Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1999-cu il üçün dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş respublika müşavirəsində giriş nitqi - Prezident sarayı, 17 dekabr 1998-ci il


Hörmətli müşavirə iştirakçıları!

Bugünkü müşavirə ölkəmizin 1999-cu il üçün büdcəsinin layihəsinin müzakirəsinə həsr olunmuşdur. Büdcənin layihəsi Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və başqa müvafiq nazirliklər tərəfindən hazırlanıbdır. Nazirlər Kabineti büdcənin layihəsini müzakirə edib, təqdim edibdir. Büdcə layihəsi bizim tərəfimizdən ətraflı müzakirə edilibdir, təhlil olunubdur. Ancaq mən layihəni müzakirə, təsdiq etmək üçün Milli Məclisə göndərməzdən əvvəl onun geniş şəkildə müzakirə olunmasını zəruri hesab etdim. Çünki 1998-ci ilin büdcəsinin yerinə yetirilməsində qüsurlar çoxdur. Biz noyabrın 6-da Nazirlər Kabinetinin geniş iclasında bu barədə ətraflı danışdıq. Ondan sonrakı dövrdə bu məsələlər ətraflı təhlil edilir.

1999-cu ilin büdcəsi layihəsinin yaranması bir çox çətinliklərlə üzləşibdir. Bunların obyektiv səbəbləri də vardır. Eyni zamanda, 1998-ci ilin büdcəsinin yerinə yetirilməsində buraxılan nöqsanlar 1999-cu ilin büdcəsinin tərtib olunmasında da çətinliklər, gərginliklər yaradıbdır. Ona görə də biz bu gün büdcənin layihəsini burada birlikdə müzakirə edib müzakirə, təsdiq üçün Milli Məslisə təqdim edərkən 1999-cu ilin büdcəsinin yerinə yetirilməsi haqqında lazımi tədbirlər görməliyik və bunu indi görməliyik, gecikdirməməliyik. Biz həm 1998-ci ilin son günlərini uğurla başa çatdırmalıyıq, həm də 1999-cu ilin büdcəsinin yerinə yetirilməsini təmin etmək üçün lazımi tədbirlər görməliyik. Mən bütün bunlara görə bu gün belə bir geniş müşavirənin keçirilməsini qərara almışam.

Müşavirəyə Prezident Aparatının məsul işçiləri, Nazirlər Kabinetinin üzvləri, konsern və şirkətlərin, böyük istehsal, sənaye müəssisələrinin rəhbərləri, şəhər və rayonların icra hakimiyyətinin başçıları, başqa icra orqanlarının nümayəndələri dəvət ediliblər. Eyni zamanda, Milli Məclisin rəhbərliyi, Milli Məclisin komissiyalarının sədrləri də bu müzakirəyə dəvət olunublar.

Güman edirəm ki, Azərbaycanın ümummilli, ümumölkə məsələsini burada hamımız birlikdə bir daha müzakirə etsək, büdcənin layihəsini daha da təkmilləşdirə bilərik və xüsusən, 1999-cu ilin büdcəsini yerinə yetirmək üçün lazımi tədbirlərin görülməsi barədə fikir mübadiləsi apara bilərik. Bugünkü müşavirə bu məqsədi daşıyır.

Yekun nitqi

Müşavirə başlanarkən bildirdim ki, Azərbaycanın 1999-cu il üçün hazırlanmış büdcə layihəsi bizim tərəfimizdən baxılıbdır, qəbul olunubdur, müzakirə və təsdiq üçün Milli Məclisə göndərilir. Bugünkü müşavirə və çıxışlar, müzakirələr bir daha təsdiq edir ki, layihə 1999-cu ildə Azərbaycanın sosial-iqtisadi inkişafını təmin etmək üçün yararlıdır. Əgər belə bir büdcə layihəsi Milli Məclis tərəfindən təsdiq olunarsa, Azərbaycanın iqtisadiyyatı 1999-cu ildə bunun əsasında inkişaf edəcəkdir. Mən inanıram ki, Milli Məclis büdcə layihəsinə diqqətlə baxacaqdır və onu qısa bir zamanda təsdiq edəcəkdir.. Ancaq bunun səbəbləri də vardır. Nazirlər Kabineti bu layihəni artıq hazırlamışdır. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı ilə bir neçə məsələləri də nıüzakirə etmək lazım idi. Dünya Bankının missiyası bu yaxın günlərdə Azərbaycanda olmuşdur, Nazirlər Kabineti ondan sonra büdcə layihəsini mənə təqdim etmişdir. Güman edirəm ki, büdcə layihəsinə dekabrın qarşıdakı günlərində baxıla bilər və o, qəbul oluna bilər.

Bu gün burada həm 1998-ci il dövlət büdcəsinin yerinə yetirilməsi, ölkəmizin iqtisadiyyatının inkişafı, həm də 1999-cu il büdcəsinin göstəriciləri ilə əlaqədar bir çox rəqəmlər bir daha elan olundu. Biz üç il bundan əvvəl belə rəqəmlər haqqında danışa bilməzdik və danışmırdıq da. Çünki Azərbaycanın iqtisadiyyatı ilbəil aşağı düşürdü, tənəzzülün qarşısını almaq mümkün deyildi. 1990-1991-ci illərdən başlamış iqtisadi-sosial böhran davam edirdi. Sənaye, kənd təsərrüfatı istehsalı, ümumi daxili məhsul və başqa iqtisadi göstəricilər ilbəil aşağı düşürdü.

Bunların hamısı məlumdur və statistika göz qabağındadır. Biz bütün bu çətinliklərin qarşısını ala bildik, 1996-cı ildə iqtisadiyyatda sabitliyə nail olduq. 1997-1998-ci illərdə artım mövcuddur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etmiş başqa ölkələrə nisbətən daha da ağır problemlər içərisindədir. Ərazilərimizin bir qismi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bir milyondan artıq azərbaycanlı öz yerindən-yurdundan didərgin düşübdür, onların əksəriyyəti çadırlarda yaşayır. Bunlar hamısı Azərbaycanın iqtisadiyyatına çox mənfi təsir göstərən amillərdir. Amma bunlara baxmayaraq, biz iqtisadiyyatda tənəzzülün qarşısını aldıq və inkişafı təmin etdik. İndi inkişaf yolu ilə gedirik. 1998-ci il başa çatır. Məmnuniyyətlə deyə bilərik ki, biz 1998-ci ildə inkişafa nail olmuşuq. Burada elan olunan rəqəmlər də bunu göstərir. Ümumi daxili məhsul ötən 11 ay müddətində 9,4 faiz, sənaye istehsalı 1,9 faiz, kənd təsərrüfatı istehsalı 3,3 faiz, kapital qoyuluşu 47 faiz artmışdır. Bunların nəticəsində respublika əhalisinin rifahı yaxşılaşmışdır.

Ötən müşavirələrdə artıq deyilmişdir ki, son üç il müddətində respublikada orta əmək haqqı 47 min manatdan 167-170 min manata çatıbdır, pensiyalar artıbdır. Burada rəqəm elan olundu, ötən üç il müddətində pensiyalar üçün ayrılan vəsaitlər 460 milyard manat artmışdır. Bunlar hamısı faktlardır, konkret rəqəmlərdir. Bunlar Azərbaycanın bugünkü reallığıdır. Bütün bunların nəticəsində 1999-cu il üçün hazırlanmış büdcə layihəsi optimaldır. Şübhəsiz ki, o gərgindir və onun həyata keçirilməsi çox gərgin iş tələb edəcəkdir. Ancaq eyni zamanda o realdır. Biz həmin büdcə ilə yaşaya bilərik və onu həyata keçirə bilərik.

Bilirsiniz ki, 1998- ci ildə dünyanın bir neçə regionlarında baş vermiş maliyyə böhranı və xüsusən son aylarda Rusiyada baş vermiş maliyyə böhranı bütün başqa qonşu ölkələrə təsir etdiyi kimi, Azərbaycana da öz təsirini göstəribdir. Biz Rusiyada baş vermiş maliyyə böhranından çox böyük zərər çəkmişik, bu gün də zərər çəkirik. Güman edirəm ki, biz gələcək aylarda da bu zərəri hiss edəcəyik. Ancaq bizim iqtisadiyyatımızda, maliyyə sistemimizdə apardığımız düzgün, doğru, etibarlı siyasət və həyata keçirdiyimiz tədbirlər Rusiyadakı maliyyə böhranının Azərbaycana təsirinin qarşısını müəyyən qədər alıbdır. Bu o demək deyildir ki, biz mənfi təsirdən xilas olmuşuq. Biz bunu bu gün də hiss edirik, gələcəkdə də hiss edəcəyik.

Doğrudur, biz milli valyutamızın - manatın dəyərini qoruyub saxlamışıq. 1998-ci ildə Azərbaycanda inflyasiya 0,2 faizdir, demək, yox səviyyəsindədir. Biz 1999-cu ilə də inflyasiyanı təxminən bu səviyyədə nəzərdə tuturuq. Ancaq buna nail olmaq, milli valyutamızı - manatımızı belə səviyyədə saxlamaq üçün çox işlər görmək lazım olubdur. Biz bu işləri görmüşük, bu gün də görürük və gələcəkdə də görəcəyik. Ümumiyyətlə, bunlar da Azərbaycanda makroiqtisadi sabitliyi, sosial-iqtisadi, maliyyə sahəsində sabitliyi təmin edibdir və gələcəkdə də təmin edəcəkdir.

Bunlarla yanaşı, onu da demək lazımdır ki, 1998-ci ilin büdcəsində nəzərdə tutulmuş bir çox vacib göstəricilər həyata keçirilməyibdir. Yəni büdcədə nəzərdə tutulmuş göstərici - büdcənin mədaxil hissəsi təmin olunmayıbdır. Onun da səbəbləri bu gün elan olundu, deyildi. Biz Nazirlər Kabinetinin noyabrın 6-da keçirilmiş geniş iclasında da bu barədə demişdik. Səbəblər müəyyən qədər obyektiv xarakter daşısa da, daha çox müvafiq təşkilatların, nazirliklərin, orqanların işində olan ciddi nöqsanların nəticəsindədir. Əgər biz iqtisadi islahatları ardıcıl surətdə həyata keçirərək çox müsbət nəticələr əldə etmişiksə, bununla bərabər ayrı-ayrı sahələrdə olan nöqsanların aradan qaldırılmaması ümumi işimizi ağırlaşdırır. Məhz bunların nəticəsində biz 1998-ci ildə büdcənin mədaxil hissəsini təmin edə bilməmişik. 

Doğrudur, bununla əlaqədar olaraq büdcənin məxaric hissəsində də qoyulan məhdudiyyətlərə görə biz büdcə kəsirini nəzərdə tutulmuş səviyyədə saxlaya bilmişik, bəlkə də bundan da uyğun səviyyədə olubdur. Ancaq bu, bizi heç cür qane edə bilməz, biz gərək büdcənin mədaxil hissəsində olan planları yerinə yetirək ki, məxaric hissəsini də təmin edək. Büdcənin mədaxil hissəsində gəlirlər əldə olunmadığı halda, nəzərdə tutulmuş xərclərin hamısını da təmin edə bilmirik. Bu, bizim sosial-iqtisadi inkişafımıza mane olur. Bunların hamısı nəzərə alınmalıdır.

Beləliklə, biz bu gün məmnuniyyətlə qeyd edə bilərik ki, Azərbaycanda iqtisadi islahatlar ardıcıl surətdə həyata keçirilir və onlar öz müsbət nəticələrini verir. 1999-cu ilin büdcəsi də məhz iqtisadi islahatların dərinləşməsini, genişlənməsini nəzərdə tutur və biz bunları təmin etməliyik. 1998-ci il büdcəsinin yekunlarının ən böyük çatışmazlığı Dövlət Vergi Müfəttişliyi tərəfindən vergilərin büdcədə nəzərdə tutulmuş səviyyədə toplanmamasıdır. Biz noyabrın 6-da bu barədə çox ciddi danışıqlar apardıq. Mən bu gün onu demək istəyirəm, - təəssüflər olsun ki, biz son illər bazar iqtisadiyyatı yolu ilə gedərək, iqtisadi islahatları həyata keçirərək, iqtisadiyyatda liberallaşdırma apararaq, özəl sektoru inkişaf etdirərək, özəlləşdirmə proqramını yerinə yetirərək, vergi orqanı kimi vacib bir sahəyə lazımi diqqət yetirməmişik. Bizim hamımıza məlumdur ki, bəzən keçmiş illərdə olan stereotiplərlə işləyirik və öz işimizi həmin vərdişlərlə aparırıq. Bunu inkar etmək olmaz. Ancaq biz gərək o köhnə vərdişlərdən tezliklə uzaqlaşaq. Əgər biz bazar iqtisadiyyati yolu ilə gediriksə və bu sahədə artıq bir çox nailiyyətlər əldə etmişiksə, demək, biz bazar iqtisadiyyatının ən əsas sahəsi olan vergi orqanlarının işinə gərək çox diqqət yetirək. Bu olmayıbdır.

Hesab edirəm ki, Azərbaycanın baş Dövlət Vergi Müfəttişliyi indiyədək nəzarətsiz qalıbdır. Dövlət Vergi Müfəttişliyi orqanında bu orqanın müasir tələblərə uyğun olaraq işləməsi üçün lazımi tədbirlər həyata keçirilməyibdir. Bunların nəticəsində də tam əsasla demək olar ki, Dövlət Vergi Müfəttişliyi köhnə stereotiplərlə işləyir, dövlət müəssisələrindən vergiləri toplayır, - bu gün məlum oldu ki, onların da bir çox hissəsini toplaya bilmir, - ancaq yaranmış, böyük həcmdə olan, Azərbaycanın iqtisadiyyatında artıq çox böyük yer tutan özəl sektordan vergilərin alınmasına ya diqqət yetirməyibdir, yaxud da, sadəcə, orada hər iki tərəf - həm vergiverən, həm də vergiyığan - imkandan sui-istifadə edərək öz şəxsi gəlirini əldə edib, dövlətə zərər vurubdur.

Mən noyabrın 6-da Dövlət Vergi Müfəttişliyinin bu sahədə işini ciddi tənqid etdim. Baş Dövlət Vergi Müfəttişliyinin rəisi Vəkilov məlumat verir ki, Azərbaycana aid olan özəl sektordan noyabr və dekabr aylarında vergi iki ay müddətində iki dəfə artıq yığılıbdır. Əgər bir tənqidlə qısa bir zamanda belə bir iş görmək mümkün idisə, bəs Vergi Müfəttişliyi bunu indiyə qədər nə üçün etmirdi? Ancaq mən hesab etmirəm ki, bu da son həddir. O vaxt mən iki obyektin - Binə hava limanının qarşısında olan böyük bir bazarın və bir də respublika stadionunun, "Gənclik" metro stansiyasının yaxınlığındakı yarmarkanın adını çəkdim. Mənə verilən rəqəmlərə görə, orada çox az ticarət yerlərindən vergi yığıldığını bildirdim. Baş Dövlət Vergi Müfəttişliyi mənə məlumat verir ki, o iki obyektdən noyabr-dekabr aylarında yığılan vergi əvvəlki aylara nisbətən beş dəfə artıq olubdur. Mən hesab edirəm ki, bu da son hədd deyildir, - beş dəfə də çox deyildir.

Xatirimdədir, o vaxt mən demişdim ki, hava limanının qarşısındakı bazarda 150 yer göstərilibdir. Deyirlər ki, əslində orada 4000-4500-ə qədər yer vardır. Əgər 150 yerdən yığılan vergi beş dəfə artıbsa, bu, təxminən 600, yaxud 700 yer olubdur. Bəs qalanı haradadır? Bu iki fakt və Baş Dövlət Vergi Müfəttişliyinin verdiyi məlumata görə, ümumiyyətlə, məhz Azərbaycana məxsus özəl sektordan noyabr-dekabr aylarında yığılan verginin iki dəfə artması respublikamızın özəl sektorunda indiyədək dövlət büdcəsinə gəlməli olan nə qədər vəsaitin mənimsənildiyini göstərir. Bunu kim mənimsəyibdir? Onun bir hissəsini həmin özəl sektorun sahibləri, digər hissəsini isə Vergi Müfəttişliyinin işçiləri mənimsəyiblər. Amma nəticədə Azərbaycana zərər dəyibdir.

Noyabrın 6-da keçirdiyimiz iclasda da, indi də çoxları büdcəyə gəlirlərin azalmasını dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər. Təbiidir, neftin qiymətinin aşağı düşməsi Dövlət Neft Şirkətindən büdcəyə gələn gəlirləri azaldıbdır. Ancaq gəlin, bunu bir kənara qoyaq. Əgər büdcədə nəzərdə tutulmuş vergi planı cəmi 71-72 faiz yerinə yetirilibsə, bunun hamısı neft şirkətinin üzərinə düşmür ki. Bu, bizim başqa dövlət müəssisələrimizin də üzərinə düşür. Bu gün burada adları çəkilən həmin müəssisələr neft satmaqla məşğul olmurlar. Amma onlardan da vergi alınmalıdır, halbuki alınmayıbdır. Onlar vergidən qaçıblar, gizləniblər. Ancaq vergidən yayınan təkcə dövlət müəssisələri deyildir. Baş Dövlət Vergi Müfəttişliyi dövlət müəssisələri ilə də əlaqəyə girirlər. Onlar vergini vermirlər, bu vəsaiti başqa yerə istifadə edirlər.

Yəqin ki, Baş Dövlət Vergi Müfəttişliyinin əməkdaşları da öz paylarını alırlar və bu işin üstünü açmırlar. Ortada dövlətimiz, büdcəmiz, ölkəmiz zərər çəkir.

Respublikamızın büdcəsi Baş Dövlət Vergi Müfəttişliyi vasitəsilə yığılan vergilərdən, Dövlət Gömrük Komitəsinin yığdığı rüsumlardan və az bir miqdarda başqa mənbələrdən formalaşır. Belə olan halda Baş Dövlət Vergi Müfəttişliyi müasir dövrdə ən mühüm bir orqan statusu alır. Ancaq təəssüf ki, Baş Dövlət Vergi Müfəttişliyinin özü də Azərbaycanın hökumət strukturunda, iqtisadi, maliyyə strukturunda öz yerini tutmayıbdır. Nazirlər Kabineti də Vergi Müfəttişliyinin işi ilə indiyə qədər lazımi səviyyədə məşğul olmayıbdır. Bir tərəfdən tələbkarlıq edilməyibdir, ikinci tərəfdən nəzarət olmayıbdır, üçüncü tərəfdən də bu sahədə lazımi islahatlar, təkmilləşmə aparılmayıbdır.

Mən Şöhrət Vəkilova bu gün dedim. O, beş ildir ki, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsindədir. Biz bu beş ildə bu qədər islahatlar, dəyişikliklər həyata keçiririk ki, hər bir sahənin iqtisadi səmərəliliyini artıraq. Baş Dövlət Vergı Müfəttişliyi nə üçün kölgədə qalıbdır və dövlət müəssisələrindən, xüsusən Dövlət Neft Şirkətindən gələn vergilərin ümumi işin üstünü indiyə qədər örtübdür, beləliklə, respublikazımı gətirib bu sahədə belə ağır vəziyyətə qoyubdur.

Ona görə də mən bu gün hesab edirəm ki, Azərbaycanın Dövlət Vergi Müfəttişliyində çox ciddi dəyişikliklər edilməlidir. Mən Nazirlər Kabinetinə bu barədə göstərişləri artıq vermişəm. Bir daha bəyan edirəm ki, Vergi Müfəttişliyinin işi nəzarətə alınmalıdır. Mən Vergi Müfəttişliyinin və Baş Dövlət Vergi Müfəttişliyinin rəisi Şöhrət Vəkilovun işini qeyri-qənaətbəxş hesab edirəm. Biz belə işlə qətiyyən razılaşa bilmərik. Bu barədə lazımi tədbirlər görülməlidir. Bu sahəyə həm çox ciddi diqqət yetirmək, həm də nəzarət etmək lazımdır.

Respublikamızın büdcəsini formalaşdıran digər mənbə Dövlət Gömrük Komitəsidir. Dövlət Gömrük Komitəsi öz göstəricilərini ilbəil artırıbdır. Bunu müsbət qiymətləndirmək olar. Amma mən hesab etmirəm ki, onların bütün ehtiyatlarının hamısından istifadə olunubdur. Sadəcə, belə bir nəticə çıxarmaq lazımdır ki, əgər respublikamızın büdcəsinə Dövlət Gömrük Komitəsi vasitəsilə 1994-cü ildə cəmi 43 milyard manat gəlibsə, bu il isə 560 milyard manat vəsait gələcəksə və 4 il ərzində bu qədər artım varsa, bu, gömrükdən gələn rüsumların 1994-1995-ci illərdə və ondan əvvəlki illərdə nə qədər mənimsənildiyini, dövlət büdcəsinə gəlmədiyini göstərir.

Ancaq mən bu gün bildirdim, - hesab edirəm ki, qaçaqmalçılıq mövcuddur, onun qarşısı alınmalıdır. Dövlət Gömrük Komitəsi və bizim sərhəd qoşunları gərək qaçaqmalçılığa qarşı ciddi mübarizə aparsınlar. Əgər gömrükdən keçməyərək Azərbaycana müxtəlif mallar, o cümlədən siqaret, yaxud araq və başqa spirtli içkilər gəlirsə, bu o deməkdir ki, ya qaçaqmalçılıq var, ya da gömrük məntəqələrində vəzifədən sui-istifadə edirlər, qanunu pozurlar və dövlətimizə zərər vururlar. Ona görə də bu barədə ciddi tədbirlər görülməlidir.

1999-cu il üçün gərgin plan qoyulubdur. Ancaq mən hesab edirəm ki, həmin plan artıqlaması ilə yerinə yetirilməlidir. Bugünkü müzakirə zamanı da bildirildi, bəzi rüsumlarla əlaqədar güzəştlər aradan qaldırılmalıdır. Nazirlər Kabineti bu təkliflərə baxmalıdır və qanunlarda dəyişikliklər etmək lazımdırsa, biz Milli Məclisə təqdimatlar verməliyik, dəyişikliklər olunmalıdır. Lazım olmayan güzəştlər bu gün aradan qaldırılmalıdır. Beləliklə, biz gömrük rüsumları vasitəsilə 1990-cı ildə büdcənin gəlirlərini xeyli artıra bilərik. Biz 1999-cu ildə büdcənin bütün göstəricilərini təmin etmək üçün Azərbaycanda istehsalı artırmalıyıq. Azərbaycanda özəl sektor genişlənibdir. Bəyan edildi ki, kənd təsərrüfatının 95 faizi artıq özəlləşdirilibdir. Ümumi daxili məhsulun istehsalında özəl sektorun payı 50-55 faizi ötübdür, yaxud ötür. Bir çox sənaye, kənd təsərrüfatı müəssisələri özəlləşdirilibdir, özəlləşdirilmə prosesindədir.

Kənd təsərrüfatı məhsullarının emalı ilə əlaqədar Azərbaycanın böyük bir sənaye kompleksi - şərabçılıq, meyvə-tərəvəz emalı, heyvandarlıq məhsulları emalı sənayesi vardır. Bunların əksəriyyəti özəlləşdirilibdir, yaxud özəlləşdirilmək üçün Əmlak Komitəsinin sərəncamına verilibdir. Ancaq özəlləşdirmədən sonra bunların iqtisadi səmərəliliyi hələ təmin olunmayıbdır.

Biz bunu keçən iclasda da demişdik. Özəlləşdirilmiş sənaye müəssisələrinin işinə çox ciddi nəzarət etmək lazımdır. Mən "nəzarət" deyəndə bunu düzgün başa düşmək lazımdır. Çünki özəl sektor dövlətdən asılı deyildir. Ancaq biz bu işə biganə də qala bilmərik. Kimsə bunu özəlləşdirib işlətmirsə, gərək fikirləşək.

Nə üçün işlətmir? İmkanı yoxdursa, ona kömək edək, yaxud da ki, əgər o, ümumiyyətlə işlətmək istəmirsə, həmin sənaye müəssisələrinin işləməsinə başqa vasitələrlə nail olaq. Çünki Azərbaycanda həmin sənaye müəssisələri on illərlə işləyib, respublikamızda istehsalı artırıblar. Bu sənaye müəssisələrində çoxsaylı mütəxəssislər, fəhlələr, qulluqçular işləyiblər, maaş alıblar, yaşayıblar. İndi hansısa bir sahibkarın bəlkə pulu çoxdur, onu özəlləşdirib işlətmir, kənara qoyubdur. Həmin sahibkarın şəxsi nöqteyi-nəzərindən bunu bəlkə də anlamaq olar. Amma ölkəmizin iqtisadiyyatı nöqteyi-nəzərindən bununla barışmaq, razılaşmaq olmaz.

Ona görə də bu sahədə çox ağıllı tədbirlər görülməlidir. Yəni biz sahibkarların hüququna toxuna bilmərik, ancaq eyni zamanda ölkəmizdə on illərlə yaranmış sənaye müəssisələrinin də başlı-başına qalmasına, dağılmasına, yaxud da istifadəsiz qalmasına göz yuma, biganə qala bilmərik.

Hesab edirəm, Nazirlər Kabinetinin tərkibində bununla əlaqədar bəlkə bir xüsusi orqan yaratmaq lazımdır ki, bu işlərlə məşğul olsun. Çünki Dövlət Əmlak Komitəsinin məqsədi hər bir müəssisəni, təşkilatı özəlləşdirməkdir. Təəssüflər olsun ki, bu özəlləşdirmə prosesi də çox vaxt aparır. Bu da məni narahat edir. Mənim bir çox fərmanlarımla müxtəlif müəssisələr, təşkilatlar özəlləşdirilmək üçün Dövlət Əmlak Komitəsinə verilibdir. Ancaq onların bir qismi, bəlkə də çox hissəsi indiyə qədər özəlləşdirilməyibdir. Belə çıxır ki, keçmiş rəhbərlik də yoxdur və yeni sahibkar da meydana çıxmayıbdır. İndi bu müəssisələrə rəhbərlik edən adamlar da bilmirlər ki, sahibkar olacaq və ya olmayacaqlar. Ona görə də həmin müəssisələrin işini lazımi səviyyədə təmin edə bilmirlər, etiraf etmək lazımdır ki, həm də dağıdırlar. Bu, çox ciddi məsələdir. Bununla məşğul olmaq lazımdır.

Mən, ümumiyyətlə, bu gün bir daha bəyan etmək istəyirəm ki, Azərbaycanda özəlləşdirmə prosesinin alternativi yoxdur. Biz özəlləşdirməni bundan sonra sürətlə aparacağıq. Mən qərar qəbul etmişəm, Nazirlər Kabineti Dövlət Əmlak Komitəsi ilə birlikdə təkliflər hazırlayır. Biz indiyədək aparılmış özəlləşdirmənin yekunlarını yaxın vaxtlarda xüsusi müzakirə edəcəyik, 1999-cu il və gələn illər üçün özəlləşdirmə proqramını müəyyən edəcəyik və bu sahədə lazımi qanunlar qəbul olunması üçün Milli Məclisə layihələr təqdim edəcəyik. Bu proses davam edəcəkdir.

Beləliklə, Azərbaycanda sahibkarlığa münasibət və diqqət bundan sonra da artmalıdır. Sahibkarlara normal işləmək üçün imkanlar yaradılmalıdır. Həm Azərbaycanın milli sahibkarlarına, həm xarici investorlara, həm də respublikamıza gəlmiş xarici investorlarla Azərbaycan sahibkarlarının müştərək işlərinə imkanlar yaratmaq, kömək etmək lazımdır. Onların qanun çərçivəsində fəaliyyət göstərməsini təmin etmək lazımdır. Ancaq təəssüflər olsun ki, biz indiyə qədər mütəmadi olaraq çox şikayətlər alırıq. Şikayətlərin də əsas məzmunu ondan ibarətdir ki, Azərbaycanda sahibkarlığın inkişafına maneçilik törədən qüvvələr vardır.

Birincisi, ayrı-ayrı sahibkarlar, xarici şirkətlər, investorlar burada öz işlərini qurmaq üçün müxtəlif dövlət, hökumət orqanlarında icazə, yaxud da lisenziya almaq, başqa işlər görmək üçün bir çox çətinliklərlə rastlaşırlar. Bizə gələn şikayətlərin əksəriyyətində deyilir ki, bu çətinliklərin də çoxu hökumət orqanlarındakı ayrı-ayrı şəxslərin şəxsi marağı ilə bağlıdır. Yəni rüşvət, əlavə pul tələb edirlər, bu olmasa, razılıq vermirlər. Bunlar hamısı bizim ümumi iqtisadiyyatımıza, apardığımız siyasətə zərbə vurur, Azərbaycan prezidentinin siyasətinə zərbə vurur.

İkinci qrup şikayətlər ondan ibarətdir ki, prokurorluq, polis və ümumiyyətlə, hüquq-mühafizə orqanları ayrı-ayrı şirkətlərin, özəl sektora mənsub olan sahibkarların, xarici investorların işlərinə müdaxilə edirlər. Bu müdaxilənin də əksəriyyəti şəxsi maddi maraqla əlaqədardır.Bunların hamısı bizi narahat edir. Ona görə də mən bu gün bütün dövlət, hökumət orqanlarından tələb edirəm ki, bu mənfi hallara son qoyulsun, sahibkarlığın, özəl sektorun inkişaf etdirilməsi üçün bütün imkanlar yaradılsın.

Mən hüquq-mühafizə orqanlarına ayrı-ayrı şirkətlərin, sahibkarların işinə müdaxilə etməyi qadağan edirəm, əsası olmayan müxtəlif yoxlamaların aparılmasını qadağan edirəm. Tələb edirəm ki, bütün bunlara riayət olunsun. Eyni zamanda özəl sektora məxsus olan butun vətəndaşlara da, xarici investorlara da bildirirəm ki, hamı qanun çərçivəsində işləməli, qanunu pozmamalıdır. Onu da etiraf etmək lazımdır ki, respublikamızda özəl sektor mədəniyyəti hələ tam formalaşmadığına görə özəl sektorda da qeyri-qanuni yollarla gəlir əldə etmək, dövlətə zərər vuraraq özünə xeyir götürmək, elə bu verginin özündən gizlənmək və başqa hallar mövcuddur. Bunu da inkar etmək olmaz.

Bizə şikayət edən sahibkarlar, yaxud da xarici investorlar bilməlidirlər ki, əgər biz dövlət, hökumət orqanlarından qanunun həyata keçirilməsini və sahibkarlığın inkişafına mane olmamasını tələb ediriksə, sahibkarlardan, xarici investorlardan da tələb edirik ki, onlar Azərbaycan Respublikasının qanunqaydalarına riayət etsinlər.

Şübhəsiz ki, bu işlər hər iki tərəfdən - hökumət orqanları və özəl sektor tərəfindən düzgün aparılmalıdır. Özəl sektor öz işini bilməlidir. Amma mən hökumət orqanlarından tələb edirəm ki, sahibkarlığın inkişafına mane olunmasın. Hesab edirəm ki, biz 1999-cu ildə işimizi bu prinsiplər əsasında qurmalıyıq. Bunlar hamısı Azərbaycanda istehsalı artıra biləcəkdir. Azərbaycanda istehsal artdıqca, respublikamıza idxal azalacaq, ölkəmizin ixrac imkanları çoxalacaqdır. Bunu da nəzərə almaq lazımdır.

Biz belə bir ölkəyə çevrilə bilmərik ki, Azərbaycana hər şey xaricdən gəlsin. Azərbaycan böyük sənaye, istehsal potensialına malikdir. Azərbaycanın çox zəngin kənd təsərrüfatı imkanları vardır. Bunlar hamısı istehsalın inkişafı üçün gözəl əsas yaradır. Ölkəmizdə istehsalla məşğul olmaq üçün çox hazırlıqlı kadrlar - mühəndislər, texniklər, müxtəlif mütəxəssislər vardır. Bunlar hamısı istehsala qoşulmalı, cəlb olunmalıdır. Biz istehsalı inkişaf etdirməliyik. Əgər biz bütün

iqtisadiyyatımızı bundan sonra yalnız ticarət üzərində qursaq, - bunun da əsasını idxal təşkil edəcəkdir, Azərbaycana idxal vasitəsilə gələn mallar ölkəmizin ticarət şəbəkələrində satılacaqdır, - bizim respublikamız, xalqımız inkişaf edə bilməz. Bunu dərk etmək lazımdır.

Özəlləşdirmə, sahibkarlığın inkişaf etdirilməsi, bununla yanaşı Azərbaycanda istehsal prosesinin inkişafı bizim strateji yolumuzdur. Biz bu yolla 1999-cu ilə getməliyik və nəzərdə tutulmuş büdcənin həyata keçirilməsini bu yolla təmin etməliyik.

Neft məhsullarının qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərməsi barədə bu gün burada çox danışıldı. Bu həqiqətdir. Ancaq biz heç vaxt Azərbaycanın

iqtisadiyyatını yalnız neftlə bağlamamışıq. Neft sənayesi Azərbaycan iqtisadiyyatının həmişə mühüm bir sahəsi olubdur. Biz xoşbəxtik ki, Azərbaycanın təbii sərvətləri, neft-qaz yataqları vardır və bunlardan bu gün də, gələcək illərdə də xalqımızın rifahı, ölkəmizin iqtisadi inkişafı üçün istifadə ediləcəkdir. Bu, bizim ölkəmizin üstünlüyüdür.

Ancaq bəziləri deməyə söz tapmırlar. Çünki, axı bu rəqəmlər göz qabağındadır ki, Azərbaycanda artıq tənəzzülün qarşısı alınıb, inkişaf var, respublikamızda ümumi daxili məhsulun həcmi artıbdır. Bu göstəriciləri burada dedilər, mən də bu barədə danışdım. Amma bilin ki, on ayın yekunlarına görə ölkəmizin iqtisadi göstəriciləri MDB-nin üzvü olan bütün ölkələrin iqtisadi

göstəricilərindən üstündür, birinci yerdədir. Biz heç vaxt öyünmürük. Şəxsən mən hesab etmirəm ki, biz bununla öyünməliyik, yaxud da fikirləşməliyik ki, çox iş görmüşük. Yox. Bunlarla yanaşı, bizim ağır sosial-iqtisadı problemlərimiz vardır. Biz onları həll etmək üçün yəqin hələ bir neçə il iqtisadiyyatımızı bundan da sürətlə inkişaf etdirməliyik. Ancaq bu göstəricilər də real faktlardır. Onları görməmək, inkar etmək, sadəcə, öz ölkənə, vətəninə düşmənçilik etmək deməkdir.

Bəziləri bir sözü tez-tez işlədirlər ki, Azərbaycanın iqtisadiyyatını təkcə neftlə bağlamaq olmaz. Bunu neftlə kim bağlayıbdır? Bəlkə də bəzi adamların - hansılar ki, neft sənayesini inkişaf etdirməyib, lakin neftin qanunsuz yolla satılmasından çox zənginləşibdir, - onun beynində ancaq neft var, həm də neftin istehsalı deyil, satışı vardır. Amma şəxsən mən hələ 20, 25 il bundan öncə Azərbaycanda neft sənayesinin mövcud olmasına baxmayaraq, respublikamızın bütün sənaye sahələrini inkişaf etdirməyə çalışmışam.

O illərdə işləmiş buradakı adamlar bütün bunları bilirlər. 1970-ci illərin əvvəllərində Azərbaycanda sənaye istehsalının, maşınqayırmanın həcmi çox kiçik idi. Biz bunları götürüb bir neçə başqa respublikaların göstəriciləri ilə müqayisə edirdik. Görürdük ki, onlarda maşınqayırma sənayesi çox inkişaf edibdir. Məlumdur ki, elmi-texniki tərəqqinin əsasını təşkil edən maşınqayırma sənayesidir. Hər halda, o vaxt Sovetlər İttifaqının iqtisadiyyatı, sənayesi bu yolla inkişaf edibdir.

Biz 1970-1980-ci illərdə respublikamızda nə qədər yeni maşınqayırma zavodları, kimya kompleksi, yaxud da yüngül sənaye obyektləri, kənd təsərrüfatı məhsulları emalı sənayesi yaratdıq, Azərbaycanın sənayesini çoxsahəli etdik. Biz bunları hələ 1970-ci illərdə etmişik. İndi Azərbaycanın iqtisadiyyatı haqqında danışanlar o vaxtlar bəlkə orta məktəbə gedirdilər, yaxud da ki, məktəbi təzəcə qurtarmışdılar. Yəni bu, bizim uçün yeni bir şey deyildir. İndi küçədə oturub sənayenin nə olduğunu bilməyən adamlar, yaxud da gedib başqa ölkələrdə gızlənənlər durub burada dərs vermək istəyirlər ki, Azərbaycanın sənayesini ancaq neftlə bağlamaq olmaz.

Bəzi xarici radiolar da deyirlər ki, "İqtisadiyyat neftlə bağlandığına görə indi, görürsünüz, neftin qiyməti aşağı düşüb, bunun üçün də Azərbaycanın sənayesi, iqtisadiyyatı dağılacaqdır ". Birincisi, onlar sevinməsinlər, bu heç vaxt olmayacaqdır. Həm Azərbaycanda, həm də respublikamızdan xaricdə olan həmin adamlar qoy sevinməsinlər, tezdir. Azərbaycanın iqtisadiyyatının bütün sahələri inkişaf etdirilir və inkişaf etdiriləcəkdir. Bu barədə söz deyənlərin hər biri iqtisadiyyatda, o cümlədən sənayedə ancaq diletantdırlar, ondan artıq bir şey deyillər.

Yaxud da şayiə yayırlar ki, bəli, "neftin qiyməti düşür, xarici investorlar artıq Azərbaycandan çıxıb getmək istəyirlər, neft şirkətləri daha Azərbaycana gəlmirlər". Bunu sevinə-sevinə deyirlər. Dəhşət də burasındadır! Bu insanlarda heç milli ruh vardırmı? Bu insanlarda heç vətənpərvərlik hissi vardırmı? Bunu sevinə-sevinə deyirlər. Amma sevinməkləri də tezdir, çünki belə şeylər yoxdur.

Mən dekabrın 16-da Amerikadan gəlmiş nümayəndə heyətini qəbul edərkən mətbuat nümayəndələrinin yanında dedim ki, ABŞ-ın "Frontera resorses" şirkəti Azərbaycan Dövlət Neft

Şirkəti ilə yeni bir neft müqaviləsi imzaladı. Xəzər dənizində daha bir neçə yataq vardır, onların birgə işlənilməsi üçün məhz Amerika Birləşmiş Ştatlarının, İngiltərənin şirkətləri bizə konkret təkliflər veriblər. Biz indi həmin təkliflərə baxırıq və nəzərdən keçiririk ki, onların hansını qəbul etmək olar. "Britiş Petroleum" və başqa şirkətlərlə yayda böyük bir müqavilə imzalanıbdır. Biz həmin müqaviləni Milli Məclisə göndərmişik. Dekabrın 18-də həmin müqavilə baxılacaq və təsdiq ediləcəkdir. İşlər gedir.

Bilirsiniz ki, bu əsrdə neftin qiyməti bir neçə dəfə qalxıb, bir neçə dəfə də aşağı düşübdür. Bu gün səhər xəbər verdilər ki, İraqda olan hadisələrlə əlaqədar hər bir barrel neftin qiyməti bir dollar artdı. İndi mən bunu da böyük bir hadisə hesab etmirəm. Mənim həmin diletantlara, sadəcə, bir tərəfdən yazığım gəlir, çünki lazımi bir biliyə, bacarığa, dərrakəyə sahib olmayaraq böyük işlər haqqında söhbətlər aparırlar. İkinci tərəfdən də onların əksəriyyəti azərbaycanlı olduqlarına görə və Azərbaycan torpağında yaşadıqlarına görə mən, bilirsiniz, elələrinə nifrət edirəm. Öz şəxsi mənafeyi naminə xalqının, millətinin pis gününü arzulayan adamlardan nə gözləmək olar? Bəli, onların bəziləri orada-burada danışırlar ki, "Bu gün-sabah iqtisadi-sosial vəziyyət pisləşəcək, sosial partlayış olacaq, onda bizim imkanımız olacaq ki, hakimiyyəti əlimizə keçirək". Elə bilirlər halvadır bu! Görün, nəyi arzu edirlər - sosial-iqtisadi vəziyyət ağırlaşsın, xarablaşsın, iqtisadiyyat aşağı düşsün, insanların sosial vəziyyəti pisləşsin və bunların nəticəsində sosial partlayış əmələ gəlsin və bunun nəticəsində də onlar hakimiyyəti ələ keçirsinlər. Milli mənafelərə nə qədər zidd fikirlərdir! Yəni fikirlər deyil, zidd planlardır.

Ancaq bu planların heç biri həyata keçə bilməz. Çünki artıq Azərbaycan inkişaf yolundadır və inkişaf edəcəkdir. İnkişafı da təmin etmək üçün, əgər biz neft haqqında danışırıqsa - mən bu gün şirkətin prezidenti Natiq Əliyev çıxış edərkən dedim, - Dövlət Neft Şirkətinin işində də çox ciddi nöqsanlar var. Biz böyük-böyük müqavilələrin bağlanmasına görə Dövlət Neft Şirkətinin işini müsbət qiymətləndiririk. Dünyanın böyük şirkətləri ilə görülən işlərə görə qiymətləndiririk. Bəli, indi Bakı-Supsa neft kəməri tikilir, "Çıraq" yatağından neft çıxır. Artıq o neft kəmərinə neft dolur və güman edirəm ki, Azərbaycanın "Çıraq" yatağından çıxan neft aprel ayında Qara dənizin Supsa limanında tankerlərə doldurulacaqdır. Bu da bir tarixi hadisə olacaqdır. Bunlar hamısı 1994-cü ilin sentyabr ayından indiyə qədər ilk müqavilənin həyata keçirilməsi nəticəsində görülən işlərdir.

Bakı-Ceyhan neft kəməri haqqında da Azərbaycan dövlətinin fikri dəyişməzdir. Biz onu da həyata keçirəcəyik. Bunlar bizim bu sahədə gördüyümüz müsbət işlərdir. Ancaq bununla yanaşı, Dövlət Neft Şirkətinin işində olan nöqsanları bu müsbət işlərin kölgəsi altında gizlətmək olmaz. Nöqsanlar çoxdur və Dövlət Neft Şirkəti o nöqsanları aradan qaldırmalıdır. İzafi xərclər var. Maliyyə naziri burada dedi, təkcə Dövlət Neft Şirkəti deyil. Dövlət Neft Şirkətidir, "Azəriqaz" Səhmdar Cəmiyyətidir, bir neçə başqa şirkətlərdir. Neft, neft məhsulları verirlər, özləri üçün lazım olmayan, yaxud da baha qiymətə cürbəcür avadanlıqlar alırlar, bu avadanlıqlar da anbarlarda yatır. Beləliklə, dövlətə zərər vururlar. Belə şeylərə yol vermək olmaz.

Neft məhsullarının həm xaricə, həm də daxilə satılmasında da, - Natiq Əliyev burada çıxış edərkən dedim, - ciddi nöqsanlar var. Bu barədə öz fikrimi bir də demək istəmirəm. Mən təsəvvür etmirəm ki, Azərbaycan kimi böyük neft ölkəsinə xaricdən neft məhsulları gətirib satsınlar. Birincisi, biz öz daxili bazarımızı qorumaq üçün buna yol verməməliyik. İkincisi də, mən hesab edirəm ki, bu, sadəcə qurma bir şeydir. Ola bilər, buraya az bir miqdarda neft gətiriblər. Amma onun hesabına, daxildə olan nefti fırıldaq edib satırlar. Məlumdur ki, daxili bazarda neftin qiyməti ilə xaricə satılan neft məhsullarının qiymətində fərq var. Neft şirkətinin rəhbərliyi və o cümlədən Natiq Əliyev bunu yaxşı bilir. Ona görə bu nöqsanlar aradan qaldırılmalıdır. Mən Baş nazirə göstəriş vermişəm və Azərbaycanda, ümumiyyətlə, neft məhsullarının istifadə olunması, həm xaricdə, həm daxili bazarda satılması ilə əlaqədar bütün məsələlər qısa bir zamanda araşdırılmalı və mənə təqdim olunmalıdır. Lazımi tədbirlər görülməlidir. Bilirsiniz, ton demirəm, hər bir kiloqram neftin çıxarılmasına nə qədər böyük zəhmət qoyulur, nə qədər vəsait, xərc qoyuruq. Azərbaycanın quru hissəsində neftin çıxarılması ölkəyə nə qədər baha oturur. Bunu neftçilər yaxşı bilirlər.

Amma biz bunu təmin edirik, çünki neft lazımdır. Neftin maya dəyəri də o qədər əlverişli deyildir. Neft buruqlarında, mədənlərində çoxlu neftçi işləyir. Belə olan halda ayrı-ayrı qruplara, şəxslərə imkan vermək olarmı ki, bu çətinliklə hasil edilən kiminsə şəxsi məqsədləri üçün istifadə olunsun? İndiyə qədər olunub, ona görə də bəzi adamlar zənginləşib, gedib xarici ölkələrdə oturub indi cürbəcür təxribat işləri ilə məşğul olurlar. Ancaq bundan sonra buna yol vermək olmaz və Dövlət Neft Şirkəti bu barədə lazımi tədbirlər görməlidir.

"Azərenerji" Səhmdar Cəmiyyəti barədə. Bu gün Müslüm İmanov danışarkən mən öz sözümü dedim. Bizim bu böyük energetika kompleksimizdə ziddiyyətli bir vəziyyət yaranmışdır. Bir tərəfdən bu, bizim böyük milli sərvətimizdir ki, vaxtilə biz Azərbaycanı elektrik enerjisi ilə yetərli qədər təmin edə bilən elektrik stansiyaları yaratmışıq və indiyə qədər işlədirik. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli sərvətidir. Biz bunu vaxtilə yaratmışıq.

Amma ikinci tərəfdən - bu gün bunu demək lazımdır - həmin elektrik stansiyaları get-gedə öz gücünü itirir, onlar təmir olunmalıdır, müəyyən profilaktika işləri aparılmalıdır, müəyyən qədər modernləşdirilməlidir. Bunun üçün də gərək "Azərenerji" Səhmdar Cəmiyyəti çox səmərəli iş görsün. Təəssüflər olsun ki, bu işi görə bilmir. Müslüm İmanov bilməlidir ki, bu sahədə onun təcrübəsi böyükdür, biz bunu qiymətləndiririk. Müslüm İmanov yadından çıxarmamalıdır ki, onu bu vəzifədən çıxarıb eşiyə atmışdılar. 1993-cü ildə biz onu vəzifəyə bərpa elədik. Ancaq bu o demək deyil ki, biz Müslüm İmanovun bütün səhvlərinə, bütün nöqsanlarına dözəcəyik. Bu, ola bilməz. Müslüm İmanov özü üçün nəticə çıxarmalıdır. Artıq birinci dəfə deyil mən onu tənqid edirəm. Mən burada olan problemləri bilirəm. O problemlərin həll olunması üçün lazımi, konkret əməli təkliflər irəli sürməlidirlər. Hər dəfə bu problemlərdən şikayət etmək və bununla canını qurtarmaq olmaz.

Bir tərəfdən, bu problemlərin həll olunması üçün lazımi işlər görülmür. İkinci tərəfdən də, gələn siqnallar onu göstərir ki, "Azərenerji" sistemində də dövlət əmlakım mənimsəyənlər və dövlətə zərər vuranlar az deyildir. Biz külli miqdarda mazut istehsal edir, elektrik stansiyalarına veririk. "Azərenerji" onun pulunu da Dövlət Neft Şirkətinə verə bilmir. Nəticədə elektrik enerjisi istehsal edir, onu müəssisələrə, əhaliyə veririk, bunun pulunu da yığa bilmirlər. Bu, bir bəladır. Amma ikinci bəla da odur ki, gələn siqnallarda deyilir ki, mazutu oğurlayırlar, satırlar, bundan da sui-istifadə edirlər.

Bu təşkilatda başqa bu cür mənfi hallar da var və bu barədə siqnallar gəlir. Nazirlər Kabineti "Azərenerji" ilə çox ciddi məşğul olmalıdır. Mən bilirəm ki, məsələlərin hamısını bir dəfəyə həll etmək mümkün deyildir. Ancaq burada konkret bir proqram olmalıdır. Bu proqram təkcə "Azərenerji"nin özü üçün yox, "Azərenerji" ilə bağlı olan birinci növbədə bütün Azərbaycan sənaye müəssisələri üçün olmalıdır. Bu proqramı da biz həyata keçirməliyik.

Biz gərək bir tərəfdən elektrik stansiyalarının yaşaması və gələcəkdə fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görək ki, enerji potensialımız azalmasın, artsın. İkinci tərəfdən isə, gərək çox mürəkkəb maliyyə məsələlərinin həll olunmasının yolunu tapaq. Bununla yanaşı, "Azərenerji"də qanun-qayda, nizam-intizam yaratmaq, orada dövlət malını mənimsəyənləri təmizləmək, qovmaq lazımdır. Bu yolla biz işi lazımi səviyyəyə gətirib çıxara bilərik.

Elektrik enerjisindən istifadə haqqını yığa bilmirlər. Bir ona görə yox ki, ayrı-ayrı özəl təşkilatlardan, yaxud da ayrı-ayrı vətəndaşlardan bunu ala bilmirlər. Bu da var. Amma gələn siqnallar onu göstərir ki, həm "Azərenerji" sistemində, həm də BABEŞ sistemində yığılan pulları da mənimsəyirlər, dövlətə gəlmir. Bunlar ictimaiyyətə artıq məlumdur, bunlara göz yummaq olmaz. Mən burada bunları açıq deyirəm, ona görə ki, belə mənfi halları aradan qaldırmaq və eyni zamanda ictimaiyyəti də bu işə cəlb etmək lazımdır.

Müslüm İmanov bəyan edir ki, Azərbaycanın hər yerini elektrik enerjisi ilə təmin etmək üçün lazımi qədər enerji istehsal olunur. Kağız üzərində belədir. Həqiqətən də bizim buna imkanımız var. Ancaq indi burada Lənkəran İcra Hakimiyyətinin başçısı da dedi, bir neçə gün bundan öncə televiziya ilə Astaranı göstərirdilər, deyirlər ki, sutka ərzində enerjini əlli dəfə kəsirlər. Başqa yerlərdən də deyirlər. Bunlara son qoyulmalıdır. Bunun "Azərenerji"dən asılı olmayan bəzi səbəblərini mən bilirəm - harada ki, elektrik enerjisinin gücündən artıq istifadə etməyə başlayırlar, orada transformatorlar dözmür.

Mən Naxçıvanda yaşayarkən, işləyərkən bunların hamısını görmüşəm. Orada bizim elektrik enerjimiz onsuz da çox az idi. Əvvəllər heç yox idi, sonra Türkiyədən, İrandan bir xətt çəkdirdik. 20 meqavat da Araz su elektrik stansiyasından götürülürdü. Amma Naxçıvanın tələbatı böyük idi. Qış vaxtı, özü də şaxtalı qış vaxtı başqa yanacaq yox idi, ona görə harada mümkündürsə, gətirib qızdırıcı cihazlar qoşurdular. Transformatorlar şəhərin orasında partlayırdı, burasında partlayırdı. Mən bunların hamısını yaşamışam - ya bizdə elektrik enerjisi olmurdu, ya da bir saat olur, bir saatdan sonra hamısı sönürdü. Nə oldu? Filan yerdə transformator partladı. İşıq keçirdi. Onu bərpa etmək bir saat, iki saat çəkirdi. Biz nə qədər əziyyətlə oradan-buradan transformator alıb gətirirdik.

Bunları mən görmüşəm və düşünürəm ki, indi belə hallar Azərbaycanın ayrı-ayrı bölgələrində yəqin ki, var. Ona görə də yerli icra hakimiyyəti orqanları bir tərəfdən elektrik enerjisini tələb etməlidirlər, amma ikinci tərəfdən elektrik xətlərinə nəzarət etməli, transformator stansiyalarına baxmalı, lazımi qayğı göstərməlidirlər. Bu, hamının işidir. Əgər rayon, şəhər istəyirsə ki, lazımi səviyyədə, yaxud sabit, daimi elektrik enerjisi olsun, gərək bunu özünün bir nömrəli vəzifəsi hesab etsin.

"Azərenerji" və Müslüm İmanov bütün bu tənqidlərdən nəticə çıxarmalı və nöqsanları aradan qaldırmalıdırlar. Elektrik enerjisindən istifadə pullarının yığılması isə hamının işidir. Bizim bu müzakirəyə Azərbaycanın bütün yerli icra hakimiyyətinin başçıları dəvət olunublar. Səbəb də ondan ibarətdir ki, birincisi, hər bir rayon, şəhər icra hakimiyyəti orqanı və onun başçısı büdcəni bilməli və büdcənin həyata keçirilməsini özünün əsas vəzifəsi hesab etməlidir. İkincisi, ona görə ki, büdcənin həyata keçirilməsi üçün yerli hakimiyyət orqanlarının üzərinə çox böyük vəzifələr düşür. Mən Vergi Müfəttişliyinin işi haqqında, indi də "Azərenerji"nin işi haqqında danışdım. Orada da, burada da bizim üçün əsas problemlər verginin, istifadə edilən elektrik enerjisi haqqının yığılmamasıdır. Bu iki vacib məsələnin həll olunması və bu mənbələrdən Azərbaycanın büdcəsinə nəzərdə tutulan gəlirlərin gəlməsi üçün yerli hakimiyyət orqanları və xüsusən icra hakimiyyətinin başçıları birbaşa cavabdehdirlər.

Hər bir rayonda vergi müfəttişliyi var. Rayon icra hakimiyyətinin başçısı vergi müfəttişliyindən öz şəxsi məqsədləri üçün istifadə etməməlidir. Təəssüflər olsun ki, belə hallar da var. Ümumiyyətlə, rayonda vergi müfəttişliyi ən mühüm orqanlardan biridir. Mən artıq bu orqanın əhəmiyyəti haqqında demişəm və indi yerli hakimiyyət orqanlarının vəzifəsi haqqında deyirəm. Vergi müfəttişliyinə öz vəzifələrini yerinə yetirmək üçün kömək etmək lazımdır. Demək, bütün vergilərin yığılmasına kömək etmək, ona nəzarət etmək lazımdır. Təəssüf olsun ki, bəzi yerlərdə icra hakimiyyəti başçıları vergi müfəttişliyini özünün bir mənfəət mənbəyi kimi görürlər. Onları vergi müfəttişliyinin vergiləri nə qədər yığıbyığmaması maraqlandırmır. Bəzilərini maraqlandırır ki, onun oğurladığı pullardan buna nə qədər çatacaqdır. Bəlkə buradakı icra hakimiyyəti başçıları üçün bü sözlər çox ağırdır, amma mən bunları sizin üzünüzə baxaraq deyirəm. Çünki belə faktlar var.

Mən bəyan edirəm ki, yerli hakimiyyət orqanları, icra hakimiyyəti başçıları vergi yığılması ilə gərək ciddi məşğul olsunlar. Eyni zamanda tələb edirəm ki, hər bir rayonun xüsusən qış mövsümündə elektrik enerjisi ilə, harada ki, qaz var, qazla təmin olunmasına ciddi nəzarət etsinlər, bütün elektrik şəbəkəsinin normal işləməsini daim nəzarət altında saxlasınlar, lazımi kömək göstərsinlər, eyni zamanda enerjidən istifadə haqlarının yığılıb dövlətə verilməsini təmin etsinlər. Mən yenə də keçmişdə Naxçıvanda elektrik enerjisi ilə bağlı olan çətinlikləri yadıma salıram. O vaxt bizdə bu enerjidən az-çox istifadə eləyəndə, transformatorlar partlayanda, - bəzən transformator yox, xətlər sıradan çıxırdı, o illərdə belə bir azar da var idi ki, bəziləri xətləri kəsir, aparıb haradasa satırdılar, belə şeylər də olurdu, - biz heç vaxt "Azərenerji"ni Naxçıvana

dəvət etmirdik. Demirdik ki, gəl bu transformatoru düzəlt, xətləri düzəlt. Bizim bu imkanımız yox idi, hər şeyi özümüz edirdik. Hər bir şəhərdə, hər bir rayonda icra hakimiyyəti başçıları bunları özləri etməlidirlər. Yoxsa, siz oturasınız rayonun başında, hesab edəsiniz ki, elektrik enerjisi gəlmədi, mən şikayət edəcəyəm ki, "Azərenerji" günahkardır. Onun günahı var, amma sizin də günahınız var. Güman edirəm, siz mənim bu tələblərimi anlayırsınız və bunları yerinə yetirəcəksiniz.

Bu gün burada "Azəriqaz"ın rəhbəri, "Azərikimya" şirkətinin rəhbəri də çıxış etməli idi. Bilirəm, onlar çıxış etmək istəyirdilər və buraya yazı göndərmişdilər. Ancaq vaxt olmadı, mən onlara söz verə bilmədim. Ancaq bildirmək istəyirəm ki, bizim "Azəriqaz" Səhmdar Cəmiyyətində işlər heç düzəlmir. Heç düzəlmir. Əvvəl, bir neçə il bir nəfər işləyirdi. Pis işləyirdi, onu işdən kənarlaşdırdıq. Sonra neft sənayesindən bir şəxsi, - familiyası yadımdan çıxıb, - gətirdik, təyin etdik. İşə başlamamış öz iş kabinetini təmir etdirdi, 1 milyard manat da o kabinetdə, nə bilim, güllü parketlərə və sairəyə sərf elədi. Baş nazir gəlib mənə təqdimat verdi, bunu da işdən çıxartdıq. İndi yeni adam təyin olunmayıb, orada müavin var - Camalov, o icra edir. Amma müavin hələ təyin olunmamış vəzifəsindən sui-istifadə edir: lazım olmayan borular alıb cürbəcür barter edir, avtomobil alır. Təsəvvür edin, bu vəzifəni hələ icra edir, prezident də deyil. İndidən belə edirsə, president qoysan, gör nə eləyəcəkdir. İnsanlar nə üçün özlərinə nəticə çıxarmırlar, - bilmirəm. Mən Nazirlər Kabinetindən, Baş nazirdən tələb edirəm ki, bu məsələləri araşdırsınlar və lazımi tədbirlər görsünlər.

"Azərikimya" haqqında. Fikrət Sadıqov bizim təcrübəli mütəxəssislərimizdəndir, böyük bir kompleksin başında durur. Ancaq iş bundadır ki, əgər "Azərikimya"nın 1,5 trilyon manta borcu, - mən belə başa düşdüm ki, "Azərenerji"yə borcu var, elədir, ya yox, - varsa, nə təhər işləyə bilər? Bir belə elektrik enerjisi alır, amma məhsul vermir. Mən indi bunu təhlil etmək istəmirəm və imkanım da yoxdur. Amma hesab edirəm ki, Nazirlər Kabineti Fikrət Sadıqovla birlikdə oturub düşünməlidir: Bizim bu böyüklükdə kimya kompleksinə nə qədər vəsait qoyuruq və oradan nə götürürük. Biz xarici kreditləri cəlb edirik. Yaponiyadan kredit almışıq, etilen istehsalını təmin etmək istəyirik. 90 milyon dollara qədər kredit alırıq, onu sonra qaytarmalıyıq. Baxmaq lazımdır ki, bu işlər necə gedir.

Mən dedim ki, biz energetika sistemini inkişaf etdirməliyik. Yenikənd su elektrik stansiyası tikirik. Biz 90 milyon dollar kredit almışıq. Keçən dəfə mən tənqid etmişdim ki, o kreditdən istifadə olunmasında çox ciddi nöqsanlar buraxılmışdır. İmanov da, Həmidov da, Baş nazirin müavini Şərifov da bunda günahkardırlar. Amma indi diqqət etmək lazımdır ki, belə şeylər olmasın. Bir azdan sonra yenə bir şey meydana çıxacaq, biz kimisə işdən, çıxaracağıq, amma vəsaitimiz əldən gedəcəkdir. Bir neçə gün bundan öncə mən razılıq verdim, dövlət təminatı vermişik ki, 50 milyon dollar kredit alaq, 1 nömrəli istilik-elektrik mərkəzində tikinti aparaq. Yəni biz dövlətin imkanlarından istifadə edirik ki, bu sahələri inkişaf etdirək. Ancaq bunların hamısından səmərəli istifadə olunmalı və əyintiyə yol verilməməlidir.

Bütün işlərimizin hamısının lazımi səviyyədə həyata keçirilməsi üçün biz qanun-qaydanı, nizam-intizamı möhkəmləndirməli, vəzifəli şəxslərin məsuliyyətini artırmalıyıq. Dövlət, hökumət işində işləyən hər bir şəxs bilməlidir ki, böyük məsuliyyət daşıyır və birinci növbədə öz vəzifəsini sağlam mənəviyyatla yerinə yetirməlidir. Kimsə bunu bacarmırsa, yaxud bu tələblərə uyğunlaşa bilmirsə, - indi ölkədə sərbəstlikdir, gedib başqa bir yerdə işləyə bilər. Ancaq dövlət işində işləyib vəzifəsindən sui-istifadə etmək hallarına biz dözə bilmərik.

Biz korrupsiya ilə, rüşvətxorluqla mübarizəni gücləndirmək üçün əlavə tədbirlər görməliyik. Bu barədə proqram hazırlanıbdır. Mən tələb etmişəm və deyiblər ki, bu günlərdə mənə təqdim olunacaqdır. Biz bu proqrama baxmalıyıq, qəbul etməliyik. Əsası da bundan ibarətdir ki, onu əməli surətdə həyata keçirməliyik. Mən çıxışımın ortasında dedim, korrupsiya Azərbaycanda bizə çox zərər vurur. Korrupsiya ilə mübarizə bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir və gələcəkdə də biri olacaqdır.

Təqdim edilən büdcə layihəsini təsdiq olunandan sonar həyata keçirmək üçün çox ciddi tədbirlər görmək lazımdır. Mən qeyd etdim, - bəlkə bəzi qanunlarda dəyişiklik etmək lazımdır və mənim bir neçə fərmanlar, sərəncamlar vermək fikrim var. mən bu barədə göstəriş vermişəm, layihələr hazırlanır. Büdcə təsdiq edilən kimi o sənədlər imzalanacaq və qanunlarda dəyişiklik aparmaq üçün lazımi təkliflər Milli Məclisə təqdim olunacaqdır.

Bütün bunları qeyd edərək, mən eyni zamanda hesab edirəm ki, 1999-cu ilin büdcəsi tam realdır və biz bu büdcəni uğurla həyata keçirə bilərik.

Dünyada gedən müxtəlif proseslərə baxmayaraq, Rusiyada olan maliyyə böhranına baxmayaraq, ola bilər, biz gələcəkdə nə iləsə rastlaşaq, - onlara baxmayaraq, hesab edirəm ki, bizim ardıcıl, məqsədyönlü, düşünülmüş iqtisadi siyasətimiz və xüsusən iqtisadi islahatları ardıcıl surətdə həyata keçirməyimiz Azərbaycanın sosial-iqtisadi inkişafını təmin edəcəkdir. Mən gələcəyə çox nikbinliklə baxıram, hesab edirəm ki, biz aybaay yeni nailiyyətlər əldə edə bilərik. Bunun üçün hamımız daha da yaxşı işləməliyik.

Nazirlər Kabineti bu büdcənin təsdiq olunması zamanı və xüsusən təsdiq ediləndən sonra lazımi əməli tədbirlər həyata keçirməlidir. Hər bir nazirlikdə, şirkətdə, konserndə, hər bir rayonda, şəhərdə büdcənin əməli surətdə həyata keçirilməsi üçün konkret tədbirlər hazırlanıb tətbiq olunmalıdır. Mən yenə də yerli hakimiyyət orqanlarına müraciət edərək deyirəm ki, keçən dövrlərə nisbətən onların vəzifəsi indi müəyyən qədər dəyişibdir. Keçən illərdə yerli orqanların başçılarından, rayon, şəhər başçılarından planların, - sənaye planı, kənd təsərrüfatı planı, başqa planlar, - yerinə yetirilməsi tələb olunurdu. İndi özəl sektor inkişaf edir, onlar üçün plan yoxdur. Dövlət nöqteyi-nəzərindən bizim əsas planımız büdcədir, büdcənin həyata keçirilməsi, vergilərin yığılması və dövlətə daxil ola biləcək bütün gəlirlərin təmin edilməsidir. Bunlar yerli hakimiyyət orqanlarının əsas vəzifəsidir. Arzu edərdim ki, 1999-cu ildə yerli hakimiyyət orqanlarında iş üslubunda, iş istiqamətində müasir tələblərə uyğun olaraq lazımi dəyişikliklər həyata keçirilsin.

Beləliklə, mən bu gün müzakirənin nəticəsi olaraq hesab edirəm ki, Azərbaycanın 1999-cu il üçün müəyyən olunmuş büdcəsi Milli Məclisdə baxıla bilər. O, dərhal Milli Məclisə təqdim olunacaqdır. Biz isə bu büdcənin həyata keçirilməsi üçün lazımi hazırlıq işləri aparmalıyıq.

1998-ci il sona çatır, biz bu ilin son günlərini yaşayırıq. Məmnuniyyət hissi ilə demək olar ki, 1998-ci il Azərbaycan xalqı üçün uğurlu il olubdur. 1998-ci ildə görülən işlər və əldə edilən nailiyyətlər Azərbaycanın gələcək sosial-iqtisadi inkişafı üçün yaxşı bir mərhələ olubdur. Bunun əsasında bizim uğurla irəliyə getməyə imkanlarımız var və bu yolda sizin hamınıza müvəffəqiyyətlər arzulayıram. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf