"Müsyo Brikolac Azəryapı market" Ticarət Mərkəzinin açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 3 yanvar 1998-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Hörmətli dostlar, xanımlar və cənablar!

Bu gün, 1998-ci ilin ilk günlərində Bakıda əlamətdar hadisənin qeyd olunması üçün buraya toplaşmışıq. Burada, keçmişdən Bakının Qaraşəhər adlandırılan hissəsində abadlıq işlərinin davam etməsi məni çox sevindirir. Paytaxtımızın yaşlı sakinləri yaxşı bilirlər ki, Qaraşəhər adı vaxtilə məhz Bakının bu hissəsində, indi biz olduğumuz hissədə bir neçə neft emalı müəssisəsinin yaranması ilə əmələ gəlmişdir. Çünki o vaxt, XX əsrin əvvəlində yaranmış zavodlarda, istehsal müəssisələrində neft emal edilərkən atmosferə həm havanı çirkləndirən, zəhərləndirən, həm də havanın rəngini qara edən maddələr buraxılırdı. Burada evlərin çoxu qara rəng almışdı, küçələrdə, hətta ağacların yarpaqlarının üzərində qara rəng görünürdü. Ona görə də Bakının sakinləri bu yeri Qaraşəhər adlandırmışdılar.

Mən çox məmnunam ki, artıq Qaraşəhər anlayışı aradan qalxıb və bizim gənc nəslə mənsub olan soydaşlarımız, vətəndaşlarımız bəlkə də bunu heç bilmirlər. Mənim xatirimdədir, 1970-ci illərin təxminən ortasından biz bu Qaraşəhərin bütün iqlimini, atmosferini zəhərləyən zavodları, fabrikləri tədricən dağıtmağa başladıq və dağıtdıq. Onların yerində müasir texnologiyaya malik olan zavodlar, müəssisələr yaratdıq, bu ərazinin çox hissəsini isə yaşayış binaları tikilməsinə ayırdıq və burada yaşayış binaları tikildi. İndi demək olar ki, Qaraşəhərdən elə bir nişanə qalmayıbdır. Ancaq bəzi nişanələr var. O nişanələr - yerə hopmuş neft, mazut torpaqda qalıbdır və ərazinin bir neçə hissəsində torpaq hələ mazutludur, neftlidir, təmiz deyil. Ona görə də bu işi davam etdirmək lazımdır.

Ümumiyyətlə vaxtilə Bakının ətrafında neft mədənləri işləyərkən, quyulardan neft çıxarkən həm torpağın dağıdılması, həm də torpağa neft qarışması prosesi uzun illər olubdur. Vaxtilə biz onları aradan qaldırmaq üçün proqramlar yaratmışdıq, ancaq bəzi səbəblərə görə o proqramlar həyata keçirilməyib. Hesab edirəm, bu, hamımızın borcudur ki, biz təkcə indi olduğumuz yeri yox, ətraf sahələri də təmizləməliyik. Bəlkə nəzərdə tutulmuş geniş proqramların hamısını birdən-birə yerinə yetirmək mümkün olmayacaqdır. Amma bunu tədricən etməliyik.

Bu baxımdan burada, şəhərin Qaraşəhər adlanan bu hissəsində yeni müasir tipli mağazaların, müasir tipli sağlamlıq mərkəzinin yaranması bir çox cəhətdən əhəmiyyətlidir. Birinci növbədə yer təmizlənir, mazutlu neftlə çirklənmiş torpaq təmizlənir, yəni biz şəhərimizi təmizləyirik. İkinci tərəfdən də mazutlu, çirkli, qara torpaq olan yerdə, yaxud bu gün köhnə, yararlı olmayan binalar olan yerlərdə müasir tipli yeni binalar yaranır. Bunun özü də çox əhəmiyyətlidir. Ancaq bu gün onu da qeyd edək ki, bu binalar adi binalar deyil, bunlar bizim Bakının, respublikanın vətəndaşlarına böyük xidmət göstərən müəssisələrdir, mağazalardır. Demək, bunun əhəmiyyəti daha da yüksəklərə qalxır.

Mən burada tanış olduğumuz iki böyük kompleksi məhz bu baxımdan yüksək qiymətləndirirəm. Belə bir təşəbbüsü bəyənirəm və belə təşəbbüsün həyata keçirilməsi üçün vaxtilə mən də buna dəstək vermişəm. İndi çox məmnunam ki, bu, təkcə təşəbbüs kimi qalmayıbdır, bu təşəbbüs həyata keçirilibdir, yerinə yetirilibdir və bunun nəticəsini biz bu gün böyük sevinc hissi ilə qeyd edirik.

Burada "Rasmtor" supermarketi yarananda ilk dəfə böyük hadisə kimi qəbul olundu. Nəinki Bakıdan, hətta Azərbaycanın çox yerlərindən ölkəmizin vətəndaşları bu mağazaya gəlib buranı ziyarət etdilər, tanış oldular, ondan istifadə etdilər. Bu gün verilən məlumatlara görə buradan artıq səmərəli istifadə olunur və o, xalqımıza, vətəndaşlarımıza xidmət göstərir, xeyir gətirir. Bununla yanaşı, məhz bu yerdə ikinci böyük mağazanın yaradılması, bunun yanında sağlamlıq mərkəzinin yaradılması təqdirəlayiq hadisədir. Mən bunu yüksək qiymətləndirirəm. Eyni zamanda, bunu o cəhətdən qiymətləndirirəm ki, əgər "Ramstor" mağazası, ərzaq malları və başqa istehlak malları satan, ticarət edən bir mağazadırsa, bu gün açılan bu böyük mağaza, keçmişdən bizim öyrəndiyimiz bir söz var - universal mağazadır. Bu isə həqiqətən insanların böyük tələbatını təmin edə biləcək bir ticarət mərkəzidir.

İndi təkcə Bakıda yox, respublikamızın başqa şəhərlərində də ərzaq malları satmaq üçün, yaxud digər istehlak malları - paltar, ayaqqabı, başqa mallar satmaq üçün mağazalar çoxdur. Mən bir neçə gün bundan əvvəl Qələbə meydanının yanında bir ticarət mərkəzini ziyarət etdim. Bunu da Türkiyənin Azərbaycanda olan şirkəti yaradıbdır. Orada həddindən artıq cürbəcür mallar sərbəst satılır. Bu, bir orada deyil, başqa mağazalarda da satılır. Ancaq keçmişdə də olubdur, indi də var - bizim həmişə ticarətdə zəif cəhət o olubdur ki, hesab edilib ki, insanlara yalnız yemək-içmək malları satmaq lazımdır. Paltar, geyim, ayaqqabı da lazımdır. Amma insanların həyatı üçün çox lazım olan mallar, yəni təsərrüfat malları da lazımdır. Bizim dilimizdə buna təsərrüfat malları deyirlər.

Məsələn, bu mağazada toplanmış malların əhaliyə çatdırılması keçmiş zamanlarda da böyük problem olmuşdur. Vaxtilə məhz belə mağazalar, - burada qeyd olundu, - Azərbaycanda təsərrüfat malları satan mağazalar kimi yaranıbdır. "Ona min bir xırdavat" mağazası deyilirdi. Belə mağazalar yaradırdılar ki, əhalinin bu cəhətdən tələbatı ödənilsin. Ancaq onlar da bu tələbatın hamısını ödəyə bilmirdilər. Ona görə də indi burada olduğumuz mağazanın profili, yəni istiqaməti, əsas məqsədi insanlar üçün, onların həyatı üçün, yaşayışı üçün, evləri üçün, bağları üçün lazım olan çoxçeşidli malların buradan rahat alınmasıdır və onlara lazımi xidmətlər göstərilməsinin həm böyük ticarət əhəmiyyəti var, həm də böyük sosial əhəmiyyəti var.

Bilirsiniz, bir var insanların tələbatını ödəmək, bir də var ki, insanların tələbatını ödəyərkən onların həyatını daha da yüngülləşdirmək, onların tələbatının həyata keçməsi üçün şərait yaratmaq. Mən bu mağazanın içini gəzərkən bax, bunları müşahidə etdim, bunları gördüm. Bu, sadəcə o deyil ki, nə istəyirsən, gəl al. Birincisi, bunun özü çox əhəmiyyətlidir. On il bundan öncə Azərbaycanda kafel almaq üçün ora-bura müraciət edirdilər. Kimsə tanışlıqla bir yerdən kafel gətirirdi - biri Rusiyadan gətirirdi, biri vaxtilə Çexoslovakiyadan gətirirdi. O vaxt Azərbaycanda ən gözəl kafelə çex kafeli deyirdilər. Yəqin xatirinizdədir, kim evlərin hamamına tapıb çex kafeli qoya bilirdisə, özünü xoşbəxt hesab edirdi.

Yadımdadır, o vaxt tikilən evlərin hamam olan hissəsinə kafel vurulmurdu. Sadəcə olaraq rənglənirdi və hesab edirdilər ki, elə bundan da istifadə etmək olar. Bizim özümüz də belə şəraitdə yaşamışıq. Mənimlə işləyən həmkarlarım 15-20 il öncə belə şəraitdə yaşayıblar. Əgər onun evində sadə bir hamam olubsa onunla da razılaşıbdır. Kafelin olub-olmamasının heç bir əhəmiyyəti olmayıbdır. Görürsünüzmü, qısa bir zamanda həyat necə dəyişibdir. Amma gəlib buradan hansı kafeli - hansı rəng istəyirsən, hansı ölkədən gətirilmiş istəyirsən, ala bilərsən. Ancaq bir kafel deyil, başqa malların adını çəkmək istəmirəm. Bizim üçün keçmişdən yadda qalan kafeldir. Bəlkə də o vaxtlar bizim həyatımızda, məişətimizdə yaddaqalan şeylər olmayıbdır. Ona görə də belə bir mağazanın yaranması həm ticarət nöqteyi-nəzərindən, həm bizim əhalinin tələbatının ödənilməsi baxımından, həm də sosial nöqteyi-nəzərindən çox əhəmiyyətlidir, çox dəyərlidir. Mən bunu yüksək qiymətləndirirəm.

Bundan əvvəl tanış olduğumuz sağlamlıq mərkəzi də çox gözəldir. Şübhəsiz ki, bu mağaza bütün insanlara xidmət edəcəkdir. Kim istəyirsə, oraya da gedə bilər. Onsuz yaşamaq olar, amma bu mağazasız yaşamaq olmaz. Bu mağaza insanların gündəlik tələbatını ödəyən bir mağazadır.

Mən sizi təbrik edirəm. Bu gün gözəl mərkəzləri hazırlayıb əhalinin istifadəsinə verməyiniz münasibətilə və bunların açılışı münasibətilə sizi təbrik edirəm. Sizə bu cür işlərinizdə - həm bu mağazada, bu mərkəzdə, həm də gələcəkdə uğurlar arzulayıram.

Ancaq bu işlərin, bu nümunələrin mənası daha da dərindir. Birincisi, bu, açıq-aydın nümayiş etdirir ki, Azərbaycanda sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı, təşəbbüskarlıq geniş vüsət alıbdır. İnsanlar bunun üçün lazım olan şərait əldə ediblər, lazımi imkanlar yaranıbdır. İkincisi də insanlar bu işi artıq mənimsəyiblər və görə bilirlər, sərmayə, kapital qoyub böyük işlər yarada bilirlər.

Biz bir neçə ildir ki, bazar iqtisadiyyatını təbliğ edirik, onu Azərbaycanda tətbiq edirik. Dəfələrlə demişik və bu gün, 1998-ci ilin ilk günlərində bir daha bildirmək istəyirəm ki, iqtisadiyyatımızın bütün sahələrində gələcək yolumuz yalnız və yalnız onu bazar iqtisadiyyatı yolu ilə aparmaqdan, bazar iqtisadiyyatının prinsiplərini Azərbaycanın həyatında tam bərqərar etməkdən ibarətdir. Mən çox məmnunam ki, bu proses ardıcıl surətdə həyata keçirilir, öz nəticələrini verir. Bazar iqtisadiyyatı böyük bir kompleksdir. Burada həm sahibkarlıq, həm təşəbbüskarlıq, həm özəlləşdirmə, həm xarici sərmayənin gəlməsi, həm ayrı-ayrı vətəndaşların öz sərmayəsindən, imkanlarından istifadə etməsi - hamısı böyük kompleks təşkil edən bir prosesdir. Azərbaycanda bu proses respublikamızın konstitusiyası əsasında, qəbul etdiyimiz qanunlar əsasında, azərbaycan prezidentinin bu sahədə verdiyi fərmanların, qərarların əsasında, bir də bizim bu sahədə əməli fəaliyyətimiz nəticəsində həyata keçirilir. Azərbaycanda bazar iqtisadiyyatını tətbiq etmək üçün, yaratmaq üçün, inkişaf etdirmək üçün çox iş görmək lazımdır. Biz bu işlərin hamısını görürük və indi bazar iqtisadiyyatı üçün geniş meydan, geniş yollar açılıbdır. Kim bu işdə bacarıqlıdırsa, kim bu işi bacarırsa, o, irəliyə düşüb, gedib və biz də onu alqışlayırıq. Buna heç vaxt mane olmağa qoymarıq. Əksinə, belə təşəbbüskarlara, belə sahibkarlara biz həmişə kömək etmişik və kömək edəcəyik.

Azərbaycanda sahibkarlıq yaranır, sahibkarlar təbəqəsi yaranır. Bunun özü də əlamətdar, sevindirici bir haldır. Biz bunu istəyirik. Amma bu elə bir şey deyil ki, yuxarıdan məcbur edəsən ki, bu yaransın. Bu, insanların öz təşəbbüsü ilə yaranan bir şeydir. Sadəcə olaraq dövlət, hökumət bunun üçün şərait yaradır, imkanlar yaradır, qanunlar yaradır. İnsanlar isə bu imkanlardan, bu qanunlardan, bu şəraitdən istifadə etməlidirlər və beləliklə Azərbaycanda sahibkarlıq inkişaf etməlidir.

Biz 1997-ci ili başa vuraraq və indi 1998-ci ildə addımlayaraq sevinc hissi ilə deyə bilərik ki, respublikamızda geniş sahibkarlar dəstəsi yaranır, özəl sektor inkişaf edir. Mən keçən dəfə qeyd etdim ki, son iki ildə iqtisadiyyatımızda ümumi daxili məhsulun əldə olunmasında özəl sektorun payı 15 faizdən 40 faizə qalxmışdır. Kənd təsərrüfatı məhsullarının istehsal olunmasında özəl sektorun payı 80 faizə çatmışdır. Görürsünüz, qısa bir müddətdə nə qədər irəliləyiş var, özəl sektor nə qədər inkişaf edibdir.

Keçmiş iqtisadiyyatdan, ictimai mülkiyyətdən, ümumi ictimai iqtisadiyyatdan, dövlətin ictimai iqtisadiyyatından özəl sektora keçmək asan deyildir. Amma biz buna qısa müddətdə nail ola bilmişik. Bu, öz-özlüyündə çox əlamətdar haldır. Hesab edirəm ki, bu sahədə 1998-ci il daha da uğurlu il olacaqdır. Məhz elə bu ilə qədəm qoyarkən burada, bu özəl sektorun yaratdığı müəssisələrdə onu görürük ki, özəl sektor nə iş görə bilər, nə edə bilər, nə yarada bilər. Eyni zamanda bu, bir tərəfdən təbliğatdır, ikinci tərəfdən də başqalarına bu işə qoşulmağa imkan verir. Buna indiyə qədər kimsə şübhə edirdisə, şübhə etməsin.

Mən qeyd etdim ki, biz keçmişdə xalqın tələbatını ödəmək üçün belə mağazalar yaratmağa çalışırdıq. Mən keçmiş zamanlarda da Azərbaycanın rəhbəri olmuşam. Tam səmimiyyətlə deyirəm - o vaxt biz belə mağaza yarada bilməzdik. Bu, əgər dövlət sektorunda olsaydı, heç vaxt belə mağaza yaratmaq mümkün olmazdı. Təkcə biz yox, Sovetlər İttifaqının paytaxtı Moskvanın özündə o vaxt olan ən böyük mağaza buna bərabər ola bilməzdi. Bu ancaq bazar iqtisadiyyatının, özəl sektorun inkişafı nəticəsində, ikinci tərəfdən də Azərbaycanın qapılarının dünya iqtisadiyyatına açılması və Azərbaycanın sahibkarlarının, şirkətlərinin başqa ölkələrin şirkətləri ilə müştərək işləməsinin nəticəsində ola bilər. Özəl sektor təkbaşına bunu yenə də edə bilməzdi. Məsələn, çoxdan özəl sektorla məşğul olan İsgəndər Xəlilov bunu Azərbaycanda təkbaşına edə bilməzdi. Əgər onun Türkiyə şirkətləri kimi ortağı olmasa idi və müştərək iş görməsə idi, o bunu edə bilməzdi. Türkiyə şirkətləri də bunu özbaşına edə bilmirlər. Burada dedilər, onlar bu texnologiyanı Fransadan alıb gətiriblər. Bizim dostlarımız indi mənə dedilər ki, Türkiyədə ancaq İstanbulda belə bir ticarət mərkəzi vardır. İkincisini Azərbaycanda, Bakıda yaradıblar. Amma bilmirəm doğru dedilər, ya doğru demədilər. Bəlkə mənə xoş olmaq üçün dedilər ki, bu mağaza İstanbuldakı mağazadan daha da üstündür. Bu belədirsə, təbiidir. Çünki birincisini orada yaratmısınız, təcrübə əldə etmisiniz. İkinci addımı atanda, əlbəttə ki, birincidən yaxşı olacaqdır. Siz indi başqa bir yerdə də yaratmaq istəyirsiniz. Güman edirəm, o bundan da yaxşı olacaqdır. Buna da təəccüblənmək lazım deyil.

Bu ticarət mərkəzlərinin yaradılmasının bir xüsusi cəhəti də Azərbaycana xarici investisiyanın, sərmayənin gəlməsi, respublikamızda xarici şirkətlərin gəlib sərbəst iş görmək imkanları və bu müştərək iş nəticəsində Azərbaycana başqa ölkələrin, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin təcrübəsinin, texnologiyasının gətirilməsidir. Yenə də deyirəm ki, bu da Azərbaycanın qapılarının dünyaya açılması nəticəsində olmuşdur. Mən həmişə demişəm, bu gün də deyirəm ki, bizim qapılarımız xarici sərmayəçilər üçün, xarici investisiyalar üçün açıqdır. Bizim son illər apardığımız açıq qapı siyasətimiz Azərbaycana çox böyük nailiyyətlər gətiribdir. Bunlardan biri də bu gün gördüyünüzdür. Bu da respublikamızda özəl sektorun inkişaf etməsi, eyni zamanda Azərbaycanın başqa ölkələrin özəl sektoru ilə müştərək iş görməsi ilə bağlıdır. Biz bunun əməli nəticəsini görürük. Hesab edirəm ki, 1998-ci ildə bu sahədə yeni uğurlarla rastlaşacağıq.

Bu işlərdə Türkiyə ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın inkişaf etməsini də biz məmnuniyyət hissi ilə qeyd etməliyik. Biz bütün ölkələrlə iqtisadi əlaqələrimizi genişləndirmək, inkişaf etdirmək istəyirik. Ancaq bizim üçün dost, qardaş olan Türkiyə ilə iqtisadi əlaqələrimiz daha da sıx olmalıdır və biz çalışırıq ki, daha da sıx olsun. Azərbaycanda hamı bilir ki, ölkəmiz dövlət müstəqilliyini əldə etdikdən sonra respublikamıza ilk addım atan, ilk dəfə gələn Türkiyənin iş adamları olmuşlar. Türkiyənin iqtisadiyyatı ilk dəfə Azərbaycana daxil olmuşdur. Doğrudur, ola bilər, zaman etibarilə istərdik ki, Türkiyə-Azərbaycan iqtisadi əlaqələri daha da yüksək səviyyədə olsun. Əgər Türkiyə Azərbaycana ilk addım atan ölkədirsə, gərək bu müddətdə iqtisadi əlaqələrdə daha da yüksək göstəricilər əldə edə biləydik.

Mən hesab edirəm ki, biz əldə olunanları yüksək qiymətləndirməliyik və Azərbaycanın özəl şirkətinin Türkiyənin bir neçə özəl şirkəti ilə həm "Ramstor" mağazasında, həm sağlamlıq mərkəzində, həm burada müştərək iş görməsi, Türkiyənin şirkətlərinin burada yaxşı inşaat işləri aparması, - bunların hamısı Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etməsini göstərir. Bu da sevindirici haldır, bizim siyasətimizin nəticəsidir, həyata keçirdiyimiz əməli işlərin nəticəsidir. Bax, bunların hamısı birlikdə bugünkü hadisənin məzmunu və mənasıdır. Bunların hamısına görə, yəni kompleks olaraq məmnun olduğumu bildirirəm və sizin hamınızı, təkcə bu işi qurub-yaradanları yox, bu işə qoşulanları da təbrik edirəm. Güman edirəm ki, bu işlər davam etdiriləcəkdir.

Bu işlərin bir müsbət nəticəsi də olur ki, insanlar üçün yeni iş yerləri açılır. Məsələn, bu özəl şirkətlərdə minə yaxın adam işləyir. Qeyd olundu ki, bu ticarət mərkəzində 150 nəfər gənc çalışır. Bunlar, birincisi işlə təmin edilirlər. Demək, bunların maddi vəziyyəti də təmin olunur. Gənc insanlar müasir texnologiyanı mənimsəyirlər. Bizim Türkiyədən olan dostlarımız deyirlər ki, onlar gələcək işlərində burada təcrübə almış azərbaycanlılardan istifadə edəcəklər. Bunlar da çox əhəmiyyətli haldır. Yəni bütün bu yaranan ticarət, istehsal, məişət xidməti müəssisələri Azərbaycanda yeni iş yerlərinin açılmasını təmin edir və təmin etməlidir. Bu da görülən işlərin ən mühüm sosial cəhətidir, əhəmiyyətidir. Bunlara görə də sizi təbrik edirəm. Sizə gələcək işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, sizin mağazanızın qapısı daim açıq olacaqdır, insanlar buraya gələcək, buradan faydalanacaqlar və hamısı sizə dua oxuyacaq.

Sizi Yeni il münasibətilə bir daha təbrik edirəm, hamınıza cansağlığı, səadət arzulayıram və bütün işlərinizdə uğurlar diləyirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 4 yanvar 1998-ci il.