Bakıda Beynəlxalq Bankın yeni binasının açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 19 mart 1996-cı il


Yeni, müasir tipli bu bank binasının istifadəyə verilməsi respublikamızda, Bakı şəhərində əlamətdar bir hadisədir. Azərbaycanda bank işi keçmişdə indiki səviyyədə olmayıb. Ancaq buna baxmayaraq Azərbaycanın vaxtilə tikilmiş bir bank binası var. O, Bakıda çox məşhur bir bina hesab olunur. Şəhərin mərkəzində yerləşən həmin bina öz vaxtına görə doğrudan da çox cəlbedici bir bina idi. Ondan sonra Azərbaycanda elə bir böyük bank binası olmayıb. Doğrudur, keçmişdən, yəni əsrin əvvəlindən tikilmiş bank binaları var. Məsələn, mənim xatirimdədir, şəhərin mərkəzində İnşaat Bankı binası, gərək ki, daha bir bank binası var idi və onu Azərittifaqa vermişlər. Dediyim kimi, əsrin əvvəllərində Azərbaycanda bank binaları tikilib. Ancaq onların binaları qalıb, özlərindən isə digər məqsədlər üçün istifadə olunub. Ona görə də belə yeni, müasir tələblərə uyğun olan bank binasının tikilməsi Azərbaycanın həyatında şübhəsiz ki, əlamətdar bir hadisədir.

Mən bu binanın xaricinə o qədər də nəzər sala bilmədim, ancaq daxildən baxdım və burada yüksək keyfiyyətli işin nəticəsini gördüm. Bu çox sevindirici haldır. Çünki biz həmişə yeni bir şey yaradanda gərək elə yaradaq ki, o həm müasir tələblərə, həm gələcək tələblərə cavab versin, eyni zamanda başqa işlərimiz üçün də nümunə, örnək olsun.

Bu baxımdan indi respublikamızda, ölkəmizin iqtisadiyyatında gedən proseslər heç bir şübhə etmirəm ki, yaxın gələcəkdə Azərbaycanda yeni-yeni binaların yaranmasına gətirib çıxaracaqdır. Ona görə də yaranan hər bir yeni bina öz memarlıq keyfiyyətlərinə görə və bu binanın nə üçün tikildiyinə görə, ondan istifadənin tələblərinə görə nə qədər müasir olsa, şübhəsiz ki, həm iş üçün o qədər yararlı olacaq, həm də şəhərimizin mənzərəsini zənginləşdirəcəkdir. Çünki Bakı gözəl şəhərdir. Burada keçmişdə də, son 20, 30, 40 ildə də çox gözəl binalar tikilib. Ancaq son illər ölkəmizin sosial-iqtisadi vəziyyəti gərgin olduğuna görə tikinti işləri hələlik dayandırılıb. Lakin Bakı bundan sonra da tikiləcək, inkişaf edəcəkdir. Şəhərimizdə inşa edilən hər bir yeni bina gərək Bakını daha da gözəlləşdirsin, memarlıq abidələri olan şəhərə çevirsin.

Mən bu fikri çoxdan demək istəyirdim. Təəssüf ki, son illər, təxminən 1985-ci ildən sonra Bakıda şəhərin memarlıq nizam-intizamı pozulub. Vaxtilə tikilmiş binalarda cürbəcür qurğular qurulduğuna görə, ayrı-ayrı şəxsi adamlar, yaxud şəxsi şirkətlər istədiyi kimi haradasa bir bina tikdiyinə görə, yaxud keçmişdə tikilmiş, on illərlə istifadə olunmuş gözəl binaların ya qapısını, pəncərəsini, yaxud balkonunu dəyişdirdiklərinə görə binaların özünəməxsus memarlıq keyfiyyəti itir. Bu, məni çox narahat edir. Çünki Bakıda yaşayan bir adam, vətəndaş, sakin kimi, eyni zamanda Bakıdakı binaların tikintisində çox səylər qoyduğuma görə mən burada hər bir küçədəki dəyişikliyə də çox həssas münasibət göstərirəm. Əgər dəyişiklik müsbət xarakter daşıyırsa, bu, məni sevindirir. Amma təəssüflər olsun ki, çox vaxt, xüsusən 5-6 il içərisindəki bu dəyişikliklər mənfi xarakter daşıyır. Bakının mənzərəsini ləkələyir, korlayır, çirkləndirir. Bunlarla mübarizə aparmaq lazımdır.

Bakının baş memarı bu işlərə gərək çox məsuliyyətlə yanaşsın. Bilirsiniz, başa düşürəm ki, qanun-qayda, nizam-intizam bir az pozulub. Ancaq kimsə nəyin naminəsə, yaxud şəxsi mənafeyinə, ya kiminləsə tanış olduğuna görə Bakının ümumi memarlıq mənzərəsini pozursa o, böyük cinayət edir. Bakıda gözəl-gözəl binalar var. Həmin binaların memarları orada balkonlar düzəldiblər. Ancaq hərə gətirib bu balkonların yerində yeni bir qurğu qurur, yeni-yeni balkonlar yaradır. Onlar nəinki bizim şəhərin ümumi memarlıq görkəmini pozur, eyni zamanda təhlükəlidir.

Mənim Bakıda vaxtilə yaşadığım Azərbaycan prospektindəki ev çox gözəl bir ev idi. Bakıya gələndən sonra gedib həmin binanın həyətinə baxdım, dəhşətə gəldim. Binanın həm küçəyə olan tərəfi, həm də içəri tərəfi çox gözəl memarlıq üslubunda idi. Ancaq di gəl ki, indi hərə özü üçün bir balkon düzəldib və binanı bütünlüklə korlayıblar, dağıdıblar. Gətirib kimsə, keçmişdə evlər idarəsi deyirdilər, ona pul verir, biri rayon icraiyyə komitəsini, başqasını görür, hərəsi qanunsuz bir iş görür. Bu, biabırçılıqdır.

Bilirsiniz, bir adam öz geyimini istədiyi kimi dəyişdirsə - bu, ola bilər. Çünki o, bu paltarı sonra ata bilər. Amma axı, bu, binadır. Səkkiz-doqquzmərtəbəli bina tikilib, bu, dağılmayacaq. Ancaq o cür əcaib-əcaib işlər görəndə, cürbəcür balkonlar, hərə öz istədiyi kimi pəncərə düzəldəndə, bu pəncərəni istədiyi kimi rəngləyəndə axı, bütün şəhərin gözəlliyi itir.

Ona görə də mən bu gün geniş danışa bilərdim, amma vaxt yoxdur. Şəhər ictimaiyyəti ilə görüşdə mən bu barədə geniş danışacağam. Bilirsiniz, hər bir sakin şəhəri sevməlidir, şəhərin ümumi mənafeyini öz şəxsi mənafeyindən üstün tutmalıdır, şəhərin gözəlliyini qorumalıdır. Əgər sən şəhərin gözəlliyini, onun arxitekturasını, mənzərəsini pozan balkon düzəldib qeyri-qanuni yolla özün üçün bir şərait yaradırsansa, sən şəhərə nə qədər böyük zərbə vurursan. Belə şey olarmı?

Qərbdə, böyük-böyük gözəl şəhərlərdə, - siz də gedib görmüsünüz, mən də görmüşəm, - bizi nə heyran edir? İnsanlar o binanı qoruyurlar. Balkonlarda, pəncərələrdə gül-çiçəkdən savayı başqa bir şey görməzsən. Ancaq bizdəki balkonlarda nəinki gül-çiçək yoxdur, - mən bunu 20 il bundan qabaq da demişəm, yeni bir şey deyil, - həmin binadan hərə öz istədiyi kimi istifadə edir. Rayonların rəhbərləri də, şəhərin baş arxitektoru da, bu işə cavabdeh olan başqa adamlar da artıq bununla razılaşıblar. Kim nə istəyir, onu da edir. Şəhər anarxiya vəziyyətinə dönüb.

Şəhərin hər bir rayonuna rəhbərlik edən adamlar var, gərək ki, hər bir rayonun arxitektoru da var. Bu arxitektor nədən ötrüdür? Ondan ötrüdür ki, ondan-bundan pul alsın, öz cibinə işləsin və rayonun arxitektura görkəmini pozsun? Yaxud ondan ötrüdür ki, rayonun memarlıq səviyyəsini daha da yuxarıya qaldırsın. Ona görə də mən xəbərdarlıq və tələb edirəm ki, şəhərimizi bu cür çox korlayan hallara son qoyulsun. Hesab edirəm ki, belə qurğuları da dağıtmaq lazımdır.

Xatirimdədir, mən vaxtilə belə hallara qarşı mübarizə aparırdım. 70-ci illərdə o vaxtkı Basin küçəsində bir bina tikilmişdi, onun həyət tərəfində hərə özü üçün qapalı balkon qurmuşdu. Mən sadəcə öz fikrimi dedim ki, burada qeyri-qanuni işlər görülüb, dağıtmaq lazımdır. Sonra bəzi təxribatçı adamlar balta götürüb onları sındırmağa, dağıtmağa başladılar. Hamı da dedi ki, bu, Heydər Əliyevin göstərişidir. Bəziləri də bununla süni təxribat yaranmasına nail oldular. Mən bunların heç birisindən qorxmuram, narahat da deyiləm. Çünki, yenə də deyirəm, Bakının xüsusiyyətləri, keyfiyyəti, arxitektura görkəmi mənim üçün hər bir şeydən üstündür. Ancaq mən bu cür təxribat halları ilə rastlaşmışam və ona görə də xəbərdarlıq edirəm ki, heç kəs belə təxribatçı yollara getməsin.

Şəhərdə arxitektura nizam-intizamı yaratmaq lazımdır. Şəhərin baş arxitektoru, arxitektura idarəsi, rayonların arxitektorları və onlarla birlikdə şəhərin rəhbərləri və onların rəhbərləri bu işə cavabdehdirlər, məsuldurlar, bu işlə ciddi məşğul olmalıdırlar. Mən bir il idi ki, bu fikirləri demək istəyirdim, bu gün sadəcə olaraq bunu deməyə fürsət tapmışam. Tam səmimiyyətlə deyirəm ki, mən hər dəfə şəhərə çıxıb görüşə gedib-gələndə, belə halları görəndə əsəblərim, ola bilər, iki-üç gün pozulur. Çünki mən şəhərin hər bir daşını, hər bir küçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini və paytaxtımız olan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır. Yoxsa hərə özü üçün hansısa yaramaz bir şərait yaradır, həmin şəraitin özü də sən deyən bir mədəni şərait deyil, şəhərin arxitektura görkəmini pozur. Bunlara son qoymaq lazımdır.

Bax, həmin bu mənfi hallarla müqayisə edəndə belə bir yeni binanın tikilməsi çox müsbət işdir, şəhərə yeni bir gözəllik verir. Özü də bura şəhərin ən mərkəzi nöqtələrindən biridir. Bu gözəllik, şübhəsiz ki, təqdirəlayiqdir. Bu binanı yaradanlar böyük iş görüblər. Bu münasibətlə mən şəhərin, Beynəlxalq Bankın rəhbərliyini və Türkiyə Cümhuriyyətinin bu inşaatı aparan şirkətinin rəhbərliyini də təbrik edirəm.

Yaxşı binadır. Yenə də deyirəm, mən hər yerə, hər bir detala baxa bilmədim. Amma gördüyümdən belə bir təəssürat əldə etdim, topladım ki, yaxşı binadır - həm görkəmlidir, həm yararlıdır, gözəldir, həm də işləmək üçün burada yaxşı şərait yaradılıb. Təbrik edirəm. Tikintinin bir xüsusiyyəti də ondan ibarətdir ki, bu, Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın nəticəsidir. Mən dəfələrlə demişəm ki, xarici ölkələrdən, xüsusən bizimlə dost, yaxın olan Türkiyədən iş adamları gəlib burada iş görsünlər. Belə iş adamlarından biri də bu binanı tikən şirkətin rəhbəridir. Onlar çox yaxşı iş görüblər. Bu, bir daha sübut edir ki, respublikamız Türkiyə Cümhuriyyəti ilə və onun ayrı-ayrı özəl şirkətləri ilə əməkdaşlıq edə bilər. Mən bunu bəyənirəm. Dəfələrlə demişəm, bir daha bəyan edirəm ki, belə yararlı, faydalı işlər üçün Azərbaycanda şərait yaranıb və bundan istifadə etmək lazımdır.

İndi bu bankın qarşısında duran vəzifələr haqqında bir neçə kəlmə demək istəyirəm. Bu bank respublikamızda çox əhəmiyyətli bir müəssisədir. Ümumiyyətlə, hər bir ölkənin bankı onun iqtisadiyyatının, maliyyəsinin ən mötəbər bir hissəsidir. Keçmişdə biz uzun müddət sosialist quruluşu sistemində yaşamışıq və bankın əhəmiyyətini o qədər də hiss edə bilməmişik. Çünki o vaxt bank dövlətin qoyduğu qanun-qaydalarla fəaliyyət göstərirdi və ola bilər, onun əhəmiyyətini hər bir kəs hiss etmirdi. Adi bir vətəndaş heç vaxt bilmirdi ki, bank nə iş görür, nə edir. O gedib işləyir, kassir onun məvacibini verir, bəzən də bu məvacibi verəndə ondan bir balaca kəsib götürür. Ancaq hər halda verir, o da heç bankın harada olduğunu bilmir.

Keçmiş dövrdə insanların bankla əlaqələri ən çox əmanət kassaları ilə idi: pulunu aparıb ora qoyurdun, onlar da iki faiz verirdilər, ya da vermirdilər. Yəni vətəndaşlarımız bank sistemi ilə heç vaxt yaxın münasibətdə olmamışdılar. Amma indiki quruluşumuzda, həyatımızda, vətəndaşlarımız və geniş kütlə bank sistemi ilə çox yaxın münasibətdə, əlaqədə olmalıdır. Çünki bu, həyatın tələbidir. Beynəlxalq bank bu baxımdan həm respublikamızın iqtisadiyyatına, həm də vətəndaşlarımıza xidmət etmək üçün çox böyük məsuliyyət daşıyır və onun qarşısında çox mühüm vəzifələr durur.

Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, belə gözəl, yaraşıqlı, yaxşı işləmək üçün şəraiti olan bina əldə edən Beynəlxalq Bankın kollektivi bundan sonra daha da səmərəli işləməli, fəaliyyətini yüksəklərə qaldırmalıdır. Onun fəaliyyəti necə olmalıdır, - mən bu təfərrüata toxunmaq istəmirəm, - bu, bankın daxili, spesifik işləridir. Bunları siz məndən də yaxşı bilirsiniz. Ancaq bircə məsələni demək istəyirəm, o da ondan ibarətdir ki, bank sisteminin təkmilləşdirilməsini təmin etmək lazımdır. İqtisadi islahatların həyata keçirilməsində, respublikamızın bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsində qarşımızda duran əsas vəzifələrdən biri bank sistemi islahatlarının aparılması və təkmilləşdirilməsidir.

Azərbaycanda mövcud olan bank sistemi bugünkü, xüsusən gələcək tələblərimizə cavab vermir. Ona görə də biz bu sahədə ciddi islahatlar aparmalıyıq. Mən Milli Bankın və Beynəlxalq Bankın, digər bankların və Nazirlər Kabinetinin qarşısında bu vəzifələri qoymuşam. Mən tələb edirəm ki, bu barədə təkliflər verilsin, biz həmin təkliflər əsasında bu islahatları həyata keçirə bilək. Bu baxımdan Beynəlxalq Bank xüsusi əhəmiyyət kəsb edir. Başqa banklara nisbətən Beynəlxalq Bank dünyanın böyük bankları ilə daha sıx əlaqədə olduğuna görə respublikada bank sistemini təkmilləşdirmək üçün daha çox iş görə bilər. Mən Beynəlxalq Bankın kollektivindən bunu gözləyirəm. Arzu edirəm ki, siz bu vəzifələri yerinə yetirəsiniz.

Təəssüflər olsun ki, respublikanın bank sistemində xoşa gəlməyən müxtəlif mənfi hallar - vəsaitlərin mənimsənilməsi, qeyri-qanuni kreditlərin verilməsi, yaxud kredit alan adamın krediti qaytara bilməyəcəyini əvvəlcədən bilərək ona kredit verilməsi və beləliklə də bizim onsuz da çətinliklər şəraitində yaşayan maliyyə sistemimizə zərbələr vurulması halları da vardır. İstintaq orqanlarımız belə halları indi xüsusi olaraq araşdırırlar. Bu sahədə cinayət etmiş adamların hamısı məsuliyyətə alınacaqdır. Təəssüf ki, bu sahədə son illər hərc-mərclik olubdur. Dövlətin maliyyə krediti imkanlarından hərə öz şəxsi məqsədləri üçün istifadə edib, vəsaiti mənimsəyibdir. Biri o tərəfə, biri bu tərəfə gedib, başqa biri beş-on milyon dollar götürüb xarici ölkəyə gedib. Ona görə də maliyyə vəziyyətimiz belə ağırdır. Biz burada adamlara məvacib verə bilmirik, yaxud onların məvacibinin artırılması üçün çətinliklər çəkirik. Bir də görürsən fırıldaq bir adam hansısa bir bankla əlaqəyə girir, ya kredit götürür, ya başqa bir iş edir, sonra da yox olur, çıxıb gedir. Belə fırıldaqçılar, oğrular, həyatımıza zərər vuran adamlar təəssüf ki, bizim aramızda var. Əgər bizim bank, maliyyə işçilərimiz öz işlərinə sadiq olsalar, öz vəzifələrini layiqli aparsalar və səhvlərə yol verməsələr, vəzifələrindən sui-istifadə etməsələr, onlar bu cür bəd əməllərini həyata keçirə bilməzlər.

Belə hallar çox vaxt ona görə baş verir ki, həmin oğrular, vəsaitlərimizi mənimsəyənlər bank işçiləri ilə əlaqəyə girirlər, bu işləri müştərək görürlər. Hər iki tərəf mənfəət götürür. Biri krediti verir, onun bir hissəsini də özü götürür. Ancaq sonra kredit gəlməyəndə nə edir? İş çətinə düşür. Həmin krediti alıb qaytarmayan da, - düşünərək ki, bu kredit qayıtmayacaq, - onu verən də cəzalanacaqdır.

Həmin bu Beynəlxalq Bankın da bu barədə günahları çox olub. Siz bunu bilirsiniz. Orqanlar istintaq aparır, mənə məlumat verirlər ki, buradan dönərli valyuta ilə kreditlər verilib, lakin bu kreditlər qayıtmayıb. Respublikanın baş prokuroru on gün bundan qabaq mənə demişdir ki, həmin kreditin bir hissəsini qaytarmışıq, qalanlarını da qaytarmağa çalışırıq. Mən göstəriş vermişəm və sizə də deyirəm, o kreditlər nə qədər tez qayıtsa, ola bilər, siz də özünüz üçün yüngül vəziyyət qazana biləsiniz. Ancaq əgər belə olmasa, şübhəsiz ki, çox adamlar çox ciddi cəza alacaqlar. Ona görə də mən bütün bank işçilərini, xüsusən Beynəlxalq Bankın işçilərini xəbərdarlıq edirəm.

Burada bir, iki, üç milyon dollar xərcləmək üçün baş nazir məktub yazır, fikirləşirəm ki, bunu vermək olar, ya vermək olmaz, biz düşünürük. Ancaq eşidirəm ki, üç milyon dollar ora veriblər, beş milyon dollar, nə bilim neçə milyon dollar bura veriblər. Bunu kim verib? Beynəlxalq Bank veribdir. İndi də onların arxalarına düşüb axtarırlar ki, bu vəsaitləri geri qaytarsınlar.

Birincisi, geri qaytarmaq haqqında necə söhbət gedə bilər? Hər bir kredit ona görə verilir ki, bank bundan qazanc götürsün. Onu müəyyən faizlə verir və hər ay onun faizini almalıdır. Yaxud hansı müddətə verirsə, onun faizini almalıdır. İndi faiz kənarda qalıb, verilən kreditin özünü qaytara bilmirlər. Bu qədər dəhşətli hallara yol vermək olarmı? Heç kəs güman etməsin ki, bunlar bağışlanacaq, heç kəs güman etməsin. Mən, ola bilər, bu sözləri bu yaxınlarda deyəcəkdim. Bu gün mənə yaxşı fürsət vermisiniz, mən bunları deyirəm və həm Beynəlxalq Bankın, həm Milli Bankın, həm Maliyyə Nazirliyinin, həm də başqa bankların rəhbərliyindən tələb edirəm ki, bu məsələləri tezliklə həll etmək lazımdır. Verilmiş kreditlər qaytarılmalıdır və banklar gələcəkdə yalnız sağlam prinsiplər əsasında fəaliyyət göstərməlidirlər. Bizim valyuta imkanlarımız onsuz da məhduddur. Bu, respublikamızın iqtisadiyyatında baş vermiş çətinliklərlə əlaqədardır. Bunun bir çox obyektiv səbəbləri vardır. Belə bir şəraitdə hər bir manat, dollar, sent bizim üçün əhəmiyyətlidir. Amma yüz minlərlə, yaxud milyonlarla kredit verirsiniz, mən də prokurorluq işçilərini səfərbər edirəm, üç-dörd ay bunu axtarsınlar ki, krediti alan bu adam hara gedib, haradadır, nə cür gedib, bunu qaytaraq, qaytaranda da mənə çox sevinclə məlumat versinlər ki, iki, üç milyon qaytardıq. Guya böyük iş görülüb. Özümüz öz əlimizdə olan valyutanı yaramaz adamlara veririk, ondan sonra da nə qədər vaxt, iş sərf olunur ki, bunları geri qaytaraq. Kimdir günahkar? Bunun günahkarları bank işçiləridir, həmin bu bank işçilərinə havadarlıq edən, onlarla bu çirkin əlaqələrə girən adamlardır. Təəssüf ki, vəzifəli adamlar da bu çirkin əməllərə girirlər.

Güman edirəm ki, dediklərim hər şeyə aydınlıq verir. Mən tələb edirəm ki, belə hallara son qoyulsun. Beynəlxalq Bankın direktoru gənc mütəxəssisdir, şəxsən mən ona çox böyük etimad göstərmişəm, onu böyük bir maliyyə təşkilatına rəhbər təyin etmişik. Beynəlxalq Bankın başçısı da, bütün kollektiv də bunu bilməlidir. Hər kəs bilməlidir ki, siz məsuliyyət daşıyırsınız. İşçilərinizin əksəriyyəti gəncdir. Yaxşı təhsil alıblar, maliyyə işini bilirlər. Bunlar hamısı çox yaxşı haldır. Mən bütün bunlar üçün məmnun olduğumu bildirmək istəyirəm. Bütün bunlarla yanaşı, hər bir bank işçisi yüksək mənəviyyat sahibi olmalı və bilməlidir ki, bank işçisi bütün başqa sahələrin işçilərindən dəqiq, düz, doğru işləməlidir.

Ümumiyyətlə, uzun illərdir dünyada belə bir fikir var ki, bank işçiləri çox dəqiq, tələbkar olurlar, elə bir təbəqədirlər ki, onlar tərəfindən heç bir mənfi hal baş verə bilməz. Bank işçiləri haqqında belə bir ümumi fikir var. Bu da təbiidir və əsassız deyildir. Yəqin ki, dünyada bank işində belə bir ənənə yaranıbdır. Keçmişdə bizim banklarda da belə təmiz, çox saf mənəviyyatla uzun illər işləmiş adamlar çox olubdur. Ancaq təəssüf ki, son illər insanların çoxu o qədər pozulub ki, bilmirsən hansı adam safdır, hansı adam saf deyil. Ona görə də kollektivinizin müsbət keyfiyyətlərinə görə məmnun olduğumu bildirirəm. Ancaq bununla yanaşı saflıq, təmizlik, yüksək mənəviyyat, maliyyəmizi, valyutamızı qorumaq, maliyyəmizin keşiyində durmaq əsas vəzifədir və sizin hamınız üçün bu tələblər birinci yerdədir.

Sizi və buraya toplaşanları mən bu hadisə münasibətilə təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Beynəlxalq Bank indiyədək buraxdığı səhvləri bundan sonra etməyəcəkdir. Nalayiq, mənfi hallara son qoyulacaq, bu gözəl binanın divarları içərisində, bu gözəl salonlarda, iş yerində saf, yüksək mənəviyyatlı işlər görüləcəkdir. Bunlar hamısı Azərbaycanın maliyyə imkanlarının, iqtisadiyyatının inkişaf etdirilməsinə yönəldiləcək və respublikamızın vətəndaşlarının bu işlərlə əlaqədar olan tələblərini ödəyəcəkdir. Bunların hamısı da Azərbaycan Respublikasında bazar iqtisadiyyatının, iqtisadi islahatların inkişafına kömək edəcəkdir.

"Azərbaycan" qəzeti, 20 mart 1996-cı il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf