Amerikada Azərbaycan icmasının nümayəndələri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - Çikaqo, 4 avqust 1997-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli soydaşlarımız!

Mən çox məmnunam ki, respublikamızın hüdudlarından kənarda, o cümlədən Amerika Birləşmiş Ştatlarında azərbaycanlılar artıq bir-birinə yaxınlaşırlar, bir yerə toplaşırlar və cəmiyyətlər qururlar. Doğrudur, indi azərbaycanlılar dünyanın hər yerinə səpələniblər. Elə bir ölkə tapmazsan ki, orada azərbaycanlı olmasın: birində çoxdur, o birində azdır. Ancaq təəssüflər olsun ki, ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılar təşkilatlana, bir-biri ilə yaxşı ünsiyyət qura bilmirlər.

Ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra, ondan əvvəl də, hələ Sovetlər İttifaqının tərkibində olan zaman da Amerika Birləşmiş Ştatlarında Azərbaycana qarşı fikir yaradan erməni lobbisi olubdur. Amerikada erməni lobbisi, diasporu güclüdür. Soruşuram ki, Amerika Birləşmiş Ştatlarında nə qədər erməni yaşayır? Biri deyir bir milyon, biri deyir ondan az.

Yerdən səs: Cənab Prezident, Amerikada 700 min erməni yaşayır.

Heydər Əliyev: 700 min. Mən belə başa düşürəm ki, siz Kaliforniyada yaşayırsınız, orada da ermənilər çoxdur. Mənə elə gəlir ki, siz daha dəqiq bilərsiniz. Deyirsiniz ki, Amerikada 700 min erməni yaşayır. Amerika Birləşmiş Ştatlarının 300 milyon əhalisi vardır. Fikir verin, 300 milyon əhalisi olan bir ölkədə 700 min erməni Amerika Birləşmiş Ştatlarının siyasətinə təsir edə bilir. Doğrudur, biz deyirik ki, ermənilərlə azərbaycanlıların münasibəti pisdir. Ermənistanla Azərbaycan arasında münaqişə var, müharibə gedir. Keçmişdə də erməni-azərbaycanlı qırğınları olubdur. Ola bilər, ermənilər kiminsə xoşuna gəlməsin, ancaq ermənilər öz millətləri üçün çox dəyərlidirlər. Biz bunu etiraf etməliyik, deməliyik. Bunu nə üçün deyirəm?

Amerika Birləşmiş Ştatlarında nə qədər azərbaycanlı yaşadığını bilmirəm. Hər halda mən bundan əvvəl iki dəfə Nyu-Yorka gəlmişdim, oraya azərbaycanlılar az miqdarda toplaşmışdılar. Mən Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlmişəm. Nyu-Yorkda, Vaşinqtonda, Hyustonda olmuşam, indi də buraya, Çikaqoya gəlmişəm. Burada da az miqdarda azərbaycanlı görürəm. Amerikada yaşayan azərbaycanlılar elə təkcə buraya toplaşanlardan ibarət deyildir. Ola bilər ki, hamı buraya gələ bilməyibdir. Siz deyirsiniz ki, cəmiyyət qurmusunuz. Bu cəmiyyətin nə qədər üzvü var? Amerikada yaşayan azərbaycanlılar Azərbaycan haqqında düşünürlərmi, yoxsa yox?

Amerikada yaşayan ermənilərin 99 faizi Dağlıq Qarabağın harada yerləşməsi barədə qətiyyən heç nə bilmir. Dağlıq Qarabağ dağlıq, kiçik bir yerdir. Bu bölgənin özündə yaşayan ermənilər bir balaca təhsil aldıqdan, orta məktəbi bitirdikdən sonra ayrı-ayrı şəhərlərə gedirlər, orada oxuyurlar və geri qayıtmırlar. Mən Sovet hökuməti vaxtında da Azərbaycana rəhbərlik edirdim və bunların hamısını bilirəm. Dağlıq Qarabağ ermənilərinin bir hissəsi Yerevanda qalır, amma əksəriyyəti Rusiyaya və başqa ölkələrə gedir. İndi Dağlıq Qarabağın özündə cəmisi 80 min erməni var. Ancaq harada erməni varsa, o, Dağlıq Qarabağ haqqında düşünür.

Dağlıq Qarabağla bağlı qaldırılmış bu məsələ tam qondarmadır. Onlar bunu qəsdən ifrat dərəcəyə gətirib çıxarıblar. Bu yaxınlarda mənə dedilər ki, Ermənistanda yaşayan ermənilər münaqişənin sülh yolu ilə qurtarmasını daha çox istəyirlər, nəinki Amerikadakı ermənilər. Amerikada yaşayan ermənilər deyirlər ki, gərək Dağlıq Qarabağ müstəqil olsun, Ermənistana bağlansın. Soruşan gərək - axı, sən Amerikada yaşayırsan, nə üçün belə deyirsən? Bax milli bağlılığı onu belə hissiyatlara gətirib çıxarıbdır.

Azərbaycanın ərazisinin 20 faizi işğal olunubdur. Bir milyondan çox vətəndaşımız yerindən-yurdundan didərgin düşübdür. Yeddi milyon yarım əhalisi olan ölkənin vətəndaşlarından bir milyonu qaçqındır, çadırlarda yaşayır. Bu, dəhşətli haldır. Dünya ərazisində bu qədər qaçqını, köçkünü olan ikinci bir ölkə yoxdur. Amma gəlin görək, xaricdə yaşayan azərbaycanlılar bu dərdlə yaşayırlarmı, yoxsa yox? Bağışlayın, mən sizinlə açıq danışıram.

Bilirsiniz, mən Azərbaycana vaxtilə 14 il rəhbərlik etmişəm. Sonra 5 il Sovetlər İttifaqına rəhbərlik edən adamlardan biri olmuşam, Azərbaycana yenə də öz qayğımı göstərmişəm. Bundan sonra mən 6 il əziyyətlər çəkmişəm, cürbəcür məhrumiyyətlərlə üzləşmişəm. Siz bunların hamısını yəqin ki, bilirsiniz. Ancaq mən harada oluramsa-olum, ürəyim həmişə Azərbaycanladır. Mən 5 il Moskvada, Kremldə oturmuşam, Sovetlər İttifaqının ən yüksək vəzifəli şəxslərindən biri olmuşam. Mən bütün Sovetlər ittifaqı üçün məsul idim. Amma mənim ürəyim Azərbaycanla idi. Həmin 5 il içərisində Azərbaycan üçün çox işlər gördüm. Mən özümü tərifləmək istəmirəm. Azərbaycan üçün bəla ondan başladı ki, 1987-ci ildə ermənilər, bizim azərbaycanlıların bəziləri ilə birlikdə yığışdılar, mənim Kremldə istefa verməyimə nail oldular.

Mən istefa verəndən cəmi 20 gün sonra Dağlıq Qarabağ məsələsi ortaya atıldı. Aqanbeqyan adlı bir erməni var. O, ömründə nə Ermənistanda, nə də Dağlıq Qarabağda yaşayıbdır, həmişə Moskvada yaşayıbdır, alimdir. Həmin Aqanbeqyan o vaxt gəlib Fransada bəyanat verdi ki, Dağlıq Qarabağ Ermənistana bağlanmalıdır və o, bu məsələni Qorbaçovla razılaşdırıbdır. Bundan iki ay sonra Dağlıq Qarabağda üsyan, münaqişə başlandı. Azərbaycanın da bəlaları o vaxtdan başlandı.

O vaxt ermənilərin bir məqsədi var idi ki, Heydər Əliyevi Kremldən kənarlaşdırsınlar. Çünki bilirlər ki, mən Moskvada oturmuşam və belə bir məsələnin qaldırılmasına yol verməyəcəyəm. Məni Kremldən kənarlaşdırdılar. Amma təkcə onlar yox, bizim bəzi bədxah azərbaycanlılar da bu işə kömək etdilər. Onlar birləşdilər, məni Kremldən kənarlaşdırdılar. Bundan sonra Azərbaycan nə günlərə düşdü.

Mən Azərbaycana 14 il rəhbərlik edərkən respublikamızı hansı səviyyələrə qaldırmışdım. Biz Sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişdirə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər sən bu rejimi dəyişdirə bilməzsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı. Amma bayaq dediyim kimi, 1988-ci ildən Azərbaycanın tənəzzülü başladı. Azərbaycanın başına bu bəlalar gəldi. Respublikamızın ərazilərinin bir qismi işğal olundu. Ölkədə bir rəhbər o birisini yıxdı, o birisi onu yıxdı. Azərbaycan bu günlərə qaldı.

1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı. Bu gün bundan əvvəlki görüşümdə mən prezident Linkoln haqqında danışırdım. Bəli, prezident Linkoln olmasaydı, o vaxt Amerika Birləşmiş Ştatları bəlkə də parçalanmışdı. Şimal və cənub müharibə aparırdı və ölkə parçalanırdı. Linkoln Amerika Birləşmiş Ştatlarını birləşdirdi. Azərbaycan da parçalanırdı. 1993-cü ildə Azərbaycan artıq parçalanmışdı, ölkədə vətəndaş müharibəsi başlanmışdı, qardaş-qardaşa güllə atırdı. Ermənistan silahlı qüvvələri gəlib bizim torpaqlarımızı işğal edirdi, Azərbaycanda isə adamlar bir-birinə atəş açırdı, bir-birini öldürürdü. Nə üçün? O istəyirdi hakimiyyətdə olsun, bu istəyirdi hakimiyyətdə olsun. Bizim bəlamız da, dərdimiz də budur.

Allaha şükürlər olsun ki, biz indi Azərbaycanda sabitlik yaratmışıq. Amma bu sabitlik nəyin bahasına yaranıbdır? Siz yəqin qəzetləri oxuyursunuz, bilirsiniz ki, biz o vaxt Azərbaycanda vətəndaş müharibəsinin qarşısını çətinliklə aldıq. Ancaq Ermənistan silahlı qüvvələri ölkəmizdəki bu vəziyyətdən istifadə etdilər, gəlib bir neçə rayonumuzu da işğal etdilər. Əlbəttə, işğal edəcəkdilər, çünki respublikanın daxilində adamlar bir-biri ilə vuruşurdular - o deyirdi mən olacağam, bu deyirdi – mən olacağam. Olan silahdan, sursatdan bir-birinə qarşı istifadə edirdilər. Ermənilərə atəş açılmırdı. Ona görə də Ermənistan silahlı qüvvələri gəlib torpaqlarımızın bir hissəsini işğal etdilər.

Biz üç ildən çoxdur ki, müharibədə atəşi dayandırmışıq. Ölkənin daxilində olan cürbəcür silahlı dəstələri ləğv etdik, sabitlik, rahatlıq yaratdıq. Mən bayaqkı görüşümdə də bunları danışdım. İndi Azərbaycanda iqtisadiyyat tamam sərbəst inkişaf edir. Ölkədə inflyasiya 1994-cü ildə 1600 faiz, 1995-ci ildə 84 faiz, 1996-cı ildə 6 faiz idi. 1997-ci ilin birinci yarısında isə inflyasiya sıfır faizdir. Təsəvvür edin, bu nəticələr torpaqlarımızın 20 faizinin işğal altında qaldığı, bir milyondan çox vətəndaşımızın qaçqın vəziyyətdə yaşadığı, onların çoxunun işsiz olduğu bir vaxtda əldə edilibdir.

Azərbaycanda milli valyuta möhkəmlənibdir. Son vaxtlar manatın dəyəri dollara nisbətən 15 faiz artıb. Xarici ticarətin həcmi 40 faiz artıb. Keçən il ölkə iqtisadiyyatında tənəzzül dayandı. İndi iqtisadiyyatda sürətli inkişaf gedir. Sənaye, kənd təsərrüfatı məhsulları istehsalı, ümumi daxili məhsul istehsalı artır. Biz özəlləşdirmə aparırıq, iqtisadiyyatı dəyişdiririk, torpaqları şəxsi mülkiyyətə, xalqa veririk. Bu barədə qanun qəbul etmişik.

Bilirsiniz ki, respublikamızda torpaqlar, mal-qara vaxtilə ümumiləşdirilmişdi. İndi bunların hamısı şəxsi adamlara verilibdir. Bunun da çox yaxşı nəticələri vardır. İndi Azərbaycanda ətin, südün, yağın haradan gəlməsi problemi yoxdur. Çünki bunların hamısı özəl sektordadır. Amma Sovet İttifaqı vaxtında biz bu çətinlikləri görürdük. Çünki bunların hamısını dövlət etməli idi. Dövlət isə bunları çatdıra bilmirdi. İndi torpağı da paylayırıq. Şübhəsiz ki, bu proses bir-iki ilə başa çatacaq. Torpağın bir il bundan əvvəl paylandığı yerlərdə gözəl nəticələr əldə edilibdir.

Azərbaycanda iqtisadi islahatlar aparılır, demokratiya bərqərar olubdur. Ölkədə demokratik, dünyəvi cəmiyyət yaradırıq. Biz islam dininə mənsubuq. Amma dinin ölkəmizdə hakim olmasına yol verə bilmərik. Bizim ölkəmiz açıq, mədəni ölkədir. Azərbaycanın qapıları Qərbə də, Şərqə də açıqdır, - kim istəyir gəlsin. Amma bizim dərdimiz, çətinliyimiz nədədir? Bax, bu həqiqəti sübut etdirə bilmirik.

Bilirsiniz ki, ABŞ Konqresi 5 il bundan əvvəl Azərbaycana qarşı 907-ci düzəliş qəbul edibdir. Mən dörd ildir Azərbaycanın prezidentiyəm, dörd ildir çalışıram ki, bu maddə ləğv edilsin. Bəziləri mənə deyirdilər ki, bu mümkün deyil. Mən Amerikaya bu rəsmi səfərim zamanı, Nyu-Yorkdan başlayaraq Çikaqoya qədərki bütün görüşlərimdə hiss etdim ki, bu sahədə böyük dəyişikliklər yaranıbdır. Məsələn, Amerikanın şirkət rəhbəri ilə görüşümdə heç mən özüm söhbət açmasam da o, mənə deyir ki, biz 907-ci düzəlişin ləğv olunmasına çalışırıq. Bu böyük dəyişiklikdir. Biz 907-ci düzəlişin ləğv olunması üçün çox işlər görürük.

Mən bu gün Amerikanın bir çox nüfuzlu şirkətlərinin rəhbərləri ilə görüşdüm. Onların bir çoxu ilə indiyədək görüşməmişdim. Amma bu görüşlərdə onların hər biri mənə dedi ki, 907-ci düzəlişin aradan qaldırılmasına biz də xüsusi səylər göstəririk. Bəli, prezident Bill Klinton da Konqresdə Nümayəndələr Palatasının sədri cənab Qinqriç də, Xarici Əlaqələr Komitəsinin sədri cənab Gilman da mənə söz verdilər ki, 907-ci düzəlişin ləğv edilməsinə nail olacaqlar. Hamı mənə söz verdi ki, 907-ci düzəliş bu ilin sentyabr ayında ləğv olunacaqdır.

Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin bir qismini işğal ediblər, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan qaçqın düşüb, amma ermənilər burada məsələni tərsinə çeviriblər: guya Azərbaycan Ermənistanı blokadaya alıbdır. Ona görə də Konqres respublikamıza qarşı belə bir maddəni qəbul edibdir.

Görürsünüz, vəziyyət necə olub? Görək Amerikada yaşayan bir azərbaycanlı səsini qaldırıbmı? 907-ci düzəlişi Konqresdə kim keçiribdir? Ermənilər keçiriblər. Konqresmenlərin çoxu mənə deyir ki, biz o vaxt bu 907-ci düzəlişin nə olduğunu heç bilmirdik. Söyləyirlər ki, o vaxt gecə iclas qurtarha-qurtarda bu layihəni gətirdilər, biz də səs verdik, iclas qurtardı, çıxıb getdik. Bəli, bu maddəni Konqresdə ermənilər keçiriblər.

Yəqin siz bilirsiniz ki, prezident Bill Klinton məni Amerikaya rəsmi səfərə dəvət edəndən sonra ermənilər burada hay-küy saldılar. Birinci olaraq cənab Klintona məktub yazdılar ki, Heydər Əliyevin Amerikaya səfərini ləğv edin. Bill Klintona 15-ə yaxın erməni təşkilatı məktub yazmışdı.

Bununla da kifayətlənmədilər, mənim haqqımda təbliğat kağızları yaydılar, tərcümeyi-halım, şəxsiyyətim haqqında cürbəcür böhtanlar, məni təhqir edən sözlər yazdılar. Mənim şəklim olan 50 mindən çox poçt kartı hazırlamışdılar, Klintona göndərsinlər ki, Heydər Əliyev Amerikaya gəlməməlidir.

ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının keçən ilin dekabr ayında Lissabonda keçirilən Zirvə görüşündə biz böyük bir qələbə əldə etdik. Ermənistan-Azərbaycan münaqişəsi baş verəndən bəri ilk dəfə nail olduq ki, ATƏT-in Zirvə görüşündə bu münaqişənin aradan qaldırılması üçün əsas prinsiplər qəbul edildi, və Zirvə görüşünə toplaşmış 54 ölkənin dövlət və hökumət başçısından 53-ü həmin prinsiplərə səs verdi. Təkcə Ermənistan həmin prinsiplərə etiraz etdi.

İndi nə oldu? Biz Lissabonda o cür nailiyyət əldə etmişik. Amma Azərbaycandakı müxalifət qüvvələri, qəzetləri yaydılar ki, guya biz Lissabonda məğlub olduq və s. Lissabondan Bakıya qayıdanda gördüm ki, camaat narahatdır. Dedim ki, narahat olmayın.

Mən böyük işlər görürəm. Müxalifətdə olan qüvvələr də başa düşürdülər ki, biz Lissabonda böyük nailiyyət əldə etmişik. Mən o vaxt da dedim, - Lissabonda qəbul edilən prinsiplər kiminsə məğlub olması, kiminsə qalib gəlməsi deyil, yox. Biz Lissabon Zirvə görüşündə öz dövlətimizin mövqeyini müdafiə etmək üçün çox əhəmiyyətli bir sənəd əldə etdik. Ermənistanda isə Lissabonda qəbul edilmiş bəyanata görə yas saxladılar. Hamıya məlum oldu ki, Ermənistan Lissabonda qəbul olunmuş sənədə indiyədək etiraz edir. Əgər bu, Azərbaycanın məğlubiyyətidirsə, zərərinədirsə, onda Ermənistan bu prinsipləri niyə dəstəkləmir? Yenə də deyirəm, ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bunu dəstəklədi. Bundan savayı, prezident Bill Klintonla mənim imzaladığım sənəddə yazılıb ki, Amerika Birləşmiş Ştatları Lissabonda qəbul olunmuş üç prinsipi dəstəkləyir. Lissabonda Amerikanın vitse-prezidenti bu prinsiplərə səs veribdir. Mən onunla orada görüşüb danışmışam. Amerikanın prezidenti Ağ evdə imzaladığımız sənəddə yazır ki, ABŞ bu prinsipləri dəstəkləyir.

Bir daha qeyd edirəm, görün ermənilər nə qədər narahat oldular ki, Lissabon Zirvə görüşündə qəbul edilmiş bəyanatdan sonra - siz bunu bilirsiniz - 15 erməni təşkilatı Bill Klintona etiraz məktubu yazdı ki, nə üçün Siz Lissabonda bu qərarı dəstəkləmisiniz? Demək, Ermənistanda bu prinsiplərin əleyhinə çıxdılar. Amerikada yaşayan ermənilər Bill Klintonu ittiham etdilər, ona irad tutdular və tələb etdilər ki, o, bu prinsipləri ləğv etdirsin. Amma Azərbaycanın içində olan, özlərini müxalifət adlandıran qüvvələr hay-küy saldılar ki, "biz burada uduzmuşuq, Ermənistan tərəfi udub". Belə dərdimiz də vardır. Amma bunlar heç, ölkəmizin daxilində olan işlərdir, böyük şey deyil. Biz bunların öhdəsindən gəlirik. Yəni xalq hər şeyi görür, adamlar ağı qaradan seçirlər. İndi əvvəlki vaxt deyil.

Mən onu demək istəyirəm ki, görün ermənilər burada Ermənistan üçün necə vuruşurlar. Amma gəlin görək, buradakı azərbaycanlılar Azərbaycan üçün vuruşurlarmı, onlar bir yerə yığışırlarmı, bu işə səylərini qoyurlarmı.

Gərək ki, bizim bu görüşümüzdə kimsə dedi ki, Amerikada yaşayan azərbaycanlılar, türklər 150 milyard dollar sərvətə sahibdirlər. Bəs bu pul hara sərf olunur? Hamısı elə qarınamı sərf edilir, hamısı bu adamların daha da zənginləşməsinəmi sərf olunur? Gərək onlar bunun heç olmasa bir hissəsini özlərinin Vətəni olan Azərbaycana ayırsınlar.

Bilirsiniz, harada yaşayırsansa-yaşa, Vətəndən, ana torpaqdan şirin heç nə yoxdur. Mən on il Moskvada yaşadım, özü də ən yüksək vəzifədə işlədim. Azərbaycan xalqının, müsəlman aləminin tarixində nə keçmiş rus imperiyası dövründə, nə də Sovet İttifaqının hakimiyyəti zamanı o cür zirvəyə çatan azərbaycanlı, müsəlman olmamışdır. Bu da tarixdir. Bəziləri deyirlər ki, Heydər Əliyev Siyasi Büronun üzvü olubdur və sairə. Bəli, olmuşam. Mən bununla fəxr edirəm. Çünki Azərbaycan xalqını tanıtmışam, Azərbaycan xalqını Kremlin sarayına qaldırmışam. Bununla fəxr edirəm. Mən orada on il yaşadım, ancaq mənim ürəyim də, gecəm də, gündüzüm də Azərbaycanla oldu. Çünki Azərbaycan mənim doğma Vətənim, torpağımdır. Ola bilərdi ki, bəlkə də başqa yerdə rahat yaşayardım. Amma Bakıya gəldim. Mənim vaxtilə yetişdirdiyim, tərbiyə etdiyim, vəzifəyə gətirdiyim adamlar Bakıda yaşamağıma mənə imkan vermədilər. Naxçıvana getdim. Əgər orada da yaşamağa qoymasaydılar, çıxıb bir dağda yaşayacaqdım, amma Azərbaycan torpağında yaşayacaqdım.

Mən 1993-cü ildə yenidən Bakıya gələndə də dedim, - ancaq ona görə gəlmişəm ki, xalqıma xidmət etmək istəyirəm. Mən bu xidməti etdim, indi də edirəm. Bu sözü ona görə deyirəm ki, bəs kənarda yaşayan bir azərbaycanlı Azərbaycan üçün nə edir?

Bunu görüşdə birinci çıxış edən dostumuz dedi ki, biz Azərbaycan üçün nə etməliyik, Azərbaycan bizə nə etməlidir. Mən Vaşinqtonda gedib Kennedinin qəbrini ziyarət etdim. Orada gözəl sözlər yazılıbdır. Con Kennedi prezident andı içərkən amerikalılara müraciətlə deyibdir: "Siz düşünməyin ki, Amerika sizə nə etməlidir. Düşünün ki, siz Amerikaya nə etməlisiniz." Bunlar çox müdrik sözlərdir. Bu sözlər elə bizim ölkəmizə də aiddir. Mən də Kennedinin bu sözləri ilə sizə deyirəm: Siz düşünməyin ki, Azərbaycan sizə nə etməlidir. Düşünün ki, Siz Azərbaycana nə etməlisiniz. Çünki hər bir insan - əgər onun əli, qolu, gözü, başı üstündədirsə - harada olur-olsun yaşaya bilər. Bir az pis, bir az yaxşı yaşayar. Mən həyatın hər bir üzünü görmüşəm. Lap pis də, ağır da, lap yüksək şəraitdə də yaşamışam. Mən heç vaxt zəngin, sərvət sahibi olmamışam. Çünki Sovet İttifaqında bu yox idi. Ancaq tutduğum vəzifəyə görə çox yüksək şəraitdə yaşamışam. Moskvada, Kremldə oturmuşam və böyük bir villada yaşamışam. Amma sonra oradan aşağıya düşmüşəm, gedib Naxçıvanda bir komada yaşamışam. Nə olsun? İnsan yaşayır. Mən də yaşadım.

Demək istəyirəm ki, insan harada olsa yaşayacaqdır. Şərt o deyildir. Şərt odur ki, insan milləti, Vətəni, torpağı üçün nə edir. Şərt budur. Mən həmişə belə yaşamışam. İndiyə qədər xalqım üçün əlimdən nə gəlib etmişəm, bundan sonra da edəcəyəm. Sizi də dəvət edirəm ki, bunu edəsiniz.

Bilirsiniz, xaricdə yaşayan azərbaycanlıların bəziləri bəlkə də bugünkü müstəqil Azərbaycanda doğulmayıblar. Nə olsun ki, Azərbaycanda doğulmayıblar? Amerikada yaşayan ermənilər Ermənistanda doğulublar? Onlar Dağlıq Qarabağda doğulublar? Onların heç biri Ermənistanda doğulmayıb, Dağlıq Qarabağda doğulmayıbdır. Amma ermənidirlər. Ona görə də Ermənistan haqqında düşünürlər. Ancaq Amerikada yaşayan azərbaycanlıların biri deyir, mən İranda doğulmuşam, o biri deyir, Turanda doğulmuşam. Biri deyir orada, o biri deyir burada doğulmuşam. Başqa biri deyir ki, əşi, mənə nə var, arvadım ingilisdir. Moskvada yaşayan başqa birisi deyir ki, mənim arvadım rusdur, ona görə də azərbaycanlılığımı bir az itirmişəm. Belələri də var. Harada doğulmusan, fərqi yoxdur. Əgər sən azərbaycanlısansa, özünü azərbaycanlı hesab edirsənsə, demək, bilməlisən ki, harada doğulmağından, harada yaşamağından asılı olmayaraq, dünyada azərbaycanlıların indi bir müstəqil dövləti vardır. İkincisi yoxdur. Var? Varsa, deyin. Yoxdur.

Hər bir azərbaycanlı fəxr etməlidir ki, nəhayət Azərbaycan xalqının dünya birliyinə daxil olan dövləti vardır. Bu, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Təsəvvür edin, Azərbaycan prezidenti Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə gəlib, müstəqil Azərbaycan dövlətinin bayrağı hər yerdə dalğalanır. Mən Vaşinqtonda "Bleyer Haus"da yaşadığım dörd gün ərzində Azərbaycanın bayrağı onun üstündə durmuşdu. Hara gedirəm, orada Azərbaycanın bayrağını görürəm. Ağ evə gəlmişəm, Azərbaycanın və Amerika dövlətlərinin bayraqlarının qarşısında ABŞ prezidenti ilə yan-yana oturmuşuq. Avtomobilimin üstündə Azərbaycanın bayrağı vardır. Mənim bu rəsmi səfərim müddətində burada Azərbaycanın dövlət himni dəfələrlə səslənibdir. Bunlar hamısı nə qədər böyük tarixi hadisələrdir!

Nə vaxt belə olub? Bu, Şah İsmayıl vaxtında da olmayıbdır. Baxmayaraq ki, Şah İsmayıl o vaxt Azərbaycanın padşahı idi.

Azərbaycan indi müstəqil dövlətdir, Birləşmiş Millətlər Təşkilatının üzvü olan 181 dövlətdən biridir. Biridir, ancaq çox dəyərli bir dövlətdir. İndi bütün dünya etiraf edir ki, Azərbaycan həm coğrafi-siyasi vəziyyətinə, həm təbii sərvətlərinə və bütün başqa amillərə görə dünyanın bir çox dairələrinin diqqətini cəlb edən bir ölkədir.

Azərbaycan müstəqil bir dövlətdir, ona görə də gərək hər bir azərbaycanlı nə mümkündür, onu etsin. Sizin vəzifəniz bu olmalıdır. Əlbəttə ki, Azərbaycan sizin dayağınızdır. Azərbaycan prezidenti kimi mən dünyada yaşayan hər bir azərbaycanlının dərdinə şərik olmağa hazıram. Mən də dövlətimizin köməyinə ehtiyac duyan hər bir azərbaycanlının dərdinə şərik olmağa hazıram. Mənim və dövlətimizin köməyinə ehtiyac duyan hər bir azərbaycanlıya kömək etməyə hazıram. Çünki o, azərbaycanlıdır.

Azərbaycan Respublikasının prezidenti kimi mənim üçün hər bir azərbaycanlı - harada yaşamasından, doğulmasından asılı olmayaraq - əzizdir. Mənim məsləhətim ondan ibarətdir ki, siz Azərbaycanla daha sıx əlaqə saxlayasınız. İmkanınız olanda Azərbaycana gəlin.

Bir az bundan əvvəl mən "AMOKO" şirkətinin prezidenti ilə görüşdüm. Bu günlər mən "Motorola", "Katerpillar", "FMS" və digər şirkətlərin rəhbərləri ilə də görüşmüşəm. Kim bir il bundan qabaq Azərbaycanda olubsa və bu il yenə də respublikamıza gedibsə deyir ki, sizin ölkənizdə nə qədər böyük dəyişikliklər baş veribdir. Axı, biz Azərbaycanı tikib yaratmışıq.

Həqiqəti demək lazımdır ki, 1920-ci ildən sonra - indi Sovet hökumətinə pis də demək, onu tənqid etmək də olar, amma o dövrdə Azərbaycan sürətlə inkişaf edibdir. Bu, həqiqətdir, bunu danmaq olmaz. Biz həmin o illərdə Azərbaycanda böyuk iqtisadi-potensial yaratmışıq. O cümlədən 1970-1980-ci illərdə, mən Azərbaycana rəhbərlik etdiyim dövrdə respublikamızda çox böyük iqtisadi potensial yaratmışıq. Fabriklər, zavodlar, elektrik stansiyaları tikmişik. Biz indi, məsələn, elektrik enerjisi sahəsində də tamamilə müstəqilik, azadıq. Amma keçmiş Sovetlər İttifaqına mənsub olmuş ölkələrin əksəriyyəti belə deyildir. Ukrayna kimi böyük bir dövlət elektrik enerjisi böhranı içərisindədir. Çünki vaxtilə onun özünün elektrik stansiyaları olmayıbdır. Rusiyaya bağlı olubdur. İndi Rusiya elektrik enerjisini kəsibdir. Deyir, pul verirsən - verirəm, pul vermirsən - vermirəm. Amma mən vaxtilə Azərbaycanda 9 elektrik stansiyası tikdirdim ki, biz Sovetlər İttifaqının ümumi şəbəkəsindən asılı olmayaq. Ona görə də biz sərbəstik. Doğrudur, həmin stansiyaların bəziləri köhnəlib, onları təmir etmək, modernləşdirmək lazımdır. Biz bunu edəcəyik. Amma bunun kökü, əsası var.

Biz o vaxt Azərbaycanda böyük iqtisadi potensial yaratmışıq. Bunlar hamısı yaranıb. 1988-1989-cu illərdən isə Azərbaycanda dağılma prosesi gedib. Ölkəyə rəhbərliyə gələnlərin hər biri dağıdıb. İndi biz son illər yenə də yaradırıq. Respublikamıza gələnlər də bunların hamısını görürlər. Bu inkişafın səbəbi isə odur ki, biz adamlara sərbəstlik, azadlıq vermişik. İnsanlar özləri qururlar, yaradırlar, özlərinə binalar, yaşayış evləri tikirlər, mağazaları qaydaya salırlar, yaxşı ofislər inşa edirlər. Son iki-üç ildə Azərbaycanın, Bakının siması çox güclü surətdə dəyişir. Ona görə də Vətənə gəlin, bunlara baxın, görün, ziyarət edin.

Bilirsiniz, ermənilər harada yaşasalar da Ermənistana gedirlər. Ermənistanı ziyarət edirlər, sonra isə deyirlər ki, biz getdik, torpağımızı ziyarət etdik. Axı, sizin də Vətəniniz var. O, hamımızın Vətənidir. Bu, müstəqil Azərbaycan Respublikasıdır.

Bu əsrdə bizim ən böyük nailiyyətimiz nədir? Azərbaycanın öz dili var. Azərbaycan öz dilində yazır, oxuyur, danışır. Azərbaycanın dövlət dili, ana dili Azərbaycan dilidir. Azərbaycanın bütün universitetləri, məktəbləri, elmi Azərbayan dilindədir. Azərbaycanın zəngin mədəniyyəti var. Heç bir Şərq ölkəsinin bizim qədər böyük mədəniyyəti yoxdur. Üzeyir Hacıbəyovun, başqa bəstəkarlarımızın yazdığı əsərlərlə bərabər əsərlər müsəlman Şərqinin hansı ölkəsində var? Görün, nə qədər güclü ədəbiyyatımız, elmimiz vardır.

Akademiyanın prezidenti Fəraməz Maqsudov burada sizin aranızda əyləşib. Bu akademiya 50 il bundan əvvəl yaranıbdır. Amma XX əsrdə Azərbaycan elmi nə qədər inkişaf edibdir.

Mən Rusiyaya rəsmi səfərə getmişdim. Orada Elmlər Akademiyasına getdim. Həqiqəti demək lazımdır ki, o, Sovetlər İttifaqının Elmlər Akademiyası idi, Rusiyanın Elmlər Akademiyası 250 il bundan əvvəl yaranıbdır. O, çox güclü elm mərkəzidir. Mən getdim, oranı ziyarət etdim, Rusiyanın böyük alimləri qarşısında çıxış etdim. Amma elə bizim alimlərimiz də o alimlərlə bərabərdirlər. Bunlar hamısı bizim millətimizin nə qədər böyük inkişaf etdiyini göstərir. Ona görə də Azərbaycan təkcə coğrafi anlayış deyil. Azərbaycan müstəqil dövlətdir, özü də möhkəm, güclü dövlətdir. Mən bu gün bundan əvvəl keçirdiyim görüşdə dedim, bəlkə bəziləriniz eşitməmisiniz, - bilin ki, Azərbaycan dövlət müstəqilliyini əlindən heç vaxt verməyəcəkdir. Heç vaxt!

Geriyə yol yoxdur. Sovet Sosialist quruluşu Azərbaycanda bərpa oluna bilməz. Biz heç bir dövlətin himayəsi altına bir daha düşməyəcəyik. Bilin, bu, daha bəsdir!

Əsrlər boyu gah onun himayəsi altında olmağımız, gah bunun müstəmləkəsi olmağımız daha bəsdir!

Bundan sonra belə olmayacaqdır. Bunlar hamısı bizim həm gördüyümüz işlərdir, həm də qarşımıza qoyduğumuz məqsəddir. Amma bunu biz tək etməməliyik. Siz də buna qoşulmalısınız. Bunların hamısına nail olmaq üçün çox iş görməliyik. Bizim millətimizin bir mənfi xüsusiyyəti var: dedi-qodu, ədavət, bir-birinin ayağından çəkmək, bir-biri ilə münaqişə aparmaq, bir-birinə paxıllıq etmək və özü öz millətini ləkələmək.

Bilirsiniz, bizim bəzi adamlar var, gəlib burada, Amerikada otururlar, deyirlər ki, Azərbaycanda iqtisadi islahatlar getmir, demokratiya yoxdur, insan haqları pozulur, budur, odur… bunu ermənilər Azərbaycan haqqında onsuz da deyir də, bəs deyil?! Amma, indi görün, prezident Bill Klinton nə deyir. Biz Ağ evdə sənədləri imzalayarkən Bill Klintonun çıxışını siz eşitdiniz? Əgər eşitməmisinizsə, bizimkilər yazıblar, alın, götürün, baxın.

Biz Ağ evdə Amerika-Azərbaycan münasibətləri haqqında birgə bəyanat imzaladıq. Həmin bəyanatda göstərilir ki, Amerika Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyur, ona dəstək verir. Azərbaycan demokratiya yolu ilə gedir. Azərbaycanda iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan mütərəqqi yol tutubdur. Bunlar hamısı bizim imzaladığımız sənəddə öz əksini tapıbdır. Əgər bütün bu məsələlərə ən yüksək qiymət verən Amerika Birləşmiş Ştatlarıdırsa, onun prezidentidirsə, bu, Amerikanın və onun prezidentinin verdiyi qiymətdir. Amma bunun müqabilində bəziləri yenə də ermənilərin səsinə qoşulurlar. Bədxah adamların danışdıqları həmin sözləri ermənilər də deyirlər. Bu sözləri Azərbaycandan gəlmiş, burada oturan, yaxud da respublikamızın içində olan bəzi adamlar danışırlar.

Bilirsiniz, öz şəxsi məqsədlərinə nail olmaq üçün milləti ləkələmək, millətə böhtan atmaq lazım deyil. Milli mənafe hər şeydən üstün olmalıdır. Birinci milli mənafedir, sonra şəxsi mənafe. Yoxsa, sən kiməsə xoş gəlmək, kimdənsə acıq çıxmaq, kiməsə zərbə vurmaq üçün niyə millətini, ölkəni ləkələyirsən?

Biz böyük çətinliklə ayaq üstə durmuşuq. 1993-cü ildə vətəndaş müharibəsinin qarşısını aldıq. Biz 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"ni imzaladıq. Ertəsi gün - sentyabrın 21-də həbsxanadan bir qrup cinayətkarı qaçırdılar. Sentyabrın 29-da mən Nyu-Yorka gələndən sonra bizim iki nəfər dövlət xadimimizi - parlament sədrinin müavini Afiyəddin Cəlilov və polkovnik Şəmsi Rəhimovu terror yolu ilə öldürdülər. Elə bilirdilər ki, bizi bununla sarsıdacaqlar. Bunu bizim daxili qüvvələr etdilər. Onlar Azərbaycanda hakimiyyəti yenə də devirmək istəyirdilər. Amma onlar bizi sarsıda bilmədilər.

Bundan sonra, o vaxt baş nazir vəzifəsini aparan Surət Hüseynov və xüsusi təyinatlı polis dəstəsindən olan cinayətkarlar dövlət çevrilişinə cəhd etdilər. Siz bu barədə eşitmisiniz, bilirsiniz, onların əlində çoxlu silah var idi. Amma məndə silah yox idi. Mən televiziya vasitəsilə xalqa müraciət etdim. İki saatın içində Prezident sarayının qarşısında yarım milyon adam toplaşdı. Onlar gəlib məni həmin o cinayətkarlardan müdafiə etdilər. Silahla yox.

Cinayətkarlara bu da dərs olmadı. Altı aydan sonra, 1995-ci ilin mart ayında yenidən istədilər bizi silah gücü ilə devirsinlər. Bunu həmin o xüsusi təyinatlı polis dəstəsi - oraya cinayətkarlar yığışmışdı - etmişdi. Biz bunun da qarşısını aldıq. Ondan sonra öz məqsədlərinə nail olmaq üçün mənim təyyarəmi raketlə vurmaq, məndən savayı 89 adamı da öldürmək istədilər. Allah buna imkan vermədi. Mən o vaxt demişəm, bu gün də deyirəm. Mən bu məsuliyyəti üzərimə götürərkən dərk etmişəm ki, xalqımın, millətimin yolunda həlak ola bilərəm. Mən xalqımın, millətimin yolunda nə vaxt lazım olsa qurban getməyə hazıram.

Biz bu qədər çətin yollar keçib, Azərbaycanda nəhayət, ictimai-siyasi vəziyyəti, iqtisadiyyatı sabitləşdirmişik, demokratiya yolu ilə gedirik, bütün demokratik prinsipləri tətbiq edirik. Belə olan halda gəlib burada ayrı-ayrı yalan sözlər demək, danışmaq, yaxud qəzetlərə yazmaq, bunu bizim daxilimizdən etmək, bunlar hamısı xalqımıza qarşı xəyanətdir, başqa şey deyildir.

Yenə də deyirəm, əgər kiminlə ədavətin varsa, bundan xalqın mənafeyinə zərbə vurmaq üçün istifadə etmə. Kiminlə ədavətin varsa, ədavətini apar.

Mən sizinlə səmimi, açıq danışıram. Ürəyim istəyir ki, dünya azərbaycanlıları daha da birləşsinlər, daha da sıx olsunlar. Bu da çox lazımdır. Biz buna da nail olacağıq. Bəlkə bunun da qarşısında bəzi çətinliklər vardır.

Deyirsiniz ki, Kaliforniyada bir cəmiyyət yaratmaq istədiniz, konqres keçirdiniz. Siz əgər belə bir konqres, azərbaycanlıların konqresini keçirmək istəyirsinizsə, gərək Azərbaycan dövləti ilə əlaqəyə girəydiniz, Azərbaycan dövləti də sizə dəstək verəydi. Azərbaycan prezidenti, ola bilər, sizi təbrik edərdi, yanınıza nümayəndə göndərərdi. Amma axı siz bunu etmədiniz, əgər doğrudan da belə bir niyyətiniz olubsa, gərək bunu edəydiniz. Belə olmasın ki, bu o Azərbaycandandır, bu isə bu Azərbaycandandır. Fərqi yoxdur. Bizim aramızda bir Araz var. Rəhmətlik Şəhriyar da bu barədə nə deyib, yadınızdadır. Biz bu il Şəhriyarın 90 illik yubileyini keçirəcəyik, buna hazırlaşırıq. İndi nə olsun ki, vaxtilə aramızı kəsdilər. Aramızı Araz kəsmədi, bizi parçaladılar. Nə olsun? Nə fərqi var ki, biri o tayda, biri bu tayda doğulubdur? Hamısı azərbaycanlıdır.

Ona görə də gəlin daha da birləşək, bir olaq. Bir daha deyirəm, bütün azərbaycanlıların indi dünyada bir Vətəni var. O da müstəqil Azərbaycan Respublikasıdır. Bir dövləti var. Bu, müstəqil Azərbaycan Respublikasıdır, onun dövlətidir. Gəlin hamımız bu dövlətin, bu Vətənin ətrafında sıx birləşək. Kim harada yaşayır-yaşasın. Biz hamıya sərbəstlik veririk. İndi Azərbaycandan da kim istəyir, gedib harada yaşayır-yaşasın. Keçmiş vaxt deyil, biz heç kimin qarşısını almırıq. Amma harada yaşayırsansa-yaşa, öz vətənini həmişə qəlbində saxla. Con Kennedinin sözünə uyğun desək, hər gün fikirləş, sən Azərbaycan üçün nə etmisən? Bu barədə hər gün fikirləş. Sağ olun.
 
Təşəkkür edirəm.