Əziz qardaşlar, bacılar, əziz səttarxançılar!
Bu gün sizinlə görüşməyimdən çox məmnunam və hamınızı səmimi qəlbdən salamlayıram. Azərbaycan xalqının, respublikamızın qədim sənaye müəssisələrindən biri olan Səttarxan adına maşınqayırma zavodunun 100 ili tamam olur. 100 il bundan əvvəl, Azərbaycanda neft sənayesi çox yüksək surətlə inkişaf etdiyi bir vaxtda bu zavod həmin sahəni qurğularla, maşınlarla təmin etmək ucun yaranmışdı. Bu müəssisədə Azərbaycanın bir çox nəsilləri çalışmış, ömür sürmüş, xalqımıza xidmət etmiş, zavodun inkişaf etməsinə öz töhfələrini vermişlər. Əgər bir əsr bundan əvvəl müəssisənin yarandığı günləri əks etdirən rəsmlər, fotoşəkillər qalmışsa, o dövrdə zavodun indiki dövrünü müqayisə etsəniz çox əyani surətdə görəcəksiniz ki, duz il müddətində Bakıda, bu fəhlə şəhərində, neft şəhərində, Azərbaycan xalqının gözü olan Bakıda, ölkəmizin paytaxtı olan şəhərdə bu sənaye müəssisəsi necə böyük yol keçib.
Şəxsən mənim xatirimdə olan dövrü yada salsaq, 70-ci illərdə mən burada dəfələrlə olmuşam. Ondan sonrakı dövrdə bu zavodun nə qədər böyüdüyünü, inkişaf etdiyini hamı görə bilər. Bax, mənim bu gün sizinlə görüşdüyüm, toplaşdığınız bu sex 70-ci illərin bəhrəsidir.
Əslində bu sexin özü elə bir zavoddur, böyük sənaye müəssisəsidir. Ancaq yenilik təkcə bu sex deyil. Bilirsiniz ki, keçmiş zavodun əsasında 70-ci illərdə burada çox böyük bir zavod tikilib. Bunların hamısı Azərbaycan Respublikasının, onun iqtisadiyyatının, sənaye potensialının inkişaf etməsi ucun görülən tədbirlərin nəticəsidir. Eyni zamanda bütün bunlar Azərbaycanın neft sənayesinin inkişaf etməsi, nəinki Azərbaycanın, o dövrdə bütün Sovetlər İttifaqının neft sənayesinin tələbatını ödəmək, qurğular, maşınlar, neft avadanlığı yaratmaq ucun tikilmiş, işə salınmış sexlərdir.
Bu gün mən böyük sevinc hissi ilə, böyük məmnuniyyətlə bunları seyr edirəm və o illərdə görülmüş işlərin necə böyük əhəmiyyətə malik olduğunu bir daha qeyd edirəm. Bilirsiniz ki, Azərbaycanın maşınqayırma sənayesi keçmiş Sovetlər İttifaqında bütün neft maşınqayırmasının mərkəzi idi. O dövrlərdə, o cümlədən 70-80-ci illərdə Sovetlər İttifaqı neft sənayesinin neftçıxarma avadanlığına tələbatının 70-80 faizini Azərbaycanın maşınqayırma zavodları ödəyirdi. Ona görə də biz həm Azərbaycanın neft sənayesini inkişaf etdirmək ucun, həm də o dövrdə mənsub olduğumuz dövlətin - Sovetlər İttifaqının neft sənayesinin inkişafı ucun neft maşınqayırma zavodlarımızın yenidən qurulmasına çox böyük səylər göstərdik. Böyük işlər görüldü. Səttarxan adına zavod kimi, "Bakı fəhləsi" adına və digər zavodlar da demək olar ki, yenidən quruldu.
Bunların hamısı o dövrdə görülən işlərdir. Qeyd etdiyim kimi, bütün bunlar o dövrdə Sovetlər İttifaqı neft sənayesinin tələbatını ödəmək ucun lazım idi. Amma eyni zamanda o vaxt da biz irəliyə, Azərbaycanın gələcəyinə baxırdıq. O dövrdə Azərbaycan xalqının gələcəyi ucun Sovetlər İttifaqının, Sovet dövlətinin imkanlarından, mərkəzləşdirilmiş vəsaitindən, texnologiyasından istifadə edərək respublikamızın zavodlarını yenidən qurmaq ucun lazımi avadanlıq, avtomat xətlər alıb gətirdik. Bu barədə indi burada zavodun direktoru da məlumat verdi. Siz də yaxşı bilirsiniz ki, o vaxt biz sovet dövlətinin imkanlarından çox səmərəli istifadə etmişik. O zaman biz bu tədbirləri görərkən Azərbaycanın gələcəyi ucun böyük sənaye potensialı yaratmaq istəyirdik. Allaha şükürlər olsun ki, biz onu yarada bilmişik.
İndi həm Səttarxan adına zavodda, həm də Azərbaycanın digər neft maşınqayırma zavodlarında istehsal olunan avadanlığa, maşınlara nəinki Rusiyada, dünyanın başqa ölkələrində də çox böyük tələbat vardır. Güman edirəm ki, belə bir iqtisadi, sənaye potensialı müstəqil Azərbaycanın bu günü ucun çox gərəklidir.
Bilirsiniz ki, Azərbaycanın neft sərvətləri böyükdür. Bunlar 150 ildən çoxdur ki, sənaye üsulu ilə istismar olunur. Ancaq neft yataqlarının gələcəkdə də istismar olunması, Azərbaycana bəhrə verməsi, xeyir gətirməsi xalqımız ucun, gələcək nəsillər ucun böyük sərvətdir. Biz son vaxtlarda Qərb dövlətlərinin neft şirkətləri ilə danışıqlar aparırıq. Azərbaycanın neft yataqlarının Qərbin neft şirkətləri ilə müştərək istismar edilməsi barədə tədbirlər görürük. Biz respublikamızın neftçıxarma, neft emalı sənayesinin böyük perspektivləri olduğunu görürük.
Bunların hamısını təmin etmək ucun sizin Səttarxan adına maşınqayırma zavodunun, respublikamızın digər neft maşınqayırma zavodlarının çox böyük gələcəyi, əhəmiyyəti vardır. Bax, 70-ci illərdə bunların hamısını nəzərə alaraq, qabaqcadan görərək bu addımları atmışıq. Sizin Səttarxan adına neft maşınqayırma zavodunuz indi müasir texnoloji, texniki tələblərə uyğun olan gözəl bir sənaye müəssisəsidir.
Biz o vaxt bu işləri görərkən həmin tədbirlərlə hər şeydən əvvəl Azərbaycan vətəndaşlarının, xalqımızın rifah halının yaxşılaşdırılmasına yönəldilən tədbirlər kimi məşğul olurduq. Keçmişdə burada işləmiş mühəndislər, texniklər, fəhlələr yaxşı bilirlər ki, 30 il, 40 il, yaxud da elə 20 il qabaq bu zavodda çalışmaq nə qədər çətin idi. Proseslər avtomatlaşdırılmamışdı, işlərin çoxu əl ilə görülürdü. Biz bunların hamısını aradan götürmək, neft maşınqayırma zavodunda elmi-texniki tərəqqini tətbiq etmək, müəssisədə çalışan mühəndis, texnik və xüsusən fəhlələrin əməyini səmərələşdirmək, onların iş şəraitini yüngülləşdirmək və gəlirlərini artırmaq ucun burada çox işlər gördük. Gördüyünüz bu şəraitin yaradılması, - təkcə binanın tikilməsi, sexlərin yaradılması yox, həm də yeni texnologiyanın, yeni avadanlığın alınıb gətirilməsi böyük bir addım, nailiyyət idi. Bütün bunlar məhz bizim Azərbaycan fəhlələrinin, sənaye əməkçilərinin işini yüngülləşdirmək, onların rifah halını yaxşılaşdırmaq üçün idi.
