Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qərb ölkələrinin neft şirkətləri ilə bağlanacaq saziş ilə əlaqədar keçirdiyi brifinqdə jurnalistlər qarşısında bəyanatı - 16 sentyabr 1994-cü il


Hörmətli jurnalistlər, mətbuat işçiləri!

Üç ildən artıqdır ki, respublika Dövlət Neft Şirkəti ilə Qərb ölkələrinin neft şirkətləri arasında Azərbaycanın Xəzərdə olan neft yataqlarının müştərək istismar olunması haqqında danışıqlar aparılır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ayrı-ayrı Qərb ölkələrinin neft şirkətləri ilə danışıqlar aparmış, sonra isə 1992-ci ildə həmin şirkətlər birləşib ümumi bir konsorsium təşkil etmişlər və danışıqlar bu konsorsiumla davam etdirilmişdir.

Bilirsiniz ki, 1993-cü il iyulun axırlarında Azərbaycanda müəyyən dəyişikliklər əmələ gələndən sonra, mən respublika Ali Sovetinin sədri olarkən, eyni zamanda Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən vaxt bu danışıqların dayandırılması haqqında qərar qəbul etmişdim. Bu qərar ona görə qəbul olundu ki, o vaxt gələn siqnallar, məlumatlar göstərirdi ki, artıq hazırlanmaqda olan müqavilə layihəsində müəyyən çatışmazlıqlar, səhvlər var və həmin layihə hazırlandığı şəkildə Azərbaycan Respublikası üçün əlverişli deyil. Bu məlumatları araşdırmaq, layihənin Azərbaycan Respublikasının mənafelərinə nə qədər uyğun olduğunu müəyyən etmək üçün mən həmin danışıqların dayandırılması haqqında qərar qəbul etdim. Bundan sonra respublika Dövlət Neft Şirkətində hazırlanmış materiallara bir daha baxdılar, müəyyən təhlillər aparıldı.

O vaxt Qərb neft şirkətlərinin prezidenti və başqa rəhbərləri Azərbaycana gəldilər, mənimlə təkbətək görüşdülər. Sonra isə Azərbaycanın neft sənayesində çalışan bizim alimlər, mütəxəssislər, bu sahənin rəhbərləri və bu işlə məşğul olan başqa şəxslər müəyyən bir toplantıya yığışdılar. Biz orada geniş danışıq apardıq və mən Azərbaycanın bu barədə mövqeyini bəyan etdim. Orada müqavilələrin dayandırılması səbəbləri aydınlaşdırıldı - yəni mən bunun səbəblərini dedim və Qərb şirkətlərini əmin etdim ki, onlar narahat olmasınlar, bu iş davam edəcək, ancaq neft Azərbaycanın ən böyük, ən dəyərli sərvəti olduğuna görə bu məsələyə dərindən baxmaq, ətraflı müzakirə etmək lazımdır. Belə bir saziş əldə olundu və bundan sonra işlər davam etdirildi.

Azərbaycan Dövlət Neft Şirkəti bu işləri aparmaq üçün ilk mərhələdə Qərb ölkələrinin bitərəf ekspertlərini - Amerika Birləşmiş Ştatlarından, Kanadadan və digər ölkələrdən ekspertləri cəlb etdi. Bu məsələlər onların iştirakı ilə təhlil, müzakirə olundu. Sonra danışıqlar Londonda bir müddət yenidən başlandı. Ancaq Londonda gedən danışıqların nəticələri mənə təqdim olunarkən mən bunların Azərbaycan Respublikasının milli mənafelərinə yenə də uyğun olmadığını görərək, orada hazırlanmış layihəni kənara qoydum və onu qəbul etmədim.

Bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti mənim tapşırığımla respublikanın alimləri, mütəxəssisləri ilə, neft sənayesində çalışan təcrübəli adamlarla birlikdə Azərbaycanın bu danışıqlarda mövqeyini bir daha müəyyənləşdirdi. Onlar Azərbaycan Respublikasının Prezidenti kimi mənə rəsmi raport yazaraq öz təkliflərini verdilər ki, Azərbaycan Respublikası bu danışıqları hansı prinsiplər əsasında davam etdirə bilər. Mən bu prinsiplərə baxıb təhlil edəndən, bizim rəhbər orqanlarda məhz bu işlərlə məşğul olan məsul şəxslərlə məsləhətləşəndən sonra bu il fevralın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin danışıqları həmin prinsiplər əsasında davam etdirməsi barədə fərman verdim. Azərbaycan Dövlət Neft Şirkətinə, onun prezidenti Natiq Əliyevə bilavasitə səlahiyyət verdim ki, o, bu danışıqları davam etdirsin və təqdim olunan təkliflər əsasında aparsın. Bundan sonra işin yeni mərhələsi başlandı.

Azərbaycan Dövlət Neft Şirkəti Qərb ölkələrinin neft şirkətləri ilə danışıqları Bakıda apardı. Sonrakı mərhələdə Qərb neft şirkətlərinin xahişi ilə bu danışıqlar Türkiyə Respublikasının İstanbul şəhərində getdi və iyulda sona çatdı. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev iyul ayında mənə bu danışıqların nəticəsi haqqında yenə də yazılı məruzə verdi. Həmin məruzəyə baxıb təhlil etdikdən sonra mən belə qərara gəldim ki, bu danışıqlar zamanı əldə olunmuş razılıqlar əsasında müqavilələrin hazırlanması mərhələsinə başlamaq olar.

Mən o vaxt həm Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərlərini - prezidenti, prezidentin müavinlərini və sonra Dövlət Neft Şirkətinin Qərb ölkələrinin neft şirkətləri ilə danışıq aparan heyətini bütün tərkibdə qəbul etdim. Onları dinləyəndən sonra bu heyəti Qərb neft şirkətlərinin danışıq aparan nümayəndələri ilə birlikdə qəbul etdim. Həm Azərbaycan Dövlət Neft Şirkətinin rəhbərliyi və danışıqlar aparan nümayəndə heyətinin tərkibinə daxil olan şəxslərin hamısı, həm də Qərb neft şirkətləri konsorsiumunun nümayəndələri mənə məlumat verdilər ki, İstanbulda aparılan danışıqlarda tərəflər arasında razılıq əldə olunub. Ona görə də bu razılıq əsasında müqavilənin layihəsini hazırlamaq mümkündür. Mən bununla razı oldum və razılıq verdim ki, Azərbaycan Dövlət Neft Şirkətinin Qərb neft şirkətləri konsorsiumu ilə, onların nümayəndəsi ilə İstanbul danışıqlarının sona çatması və müqavilə layihəsinin hazırlanmasına başlanması haqqında Bakıda protokol imzalansın. Belə bir protokol iyulun ortalarında burada imzalandı.

İyulun 21-də Azərbaycan Dövlət Neft Şirkətinin danışıqlar aparan heyəti Qərb neft şirkətləri konsorsiumunun dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərinə getdi. Orada 45 gün layihənin hazırlanması üzərində işlədilər. Oradan daim aldığımız məlumatlardan və nəhayət, nümayəndə heyətimiz Bakıya qayıdandan sonra onların verdiyi məlumatlardan aydın oldu ki, layihənin üzərində işləyərkən bir çox çətinliklər meydana çıxmışdır. Azərbaycan Dövlət Neft Şirkətinin səlahiyyətli heyəti bu çətinlikləri aradan qaldırmağa çalışmışdır. Mən hesab edirəm ki, onların çalışqanlığı, səriştəliliyi nəticəsində bu gərgin vəziyyətdə çətinliklər aradan qaldırılmış və nəhayət, müqavilənin layihəsi hazır olmuşdur.

Nümayəndə heyətimiz Hyustondan qayıdandan sonra mən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyevi qəbul etdim. O, Hyuston danışıqlarının nəticəsi haqqında, orada baş vermiş çətinliklər və onların aradan qaldırılması barədə mənə yazılı məlumat təqdim etdi, izahat verdi. Eyni zamanda Azərbaycan Dövlət Neft Şirkəti nümayəndə heyətinin fikrini bildirdi ki, hazırlanmış layihələr imzalana bilər. Sonra mən bu məsələləri və əldə olunan nəticələri Azərbaycan dövlətinin rəhbər dairələri - Ali Sovetin, Nazirlər Kabinetinin rəhbərləri ilə, Prezident Aparatında bu işlərlə məşğul olan məsul şəxslərlə, əlaqədar nazirliklər, nazirlərlə müzakirə etdim. Nəhayət, qərar qəbul etdim ki, hazırlanmış layihəni imzalamaq olar. Mən bu barədə müvafiq fərman vermişəm. Bu məlumatı ictimaiyyətə rəsmi çatdırmaq üçün də sizi - mətbuat nümayəndələrini buraya dəvət etmişəm.

Mənim qəbul etdiyim qərar, verdiyim fərman belədir ki, Qərb Neft Şirkətinin Konsorsiumu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında hazırlanmış müqavilə bu il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında imzalanacaqdır.

Uzun illər, yəni üç ildən artıq aparılan iş, mən hesab edirəm ki, müsbət nəticə vermişdir. Şübhəsiz ki, təqdim olunan müqavilə layihəsi bizim bütün istəklərimizi, arzularımızı təmin etmir. Aydındır, mən bunu dəfələrlə bəyan etmişəm, bu gün də - layihə hazır olandan və bu barədə qərar qəbul edəndən sonra da demək istəyirəm ki, biz indi də, gələcəkdə də Azərbaycanın təbii sərvətlərindən, xüsusən, ən böyük təbii sərvətimiz olan neft yataqlarından çox ehtiyatlı, səriştəli istifadə olunmasına çalışmalıyıq. Çalışmalıyıq ki, bu sərvətlərdən Azərbaycan xalqının bu günü və gələcəyi üçün maksimum mənfəət götürək.

Mən bu prinsipləri həmişə əsas tutmuşam, bu gün də əsas tuturam. Həmin prinsiplər baxımından, şübhəsiz ki, bütün istəklərimiz, arzularımız bu layihədə əks olunmayıb. Biz həmin layihədən bundan artıq mənfəət götürmək istəyirik. Ancaq bilirsiniz, müştərək iş görmək belədir ki, hər iki tərəf öz mənfəətini götürməyə çalışır və götürməlidir. Əgər qarşılıqlı mənfəət prinsipi olmasa, şübhəsiz ki, saziş də, müqavilə də ola bilməz.

Bilirsiniz ki, "AMOKO", "Britiş Petroleum", "Statoyl", "Pennzoyl", "Remko", Yunokal", "Makdermot" Qərb neft şirkətidir. İştirakçı şirkətlərin biri Türkiyə, digəri - "LUKoyl" Rusiya şirkətləridir. Qərb şirkətləri çox böyük neft şirkətləridir, dünyanın bir çox regionlarında neftçıxarma işi ilə məşğul olurlar.

Şübhəsiz ki, bunlar Azərbaycana öz mənfəətləri üçün gəliblər, - bu təbiidir və onlar öz mənfəətlərini həyata keçirməyə çalışıblar. Azərbaycan tərəfi də ilk dəfə, hər halda bizim əsrimizdə, - keçmiş vaxtlarda da Azərbaycanda neft hasilatında yabançı, əcnəbi ölkələrin şirkətləri iştirak ediblər. Bilirsiniz ki, 1920-ci ildən sonra belə olmayıb, - ilk dəfə belə bir böyük sazişin, layihənin əldə olunmasına doğru gedir. Şübhəsiz ki, bir il içərisində, şəxsən mənim bu məsələyə qarışmağım nəticəsində aparılan əlavə işlər ancaq və ancaq Azərbaycanın bu sazişdə maksimum mənfəət əldə etməsinə yönəldilmişdir.

Mən hesab edirəm ki, bizim bütün istəklərimiz bu layihədə əks olunmasa da, ancaq təqdim edilən layihə Azərbaycan Respublikasının, Azərbaycan xalqının iqtisadi mənafelərini bu gün də, gələcəkdə də təmin edir və ona görə də mən bu müqavilənin imzalanması haqqında qərar vermişəm.

Bu layihə böyükdür, onun haqqında danışmağa ehtiyac yoxdur. Ancaq bir neçə iqtisadi göstəriciləri sizə çatdırmaq istəyirəm. Birinci müqavilə Azərbaycanın Xəzərdə olan neft yataqlarının istifadə edilməsi, yəni neftin müştərək çıxarılması və çıxarılan neftin bölünməsi ilə əlaqədardır. Bu neft yataqları "Çıraq", "Azəri", və "Günəşli" yataqlarıdır. Bilirsiniz ki, indi "Günəşli"yatağını biz istismar edirik və oradan təxminən 6,5 milyon ton neft hasil edirik. Ancaq "Günəşli" yatağının bir hissəsindən - dənizin çox dərin sahəsində yerləşən hissəsindən istifadə edə bilmirik. Yatağın həmin hissəsi bu konsorsiumda müştərək istifadə olunmaq üçün verilir.

Demək, "Azəri" yatağı bütövlükdə, "Çıraq" yatağı bütövlükdə, "Günəşli" yatağının isə suyun dərinliyi 200 metrdən çox olan hissəsi - bu yataqlardan müqaviləyə əsasən 511 milyon ton neft çıxarılacaqdır.

Müqavilə 30 il müddətinə nəzərdə tutulmuşdur. 511 milyon ton neft həmin 30 il ərzində çıxarılacaqdır. Bu müqaviləni həyata keçirmək üçün kapital qoyuluşunun 80 faizini Qərb şirkətləri, yəni bu konsorsiuma daxil olan şirkətlər təmin edəcəklər. Kapital qoyuluşu bugünkü qiymətlərlə təxminən 7,4 milyard dollardır. Çıxarılan neftin 253 milyon tonu Azərbaycana çatacaqdır.

Mən başqa iqtisadi rəqəmlər gətirmək istəmirəm, lakin dolların bugünkü məzənnəsini nəzərə alsaq, onda görərik ki, bu müqavilənin həyata keçirilməsindən Azərbaycan 34 milyard dollar məbləğində mənfəət götürəcəkdir. Şübhəsiz ki, bu 30 il müddətində dolların da məzənnəsi dəyişəcəkdir. Bu halda müəyyən nisbətdə bu rəqəmlər də dəyişə bilər.

Müqavilənin ən mühüm cəhətlərindən biri də budur ki, neftlə bərabər qaz da çıxarılır. Bunun nə demək olduğunu siz bilirsiniz. Ola bilər ki, bu, bəzilərinə məlum deyildir. Bir var ki, quyulardan birbaşa qaz çıxır, bir də var ki, quyuların əksəriyyətindən neftlə bərabər qaz da çıxarılır. Hesablamalar göstərir ki, bu müddətdə 55 milyard kubmetr qaz hasil olunacaqdır. Onun hamısı Azərbaycana çatacaqdır, yəni bu qaz daha bölünməyəcəkdir. Həmin üç yataqla konsorsiumla müştərək surətdə neft çıxarılan dövrdə Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan Respublikası özü orada müstəqil olaraq qazma işləri apararaq qaz çıxara bilər və bu qaz da yalnız onun özünün olacaqdır.

Ola bilər ki, qazın çıxarılması haqqında da gələcəkdə hər hansı bir şirkətlə, yaxud elə bu konsorsiumun özü ilə müəyyən saziş bağlansın. Onu demək istəyirəm ki, həmin yataqlardakı qazın hamısı, eləcə də neftlə yanaşı çıxan qazın hamısı Azərbaycana çatacaqdır.

Mənə elə gəlir ki, iqtisadi göstəricilər bundan ibarətdir. Azərbaycan Dövlət Neft Şirkəti "Çıraq" neft yatağında bir platforma qurmuşdur. Amma o platforma hələ istifadə edilmir. Onun istismarı da bu konsorsiuma həvalə olunur. Bunun da müəyyən şərtləri var.

Dediyim kimi, müqavilə 30 il müddətinə imzalanır. Şübhə yoxdur ki, iş başlanandan sonra ayrı-ayrı mərhələlərdə işin gedişindən asılı olaraq çıxarılan neftin miqdarı artacaqdır. Mən sizə hansı rəqəmləri gətirə bilərəm? Müqaviləyə görə, "Çıraq" neft yatağındakı platformadan neft çıxarılması 18 ay ərzində təmin ediləcəkdir. Bu, Qərb Konsorsiumu ilə Azərbaycan Dövlət Neft Şirkətinin birgə çıxardığı neft olacaqdır. Bütün bu yataqlarda neftin çıxarılması üçün işlər 48 ay ərzində görülüb başa çatdırılacaqdır. 54 aydan sonra isə bütün yataqlardan neft çıxarılması təmin ediləcəkdir. Yəni bu 54 ay ərzində neft nəql edilən boru kəməri çəkilib qurtaracaq və bundan sonra çıxarılan neftin Qərb şirkətlərinə düşən payını onlar istədikləri yerlərə apara biləcəklər.

Beləliklə, hamı gərək açıq-aydın bilsin ki, bu müqavilə necə həyata keçiriləcəkdir. Müqavilənin həyata keçirilməsinə başlanması da çox prinsipial məsələdir. Aparılan danışıqlar nəticəsində belə bir razılıq əldə olunmuşdur ki, müqavilə imzalanandan sonra Azərbaycan parlamenti tərəfindən təsdiqlənəcək və elə həmin gündən qüvvəyə minəcəkdir, yəni Qərb şirkətləri Konsorsiumu Azərbaycan Dövlət Neft Şirkəti ilə artıq işə başlamalıdır. Müqavilənin həyata keçirilməsinə başlanması vaxtı həmin gündən hesab ediləcəkdir. Ümidvaram ki, bu müqaviləni imzaladıqdan az müddət sonra parlament də onu nəzərdən keçirib təsdiqləyəcəkdir.

Bütün bu mənfəətdən savayı, Qərb neft şirkətlərinin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Dövlət Neft Şirkəti ilə müştərək iş aparması iqtisadiyyatımızda böyük dəyişikliklər əmələ gətirəcəkdir. Birinci dəyişiklik bundan ibarətdir ki, bununla biz xarici ölkələrin Azərbaycanda investisiya qoymasına böyük yol açırıq. Heç də az investisiya qoyulmayacaq, - onun məbləği 7,4 milyard dollar olacaqdır. Bu, çox böyük məbləğdir.

Azərbaycanın azad iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getməsi üçün, dünya iqtisadiyyatına sıx bağlanması üçün bu sənədin çox böyük əhəmiyyəti var. Azərbaycan özünün həm ictimai-siyasi həyatında, həm də iqtisadiyyatında bir demokratik respublika kimi bütün dünya miqyasında daha çox tanınacaq və bu, öz əksini əməli surətdə tapacaqdır.

Əlbəttə, burada müqavilənin həyata keçirilməsi üçün çox böyük işlər görüləcəkdir, neft yataqlarında iri platformalar tikiləcəkdir. Bildiyiniz kimi, bu platformaların tikilməsi üçün 80-ci illərin əvvəllərində nəhəng dərinlik özülləri zavodu inşa edilmişdir. Sizə bildirmək istəyirəm ki, o vaxtlar həmin zavodun Azərbaycanda tikilməsi üçün şəxsən mən çox səy göstərmişəm və bu müəssisənin Bakıda inşa edilməsi Azərbaycan üçün böyük qənimətdir. O vaxtlar zavod keçmiş Sovet İttifaqının bütün dənizlərində neft quyuları qazmaq, neft çıxarmaq üçün platformalar hazırlayan yeganə müəssisə idi. Biz zavodun məhz Azərbaycanda tikilməsinə çox çətinliklə nail olduq. Onun alınması üçün o vaxtın dəyəri ilə 400 milyon dollar xərcləndi. Amma indi biz bu zavoddan istifadə edə bilmirik. Çünki o, yenidən qurulmalıdır. Müqavilə qüvvəyə mindikdən sonra bu müəssisə tamamilə yeni bir fəaliyyətə başlayacaqdır. Bundan ötrü orada əlavə işlər görüləcək, müəssisə yenidən qurulacaqdır. Onun buraxacağı platformalardan Xəzərin nəinki Azərbaycana aid hissəsində, həm də digər hissələrində suyun dərin yerlərindən neft çıxarılması üçün istifadə edilə biləcəkdir.

Ola bilsin, sizlərdən bəzilərinin yadındadır ki, 70-ci illərin təxminən ikinci hissəsində və 80-ci illərin əvvəllərində Azərbaycanda Xəzərin dərin yerlərindən neft çıxarmaq üçün biz "Şelf-1" və "Şelf-2" platformaları almışıq. Onlar Qərbdə hazırlanmış və buraya böyük çətinliklə gətirilərək istifadəyə verilmişdi.

İndi dərinlik özülləri zavodunda onlardan da nəhəng platformalar istehsal ediləcəkdir. Odur ki, müəssisənin yenidən qurulması, genişləndirilməsi Azərbaycan iqtisadiyyatı üçün yeni bir sərvət olacaqdır. Bayaq dediyim kimi, onun məhsulundan Xəzərin digər ölkələrə aid olan hissələrində də istifadə ediləcəkdir.

Məsələ bununla bitmir. Böyük miqdarda neft çıxarmaq, bu nefti sahilə göndərmək və nəhayət, onun Qərb şirkətlərinə düşən hissəsini neft kəməri vasitəsilə nəql etmək üçün hələ çox işlər görülməli, iri qurğular yaradılmalı, nəhəng müəssisələr tikilməlidir. Söz yox ki, bunların hamısı yaradılacaqdır.

Bildiyiniz kimi, indi Azərbaycan neft çıxarmaq üçün keçmiş Sovet İttifaqından qalan qurğulardan, gəmilərdən istifadə edir. Bunların əksəriyyəti köhnəlmişdir, təzələrini almağa isə imkanımız yoxdur. Şübhəsiz, bu müqavilə qüvvəyə mindikdən sonra Xəzərdə müştərək işlər görülməsi üçün yeni gəmilər, tankerlər, yeni qurğular alınıb gətiriləcəkdir. Bunların hamısı da gələcəkdə yenə Azərbaycanın sərvəti olacaqdır.

Yadımdadır, hələ 70-ci illərdə Neft daşlarında qurulmuş estakadaların bərbad vəziyyətə düşməsi bizi bərk narahat edirdi və o vaxtlar çox çalışırdıq ki, həmin estakadaları dəyişdirib təzələyək. Amma buna vəsait çatmırdı və ona görə də səy göstərirdik ki, Sovet İttifaqının paytaxtından, Moskvadan əlavə vəsait alıb estakadaları dəyişdirək. Yadıma düşən bu hadisələr 15-20 il bundan əvvəl olmuşdur. Təsəvvür edin ki, bu estakadalar indi nə vəziyyətə düşmüşdür. Bunların hamısını bərpa etmək, yararlı hala salmaq üçün bizə çox böyük məbləğdə vəsait gərəkdir. Şübhəsiz ki, bu işlərin də hamısı görüləcəkdir.

"Azəri", "Çıraq", "Günəşli" neft yataqlarından savayı bizim digər yataqlarımız da var. Onların da gələcəkdə istismar edilməsi qarşımızda bir vəzifə kimi durur. Buna görə də Qərb neft şirkətlərinin ən müasir, ən yüksək səviyyədə olan texnikasının və texnologiyalarının Azərbaycana gətirilməsi, burada tətbiq edilməsi həm neft sənayemizdə texnikanın və texnologiyanın inkişafına təkan verəcək, həm də gətirilən bütün bu avadanlıq gələcəkdə Azərbaycanın sərvəti olacaqdır. Yəni biz onlardan 30 il müddətində müştərək istifadə edəcəyik və sonra bütün bu texnika və texnologiyalar respublikamıza qalacaqdır.

Əlbəttə, nəzərdə tutulan işlərin hamısını yerinə yetirmək üçün xeyli mütəxəssis lazım olacaqdır. Belə ki, həm neftayırma və maşınqayırma zavodlarımız işləyəcək, digər müəssisələrimiz müəyyən işlər görəcək, həm də sənayenin başqa sahələri fəaliyyət göstərəcəkdir. Sənayemizin bütün sahələrinin tam gücü ilə işləməsi iqtisadiyyatımızın inkişafına, şübhəsiz çox böyük kömək edəcəkdir. Bu layihənin həyata keçirilməsinə cəlb edilən mühəndislər, mütəxəssislər, iqtisadçılar, texniklər, fəhlələr, bir sözlə, bütün şəxslər həm yaxşı işə malik olacaq, həm də maddi cəhətdən yaxşı təmin ediləcəklər. Bütün bunlar Azərbaycanın həm bu günü, həm də gələcəyidir.

İndi biz doqquz milyon ton neft çıxara bilirik. Lakin sizə deməliyəm ki, bizim neft qurğularının, buruqlarımızın, yataqlarımızın böyük təmirə ehtiyacı var. Böyük işlər görülməsinə ehtiyacımız var. Bunları da görmək üçün bizə vəsait lazımdır. Bu konsorsiumdan alınan vəsait, payımıza düşən neftdən istifadə edilməsi neft sənayemizin həyatında yeni bir mərhələ açacaqdır.

Bütün bunlar Azərbaycanın həm bu günü üçün, həm də gələcəyi üçün olduqca gərəklidir. Bu müqavilənin imzalanması sayəsində qabaqcıl Qərb ölkələrinin çox təcrübəli şirkətləri ilə müştərək işə başlayacağıq və bunun həm iqtisadi, həm texniki, həm elmi, həm də digər müsbət nəticələrini hər kəs özü müəyyən edə bilər. Mən bunu özüm üçün müəyyən etmişəm və belə hesab edirəm ki, biz indi bu addımı atarkən Azərbaycanın bu günündən çox, gələcəyi üçün çalışırıq. Mən sizə bu rəqəmləri dedim - 18 ay, 48 ay, 34 ay. Göründüyü kimi, bunun çoxu gələcək nəsillər üçündür.

Əlbəttə, indi, yaxın vaxtlarda da böyük işlər görüləcəkdir. Elə bu işlərə başlanması Azərbaycanın həyatında da, iqtisadiyyatda da köklü dəyişikliklər əmələ gətirəcəkdir. Deməli, biz təkcə bu gün üçün, özümüz üçün yox, gələcək nəsillər üçün də çalışırıq. Ona görə də ümidvaram ki, bu 30 illik müqavilə yeganə müqavilə olmayacaqdır. Biz başqa müqavilələr də imzalayacağıq. Mən heç şübhə etmirəm ki, bunun da davamı olacaqdır. Yəni biz Azərbaycan xalqının XXI əsrdə həyatının, iqtisadiyyatının, rifah halının təmin edilməsi üçün çox ciddi, çox məsuliyyətli, və eyni zamanda, zənnimcə, çox gərəkli bir addım atırıq.

Bax, bunların hamısını nəzərə alaraq, Azərbaycan neft sənayesinin keçmiş tarixini də varaqlayaraq, Azərbaycanın neft sənayesi ilə 25 ildən artıq bir müddətdə məşğul olduğunu və bütün gördüyüm işləri, keçmiş Sovet İttifaqının neft sənayesinin düşdüyü vəziyyəti nəzərə alaraq, mən müqavilənin təqdim edilmiş indiki layihəsinin imzalanması barədə fərman vermiş, qərar qəbul etmişəm. Mən üzərimə böyük bir məsuliyyət götürürəm və onu bu gün də, gələcəkdə də daşımağa hazıram.

Mən sizi buraya bu məlumatları vermək üçün dəvət etmişəm. Əgər suallar olarsa, mən onlardan heç birinə cavab vermək istəmirəm. Hesab edirəm ki, söylədiyim bu sözlərlə bütün suallara cavab verdim. Mən bu müqavilənin əsas məğzini sizə çatdırdım və əgər biz onu sentyabrın 20-də imzalayırıqsa, deməli, bütün suallara cavab vermişəm. Müqavilə imzalandıqdan sonra kimin nə sualı varsa verə bilər. Sağ olun. Ayın 20-də sizi müqavilənin imzalanması mərasiminə dəvət edirəm.

"Azərbaycan" qəzeti, 17 sentyabr 1994-cü il.