Azərbaycan Respublikasının Prezidenti Heydər ƏliyevinAzərbaycanın Brüsseldəki səfirliyində çıxışı - 23 aprel 1996-cı il


Dövlətçiliyimizin yaranması, qurulması eyni zamanda ondan ibarətdir ki, Azərbaycan dünya ölkələri ilə diplomatik əlaqələr yaradır və bu əlaqələrin səmərəli olması üçün ayrı-ayrı ölkələrdə səfirliklər fəaliyyətə başlayır. Bu proses gedir. Son iki ildə biz bir çox ölkələrdə səfirliklər yaratmışıq. Onlardan biri də burada, Belçikada olan səfirlikdir.

Biz bu səfirliyə xüsusi fikir veririk. Ona görə ki, Brüssel beynəlxalq təşkilatların, о cümlədən Avropa Birliyinin, NATO-nun və digər təşkilatların demək olar ki, mərkəzidir. Artıq biz Avropa Birliyi ilə, NATO ilə sıx əməkdaşlıq edirik. Ona görə də buradakı səfirlik birinci növbədə bu məqsədlərə xidmət etməlidir. Eyni zamanda

Belçika ilə Azərbaycan arasında ikitərəfli əlaqələr üçün də bu səfirlik çox lazımlı və gərəklidir.

Hesab edirəm ki, səfirliyin kollektivi burada qısa müddətdə çox iş görübdür. Bina alınıb, işləmək üçün lazımi şərait yaradılır. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Mən görürəm ki, burada, səfirlikdə işləyənlərin, Azərbaycan nümayəndələrinin hamısı gənclərdir. Bu məni sevindirir. Onların arasında həm kişilər, həm də qadınlar var. Bu da yaxşı haldır. Güman edirəm ki, siz belə bir kollektiv ilə, buradakı şəraitdə yaxşı işləyə bilərsiniz.

Mən Azərbaycan səfirliyinin bu yeni binası münasibətilə sizi təbrik edirəm. İşlərinizdə uğurlar diləyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, siz Azərbaycanın adını, şərəfini, şanını nəinki Belçikada, Belçikanın ətrafında olan ölkələrdə də tanıdacaqsınız, yayacaqsınız və yüksəklərə qaldıracaqsınız. Bu, sizin vəzifəniz, borcunuzdur. Ümidvaram ki, siz bu vəzifənizi, borcunuzu dərk edirsiniz və onu layiqincə yerinə yetirəcəksiniz.