Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) ofisinin açılışı mərasimində nitqi - 24 avqust 1996-cı il


Hörmətli cənab Terri Adams, hörmətli xanımlar, cənablar!

Bu gün biz səhər tezdən Azərbaycan Respublikasının xarici ölkələrlə neft hasilatı sahəsində əməkdaşlığı üçün yaranmış konsorsium Beynəlxalq Əməliyyat Şirkəti ilə bərabər, onların indiyə qədər gördükləri işlərlə tanış oluruq və bu münasibətlə də buraya toplaşmışıq.

1994-cü ildə imzalanmış böyük neft müqaviləsinin həyata keçirilməsinin əyani nəticələrindən biri bu gün "Dədə Qorqud" adı daşıyan qazma qurğusunun işə başlaması oldu. Beynəlxalq Əməliyyat Şirkəti, konsorsiumun nümayəndələri imzalanmış müqaviləni həyata keçirmək üçün, şübhəsiz ki, layiqli iş yerinə də malik olmalıdırlar. Ona görə də Azərbaycanın gözəl binalarından biri, indi önündə toplaşdığımız bu bina konsorsiumun Beynəlxalq Əməliyyat Şirkətinin sərəncamına verilibdir. Cənab Terri Adams mənə bildirdi ki, onlar bu binanı təmir ediblər, modernləşdiriblər, dediyi kimi, Azərbaycan rəssamlarının əsərləri ilə bəzəyiblər və bu gün bizi binanın açılışına dəvət ediblər. Bu binanın adını "II villa petrolea" qoyublar və mənə verilən izahatdan belə başa düşdüm ki, "II villa petrolea" vaxtilə Nobel qardaşlarının Azərbaycanda neft sənayesi ilə məşğul olduqları zaman keçmişdə Qaraşəhər adlanan yerdə özləri üçün yaratdıqları ofisin adı olubdur.

Azərbaycanın neft sənayesində Nobel qardaşlarının gördükləri işlər ölkəmizin tarixinə həkk olubdur və bunu biz bu gün də xatırlayırıq. O işlər XIX əsrin son dövründə başlanmışdısa, indi müstəqil Azərbaycan Respublikasının dünyanın böyük neft şirkətləri ilə əməkdaşlığı XX əsrin sonunda başlayıbdır. Şübhəsiz ki, bugünkü işlər bir əsr bundan öncə görülən işlərdən bütün xüsusiyyətlərinə görə qat-qat fərqli olmalıdır.

Vaxtilə Nobel qardaşlarının yaratdıqları ofis keçmiş zamanlarda Qaraşəhər adlanan bir yerdədir. O yerə Bakıda ona görə "Qaraşəhər" deyiblər ki, orada neft sənayesi ilə əlaqədar yaranmış neft emalı zavodları havaya o qədər his buraxırdı ki, şəhərin həmin hissəsi - ərazi də, divarlar da, hər yer tamamilə qaralmışdı.

Ancaq bu əsrin 70-ci illərində apardığımız böyük işlər nəticəsində Qaraşəhər tamamilə təmizləndi. Bakının Qaraşəhərində yerləşən köhnə, çox geridə qalmış texnologiyaya malik olan zavodlar dağıdıldı, aradan götürüldü və onların yerində müasir tələblərə uyğun yeni bir neftayırma zavodu tikildi. Xatırlayıram, 1976-cı ildə Azərbaycanda ümumiyyətlə sənayenin, o cümlədən neft sənayesinin inkişafı, neft emalı sənayesinin tamamilə yenidən qurulması üçün proqram irəli sürərkən mən bəyan etdim ki, Qaraşəhərdə olan, bütün şəhəri, ətraf mühiti, şəhərin ekologiyasını çirkləndirən qurğuların hamısı dağılacaq, "Qaraşəhər" sözü tamamilə aradan götürüləcək. Qaraşəhər adlanan yerdə ağaclar, güllər-çiçəklər əkiləcək, yeni binalar tikiləcək, ora şəhərimizin gözəl bir güşəsinə çevriləcəkdir. Biz buna nail olduq. İndi hamı görür ki, hazırda ora şəhərin ən gözəl hissələrindən biridir və Bakıda "Qaraşəhər" sözü işlənmir, artıq aradan götürülübdür. Orada geniş prospekt salınıbdır, adına da Fəhlə prospekti deyirlər, gözəl binalar tikilibdir. İnsanlar orada və ora ilə bağlı olan, Əhmədli adlandırılan yeni yaranmış qəsəbədə çox gözəl evlərdə yaşayırlar. Mən bunları cənab Terri Adams Nobel qardaşlarının villası haqqında danışarkən Qaraşəhərin adını çəkdiyinə görə xatirimə saldım. İndi Qaraşəhər yoxdur.

Bu gün toplaşdığımız bina isə vaxtilə neftçilər üçün tikilmişdir. Mən bu binada dəfələrlə olmuşam. Bura keçmişdə gözəl bina olub, neftçilərin mədəniyyət sarayı idi. Təəssüflər olsun ki, bu gözəl bina Azərbaycanda özbaşınalıq hökm sürdüyü zaman - 80-ci illərin axırı, 90-cı illərin əvvəlində respublikada hakimiyyətin ölkənin bu cür sərvətləri ilə nəinki maraqlanmadığı, hətta bunlara çox mənfi münasibət göstərdiyi bir zamanda - tamamilə sıradan çıxmış, dağıdılmış, bərbad vəziyyətə salınmışdı.

Bu binanı Beynəlxalq Əməliyyat Şirkətinə, konsorsiuma verərkən mən əmin idim ki, Beynəlxalq Əməliyyat Şirkəti buranı müasir tələblərə uyğun vəziyyətə salacaq, səmərəli istifadə edəcəkdir. Bizim müqavilənin 30 il müddəti var. Şübhəsiz ki, bu bina 30 il müddətində istifadə olunacaqdır. Mövcud binanı təmin etmək, gözəlləşdirmək, modernləşdirmək, şübhəsiz, yaxşı haldır. Amma yeni, müasir tipli bir bina tikmək və tarixə yaddaş qoymaq bundan da yaxşı olardı. Əgər keçən əsrdə Nobel qardaşları Bakıda gözəl binalar tikiblərsə, hesab edirəm ki, Beynəlxalq Əməliyyat Şirkəti, əsrin müqaviləsi ilə məşğul olan beynəlxalq konsorsium da Azərbaycanda öz işinin çox izlərini qoyacaq, o cümlədən yeni, gözəl binalar tikiləcək, özləri də istifadə edəcəklər və Azərbaycan xalqına da yadigar qoyacaqlar. Şübhə etmirəm ki, biz belə bir yeni binanın açılışında da bərabər iştirak edəcəyik.

İndi isə Beynəlxalq Əməliyyat Şirkətinin, cənab Terri Adamsın yeni ofisinin açılması münasibətilə sizi təbrik edir və bu gün bu mərasimdə iştirak etməkdən məmnun olduğumu bildirmək istəyirəm. Beynəlxalq Əməliyyat Şirkətinə bu binada rahat yerləşib səmərəli işləməyi arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 25 avqust 1996-cı il.