Hörmətli xanımlar və cənablar!
Hörmətli dostlar!
Mən sizi - Azərbaycan səhiyyəsinin nümayəndələrini səmimi-qəlbdən salamlayıram və sizinlə bu görüşümə görə çox şad olduğumu bildirirəm.
Həkimlik sənəti dövri-qədimdən şərəfli sənət olmuşdur, hörmətli sənət olmuşdur. Həkimlik sənəti indi də ən şərəfli, ən hörmətli sənətlərdən biridir. Mən hesab edirəm ki, dünyada heç bir sənət tapa bilməzsən ki, o, həkimlik kimi hər bir insana lazım olsun. Biz mütəxəssislərin, alimlərin, mühəndislərin gördükləri böyük işi qiymətləndiririk. Müəllimlərin işini qiymətləndiririk, çünki təhsil verir, bizim gənc nəsli yetişdirir. Kənd təsərrüfatında çalışanları qiymətləndiririk. Bunların hamısı, şübhəsiz ki, hər bir cəmiyyətin inkişafını təmin edən sahələrdir. Cəmiyyət də insanlardan ibarətdir. İnsanların isə yaşayışı üçün, sağlamlığı üçün başqa vasitələrlə bərabər, ən çox həkim yardımı lazımdır, səhiyyə yardımı lazımdır.
Yəqin ki, dünyada elə bir insan tapmaq olmaz ki, o, həkim yardımından istifadə etməsin. Uşaq doğularkən onun dünyaya gəlməsini həkim təmin edir və ilk günləri həkimin nəzarəti altında keçir. İnsanlar yaşbayaş artarkən daim həkimin yardımına ehtiyacı olur və nəhayət, insanlar yaşa dolduqca həkimə daha da çox ehtiyacı olur. Amma həkim, səhiyyə təkcə insanları müalicə etmək üçün yox, həm də xəstəliklərin qarşısını almaq, geniş profilaktik iş aparmaq üçündür. Elə etmək ki, insanlar xəstələnməsinlər, insanlar, xəstələr tezliklə müalicə olunsunlar. Bu da böyük bir sahədir. Səhiyyə həddindən artıq geniş, həyatın bütün sahələrini əhatə edən və cəmiyyət üçün, dövlət üçün, hər bir insan üçün çox lazımlı bir sahədir. Ona görə də hər bir insan həkimə hörmət edir, səhiyyə işçisinə hörmət edir. Həkimlər də insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, ehtiram qazanırlar.
Mən həkimi çox sevirəm, səhiyyəni çox sevirəm. Deyə bilərəm ki, mən sizlərin dostuyam. Siz isə mənim bir nömrəli dostumsunuz. Ona görə yox ki, mənim həkimə çox ehtiyacım olubdur. Allah mənə elə bir səhhət veribdir ki, demək olar, 1987-ci ilə qədər mənim heç vaxt heç bir həkimə ehtiyacım olmayıbdır.
O vaxt Moskvada xəstələndim. O xəstəlik keçdi və ondan sonrakı dövrdə, xüsusən 1990-cı ildə mən Azərbaycana qayıdandan bu ilə qədər heç bir həkimlə əlaqəm olmayıbdır, heç bir həkim yardımına ehtiyacım olmayıbdır. Yəni şəxsi nöqteyi-nəzərdən götürsək, mənim fikirlərim şəxsi əhəmiyyət daşımır. Mən sadəcə, uzun illər Azərbaycana rəhbərlik etdiyimə görə, sonra Moskvada Sovetlər İttifaqının rəhbərlərindən biri olduğuma görə və cəmiyyətin qayğısına qaldığıma görə cəmiyyət üçün həkimin, səhiyyənin nə qədər əhəmiyyətli olduğunu bildiyimə görə də həkimləri sevirəm və həkimləri özümə birinci nömrəli dost hesab edirəm.
Siz bilirsiniz ki, mən aprel ayının axırında Amerikada Klivlend klinikasında qəlb cərrahiyyə əməliyyatı keçirmişəm. Orada mən bir daha şahid oldum, gördüm, dərk etdim ki, tibb elmi, tibb texnologiyası, tibb yardımı nə qədər böyük nailiyyətlər əldə edibdir. Azərbaycana dönəndən sonra demək olar ki, bu, mənim ilk kütləvi görüşümdür və bu da sizinlədir, səhiyyə işçiləri ilə, həkimlərlədir.
Azərbaycanın səhiyyəsi bütün keçmiş Sovetlər İttifaqı respublikalarının səhiyyəsi kimi indi ağır bir dövr yaşayır. Bunu siz də bilirsiniz, biz də bilirik və heç kəs bunu inkar edə bilməz. Ancaq bir səhiyyə deyil, bütün cəmiyyətimiz ağır bir dövr yaşayır, keçid dövrünü yaşayır.
Burada dediniz və çox demək olar ki, keçmiş zamanlarda, - məsələn, mən özüm haqqımda, öz dövrüm haqqında demək istəyirəm, - 1969-cu ildə mən Azərbaycana başçı seçiləndən sonra Azərbaycanda səhiyyənin inkişafı üçün nə qədər vəsait qoyulubdur, nə qədər kadrlar hazırlanıbdır, nə qədər xəstəxanalar, binalar tikilibdir. Həddindən artıq! Azərbaycan çarpayıların sayına görə çox-çox ölkələrdən irəlidir. Bunlar hamısı o illərin nailiyyətidir. O illərin ən böyük nailiyyəti isə ondan ibarətdir ki, Azərbaycanda güclü səhiyyə kadrları yaranıbdır, həkim ordusu yaranıbdır, tibb elmini inkişaf etdirən alimlərimiz yaranıbdır. Biz bununla fəxr edirik. Bu, bizim milli sərvətimizdir. Əgər bunlar olmasaydı, bizim cəmiyyətimiz indi yaşaya bilməzdi. O illər, sovet hakimiyyəti dövründə səhiyyəyə çox vəsait ayrılırdı və biz də Azərbaycanda bu vəsaitdən səmərəli istifadə edirdik, ilbəil səhiyyə sahəsini genişləndirirdik. Ancaq Sovetlər İttifaqı dağılandan sonra, hər bir respublika müstəqillik alandan sonra biz yeni bir iqtisadi-siyasi sistemə keçirik və artıq keçmişik. İndi təsəvvür edin, bir sistem dağılıb, yeni bir sistem qururuq. Şübhəsiz ki, bu dövr ağır dövrdür, cəmiyyət üçün, dövlət üçün ağır dövrdür, hər insan üçün ağır dövrdür. O cümlədən səhiyyə üçün də ağır dövrdür.
Məlumdur ki, indi səhiyyəyə biz 70-80-ci illərdə olduğu kimi vəsait ayıra bilmirik. Bunlar hamısı məlumdur. Amma bunu da təbii qəbul etmək lazımdır. Biz o sistemdən imtina etdik, onu dağıtdıq. Müstəqil olmaq istədik və müstəqil olmuşuq. Azad olmaq istədik, azad olmuşuq. Özümüzün azad, müstəqil dövlətimizi qururuq. Mümkün deyil ki, bu, elə asan olsun ki, oradan tullandın, keçdin bura. Bu, ola bilməz. Bu, mümkün deyildir. Bu, hər sahəyə toxunur, hər sahədə çətinliklər yaradıbdır. O cümlədən, səhiyyə sahəsində. Hamımız birlikdə bu ağır, çətin dövrü yaşamalıyıq, keçməliyik və mən sizə bildirmək istəyirəm ki, bu dövrün ömrü uzun deyildir.
Azərbaycanın iqtisadiyyatı uzunmüddətli tənəzzüldən sonra üç-dörd ildə inkişafa başlayıbdır. Biz Azərbaycanda bazar iqtisadiyyatı sistemi yaradırıq. Təsəvvür edin, inkişaf etmiş kapitalist ölkələrində bazar iqtisadiyyatı sistemi on illərlə yaranıbdır. Bəzi kapitalist ölkələrində hələ indi də özəlləşdirmə prosesi gedir.
Bizim qardaş, dost Türkiyəni götürün. Mən son vaxt Türkiyədə bir az istirahət edirdim. Çox adamlarla söhbət edirdim. Yeni hökumət qurulubdur. İndi yeni hökumət mübahisə aparır ki, özəlləşdirməni nə cür aparaq - bu cür aparaq, ya başqa cür aparaq. Mən dedim, əcəba, hələ siz də ölkənizin iqtisadiyyatını indiyə qədər özəlləşdirməmisiniz. Bu o deməkdir ki, bu proses ağır, çətin prosesdir. Amma biz bu yol ilə gedirik və sizə deyə bilərəm ki, uğurla gedirik. Hər halda onu bilməyiniz lazımdır ki, keçmiş Sovetlər İttifaqına mənsub olmuş, indi Müstəqil Dövlətlər Birliyinin daxilində olan respublikaların içərisində Azərbaycanın iqtisadiyyatı, iqtisadi vəziyyəti hamısından üstündür. Mən deyə bilmərəm ki, bu, bizi təmin edir. Yox. Bəli, bizim çətinliklərimiz vardır. Cəmiyyətdə təbəqələşmə gedir. Kasıb vəziyyətdə, ağır vəziyyətdə yaşayan insanlar vardır. Biz onlara kömək etməliyik. Amma bunun üçün gərək biz iqtisadi islahatların həyata keçirilməsindən daha da çox gəlir əldə edək və bunun nəticəsində də əhalinin bütün təbəqələrinin rifah halının yaxşılaşdırılmasına nail olaq. Bu yol belə yoldur. Başqa yol yoxdur. Amma bir şeyi bilməlisiniz ki, bu yol uğurlu yoldur. Biz bu yol ilə gedəcəyik və Azərbaycanın iqtisadiyyatı yaxın bir neçə bir ildə daha da sürətlə inkişaf edəcəkdir. İnsanların rifah halı yaxşılaşacaq və səhiyyənin də vəziyyəti daha da yaxşılaşacaqdır.
Səhiyyədə islahatlar aparılır. Bu da təbiidir. Apardığımız islahatların əsas məqsədləri, əsas mənası bundan ibarətdir ki, biz sosial ədalətli cəmiyyət qurmaq istəyirik. Bütün islahatlar sosial yönümlü olmalıdır, sosial ədaləti təmin etməlidir. Bu, asan məsələ deyildir. Amma bilin, bu, bizim qarşımızda olan strateji vəzifədir və biz özəlləşdirməni həyata keçirərək, torpaq islahatı keçirərək, başqa iqtisadi islahatları keçirərək, xarici ticarəti liberallaşdıraraq, ümumiyyətlə, iqtisadiyyatda liberallaşdırmanı daha da sürətlə yayaraq bir şeyi heç vaxt unutmamışıq və unutmayacağıq: sosial vəziyyət, sosial ədalət və bütün bu görülən işlərin sosial yönümü. Ona görə də biz bu işlərin hamısını birlikdə, kompleks şəklində apararaq, şübhəsiz ki, cəmiyyəti ilbəil, aybaay daha da yaxşı vəziyyətə gətirəcəyik.
Sizin səhiyyə sistemindəki islahatlar da sürətlə getməlidir. İndi dünyanın hər yerində səhiyyə əksərən pulludur, ödənişlidir. Siz bu islahatlarla bunu keçirsiniz. Burada nazir İnsanov da dedi ki, 47 milyard manat qazanmısınız. Bu, lazımdır. Bunu etmək lazımdır.
Yenə də deyirəm, məsələn, bizim qardaş Türkiyəni götürün. Bu yaxın günlərdə mən oradaydım. Orada səhiyyə xidmətində pullu xidmət də var, eyni zamanda pulsuz xidmət də vardır. Azərbaycan da bu yol ilə getməlidir. Pullu xidmətdən qazanılan vəsaitin bir qismi səhiyyənin o biri sahəsinin yaşamasına, inkişaf etməsinə yönəldilməlidir.
Bu islahatlar haqqında mən daha geniş danışmaq istəmirəm. Onu bildirmək istəyirəm ki, hər yerdə, hər sahədə olduğu kimi, səhiyyədə də islahatlar həyata keçirilməlidir. Bu, labüddür və o yerlərdə ki, islahatlar həyata keçirilib, o yerlərdə ki, doğru, düzgün, ədalətli səhiyyə xidməti - həm pullu xidmət, həm pulsuz xidmət - təmin olunubdur, o yerlərdə işlər daha da yaxşı gedir. Ancaq mən etiraf edirəm ki, biz səhiyyəyə əvvəlki kimi vəsait ayıra bilmirik.
Mən bildirmək istəyirəm ki, səhiyyənin işində çox nöqsanlar da var, çox çatışmazlıqlar vardır. Bunu da anlayın. Səhiyyənin bugünkü vəziyyəti təkcə bu keçid dövrünün xüsusiyyətləri ilə bağlı deyildir. Bu, eyni zamanda ayrı-ayrı səhiyyə ocaqlarına rəhbərlik edən insanların işlərində buraxdıqları səhvlər, yaxud da vəzifəsindən sui-istifadə etməsi, yaxud da, təəssüflər olsun ki, dövlət əmlakını mənimsəməsi, rüşvətxorluqla məşğul olması nəticəsində olur. Demək, vəzifə nədən ibarətdir? Bir tərəfdən, islahatları həyata keçirmək, ikinci tərəfdən isə səhiyyədə olan nöqsanları aradan götürmək. Nöqsanlar var, çoxdur. Bu gün mən sizin üzünüzə dik baxaraq deyirəm və heç kəs də düşünməsin ki, hər şey nöqsansızdır. Mən bunu nazirə də deyirəm, xəstəxana müdirinə də deyirəm, poliklinika müdirinə də deyirəm. Nöqsanlar çoxdur. Elə şeylər var ki, onları mövcud imkanlar vasitəsilə daha da yaxşı həll etmək olar. Amma həll edə bilmirlər, həll etmirlər. Nə üçün? Səhlənkarlıq edirlər. Nə üçün? Vəzifələrindən sui-istifadə edirlər. Nə üçün? Başqa-başqa pis yollara gedirlər. Mən arzu edərdim ki, səhiyyə bizim üçün əziz, qiymətli bir sahə olduğuna görə səhiyyədə hər şey təmiz olsun, hər şey pak olsun.
Bilirsiniz ki, orduda and vardır. Orduya gedən hər bir şəxs vətənə sədaqətlə xidmət edəcəyinə and içir. Bir də həkimlərdə Hippokrat andı vardır. Mən bunu 70-80-ci illərdə dəfələrlə demişəm, - Hippokrat andını içib ona xəyanət etmək olmaz.
Mən Azərbaycanda əvvəllər işlədiyim zaman da səhiyyə ilə çox məşğul olmuşam və bilirsiniz ki, mən Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü olduğum zaman bütün Sovetlər İttifaqının səhiyyə sistemi - Səhiyyə Nazirliyi və səhiyyə ilə əlaqədar olan başqa nazirliklər bilavasitə mənə tabe idi. Ona görə də beş il orada işlədiyim zaman Azərbaycan çərçivəsindən çıxıb bütün Sovetlər İttifaqında həm səhiyyənin, həm tibb elminin və səhiyyənin başqa sahələrinin vəziyyətini öyrənmişəm, bilirəm. Bu səhvlər, qüsurlar keçmişdə də, indi də təkcə Azərbaycanda deyil, başqa yerlərdə də çox olubdur. Mən bunları görmüşəm. O vaxt orada, Sovetlər birliyinin başında olarkən də mən bu nöqsanlarla, bu qüsurlarla dəfələrlə mübarizə aparmışam.
Bu gün də sizə deyirəm, gəlin bu çətinliklərə dözək, ancaq imkanlardan hər bir sahənin inkişafı üçün, yaxşı işləməsi üçün səmərəli istifadə edək. Nə qədər çətin olsa da, şərəfi itirməyək, nə qədər çətin olsa da, Hippokrat andını ləkələməyək. Vəzifə bundan ibarətdir. Mən sizə bunları arzu edirəm.
Bu gün bir daha bildirmək istəyirəm ki, dövlət, hökumət bütün imkanlardan istifadə edib səhiyyənin inkişafı üçün əlavə tədbirlər görəcəkdir. Biz xaricdən kreditlər alırıq, qrantlar alırıq. Elə bu tibb ocağının bu səviyyəyə çatması da, artıq burada deyildi ki, Yaponiyadan alınmış qrantın nəticəsidir. Başqa şeylər də vardır. Bunların hamısından istifadə edəcəyik. Bunu edəcəyik. Amma hər bir səhiyyə işçisi, hər bir həkim öz sənətinə sadiq olmalıdır, öz şərəfini qorumalıdır. Şərəfdən yüksək heç bir şey yoxdur. Qalan şeylər gəldi-gedərdir. İnsan ləyaqəti, insan şərəfi, insan mənəviyyatı hər şeydən üstündür.
Bu gün biz buraya ağciyər xəstəlikləri klinikasının modernləşəndən, təmirdən sonra açılışına toplaşmışıq. Ancaq mən bu fürsətdən istifadə edib, qəlbimdə olan bəzi sözləri sizə çatdırmağı lazım bildim. O ki qaldı bu klinikaya, şübhəsiz ki, mənə verilən məlumatlara görə o, müasir tələblərə cavab verən bir klinikadır. Mən çox arzu edərdim ki, bu qurulan, yaradılan klinikadan elə istifadə olunsun ki, bütün başqa səhiyyə müəssisələrinə, ocaqlarına nümunə olsun. Hər bir şeydə nümunə lazımdır və nümunənin əsasında başqalarını da o nümunənin səviyyəsinə çatdırmaq olar. Mən arzu edərdim ki, bu, nümunə olsun.
Mən sizi bugünkü bu hadisə münasibətilə, ağciyər xəstəlikləri klinikasının, yenidən yaranmış klinikanın açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu klinikada çalışacaq, yaxud çalışan insanların hamısına yeni-yeni uğurlar arzu edirəm. Ümidvaram ki, yeni klinika Azərbaycanda ağciyər xəstəliyinin səmərəli müalicəsini təmin edəcək və ən əsası - o xəstəliyin qarşısını almaq üçün profilaktika işləri aparacaqdır. Çünki bütün təbabətdə, tibdə profilaktika müalicədən həmişə vacibdir. Biz nə qədər çox xəstəliyin qarşısını ala bilsək, profilaktika tədbirlərini həyata keçirə bilsək, o qədər də cəmiyyətimiz daha da sağlam olacaqdır.
Mən bu kollektivə uğurlar arzulayıram. Eyni zamanda sizin hamınıza, buraya toplaşmış bütün səhiyyə işçilərinə cansağlığı, səadət arzu edirəm. Mən çox məmnunam ki, bu gün sizinlə görüşürəm. Sizin hər birinizə öz işinizdə yeni-yeni uğurlar, ailənizdə səadət arzulayıram. Sağ olun!
"Azərbaycan" qəzeti, 29 iyun 1999-cu il.