"Azərneftyağ" İstehsalat Birliyinin işçiləri üçün tikilmiş yeni yaşayış binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 6 iyun 2000-ci il


Əziz bacılar və qardaşlar!

Əziz neftçilər!

Əziz dostlar!

Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və çox şadam ki, bu gün sizinlə görüşmək mənə nəsib olubdur.

Azərbaycanın neft sənayesinin böyük tarixi var. Hər halda sənaye üsulu ilə neft hasil olunmasının və emal edilməsinin 150 ildən artıq tarixi var. Azərbaycan neft ölkəsidir. Azərbaycanda neft sənayesini bir neçə nəsil yaradıb, inkişaf etdirib və bu səviyyəyə çatdırıbdır. Azərbaycanda neftçilər həmişə aparıcı qüvvə olublar. Neft sənayesi, xam neftin emal olunması Azərbaycanın iqtisadiyyatında həmişə çox görkəmli yer tutubdur. Azərbaycan öz nefti, netfçiləri, yüksək səviyyəli mütəxəssisləri ilə dünyada böyük şöhrət qazanıbdır.

Keçmişdə bizim yaşadığımız Sovetlər İttifaqında yeni-yeni neft regionları yaranmışdı. Ancaq təsadüfi deyildir ki, onların adına "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" deyirdilər. Çünki keçmiş Rusiyada, ondan sonra isə Sovetlər İttifaqında, demək olar ki, bütün dünyada neftin çıxarılması və hasil edilmiş neftin emalı təcrübəsi Azərbaycandan başlanmışdır. Ona görə də burada çox bilikli, bacarıqlı, təcrübəli mütəxəssislər - mühəndislər, texniklər, geoloqlar, alimlər yetişmişdir. Onlar İkinci dünya müharibəsindən sonra - 1940-cı, 1950-ci, 1960-cı illərdə keçmiş SSRİ-nin bir çox vilayətlərində, bölgələrində - hətta uzaq Sibirə qədər - neft yataqlarının canlandırılması, neftin hasil edilməsi və neft məhsulları istehsal olunması işləri ilə məşğul olublar. Onların çoxu indi də həmin diyarlarda yaşayırlar, o yerlərin sakinləri olublar. Bu da bizi sevindirir. Ona görə ki, Azərbaycan xalqı, mütəxəssislərimiz elə yüksək səviyyədədirlər ki, gedib Rusiyanın müxtəlif bölgələrində öz təcrübələrini tətbiq edib, insanları bu peşəyə, bu sənətə öyrədə biliblər.

150 illik tarixdə Azərbaycan neftçilərinin yolu asan olmayıbdır. Neftin hasil edilməsinin, emalının o vaxt və indi hansı səviyyədə olduğunu siz də bilirsiniz və bu, bütün dünyaya da məlumdur.

Əsrin əvvəlində dünya ictimaiyyətinin, dünya biznesinin, dünya iqtisadiyyatının diqqəti buraya cəlb olunduğu zaman Azərbaycanda neft hasil edib, onu emal edib xaricə göndərənlər, yəni xarici şirkətlər gəlib buralarda yerləşmişdilər. Təbiidir ki, o vaxt neft yataqlar olan yerdə, ilk növbədə Balaxanıda, Suraxanıda və başqa yerlərdə, yəni Abşeron yarımadasında hasil edilirdi. O vaxt neft emal edən müəssisələr yaradılması üçün Bakının bu hissəsində yer seçmişdilər. Nə üçün bu hissəsində? Birincisi, o vaxtlar burada o qədər yaşayış binaları yox idi. O vaxt bu yerlər boş idi və burada insanlar yaşamırdı. İkincisi də bu yer dənizin sahilindədir. Çünki istehsal olunan neftin, hasil edilən məhsulun nəqli və başqa yerlərə göndərilməsində dəniz nəqliyyatının çox böyük əhəmiyyəti vardır. Eyni zamanda, bu yer dəmir yoluna da yaxındır.

Beləliklə, burada neft emalı zavodları yaranmışdır. Təsadüfi deyil ki, Azərbaycanda neftin hasil edilməsi və emalı ilə məşğul olan ilk xarici şirkətlərin başçıları - Nobel qardaşları məhz burada özlərinə malikanələr, - bilmirəm, ona indi nə deyirlər, - bağlar düzəltmişdilər, istirahət edirdilər, yaşayırdılar. Deyəsən, ona indi də Nobel bağı deyirlər.

Xatirimdədir, gənclik illərimdə mən buraya gələndə bu park "Rote Fane" parkı adlanırdı. Sonralar ona "Nizami parkı" adını verdilər, indi isə dəyişdiriblər. Yenə də deyirəm, bunlar hamısı mənim xatirimdədir.

Təbiidir ki, neft çox dəyərli bir məhsuldur, insanlar üçün, dünya üçün çox lazımdır. Amma eyni zamanda bu, elə bir məhsuldur ki, onun hasil olunması insanlara çox çətinliklər yaradır. Təbiidir ki, neftin emal olunması texnologiyadan, texnikadan asılıdır. Bu da çox böyük problemlər yaradır.

Təbiidir ki, burada yaranmış emal zavodları neft emal edirdi, neft məhsulları əldə edirdi, gəlir götürürdü, amma texnika və texnologiya indiki səviyyədə olmadığına görə onlar ətraf mühiti tamamilə zəhərləmişdilər. Ona görə də bakılılar buraya "Qaraşəhər" adı vermişdilər.

Burada təkcə neft emal edən zavodlar yox, bir çox başqa zavodlar da var idi. Bunu bir neçə dəfə demişəm, mən gənclik illərində ilk dəfə Bakıda olanda - o vaxt burada tramvay işləyirdi - tramvaya minib Nizami adına parka gəzməyə gəldim. Mən burada nəfəs ala bilmirdim. Çünki neft tullantıları, kükürd və başqa kimyəvi maddələr buranın havasını o qədər gərginləşdirmişdi ki, bu yerdə nəfəs almaq mümkün deyildi. Sonrakı illərdə vəziyyət bir az yaxşılaşmışdı, amma o qədər də dəyişməmişdi.

Mən deyə bilərəm ki, Azərbaycanda neft sənayesinin tarixi bir neçə mərhələyə bölünə bilər. Birincisi - keçən əsrin 70-ci illərindən başlamış bu əsrin 20-ci illərinə qədər olan dövrdür. İkincisi - 1920-ci illərdən başlamış 1960-cı illərin sonuna qədər olan dövrdür. Üçüncü dövr isə 1960-cı illərin sonunu, 70-ci, 1980-ci illəri əhatə edir.

Mən bunu nə üçün belə mərhələlərə bölürəm? Çünki 20-ci illərdə Azərbaycanda neft hasilatı genişlənmişdi, amma neft Nobel qardaşlarının, Mantaşov qardaşlarının və başqalarının tikdiyi elə o köhnə qurğularda, müəssisələrdə emal olunurdu, onlar dəyişilməmişdi.

Biz Azərbaycanda neft emalı və neft məhsullarının alınması proqramını ilk dəfə 1970-ci illərdə həyata keçirməyə başladıq. O vaxt böyük bir proqram yaratdıq. Həmin proqrama görə, yeni, müasir texnikaya və texnologiyaya malik olan zavodlar yaranmalı, bütün köhnə qurğular, zavodlar aradan çıxarılmalı idi.

O vaxt biz birinci növbədə Keşlədə yerləşən birlikdə - indi ona "Azərneftyanacaq" birliyi deyirlər - "ELOU-AVT-6" qurğusunu yaratdıq. Sonra orada yüksək keyfiyyətli benzin istehsal edən riforminq qurğusunu yaratdıq.

Xatirimdədir, 1975-ci ildə biz Azərbaycan iqtisadiyyatının, xüsusən sənayesinin inkişafı üçün böyük bir proqram tərtib etmişdik. Təbiidir ki, Moskvanın, sovet hökumətinin qərarı olmadan onu həyata keçirmək mümkün deyildi. O vaxt sovet hökuməti qərar qəbul etdi və bu proqramı təsdiq etdik, onu həyata keçirmək üçün respublikamıza vəsait ayırdı. Həmin proqramda "Qaraşəhər"in tamamilə təmizlənməsi və bu yerdə "ELOU-AVT-6" qurğusunun qurulması xüsusi yer tuturdu. Ondan əvvəl, keçmişdə buradakı zavod Stalinin adını daşıyırdı. Ona "Stalin zavodu" deyirdilər. Stalin öləndən, tənqid ediləndən sonra həmin zavoda "XXII partiya qurultayı zavodu" adı verilmişdir.

