Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Vayxır su anbarının tikintisinə həsr olunmuş müşavirədə Azərbaycan prezidenti Heydər Əliyevin giriş və yekun nitqi - 13 avqust 2002-ci il


Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Mən bu dəfə Naxçıvana gələndə bəyan etdim ki, Naxçıvanda bir neçə böyük problemlərin həll edilməsi ilə məşğul olacağam. Görürsünüz ki, ayın 10-da buraya gələndən bunu edirəm. Bu problemlərdən biri Naxçıvan Muxtar Respublikası üçün çox böyük əhəmiyyəti olan Vayxır su anbarının tikilib başa çatdırılması və layihəyə uyğun olaraq istismara verilməsidir. Güman edirəm ki, bunu dəfələrlə burada müzakirə etmisiniz, keçmişdə də müzakirə edilibdir. Onun əhəmiyyəti sizə yaxşı məlumdur, izah etməyə ehtiyac yoxdur.

Hələ 1981-ci ildə onun layihəsi hazırlanmışdır. Ancaq belə bir su anbarının yaranması haqqında qərarı biz Azərbaycanda bundan bir neçə il öncə qəbul etmişdik. Yəni belə böyük tikintiləri biz özümüz həll edə, onları öz vəsaitimizlə inşa edə bilmirdik. Bunlar Azərbaycanın büdcəsinə daxil ola bilmirdilər. Bunların hamısını biz o vaxtlar ümumittifaq büdcəsindən və ümumdünya iqtisadiyyatının müxtəlif sahələrindən istifadə edərək həyata keçirirdik. Ona görə Vayxır su anbarının tikilməsinin ideyası çoxdandır və bu işin görülməsi haqqında da hələ xeyli zaman layihə işlərinə başlanmamışdan əvvəl biz lazımi qərarlar qəbul etmişdik. Nəhayət, 1981-ci ildə bu, layihələşdirildi, 1982-1983-cü illərdə inşaat işlərinə başlandı. Ancaq indi 2002-ci ildir, 20 il keçib, bu, yarımçıq qalıbdır. Təbiidir ki, indi zamanı gəlib, yəqin bizim imkanlarımız buna şərait yaradır ki, bu böyük layihəni tamamilə həyata keçirək.

Naxçıvan Muxtar Respublikasının həyatında bu, indi də böyük rol oynayır. Amma inşaat işləri tam qurtarandan sonra böyük rolu olacaqdır, kənd təsərrüfatı istehsalını artıracaqdır. Ümumiyyətlə, Naxçıvanın su təminatı məsələsi biryolluq həll olunacaqdır. Ona görə də mən bu layihənin həyata keçirilməsini öz nəzarətimə götürdüm. Amma gördüm ki, bu məsələ mənim nəzarətimlə həll olunmur. Təşəbbüsü öz üzərimə götürdüm ki, bu barədə lazımi tədbirlər görüm.

Dünən mən su anbarında, bənddə oldum. Ondan əvvəl mən baş nazirin müavini Şərifovu, sizin naziri, başqa mütəxəssislərimizi oraya göndərmişdim. Onlar o işlərlə məşğul olmuşdular. Dünən axşamçağı mən də orada oldum. İşlərlə yerində tanış oldum, orada kiçik bir müzakirə apardıq. İndi isə mən istəyirəm ki, bu məsələni burada müzakirə edim. Yəni o mənada ki, tapşırıqlarımın yerinə yetirilməsi haqqında mənə məlumat verilsin. Sizinlə birlikdə baxaq, görək bu gələcək proqramı nə cür tərtib edəcəyik və onu nə cür həyata keçirəcəyik.

Mən indi bu salona girərkən bir şey xatirimə gəldi. Bir anlığa düşündüm ki, bəlkə mən elə 1993-cü ildən buradan getməmişəm, buranın Ali Məclisinin sədriyəm. Çünki o vaxtlar biz bu salonda tez-tez toplaşırdıq, sessiyalar, iclaslar keçirirdik. Dünən birinci dəfə alimlərlə, bu gün də ikinci dəfə buraya daxil olanda elə bildim ki, həmin o dövrdür və mən də həmin vəzifədəyəm. Amma həqiqətən belə deyildir. Mən sadəcə, indi bu salondan istifadə edirəm. O vaxt xatirinizdədir, yoxsa, yox? Yoldaş Vasif Talıbov, deyəsən, bunlar yadlarından çıxarıblar.

Vasif Talıbov (Naxçıvan MR Ali Məclisinin sədri): Cənab prezident, çoxunun xatirindədir.

Heydər Əliyev: Biz bu masanın arxasında nə qədər günlər, dəqiqələr keçirmişik. Bizim nə qədər ağır günlərimiz, gecələrimiz olubdur. Ona görə bu bina, bu salon hesab edirəm ki, böyük tarixə malikdir.

Yekun nitqi

Mənim sizin müzakirənizə verdiyim, yəni sizi tanış etmək üçün bu gün irəli sürdüyüm məsələ, hesab edirəm ki, Abid Şərifovun, Əhmədzadənin və xüsusən Vasif Talıbovun çıxışlarında tamamilə aydın göstərildi.

Burada Şərifov da, Talıbov da bəzi tarixi anları yada saldılar. Həqiqətən, zaman keçdikcə biz gördüyümüz işlərin çoxunu unuduruq. Bəzən yeni nəsillər də düşünürlər ki, elə-belə də varmış, belə imiş. Amma həqiqət də ondan ibarətdir ki, Azərbaycanda və o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasında son 30 ildə çox işlər görülmüş, yaxşı nəticələr əldə olunmuş, Azərbaycan bütün sahələrdə inkişaf etmiş, Azərbaycanın iqtisadiyyatı, ölkəmizdə insanların yaşayış səviyyəsi yüksəlmiş, Azərbaycan tamamilə dəyişmişdir. Fərqi yoxdur, bu nailiyyətlər biz Sovet İttifaqının tərkibində olduğumuz zaman, yaxud da ondan sonrakı dövrdə, müstəqillik dövründə olubdur - bunlar hamısı Azərbaycanındır, hamısı bizimdir, bizim millətimizindir. Doğrudur, 1987-1988-ci illərdən Azərbaycanda dağıdıcı proses başladı. Bu proses 1990-1991-ci illərdə, 1992-1993-cü illərdə ən dəhşətli miqyasa gəlib çıxdı.

Çox şey dağıdıldı. İndi 9 ildir onların bəzilərini biz bərpa edirik. Amma mən bütün bu tarix haqqında düşünərkən həmişə çox iftixar hissi keçirirəm ki, görün, Azərbaycanın o illərdə yaradılan iqtisadi potensialı, intellektual potensialı nə qədər böyük olub ki, bunu tamamilə dağıda bilmədilər. Çox zərbələr vurdular, çox yaralar vurdular. Bir tərəfdən, Azərbaycanı dağıdan 1987-1988-ci illərdən başlayaraq daxildə gedən proseslər, ikinci tərəfdən, ən dəhşətli hadisə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi idi. Bu münaqişədə yenə də Azərbaycanın daxili ictimai-siyasi vəziyyətinin sabit olmamasından və hakimiyyət uğrunda çəkişmənin daim davam etməsindən istifadə edən Ermənistan qəsbkarları Azərbaycanın torpaqlarını işğal edə bildilər. İşğal olunmuş o torpaqlarda Azərbaycanın dağıdılmış varidatı yüz illərlə, bir çox nəsillərin zəhməti nəticəsində yaranmış varidatdır. İndi onların hamısı dağıdılıbdır, oralar viran olubdur. Hətta bizim o gözəl, münbit Qarabağ torpaqları da, Arazboyu ən məhsuldar torpaqlarımız da indi çox ağır vəziyyətə düşübdür. Bu, Azərbaycanın bütün həyatı üçün, o cümlədən iqtisadiyyatı üçün böyük zərbədir. Bu işğalın nəticəsi də ikinci zərbədir. Ona görə ki, biz böyük itkilər vermişik və Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğu bir vəziyyətdə oradan zorla çıxarılmış insanlar hələ çadırlarda yaşayırlar. Bunlar Azərbaycanın iqtisadiyyatı üçün əlavə çətinliklər yaradıbdır.

Bütün bunlara baxmayaraq, 1995-1996-cı illərdən Azərbaycanın iqtisadiyyatı ardıcıl surətdə inkişaf edir. Təsəvvür edin, o illərdə, 1987-1988-ci illərdən başlanan dağıdıcılıq işləri 1990-1991-ci illərdə Azərbaycan iqtisadiyyatının tamamilə böhran vəziyyətinə gətirib çıxarmışdı. İlbəil tənəzzül gedirdi. Sənaye, kənd təsərrüfatı istehsalı, iqtisadiyyatın ümumi göstəriciləri ildə təxminən 20 faiz azalırdı. Yəni artmaq əvəzinə aşağı düşürdü. Ancaq biz bunu 1994-1995-ci illərdə böyük çətinliklə dayandırdıq. 1996-cı ildən iqtisadiyyatımız inkişaf etməyə başladı. İndi hər il inkişaf davam edir. Ötən ili çox gözəl iqtisadi göstəricilərlə bitirdik. Bu il - artıq 8 ay başa çatacaqdır - çox yaxşı göstəricilərlə biz ili sona çatdırırıq. Onların hamısı bizim apardığımız düzgün iqtisadi siyasətin nəticəsidir. Ümumiyyətlə, bu, Azərbaycan dövlətinin ümumi daxili və xarici siyasətinin, apardığımız, həyata keçirdiyimiz islahatların, struktur dəyişikliklərinin nəticəsidir. Bunları burada siz də həyata keçirirsiniz. Öz həyatınızda görürsünüz ki, nə qədər dəyişikliklər əmələ gəlibdir. İndi Azərbaycanda, onun bir hissəsi olan Naxçıvanda bolluq yaranıbdır. Çatışmayan bir şey yoxdur. Əgər biz XX əsri götürsək, yaxud da ki, sovet hakimiyyəti qurulan dövrdən indiyədək heç vaxt Azərbaycanda bütün xalq üçün - ayrı-ayrı qruplar üçün yox - bütün əhali üçün bu qədər bolluq olmayıbdır. Hər şeyin bolluğu var. Ərzaq məhsullarının, istehlak mallarının, bütün malların bolluğu var. Bu da bizim həyata keçirdiyimiz bazar iqtisadiyyatının nəticəsidir.

Beləliklə, mən o fikirdən başladım ki, Azərbaycan ötən dövrdə - burada 30 il haqqında danışılırdı - çox inkişaf etdi, böyük potensial yarandı. Onu dağıtsalar da, tam dağılmadı. Ötən 9 il ərzində biz bir çox şeyi bərpa etdik. Nəinki bərpa etdik, ümumiyyətlə, müstəqil bir dövlət kimi öz müstəqil və dünya standartlarına uyğun olan iqtisadi siyasətimizi həyata keçirdik və bu gün də keçiririk. Onların nəticəsində də biz belə nailiyyətlər əldə etmişik.

Bu gün müzakirə etdiyimiz məsələ Vayxır su anbarı ilə əlaqədardır. Amma burada xatırladılar, 1970-ci ildən sonra Azərbaycanda ölkəmizin torpaqlarının kənd təsərrüfatı istehsalı üçün su ilə təchiz olunması məqsədi ilə nə qədər çox işlər görülmüşdür, SSRİ büdcəsindən nə qədər çox vəsait alınmışdır. Alınan vəsait həmin o siz dediyiniz meliorasiya işlərinə ittifaq büdcəsindən gəlirdi. Bütün bu su anbarlarının, elektrik stansiyalarının tikilməsinə vəsaitin hamısı mərkəzi büdcədən gəlirdi. Amma mərkəzi büdcədən, mərkəzi hökumətdən də - bu, bizim tariximizdir, çoxları bunu görməyib, görübsə də unudub, amma mən bu problemlərlə yaşamışam - bu cür böyük layihələri almaq, vəsaitləri almaq çox çətin məsələ idi.

1969-cu ildə mən Azərbaycana rəhbərliyə başlayanda - burada avqust plenumunu yada saldılar - həqiqətən 1969-cu il avqust ayının 5-də ilk plenumda Azərbaycanın iqtisadiyyatına geniş təhlil verildi. Həm Azərbaycana yəni bizim xalqımıza, ölkəmizə, respublikamıza, həm də SSRİ-yə biz açıq-aydın göstərdik ki, Azərbaycanın iqtisadiyyatı ağır vəziyyətdədir və buna kömək etmək lazımdır. Ona görə də yadımdadır, 1970-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi, SSRİ Nazirlər Soveti Azərbaycan haqqında iki böyük qərar qəbul etdi. Bu qərarların biri Azərbaycanda kənd təsərrüfatı istehsalının, ikincisi, sənaye potensialının inkişafı barədə idi. Bu, o vaxtlarda da ağlagəlməz bir hadisə idi. Moskvada nazirlər, çox böyük-böyük adamlar, bir tərəfdən, bizi təbrik edirdilər, ikinci tərəfdən də deyirdilər ki, axı biz çox illərdir burada işləyirik, bir respublika üçün bu cür qərarların qəbul olunmasını görməmişdik. Amma biz bunu etdik. Biz 5 il müddətində, 1970-ci ildən 1975-ci ilə qədər onları artıqlaması ilə yerinə yetirdik. Ona görə də mənim mənəvi haqqım oldu, getdim Moskvaya, həm Mərkəzi Komitənin qarşısında, həm Nazirlər Sovetinin qarşısında məlumat verdim ki, siz Azərbaycan haqqında qərarlar qəbul etdiniz. Siz də, çoxları da inanmırdı ki, Azərbaycan bunları yerinə yetirəcəkdir. Çünki keçmişdə Moskvada belə bir fikir yaranmışdı ki, Azərbaycanın rəhbərləri gəlir, söz verir, bəzən müəyyən kömək alır, amma heç bir şeyi yerinə yetirmirlər. Siz mənə də belə baxırdınız, haqqınız vardı. Amma indi mən sizə məlumat verirəm. Onlar məlumatı mənsiz də almışdılar. Amma mən oraya geniş məktub yazmışdım, hamısını göstərmişdim. Mənə dedilər ki, nə istəyirsən, dedim ki, gələcək illər üçün yeni qərarlar lazımdır. Çünki bilin, o sistem belə idi ki, artıq o qərarlar olanda hər bir ittifaq naziri onu yerinə yetirməli idi. Qərar olmasa, get ondan, bundan xahiş et. Amma qərar var, qərarı partiyanın baş katibi, Nazirlər Sovetinin sədri imzalayıbdır. Əgər nazir, yaxud başqa ittifaq təşkilatı bunu yerinə yetirmirsə, onda dərhal gedirsən oraya, məlumat verirsən, onlar da bundan çox qorxurdular. Ona görə də həmin qərarların əhəmiyyəti bundan ibarət idi. Bir də bizim işlərimizi planlaşdırmaq lazım idi. Bu qərarlar bunun üçün də lazım idi.

Bəli, 1975-ci ildə Azərbaycanda kənd təsərrüfatı istehsalının daha da intensivləşdirilməsi tədbirləri haqqında Şərifovun dediyi qərar və 1076-cı ildə Azərbaycanda mütərəqqi sənaye sahələrinin inkişaf etdirilməsi haqqında qərar qəbul edildi. Sən deyirdin ki, maşınqayırma zavodları filan..., elektronika, elektrotexnika - bunların hamısını yaratmaq haqqında 1976-cı ildə qərar aldıq. Bunlar sonralar da oldu.

Buna çox vaxt sərf etmək istəmirəm. Sadəcə, məsələ burada xatırlandı, mən istədim bu barədə geniş məlumat verim. Bunların da hesabına Azərbaycanda - burada Əhmədzadə sayırdı - kənd təsərrüfatı, su təsərrüfatı, meliorasiya sahəsində nə işlər görülübdür.

Azərbaycan həmişə kənd təsərrüfatı sahəsində su qıtlığından əziyyət çəkibdir. Azərbaycanın hər yeri, Naxçıvan xüsusilə çətinlik çəkibdir. Naxçıvanın gözəl torpağı, iqlimi, gözəl ab-havası və fədakar insanları var. Amma mənim xatirimdədir, 1940-1950-ci illərdə Naxçıvanda su qıtlığı lazım olan işlərin görülməsinin qarşısını alırdı. Ona görə də burada bu tədbirləri gördük. Həmin burada sadalanan göllər, kanallar, nasos stansiyaları tikildi və sair. Biz nə qədər işlər görürük. Təsəvvür edin, indi əgər onlar olmasaydı, bu torpaqlardan nə cür istifadə oluna bilərdi? Yox, bu mümkün deyildi! Onlardan biri də Vayxır su anbarıdır. Onun tarixi haqqında danışıldı. Niyə mən keçən dəfə gələndə də bununla maraqlandım, ondan əvvəl də maraqlanmışam, bu dəfə gələndə bunu proqramıma salmışam? Çünki bu iş başlanıb, bunun bir hissəsi görülüb, yarımçıq qalıbdır. Birincisi, mən 1981-1982-ci illərdə başladığım işi yarımçıq qoya bilmərəm. Hələ 1975-ci ildə həmin bu su anbarının tikilməsi SSRİ-nin qərarına düşübdür, Şərifovun burada elan etdiyi qərara salınıbdır. Sonra 1980-ci ilin əvvəllərində layihələşdirilib, tikintisinə başlanıbdır. İndi mən bunu buraxım, bundan sonra hələ 30 il də keçəcək, heç kəs bir şey edə bilməyəcək.

Ona görə yox ki, mən hansısa bir işi başa çatdırmaq istəyirəm, bu təbiidir, bu da lazımdır. Amma ona görə ki, burada göstərildi, onun nə qədər böyük mənfəəti olacaqdır. Mən istəyirəm ki, bu mənfəəti Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatında çalışan insanlar görsünlər, alsınlar.

İkincisi, təkcə kənd təsərrüfatı üçün yox. Naxçıvanda su olmadığından insanlar məişətdə də çox əziyyət çəkiblər. Xatirimdədir, gənclik vaxtlarımda bizim həyətdə bir quyu vardı, ondan su çıxarırdıq. Orada da nə motor vardı, nə bir şey, kəndiri vedrəyə bağlayır, 6 metr dərinliyində olan quyudan su çıxarırdıq. Bu, mənim yadımdadır. Bəzən quyuda su olmayanda kankanı dəvət edirdik, gəlib quyunun dibinə düşürdü. Biz də baxırdıq ki, o, bu 6 metrlik quyunun dibinə neçə düşür, onu təmizləyir, sonra çıxır. Mənim özüm o quyudan nə qədər su çıxarmışam. Anam da çıxarırdı, bizim başqa uşaqlar da çıxarırdı. Biz o sudan istifadə edirdik. Su yox idi. "Kran" sözünü Naxçıvanda, ümumiyyətlə, o vaxt heç kim bilmirdi. Sonralar su kəməri işə düşdü, onda Naxçıvanda belə bir söz yarandı ki, kran suyudur, yoxsa yox. Abid Şərifov, o sən dediyin qrant sözü deyildir. Mən bunları görmüşəm... Amma ondan sonra da çox şey görmüşəm.

Nəhayət, 1990-1993-cü illərdə mən burada yaşayıb işləyəndə - bunu bir neçə dəfə demişəm - səhərlər əl-üzümüzü yumağa su tapmırdıq. Bacımın nəvələri gedib vedrə ilə haradansa su gətirirdilər, nəyin üstündəsə qoyub bir az qızdırırdılar, qış vaxtı mən əlimi yuyurdum. Mən bunları görmüşəm, bu şəraitdə yaşamışam. Şəxsən mən bunları görən, bu şəraitdə yaşayan adam indi ola bilərmi ki, lazımi tədbir görməsin ki, burada bundan sonra belə problemlər olmasın. Allaha şükür, indi Vayxırın o hissəsi elə Naxçıvanın su təchizatını yaxşılaşdırıbdır. Naxçıvanda indi su təchizatı barəsində çətinlik yoxdur.

Vasif Talıbov: Vayxırdan böyük xətlə Naxçıvan şəhərinə 800 millimetrlik diametrli borularla su kəməri çəkilmişdir. Kəmərdə su çox olduğundan bir hissəsi çaya axıdılır.

Heydər Əliyev: İndi artıq Naxçıvanda fəvvarələr var. Bunlar görünməyən şeylərdir. Bunlar varsa, deməli, su var. Əgər su olmasaydı, Naxçıvan bu qədər yaşıllaşardımı? Mən hər dəfə Naxçıvana gələndə baxıram. 9 il bundan öncə buradan getmişəm. O vaxt Ali Məclisin qarşısında ağaclar vardı, amma onların boyu bu qədər deyildi. İndi baxıram, qalxıblar, yoğun gövdələri var. Bu ağaclar Naxçıvana nə qədər gözəllik verir!

Bu, eyni zamanda Naxçıvanın iqlimini daha da yaxşılaşdırır. Bunlara görə bu su anbarının tikintisini mütləq başa çatdırmaq lazımdır. Hesab edirəm ki, artıq bu məsələni mən müzakirə etdim. Abid Şərifova tapşırıram ki, Bakıya dönən kimi bununla bağlı layihə işlərini aparsın, hazırlıq işləri görülsün. Qısa müddətdə mənə təkliflər, proqram verəsiniz. İki il müddətində 550 metr uzunluğunda və 75 metr hündürlüyündə bənd tikilməlidir. Bəndin tikilməsinə - bax, bu camaatın yanında deyirəm - xüsusi fikir verməlisiniz. Orada heç bir səhv olmamalıdır. Bənd o qədər etibarlı və mühəndis, texnologiya nöqteyi-nəzərindən o qədər keyfiyyətli olmalıdır ki, sənin burada dediyin həmin ifadə ki var, əgər bir şey olsa, o, Naxçıvan üçün böyük fəlakət olacaqdır, ona görə buna cavabdeh sizsiniz. Siz bunu ən yüksək dünya standartları səviyyəsində etməlisiniz. Qalan qurğular da - mən o barədə danışacağam - keyfiyyətli olmalıdır. Amma ən keyfiyyətlisi bənd olmalıdır.

Kanallar - o köhnə torpaq kanallar qalır - yenidən qazılır və beton işləri, dediyim kimi, yüksək keyfiyyətlə aparılır ki, heç bir yerdən su sızmasın. Çünki nə su itkisinə, nə də - burada deyildi - torpaqların şoranlaşmasına yol vermək olmaz. Burada bənd, iki kanal, 5 meqavata yaxın elektrik stansiyası, bu da sizin üçün əlavə yaxşı bir şeydir. Qalan lazımi qurğular olacaqdır. Bunlar üçün nə qədər müasir texnika, başqa nə lazımdırsa, hamısını hazırlamalısınız. Bundan sonra mənə təqdim etməlisiniz və tezliklə işə başlamalısınız. İşə başlamalısınız ki, bu gün səhər mənə dediyiniz kimi, 2004-cü ilin sonunda raport verəsiniz ki, hər şey hazırdır, yoxlanılıbdır, mən də buraya gəlim, gedək onun açılışını qeyd edək və bununla da Naxçıvanın böyük problemini həll edək. 2004-cü ilin sentyabr-oktyabr aylarında...

Mən dünən də, bu gün də Naxçıvan haqqında öz fikirlərimi bir daha bildirmişəm. Amma bu, birinci dəfə deyildir. Çünki Naxçıvanın nə qədər böyük qayğıya ehtiyacı olduğunu bəlkə də Azərbaycanda mənim qədər bilən yoxdur. Birincisi, ona görə ki, burada siz qeyd etdiniz, mən 1969-cu ildən, Azərbaycana rəhbərlik edəndən respublikamızın hər bir bölgəsinin, o cümlədən Naxçıvanın da problemlərini həmişə öyrənmişəm, bilmişəm və lazımi tədbir görmüşəm. İkincisi də, Naxçıvan ağır vəziyyətə düşəndə, 1990-cı ildə mən gəlib burada 3 il yaşamışam. Ona görə bunu mən özüm həyatımda, özü də bu ağır dövründə hiss etmişəm. Bu, mənim şəxsi hisslərimdir. Amma dövləti nöqteyi-nəzərdən - müstəqil bir dövlət kimi - Azərbaycan, vahid Azərbaycan dövləti haqqında düşünərkən Naxçıvanın burada xüsusi yeri var və xüsusi əhəmiyyət kəsb edir. Onun xüsusi qayğıya ehtiyacı var.

Keçən dəfə mən burada olanda bildirmişdim ki, Azərbaycanın nazirləri, başqa vəzifəli adamları mənim göstərişim olmadan, özləri ən azı iki aydan bir gəlib Naxçıvanda vəziyyətlə tanış olub, burada mövcud olan problemləri həll etməlidirlər. Ondan sonra bəzi nazirlər buraya gəlir və gələcəklər. Mən qorxuram sonra siz deyəsiniz ki, göstəriş verin, çox gəlməsinlər, biz hər şeyi özümüz həll edirik. Yox. Siz edin. Siz çox işlər görürsünüz və deməliyəm ki, bu son illərdə Naxçıvanın rəhbərliyi və xüsusən Vasif Talıbovun rəhbərliyi nəticəsində çox işlər görülübdür. Naxçıvanın siması gündən-günə dəyişir. Amma bunlar hələ azdır. Mənim anlayışıma görə, böyük dövlətçilik nöqteyi-nəzərindən azdır. Böyük dövlətçilik, Azərbaycan dövlətçiliyi nöqteyi-nəzərindən bunlar hələ azdır. Ona görə görüləsi işlər çoxdur və görüləcəkdir. Güman edirəm ki, siz bu qayğıdan, köməkdən, yardımdan səmərəli istifadə edəcəksiniz. Bundan heç vaxt sui-istifadə etməyəcəksiniz. Bunu mən xüsusi vurğulayıram. Heç vaxt sui-istifadə etməyəcəksiniz. Səmərəli istifadə edəcəksiniz ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin. Güman edirəm ki, biz bunlara nail olacağıq.

Mən sizə bu işlərdə uğurlar arzulayıram. Hər birinizə cansağlığı, səadət, mənim üçün çox əziz olan Naxçıvan Muxtar Respublikasının bütün əhalisinə, insanlarına öz dərin məhəbbətimi və sevgimi bildirirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 14 avqust 2002-ci il.