımızda uzunmüddətli iş durur. Bu qanunların həyata keçirilməsi xeyli müddət - bir il, iki il, üç il vaxt tələb edir. Ona görə də bir tərəfdən bu qanunları qəbul edib onların əsasında tədrici olaraq, eyni zamanda sürətlə, davamlı şəkildə, ardıcıl surətdə islahatları həyata keçirməliyik, digər tərəfdən isə əlimizdə olan bütün imkanlardan kənd təsərrüfatı məhsullarının istehsalı üçün ciddi şəkildə istifadə etməliyik.

Təəssüflər olsun ki, 1994-cü ildə qarşıya qoyulan vəzifələr və nazirliklər tərəfindən, rayon rəhbərləri tərəfindən dəfələrlə verilən vədlər yerinə yetirilməmişdir. Xatirinizdədir ki, bu ilin əvvəlində kənd təsərrüfatı işləri ilə əlaqədar bir neçə dəfə müşavirə keçirdik, vəzifələri müzakirə etdik, göstərişlər vermişdik. Rayon rəhbərləri də vədlər vermişdilər ki, xüsusən vacib olan sahələrdə, məsələn, pambıq, üzüm, taxıl, ərzaq, tütün məhsulları istehsalı üzrə öhdələrinə düşən vəzifələri yerinə yetirəcəklər. İndi məlumdur ki, verilən vədlərin əksəriyyəti yerinə yetirilmədi. Burada Saatlı rayonunun icra hakimiyyəti başçısı çıxış etdi, rəqəmlər dedi. Bu, məni sevindirdi. Ancaq təəssüf ki, rayonların əksəriyyətində vəziyyət belə deyildir. Verilən vədlər yerinə yetirilməyib.

Bunun müəyyən obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər məlumdur: müharibə, iqtisadiyyatın çətinlikləri, yolun kəsilməsi, şimalla bizim inteqrasiyanın pozulması bütün bunları inkar edə bilmərik. Ancaq bu obyektiv səbəblər şəraitində də çox işlər görmək olardı. Təəssüf ki, bu işlər görülməmişdir. Xatirimdədir, bir dəfə biz müşavirə keçirərkən Arif Rəhimzadə - o vaxt o, Prezident Aparatında işləyirdi - kənd təsərrüfatında buraxılan səhvlərə, işlərin ləng getməsinə, lazımi tədbirlərin görülməməsinə görə Nazirlər Kabinetini ciddi tənqid etdi. Bundan nəticə çıxarmaq əvəzinə Nazirlər Kabinetində başladı bir fikir formalaşmağa - "Nə olubdur ki, düşüblər bizim üstümüzə? Biz hər şeyi yaxşı görürük". Doğrudur, o vaxtkı baş nazir bu məsələləri anlaya bilməzdi və bunu özü üçün bir hücum kimi, təhqir kimi qəbul etdi və bir neçə dəfə mənim yanıma gəlib şikayətləndi ki, "Niyə görə belə edirlər? Biz hər işi yaxşı görürük". Həqiqətdə isə iş görülmürdü.

Nazirlər Kabineti üzərinə qoyulan vəzifələri yerinə yetirmədiyinə görə kənd təsərrüfatı sahəsində işlərimiz normal deyil. Bunu bu gün sizə çatdıraraq tam məsuliyyəti ilə demək istəyirəm ki, bizim kənd təsərrüfatı sahəsi Kənd Təsərrüfatı Nazirliyində mərkəzləşibdir. Kənd Təsərrüfatı Nazirliyinin gördüyü işlər, etdiyi əməllər - keçmişdə də, 1993-cü ildə və oktyabr hadisələrində də - göz qabağındadır. Şübhəsiz, belə çirkin işlərlə məşğul olan adamlar, o cümlədən keçmiş kənd təsərrüfatı naziri Müzamil Abdullayev kimi adam - biz bu gün etiraf etməliyik ki, belə bir adamın vəzifəyə qoyulması səhv idi. Ancaq bu, eyni zamanda müəyyən səbəblərlə əlaqədar olan hadisə idi, - lakin yenə də bu insan başa düşsəydi ki, ona nə qədər böyük etimad göstərilir və işi ilə məşğul olsaydı, başqa işlərlə məşğul olmasaydı, o dağıdıcı, pozucu əməllərindən əl çəksəydi, çirkin əməllərinə son qoysaydı, bəlkə də bu işlərin çoxu vaxtında görülərdi.

Cəlilabad rayonundan olan sovxoz direktoru burada çıxış etdi. O dedi ki, indi sahələr azalıbdır, məhsulumuz çox deyil, oidium, mildium xəstəlikləri olmuşdur. Bəli, bu, üzümün elə xəstəliyidir ki, vaxtından 3-4 gün keçsə, ondan sonra nə etsən də məhsulu xilas etmək mümkün deyildir. Mən üzümçülüyü yaxşı bilirəm. Siz bilirsiniz ki, Azərbaycanda üzümçülüyün əsasını yaradan və inkişaf etdirən mənəm. Mən bu işlərlə məşğul olmuşam. Bu gün böyük ürək ağrısı ilə eşitdim ki, Cəlilabad rayonunda 31 min hektar üzüm sahəsi var idisə, indi 8 min hektar qalıbdır. Həmin 8 min hektardan da yüksək məhsul götürmək olardı. Əgər bu 8 min hektarın orta hesabla, heç olmasa hər hektarından 50 sentner üzüm götürülsəydi, elə 40 min ton üzümü Cəlilabad rayonu verərdi. Amma o vaxtlar biz məsələ qoymuşduq və Cəlilabad rayonunun imkanı var idi ki, hər hektardan 100 sentner üzüm götürülsün. Bunun özü də o dövrlərdə yaratdığımız böyük sərvətimizdir ki, sonradan dağıdıldı.

Azərbaycanda 280-290 min hektar üzüm bağları yaradılmışdı. O vaxt işləyən adamlar bilirlər ki, üzüm bağlarının yaradılması nə qədər əziyyətli, nə qədər zəhmətli işdir, eyni zamanda nə qədər də böyük vəsait tələb edir. Onu da bildirmək lazımdır ki, o vaxt bu vəsaitin hamısı ümumi dövlət büdcəsindən gəlirdi. Üzüm tənəyini, tingini basdıranda o, beş ildən sonra məhsul verir. Onun basdırılması, yerinin hazırlanması, plantaj şumunun aparılması, şpalerlərin istehsalı, tənəklərin şpalerə qaldırılması və digər işlərin hamısı dövlət büdcəsi hesabına görülürdü. Yalnız beş ildən sonra, həmin tənəklər məhsul gətirib xeyir verəndən sonra onlara çəkilən xərcləri nə qədər ödəyirdiödəmirdi, mən indi onu deyə bilmərəm.

280-290 min hektar üzüm bağları bizim böyük sərvətimizdir. 1985-86-cı illərdə sərxoşluğa qarşı aparılan işlər nəticəsində bunların bir hissəsi dağıdıldı, qalanları da son illərdə baxımsızlıqdan, laqeydlikdən, məsuliyyətsizlikdən əldən getdi. İndi mən yenə qayıdıram Kənd Təsərrüfatı Nazirliyinin işinə və keçmiş kənd təsərrüfatı nazirinə. Əgər bizim Kənd Təsərrüfatı Nazirliyi səmərəli işləsəydi, orada olan məsul şəxslər bir nazir deyil, onunla birlikdə olan adamlar - işə məsuliyyətlə yanaşmış olsaydılar, şübhəsiz ki, 1994-cü ildə əsas sahələrdən, xüsusən pambıqçılıq, üzümçülük, taxılçılıq sahəsindən daha çox məhsul götürə bilərdik. Biz bunları itirdik.

İndi qarşıdan 1995-ci il gəlir. Təəssüf ki, payızlıq taxıl əkini istənilən səviyyədə getməyib. Toxum çatmayıb, əkin gecikib, bəzi yerlərdə toxum keyfiyyətli olmayıb, səpin istənilən səviyyədə getməyibdir. Bunu deyərək, gələcək üçün və kimlər üçün isə əvvəlcədən bəraət qazandırmaq istəmirəm. Mən həqiqəti demək istəyirəm. Ancaq bu həqiqətdən istifadə edib, işi pis səmtə yönəltmək lazım deyil. Əksinə, bu həqiqəti dərk edərək, indi hər bir rayonda, hər bir təsərrüfatda, hər bir taxıl sahəsində ciddi işlər görülməlidir ki, buraxılan səhvlər bundan sonra gorülən işlər nəticəsində müəyyən qədər aradan götürülsün. Biz taxıl məhsulları götürə bilək. Siz görürsünüz ki, respublikamızın taxılla təchizatında nə qədər əziyyət çəkirik. Biz xarici ölkələrdən böyük əzab-əziyyətlə, böyük məbləğdə valyutaya buğda, un alıb gətiririk, əhalini çörəklə təmin edirik. Bu işlərdən xəbəri olmayanlar, ya da xəbəri olsa da qərəzli mövqe tutanlar orada-burada danışırlar ki, nə üçün çörəyin qiyməti bu qədər qalxdı, nə üçün çörək olmadı. Ancaq mövcud vəziyyəti təhlil etdikdə görürük ki, əvvələn cəmisi bir milyon ton taxıl istehsal olunmuşdursa və onun 265 min tonu təhvil verilmişdisə, bu 265 min ton taxıl bizim əhaliyə nə qədər çata bilər. Demək, qalan hissəsi xaricdən alınmalıdır. Böyük məbləğdə valyutaya alınmalıdır.

İkincisi, taxılı hər yerdə satmırlar, onun mənbəyini tapmaq lazımdır. Üçüncüsü, onu nəqliyyatla gətirmək lazımdır. Şimali Qafqazda olan hadisələrə görə 5-6 aydan çoxdur ki, yolumuz kəsilibdir. Biz faktiki olaraq blokada şəraitində yaşayırıq. İndi nə əziyyətlə İrandan, Həştərxandan, Volqoqraddan gəmilərlə, yaxud da Qara dənizdən Gürcüstan ərazisi ilə taxıl məhsulları gətiririk. Bunlar çox çətinliklə həyata keçirilir. Axı biz yaşamalıyıq, özümüz yaşamalıyıq, xalqı yaşatmalıyıq.

Ona görə də biz bu çətinliklərin öhdəsindən müəyyən qədər gələrək, belə ağır vəziyyətdə bunları təmin edərək, düşünməliyik ki, taxıl məhsulumuz çox olsun və 1994-cü ildəki bu əzab-əziyyətdən heç olmasa müəyyən qədər xilas ola bilək. Pambıq məhsulları çox olsun ki, onun satılmasından əldə olunan valyuta ilə taxıl alıb gətirək və əhalimizi təmin edək. Başqa kənd təsərrüfatı məhsulları da gərək çox olsun. Ona görə də indi, qış dövründə bu islahatların aparılması ilə yanaşı, cari vəzifələrin də həyata keçirilməsi kənd əməkçilərinin, kənd təsərrüfatı ilə məşğul olan hər bir şəxsin, rayon rəhbərlərinin əsas vəzifəsidir.

Mən sizə, sizin vicdanınıza müraciət edirəm. Xalqımız ağır vəziyyətdədir. Xalqın vəziyyətini yüngülləşdirmək lazımdır. Bir milyon qaçqın var. Onların əksəriyyəti işsizdir. Çadırlarda yaşayan insanlar var. Respublikanın maliyyə vəziyyəti ağırdır. Belə bir vəziyyətdə kənd təsərrüfatında, aqrar bölmədə olan bütün imkanlarımızdan səmərəli istifadə edilməlidir. Bunu indi kimin üçünsə yox, özümüz üçün edirik. Biz indi müstəqil bir dövlətik. İstehsal etdiyimiz hər şey özümüz üçündür. Yəni xalqımız, vətəndaşlarımız, ölkəmiz üçündür.

Təəssüf ki, bəziləri böyük vətəndaşlıq vəzifəsini anlamırlar, başa düşmürlər. Bəzi vəzifəli şəxslər vəzifələrindən sui-istifadə edərək ancaq öz güzəranının yaxşı keçməsi ilə məşğuldurlar. Bəziləri həddindən artıq yüksək səviyyədə yaşayır, ancaq kasıbçılıq, korluq çəkən insanların, çörəyə möhtac olanların vəziyyətinə qayğı göstərmirlər, onların şəraitini anlamırlar, buna qəlbən yanmırlar. Belə yaşamaq olmaz. Qədimdən də belə olub ki, əgər görürsənsə qonşun acdır, sən isə toxsan, özün də rahat yaşamamalısan. Mən belə iztirablar içindəyəm. Ona görə də sizin, bütün vəzifəli adamların, kənd təsərrüfatı ilə məşğul olan insanların vicdanına müraciət edirəm. Əgər biz özümüz-özümüzü bu vəziyyətdən çıxarmasaq, heç kəs bunu etməyəcəkdir.

Bizim böyük bəlamız torpaqlarımızın 20 faizinin işğal olunmasıdır. Artıq yeddi aydan çoxdur ki, atəşkəsi əldə etmişik. Ancaq torpaqlarımızın geri qaytarılmasına nail ola bilməmişik, qaçqınların geri dönməsini təmin edə bilməmişik, respublikamızın ərazi bütövlüyünə nail ola bilməmişik. Bunu etmək bizim borcumuzdur, hamımızın borcudur. Heç kəs düşünməsin ki, bu, ancaq prezidentin borcudur, qalanları isə orada-burada gəzməlidir. Yox, bu, Vətəninə sədaqətlə yanaşan hər bir vətəndaşın borcudur.

Belə bir vəziyyətdə iqtisadiyyatımızda olan çətinliklərin öhdəsindən gəlmək üçün, yenə də deyirəm, insanları minimum ərzaq malları ilə, çörəklə təmin etmək üçün hamımız əl-ələ verib çalışmalıyıq. Bizim ümumi dərdimiz budur. Əgər bir dərdimiz, bəlamız torpaqlarımızın işğal olunmasıdırsa, respublikanın ərazi bütövlüyünün pozulmasıdırsa, bununla yanaşı, itkilənmizin, şəhidlərimizin dərdidirsə, ikinci dərdimiz indi ölkəmizdə insanların güzəranını minimum səviyyəyə qaldırmaqdır. Bu, bizim vəzifəmizdir. Bunu, təmin etmək üçün torpaqdan çox şey götürmək lazımdır. Torpaqdan, kənd təsərrüfatının potensialından səmərəli istifadə olunmalıdır. İslahatlar da keçirəcəyik, başqa tədbirlər də görəcəyik. Bunların hamısı olmalıdır və hamısını etməliyik. Ancaq bununla yanaşı, hər bir adam gərək fikirləşsin ki, bu gün, sabah, bir ay, iki ay, üç ay ərzində nə etməlidir ki, günü-gündən təbii sərvətlərimizdən, təbiətdən, torpaqdan, aqrar bölmənin imkanlarından səmərəli istifadə edərək xalqın güzəranını müəyyən qədər yaxşılaşdıraq. Ona görə də bunu sizə bir vəzifə kimi deyirəm. Mən müraciət etdim ki, hər bir şəxs bu işə öz vicdanının hökmü ilə münasibət göstərsin. Mən hesab edirəm ki, xalqımızın əksəriyyəti vicdanlı insanlardır.

Eyni zamanda bunu bir vəzifə kimi sizin qarşınızda qoyuram: hansı üsuldan istifadə edirsinizsə, edin, kənd təsərrüfatı işləri getməlidir və biz çalışmalıyıq ki, 1995-ci ildə bütün metodlardan istifadə edərək kənd təsərrüfatı məhsullarının miqdarını artıraq. Bu, bizim üçün ən zəruri vəzifədir. Biz buna nail olmalıyıq. Rayon icra hakimiyyətlərindən, rayon kənd təsərrüfatı orqanlarından, təsərrüfat rəhbərlərindən mənim tələbim budur ki, bu görüşdən sonra oturub fikirləşməsinlər ki, qanun qəbul ediləcək, islahat aparılacaq və nə vaxtsa nə olacaq. Bu işlərin hamısı parallel getməlidir. Bu işlərlə məşğul olmalıyıq. Mövcud imkanlardan istifadə etməliyik.

Azərbaycanın kənd zəhmətkeşləri - kəndlisi, torpaqla bağlı olan hər bir insanı həmişə namuslu, qeyrətli insan olubdur. Xalqımızın içərisində torpaqla bağlı olan adamlar həmişə Vətənə daha çox sədaqətli olan adamlardır. Onlar Vətənə daha bağlı olublar. Çünki torpağa bağlıdırlar. Mən bunu deyərək və xalqın, kənd təsərrüfatında işləyənlərin, kənd zəhmətkeşlərinin bizim apardığımız işlərə yüksək münasibətini hiss edərək - onların fikirləri bu gün burada da səsləndi - və onlara arxalanaraq, güvənərək, sizə və bütün kənd əməkçilərinə müraciət etmək istəyirəm. Əl-ələ verək, işimizi müvəffəqiyyətlə aparaq. Mən tam əminəm ki, Azərbaycan xalqının, respublikamızın bütün vətəndaşlarının buna imkam var və biz bu imkanlardan səmərəli istifadə edib ölkəmizi, xalqımızı yaşatmalıyıq.

Sizə və bütün kənd əməkçilərinə, torpaqla bağlı olan adamların hamısına bu müqəddəs vəzifələrin yerinə yetirilməsində uğurlar diləyirəm.

Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf