Əziz Sumqayıtlılar!
Hörmətli xanımlar və cənablar!
Sizi səmimi-qəlbdən salamlayıram və sizinlə bugünkü görüşümə görə çox şad olduğumu bildirirəm.
Bu gün biz sizinlə Sumqayıt şəhəri və bütün Azərbaycan üçün çox əhəmiyyətli olan bir işin başlanğıcını, təməlini qoyuruq. Bu, Azərbaycanda nəhəng bir qurğunun - kimya sənayesi üçün böyük əhəmiyyəti olan buxar-generator kompleksinin inşasına başlanması mərasimidir. Bu, böyük hadisədir. Deyə bilərəm ki, müstəqil Azərbaycanın 1990-cı illər tarixində respublikamızda yeganə hadisədir ki, biz böyük bir sənaye obyektinin tikintisinə başlayırıq.
Azərbaycanda, cümlədən Sumqayıtda keçmiş illərdə, onilliklərdə nəhəng sənaye müəssisələri yaradılıb istifadəyə verilibdir. Onların əksəriyyəti Azərbaycan xalqına indiyə qədər xidmət edir. Sumqayıt şəhəri bu sahədə xüsusi yer tutur. Sumqayıt gənc şəhərdir, hələ 50 yaşı tamam olmayıbdır. Ancaq uzun müddətdə Xəzərin sahilində yaranıbdır. Bu şəhərin yaranmasının da əsas səbəbi burada nəhəng sənaye müəssisələrinin olmasıdır.
Sumqayıtın sənayesinin böyük bir hissəsini kimya sənayesi təşkil edir. Məlumdur ki, 1960, 1970, 1980-cı illərdə Azərbaycanda kimya sənayesinin yaradılması və inkişaf etdirilməsi üçün böyük işlər görülmüş və mühüm nailiyyətlər əldə olunmuşdur. İndi şəhərin nəhəng kimya sənayesi kompleksi Sumqayıt və Azərbaycan sənayesinin böyük bir hissəsini təşkil edir.
Biz vaxtilə burada kimya sənayesi müəssisələrini yaradarkən həm Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməyə, həm də o illər mənsub olduğumuz Sovetlər İttifaqının kimya sənayesini inkişaf etdirməyə çalışırdıq. Bizim gördüyümüz işlər ölkəmizə böyük sərvətlər gətirib, bir neçə nəsil insanlar bu sənaye müəssisələrində ixtisas alıb, işləyib, öz həyatlarını qurublar. Bir sözlə, bu sənaye müəssisələri Azərbaycan üçün öz xidmətlərini göstərib. Ancaq bu müəssisələrin hələ böyük potensialı vardı. Müasir şəraitdə bunları hərəkətə gətirmək üçün isə əlavə tədbirlər görülməlidir.
Sumqayıtın kimya sənayesində EP-300 qurğusunun tikilməsi 1970-ci illərdə Azərbaycanda qarşımızda duran böyük vəzifələrdən biri idi. O illər EP-300 qurğusu ümumiyyətlə, nadir bir sənaye müəssisəsi idi. Onun texnologiyası yeni idi, həmin müəssisənin yaradılması böyük vəsait, mütəxəssislər - texnologiyadan istifadə edə bilən mühəndislər, texniklər, fəhlələr tələb edirdi. Amma biz bu məhsulun o vaxtlar çox əhəmiyyətli olduğunu bilərək Azərbaycanın kimya sənayesində EP-300 kompleksini tikməyə çalışdıq.
Mən indi keçmişi yada salaraq sizə bildirmək istəyirəm ki, bu o qədər də asan deyildi. Çünki Sovetlər İttifaqında belə qurğuların başqa yerlərdə də yaradılması nəzərdə tutulurdu, böyük vəsait lazım olduğuna görə buna vəsait ayırmaq çətin idi. Ona görə də biz davamlı olaraq bir neçə il bu təkliflərimizi Sovet İttifaqı hökumətinə təqdim edirdik və bunların həyata keçirilməsinə çalışırdıq.
Xatirimdədir, 1975-1976-cı illərdə EP-300 qurğusunun tikilməsi haqqında təklif irəli sürmüşdük və bu təklif qəbul olunmuşdu. Ancaq lazımi hazırlıq işləri, layihələrin hazırlanması, vəsaitin tapılması zaman tələb edirdi. Biz bu işlə bir neçə il ardıcıl məşğul olduq. Nəhayət, 1980-cı ildə bu qurğunun tikintisinə başladıq.
Təəssüflər olsun ki, bu kompleks istənilən həcmdə yaradıla bilmədi. Ancaq yaradılan da Azərbaycan üçün böyük sərvət oldu və böyük sərvətdir. Ətrafda gördüyünüz qurğular, nəhəng cihazlar, sənaye müəssisələri - bütün bunlar müstəqil Azərbaycan, xalqımızın sərvətidir. Biz məhz o illərdə - Sovetlər İttifaqının tərkibində olduğumuz zaman böyük çətinliklərin öhdəsindən gələrək, ümumxalq büdcəsindən vəsait almağa nail olaraq bu sərvəti yarada bildik.
İndi bizim sənayemiz, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri əsasında qurulmalıdır. Məhz buna görə də keçmiş zamanda Sumqayıtda yaradılmış sənaye müəssisələri indi əvvəlki gücü ilə işləmir. Bizim məqsədimiz sənaye müəssisələrini müasir tələblərə, bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqdan və bunlara yeni həyat verməkdən ibarətdir.
Bilin ki, biz bu sahədə çox işlər görmüşük və görürük. İnanıram ki, görülən işlər gələcəkdə öz nəticəsini verəcəkdir. Bu baxımdan kimya sənayesini yeni mərhələdə bazar iqtisadiyyatı prinsiplərinə uyğun, istehsalın, məhsulun keyfiyyətini artırmaq yolu ilə inkişaf etdirmək qarşımızda duran mühüm vəzifədir. Ancaq məlumdur ki, bunun üçün vəsait lazımdır. Müstəqil Azərbaycanın indiki həyatında istənilən vəsait yoxdur. Biz iqtisadiyyatımızı inkişaf etdirmək üçün xarici sərmayələrin Azərbaycana gətirilməsi sahəsində tədbirlər həyata keçiririk.
Bilirsiniz ki, son illər bizim bu tədbirlərimiz yaxşı nəticələr verir. Məsələn, keçən il Azərbaycana 1 milyard 500 milyon dollar dəyərində xarici sərmayə gəlmişdir. Amma 4 il bundan öncə respublikamıza cəmi 300 milyon dəyərində sərmayə qoyulmuşdu. Biz son vaxtlar bu istiqamətdə apardığımız işləri Yaponiya hökuməti və bu ölkənin böyük şirkətləri ilə həyata keçirməyə çalışırıq.
Burada deyildiyi kimi, keçən ilin fevralında mənim Yaponiyaya rəsmi səfərim zamanı apardığımız danışıqlar, imzaladığımız müqavilələr bizə yeni böyük imkanlar açmışdır. EP -300 qurğusunun müasirləşdirilməsi, ona yeni həyat verilməsi üçün burada buxar-elektrik kompleksinin tikilməsi bunların içərisində mühüm yer tutur. Biz bu qurğunun tikilməsi üçün Yaponiyanın "Niçimen" və başqa şirkətləri ilə danışıqlar apardıq. Bunların nəticəsində Yaponiya hökumətinin güzəştli kreditinin alınmasına nail olduq. Bu qurğuya 90 milyon dollar dəyərində vəsait tələb olunur. Bunun əksər hissəsi Yaponiyanın "Eksimbank"ının krediti vasitəsilə həyata keçiriləcəkdir.
Bu, böyük hadisədir. Həm bu miqyasda, həcmdə kreditin əldə olunması, həm də kreditin həyata keçirilməsi üçün yüksək texnologiyaya, yüksək sənaye səviyyəsinə malik xarici şirkətlərin Azərbaycana cəlb edilməsi böyük hadisədir. Bu, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafını nümayiş etdirir. Eyni zamanda, müstəqil dövlət kimi Azərbaycana inamın olduğunu nümayiş etdirir.
Beləliklə, biz Sumqayıtın kimya sənayesində yeni mərhələ açırıq, bu qurğunun tikintisinə başlayırıq. Biz buraya bu münasibətlə toplaşmışıq, onun təməlini qoyuruq.
Artıq burada bəyan edildi ki, bu qurğu, kompleks qısa bir zamanda inşa olunub istismara veriləcəkdir. Mən bu bəyanatları - həm Yaponiya, həm də Türkiyə şirkətləri tərəfindən verilən bəyanatları qəbul edirəm və onlara inanıram. "Azərkimya" Dövlət Şirkəti tərəfindən verilən bəyanatı da inamla qəbul edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, burada bəyan edilmiş müddət ərzində bu böyük kompleks tikiləcək, istifadəyə veriləcək, məhsul verəcək və Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edəcəkdir
Güman edirəm ki, sumqayıtlılar, kimyaçılar üçün bu qurğunun təkcə yaradılıb istismara verilməsi yox, onun inşaat prosesi də çox böyük əhəmiyyətə malikdir. Çünki bunun inşasında xarici şirkətlərlə bərabər, Sumqayıtın inşaatçı, quraşdırıcı və başqa təşkilatları da iştirak edəcəklər.
Verilən məlumata görə, burada gündə 600 nəfər işləyəcəkdir və onların tam əksəriyyəti, demək olar ki, 99 faizi siz sumqayıtlılar, şəhərin müxtəlif təşkilatları olacaqdır. Demək bu qurğu hələ tikilib istismara verilənə qədər artıq burada yeni iş yerləri açılacaq, insanlar işləyəcək, əmək haqqı alacaqdır. Öz-özlüyündə bu, müstəqil Azərbaycanın tarixində ilk hadisədir. Ona görə də mən bu hadisəni sizinlə bir yerdə qeyd etmək üçün buraya gəlmişəm.
Sumqayıtın problemləri çoxdur. Mən qeyd edim ki, vaxtilə Sumqayıtda nəhəng sənaye müəssisləri yaradılıbdır. İnsanlar burada işləyib özlərinə iş yeri tapıblar. İndi sənaye müəssisələrinin istənilən səviyyədə işləməməyi bir çox çətinliklər, problemlər yaradıbdır. Biz bu problemləri bilirik, onların aradan qaldırılması üçün çalışırıq. Mən baş naziri və bir çox nazirləri, respublika təşkilatlarının rəhbərlərini keçən ay Sumqayıta göndərdim. Onlar burada vəziyyəti öyrəndilər, araşdırdılar və müəyyən təkliflər təqdim etdilər. Biz yardımlar etdik və bundan sonra da edəcəyik. Əmin ola bilərsiniz ki, Sumqayıtda sənaye müəssisələrinin, ümumiyyətlə, istehsalın, şəhərin həyatının bugünkü problemlərinin həll olunması bizim nəzarətimiz altındadır. Biz bunların həll edilməsi ilə məşğul olacağıq. Sadəcə, hamımız bilməliyik ki, müstəqil Azərbaycan öz həyatının keçid dövrünü yaşayır, iqtisadiyyatda böyük dəyişikliklər baş verir, bazar iqtisadiyyatı formalaşır.
Biz keçmiş istehsal sistemindən, imkanlarından əvvəlki kimi səmərəli istifadə edə bilmirik. Ancaq bu proses get - gedə öz müsbət nəticələrini verir. İnanırıq ki, biz Azərbaycanda sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı, azad iqtisadiyyat sistemini təşkil edə, yarada biləcəyik və Azərbaycanın vətəndaşları bütün bu imkanlardan get - gedə daha da çox bəhrələnəcəklər, istifadə edəcəklər. Mən bu hadisə münasibətilə kimyaçıları, bütün sumqayıtlıları təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu qurğu Sumqayıtda istehsalın yeniləşdirilməsinin başlanğıcı olacaqdır. Biz gələcəkdə də belə tədbirləri həyata keçirməyə nail olacağıq. Sizə cansağlığı arzu edirəm. Bu kompleksin inşasına uğurlar arzulayıram. Sağ olun.