Gəncə Gil-Torpaq İstehsalat Birliyində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 26 may 2000-ci il


Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Gil-Torpaq İstehsalat Birliyinin fəhlələri, işçiləri, mühəndisləri, texnikləri, burada xidmət edən vətəndaşlarımız!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayır, sizə cansağlığı, səadət arzu edirəm. Belə bir ağır, çətin müəssisədə sizə bütün işlərinizdə uğurlar arzulayıram.

Gəncə Gil-Torpaq Kombinatı 50-ci illərdən başlayaraq Azərbaycanda böyük sənaye müəssisələrindən biri olmuşdur. Bir neçə saat bundan öncə mən Nizaminin məqbərəsini ziyarət edərkən məqbərənin ətrafına toplaşmış ziyalılarla bir az söhbət etdim, bu müəssisənin yaranması tarixi haqqında geniş məlumat verdim. Ona görə ki, vaxtilə bu müəssisə havaya buraxdığı çoxlu tozla, zəhərləyici maddələrlə, birincisi, ətraf mühiti çirkləndirirdi, ikincisi də Nizami məqbərəsinin üzərinə toz qonurdu və məqbərə ağır vəziyyətdə idi.

70-ci illərdə bizim ziyalılar, alimlər mənə dəfələrlə müraciət etmişdilər. Xatirimdədir, şəxsən şair Rəsul Rza, bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, şair Süleyman Rüstəm və bir çox başqaları mənə kollektiv məktub yazmışdılar. Öz narahatlıqlarını bildirirdilər ki, Nizaminin məqbərəsi ağır vəziyyətdədir. Çıxış yolunu da onda görürdülər ki, bir halda belə müəssisə tikilib, onun yerini dəyişdirmək olmaz, Nizaminin qəbri başqa yerə köçürülsün. Elə bir yerə ki, orada toz-torpaq onu çirkləndirməsin.

Bu, çox çətin məsələ idi. Çünki 800 il keçəndən sonra Nizaminin qəbrini bir yerdən başqa yerə köçürmək bizim həyatımızda faciə kimi bir şey idi. Amma həqiqətən, kombinatda o qədər tullantılar - həm toz, həm də başqa kimyəvi maddələr var idi ki, bunlar təkcə ətraf mühiti yox, Nizaminin məqbərəsini də çox ağır vəziyyətə qoymuşdu.

Çıxış yolları axtarırdıq. Bəzən də şikayətlənirdik ki, belə bir müəssisə bizə niyə lazımdır? Bu ki ətraf mühiti belə çirkləndirir, vaxtilə onu nə üçün tikmişdilər? Fikirlər müxtəlif idi. Ancaq hər halda vaxtilə bunun əsasını qoyanlar da düşünmüşdülər. Azərbaycan üçün, onun iqtisadiyyatı üçün etmişdilər.

Mən orada dedim, indi vaxt alıb təkrar etmək istəmirəm. Ancaq hesab edirəm ki, bunun yerini düzgün seçməyiblər. Həm küləyin istiqamətini, həm də ətrafı nəzərə alaraq, müəssisəni başqa bir yerdə tikmək olardı. Gəncənin ətrafında, başqa bir yerdə tikmək olardı ki, ətraf mühitə də o qədər zərər verməsin, xüsusən Nizaminin məqbərəsi ilə yan-yana olmasın.

Amma olan olub, keçən keçibdir. O vaxt bizim vəzifəmiz ondan ibarət idi ki, bu vəziyyətdən çıxaq.

Mən 1969-cu ildə Azərbaycanın rəhbərliyinə seçildim. O vaxt bu kombinat ağır vəziyyətdə idi. Çünki bir tərəfdən burada tikinti-quraşdırma işləri gedirdi, - o vaxt çox sexlər hələ tikilməmişdi, - digər tərəfdən də kombinat işə başlamışdı. İş də o idi ki, Daşkəsəndən buraya alunit gətirilir, ondan gil-torpaq hasil olunur və Sumqayıtdakı alüminium zavoduna verilirdi ki, orada alüminium istehsal edilsin.

O vaxtlar mən, demək olar, hər ay tikintidə işin gedişini müzakirə edirdim. İndi mən direktordan soruşdum, dedi ki, ilk məhsul 1969-cu ildə alınıbdır. Belə dediniz, elədirmi? Elə 1969-cu ildə də mən Azərbaycana rəhbərliyə başlamışam.

Burada proseslər çox ağır gedirdi. Yaxşı ki, indi belə kollektiv - mühəndislər, texniklər, yüksək səviyyəli fəhlələr, mütəxəssislər var. Amma o vaxt bunlar yox idi. Sən neçə ildir burada işləyirsən?

Kamal İbrahimov: 31 ildir, cənab prezident.

Heydər Əliyev: 31 ildir, onda sən bu işin tarixini bilirsən. Burada istehsalı təmin etmək üçün kadrlar yox idi. Kadrların əksəriyyətini Rusiyadan, yaxud da SSRİ-nin başqa yerlərindən gətirirdik. Yerli kadrlarımız yox idi. Mən orada yada saldım - o illərdə buranın direktoru da azərbaycanlı deyildi, Yamov familiyalı bir direktor vardı. Başqa çox mütəxəssislər də yerli kadrlar deyildilər.

Ancaq işlər pis gedirdi. Mən buraya ardıcıl olaraq briqadalar göndərir, yoxlayırdım. Tikintinin gedişini bir neçə dəfə Mərkəzi Komitədə müzakirə etmişəm, bəzi adamları cəzalandırmışam. Yəni mənim fəaliyyətim dövründə bu müəssisə həmişə bizim işimizin mərkəzində olubdur.

Sonralar biz qərara gəldik ki, təkcə alunitdən yox, boksitdən də istifadə etmək lazımdır. Hətta o vaxt belə deyirdilər ki, alunitdən tamamilə imtina etmək, boksit gətirmək lazımdır. Xatirimdədir, o vaxt biz məsələ qaldırdıq, ilk dəfə buraya Qvineyadan boksit gəldi. Boksit xətti də yarandı ki, ondan gil-torpaq istehsal olunsun.

Yenə də deyirəm, bu kombinat bir tərəfdən işləyib, o biri tərəfdən də tikilibdir. Ancaq həqiqəti demək lazımdır, mən indi ətrafa baxanda da görürəm - bu texnologiya doğrudan da çox ağır texnologiyadır. Ümumiyyətlə, kimya müəssisələri - bu həm kimyadır, həm əlvan müəssisədir - həmişə çox çətin müəssisələr olublar. Görürəm ki, buradakı qurğular da ağır vəziyyətdədir. Çünki bunlar korroziyaya uğrayır, alınan məhsul, yaxud da istifadə olunan xammal və s. hamısı bunlara təsir edir.

Ona görə də burada işləyən adamların da əksəriyyəti, demək olar, hamısı fədakar insanlardır ki, belə bir çətin ekoloji şəraiti olan müəssisədə işləyir, fəaliyyət göstərirlər. O vaxt da işləyiblər, indi də işləyirlər və Gil-Torpaq Kombinatı bu gün də işləyir.

Artıq mən dedim, sualımı da verdim. O illərdə biz burada gübrə də istehsal edirdik. Ona görə bunu daha da faydalı hesab edirdik və o gübrə də bizə çox lazım idi. Çünki kənd təsərrüfatı istehsalında, xüsusən pambıqçılıq sahəsində o gübrənin çox böyük əhəmiyyəti var idi.

Beləliklə, bu kombinat quruldu, yaradıldı. Ancaq vaxt keçdi, burada lazımi müasirləşdirmə, modernləşdirmə işi, təmir işləri aparılmadı. Alunitdən istifadə məsələsi tamamilə kənara qoyuldu. Bir zaman, iki-üç il öncə elə oldu ki, sizin kombinat tamamilə dayanırdı. Vaxtaşırı Bakıda mənə xəbər verirdilər ki, Gil-Torpaq Kombinatının fəhlələri çıxıb Gəncə yolunu kəsirlər ki, kombinatımız işləmir, məvacibimiz yoxdur, yaşayışımız çətindir. Elədir, yoxsa yox? Belə bir qəbahətiniz də olubdur.

Mən bunları başa düşürəm: əgər insan öz müəssisəsində işləyə və maaş ala bilmirsə, yaşayışını təmin edə bilmirsə, təbiidir ki, narazı olacaqdır. O, razı ola bilməz, öz narazılığını da bildirməlidir. Ancaq məsləhət görürəm ki, bundan sonra narazılığınızı başqa cür bildirin, yolları kəsməyin. Çünki hər bir narazılığınız hökumətə, yəni bizə, o cümlədən şəxsən mənə çatır. Belə hallar dəfələrlə mənə məruzə olunub və göstəriş vermişəm, lazımi tədbirlər görülübdür.