Bu tarixi dövrü yada salaraq mən Səttarxan adına zavodun yüz illik fəaliyyətinə qiymət vermək istəyirəm. Müəssisə yaranandan indiyədək burada Azərbaycanın fədakar texnikləri, mühəndisləri işləyiblər. 1941-45-ci illərdə, İkinci dünya müharibəsi dövründə müəssisənin böyük xidmətləri olub. O vaxt bu zavod cəbhəyə silah, sursat vermək ucun böyük fəaliyyət göstərib. Bunlarla yanaşı, zavodun respublikamız qarşısında, xalqımız qarşısında ən böyük xidməti, şübhəsiz ki, Azərbaycanın neft sənayesinin inkişafı ilə bağlıdır. Ona görə də zavod yaranan gündən indiyədək burada işləmiş, müəssisənin inkişafı ucun əmək sərf etmiş bütün nəsillərə bu gün minnətdarlığımı bildirmək istəyirəm. Bildirmək istəyirəm ki, yüz illik tarixi olan bu zavod gələcəkdə də Azərbaycanın sənaye müəssisələri ucun nümunə olacaq.
Zavodunuzun kollektivinin başqa bir xüsusiyyəti, xarakterik cəhəti də var. O da bundan ibarətdir ki, müəssisənin kollektivi respublikamızın həyatında prinsipial mövqe tutmuş, həm işdə, həm texnika və texnologiyanın inkişafında, həm də Azərbaycanın ictimai-siyasi həyatında həmişə öndə getmişdir.
Bildiyiniz kimi, 1988-ci, bəlkə də 87-ci ildə respublikamızın, xalqımızın başına bəlalar gəldi. Ermənistan tərəfindən Azərbaycana qarşı qəsbkarlıq niyyətləri meydana çıxdı. Erməni millətçiləri, Ermənistan Azərbaycanın torpaqlarını işğal etmək niyyətinə düşdü və bunun nəticəsində də Dağlıq Qarabağ münaqişəsi yarandı. O dövrdən Azərbaycan böyük çətinliklər içərisindədir. Erməni qəsbkarları Azərbaycan ərazisinin bir qismini, Dağlıq Qarabağı ələ keçirməyə cəhd göstərmiş və təəssüf ki, müəyyən səbəblər üzündən bu proseslər Azərbaycana zərər vurmuş, torpaqlarımızın bir hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altına düşmüşdür.
O dövrdə Azərbaycanda milli azadlıq hərəkatı inkişaf etməyə başlamışdır. Bu, o vaxtkı mərkəzin sovet dövləti rəhbərlərinin Azərbaycana ədalətsiz münasibəti ilə əlaqədar olmuşdur.
Milli azadlıq hərəkatı ayrı-ayrı düşmən qüvvələrin Azərbaycanı parçalamağa, onun torpaqlarının bir hissəsini əlindən almağa yönəldilən səylərinə müqavimət göstərmək, etiraz etmək ucun meydana gəlmişdir. Azərbaycan milli azadlıq hərəkatının ilk addımları Səttarxan adına zavodun kollektivinin, burada çalışan qeyrətli, namuslu, vətənpərvər Azərbaycanlıların təşəbbüsü ilə atılmışdır.
Yaxşı məlumdur ki, Azərbaycanın müstəqilliyi, respublikamızın ərazisinin, sərhədlərinin toxunulmazlığı uğrunda xalqımızın mübarizəyə qalxmasının təşəbbüskarları məhz Səttarxan adına zavoddan idilər. Bilirsiniz ki, o vaxt mən Azərbaycanda yaşamırdım. Ancaq respublikamızdan uzaqda olsam da o dövrdə Azərbaycanın fəhlələrinin, bu zavodun cəsarətli, qeyrətli, Vətənini sevən adamlarının torpağı, Vətəni qorumaq ucun ayağa qalxmasını, mitinqlər keçirməsini, etirazını bildirməsini həmişə bəyənmişəm. Həmin günlər sizin zavodun tarixinin parlaq səhifələridir. O dövrdə xalqımızın milli azadlığı, Azərbaycanın dövlət müstəqilliyi uğrunda, torpaqlarımızın bütövlüyü, sərhədlərimizin toxunulmazlığı uğrunda mübarizə aparmış, həlak olmuş adamların fəaliyyətini yüksək qiymətləndirirəm və indi də bu zavodda çalışan, yaxud başqa yerdə fəaliyyət göstərən gənclərin hamısına minnətdarlığımı bildirirəm.
Altı ildir respublikamız müharibə şəraitində yaşayır. Erməni işğalçılarının təcavüzü nəticəsində Azərbaycan müharibəyə cəlb edilmişdir və altıncı ildir ki, Qarabağ bölgəsində sərhədyanı rayonlarımızda müharibə gedir. Bu dövrdə Azərbaycan xalqı öz torpağını müdafiə edərək şəhidlər vermişdir. Sizin zavodun kollektivindən də cəbhəyə gedərək düşmənlə vuruşan və şəhid olan adamlar var. Ona görə də bu yubiley günündə mən Azərbaycanın müstəqilliyi, milli azadlığı, ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhid olanların hamısının xatirəsini dərin ehtiramla yad edirəm. Xahiş edirəm şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək.
Bildiyiniz kimi, müharibəni qurtarmaq, münaqişəni sülh yolu ilə aradan qaldırmaq ucun son vaxtlar bir çox siyasi, diplomatik addımlar atmışıq və bu fəaliyyətimizi davam etdiririk. Bizim bu fəaliyyətimiz nəticəsində mayın 12-dən cəbhədə atəşkəsə nail olmuşuq. Lakin bu o demək deyildir ki, müharibə qurtarmışdır. Yox. Biz sadəcə olaraq, beynəlxalq təşkilatların - BMT-nin, ATƏM-in, onun Minsk qrupunun vasitəsilə, bu məsələdə fəal vasitəçilik rolu oynayan Rusiyanın, başqa böyük dövlətlərin vasitəçiliyindən istifadə edərək atəşin dayandırılmasına nail ola bilmişik. İndi müharibəyə son qoymaq ucun ciddi sülh danışıqları aparırıq. Bu danışıqlarda isə bizim şərtlərimiz məlumdur: erməni işğalçıları zəbt olunmuş bütün torpaqlarımızdan çıxarılmalı, qaçqınlar öz yerlərinə qaytarılmalı, müstəqil dövlət kimi Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin edilməlidir. Biz danışıqları bu şərtlər daxilində aparır və çalışırıq ki, buna nail olaq.
Ancaq eyni zamanda ordumuz daim hazır olmalıdır. Xalqımız bilməlidir ki, biz hələ müharibə şəraitindəyik, torpaqlarımızı etibarlı şəkildə müdafiə etmək ucun bundan sonra da çox iş görməliyik və əgər sülh danışıqları bir nəticə verməsə, erməni işğalçıları yenə də atəşə başlasalar onlara layiqli cavab verilməli, işğal edilmiş torpaqlarımız azad olunmalıdır. Ona görə siz də bilməlisiniz, bütün Azərbaycan vətəndaşları da bilməlidirlər ki, arxayınlaşmağa əsas yoxdur. İndi biz bütün imkanlardan istifadə etməliyik ki, Azərbaycanın torpaqları etibarlı müdafiə olunsun.
Mən dəfələrlə demişəm, bu gün sizin qarşınızda bir daha təkrar edirəm: biz müharibə istəmirik, Ermənistanın torpaqlarına göz dikməmişik. Biz öz torpaqlarımızı, öz ərazimizi, öz Vətənimizi qoruyuruq. Biz başqa ölkələrin, xüsusən də Ermənistanın bir qarış da olsun torpağını istəmirik, ancaq öz torpaqlarımızın hamısını geri qaytarmalıyıq. Bu, bizim müqəddəs vəzifəmizdir və bu yolla axıra qədər gedəcəyik. Bilirəm ki, sizin zavoddan da cəbhədə vuruşan, hərbi xidmətə çağırılan gənclər var. Güman edirəm ki, zavodunuz Azərbaycanın müdafiə qüdrətini möhkəmləndirmək, Azərbaycan Ordusunu gücləndirmək ucun bundan sonra da bütün imkanlarını sərf edəcək, keçmişdə olduğu kimi, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, xalqımızın xoşbəxt gələcəyi uğrunda mübarizədə daim on cərgədə olacaqdır.
Bilirəm ki, zavodunuzun işində bəzi çətinliklər var. İstehsal etdiyiniz bəzi məhsulları istədiyiniz kimi sata, başqa yerlərə göndərə bilmirsiniz. Başqa çətinlikləriniz də var. Ancaq onu da bilirik ki, zavodunuzda elə təcrübəli, bilikli, bacarıqlı mütəxəssislər, mühəndislər, texniklər, fəhlələr, idarəetmə işçiləri toplaşmışdır ki, onlar bütün bu çətinlikləri aradan qaldıracaqlar.
İndi respublikanın iqtisadiyyatı dərin böhran keçirir. Son illərdə respublikada gedən dağıdıcı proseslər, müharibə iqtisadiyyata böyük zərbə vurmuşdur. Bu vəziyyətdən çıxmaq ucun biz bir çox tədbirlər görürük. İyunun 15-də mən yeni bir fərman imzalamışam. Siz zəhmət adamları bilməlisiniz ki, bizim bütün fəaliyyətimiz respublikanı bu böhran vəziyyətindən çıxarmağa yönəldilmişdir. Biz bu yolla gedirik və gedəcəyik.
Bilin ki, yaman günün ömrü az olar. Biz bu ağır vəziyyətdən çıxacağıq. Ancaq ən başlıca, mühüm məsələ, ən əsas vəzifə respublikanı müharibə vəziyyətindən çıxarmaqdır. Ona görə biz hamımız bütün bu əzab-əziyyətə dözməli, respublikamızı müharibədən çıxarmalı, xalqımızın xoşbəxt gələcəyi ucun əsas yaratmalıyıq. Sizi əmin etmək istəyirəm ki, biz bu sahədə çox ciddi tədbirlər görürük. Mən respublikanın xoşbəxt gələcəyini görürəm və əmin ola bilərsiniz ki, biz bunların hamısına nail ola biləcəyik.
Azərbaycan xalqı dözümlü, dəyanətli xalqdır. Sizin hamınıza daha da dözümlülük, dəyanətlilik arzulayır, hamınızı milli həmrəyliyə, milli birliyə dəvət edirəm. Respublikanın bu ağır dövründə hamı birləşməli, hər yerdə - həm cəbhədə, həm arxada hamı bir istiqamətdə - Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək, ərazi bütövlüyünü təmin etmək, respublikanı müharibə vəziyyətindən, Azərbaycan xalqını ağır sosial-iqtisadi böhrandan çıxarmaq istiqamətində fəaliyyət göstərməlidir. Bundan ötrü lazımi tədbirlər görülür və görüləcəkdir.
Zavodunuzun 100 illiyi münasibətilə sizi təbrik edir, bu dövrdə müəssisədə çalışmış bütün nəsillərin nümayəndələrinə dövlət adından minnətdarlığımı bildirirəm. Bu gün zavodda çalışan bütün kollektivə dövlət adından təşəkkür edir, hamınıza cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.