"Şimal" DRES-də yeni enerji blokunun təməlinin qoyulması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 19 dekabr 2000-ci il


Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün biz hamımız müstəqil Azərbaycan Respublikasının həyatında tarixi bir hadisənin şahidiyik. Bu hadisə də burada - Şüvəlanda bir neçə on illiklər bundan öncə yaranmış elektrik stansiyasının yerində yeni bir enerji blokunun tikintisinə başlaması ilə əlaqədardır. Burada vaxtilə, 1950-ci illərdə və nəhayət, 1960-cı illərin əvvəllərində Azərbaycanın elektrik enerjisi ilə təmin edilməsi üçün "Şimal" Elektrik Stansiyası tikilmişdir. Bu stansiya on illərlə Azərbaycan xalqına, ölkəmizin iqtisadiyyatına öz xidmətini göstərmişdir və nə qədər köhnəlmiş olsa da, bu gün yenə də işləyir, az-çox öz xidmətini göstərir. Bu, Azərbaycanın ilk elektrik stansiyalarından biridir. Ancaq o illərdən sonra respublikamızda elektrik enerjisi potensialı yaratmaq üçün çox işlər görülmüş, bir çox elektrik stansiyaları tikilib istifadəyə verilmiş, Mingəçevir Su Elektrik Stansiyası, Kür çayı üzərində digər elektrik stansiyaları, Mingəçevirdə çoxsaylı bloklara və böyük potensiala malik olan Dövlət Rayon Elektrik Stansiyası tikilmişdir.

Məlumdur ki, müasir həyatda elektrik enerjisinin rolu əvəzsizdir. Əgər 50-60 il bundan öncəki dövrü xatırlasanız, o vaxt elektrik enerjisindən istifadə edənlərin sayı həddindən az idi. Azərbaycanın əksər bölgələrində elektrik enerjisi təminatı yox idi. Ölkəmizin sənaye müəssisələri mümkün olan qədər elektrik enerjisindən istifadə edirdilər. Əhali isə Bakıda az-çox təmin olunurdu. Amma Bakıdan kənarda yaşayan insanlar, yenə də deyirəm, elektrik enerjisinin nə olduğunu bilmirdilər, yaxud da ondan cüzi miqdarda istifadə edirdilər.

Həyat çox sürətlə inkişaf etdi. Elektrik enerjisi həm iqtisadiyyatın - sənayenin, kənd təsərrüfatının, həm də insanların həyatının, məişətinin bütün sahələrinə daxil oldu. Çünki bunu artıq daim inkişafda olan elmi-texniki tərəqqi tələb edirdi.

Bu baxımdan o illərdə Azərbaycanda da çox işlər görülübdür. Bu gün biz müstəqil Azərbaycan dövlətində sərbəst, azad şəraitdə yaşayaraq iftixar hissi ilə deyə bilərik ki, sovet hakimiyyəti illərində Azərbaycan hökuməti və dövləti nəinki o günlərin tələbatını təmin etməklə məşğul olmuşlar, eyni zamanda ölkəmizin gələcəyi haqqında düşünmüşlər. Respublikamızın iqtisadi potensialının və insanların həyat tərzinin gələcəkdə müstəqil dövlət çərçivəsində təmin olunması barədə düşünmüşlər.

Mən xoşbəxtəm ki, bu işlərin həyata keçirilməsinin böyük bir hissəsində bilavasitə iştirak etmişəm və o illərdə - 1970-80-ci illərdə Azərbaycanın rəhbəri olduğum zaman ölkəmizdə müstəqil elektrik enerjisi potensialının yaradılmasına nail olmuşam. Bəlkə də bunu dərindən dərk edən adamlar azdır. Çünki insanlar həyatda yeni şeylərə tez alışırlar, ancaq onların harada və necə icad olunduğunu, necə işlədiyini o qədər də dərindən bilmirlər. Məsələn, insan evinə soyuducu alır, amma o heç bilmir ki, bu soyuducunu necə düzəldiblər. O bilmir ki, bu soyuducu, eləcə də hər bir ailədə və evdə istifadə olunan digər məişət texnikası hansı vasitələrlə işləyəcəkdir. Təbiidir ki, elektrik enerjisinin dünyada, o cümlədən hər bir ölkədə, həmçinin Azərbaycanda həyatın bütün sahələri üçün nə qədər vacib olduğunu bu sahədə fəaliyyət göstərənlər, mütəxəssislər, dövlət işi ilə məşğul olan adamlar yaxşı bilirlər.

O illərdə - sovet hakimiyyəti illərində biz SSRİ-nin tərkibində yaşayanda İttifaqın müxtəlif yerlərdə böyük elektrik stansiyaları var idi. Hətta 1960-cı illərdə ölkədə atom elektrik stansiyalarının da tikintisinə başlandı. Ümumiyyətlə, o vaxt elektrikləşdirmə siyasəti sovet hökumətinin ən əsas şüarlarından biri idi. Ölkənin elektrikləşdirilməsi siyasəti geniş surətdə aparılırdı. Bu məsələləri Moskvada planlaşdıran adamlar ölkə bir olduğuna görə yeni elektrik stansiyalarının harada tikiləcəyi barədə o qədər də düşünmürdülər. Çünki vahid elektrik enerjisi sistemi var idi. O sistemlə də ölkənin hər yerinə elektrik enerjisi çatdırılırdı.

Biz o illər bütün bu imkanlardan istifadə edərək, eyni zamanda düşünürdük ki, hər respublikanın - o vaxt düşünürdük ki, gələcəkdə biz müstəqil dövlət ola bilərik - özünü təmin edə bilən iqtisadi potensialı olmalıdır. Bu iqtisadi potensialın tərkibində ən mühüm yer tutan elektrik enerjisi istehsal edən müəssisələr yaradılmalıdır. Ona görə də o illər Moskvanın etirazına, bu işimizə maneçilik törədən qüvvələrin çox güclü olmasına baxmayaraq, biz Azərbaycanın elektrik enerjisi müstəqilliyini, elektrik enerjisi sarıdan asılılıqdan qurtarmasını təmin etmək üçün respublikamızda güclü potensiala malik olan elektrik stansiyaları yaratmağa başladıq, buna da nail olduq. Əgər o illər biz bunu etməsəydik, indi Azərbaycanın elektrik enerjisi ilə təmin olunması, burada dedilər, bizimlə qonşu olan Cənubi Qafqaz ölkələrindəki kimi çox ağır bir vəziyyətə düşərdi. Ermənistanda vaxtilə bir atom elektrik stansiyası tikdilər. Onun hesabına Ermənistan indi müəyyən qədər elektrik enerjisi alır.

Gürcüstanda o vaxt bu işi görə bilmədilər. Ona görə də indi Gürcüstan elektrik enerjisi böhranı içərisində yaşayır. Amma biz Azərbaycanda uzaqgörənlik etdik, bu işləri gördük və ölkəmizin həm iqtisadiyyatını, həm insanların həyatını, xüsusən, həm də sənayeni təmin etmək üçün lazımi qədər elektrik enerjisi istehsal edən müəssisələr yarada bildik. Ancaq bu müəssisələrin bəziləri köhnəliblər, təmirə, yaxud onları müasirləşdirməyə, modernləşdirməyə ehtiyacı vardır. Onlar köhnə texnologiya ilə işləyirlər.

Məsələn, buradakı buxar-qaz qurğusunu götürək. Əgər bu qurğu 60-cı illərin əvvəllərində istifadəyə verilibsə, o vaxtdan indiyə qədər, demək olar ki, 40 il elmi-texniki tərəqqinin dünyaya nə gətirdiyini nəzərə alsaq, deməli, bu qurğu müasir tələblərə cavab vermir. Məhz ona görə də bu qurğu indi tam gücü ilə işləyə bilmir, işləyə də bilməz. Ancaq yenə də işləyir, yenə də müəyyən qədər elektrik enerjisi verir.

Bizim Mingəçevirdə yaratdığımız böyük Dövlət Rayon Elektrik Stansiyası, su elektrik stansiyası, Kür çayı üzərindəki digər elektrik stansiyalar, Əli Bayramlıdakı elektrik stansiyası - bunların hamısı Azərbaycanın elektrik enerjisi ilə təmin olunmasında xüsusi rol oynamışdır və bu gün də bu rolu oynayır. Ancaq həyat inkişaf edir, elektrik enerjisinə tələbat artır. Ona görə də bir yerdə dayanmaq olmaz. Hər şeyi inkişaf etdirmək lazımdır. O cümlədən xüsusən də elektrik enerjisi sistemini inkişaf etdirmək lazımdır.

Biz Azərbaycanda dövlət müstəqilliyini əldə edəndən sonra respublikamızın elektrik enerjisinə tələbatını yalnız və yalnız o vaxta qədər, SSRİ-nin tərkibində olduğumuz dövrdə yaratdığımız elektrik enerjisi müəssisələrinin gücü ilə ödəyə bilirdik. Ancaq, yenə də deyirəm, bunların bir qismi köhnəlir, gücdən düşür. Bu sahəni inkişaf etdirmək lazımdır. Bunun üçün də biz Azərbaycanın müstəqilliyi dövründə həmin bu vacib işi bir müstəqil dövlət kimi həyata keçirməyi özümüzün əsas vəzifəmiz hesab edirik. Məhz buna görə də biz Dünya Bankından, Avropa Yenidənqurma və İnkişaf Bankından kredit alıb Yenikənd Su Elektrik Stansiyasını yaratdıq. Məhz buna görə də biz Avropa ölkələrindən - Almaniyadan, İsveçrədən kredit alıb bu ölkələrin müasir avadanlığı ilə Xətai rayonundakı 1 nömrəli Bakı-İstilik-Elektrik Mərkəzinin birinci növbəsini istifadəyə verdik. Həmin stansiya həm elektrik enerjisi, həm də evlərin qızdırılması üçün buxar verir. Ancaq bəzi hallarda tam gücü ilə işləmir, ancaq işləyəcəkdir.

Nəhayət, bizim ən böyük layihəmiz "Şimal" Dövlət Rayon Elektrik Stansiyasının yerində yeni, müasir bir elektrik stansiyasının tikilməsidir. Biz bunu istəyirdik, ancaq bu layihəni həyata keçirmək çox çətin idi. Buna görə də yollar axtarırdıq. Biz bu yolları Yaponiyada tapdıq. Burada artıq qeyd edildi ki, biz Yaponiya hökuməti ilə danışıqlar aparmışıq. Mən Yaponiya hökumətinin dəvəti ilə 1998-ci ilin fevral ayında orada rəsmi səfərdə oldum. Biz Yaponiyada müxtəlif böyük şirkətlərlə danışıqlar apararaq, böyük miqdarda kredit alaraq, Bakıda müasir tələblərə cavab verən yeni elektrik stansiyasının tikilməsi haqqında razılığa gəldik.

Mən deyə bilərəm ki, xarici banklardan, yaxud ayrı-ayrı ölkələrdən müstəqil dövlət kimi aldığımız kreditlərlə müqayisədə Yaponiya hökumətindən bizim aldığımız kredit hamısından çoxdur. İndiyə qədər biz heç bir ölkədən, dünyanın heç bir bankından bu həcmdə, bu məbləğdə kredit ala bilməmişdik. Bu da təbiidir. Bu, həm iqtisadi, həm texniki, həm elmi cəhətdən yüksək inkişaf etmiş Yaponiya kimi bir ölkənin bizim gənc, müstəqil Azərbaycana göstərdiyi qayğının təzahürüdür.

Biz o vaxtdan indiyə qədər danışıqlar aparırdıq. Təbiidir ki, bunun layihəsi hazırlanmalı, müəyyən şirkətlər bu işlə məşğul olmalı idi. Bu proses haqqında burada məlumat verildi. Nəhayət, biz bu işi başa çatdırmışıq və bu gün də buraya toplaşmışıq ki, həmin bu müasir enerji blokunun, onun qazla təmin olunması üçün Qaradağdan buraya çəkiləcək qaz xəttinin təməlini qoyaq.

Bizə 339 milyon Amerika dolları məbləğində kredit verilibdir. Kredit 40 il müddətinə ayrılıbdır. Bu, çox güzəştli kreditdir. Məhz güzəştli, uzunmüddətli olduğuna görə bizim üçün sərfəlidir. Biz də bundan istifadə etməyə qərar vermişik. Əgər kreditin şərtləri belə olmasaydı, biz qısa müddətli kredit alıb qaytara bilməzdik. Onu da nəzərə alsanız ki, Azərbaycanda elektrik enerjisi istehsal olunur, insanlar elektrik enerjisindən istifadə edir, - nəinki ayrı-ayrı məişət cihazlarını işlətmək üçün, hətta qış mövsümündə mənzilləri qızdırmaq üçün istifadə edir, - amma bunun haqqını vermirlər.

Burada deyildi, sutkada 65-67 milyon kilovat-saat elektrik enerjisi istehsal olunur, bütün Azərbaycana paylanır, sutkada on min ton mazut, on milyon kubmetr qaz sərf edilir, - yəni elektrik enerjisinin istehsalına 50 min dollar xərc çəkilir, pul xərclənir. Elektrik enerjisindən istifadə edən adamlar isə heç onun on faizinin haqqını vermirlər. Başa düşürsünüzmü? İndi biz 339 milyon dollar kredit götürüb, əhaliyə əlavə olaraq 400 meqavat saat elektrik enerjisi verib pulunu da almasaq, onda krediti haradan qaytaracağıq? Ona görə də siz bizim vəziyyətimizi başa düşün, anlayın. İnsanlar bunu bilsinlər. Evinizdə lampa, soyuducu, yaxud da tozsoran, paltaryuyan maşın, ayrı-ayrı qızdırıcı cihazlar- hamısı elektrik enerjisi ilə işləyir. Amma əhalinin əksəriyyəti onun haqqını vermir. Dövlətin bu gün o qədər pulu və imkanı yoxdur. Təkcə bizim yox, iqtisadi cəhətdən ən inkişaf etmiş dövlətləri götürsək, - Yaponiyanın səfiri buradadır, sizdə elektrik enerjisinin pulunu verirlər, ya yox? Verməsələr nə edərsiniz? O deyir ki, elektrik enerjisinin pulunu hamı ödəyir. Yaponiya zəngin bir ölkədir. Xalqa, vətəndaşa elektrik enerjisi verir, amma onun haqqını alır.

Artur Rasizadə: Dünya qiymətləri ilə götürsək, hər gün biz elektrik enerjisi istehsalına sərf olunan qazın, mazutun dəyəri ilə birlikdə 1,5 milyon dollar vəsait xərcləyirik.

Heydər Əliyev: Allaha şükür ki, bunları hesabladılar. Gündə 1,5 milyon dollar biz qazla, mazutla birlikdə elektrik enerjisi istehsalı üçün sərf edirik. Amma heç bir şey almırıq. Bəs Türkiyədə necədir? Siz elektrik enerjisi verirsiniz, pulunu alırsınız?

Tayfun Uzunov: Biz istehsal olunan elektrik enerjisinin hər kilovatını əhaliyə 8-10 sentə veririk. Türk xalqı elektrik enerjisinə Azərbaycandan 4 dəfə çox pul ödəyir.

Heydər Əliyev: Əgər vətəndaş o pulu ödəməsə, siz nə edirsiz?

Tayfun Uzunuov: Elektrik enerjisinin verilməsi dayandırılır.

Heydər Əliyev: Bax, görün, vəziyyət belədir. Ona görə də siz təsəvvür edə bilərsiniz ki, indi biz bu 339 milyon dollar krediti alıb onun altına giririksə, onu qaytarmalıyıq. Buna biz ona görə getdik ki, bu kredit uzunmüddətlidir, həm də güzəştlidir. Amma bu krediti ona görə aldıq ki, xalqımız daim belə yaşamayacaq, həyat düzələcək, insanların imkanları olacaq, həyat özünün istifadə etdiyi elektrik enerjisinin haqqını ödəyəcəkdir.

Beləliklə, biz Azərbaycanda elektrik enerjisi potensialı yaranmasının yeni mərhələsinə başlamışıq. O da, dediyim kimi, Yenikənd Su Elektrik Stansiyasıdır. Xətai rayonundakı İstilik-Elektrik Mərkəzidir və bu gün burada, "Şimal" Dövlət Rayon Elektrik Stansiyasında təməlini qoyduğumuz yeni blokdur.

Keçid dövründə, Azərbaycanın iqtisadiyyatının belə ağır vəziyyətində bu işləri görmək, hesab edirəm ki, xalqımız tərəfindən lazımi səviyyədə qiymətləndirilməlidir. İnanıram ki, qiymətləndiriləcəkdir.

Burada dedilər, təəssüf ki, Azərbaycanda bədxah adamlar da az deyildir. Onlar heç bir iş görməyiblər. Elektrik enerjisi nə cür hasil olur, elektrik stansiyası nə cür ola bilər, elektrik enerjisi hasil etmək üçün nə lazımdır? Bunların heç birini bilməyən o boşboğazlar, özlərini müxalifət hesab edənlər, Azərbaycan xalqına bir qəpiklik kömək etməmiş adamlar gecə-gündüz axtarırlar ki, harada elektrik enerjisi kəsildi, tez gəlib o barədə qəzetə yazırlar. Yaxud da özəl televiziyalara o barədə xəbər verirlər. Axşamlar özəl televiziyaya baxırsan - bildirirlər ki, orada elektrik enerjisi kəsildi, burada qaz təchizatı dayandırıldı və sairə. Bundan savayı Azərbaycanda bir şey yoxdurmu? Azərbaycandakı iş budur.

Beləliklə, mən çıxışıma başlayanda dediyim sözlərə qayıdıram. Biz tarixi hadisənin şahidiyik. Böyük işin təməlini qoyuruq. Əgər nəzərə alsaq ki, iki il müddətində bu blok tikiləcək və 400 meqavat gücü olacaq, qaz təminatı da yaxşılaşacaq - onda təsəvvür edə bilərsiniz ki, doğrudan da biz Azərbaycanın müstəqilliyi dövründə və iqtisadi çətinliklər içərisində nə qədər böyük işlər görürük.

Mən bu kreditin ayrılması münasibətilə, bizə göstərilən qayğıya görə Yaponiya hökumətinə təşəkkürümü bildirirəm və Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirindən xahiş edirəm ki, mənim təşəkkürümü öz ölkəsinə çatdırsın.

Çox məmnunam ki, bu mürəkkəb texnologiyaya malik olan enerji blokunun tikilməsini də əsasən Yaponiya şirkətləri öz üzərlərinə götürüblər. Onlarla bərabər Türkiyənin şirkəti də burada iştirak edir. Bunlar təcrübəli, dünyada məşhur şirkətlərdir. İnanıram ki, onlar öz işlərini yüksək keyfiyyətlə görəcəklər. Biz təsəvvür etdiyimiz yüksək səviyyəli, modern elektrik stansiyası alacağıq. Əhalinin, ümumiyyətlə, iqtisadiyyatımızın tələbatını ödəyə biləcəyik.

Bugünkü hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bizim yeni mərhələdə həyata keçirdiyimiz elektrik enerjisi proqramımız bundan sonra da davam edəcək və müstəqil Azərbaycan yaxın gələcəkdə bütün sahələrdə elektrik enerjisi ilə tam təmin olunacaqdır.

Mən bilirəm ki, bu nəhəng tikintidə işin çoxunu Azərbaycan mütəxəssisləri, fəhlələri, azərbaycanlılar görəcəklər. Bunun özü də çox mühüm bir haldır. Çünki bununla yeni iş yerləri açılacaq, insanlar işlə məşğul olacaq, qazanc əldə edəcək və müəyyən sahədə özlərinə iş tapa bilməyənlər burada işlə təmin olunacaqlar. Bu da bugünkü hadisənin çox əhəmiyyətli cəhətidir.

Bir daha sizi təbrik edirəm. Şirkətlərə bu nəhəng tikintidə uğurlar arzulayıram. Xaricdən gəlmiş və Azərbaycandan olan mütəxəssislərə - bu tikintidə iştirak edənlərin hamısına cansağlığı, uğurlu fəaliyyət arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 20 dekabr 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf