Hörmətli xanımlar və cənablar!
Hörmətli fəhlələr, mütəxəssislər, yeni yaranmış poladtökmə zavodunun kollektivi!
Mən yeni yaranmış poladtökmə zavodunun açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu hadisəni Azərbaycanın sosial-iqtisadi həyatında mühüm bir hadisə kimi qiymətləndirirəm və sizə yeni poladtökmə zavodunun gələcək işlərində uğurlar arzulayıram.
Bizim bugünkü toplaşmamızın və bu zavod ilə tanış olmağımızın, eyni zamanda zavodun açılışı münasibətilə burada mitinq keçirməyimizin tam əsası var. Çünki Azərbaycanda xarici investisiyanın istifadə edilməsi sahəsində neft və qaz sənayesindən sonra, Amerika Birləşmiş Ştatlarının zəngin ailələrindən biri olan Pritsker ailəsinin kapitalı ilə Azərbaycanda son yeddi ildə tikilmiş bir çox vacib xidmət obyektləri ilə yanaşı, indi artıq böyük bir istehsal müəssisəsi yaranıbdır. Burada verilən məlumatlardan siz bildiniz ki, bu istehsal müəssisəsinin yaranmasına böyük miqdarda vəsait qoyulubdur, Azərbaycana investisiya gəlibdir. Bu mürəkkəb, çətin işi həyata keçirmək üçün və bu gün artıq poladtökmə istehsalını bizə və bütün Azərbaycana nümayiş etdirmək üçün müxtəlif dünya şirkətlərinin imkanlarından səmərəli istifadə olunubdur. Azərbaycanda özəl sektor sahəsində xarici sərmayə ilə belə bir metallurgiya zavodunun yaranması Azərbaycan dövlətinin iqtisadi sahədə apardığı ardıcıl siyasətin bariz nümunəsidir. Biz artıq bir neçə belə xarici investorların vasitəsilə yaranmış istehsal müəssisələrinin açılışını keçirmişik və bu proses davam edir. Beləliklə, Azərbaycan dövlətinin iqtisadi islahatları, o cümlədən özəlləşdirmə proqramını həyata keçirməsi sayəsində özəl sektorun yaranması, inkişaf etməsi üçün mümkün olan şərtlərin yaranması nəticəsində və özəl sektorun inkişafına dövlətin qayğısı və himayəsi nəticəsində belə bir zavodun tikilib başa çatdırılması və artıq bu gün məhsul buraxması mümkün olubdur. Demək, bizim iqtisadi islahatlarımız nəinki həyata keçirilir, həm də onlar öz müsbət nəticələrini verir. Demək, bizim apardığımız siyasət nəticəsində Azərbaycanda təkcə neft və qaz sektoruna yox, iqtisadiyyatın bir çox başqa sektorlarına böyük miqyasda xarici investisiyanın gəlməsi təmin olunur. Bunlar çox əlamətdar hadisələrdir. Ona görə də bu, hamımızda, şəxsən məndə böyük qürur hissi doğurur və bütün vətəndaşlarımıza sübut edir, bu işlərə inanmayanlara, yaxud da bizim gördüyümüz işlərə kölgə salmaq istəyənlərə sübut edir ki, Azərbaycan dövlətinin iqtisadi siyasəti düz yoldadır və Azərbaycanın hakimiyyət orqanları bu siyasəti düzgün istiqamətdə həyata keçirir.
Amerika Birləşmiş Ştatlarının Pritsker ailəsinin Azərbaycana gətirdiyi investisiya çoxdur. Əvvəlcə böyük bir kompleksin yaradılması - keçmişdə tikilmiş "Naxçıvan" mehmanxanasının təmir edilməsi və modernləşdirilməsindən başlayaraq, şəhərimizin gözəl bir guşəsində böyük mehmanxana kompleksinin tikilməsi, əyləncə mərkəzləri və insanların tələbatını ödəmək üçün yaradılmış başqa sahələr hamının gözü qabağındadır.
Mən bu gün düşünürəm, əgər cənab Paolo Pərviz Amerika Birləşmiş Ştatlarının böyük şirkətinin nümayəndəsi olaraq bu işləri başlamasaydı, indi bizim "Həyat Recensi - Naxçıvan", "Həyat park" və digər binaların heç biri olmazdı. Əgər onlar olmasaydı, Azərbaycana xarici ölkələrdən, xüsusən Qərb ölkələrindən yüksək servis xidmətlərindən istifadə edən insanlar gəlməzdilər, yaxud gəlsələr də, belə səmərəli fəaliyyət göstərə bilməzdilər. Ona görə də mən Amerika şirkətinin, onun nümayəndəsi Paolo Pərvizin burada gördüyü işləri müsbət qiymətləndirirəm və mehmanxana, restoran, əyləncə obyektlərindən sonra sənayenin ən ağır sahələrindən biri olan metallurgiya sahəsinə keçməsi onu göstərir ki, onlar burada gördükləri işlərin bəhrəsini hiss ediblər. Azərbaycanda iş görməyin imkanlarını hiss ediblər. Ona görə də belə bir nəhəng poladtökmə zavodunu işə salmağa başlayıblar və müvəffəqiyyətlə sona çatdırıblar. Elə bax, bu dediyim sözlər onu sübut edir: birinci tərəfdən, Azərbaycanın müasir iqtisadi siyasəti, bazar iqtisadiyyatı, xarici investisiyanın cəlb olunması, sahibkarlığa, azad biznesə imkan yaradılması, ikinci tərəfdən də, Azərbaycana inanıb buraya gəlmək, investisiya qoymaq, iş görüb mənfəət götürmək bizim apardığımız siyasətin nəticəsidir.
Pritskerlər ailəsi Amerikanın zəngin ailələrindən biridir. Demək olar ki, dünyanın bütün ölkələrində onların otelləri və başqa mülkləri var. Ola bilərdi ki, Azərbaycan kimi kiçik bir ölkədə onlar öz böyük işlərini gətirib tətbiq etməyəydilər. Ancaq onlar da bildilər ki, Azərbaycana getmək, Azərbaycana vəsait, sərmayə qoymaq lazımdır. Çox yaxşı ki, onlar Paolo Pərviz kimi bir adamı seçiblər, təmsilçi ediblər. O da böyük təcrübəyə malik olaraq burada həm işləri yaxşı qurub, həm onların etimadını doğruldub, həm də burada artıq böyük bir hörmətli xarici biznesmen kimi məşhurlaşıbdır.
Mən bugünkü poladtökmə zavoduna baxarkən yenə də keçmiş yadıma düşdü. Biz 1970-ci illərdə Azərbaycanda sənayenin bütün sahələrini, o cümlədən ağır sənayeni, onların müxtəlif hissələrini güclü inkişaf etdirmək yolundaydıq və çox işlər görmüşdük. İndiki bu kompleks böyük "Azərelektroterm" zavodunun bir hissəsidir. Nəinki hamısı mənim xatirimdədir, mənim iradəmin, himayəmin və bu işlərə olan diqqətimin nəticəsində Azərbaycanda böyük elektroterm zavodu yarandı. O, çox uğurla işləyirdi və keçmiş SSPİ məkanında özünəməxsus yer tuturdu. Onun uğurla işləməsi və bizim o istehsala güclü diqqət verməyimiz SSRİ hökumətinin, xüsusən SSRİ Elektrotexnika Nazirliyinin Azərbaycana daha da çox vəsait qoymasına və burada bu sənayenin inkişaf etdirilməsinə əsas yaratdı.
Xatirimdədir, onda biz bu məsələləri həm Moskvada Nazirlər Sovetində, Elektrotexnika Nazirliyində, həm də elektrotexnika naziri Antonov Azərbaycana tez-tez gəldiyi vaxtlarda müzakirə edirdik və burada nəhəng bir zavod, yeni zavod yaratmaq qərarına gəldik. Məqsədimiz nə idi? Bilirsiniz ki, o vaxt Sovetlər İttifaqında metallurgiya çox böyük yer tuturdu. Metal əritmək, metal tökmək və qara metal məmulatı istehsal etmək çox çətin bir prosesdir. Bu sahədə SSRİ-də əsasən domna sobaları və Marten sobalarından istifadə olunurdu. Ancaq 70-ci illərdə elektrik sobalarının icad olunması və onların metal tökmək üçün, metal əritmək üçün daha da səmərəli olması müəyyən edilmişdi. Ona görə də biz bu zavodun əsasını qoyarkən bütün SSRİ-nin tələbatının böyük bir hissəsini təmin etmək üçün elektrik sobaları, - indi biz orada gördük, bax onları yaratmaq istəyirdik.
Ona görə də burada belə böyük korpuslar tikildi, işə başlandı. Ancaq bildiyiniz səbəblərdən bu işlər sonra dayandı və təəssüflər olsun ki, 1990-cı illərdən başlayaraq Azərbaycanda sənaye istehsalı tənəzzülə uğradı. Həm elektrotexnika zavodunun əsas korpusu get-gedə işini zəiflətdi və demək olar ki, indi o qədər də işləyə bilmir, yəni əsas profil üzrə işləyə bilmir, həm də bu da belə yarımçıq qaldı.
O vaxtlar biz başqa sistemdə - SSRİ sistemində idik. Ancaq SSRİ-də ağır sənayenin inkişafı çox mühüm yer tuturdu. Əgər ağır sənaye, metallurgiya sənayesi SSRİ-də inkişaf etməsəydi, o dünyada fövqəldövlətlərdən birinə çevrilə bilməzdi.
Ancaq iş bundadır ki, o vaxtlar belə müəssisələr, zavodlar adətən Rusiyanın ərazisində yaradılırdı. Mən isə Azərbaycana rəhbərlik edən zaman bunların hamısını təhlil edəndə gördüm ki, yox, bunlar Azərbaycanda da yaranmalıdır. Nə üçün biz ancaq pambıq istehsalı, üzüm istehsalı, yaxud yüngül sənaye məhsulları ilə məşğul olmalıyıq? Nə üçün bizim sənayemiz ancaq neft sahəsində olmalıdır? Bizdə boru-prokat zavodu yaradılmışdı. Amma o, az idi. Ona görə də biz o vaxt bu işləri başladıq. Yarımçıq qaldı, başa çatmadı. Ancaq indi bu korpuslar, bu binalar müstəqil Azərbaycan üçün gərəkli oldu və gərəklidir. Əgər xarici investorlar, indi bizim başqa belə iri ağır sənaye müəssisələrimizə də maraq göstərsələr və bu şirkət kimi gəlib burada sərmayə qoysalar və müasir texnologiyanı buraya gətirsələr, Azərbaycanın imkanları hələ çoxdur.
Mən bu gün baxış zamanı maraqlandım ki, vaxtilə bu elektrik sobalarını yaradıb boru-prokat zavodundakı dörd Marten sobasını elektrik sobaları ilə dəyişdirmək lazım idi. Onlar o vaxt artıq köhnəlmişdi, indi tamam köhnəlib və təəssüflər olsun ki, bizim o zavod - vaxtilə on minə qədər insan işləyən zavod indi çox ağır vəziyyətdədir. Biz onu bu vəziyyətdən özəlləşdirmə vasitəsilə, xarici investisiyanın buraya gətirilməsi vasitəsilə çıxarmaq istəyirik. Güman edirəm ki, bunu edəcəyik. Ona görə də mən indi maraqlandım.
Bizim baş nazir mənə məlumat verdi ki, əgər indi buradakı elektrik sobasının yanında bir dənə də elektrik sobası tikilsə, - Paolo Pərviz mənə dedi ki, tikiləcəkdir, - onda Sumqayıt boru-prokat zavodunun tələbatı ödənəcəkdir. Bəlkə də oradakı Marten sobalarına heç ehtiyac olmayacaqdır. Görürsünüz, yaxşı bir iş başqa bir sahənin də işinin canlanmasına, inkişaf etməsinə əsas yaradır və kömək edir. Hesab edirəm ki, biz bunu etməliyik. Sən ikinci sobanı burada tikməlisən. Boru-prokat zavodunu da özəlləşdirmək üçün, - bizim iqtisadi inkişaf naziri indi bu işlə məşğul olur, - birlikdə fikirləşməlisiniz ki, bunu nə cür təmin edək və onun işə salınmasını necə təmin edək. SSRİ dağılandan sonra, bilirsiniz, tələbat bir az azaldı. Artıq indi hiss olunur ki, həmin borulara ehtiyac var. Dünyanın çox yerlərində ehtiyac var.
Əgər poladtökmə zavodu ilk məhsulunu İsveçrənin böyük şirkətinə göndərirsə, ixrac edirsə, bu, Azərbaycan üçün nə qədər əhəmiyyətli bir haldır. Eləcə də həmin borular. Təbiidir ki, burada ikinci soba yaransa, metalın da keyfiyyəti yaxşı olacaq və boruların da keyfiyyəti yaxşı olacaqdır. Bunların hamısını etmək lazımdır.
Bizim iqtisadiyyat ağır yollardan keçərək irəliləyir. Bəzilərinə, yəni bu işi bilməyən adamlara, yaxud da ki, nə bilim, hansısa şəxsi məqsəd güdən adamlara, ya Azərbaycanı dağıtmaq istəyən adamlara elə gəlirdi ki, hər şeyi dağıtmaq lazımdır, hər şeyi tezliklə özəlləşdirmək lazımdır, ondan sonra Azərbaycanın iqtisadiyyatı inkişaf edə bilər. Onlar naşı adamlardır. Nəinki naşı adamlardır, ağılsız adamlardır. Məsələn, görürsünüz, xarici investorun gəlib burada bu işə başlaması və iki il müddətində bu zavodun yaranması üçün buna inam lazım idi. Azərbaycanda bu işi görməyin səmərəsini nümayiş etdirmək, bildirmək lazım idi. Yoxsa hər şeyi dağıt, hər şeyi özəlləşdir. Orada da yanıüstə qalacaqdı, burada da yanıüstə qalacaqdı. Bizim özəlləşdirmə proqramının ikinci mərhələsi həyata keçirilir və ardıcıl sürətdə həyata keçiriləcəkdir. Ancaq özəlləşdirmənin əsas məqsədi istehsalı artırmaq, iqtisadiyyatı inkişaf etdirməkdir. Əgər bu məqsədə nail ola bilmiriksə, demək, bu özəlləşdirmənin heç bir əhəmiyyəti olmayacaq, olan şeylər də dağılacaqdır. Necə ki, bizim bəzi müəssisələrdə dağıdıblar.
Beləliklə, mən çox məmnunam ki, biz bu gün burada zavodun işi ilə tanış olduq. Ümidvaram ki, Paolo Pərvizin zavodun gələcək proqramı haqqında verdiyi vədlər yerinə yetiriləcək, zavod genişlənəcək, tam güclü səviyyəsinə gəlib çatacaqdır və Azərbaycan iqtisadiyyatının inkişafına öz faydasını verəcəkdir. Buraya 40 milyon dollardan artıq sərmayə qoyulubdur. Mən iki gün bundan qabaq Paolo Pərvizi qəbul etdim. O dedi ki, ildə 15 milyon dollar vergi veriləcəkdir. Elədirmi?
Paolo Pərviz: Bəli, elədir.
Heydər Əliyev: Sən bunu mənə demisən, burada da de.
Paolo Pərviz: Bəli, demişəm.
Heydər Əliyev: İndi sizdə 700 adam işləyir?
Paolo Pərviz: İndi burada 700 adam işləyir.
Heydər Əliyev: 700 adam işləyir. Sən mənə dedin ki, burada 1500 adam işləyəcəkdir. Elədir?
Paolo Pərviz: Bəli, işləyəcək.
Heydər Əliyev: Mənə dedilər ki, işləyənlərin maaşı 200-300-400 dollar səviyyəsindədir.
Paolo Pərviz: Cənab prezident, 400 dollara qədərdir.
Heydər Əliyev: 400 dollara qədər alacaqlar. Demək, məsələnin ikinci tərəfi. Biz bir tərəfdən daxili istehsal yaradırıq, o biri tərəfdən də Azərbaycanın bu məhsullara olan tələbatını ödəyirik və yeni iş yerləri açırıq. Bax, görürsünüz, neçə məsələ birdən həll olunur. Güman edirəm ki, bunlar hamısı həyata keçiriləcəkdir.
Burada cənab Paolo Pərviz bu işin görülməsində bizim dövlətin, hökumətin köməyi, himayəsi haqqında danışdı və təşəkkürünü bildirdi.
Mən bu gün bəyan edirəm ki, hansısa xarici ölkədən, yaxud bizim vətəndaşlarımızdan kim bu cür işlər görmək istəyirsə, onlara indiyə qədər olduğundan artıq kömək edəcəyik, yardım edəcəyik və şərait yaradacağıq. Ancaq bu işləri görmək lazımdır. Buraya 40-50 milyon dollar vəsait qoyulubdur. Elə bilirsiniz ki, Azərbaycanda 40-50 milyon dollar vəsaiti olan biznesmen yoxdur? Var. Mən hesab edirəm ki, var. Düzdür, yoxlamamışam, amma hesab edirəm ki, var. Onlar öz pullarını qorxudan aparıb xarici banklarda saxlayırlar. Yaxşı, bunun nəticəsi nə oldu? Sən indi bunu qazanmısan, ya oğurlamısan, nə etmisən - öz işindir. Yaxşı, aparıb bunu xarici bankda saxlayanda sənin mənfəətin nədir? Mənfəətin var. Amma məqsədin nədir? Ancaq gətir, qoy. Mən bir neçə dəfə demişəm.
Bizim bir neçə qərarlarımız var. Əgər gəlib belə iş görürsənsə, heç kəsdən soruşmayacaqlar ki, sən bu pulu haradan almısan. Yəni o vəsaitin mənbəyini biz soruşmuruq. Mən bütün hüquq-mühafizə orqanlarına da göstəriş vermişəm. Mənim bu barədə fərmanlarım var. Bizim Milli Məclisin qərarı var. Ancaq təəssüf ki, hələ bizim öz biznesmenlərimizi bu böyük işlərə cəlb edə bilmirik. Onların çoxu elə xırda alverlə məşğul olur - nə bilim, oradan aldı, gətirdi, burada satdı, buradan da aldı, orada satdı. Ticarət deyəndə, elə bunun özü də ticarətdir. Amma kiçik ticarətlə məşğul olur. Təbiidir, çox qazanır, bəzən də vergidən gizlənir, oğurluq edir.
Pulları yığır, aparır altına qoyur. Ona görə mən bir də deyirəm, biz bu qayğını, bu yardımı etmişik və hər bir kəsə, hər bir xarici investora, hər bir Azərbaycan sahibkarına, biznesmeninə etməyə hazırıq.
Burada Paolo Pərviz çox geniş bir nitq söylədi. Düzdür, mənə dedi ki, 4 dəqiqə danışacağam. Tərcümə ilə də 4 dəqiqə olmadı. Yox, mən səni günahlandırmıram. Danışmalıydın, nə sözün var, deməliydin. Ancaq sadəcə, yadına salıram ki, sən mənə 4 dəqiqə demişdin. Onun nitqində çox mənalı, əhəmiyyətli fikirlər var.
Məsələn, misal gətirdi ki, Amerikada investorları həvəsləndirmək üçün vergi sahəsində nə edirlər, yaxud İngiltərədə, İrlandiyada, başqa yerlərdə. Bunları bilmək lazımdır. Ona görə də onun burada belə faktları bəyan etməsi, mənə belə gəlir ki, çox faydalıdır. Bu təcrübədən hamı istifadə etməlidir. Təkcə hökumət yox, hamı istifadə etməlidir. Mən yenə o fikrə qayıdıram ki, əgər hansısa investor burada doğrudan da faydalı iş görsə, biz ona da sizə yaratdığımız imkanları yaradacağıq. Amma biz çox iş görmüşük.
Məsələn, bir-iki ay bundan öncə mən özəlləşdirilmiş bütün müəssisələrin, kolxozların, sovxozların indiyə qədər olan borclarının tamamilə silinməsi haqqında fərman verdim. Mən təklif verdim, Milli Məclis qanun çıxardı, ondan sonra da fərman verdim. Təsəvvür edin, zavod var ki, 30 ildir işləyibdir, filan qədər borcu var. İndi gəlib bunu özəlləşdirmək istəyəndə o adama deyirlər ki, gərək sən bu borcları da verəsən. Mən bir neçə ildir mübarizə aparırdım ki, gəlin özəlləşdirməni səmərəliləşdirmək üçün bu borcları silək. Deyirdilər ki, yox, olmaz. Axırda məcbur etdim və bütün borcları sildik. Yaxud biz kolxozları, sovxozları ləğv etmişik. Torpağı kəndlilərə vermişik. Amma o kolxozların dövlətə olan borcu qalıbdır. Yəni o kolxozların borcu kimi dövlətə gələcək gəlirdir. Rasizadə, elədir?
Artur Rasizadə (baş nazir): Cənab prezident, bəli, elədir.
Heydər Əliyev: Yaxşı, kolxozu ləğv etmişik, torpaqlar özəlləşib, mal-qara özəlləşib, hər şey özəlləşib, indi bank kolxozun bu borcunu gedib kimdən alacaqdır? Bax, bizdə belə paradokslar var. Bununla onu demək istəyirəm ki, bizim o qərarımız, qəbul olunmuş qanun və mənim fərmanım, görürsünüz, çox ciddi, radikal bir addımdır. Bu addımla biz sahibkarlara daha da şərait yaradırıq, özəlləşdirməni daha da güclü, səmərəli aparmaq üçün imkanlar yaradırıq. Bəlkə də, bizim İrlandiyadakı qədər güzəşt qoymağa imkanımız yoxdur. Amma hərənin öz tutumu var. Öz imkanlarımıza görə bunu edirik və edəcəyik.
Əsas məsələlərdən biri, mən bunu əvvəllər də demişəm, daxili istehsalı inkişaf etdirmək, Azərbaycan Respublikasının vətəndaşlarını daxili istehsalda əldə olunan məhsul vasitəsilə təmin etmək və idxalı azaltmaqdır. Burada deyildi ki, Ukraynadan, Belarusdan müxtəlif ölçülü armaturlar gətirilib Azərbaycanda satılır. Biz bunun əleyhinə gedə bilməzdik. Çünki bizdə belə istehsal yox idi. Mən maraqlandım. Bəziləri burada xırda sexlər yaradıblar. Amma o sexlərdə keyfiyyətli armatur istehsal olunmur. Bu armaturların çoxu inşaata gedir. Elədir, yoxsa yox?
Artur Rasizadə: Bəli, elədir.
Heydər Əliyev: Demək, bizim inşaatımız da keyfiyyətli olmalıdır. İnşaatımızın keyfiyyətli olması üçün dəmir armaturlar gərək keyfiyyətli olsun, müasir standartlara cavab versin. O xırda sexlər bunu edə bilməz. Mən Ukraynadan, Rusiyadan gətirilənlərin də keyfiyyətini bilmirəm. İndi bizdə belə bir böyük müəssisə yaranandan sonra, təbiidir ki, biz daxili istehsalı qorumalıyıq. Ona görə də bizim hökumətimiz, Nazirlər Kabineti fikirləşməlidir, lazımi tədbirlər görülməlidir. Gömrük Komitəsi bunu özbaşına edə bilməz. Ancaq gərək biz müəyyən edək. Daxili istehsalı qorumaq üçün bu, dünyada məşhur olan bir metoddur. Biz yeni bir şey icad etmirik. Onun qorunması üçün, əlbəttə, bizim özümüzdə istehsal olunan məhsulların xaricdən gətirilməsini müəyyən qədər məhdudlaşdırmalıyıq, yaxud onlara qoyulan vergiləri artırmalıyıq.
Dünən idi, ya iki gün bundan öncə Paolo Pərviz mənə dedi ki, bizim vergi kodeksində çox məhsul istehsal edən, yaxud gəlir götürən şirkətlərdən vergi yüksəkdir. Fazil, elədir, yoxsa, yox?
Fazil Məmmədov (vergilər naziri): Cənab prezident, elə deyil. 100 milyon manata qədər 2 faiz, 100 milyon manatdan çox isə 18 faiz əlavə dəyər vergisi verirlər.
Heydər Əliyev: Eyni şeyi o da mənə dedi. Amma əgər onun dediyi həqiqətdirsə, bunun içində nə var? İçində o var ki, xaricdən həmin armaturları gətirirlər, ayrı-ayrı şirkətlərə verirlər. O da 100 min dollarlıqdan artıq satmır, ona görə siz ondan 2 faiz vergi götürürsünüz. Amma indi bu nə etsin? Bu da versin o biri şirkətlərə? Mən demirəm ki, bundan az vergi götürün. Vergi qanunu qanundur. Amma o fırıldaqlar ki, var, edirlər, siz, təkcə siz yox, bizim başqa müvafiq orqanlarımız da gərək biləsiniz - hansı şirkət nə qədər gətirir. Tutaq ki, 500 min, 200 min dollarlıq məhsul gətirir. Ondan 18 faiz götürün. Amma əgər o, çox gətirirsə, vergini azaltmaq üçün ona-buna paylayırsa, demək, o, sizi də aldadır, bizi də aldadır. Belə olanda, demək, bunlar eyni şəraitdə olmurlar. Bu da bizim daxili istehsala zərər gətirəcəkdir. Yəni 18 faizi azaltmaq lazım deyil, amma elə olmalıdır ki, onlardan da iki faiz yox, 18 faiz alasınız.
Ümumiyyətlə, bu sahədə, yəni ölkəyə xarici investisiyanın gətirilməsi üçün, xarici investorların, bizim öz sərmayəçilərimizin daha da səmərəli işləməsi üçün, şərait yaradılması üçün dünya təcrübəsindən istifadə etmək lazımdır.
Aydındır, inkişaf etmiş ölkələrdə, böyük imkanlara malik olan ölkələrdəki, - hansıları ki, burada dedilər, - qaydaların hamısını bizdə kor-koranə tətbiq etmək olmaz. Ancaq o təcrübələrdən istifadə etmək lazımdır. Bizdə hər şey yenidir.
Bizim təcrübəmiz azdır. Amma bazar iqtisadiyyatı ilə gedən ölkələrin həm böyük təcrübəsi var, həm də onlar çox çevik hərəkət edirlər, lazım olan zaman manevr edirlər ki, həm istehsala stimul versinlər, həm də dövlətin vergiləri gəlsin və dövlət xeyir götürsün.
Mən bu fikirlərimi sizə çatdıraraq onu bildirmək istəyirəm ki, Azərbaycanda həyata keçirilən iqtisadi siyasət öz müsbət nəticələrini verir. Biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Ancaq ona müəyyən mərhələlərdə əlbəttə, baxmaq lazımdır, yəni çeviklik göstərmək lazımdır ki, hansısa qərar üç il bundan qabaq qəbul olunubsa və əgər indi şərait dəyişilibsə, bəlkə müəyyən dəyişikliklər etmək lazımdır. Yəni gərək biz daim bazara nəzarət edək. İdxal-ixrac prosesinə daim nəzarət edək. Biz liberal iqtisadiyyat yaratmışıq. Liberal ticarət yaratmışıq. Ancaq gərək biz bunlara daim nəzarət edək ki, dəyişikliklər zamanı biz də öz dəyişikliklərimizi aparaq və ölkəmiz bütün bu proseslərdən mənfəət götürsün, Azərbaycanda isə özəl sektor inkişaf etsin.
Mən bu hadisə münasibətilə sizin hamınızı, bu kollektivi bir daha təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu nümunə həm xarici investorlar üçün, həm də ölkəmizdə olan biznesmenlər üçün çox dəyərli olacaqdır. Mənim burada verdiyim bəzi izahatlar və bəzi bəyanatlar da insanların daha da çox investisiya qoymasına kömək edəcəkdir. Biz isə Azərbaycanın hakimiyyət orqanları bütün bu məsələlərin həyata keçirilməsində lazımi qayğımızı, diqqətimizi göstərəcəyik. Mən əvvəllər demişəm, bir də demək istəyirəm. Özəl sektora kömək etmək lazımdır. Özəl sektorun işinə qanunsuz müdaxilə etmək lazım deyil. Vergilər Nazirliyi yeganə nazirlikdir ki, özəl sektorla əlaqə qurub vergisini alır. Amma onun da borcu ondan ibarətdir ki, vergidən yayınanları, aldadanları, fırıldaqçıları meydana çıxarsın. Mən hesab edirəm ki, - indi düzdür, vergidən gəlirimiz artıbdır, - hələ ki, bizim özəl sektorda olan sahibkarların hamısının vergisi gəlib çatmayıbdır.
Burada çox elektrik enerjisi istifadə olunacaqdır. Təbiidir ki, onun pulunu vaxtında verəcəklər. Su istifadə olunacaq, onun da pulunu verəcəklər. Ancaq onu da demək istəyirəm ki, bizdə elektrik enerjisi istehsalı son vaxtlar artıbdır. Həm Yenikənd Elektrik Stansiyasını tikmişik, həm də Bakıda bir nömrəli İstilik Elektrik Mərkəzində birinci enerji bloku işə düşübdür. Oraya 50 milyon dollar sərmayə qoymuşuq, indi ikincisi tikilir. Beləliklə, elektrik enerjisi istehsalı artıbdır. Ancaq elektrik enerjisindən istifadə edən həm vətəndaşlar, həm də müəssisələr, özəl sektor, dövlət müəssisələri onun haqqını vermirlər.
Bir neçə gün bundan öncə bizim qəzetlərdə, televiziyada göstərildi ki, elektrik enerjisindən istifadəyə görə hansı rayon nə qədər haqq veribdir. Şəmkir rayonunda istifadə olunan elektrik enerjisinin cəmi 2 faizinin haqqı verilibdir. Biz bununla iqtisadiyyatı saxlaya bilərikmi? Mingəçevirdə Elektrik Stansiyasında işləyən adamların maaşları bir az gecikibdir. Ona görə onlar çox etiraz çıxışları edirlər. Necə deyərlər, bu, real vəziyyətdir. Amma əgər istehsal etdiyimiz elektrik enerjisinin, heç olmasa, 50 faizinin, 60 faizinin haqqı yığılsaydı, biz çox şey edə bilərdik. Bəlkə də bunun bu zavoda aidiyyəti yoxdur. Çünki bunlar bu işdə hər şeyi normal edəcəklər. Bu gün həm dövlət müəssisələri, həm də özəl sektor, - lap kiçik mağazadan tutmuş, böyüyünə qədər, - elektrik enerjisindən istifadə edənlərin hamısı onun haqqını verməlidir. Əgər bu olmasa, biz nə qədər çox iş görsək də, iqtisadiyyatımızı inkişaf etdirə bilməyəcəyik.
Mən sizin hamınızı bir daha təbrik edirəm. Arzu edirəm ki, bu proqramın sona çatması gecikməsin. Proqramı tam sona çatdıran zaman mənə xəbər edərsiniz. Sizə söz verirəm ki, mən yenə gələcəyəm, sizinlə yenə görüşəcəyəm. Hamınıza uğurlar arzulayıram. Sağ olun. Salamat qalın.
"Azərbaycan" qəzeti, 24 iyun 2001-ci il.