"Bİ-Pİ/Statoyl " alyansının Bakıda yeni ofisinin açılışında Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 31 mart 1998-ci il


Hörmətli dostlar, qonaqlar!

Hörmətli xanımlar və cənablar!

Mən bu gün burada artıq Azərbaycanda özünə çox dəyərli yer tutmuş dünyanın iki böyük neft şirkətinin - "Bi-Pi" və "Statoyl" şirkətlərinin yeni ofisinin, binasının açılması münasibətilə təbrik edirəm.

Mən bu gün burada Sizinlə birlikdə bu hadisəni təkcə bir binanın inşa edilib, avadanlıqla təmin olunub yüksək səviyyəyə gətirilməsi kimi qeyd etmək fikrində deyiləm. "Bi-Pi" və "Statoyl"un Azərbaycanda işlədiyi zaman gördükləri işlərə müəyyən qədər yekun vurmaq məqsədi ilə Sizinlə görüşə gəlmişəm. Şübhəsiz ki, Sizin təmir etdiyiniz, yaratdığınız və indi artıq istifadə etməyə başladığınız bu bina Azərbaycanda, Bakıda olan gözəl binaların arasında özünəməxsus yer tutur. Təbiidir ki, bu, bizim qədim İçərişəhərin abadlaşdırılması sahəsində də atılan bir addımdır.

Xarici ölkələrin şirkətlərinin, o cümlədən neft şirkətlərinin maliyyə mərkəzlərinin Azərbaycandakı ofislərinin İçərişəhərə daha çox meyl etmələri təsadüfi hal deyildir. Bu, təbiidir. Çünki İçərişəhər Azərbaycanın, Bakının qədim tarixini əks etdirən gözəl bir muzeydir. Siz də çalışırsınız ki, özünüzə məhz bu muzeydə yer tutasınız və buna da nail olursunuz. Mən bunu müsbət qiymətləndirirəm və təqdir edirəm. Hesab edirəm ki, bu, yaxşı meyldir. Bu münasibətlə Sizi təbrik edirəm.

Ancaq bugünkü görüşdə məni daha çox sevindirən və bu günə məna verən odur ki, Siz Azərbaycanda gördüyünüz işlərin yeni mərhələsinə gəlib çatmısınız. Biz dünən Sizinlə görüşərkən 1994-cü ilin sentyabr ayında birlikdə imzaladığımız ilk müqavilənin həyata keçirilməsi barəsində ətraflı fikir mübadiləsi apardıq və hamımız birlikdə məmnunuq ki, bu müqavilə müvəffəqiyyətlə həyata keçirilir, nəzərdə tutulmuş proqramın yerinə yetirilməsi təmin olunur.

"Bi-Pi" və "Statoyl" şirkətlərinin ilk müqavilədə böyük payı, hissəsi var və bu müqavilənin həyata keçirilməsində Siz çox dəyərli işlər görürsünüz. Ancaq siz ondan sonra - 1996-cı ilin iyun ayında "Şahdəniz" qaz və neft yatağının işlənilməsi ilə əlaqədar yeni bir müqaviləni bizimlə imzaladınız. "Şahdəniz" yatağının işlənilməsi ilə əlaqədar gördüyünüz işlər haqqında Sizin bu gün burada mənə verdiyiniz məlumat məni məmnun edir. Binanın böyük bir hissəsinin məhz "Şahdəniz" layihəsinin həyata keçirilməsi üçün ayrılması da bu layihənin Sizin üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Mən çox məmnunam ki, "Şahdəniz" layihəsi ilə Siz ciddi məşğul olursunuz. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu gün mənə verilən vədlər, sözlər vaxtında yerinə yetiriləcəkdir. Biz "Şahdəniz" yatağına böyük əhəmiyyət veririk, ümidlər bəsləyirik və Sizinlə birlikdə apardığımız işlər, güman edirəm ki, qısa bir zamanda bu yatağın neft və qaz məhsullarının istifadə olunması üçün bizə imkan yaradacaqdır.

"Şelf-5" qazma qurğusunun modernləşdirilməsi, onun müasir tələblərə uyğun olaraq hazırlanması və bu ilin sentyabr ayında işə başlaması ilə əlaqədar Sizin verdiyiniz məlumatları da mən çox diqqətlə dinlədim. Mən bunu məmnuniyyətlə qəbul edirəm. Çox sevindirici haldır ki, Siz bu qazma qurğusunu yaxşı düzəldirsiniz. Bu gün mənə dedilər ki, "Şelf-5" qazma qurğusu hətta "Dədə Qorqud" qurğusundan daha da yüksək səviyyədə olacaqdır. Belə qazma qurğularının hazırlanması və istifadəyə verilməsi nəticəsində onlardan bir yataqda yox, Xəzər dənizinin digər yerlərində də istifadə olunacaqdır. Beləliklə, bu işlər çox geniş miqyas alır.

Bugünkü görüşdə məni məmnun edən cəhətlərdən biri də ondan ibarətdir, burada, Sizin bu ofisinizdə çoxlu Azərbaycan gəncləri də işləyir. Güman edirəm ki, bu ənənə get-gedə daha da genişlənəcəkdir. Bu da təbiidir. Çünki Siz, böyük təcrübəyə malik olan şirkətlər burada öz işlərinizi yaxşı qurmaq üçün yerli kadrlardan istifadə etməlisiniz. Siz də yaxşı bilirsiniz ki, Azərbaycanda neft və qaz sahəsində, ümumiyyətlə elmin və texnikanın başqa sahələrində çox hazırlıqlı kadrlar və çox istedadlı gənclər vardır.

Mən xatırlayıram, "Dədə Qorqud" qazma qurğusu ilə tanış olarkən orada işləyən adamların əksəriyyətinin azərbaycanlı mütəxəssislərdən, mühəndislərdən, texniklərdən, fəhlələrdən ibarət olduğunu gördüm. Şübhə etmirəm ki, indi hazırlanan yeni qazma qurğusunda da vəziyyət belə olacaqdır və bəlkə bundan da yaxşı olacaqdır. Ümumiyyətlə bunlar bizim imzaladığımız müqavilələrin əsas istiqamətindən biridir. Yəni şirkətlərin özlərinin yüksək səviyyəli mütəxəssisləri ilə Azərbaycan Respublikasının yerli kadrlarının bir yerdə işləməsi məsələsidir. Mən şadam ki, biz bu məqsədimizə nail oluruq.

Məni daha çox sevindirən məsələlərdən biri də ondan ibarətdir ki, "Şahdəniz" yatağının əməli surətdə işlənilməsi üçün və orada nəzərdə tutulmuş proqramın yerinə yetirilməsi üçün Siz indiyə qədər xeyli iş görmüsünüz. Ümidvaram ki, Siz gələcəkdə də öz işlərinizdə uğurlar əldə edəcəksiniz. Mən Sizi bu hadisə münasibətilə bir daha təbrik edirəm.

"Bi-Pi" və "Statoyl" şirkətləri neft sahəsində əməkdaşlıq etmək üçün Azərbaycana gələn ilk şirkətlərdir. Mən "Bi-Pi" və "Statoyl" şirkətləri ilə əlaqələrimizi xüsusi qiymətləndirirəm və bu gün bəyan edirəm ki, biz gələcəkdə də bu əlaqəni inkişaf etdirəcəyik və genişləndirəcəyik. Sizə Azərbaycanda gördüyünüz işlərdə uğurlar arzulayıram, bütün işlərinizdə uğurlar arzulayıram. Sağ olun.