İndi mən çox məmnunam ki, kombinat müəyyən qədər işləyir. Boksitin alınması, gətirilməsi, gil-torpağın istehsal edilməsi və onun bazarının olması və satılması, təbiidir ki, bugünün tələblərinə uyğun bir haldır. Direktor mənə məlumat verdi ki, alunitdən istifadə etmək üçün də hazırlıq işləri görülüb və bu yaxınlarda ondan da istifadə olunacaqdır. Bu da yaxşıdır. Ancaq alunit burada daha tozu artırmayacaq ki? O illərdə biz bu məsələləri həll elədik.

Kamal İbrahimov: Bəli, o vaxt Siz bunu həll edəndən sonra elektrik sobaları qurduq.

Heydər Əliyev: O vaxtlar bunu həll elədik. Bir də deyirəm, mənim xatirimdədir, bizim qarşımızda məsələ qoyulmuşdu ki, ya Nizaminin məqbərəsini köçürün, ya da kombinatı dağıdın. Belə kombinatlar qurula da, dağıla da bilər. Amma Nizami bizim üçün elə bir sərvətdir ki, onun qiyməti heç bir şeylə bərabər tutula bilməz. Ona görə də Nizaminin məqbərəsini köçürmək bizim üçün mənəvi cəhətdən böyük bir cinayət ola bilərdi, bunu edə bilməzdik. Amma məqbərə elə vəziyyətdə idi ki, üzərində azı bir neçə millimetr toz görünürdü və ətraf da toz idi, insanlar məqbərəni ziyarət edə bilmirdi. Biz buna da yol verə bilməzdik.

Ona görə tədbirlər gördük, daha toz yoxdur, ətraf mühit çirklənmir. Deyə bilmərəm ki, tamam çirklənmir, amma müəyyən qədər, yəni normada nəzərdə tutulan qədər qorunur. Alunitdən də istifadə olunacaqdır.

Mən Nizaminin məqbərəsinin yanında dedim, amma tarix üçün bir də demək istəyirəm ki, bu kombinatın tarixi nədən ibarətdir. Çünki həmin o 70-ci illərdə bu kombinat məni çox narahat edirdi. O illərdə biz çox işlər, uğurlu işlər görürdük. Yaxşı da nəticələr əldə edirdik - yeni-yeni zavodlar tikdik, istehsal inkişaf etdi. Bilirsiniz ki, böyük nailiyyətlərimiz var idi.

Amma bu kombinat məni daim narahat edirdi. Buranın məsələlərini də bilirsiniz. Mən dəfələrlə gedib Moskvada həm Mərkəzi Komitənin, həm də Nazirlər Sovetinin qarşısında məsələ qoyurdum. O vaxtlar Nazirlər Sovetinin sədri olan rəhmətlik Kosıginlə bir neçə dəfə bu məsələni müzakirə etdim. O isə mənə bunun tarixini danışdı. Dedi ki, əgər bir işi başlamısınızsa, axıra çatdırın. Hər dəfə gəlib şikayət edirsiniz ki, nə bilim, ora tozlandı, bura xarab oldu…

Dedi ki, bunun tarixi belədir: təxminən 1950-1951-ci illərdə Azərbaycanın o vaxtkı başçısı Mircəfər Bağırov Stalinin yanına gəldi və Daşkəsəndən çıxarılmış aluniti böyük bir iftixar hissi ilə nümayiş etdirdi ki, Azərbaycanda belə qiymətli faydalı qazıntı var, onun çox böyük ehtiyatları var və istifadə etmək lazımdır. Gil-torpaq əldə etmək üçün bu, ən yaxşı xammaldır. Çünki o vaxt SSRİ-nin ərazisində boksit yox idi. Amma o vaxt alüminiuma çox böyük ehtiyac var idi. Çünki, təbiidir ki, sənayenin, xüsusən hərbi sənayenin inkişafı alüminiumsuz ola bilməzdi. Təkcə hərbi sənayenin yox, bir çox digər sahələrin də inkişafı bunsuz mümkün ola bilməzdi. Ona görə də gil-torpaq alınması, alüminium istehsalı Sovetlər İttifaqının, hökumətin qarşısında duran əsas vəzifələrdən biri idi.

Azərbaycanın başçısı Stalinin qarşısında belə bir məsələ qoyub, onlar da bunu alqışlayıblar. Kosıgin mənə danışırdı ki, "Stalin göstəriş verdi ki, sən bu məsələ ilə məşğul ol. Mən də məşğul oldum, layihə hazırlandı, mütəxəssislər göndərdik. Nəhayət, kombinat tikilməyə başladı. İndi gəlib mənə bu şikayəti, o şikayəti edirsiniz".

Bunun tarixi belədir. İndi fikirləşin ki, o vaxt səhv ediblər? Yox. Çünki həqiqətən alunit təbiətin bizə bəxş etdiyi faydalı qazıntıdır, ondan istifadə etmək lazımdır. Amma gərək bunun yüksək səviyyəli texnologiyası olsun ki, həm yaxşı məhsul alaq, həm də ətraf mühiti zəhərləməsin, çirkləndirməsin. Zaman keçib və indi mənə belə gəlir ki, dünya elmi, texnologiyası elə bir səviyyədədir ki, biz bunu edə bilərik.

Ancaq təbiidir ki, bu kombinat bütün gücü ilə işləməlidir. Burada sexlər təmir edilməli, bəzi yerlər bərpa olunmalıdır. Ekologiya məsələləri bir daha ciddi qoyulmalıdır. Bu da birinci növbədə burada işləyən insanların sağlamlığı, sizin sağlamlığınız üçündür. Ekologiya tələbləri nə qədər yüksək olsa, siz - burada işləyən adamlar da sağlamlığınızı bir o qədər qoruya biləcəksiniz. Ona görə də biz bu məsələlərlə məşğul oluruq və olacağıq.

İndiyə qədər, xüsusən son dövrdə görülən işləri müsbət qiymətləndirirəm. Yəni indi boksit gətirilir, ondan gil-torpaq alınır, bazar tapılıb satılır. Burada 2 mindən artıq fəhlə, mütəxəssis, qulluqçu işləyir, maaş alır. Bu, Gəncənin ən böyük sənaye müəssisəsidir. Bu məni sevindirir və ona görə də sizi təbrik edirəm.

Ancaq bu kombinatın böyük imkanları var, bunlardan istifadə etmək üçün yeni tədbirlər görmək lazımdır. Yeni tədbirlər də ondan ibarətdir ki, keçmişdə dövlət mülkiyyəti idi, indi isə bazar iqtisadiyyatına keçərək bütün müəssisələri özəlləşdiririk. Kiçik müəssisələrdən başlamışıq, böyük müəssisələri də özəlləşdiririk. Yaxud da, əgər mümkündürsə, ayrı-ayrı xarici şirkətlərin idarəsinə vermək istəyirik.

Bu, nə üçündür? Ona görə ki, bizdə - təkcə bizdə deyil, ümumiyyətlə, keçmiş Sovetlər İttifaqında - belə müəssisələrin texnikası, texnologiyası geri qalıbdır. Amma iqtisadi cəhətdən, texnika və texnologiya cəhətdən inkişaf etmiş ölkələrdə bunlar çox yüksək səviyyədədir.

İndi burada Norilsk kombinatı haqqında danışdınız, elədirmi? Norilsk həqiqətən o vaxt SSRİ-nin yaratdığı ən böyük möcüzələrdən biri idi. Doğrudur, oranın iqlim şəraiti çox ağırdır. Orada gecə ilə gündüz olduğunu bilmirlər. Sən orada olmusanmı?

Kamal İbrahimov: Xeyr.

Heydər Əliyev: Orada heç gün çıxmır, gecə və gündüz eyni şeydir. İnsanlar çox ağır vəziyyətdə yaşayır. Amma orada alüminium və başqa əlvan metallar almaq üçün çox zəngin yataqlar olduğuna görə böyük kombinatlar yaradılıbdır. İndi onlar ya özəlləşdirilib, ya da xarici şirkətlərin idarəsinə verilibdir. Sən bunu bilirsən?

Kamal İbrahimov: Bəli.

Heydər Əliyev: Ümumiyyətlə, Rusiyada alüminium sənayesi ilə bağlı müəssisələrin tam əksəriyyəti xarici şirkətlər tərəfindən özəlləşdirilibdir. Bu, nə verir? Onu verir ki, yeni texnika, texnologiya gəlir, məhsulun keyfiyyəti, həcmi artır, insanların yaşayışı üçün daha yaxşı şərait yaranır. Yəni yaxşı şərait, yüksək maaş.

Bilirsiniz ki, bizdə "Metallurgiya" Dövlət Şirkəti var idi, bu yaxınlarda mən sərəncam verib onu ləğv etmişəm. "Metallurgiya" şirkətinə həm Sumqayıt alüminium zavodu, boru-prokat zavodu, həm Gil-Torpaq Kombinatı, yaxud alüminiumdan məhsullar istehsal edən bir neçə kiçik zavod daxil idi. Şirkət öz zərurətini itirmişdi, dövlət şirkəti kimi bir şey edə bilmirdi. Ona görə mən onu ləğv etdim və bütün müəssisələrinin hamısını bizim Dövlət Əmlakı Nazirliyinə vermişəm. Nazir Əliyev Fərhad da buradadır. Dedim ki, buraya gəlsin, lazım olsa, bu işlərlə məşğul olsun.

Mən ona tapşırmışam ki, yollar axtarsın: biz Gil-Torpaq Kombinatını ya hansısa xarici şirkətə sata bilərik, yaxud da idarəyə verə bilərik. Deyilənlərə görə, bir neçə təklif var. Gərək bu təkliflər yaxşı araşdırılsın və təbiidir ki, Azərbaycan dövlətinin, hökumətinin mənafeyi, bizim vətəndaşlarımızın mənafeyi, o cümlədən sizin mənafeyiniz üçün ən əlverişli təklif qəbul olunsun.

Təbiidir ki, bu, bir gündə olan iş deyil, böyük prosesdir. Əvvəl gərək müəyyən edək - bunu xarici şirkətin idarəsinə veririk, yoxsa, özəlləşdirib hansısa xarici şirkətə satırıq. Deyək ki, bunu özəlləşdirdik, - Azərbaycanda elə sahibkar yoxdur ki, alsın və ya işlətsin. Belə bir sahibkar yoxdur, çünki ola da bilməz. Əgər o sahibkarın haradansa vəsaiti də olsa, bu cür texnikanı, texnologiyanı təmin etməyə imkanı yoxdur.

Ona görə də indi bizim əsas yolumuz - təkcə bizim yox, keçmiş Sovet İttifaqında olan belə və buna bənzər müxtəlif müəssisələrin əsas yolu - ya xarici şirkətlərlə əməkdaşlıq etmək, müəssisəni onların idarəsinə vermək, yaxud da özəlləşdirmə yolu ilə onlara satmaqdan ibarətdir. Hansı mümkün olacaq, - onu edəcəklər. Əmlak naziri bu işlərlə məşğuldur. İnanın ki, əgər biz bu yolu düzgün seçə bilsək, burada mənzərə tamamilə dəyişəcəkdir. Buranın həm texnikası, həm texnologiyası müasirləşəcək, məhsulun keyfiyyəti yüksələcək, həm də sizin - burada işləyənlərin maaşı artacaqdır.

Mən 1969-cu ildən etibarən bu kombinatın yaranması, inkişaf etməsi üçün çalışmışam, onu müəyyən səviyyəyə gətirmişəm. Ondan sonra bu kombinat dayanmışdı. Son iki ildə onu yenə işlətmişik. Allaha şükür, siz də işləyirsiniz. Amma bunun yeni mərhələsi mənim dediyim bu yolla olacaqdır. Bunu siz bilin və təbiidir ki, bu, sizin iştirakınızla olacaqdır. Yenə də deyirəm, biz bu yolla kombinatın ən yüksək səviyyədə işləməsini təmin edəcəyik.

Ancaq hələ ki, - bu məsələlər həll olunana qədər - direktorun burada verdiyi məlumatı qəbul edirəm. Boksit alıb gil-torpaq istehsal edirsiniz - bu işi davam etdirin. Alunit xəttini tezliklə, nə vaxt mümkündür, işə salın. Yəni burada mümkün qədər istehsalı artırın. Kombinatın gəlirini artırın, - fəhlələr, işçilər maaşlarını alsınlar, özü də bundan da çox alsınlar. Bununla paralel olaraq, o biri tədbir də həyata keçiriləcəkdir.

Beləliklə, biz nə qədər razı olsaq da, olmasaq da, vaxtilə bu kombinatın əsasını qoyan insanlar xeyirxah iş görüblər. İndi, bu mərhələdə bizim də vəzifəmiz ondan ibarətdir ki, kombinatı daha da müasir səviyyəyə gətirək, xalqımız, dövlətimiz üçün, Gəncə şəhəri və burada çalışanlar üçün daha da çox fayda götürək. Mən sizə, hər birinizə cansağlığı, işlərinizdə yeni-yeni uğurlar arzu edirəm.

Burada Qarabağ müharibəsi əlili çıxış etdi. Qarabağda vuruşmuş döyüşçümüzün anası çıxış etdi, Qarabağ məsələsi yada salındı. Bəli, bu, bizim hamımızın ürəyini ağrıdan bir problemdir. Çıxış edənlərin biri bildirdi ki, vətənini sevən hər bir adam - hərbi işi bilsə də, bilməsə də - o vaxt vətənin müdafiəsinə qalxdı, vuruşmağa başladı. Mən çox məmnunam, o xatırladı ki, 1993-cü ilin noyabr ayında mənim çağırışımdan sonra bizim gənclərimiz bir daha orduya səfərbər oldular və o vaxtdan biz nizami ordu qurulmasına başladıq.

İndi bizim yaxşı, güclü nizami ordumuz var. Mən buraya gələndə hərbi hissədə oldum, döyüşçülərlə görüşdüm. Hər belə görüş məni sevindirir. Ordumuzun peşəkarlıq səviyyəsi, döyüş hazırlığı səviyyəsi ilbəil artır. Bu, bizi sevindirir.

Ancaq eyni zamanda bilirsiniz ki, altı il bundan öncə biz müharibəni dayandırmışıq. Məsələni sülh yolu ilə həll etmək istəyirik və çox işlər görmüşük. İnanıram ki, məsələnin sülh yolu ilə həll edilməsinə də nail olacağıq. Sülh əldə edəcəyik, işğal olunmuş torpaqlar azad ediləcək, Gəncədə, hər yerdə yaşayan qaçqınlar, köçkünlər öz yerlərinə-yurdlarına qayıdacaqlar. Dağıdılmış yerləri bərpa edəcəyik, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Buna əmin ola bilərsiniz. Çünki müstəqil dövlət kimi Azərbaycan öz ayaqları üzərində möhkəm durubdur. Səkkiz ildən artıqdır ki, biz müstəqil dövlət kimi yaşayırıq. Doğrudur, bu səkkiz il ağır, çətin dövr olubdur. 1996-cı ildən biz ictimai-siyasi sabitlik yaratdıq, insanlara rahatlıq verdik. Görürsünüz, rahat yaşayırsınız, işləyirsiniz.

Doğrudur, kasıbçılıq, yoxsulluq da var, çox şeylər çatmır. Ancaq rahat yaşayırsınız. Daha Gəncədə, təkcə Gəncədə deyil, Bakıda da, Azərbaycanın hər yerində avtomat oynadanlar, cinayətkar dəstələr yoxdur. Gecə evinizdə rahat yatırsınız. Axşamlar Gəncənin gözəl küçələrində istirahət etmək imkanınız var, çayxanada oturub çay içmək imkanınız var, bəzilərinin isə gedib restoranlarda yemək imkanı var. Bunlar hamısı bizim əldə etdiyimiz ictimai-siyasi sabitliyin nəticəsidir.

Bunun arxasınca isə biz, təbiidir ki, Azərbaycanı Ermənistanın təcavüzündən xilas etməliyik. Nə yolla olursa-olsun, bunu da edəcəyik və buna da nail olacağıq. Təbiidir ki, mənim həmişə tutduğum yol sülh yoludur. Buna sülh yolu ilə nail olacağıq. Ancaq məni sevindirən nə oldu? Çıxış edənlər dedi: nə vaxt istəsəniz, biz yenə də sizin əsgərinizik! Bu cür mənəviyyatınıza, bu cür fikirlərinizə görə çox sağ olun!

Bu gün bizim güclü, vətənimizi, millətimizi, torpağımızı, müstəqil Azərbaycanı qorumağa qadir olan ordumuz var. Eyni zamanda sizin kimi vətənpərvər gənclərimiz, vətəndaşlarımız var. Ona görə bizim üçün qorxu yoxdur. Biz məsələni sülh yolu ilə həll edəcəyik və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. Buna arxayın ola bilərsiniz.

Azərbaycan müstəqil dövlət kimi yaşayır. Azərbaycanda demokratik proseslər gedir. Azərbaycanda insanlar azaddır, sərbəstdir. Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir, özəlləşdirmə, torpaq islahatı öz nəticələrini verir. İqtisadiyyatımız 1996-cı ildən inkişaf dövrü keçibdir. Yaxın illərdə Azərbaycan vətəndaşlarının hamısının rifah halının yaxşılaşmasını təmin edəcəyik. Buna əmin ola bilərsiniz.

Sizə bir daha cansağlığı arzu edir və sizinlə bu görüşümdən çox məmnun olduğumu bildirmək istəyirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 27 may 2000-ci il.