Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Brüsseldən Norveçə rəsmi səfərə gələrkən Oslo Hava Limanında Norveç jurnalistinin sualına cavabı - 24 aprel 1996-cı il


Mən baş nazir xanım Brundtlandın dəvəti ilə Norveçə rəsmi səfərə gəlmişəm. Hər şeydən öncə Norveç torpağına gəlməyimdən çox məmnun olduğumu bildirir və ümidvaram ki, Norveç və Azərbaycan dövlətləri arasında münasibətlərin gələrək inkişafı üçün uğurlu danışıqlar aparacağıq.

Ölkələrimiz arasında yaxşı iqtisadi əməkdaşlıq yaranmışdır. Bilirsiniz ki, dünyanın ən iri şirkətlərindən olan "Statoyl" Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının işlənməsinə dair konsorsiumun üzvüdür. Yəni biz əməkdaşlıq edirik, lakin biz bunu daha da inkişaf etdirmək istəyirik. Şimal ölkəsi olan Norveç iqtisadiyyatda böyük nailiyyətlər əldə etmişdir, ona görə də biz birgə əməkdaşlığımızdan çox şey gözləyirik. Mən ilk öncə Oslo sakinlərinə, Norveç vətəndaşlarına salamımı və ən xoş arzularımı çatdırmaq istərdim.

Sizi görməyimə şadam. Mən sizi 1990-cı ilin yanvarından, xalq hərəkatını yatırtmaq üçün sovet silahlı qüvvələrinin böyük qoşun hissəsinin yeridilməsi ilə əlaqədar Bakıda faciə baş verən vaxtdan xatırlayıram. Mən Moskvada mitinqdə çıxış edərək sovet hökumətinin konstitusiyaya zidd olan bu hərəkətlərinə qarşı etirazımı bildirmişdim. О zaman biz sizinlə görüşdük və mən sizin suallarınıza cavab verdim.

Hətta о da yadımdadır ki, sonra siz Moskvada mənim mənzilimə telefonla zəng etmişdiniz. О vaxt mən əslində təcrid olunmuş vəziyyətdə idim. Ona görə də sizi görməyimə şadam.