Ancaq yenə də deyirəm, həmin zavod köhnə texnologiya ilə işləyirdi. O illər mən buraya bir neçə dəfə gəlmişdim, bu zavodlarla tanış olurdum. Mən həmin bu əsas qurğunun - "ELOU-AVT-6" qurğusunun olduğu yerdən dənizə tərəf sahilə getdim. Yer də, dənizin suyu da - hər yer qapqara hisin içərisində idi. Amma təkcə ora yox, bütün "Qaraşəhər" hisin içərisində idi. Bu, 1970-ci illərin əvvəllərində olubdur.

Bəli, o vaxt bizim məqsədimiz Azərbaycanın iqtisadiyyatını, birinci növbədə neft sahəsini, neft emalı sənayesini inkişaf etdirməkdən ibarət idi. Bu, bir tərəfdən, emal edilən neft və neft məhsullarının keyfiyyətini, respublikamızın gəlirini artırmaq, ikinci tərəfdən də ətraf mühiti təmizləmək, Azərbaycanın, Bakının bu böyük hissəsini hisdən, qaradan, kimyəvi maddələrdən xilas etmək məqsədi daşıyırdı.

Beləliklə də biz bu proqramı həyata keçirməyə başladıq. Həmin proqrama əsasən burada "ELOU-ABT-6" qurğusunun yaradılması nəzərdə tutulmuşdu. Bəli, o vaxtlar mən buraya tez-tez gəlirdim. Veteran Cahangir Quliyev buradakı çıxışında onu xatırladığını bildirdi. Həmin bu qurğunun təməlini gəlib bir yerdə qoyduq. O, bugünkü kimi xatirimdədir. Bu, təxminən 1977-1978-ci illərdə olubdur.

1981-ci ildə biz "ELOU-AVT-6" qurğusunu qısa müddətdə tikib istifadəyə verdik. Mən yenə də buraya gəldim. İndi siz toplaşdığınız kimi, o vaxt da buraya xeyli insan yığışmışdı. Biz böyük bir bayram mərasimi etdik. Mən bu qurğunun tikilməsində iştirak edənlərin hamısını təbrik etdim. Ondan sonra buraların təmizlənməsinə başlandı.

İstehsalat Birliyinin rəhbəri buradakı çıxışında doğru xatırlatdı. Mən bu sözləri eşidəndə özümü çox xoşbəxt hiss edirəm. Təsəvvür edin, 25 il bundan öncə, həmin proqram təsdiq ediləndən sonra bizim yüksək səviyyəli bir toplantımızda mən böyük bir nitq söyləyirdim. Mən orada dedim ki, biz bu proqramı həyata keçirəcəyik və bunun nəticəsində "Qaraşəhər" tamamilə təmizlənəcək, orada olan bütün his, pas, qara, zəhərləyici maddələr dağılıb gedəcək və burada ağaclar, çiçəklər, güllər əkiləcək, yaşayış binaları tikiləcəkdir.

İnanın, mən nə qədər sevinirəm, nə qədər xoşbətxəm ki, o vaxtdan 25 il keçəndən sonra mən o zaman qurduğum işlərin bəhrəsini görürəm. Təbiidir ki, bunların bəhrəsini 10 il bundan əvvəl mən burada da, Moskvada da işləyərkən görmüşdüm. Amma indi o vaxtdan 25 il keçibdir, "Qaraşəhər"dən bir əlamət belə yoxdur. Burada gözəl yaşayış evləri tikilibdir, ağaclar, çiçəklər, güllər əkilibdir, insanlar gözəl yaşayırlar. Nəhayət, burada bu cür gözəl yaşayış binaları tikilibdir. Təkcə bunlar deyil. İndicə deyildi ki, burada çoxlu yaşayış evləri inşa olunubdur. Bu binalar nəinki təkcə keçmiş "Qaraşəhər"ə - indi "Qaraşəhər"i xatırlayanlar azdır - gözəllik verir, onlar həm də Bakının memarlıq simasına böyük töhfədir, paytaxtımızın memarlığını zənginləşdiribdir. Çünki bunlar doğrudan da gözəl binalardır və öz xarici görünüşünə, gözəlliyinə, yüksəkliyinə görə Bakının memarlıq simasını zənginləşdirib, dəyişdiribdir.

Bu, doğrudan da çox sevindirici bir hadisədir. Buna görə də mən bu gün sizinlə görüşümdən ikiqat, üçqat sevinirəm. Çünki gəlib buranı, bu binaları görürəm və düşünürəm ki, bütün bunlar mənim gördüyüm işlərin bəhrəsidir. Bu, hər bir insan üçün ən böyük xoşbəxtlikdir.

İstehsalat Birliyinin rəhbəri Mirzəyev bu birliyin işi haqqında geniş məlumat verdi. Mənim buna əlavə ediləsi bir sözüm yoxdur. Ancaq onu deyə bilərəm ki, görülən işlərdən və əldə edilən nailiyyətlərdən çox məmnunam. Bu nailiyyətlər münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm.

Biz burada yeni qurğunun - "ELOU-ABT-6" qurğusunun təməlini pak ürəklə, təmiz qəlblə, mənəviyyatla qoymuşduq. Ona görə qoymuşduq ki, birinci növbədə, burada çalışan, zəhmət çəkən insanlara xeyir gətirsin, ikinci növbədə bu, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirsin, üçüncü növbədə isə respublikamızda texnika və texnologiyanın səviyyəsini yuxarı qaldırsın. Bir də, ən əsası, ona görə ki, bu qurğu, emal olunan neft məhsulları vasitəsilə Azərbaycanın iqtisadiyyatı inkişaf etsin, xalqımızın rifah halı yaxşılaşsın.

Sizin birliyin nümayəndələri buradakı çıxışlarında bu birliyin, qurğunun, zavodun müəyyən bir vaxtda ağır vəziyyətə düşməsindən və Azərbaycanda hərc-mərclik, hakimiyyətsizlik dövründə bu böyük sənaye müəssisəsini ayrı-ayrı şəxslərin ələ keçirib ondan öz şəxsi məqsədləri üçün istifadə etməsindən, buranın demək olar ki, zibillənməsindən, çirklənməsindən danışdılar. Təbiidir ki, bütün bunlar bizim təməlini qoyduğumuz amallara xəyanət idi. Ancaq nə yaxşı ki, Azərbaycan artıq bunlardan xilas olubdur və siz də xilas olmusunuz. Verdiyiniz məlumatlara görə, siz həmin zibilləri buradan təmizləmisiniz, buranı təmiz, gözəl bir birliyə çevirmisiniz və belə gözəl nailiyyətlər əldə etmisiniz.

Bu, sizin zəhmətinizin nəticəsidir. Bu, eyni zamanda, paklığa, saflığa, bizim milli dəyərlərimizə, mənəviyyatımıza sizin sədaqətinizin nəticəsidir. Bu, eyni zamanda, çirkin işlərə, mənəviyyatsızlığa sizin dözməməyinizin nəticəsidir. Ona görə də sizə təşəkkür edirəm.

Sizin nailiyyətləriniz nəyi göstərir? Ölkəmizin ağır dövründə bir iqtisadi sistemdən başqa bir iqtisadi sistemə keçdiyimiz, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğu, işğal edilmiş torpaqlardan bir milyondan artıq vətəndaşımızın qaçqın düşüb çətin vəziyyətdə yaşadığı bir zamanda bu, Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini göstərir.

Bəli, 1996-cı ildən Azərbaycan iqtisadiyyatı inkişaf dövrü keçirir. Bu inkişaf ondan ibarətdir ki, istehsal, bütün sahələr inkişaf edir, bunun hesabına da insanların rifah halı yaxşılaşır. Məsələn, son illərdə sizin birlik öz işini yaxşılaşdırması, səmərəliləşdirməsi, keyfiyyətini artırması, oğurluğun, əyriliyin qarşısını alması nəticəsində yüksək nailiyyətlər əldə edibdir. Buna görə də sizin maaşlarınız, gəlirləriniz artıbdır, yeni binalar tikilib, yaşayış şəraitini yaxşılaşıbdır. Hər bir müəssisənin, kollektivin gördüyü belə xeyirxah işlər, bu saf əməllər - bunların hamısı ağır dövrdə Azərbaycanın inkişaf etməsinə kömək göstərir.

Əziz dostlar, ona görə də siz son illər Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsinin iştirakçılarısınız və bu işdə sizin kollektivin çox dəyərli payı vardır.

Azərbaycan müstəqil, demokratik bir dövlət kimi inkişaf edir və edəcəkdir. Azərbaycanda insanlara sərbəstlik yaradılıbdır. Azərbaycanda sahibkarlıq geniş yayılıbdır, özəl sektor yaranıbdır, özəlləşdirmə aparılır. Yəni Azərbaycanda bazar iqtisadiyyatı yaranır və inkişaf edir. Bunun nəticəsində də Azərbaycanın iqtisadiyyatı daha da çox inkişaf edəcəkdir.

Ölkəmizdə insanlara sərbəstlik verilibdir. Eyni zamanda, Azərbaycanda oğrulara, əyrilərə, rüşvətxorlara, öz xalqına, millətinə xəyanət edənlərə yer yoxdur. Bunun üçün siz də, biz də - hamımız birlikdə əl-ələ verib bu mənfi hallara qarşı ciddi mübarizə aparmalıyıq, cəmiyyətimizi tamamilə təmizləməliyik, mənəviyyatımızı daha da pak etməliyik. Bütün rüşvətxorlara, oğrulara, insanların hüquqlarını pozanlara, xalq əmlakını dağıdanlara - hamısına, hamısına qarşı amansız mübarizə aparmalıyıq. Bilin ki, Azərbaycan prezidenti Heydər Əliyevin siyasətinin əsas istiqamətlərindən biri budur və bu siyasəti həyata keçirməkdə də mən sizə arxalanıram, sizə ümid bəsləyirəm və sizinlə birlikdə irəli gedirəm.

Azərbaycan bir müstəqil dövlət kimi möhkəmlənibdir. Artıq doqquzuncu ildir ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan dünya birliyində özünəməxsus yer tutubdur. Azərbaycana dünyanın böyük ölkələrindən maraq artıbdır. Burada deyildi, - 1994-cü ildən başlayaraq Azərbaycanın neft yataqlarının müştərək istifadə olunması üçün müqavilələr imzalanıbdır. 19 müqavilə imzalanıbdır, onlar həyata keçirilir. Neft hasilatı günü-gündən artır və artacaqdır. Bu, Azərbaycanı zənginləşdirəcək, Azərbaycan daha da çiçəklənəcəkdir.

Bu qurğu - "ELOU-AVT-6" və sonra yaranan iki qurğu, bir də "Azərneftyanacaq" İstehsalat Birliyində olan qurğu - bunların hamısının birlikdə 22 milyon ton neft emal etməyə imkanı vardır. Amma bilirsiniz ki, biz bu gün ildə 9 milyon ton neft hasil edirik. Onun bir hissəsini xammal, neft kimi satırıq, qalan hissəsi də qurğularda emal olunur. Ancaq gələcəkdə biz bütün bu qurğuların tamamilə işləməsinə nail olacağıq. Çünki neft hasilatı artır. Xammalın ixracı ilə bərabər, biz bundan sonra daha da keyfiyyətli, yüksək keyfiyyətli, dünya standartlarına cavab verən neft məhsulları istehsal etməliyik. Ona görə də biz bu qurğulardan gələcəkdə onların tam gücü ilə istifadə edəcəyik. Eyni zamanda gərək bu qurğuların hamısında texnika, texnologiya daim təkmilləşdirilsin, beynəlxalq standartlara uyğun olaraq inkişaf etsin ki, bizim gələcəkdə də emal edəcəyimiz və əldə edəcəyimiz neft məhsulları yüksək keyfiyyətə malik olsun və beynəlxalq bazarda özünə yer tapsın.

Burada birliyin baş direktoru Mirzəyevin sizin məhsullarınızın dünya sərgilərində, dünya yarışlarında yüksək yer alması haqqında verdiyi məlumat sevindirici haldır. Ancaq bu, ilk addımlardır. Bu istiqamətdə daha da çox iş görmək lazımdır ki, neft məhsulları ən yüksək keyfiyyətə malik olsun, ən yüksək standartlara cavab versin.

Beləliklə, Azərbaycanın iqtisadiyyatı və onun mühüm bir hissəsi olan neft sənayesi böyük gələcəyə malikdir, böyük perspektivləri var və bunlar hamısı sizinlə, bizimlə birlikdə həyata keçiriləcəkdir.

Dediyim kimi, Azərbaycan bir müstəqil dövlət olaraq günü-gündən möhkəmlənir və müstəqil dövlət kimi yaşayacaqdır. Müstəqillik tarixi nailiyyətimizdir, bizim müstəqilliyimiz əbədidir və dönməzdir. Ona görə də siz heç narahat olmayın.

Buradakı çıxışlarda Amerika Konqresində hansısa dinləmələr haqqında danışdılar, kimlərinsə gedib orada Azərbaycanın mənafelərinin əleyhinə çıxması barədə öz nifrətlərini bildirdilər. Doğrudur, bu, nifrətedicidir. Ancaq eyni zamanda bu, bizi narahat etmir və heç vaxt narahat edə bilməz. Dünyanın heç bir konqresi, dünyanın heç bir dövləti Azərbaycanın daxili işlərinə qarışa bilməz. Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın bütün işləri Azərbaycan dövlətinin iradəsi ilə Azərbaycanda həll olunur. Heç bir başqa ölkədə həll olunmur. Biz hər bir ölkə ilə dost, mehriban əlaqələr qururuq.

Ancaq eyni zamanda biz heç vaxt heç kəsə imkan vermərik ki, bizim müstəqilliyimizi bir balaca da olsa, necə deyərlər, azaltsınlar. Biz buna yol vermərik. Ona görə də o dinləmələr və eyni zamanda o dinləmələrdə Azərbaycana bədxah münasibət göstərən ayrı-ayrı adamların qarşısında özləri üçün hörmət qazanmaq istəyənlər tamamilə boş işlərlə məşğul olurlar. Azərbaycanda hansı şeyə nail olmaq istəyirsənsə, buna Azərbaycanda nail olmaq lazımdır, Azərbaycan xalqının iradəsi ilə nail olmaq lazımdır, müstəqil Azərbaycanda nail olmaq lazımdır. Azərbaycanın işləri heç bir yerdə həll oluna bilməz. Bunu onlar da bilsin, siz də bilin və heç bir şeydən də narahat olmayın.

Burada şəhid ailəsinin üzvü, gözəl bir xanım çıxış etdi, Füzuli rayonundan didərgin düşmüş soydaşımız çıxış etdi. Təkcə onlar yox, hamımız üçün Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi, ərazi bütövlüyünün bərpa olunması əsas problemdir, əsas məsələdir. Bilirsiniz ki, bu sahədə biz gecə-gündüz çalışırıq, əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Mən çox məmnunam ki, o şəhid ailəsinin üzvü burada çox dəyərli sözlər dedi. Birincisi, onu dedi ki, müharibə görməyənlər indi müharibəyə çağırırlar. Onlar müharibə nədir - bilmirlər. Çünki onun həyat yoldaşı şəhid olubdur. İkincisi də onu dedi ki, əgər lazım olsa, mən iki oğlumu də öz əlimlə torpaqlarımızın müdafiəsi üçün döyüşlərə göndərməyə hazıram. Azərbaycan xalqını yaşadan, Azərbaycan xalqını yüksəldən bax, bu cür yüksək mənəviyyata malik olan insanlardır. Bunlardır, bunlardır!

Bəli, mən də hesab edirəm ki, bu gün torpaqların sülh yolu ilə qaytarılmasına nail olmaq lazımdır. Müharibə etmək hər vaxt olar, hər vaxt ola bilər. Müharibənin acı-ağrısını xalqımız görübdür. Təbiidir ki, indi Azərbaycanın gücü o vaxtkı kimi deyil. İndi Azərbaycanın güclü ordusu var. Azərbaycanın artıq birləşmiş xalqı var, çox iradəli xalqı var. Ancaq yenə də bunlara baxmayaraq, məsələnin sülh yolu ilə həll olunması lazımdır. Biz bu yolda öz fəaliyyətimizi göstəririk və bundan sonra da göstərəcəyik.

Mən dəfələrlə demişəm, sizin qarşınızda da deyirəm. Mənim indi həyatımın əsas məqsədi ondan ibarətdir ki, Azərbaycanın işğal edilmiş torpaqları azad olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, yerindən-yurdundan didərgin düşmüş insanlar öz torpaqlarına qayıtsın və sülh yaransın. Ermənistan ilə Azərbaycan arasında sülh yaransın, Cənubi Qafqazda sülh yaransın, Qafqazda sülh yaransın ki, bundan sonra bizim uşaqlarımız da, nəvələrimiz də, nəticələrimiz də müharibə görməsinlər, sülh şəraitində yaşasınlar. Mən inanıram ki, bu yol ilə gedərək biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə nail olacağıq, işğal edilmiş torpaqlar azad olunacaq və yerindən-yurdundan didərgin düşmüş bütün insanlar öz torpaqlarına qayıdacaqlar.

Mən bu gün burada çox həyəcanlıyam. Çünki mən sizə dedim, - bütün bu yerlər mənim üçün doğmadır və bu birliyin də əsasını qoymuşam. O vaxtlar bundan ötrü çox çalışmışam. Asan deyildi. Çünki bunun üçün nə qədər vəsait lazım idi. Vəsaitin də hamısını Moskvadan almaq lazım idi. Sovetlər İttifaqında isə o vaxtlar belə qurğulara tələbat çox idi. Çünki Sibirdə neft hasilatı ildə 20 milyon ton artırdı. Bu qurğuların da hərəsinin istehsal gücü 6 milyon ton, bir az da artıranda 8 milyon ton idi. SSRİ-də belə qurğulara nə qədər ehtiyac var idi. Amma onlara baxmayaraq, böyük çətinliklərlə bu iki qurğunu - həm buradakı, həm də Keşlədəki qurğunu aldıq, gətirdik qurduq və indi bunlar müstəqil Azərbaycana xidmət edir.

Mən düşünürəm, əgər o vaxt bunları etməsəydik, əgər o vaxt bunları yarada bilməsəydik, indi biz bunlarsız necə yaşaya bilərdik?

Birliyin əmək veteranı, mənim dostum Cahangir Quliyev burada çox hərarətli çıxış etdi. Baxın, 40 ildir burada çalışır. Bura nə qədər bağlıdır! Amma o, buranın ağır dövrünü də görübdür, o dövrü də yaşayıbdır, həmin o hisdən də nəfəs alıb, o zəhərləyici maddələrdən də nəfəs alıb, amma görünür ki, çox sağlam adamdır, indiyə qədər də sağlam qalıbdır, gümrah qalıbdır. Mən onun əlini sıxanda, gördüm əlimi elə sıxır ki, indi də gücü var. Bəlkə də burada onun kimi və mənim kimi sevinən adam yoxdur. Çünki o, 40 ildir burada işləyir. Mən də ona görə dedim ki, mən buraların əsasını, təməlini qoyan insanam. Ona görə də mən bu görüşdən çox sevinirəm.

Bu evlər tikilibdir. İndi birliyin işçilərinin böyük bir hissəsi - burada dedilər - bu evlərdə yeni mənzillər alacaqlar. Sonra yenə tikiləcək, yenə alacaqlar. Bunlar da çox sevindirici haldır. Hər bir insan üçün mənzil birinci şərtdir. Mən də bu həyatı keçmişəm. Gənc vaxtımda mənim də evim yox idi, mənzilim yox idi. Mən Bakıda Sənaye İnstitutunda - indi Neft Akademiyası deyirlər, - orada oxuyanda yataqxanada yaşamışam. Sonra yenə Bakıya gələndə bir il orada-burada kirayədə yaşamışam. Kirayəyə bir otaq götürdüm, çətinliklə yaşayırdım.

Mənim xatirimdədir, ilk dəfə 1952-ci ildə mənə balaca bir mənzil verdilər. Elə bil ki, mənə dünyanı bəxş etmişdilər. O vaxt mən idim, anam idi, bacılarım idi - hamımız ikiotaqlı bir mənzilə yığışdıq və özümüzü ən xoşbəxt adam hesab edirdik. Mən bu dövrü keçmişəm. Bilirəm ki, bu yeni mənzil alanlar indi hansı hissiyyatlar keçirirlər. Ona görə də mən onları ürəkdən təbrik edirəm və təkcə onları yox, onların dostlarını da, həmkarlarını da, sizin hamınızı da təbrik edirəm. Arzu edirəm ki, evlər bundan sonra da tikilsin, sizlərə yeni-yeni mənzillər verilsin və hər birinizin ürəyi istədiyi kimi mənzili olsun.

Bu tikintilərdə Çin Xalq Respublikasının inşaatçıları da iştirak ediblər. Bu gün burada Çin Xalq Respublikasının səfiri çox gözəl bir nitq söylədi.

Çin böyük bir dövlətdir, dünyanın ən böyük dövlətlərindən biridir. İkinci Dünya müharibəsindən sonra Çində böyük proseslər gedir, Çin Xalq Respublikası inkişaf edir və böyük mərhələlərdən keçibdir. İndi onun iqtisadiyyatı yüksək ahənglə inkişaf edir. Əhalisi bir milyarddan artıqdır və iqtisadiyyatı da dünyanın ən böyük iqtisadi potensialı olan ölkələri ilə rəqabət aparmaqdadır. Ona görə də Çin ilə Azərbaycan arasındakı əlaqələr həmişə dostluq xarakteri daşıyıbdır, əməkdaşlıq xarakteri daşıyıbdır və bundan sonra da belə olacaqdır.

Çin Xalq Respublikası səfirinin dediyi kimi, mən də 1994-cü ildə Çinə, Pekinə öz səfərimi çox məmnuniyyətlə xatırlayıram. Bəli, o vaxt məhz mənim o səfərim zamanı Çin Xalq Respublikasının sədri cənab Tszyan Tszemin ilə, o vaxt oranın hökumətinin başçısı - indi parlamentin sədridir - cənab Li Pen ilə və başqaları ilə görüşüb bir çox müqavilələr imzaladıq. Ondan sonrakı dövr müstəqil Azərbaycan ilə Çin Xalq Respublikası arasında əlaqələrin inkişaf etməsi dövrü olubdur.

Biz bu ayın 22-də Çin Xalq Respublikası parlamenti sədrinin - o, keçmiş hökumətin başçısı idi, çox hörmətli bir insandır - başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfərə gəlməsini gözləyirik. Danışıqlar aparacağıq. Çox məmnunam ki, - mən hələ 1994-cü ildə onu dəvət etmişdim, - indi o, Azərbaycana gəlir və biz bu əlaqələrimizi inkişaf etdirəcəyik. Bu əlaqələrin inkişaf etdirilməsi elə burada da öz təzahürünü tapıbdır. Çin Xalq Respublikası inşaatçılarının bu binaların tikintisində iştirak etməsi siz inşaatçıların və Çin Xalq Respublikası inşaatçılarının Çin-Azərbaycan dostluğunun, əməkdaşlığının inkişaf etdirilməsinə verdiyiniz töhfələrdir. Ona görə mən təşəkkür edirəm.

Çin Xalq Respublikasının inşaatçılarına burada gördükləri işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra bu nümunədən istifadə edərək, Çin ilə Azərbaycan arasında olan iqtisadi əlaqələr daha da inkişaf edəcək və bütün sahələrdə bizim münasibətlərimiz, əməkdaşlığımız daha da yüksək səviyyələrə qalxacaqdır.

Mən sizi bu hadisə münasibətilə bir daha təbrik edirəm. Hər birinizə cansağlığı, ailə səadəti arzu edirəm. Sizin hamınıza, bütün Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq və rifah arzu edirəm. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf