Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABƏŞ-in və BP Azərbaycan şirkətinin prezidenti Deyvid Vudvordla görüşdə söhbətindən - 19 dekabr 2001-ci il


... Deyvid Vudvord: Cənab prezident, çox sağ olun, hər şey yaxşıdır. Siz necəsiniz?

Heydər Əliyev: Mən də çox yaxşıyam. Bilirəm, son zamanlar bir neçə istiqamətdə çox işlər görürsünüz. Başa düşürəm ki, indi "Bakı-Ceyhan"la, habelə "Şahdəniz-Ərzurum" qaz kəməri layihəsi ilə də çox ciddi məşğulsunuz. Birinci faza ilə də bağlı işlər görürsünüz. İşlər çoxdur. Çox məmnunam. Hər halda mənə məlumat verirlər ki, işləriniz normal gedir. Ola bilər, siz də mənə məlumat verəcəksiniz. Hansı məsələləri həll etmək lazımdırsa, bu barədə danışarıq. Buyurun.

Deyvid Vudvord: Cənab prezident, bizi bu gün qəbul etdiyiniz üçün, icazə verin, Sizə bir daha təşəkkürümü bildirim. Bir də onu bildirmək istəyirəm ki, bizim Azərbaycandakı fəaliyyətimizə Siz həmişə çox böyük maraq göstərmisiniz.

Cənab prezident, indi ilin sonudur. Yaxşı olar ki, ilin sonunda biz bu il ərzində gördüyümüz çox yaxşı işlərə həm BP, həm də Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti çərçivəsində yenidən nəzər salaq.

Cənab prezident, əvvəlcə mən Sizə "Çıraq" platforması haqqında məlumat vermək istəyirəm. Bu il “Çıraq”dan hasilatımız gözlədiyimizdən də çox olmuşdur. İndi, ilin sonunda biz Sizə deyə bilərik ki, builki hasilat 6 milyon tona çatacaqdır.

Heydər Əliyev: 6 milyon ton...

Deyvid Vudvord: Cənab prezident, biz hazırda "Çıraq" platformasından A-16 adlanan bir quyu qazırıq. Bu, çox nadir quyulardan biridir. Maili qazma üsulu ilə qazılan bu quyu bizə platformadan təqribən 5 kilometr kənara çıxmağa imkan verəcəkdir.

Heydər Əliyev: Bu, bizdə çoxdan var. Buna maili üsulla qazma deyirlər. Bizim neftçilər hələ 30 il bundan əvvəl həmin üsuldan istifadə etməyə başlayıblar.

Deyvid Vudvord: Cənab prezident, bəli, mən bilirəm ki, bu texnologiya Azərbaycanda çoxdan var və ondan istifadə olunur. Biz bu texnologiyanı daha da irəli apararaq, platformadan maksimum kənara çıxmaq imkanı qazanmışıq. Bu da, yəni 5 kilometr Xəzər dənizi üçün rekord rəqəmdir.

Heydər Əliyev: Çox gözəl.

Deyvid Vudvord: Cənab prezident, Siz Azərbaycanda bizim həyata keçirdiyimiz bir sıra iri layihələrin adını çəkdiniz. Biz hazırda "Bakı-Tbilisi-Ceyhan" layihəsi üzərində çox ciddi işləyirik. Həmin layihə çərçivəsində biz müfəssəl mühəndis layihə işlərini həyata keçiririk. Altıncı aydır ki, müfəssəl layihə işlərini yerinə yetiririk. İşlərin uğurlu gedişi göstərir ki, biz gələn ilin ortasında "Bakı-Tbilisi-Ceyhan" boru kəmərinin tikintisinə başlaya biləcəyik. Hazırda biz "Bakı-Tbilisi-Ceyhan" layihəsinin müfəssəl mühəndis layihə işləri çərçivəsində tikinti dəhlizini seçməklə məşğuluq. Tikinti dəhlizini 100 metrə qədər dağıtmışıq, yəni çox yaxşı nailiyyət əldə etmişik. Azərbaycan, Gürcüstan və Türkiyə ərazisində bütün marşrut boyu 100 metrlik tikinti dəhlizi artıq seçilmişdir. Bundan sonra isə biz torpaq alınması mərhələsinə qədəm qoyacağıq. Tikinti mərhələsi başlayan kimi hər üç ölkədə torpaq alınması işləri də başlayacaqdır. Qarşıdakı bir neçə ay ərzində "Bakı-Tbilisi-Ceyhan" layihəsinin xarici maliyyələşdirmə məsələləri üzrə müzakirələr aparacağıq. Bu müddət ərzində biz maliyyələşdirmə məsələsini həm beynəlxalq maliyyə təsisatları ilə, həm də kredit təşkilatları ilə bir daha müzakirə edəcəyik.

Cənab prezident, Siz "Şahdəniz" layihəsinin də adını çəkdiniz. Bu sahədə də çox yaxşı irəliləyiş əldə etmişik. Biz bu layihənin həyata keçirilməsində xüsusilə Sizin, Azərbaycan hökumətinin, Dövlət Neft Şirkətinin və digər təşkilatların tam dəstəyini hiss etmişik.

Mən bu həftənin birinci günü Gürcüstanda prezident Eduard Şevardnadze ilə görüşdüm. Cənab Şevardnadze də "Şahdəniz" layihəsi üzrə öhdəliyini təsdiqlədi və bu layihəni dəstəklədiyini bir daha bildirdi. Gürcüstandakı görüşlərim zamanı mənə həmçinin məlum oldu ki, bu həftə ərzində Gürcüstan parlamenti Sizin Gürcüstanla imzaladığınız hökumətlərarası sazişi, həmçinin tranzit ölkə ilə sazişləri ratifikasiya edəcəkdir. Baxmayaraq ki, “Şahdəniz” layihəsi çərçivəsində bir sıra ticarət, kommersiya və texniki işlər qalmaqdadır. Mən ümidvaram ki, biz gələn il "Şahdəniz" layihəsi çərçivəsində də tikinti işlərinə başlaya biləcəyik.

Cənab prezident, biz Sizin iştirakınızla avqust ayının sonunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının tammiqyaslı işlənilməsinin birinci fazasına dair qətnamə qəbul etdik. Bir ay əvvəl noyabr ayının sonunda biz Faza-1 layihəsinin tikinti işləri üçün 6 iri podratçı şirkətlə müqavilələr imzaladıq, onların altısı da beynəlxalq şirkətlərdir. Onlar artıq Azərbaycanda Faza-1 üçün tikinti işlərinə başlamaqdadırlar. Bu məqsədlə onlar "Şelflayihətikinti"də çoxlu işlər görürlər. Azərbaycan borudüzmə gəmisini və ölkəmizin digər kran-barj gəmilərini də modernləşdirmək üçün xeyli işlər görəcəklər.

"Səngəçal" terminalında gələcəkdə genişləndirmə işləri aparmaq üçün yanvar ayında biz torpağı təmizləməyə başlayacağıq. Bizim seçdiyimiz podratçı şirkətlər artıq Azərbaycanda görəcəkləri tikinti işləri üçün respublikanın vətəndaşlarını işə götürməyə başlayıblar. Bu iş davam edir. Onlar ixtisaslı adamları işə götürəcəklər. Tikinti işlərinin ən yüksək mərhələsində Azərbaycanın 3 minə qədər vətəndaşı işə cəlb olunacaqdır.

Heydər Əliyev: Əlavə, yeni...

Deyvid Vudvord: Bəli, əlavə, yeni işçilər.

Hazırda "Dədə Qorqud" yarımdalma qurğusu sahildədir, onda bəzi modernləşdirilmə işləri aparılır. Biz bu işlərin mart ayına qədər başa çatacağını gözləyirik. Mart ayında bu qurğu Faza-1 üçün "Azəri" yatağında quyular qazmağa başlayacaqdır.

Ümumiyyətlə, bu il işlərimiz çox olub, il gərgin keçibdir. Amma onu da deyim ki, bizim üçün çox uğurlu il olubdur. İndiki vəziyyətdə, bu uğurları əldə edərək, gələcəyə ümidlə baxırıq. İnanırıq ki, bu uğurlar ola-ola biz böyük, dünyamiqyaslı, iri layihələri gələn il daha da irəli apara biləcəyik. Həm Azərbaycan hökumətinin, Dövlət Neft Şirkətinin, həm də bu şirkətin xarici sərmayələr idarəsinin bizə göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk.

Cənab prezident, mən bu imkandan istifadə edərək, şəxsən Sizə, Azərbaycan xalqına və bizimlə işləyən təşkilatların hamısına çox xoşbəxt, uğurlu yeni il arzulayıram.

Heydər Əliyev: Sağ olun, verdiyiniz bu məlumatlara görə təşəkkür edirəm. Təbiidir ki, mən sizin işinizi daim izləyirəm. Dövlət Neft Şirkətinin rəhbərliyi, köməkçim Əli Əsədov da mənə məlumatlar verir. Ancaq gördüyünüz və gələcəkdə görəcəyiniz işlər haqqında bu gün verdiyiniz yığcam məlumatlarınız çox sevindiricidir. Mən həmişə inanmışam ki, 1994-cü ildə bizim başladığımız iş ilbəil çox uğurla irəli gedəcəkdir. İndi sizin dedikləriniz mənim bu ümidlərimi daha da reallaşdırır.

Bilirsiniz ki, sizin gördüyünüz işlər bizim dövlətimiz üçün, Azərbaycanın prezidenti kimi şəxsən mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə də mən bu işlərə daim diqqət yetirirəm və bunu da öz vəzifəm hesab edirəm. Siz, xarici ölkələrin şirkətləri, o cümlədən xüsusən BP, başqa şirkətlər burada, təbiidir ki, öz maraqlarınızı təmin edirsiniz. Amma bizim üçün isə bu, Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, xalqın rifah halının yaxşılaşdırılması üçün, ölkə sənayesinin böyük sahəsi olan neft-qaz sektorunun inkişaf etdirilməsi üçün çox əhəmiyyətli işlərdir. Ona görə də əmin ola bilərsiniz ki, şəxsən mən indiyədək bu məsələlərdə sizə dəstək verdiyim kimi, gələcəkdə də dəstək verəcəyəm. Əlbəttə, mən bu işlərin daha da sürətlə getməsini istəyirəm. Çünki daha da qısa bir müddətdə nəticə əldə olunmasını arzulayıram. Ancaq eyni zamanda bilirəm ki, sizin həyata keçirdiyiniz proqramlar olduqca sürətlə yerinə yetirilir. Bundan da artıq sürət əldə etmək olmaz. Ona görə də mən sizin bu məlumatlarınızı məmnuniyyətlə qəbul edirəm. Sizin planlarınızla mən tamamilə razıyam. İndiyə qədər olduğu kimi mənim tərəfimdən bundan sonra da sizə dəstək veriləcəkdir və bu proqramların hamısını birlikdə həyata keçirəcəyik.

Təbiidir ki, mənim üçün, ümumiyyətlə, Azərbaycan dövləti və bizim cəmiyyətimiz üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinin bilavasitə başlanması böyük hadisə olacaqdır. Bununla bərabər, "Şahdəniz" qaz yatağından Şahdəniz-Ərzurum qaz kəmərinin çəkilməsinə başlanması da bizim üçün böyük hadisə olacaqdır. Tikintilərin başlanması haqqında indi sizin verdiyiniz məlumatları mən nəzərə alıram. Ümidvaram ki, həmin müddətlərdə siz öz işinizə başlayacaqsınız. Sizə bu işlərdə uğurlar arzulayıram.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft və qaz kəmərləri