Əziz bacılar, qardaşlar!
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Hörmətli səfirlər!
Mən sizin hamınızı səmimi qəlbdən salamlayıram və sizə ən xoş arzularımı bildirirəm.
Bu gün müstəqil Azərbaycan dövlətinin, xalqının həyatında böyük tarixi əhəmiyyət kəsb edən əlamətdar hadisə baş verir. Azərbaycanın dünyaya qapısı olan hava limanında müasir tələblərə cavab verən, ölkəmizin beynəlxalq əlaqələri üçün böyük xidmət göstərə bilən, Azərbaycan xalqına müasir tələblər səviyyəsində xidmət göstərə bilən aerovağzal kompleksi tikintisinin başa çatması və onun açılışı mərasimidir.
Mən bu münasibətlə sizi, Azərbaycan xalqını, bütün vətəndaşlarımızı, respublika mülki aviasiyasının kollektivini və bütün işçilərini təbrik edirəm. Ümidvar olduğumu bildirirəm ki, bu gözəl aerovağzal kompleksi müstəqil Azərbaycana bu gün də və uzaq gələcəkdə də böyük xidmətlər göstərəcəkdir.
Bakı hava limanının aerovağzal kompleksinin tikilib başa çatdırılması və bu gün açılması müstəqil Azərbaycanın həyatının hər sahəsinin inkişaf yolu ilə getməsini gözəl nümayiş etdirir. Müstəqil dövlət, ölkə kimi Azərbaycan öz iqtisadiyyatında böyük dəyişikliklər həyata keçirir. Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi gedir. Ölkəmizdə iqtisadi, sosial, siyasi islahatlar həyata keçirilir. Azərbaycanda sərbəst iqtisadiyyat, sahibkarlığa geniş imkanlar yaratmaq siyasəti aparılır. Bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat Azərbaycan iqtisadiyyatının bu gününü və gələcəyini təşkil edir.
Bu proseslərdə dünyanın müxtəlif dövlətləri, maliyyə mərkəzləri ilə Azərbaycanın əməkdaşlığı və bundan istifadə edərək sosial-iqtisadi məsələlərini həll etməsi qarşımızda duran əsas vəzifələrdən biridir. Mən bu gün məmnuniyyət hissi ilə deyə bilərəm ki, biz bu vəzifələri uğurla yerinə yetiririk. Beynəlxalq aerovağzal kompleksinin, Bakı beynəlxalq hava limanının əzəmətli binası və ondan istifadə olunması üçün müasir tələblərə cavab verən bütün texniki qurğular, cihazlar buna nümunədir. Bu, Azərbaycan dövlətinin, hökumətinin həm xalq, millət üçün, həm bu gün, həm də gələcək üçün göstərdiyi xidmətlərdən biridir.
Son illər Azərbaycan müstəqillik yolu ilə gedərkən bütün iqtisadi-sosial çətinliklərə baxmayaraq, böyük əhəmiyyət daşıyan bir çox tikintilər həyata keçirib və onları xalqın, cəmiyyətin istifadəsinə veribdir. Ancaq mən tam qətiyyətlə deyə bilərəm ki, bu gün açdığımız beynəlxalq aerovağzal kompleksi bunların içərisində ən dəyərlisidir və yaxşısıdır.
Ona görə ki, bu, müstəqil Azərbaycanın hər bir vətəndaşına xidmət edəcəkdir. Xalqa, vətəndaşlara xidmət etmək, onların sərbəst, azad yaşaması, istədikləri yerə sərbəst gedib-gəlməsi, hərəkət etməsi üçün şərait yaratmaq müstəqil Azərbaycan dövlətinin əsas vəzifələrindən biridir. Azərbaycan açıq, azad, müstəqil bir ölkə kimi dünyanın bütün dövlətləri ilə müxtəlif əlaqələr saxlayır və bu əlaqələr həm dövlət orqanları, hökumət orqanları tərəfindən, həm özəl sektor, həm də ayrı-ayrı vətəndaşlar tərəfindən həyata keçirilir. Bunları həyata keçirmək üçün bu gün mülki aviasiya birinci yeri tutur. Çünki əgər mülki aviasiya olmasa, hərəkət etmək, çox sürətli əlaqələr saxlamaq, səmərəli iş görmək mümkün deyil.
Son 50 ildə dünyada mülki aviasiyanın inkişaf etməsi, mülki aviasiyanın dünya nəqliyyat sistemində ən mühüm və ən əhəmiyyətli bir nəqliyyat sisteminə çevrilməsi tarixi hadisədir. Azərbaycan da bu dövrü indiyə qədər yaşayıb və bu gün də yaşayır. Ona görə də Azərbaycanın mülki aviasiyasının fəaliyyəti, inkişafı, səmərəli fəaliyyət göstərməsi üçün ona şərait yaradılması əsas şərtlərdən biridir. Biz bu şərtləri nəzərə alaraq Bakı Aerovağzal Kompleksinin qısa müddətdə tikilib başa çatdırılmasına nail olduq.
Bu aerovağzal kompleksinin böyük tarixi vardır. Onun əsası, təməli 1981-ci ildə qoyulubdur. Respublikamız o vaxta qədər 1964-cü ildə tikilmiş aerovağzal kompleksindən istifadə edirdi, - mən tarixi yada salmaq istəyirəm, - amma bundan öncə buradan 2-3 kilometr məsafədə kiçik bir aerovağzal var idi. Şübhəsiz ki, o, Azərbaycana lazımi xidmət göstərə bilməzdi. Hesab edirəm ki, 1964-cü ildə tikilmiş kompleks o vaxtın tələblərinə görə böyük bir hadisə idi. O, Azərbaycana xidmət etdi, öz xidmətlərini göstərdi. Ancaq artıq 1970-ci illərdə biz hiss etdik ki, o, Azərbaycanın bu gününü və gələcəyini təmin etmir. Ona görə də yeni, müasir tələblərə cavab verən və Azərbaycanın gələcəyi üçün lazım olan aerovağzal kompleksinin tikilməsi haqqında düşündük.
O vaxt Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər İttifaqının tərkibində bir respublika idi. Mülki aviasiya isə mərkəzləşmiş bir təşkilat idi. Moskvadakı Mülki Aviasiya Nazirliyi bütün Sovetlər İttifaqında olan mülki aviasiyaya həm rəhbərlik edirdi, həm də onu idarə edirdi. Ona görə də hər bir belə işi görmək üçün biz çox çətinliklərlə üzləşirdik. Çünki bunlar hamısı həmin dövrdə sovet dövlətinin büdcəsindən ayrılan vəsaitlər hesabına ola bilərdi. Biz bu barədə bir neçə il danışıqlar apardıq. Nəhayət, 1970-ci illərin sonunda bunun razılığını aldıq. SSRİ Mülki Aviasiya Nazirliyi Azərbaycanda beynəlxalq standartlara cavab verə biləcək aerovağzal kompleksinin tikilməsinə razılıq verdi. Onun layihəsi hazırlandı. O vaxt layihəni SSRİ Mülki Aviasiya Nazirliyinin tərkibində olan "Aeroproyekt" təşkilatı hazırlayırdı. Ancaq biz bu işi öz əlimizə keçirdik. Bu layihənin hazırlanmasında Azərbaycanın həm mülki aviasiya işçilərinin, həm də başqa təşkilatlarının, o cümlədən, Azərbaycan memarlarının iştirakını təmin etdik. Beləliklə, bir neçə layihə hazırlandı və 1981-ci ildə biz bu layihələri burada araşdırdıq. Mən məhz bu layihənin Azərbaycanda həyata keçirilməsinə qərar verdim.
O vaxtdan 18 il keçibdir. Biz ondan sonra da çətinliklərlə rastlaşdıq. Layihə təsdiq edildi, ancaq onun həyata keçirilməsi üçün vəsait ayrılmalı idi. Bizim hər il bu barədə çalışmalarımız öz nəticəsini vermirdi. Nəhayət, 1985-ci ildə mən Moskvada, Sovetlər İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərək və o vaxt Sovetlər İttifaqının bütün nəqliyyat sahələrində, o cümlədən mülki aviasiyaya rəhbərlik edərək, məhz o imkanlardan istifadə edib bu aerovağzal kompleksinin təcili tikintisinə başlanması barədə qərar çıxartdırdım və bu tikinti başlandı.
Tikinti müəyyən müddət sürətlə gedirdi. Ancaq təəssüflər olsun ki, 1989-cu ildə Azərbaycanda yaranmış daxili vəziyyət və Azərbaycan rəhbərliyinin öz respublikasına rəhbərlik edə bilməməsi nəticəsində bu tikinti demək olar ki, dayandırıldı. O vaxtdan 1996-cı ilə qədər burada heç bir iş görülməmişdi. Ancaq 1996-cı ildə, yəni biz müstəqilliyimizin bir neçə ilini keçəndən, imkanlarımızı müəyyənləşdirəndən sonra bu aerovağzal kompleksinin tikintisinin başa çatdırılması və keçmiş layihənin əsasında burada tamamilə yeni standartların tətbiq olunması haqqında qərar qəbul etdik və bu qərarı həyata keçirməyə başladıq.
Təbiidir, biz bu işi özümüz görə bilməzdik. Ona görə də buraya xarici investisiyanın cəlb olunması lazım idi. Belə tikintiləri, beynəlxalq aerovağzalların inşasını aparmaqda böyük təcrübəsi olan şirkətlərin və bir neçə başqa şirkətin bu işə cəlb edilməsi lazım idi. Biz bu barədə çox fəal iş apardıq, nəticədə konsorsium yarandı və konsorsium aerovağzal kompleksinin qısa bir müddətdə tikilib başa çatdırılmasına nail oldu.
Bunlar hamısı onu göstərir ki, bir müstəqil dövlət kimi Azərbaycan öz taleyinin sahibi olaraq özü üçün ən vacib məsələləri ön plana keçirir və onların qısa müddətdə həyata keçirilməsi üçün təsirli işlər görür, bunlara nail ola bilir. Biz buna nail olduq.
Qeyd etdim ki, biz bir çox xarici şirkətlərlə, maliyyə mərkəzləri ilə, ölkələrlə bu sahədə əməkdaşlığa başladıq. Bunun əsasını birinci növbədə Türkiyə Cümhuriyyəti ilə əməkdaşlığımız təşkil edir. Çünki Türkiyə Cümhuriyyətinin həm "Burc-Enka" şirkətləri, həm də "Eksimbank"ı bu işə qoşulmasaydı, şübhəsiz ki, buna nail olmaq mümkün deyildi. Böyük Britaniya Krallığı hökumətinin və bu ölkənin özəl şirkətlərinin, maliyyə mərkəzlərinin də burada böyük rolu vardır. Əgər onlar bu işə bizimlə, Türkiyə ilə bərabər qoşulmasaydılar, bunu təmin etmək mümkün deyildi.
Beləliklə, Azərbaycan bu böyük, möhtəşəm binanın - aerovağzal kompleksinin yaranması üçün həm maliyyə vəsaitləri əldə edə bildi, həm bu kompleksin yüksək standartlara cavab verməsi üçün lazımi texniki cihazların və müxtəlif qurğuların alınmasına və həm də inşaat işlərinin yüksək səviyyədə aparılmasına nail oldu. Təbiidir ki, bu işlərin hamısı Azərbaycanın müxtəlif təşkilatları ilə birlikdə görülmüşdür. Azərbaycanın mülki aviasiya işçiləri, "Azal" Dövlət Konserni və xüsusən, respublikamızın müxtəlif inşaat təşkilatları ilə birlikdə bu böyük tikintini qısa müddətdə inşa edib başa çatdırdılar.
Mən mart ayında buraya gəlmişdim, tikintinin gedişi ilə tanış olurdum. Doğrudan da hiss etdim ki, gözəl bir aerovağzal kompleksi alınır. Ancaq şübhəsiz ki, nöqsanlar, çatışmazlıqlar da var idi. Biz onların aradan qaldırılması üçün burada danışıqlar apardıq, bir sıra məsələləri müzakirə etdik. Mən məmnunam, indi artıq məlumat verilir ki, bütün nöqsanlar aradan qaldırılıbdır və aerovağzal kompleksi bu gün bizə - buraya toplaşmış Azərbaycan vətəndaşlarına və xalqımıza yüksək səviyyədə təqdim olunur.
Mən bu münasibətlə Türkiyə Cümhuriyyətinin rolunu xüsusi qeyd edirəm. Bildirmək istəyirəm ki, biz bu kompleksin açılış mərasimini Türkiyə Cümhuriyyətinin prezidenti, Azərbaycan xalqının böyük dostu, əziz qardaşım Süleyman Dəmirəllə birlikdə keçirməli idik. Ancaq sizə məlum olan səbəblərdən o, indi ölkədən çıxa bilməz, çünki orada yaranmış problemlərlə məşğuldur. Ona görə də o, bu gün mənə telefonla zəng etdi, buraya yüksək səviyyəli - dövlət naziri səviyyəsində nümayəndə heyəti göndərildiyini bildirdi, təbrik etdi və xahiş etdi ki, onun təbriklərini və xoş arzularını bu gün sizə, bütün Azərbaycan xalqına çatdırım.
Biz böyük bir işi başa çatdırmışıq. Bu inşaatın aparılmasında və aerovağzal kompleksi tikintisinin həyata keçirilməsində iştirak etmiş təşkilatlara, şirkətlərə, insanların hamısına təşəkkür edirəm. Türkiyənin "Burc-Enka" şirkətlərinə, "Eksimbank"ına xüsusi təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Azərbaycanın inşaat təşkilatları həmişə çox böyük işlər görmüşlər, zəngin təcrübə toplamışlar. Azərbaycanın bütün inşaat təşkilatlarının - bu işdə iştirak edənlərin hamısına ürəkdən təşəkkür edirəm.
Mülki aviasiya işçilərinin hamısına və "Azal" Dövlət Konserninin rəhbərliyinə, bütün kollektivinə bu işin görülüb başa çatdırılması üçün minnətdarlığımı bildirirəm.
Əziz dostlar!
Mən bu kompleksin tikilmə tarixi haqqında sizə bəzi məlumatlar verdim. Ancaq onu da qeyd etmək istəyirəm ki, həmin 1981-ci ildə Bakıda beynəlxalq aerovağzal kompleksinin tikilməsi haqqında qərar qəbul edərkən biz Azərbaycanın bu gününü, gələcək müstəqilliyini, azadlığını düşünürdük. Təkcə o vaxt yox, ondan öncə də biz Azərbaycanda mülki aviasiyanın inkişaf etdirilməsini xüsusi vəzifə hesab etmişdik. Bilməlisiniz ki, 1950-1960-cı illərdə, 1970-ci illərdə belə, hətta 1980-ci illərdə də Azərbaycanın mülki aviasiya sistemində yerli milli kadrlar çox az idi. Burada təyyarəçilər və mühəndis vəzifəsində işləyənlər, bir çox təşkilatların rəhbərləri başqa millətlərin nümayəndələri idilər. Ona görə də bizim qarşımızda duran əsas vəzifələrdən biri ondan ibarət idi ki, Azərbaycanın mülki aviasiyasında milli kadrların yaranmasına nail olaq.
Biz bu işə başladıq, 1970-ci illərin əvvəllərindən Azərbaycan mülki aviasiyasında milli kadrlar, yəni yüksək təhsilə malik olan mühəndislər, texniklər və başqa mütəxəssislər hazırlanması işini planlaşdırdıq və bunun üçün Sovetlər İttifaqının müxtəlif şəhərlərində yerləşən mülki aviasiya ali məktəblərinə azərbaycanlı gəncləri göndərdik. Bu da Azərbaycanın gələcəyi haqqında düşünməyimizin nümunəsidir. Bəli, biz hesab edirdik ki, Azərbaycan öz milliliyini təmin etməlidir. Şübhəsiz ki, Azərbaycan millətindən, dinindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün vətəndaşların vətənidir. Amma Azərbaycan Azərbaycandır və Azərbaycanda da milli kadrlar azərbaycanlıların özləri, bütün ixtisas sahibləri olmalıdırlar və bütün sahələrdə işləməlidirlər.
Biz bu işlərə 30 il bundan öncə başladıq. Mən xoşbəxtəm ki, bunlar bu gün öz nəticəsini verir. Mən xoşbəxtəm ki, artıq indi Azərbaycan mülki aviasiyasının milli kadrları, azərbaycanlı təyyarəçilər, mühəndislər, mütəxəssislər vardır və onlar Azərbaycanın mülki aviasiyasını bu gün də, gələcəkdə də inkişaf etdirəcəklər.
Əziz dostlar!
1981-ci ildə bu böyük kompleksin əsasını qoyanda mən hesab edirdim ki, bunu qısa bir zamanda tikib başa çatdırmaq və Azərbaycanın tələbatlarına xidmət göstərməsini təmin etmək lazımdır. Ancaq təəssüflər olsun ki, kompleksin tikintisi uzandı.
Eyni zamanda, bu gün mən özümü çox xoşbəxt hiss edirəm ki, bu aerovağzal kompleksinin təməlini 1981-ci ildə mən qoymuşam, 1985-ci ildə onun inşasının təmin olunmasını mən təşkil etmişəm və ondan sonrakı dövrdə burada heç bir iş görülmədiyi halda son iki il müddətində bu kompleksin tikilib yüksək səviyyədə istifadəyə verilməsini də mən təmin etmişəm.
Böyük Allah mənə çox maraqlı bir tale veribdir. Mənim həyatım həmişə Azərbaycan xalqına xidmət etməkdən ibarət olubdur. Ancaq həyatımın çox parlaq səhifələri də, ağır səhifələri də olubdur. Bəzən elə düşünürdüm ki, o ağır illərdə Azərbaycanda gördüyüm işlərin hamısı sonra batıb gedəcəkdir. Ancaq bu gün mən xoşbəxtəm. Mən bu gün öz taleyimə minnətdaram. Böyük Allaha minnətdaram ki, mən o dövrləri yaşadım, gəlib Azərbaycan xalqı ilə bir yerdəyəm və bu gün Azərbaycan xalqı üçün bu qədər dəyərli bir töhfə veririk.
Bu aerovağzal kompleksinin istifadəyə verilməsi sayəsində Azərbaycanın dünya ilə əlaqələri daha da sürətlənəcəkdir. Mən əminəm ki, aerovağzal kompleksi bu qədər gözəl olduğu kimi, o qədər də gözəl istismar, istifadə ediləcəkdir. Biz Azərbaycan mülki aviasiyasına, "Azal" Konserninə böyük qiymətə malik, hamımız üçün sevimli olan bir bina - aerovağzal kompleksi təqdim edirik. Onların vəzifəsi bundan səmərəli istifadə etmək, onu göz bəbəyi kimi qorumaqdan ibarətdir. Həmişə düşünmək lazımdır ki, burada bütün işlərə çox ehtiyatla yanaşılmalıdır. Vəzifə ondan ibarət olmalıdır ki, Azərbaycana gələn, ölkəmizi ziyarət edən hər bir insan, hər bir şəxs bu aerovağzal kompleksində özünü rahat hiss etsin. Vəzifə ondan ibarətdir ki, Azərbaycanın hər bir vətəndaşı buradan səmərəli, rahat istifadə etsin və öz arzularını yerinə yetirə bilsin. Ümidvaram ki, bu və digər böyük vəzifələri Azərbaycan Mülki Aviasiyası, "Azal" Konserni uğurla yerinə yetirəcək və gələcək işləri ilə bizi sevindirəcəkdir.
Əziz dostlar, bu gün sizinlə burada görüşməyimdən çox məmnunam. Gələn bütün qonaqların hamısına təşəkkür edirəm. Buradakı dəyərli çıxışlarına görə onların hamısına təşəkkür edirəm. Sizi və bütün Azərbaycan xalqını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm. Azərbaycan xalqına parlaq gələcək, müstəqillik, irəliyə getmək arzulayıram!
"Azərbaycan" qəzeti, 1 oktyabr 1999-cu il.