Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Prezident sarayında keçirilmiş müşavirədə giriş sözü və yekun nitqi - 13 aprel 2000-ci il


Bugünkü müşavirə Azərbaycanın hava limanı, aeroport kompleksinin işi ilə əlaqədar bizə daxil olan siqnallarla bağlıdır. Mən bu müşavirəni çağırmağı çox vacib bilmişəm. Çünki bu siqnallar bizi çox narahat edir. Təbiidir ki, bunu sübut etməyə ehtiyac yoxdur.

İndiki zamanda hər bir ölkənin, o cümlədən müstəqil Azərbaycanın hava limanı, aeroportu onun əsas giriş qapısıdır, xüsusən uzaq və yaxın xarici ölkələrlə əlaqələr saxlamaq, müxtəlif əlaqələr - həm işgüzar, həm insani, həm də başqa əlaqələr saxlamaq üçündür. Son illər biz bunun üçün böyük vəsait istifadə edərək yeni aeroport kompleksi tikdik. Yəni bunun tikintisi hələ 1981-ci ildə başlanmışdı, ancaq sonra dayandırılmışdı. Biz ayrı-ayrı banklardan kreditlər aldıq, beynəlxalq hava limanının binasını tikib istifadəyə verdik, təntənəli surətdə açılışını keçirdik. Biz özümüz də, təkcə biz yox, başqa ölkələrdən gələnlər də onunla tanış olarkən dedilər ki, bu, həqiqətən beynəlxalq standartlara, müasir tələblərə cavab verən aeroport kompleksidir.

Mən bu kompleksin tikintisi başa çatmamışdan əvvəl, hələ açılış olmamışdan qabaq gedib onunla bir daha tanış olarkən həm bizim "Azərbaycan Hava Yolları" Dövlət Konserni AZAL-ın rəhbərliyinə, həm də orada fəaliyyət göstərəcək bütün nazirliklərə və təşkilatlara dedim ki, sizin birinci borcunuz işlərinizi beynəlxalq standartlar səviyyəsində qurmaqdan ibarətdir, bu gözəl binanı, buradakı gözəl avadanlığı, şəraiti daim bu səviyyədə saxlamaq və bəlkə də artırmaqdan ibarətdir. Mən bunları nə üçün dedim? Çünki təəssüflər olsun ki, biz əvvəllər də, indi də rastlaşırıq - dəyərli bir şey yaranır, amma onun istismarı elə təşkil olunur ki, o, get-gedə öz əvvəlki keyfiyyətini itirir və xeyir gətirmək əvəzinə zərər gətirir.

Mən bu sözləri deyərkən keçmiş təcrübəyə istinad edirdim. Çünki bilirdim ki, bizdə belə hallar olubdur. Mən bu sözləri havadan götürüb demirdim. Hamı mənə söz verdi ki, bəli, biz burada çox yaxşı iş təşkil edəcəyik. Amma indi gələn siqnallar onu göstərir ki, orada iş əvvəldən də yaxşı təşkil olunmayıbdır, ötən aylarda, ötən dövrdə də işlər get-gedə yaxşılaşmaq əvəzinə pisləşibdir.

Mən baş nazir Artur Rasizadəyə tapşırdım ki, gələn bütün bu siqnalları araşdırsın. O, siqnalları araşdırdı, sonra mənə məlumat verdi. Doğrusu, bu məlumatlar məni dəhşətə gətirdi. Burada bizim bir neçə dövlət orqanlarının fəaliyyətində olan ciddi qüsurlar yaratdığımız gözəl işi nəinki ləkələyir, eyni zamanda respublikamızın adını ləkələyir. Xaricdən müxtəlif məqsədlər üçün gələn qonaqlar - onların əksəriyyəti buraya iş görmək üçün gəlir, - çox çətinliklərlə, bəzən də qanunsuz hərəkətlərlə rastlaşırlar. Öz vətəndaşlarımız, yaxud xaricdən buraya sadəcə öz şəxsi məqsədləri üçün gələn vətəndaşlar bəlkə bundan da pis vəziyyətlə üzləşirlər. Yaranmış vəziyyət məni çox narahat edir. Buna görə də mən bu müşavirənin təcili olaraq çağırılmasını lazım bildim. Doğrudur, hər kəsin öz işi ilə məşğul olması prinsipi təmin edilsə, ölkənin prezidentinin belə işlərlə məşğul olmasına ehtiyac yoxdur və ümumiyyətlə məşğul olmamalıdır. Ancaq nə edə bilərəm ki, bizim bu məsələlərə məsul olan təşkilatlar, onların başçıları, hökumət, dövlət adamları nəinki məsuliyyətsizlik göstərirlər, hətta özləri, yəni onların işçiləri, təmsil olunduqları təşkilatlar müxtəlif qanunsuz işlər görürlər və rəhbərlər də buna göz yumurlar, bəlkə də bəzən onları dəstəkləyirlər.

Buna görə də mən bu nöqsanların hamısının bu gün burada açılıb deyilməsini tələb edirəm. Təbiidir, bundan sonra ciddi, çox təcili tədbirlər görülməlidir ki, həmin nöqsanlar aradan qaldırılsın. Bu nöqsanlar, indi orada yaranmış vəziyyət bizim işimizə hər tərəfdən zərər verir.

Bununla yanaşı, mən iqtisadi məsələlərlə məşğul olan nazirləri, təşkilat rəhbərlərini bu gün buraya dəvət etmişəm. Ona görə ki, bu məsələlər bir-biri ilə bağlıdır. Mən bu məsələni ayrıca müzakirə edəcəyəm. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin nümayəndələri ilə, investorlarla görüşəcəyəm, Azərbaycanın öz iş adamları, sahibkarları ilə görüşəcəyəm. İş görmək üçün onların qarşısına çıxan çətinliklər haqqında bizdə həddindən çox məlumatlar vardır. Mən onlarla görüşüb daha da geniş məlumat alandan sonra bu sahələrdə işləyən bizim bəzi nazirliklər, təşkilatlar haqqında çox ciddi tədbirlər görəcəyəm.

Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanda elə aeroportdan başlayaraq, ölkəmizin müxtəlif nazirliklərində, təşkilatlarında, müəssisələrində buraya investisiya qoymaq, iş görmək üçün xaricdən gələn şəxslərə, şirkətlərə müxtəlif səbəblərdən maneçilik törədirlər, bəzən onların işlərini pozurlar. Təbiidir ki, bu da Azərbaycanın iqtisadiyyatına böyük zərbələr vurur, bizim apardığımız siyasətə, bazar iqtisadiyyatı prinsiplərinə, xarici investisiyanın ölkəmizə cəlb olunması prinsiplərinə - hansılar ki, biz öz iqtisadiyyatımızın inkişafı üçün onları əsas götürmüşük - zərbələr vurur. Ancaq mən bu məsələni ayrıca müzakirə edəcəyəm.

Bizim bu sahədə olan nazirliklərin, təşkilatların rəhbərlərini mən buraya dəvət etmişəm, çünki bir-biri ilə bağlıdırlar. Amma onlar bu gün özləri üçün nəticə çıxarsınlar. Mən bir neçə gündən sonra bu məsələ ilə ayrıca məşğul olacağam. Çünki bu, daha da geniş məsələdir.

Mənə verilən məlumatlardan, təbiidir, aşkar olur ki, bizim hava limanında, aeroportda yaranmış vəziyyətdə birinci növbədə "Azərbaycan Hava Yolları" Dövlət Konserni günahkardır. Amma təkcə o, günahkar deyildir. Orada fəaliyyət göstərən bir neçə nazirliklərimizin nümayəndələri də vardır. Bu, bizim sərhəd qoşunlarıdır, Dövlət Gömrük Komitəsidir, Daxili İşlər Nazirliyidir, prokurorluqdur - hüquq-mühafizə orqanlarıdır.

Mən sonra fikrimi deyəcəyəm. Amma dəhşətə gəlirəm ki, bütövlükdə AZAL konserninin günahı hamısından çoxdur. Bir çox təşkilatlar nə üçün orada belə yaramaz işlər görürlər və respublikanın ümumiyyətlə işinə xeyir gətirmək əvəzinə zərər verirlər?

Ona görə də mən təklif edirəm ki, Cahangir Əsgərov məlumat versin. Mən səndən tələb edirəm ki, düzgün, obyektiv məlumat ver. Öz günahlarınız, səhvləriniz haqqında da, gəlib orada öz funksiyalarını ifa edən təşkilatların buraxdıqları nəinki səhvlər, sui-istifadə, qanun pozuntuları barədə də ətraflı məlumat ver. Buyur.

Yekun nitqi

Güman edirəm ki, iki saat müddətində burada aparılan kəskin, sərt danışıq iştirak edənlərin hamısına tam aydın etdi ki, bizim işlərimizdə və çox mühüm sahələrimizdə ciddi nöqsanlar, qüsurlar var, vəzifəsindən sui-istifadə halları var, şəxsi mənafelərini güdərək bizim ümumi işimizə zərər vuranlar var. Konkret olaraq aeroportdakı vəziyyət buna çox əyani nümunədir.

İndi bu gün gördünüz ki, mən bu məsələlərdən bir neçə gün əvvəl xəbər tutan kimi, narahat olmağa, bugünkü müşavirəni çağırmağa və bu cür kəskin söhbət aparmağa əsasım vardır. Çünki bu işdə məsul olan şəxslərin- "Azərbaycan Hava Yolları" Dövlət Konserninin baş direktoru Cahangir Əsgərovun, Sərhəd Qoşunlarının komandanı Abbasəli Novruzovun və Milli Təhlükəsizlik Nazirliyinin, daxili işlər naziri indi Ramil Usubovdur, bu gün burada Zahid Dünyamalıyev iştirak edir. Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərovun, təbiidir ki, orada prokuror da varsa, respublikanın baş prokuroru Eldar Həsənovun - hamınızın günahı vardır.

Əgər bizim dövlətin, hökumətin hər bir strukturunun dövlətə, xalqa ürəyi yansaydı, birincisi, çalışardı ki, o nöqsanları buraxmasın. Onlar çalışardılar ki, orada olan biabırçı hallara yol verməsinlər. İkincisi də, əgər kim bunu edə bilmirdisə, kim kimdənsə qorxurdusa, kim kimdənsə çəkinirdisə, kimsə kimi incitmək istəmirdisə, onda gəlib müraciət etsinlər.

Mən bugünkü təhlildən onu gördüm ki, əgər bu məsələlər indi bizə çatmasaydı və biz bu məsələ ilə məşğul olmasaydıq - mən baş nazirə tapşırdım - və bugünkü müşavirə keçirilməsəydi belə də gedəcəkdi, aybaay bundan da pis olacaqdı, ondan sonra daha da pis vəziyyət yaranacaqdı.

Bizi birinci növbədə narahat edən - Artuur Rasizadə burada dedi - "Azərbaycan Hava Yolları" Dövlət Konserninin xarici şirkətlərə xidmətində buraxdığı səhvlərdir. Mən Cahangir Əsgərovun buradakı çıxışı ilə tamamilə razı deyiləm. O, çıxışında dedi ki, nə bilim, Frankfurtda qiymət belədir, filan yerdə qiymət elədir. Hər halda bizim məqsədimiz bundan ibarət olmalıdır ki, xarici aviasiya şirkətləri Azərbaycana gəlsinlər və ölkəmizə xidmət göstərsinlər. Bunun üçün də baxmaq lazımdır. Mən demirəm ki, biz ölkəmizi zərərə salmalıyıq, "Azərbaycan Hava Yolları" Dövlət Konserni bunun naminə zərər çəkməlidir, yəni maddi zərər, maliyyə zərəri çəkməlidir, yox. Elə bir vəziyyət yaratmaq lazımdır ki, həm biz zərər çəkməyək, bundan biz də gəlir götürək, ancaq bu vəziyyət onlar üçün də münasib olsun ki, buraya gəlsinlər.

Əgər siz ondan bir az aşağı qiymət qoyub xarici şirkətlərin buraya gəlməsini təmin etsəniz, yenə də gəlir götürəcəksiniz. Bəlkə az götürəcəksən, ancaq xeyir, mənfəət götürəcəksən. Həmin şirkət də mənfəət götürəcək, sərnişinlər də rahat gedəcəklər.

Yəni Azərbaycan indi müstəqil dövlətdir. İndi Azərbaycandan dünyanın hər yerinə insanlar gedir və dünyanın hər yerindən ölkəmizə insanlar gəlir. Demək, təbiidir ki, birbaşa reyslər həm Azərbaycana xaricdən gələn insanlar üçün, həm də Azərbaycan vətəndaşlarının xaricə getməsi üçün çox yaxşı şərait yaradır.

Xatirimdədir, 1998-ci ildə mən İngiltərədə rəsmi səfərdə olarkən bu ölkənin xarici işlər naziri mədən bir xahiş etdi. Deyəsən, o, vaxt Londondan Bakıya təyyarə bir reys edirdi. Böyük Britaniyanın xarici işlər naziri məndən xahiş etdi ki, icazə verin, Bakıya təyyarə iki reys etsin. Mən də gəlib fikirləşdim ki, bizim İngiltərəyə reysimiz var, bəlkə bu, ölkəmizə maddi cəhətdən zərər gətirəcək, amma icazə verdim. Sonra üç reys gəldi. Amma indi əvvəlki böyük təyyarəni dəyişiblər, ondan kiçik təyyarə bir dəfə reys edir.

Təbiidir ki, biz dünyada bu sahədə yaranmış ümumi vəziyyəti bilirik. Burada heç kim deməməlidir ki, bu, təkcə Azərbaycan üçündür. Çünki böyük xarici şirkətlərin bəziləri indi çox ciddi maddi çətinliklər içərisindədir. Amma səbəb təkcə bu deyildir. Səbəb bir də odur ki, - baş nazir Artur Rasizadə dedi - onlar üçün burada yaranan şərtlər uyğun gəlməyibdir, bir də ki, onlara göstərilən xidmət keyfiyyətsiz olubdur.

Hələ burada deyilmədi, - mən eşitmişəm, belə fakt var ki, "Lüfthanza" şirkətinin təyyarəsi gəlib Bakıdan Aşqabada və yaxud başqa yerə gedəndə onların yüklərini saxlayıblar, boşaldıblar. Siz bunu bilmirsiniz, amma mən bilirəm. Cahangir Əsgərov bunu bilir. Belə məsələ olub?

Cahangir Əsgərov: Bəli, olub.

Heydər Əliyev: Yaxşı, bu, nəyə lazımdır? Onlar da bundan çox inciyiblər. Heç bir səbəb olmadan onlara irad tutublar, təyyarənin yükünü boşaldıblar, yoxlamağa başlayıblar. Beləliklə, onları incidiblər. Mən bunu eşitmişəm.

Ona görə də "Azərbaycan Hava Yolları" Dövlət Konserninin vəzifəsi ondan ibarətdir ki, o, xarici aviasiya şirkətləri ilə işini düzgün qurmalıdır, xidməti beynəlxalq aeroportlarda olan səviyyəyə yüksəltməlidir və rüşvətxorluğu, cürbəcür çirkin halları aradan qaldırmalıdır.

Əgər gecə "Lüfthanza"nın təyyarəsinə benzin doldurmaq üçün nağd 2500 dollar tələb edirlərsə, bəs, bundan da böyük biabırçılıq ola bilərmi? Sən ona sübut edə bilməzsən ki, bu, qanuni bir şeydir. Bütün xarici şirkətlərlə sizin maliyyə münasibətlərinizin hamısı banklar vasitəsilə həll edilir, nağd heç bir şey verilmir. Amma aeroportda gəlib deyirlər ki, bunu nağd ver. Özü də deyirlər ki, onun qiyməti 660 dollardır. Bu, hələ bizə məlum olan hallardır, nə qədər də məlum olmayanlar vardır.

Ona görə də mən AZAL Dövlət Konsernindən və Cahangir Əsgərovdan tələb edirəm ki, bütün bu nöqsanlar, birinci növbədə xarici ölkələrin şirkətləri ilə əlaqələrdəki nöqsanlar aradan qaldırılsın.

Nə etmək lazımdır? Ən əvvəl bu əlaqələri möhkəmləndirmək lazımdır. Bəzi reyslər dayanıb, həmin şirkətlərlə əlaqəyə girmək lazımdır. Onlar üçün də, bizim üçün də münasib şərtlər müəyyən edilməlidir və çalışmalısınız ki, həmin şirkətlərin reysləri bərpa olunsun.

Mən gələcək üçün də deyirəm ki, xarici aviasiya şirkətləri ilə sizin münasibətləriniz bizim dövlətin, müstəqil Azərbaycanın imicidir. Siz bunu bilməlisiniz. Bu məsələdə AZAL kənarda qalır, deyirlər ki, bu, Azərbaycandır.

Digər məsələ həm Azərbaycana gələn, həm də Azərbaycandan gedən sərnişinlərə göstərilən xidmət və bu xidmətin pis vəziyyətdə olmasıdır. Deyə bilmərəm ki, bu sahədə səhvlər buraxılıb. Burada sadəcə, hər bir xidmət sahəsi, - bir tərəfdən AZAL, o biri tərəfdən gömrük xidməti, Sərhəd Qoşunları, digər tərəfdən Daxili İşlər Nazirliyi - hər bir təşkilatın nümayəndəsi öz şəxsi məqsədlərini güdərək orada qanunsuz qazanc əldə etmək, rüşvət almaq məqsədi ilə və başqa məqsədlərlə sərnişinlərin rahat gedib-gəlməsinə çox pis şərait yaradır. Bu, aradan qaldırılmalıdır. Burada deyilən və deyilməyən bütün nöqsanların hamısı aradan qaldırılmalıdır. Mən bunları bir daha təkrar etmək istəmirəm. Ancaq 8 ay bundan öncə istifadəyə verilmiş hava limanında belə vəziyyətin yaranması dözülməzdir.

Yenə də deyirəm, mən fəxr edirəm ki, indi həm texnikasına, həm texnologiyasına, həm memarlıq quruluşuna, həm də rahatlığına - hər bir şeyinə görə Azərbaycanın tam yüksək, beynəlxalq səviyyədə olan belə bir aeroportu, hava limanı vardır. Mən bununla fəxr edirəm. Ancaq mən utanıram və inciyirəm. İnciyirəm ki, bu obyekti, bu cür müəssisəni bu adamlara tapşırmışıq, onlar bunun qiymətini bilmirlər, yenə də deyirəm, öz şəxsi məqsədləri naminə bizim ölkəmizə zərər gətirirlər. Bunlar aradan qaldırılmalıdır.

Mən bu vəziyyətə görə birinci növbədə, AZAL-ın baş direktoru Cahangir Əsgərova töhmət verirəm. Sən bil ki, əgər bu nöqsanlar qısa müddətdə aradan qaldırılmasa, sənin o vəzifədə qalıb-qalmamaq məsələn həll olunacaqdır.

Sərhəd Qoşunlarının komandanı Abbasəli Novruzova töhmət verirəm, sənə də xəbərdarlıq edirəm. Sənin nəinki oradakı səhvlərin, bu gün buradakı danışığın da işə münasibətini göstərir. Bildirirsən ki, "mənə bunu deməyiblər, mənə onu deməyiblər". Deyirsən ki, sən bir xansan, gərək həmişə gəlib sənə səcdə etsinlər, bunu desinlər, ondan sonra bir iş görəsən? Bu, sənin vəzifəndir, işindir. Bilməlisən ki, hansı sahədə sənin işin nədən ibarətdir və bunu yerinə yetirməlisən. Yenə də deyirəm, sənə töhmət verirəm və ciddi xəbərdarlıq edirəm. Əyləş.

Daxili İşlər Nazirliyi - Ramil Usubova və birinci müavin kimi Zahid Dünyamalıyev, sənə xəbərdarlıq edirəm. Tələb edirəm ki, bütün bu nöqsanlar qısa müddətdə aradan qaldırılsın.

Dövlət Gömrük Komitəsi, sənə ciddi xəbərdarlıq edirəm. Tələb edirəm ki, bu nöqsanları aradan qaldırasan. Bir dəstəni işə qoymusan, bir dəstəni işdən çıxarmısan, o biri dəstəni qoymusan, çıxarmısan, nə bilim, cəza vermisən - bu, sənin daxili işindir. Əgər iş normal vəziyyətə düşməyibsə, demək, sən öz vəzifəni yerinə yetirə bilməmisən. Buna görə də sənə xəbərdarlıq edirəm. Əyləş.

Ancaq iş bununla qurtarmır. Mən hesab edirəm ki, bizim Nazirlər Kabineti də burada bütün bu nəzarəti unudubdur. Bu sahə ilə Abid Şərifov məşğuldur. Bəli, bu tikintidə o, çox iş gördü və mən onu qiymətləndirdim. Yəqin o, hesab edir ki, bundan sonra onun vəzifəsi qurtardı. Amma bilirsən ki, sən təkcə tikinti işinə cavabdeh deyilsən, sən nəqliyyata da cavabdehsən. Yaxşı, bir də ki, sən özün inşaatçısan. Biz həmin kompleksin tikintisinə bir belə zəhmət çəkmişik. Onun icraçılarından biri də sənsən. Sən necə dözürsən ki, orada vəziyyət elədir? Sən xırda adam deyilsən, baş nazirin müavinisən. Biz sənə böyük etimad göstərmişik. Niyə məşğul olmursan? Ona görə də sən günahkarsan. Mən səndən tələb edirəm ki, bu münasibəti qurtar. Əyləş.

Mən buraya Dövlət Dəmir Yolu İdarəsinin rəisini və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisini də dəvət etmişəm. Siz orada təsadüfi oturmamısınız. Siz də sərnişin, yük daşıyırsınız. Sizin rəhbərlik etdiyiniz sahələrin bir sıra nöqtələrində də bütün bu xidmətlər - gömrük xidməti, sərhəd xidməti, polis və sair vardır. Mən indi sizi yoxlamamışam. Sizin də sahəniz bir az uzaqdır. Amma güman edirəm ki, sizdə də bu nöqsanlar vardır. Siz bunlardan özünüz üçün nəticə çıxarın.

Mən nəqliyyata rəhbərlik edən adam kimi Abid Şərifovdan tələb edirəm və mənim köməkçim Əli Əsədova göstəriş verirəm ki, bu işə nəzarət etsinlər. Baxın görün, onlarda - Dövlət Dəmir Yolu İdarəsində və Xəzər Dəniz Gəmiçiliyi İdarəsində vəziyyət necədir.

Mən sizə də xəbərdarlıq edirəm ki, bu işlə məşğul olasınız. Əyləşin.

Mən bu gün müşavirənin əvvəlində dedim ki, bizim iqtisadi məsələlərlə məşğul olan nazirləri və təşkilatların rəhbərlərini buraya dəvət etmişəm. Məqsəd də ondan ibarətdir ki, bu müzakirədən hərə özü üçün nəticə çıxarsın. Çünki bu vəzifələr bir-birinə oxşardır.

Bizim siyasətimizin əsas istiqamətlərindən biri Azərbaycana xarici investisiyanın cəlb olunmasıdır. Biz bu sahədə çox böyük nailiyyətlər əldə etmişik. Neft sektorunda çox gözəl nailiyyətlərimiz vardır. Bəzi başqa sahələrə də investisiyalar gəlir. Ancaq bizim bir çox sahələrimiz var. Bu xarici investisiyalar hara gələ bilər? Xarici investorlar ölkəmizə gəlmək istəyirlər. Ancaq onlar gəlib burada iş görmək məqsədi ilə fəaliyyətə başlayanda müxtəlif maneçiliklərlə rastlaşırlar. Əgər maneələri ötüb keçə bilirlərsə, bir iş görürlər, keçə bilməsələr çıxıb gedirlər.

Buna görə də belə bir fikir yaranırdı ki, indi Azərbaycana investorlar az gəlir. Bəlkə də, məsələn, 1996, 1997-ci illərə nisbətən investorlar az gəlir. O vaxt neft şirkətləri, o biriləri gəlirdi, başqaları çox gəlirdi. Təbiidir ki, onlar çoxluq təşkil edirdi. İndi də gəlmək istəyənlər çoxdur. Ancaq gələnlərin bəziləri istəklərinə nail ola bilmirlər, inciyirlər, geriyə qayıdırlar. Beləliklə, Azərbaycana investisiya qoymaq məsələsi barəsində mənfi fikirlər yaranır.

Onlar çox şeylərlə rastlaşırlar. Birincisi, artıq bu fikir yayılıbdır ki, investisiya qoymaq istəyənlər hara gedirlərsə, həmin idarənin nümayəndəsi deyir ki, "burada mənim payım nə olacaqdır?". Artıq bu, böyük bir xəstəliyə dönübdür, yayılıbdır.

Bəziləri də məcburdur, iş görmək üçün deyir ki, "yaxşı, sənə bu qədər pay verirəm". Ona deyirlər ki, "yox, artıq ver". İndi buna nail olandan sonra bu adamın, necə deyərlər, macəraları, əzablı yolu başlanır. Gedib qeydiyyatdan keçməlidir, - onu incidirlər, yaxud orada da ondan rüşvət istəyirlər. Başqa bir yerdən keçməlidir, - orada incidirlər. Ona görə də xarici iş adamlarının bəziləri inciyir, tüpürüb çıxıb gedir.

Bunu edənlər bizim dövlət işində çalışan adamlardır. Bizim öz sahibkarlarımızın da iş görməsinə çox maneçilik törədənlər vardır. Hüquq-mühafizə orqanları, prokurorluq, Daxili İşlər Nazirliyi yenə də ayrı-ayrı şirkətləri yoxlayırlar, nədən ötrü yoxlayırlar?

Bu yaxınlarda bir şirkət haqqında mənə məlumat vermişdilər. Mən bizim aparatın işçisi Fuad Ələsgərova tapşırdım, o araşdırdı. Haradasa bir cinayət işi açıblar. Yaxşı, açıblar. Ondan ötrü 40 şirkəti yoxlayırlar ki, bununla sənin nə əlaqən vardır? Hər bir şirkəti yoxlayanda da, təbiidir ki, onun başqa tərəfi də var. Mən neçə dəfə demişəm ki, prokurorluq, Daxili İşlər Nazirliyi, digər hüquq-mühafizə orqanları, bu şirkətlərdən əl çəkin. Sizin bu nəzarətiniz, bu istintaqınız lazım deyildir. Bunlardan dövlətimizə bir xeyir gəlmir. Ayrı-ayrı adamlar öz ciblərinə qanunsuz pul doldururlar, ancaq bizim iş adamlarının fəaliyyətinə, iqtisadiyyatımıza zərər gəlir.

Mən fikirləşirəm, - əgər bu iş adamlarından kimsə hansısa işi düz görmürsə, cəhənnəm, qoy düz görməsin, amma görsün, nəinki onun gördüyü işin qarşısını alsınlar, prokurorluq onu bir yerə, Daxili İşlər Nazirliyi o biri yerə, başqa təşkilat digər yerə dartsın. Bax, bu dartmağın nəticəsi nədir? Axı, bu, Azərbaycana bir xeyir gətirmir. Sadəcə, ayrı-ayrı adamların, - hansılar ki, bu işlə məşğuldur, - onların cibləri dolur.

Yaxın zamanlarda mən digər çox böyük işlərlə məşğul olacağam. Təəssüflənirdim, çox narahat idim ki, bu məsələ üçün vaxt tapa bilmirəm. Amma bu gün vaxt tapmışam, artıq iki saat yarımdır ki, danışırıq. Mən bu yaxınlarda, birincisi, xarici ölkələrin burada iş görən şirkətlərinin nümayəndələri ilə ayrıca görüşəcəyəm. Əvvəlcədən xəbərdar edəcəyəm ki, onlar bütün dərdlərini mənə desinlər. Sonra Azərbaycanın öz iş adamları ilə görüşəcəyəm, onların dərdlərini öyrənəcəyəm və çox ciddi tədbirlər görəcəyəm. Mən əvvəlcədən xəbərdarlıq edirəm, - hansı təşkilat günahkar olsa, təbiidir ki, ona heç bir güzəşt olmayacaq. Ona görə də bir daha hamını xəbərdar edirəm, - bilin, bizim özəl sektorun inkişafına mane olmayın, bizim özəl sektorun inkişafına şərait yaradın. Xarici investisiyaların Azərbaycana gəlməsinə mane olmayın, onun qarşısını almayın, ona şərait yaradın, kömək edin. Belə olan halda iqtisadiyyatımız inkişaf edəcəkdir, xalqımızın rifahı yaxşılaşacaqdır, sizin özünüz, hər biriniz daha da yaxşı yaşayacaqsınız.

Mən güman edirəm ki, bugünkü müşavirədə iştirak edənlərin hamısı özləri üçün nəticə çıxaracaqlar. Hava limanındakı vəziyyəti isə kökündən düzəltmək üçün baş nazir Artur Rasizadəyə tapşırıram ki, həm aerovağzalın özünün sistemini, - mən başa düşdüm ki, orada hərə özünə bir sistem yaradıb, - həm də beynəlxalq normaları, beynəlxalq təcrübəni əsas götürməklə onların hər birinə on gün vaxt qoy, öz təkliflərini versinlər. Sonra Dövlət Gömrük Komitəsi öz təklifini verməlidir ki, orada hansı sistem qurulmalıdır. Daxili İşlər Nazirliyi, Sərhəd Qoşunları, başqaları da öz təkliflərini verməlidirlər.

Köhnə sistemdə nə varsa - beynəlxalq təcrübəyə cavab verməyənlərin hamısı ləğv olunmalıdır. Bizim hava limanının işi beynəlxalq təcrübə, beynəlxalq normalar əsasında qurulmalıdır. Orada hərə özünə, necə deyərlər, bir ağa ola bilməz. Daxili İşlər Nazirliyi bir ağadır, Sərhəd Qoşunları, Milli Təhlükəsizlik Nazirliyi bir ağadır, Dövlət Gömrük Komitəsi bir ağadır, AZAL bir ağadır - bu, ola bilməz.

Kompleks bir sistem yaranmalıdır, orada hərənin funksiyası müəyyən edilməlidir. Onu gətirib mənə verəcəksiniz, bəlkə mən təsdiq etməliyəm, ya da sən - baş nazir təsdiq etməlisən. Hər halda mən buna baxmalıyam. İş də bunun əsasında qurulmalıdır. Yoxsa bunları başına buraxsan, bu danışıqdan bir ay sonra yaddan çıxacaq, həmin işləri yenə də tətbiq edəcəklər. Oldu? On gün vaxt verirəm.

Yaxşı, bir daha deyirəm, - bugünkü müşavirədən hamı özü üçün nəticə çıxarsın. Amma bir siz yox. Bugünkü müşavirə televiziya vasitəsilə veriləcəkdir. Mən bütün dövlət, hökumət orqanlarına, bizim bütün təşkilatlara müraciət edirəm - hərə özü üçün nəticə çıxarsın. Çünki bu nöqsanlar bu və ya başqa formada, həcmdə bizim dövlət, hökumət orqanlarının əksəriyyətində var. Biz bunları aradan qaldırmalıyıq. Ona görə də hər bir nazir, komitə sədri, təşkilat, şirkət rəhbəri, icra hakimiyyətinin başçısı özü üçün nəticə çıxarıb işində olan bütün nöqsanları aradan qaldırmalıdır. Sağ olun.

"Azərbaycan" qəzeti, 14 aprel 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf