Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Azərbaycan Respublikasında insan inkişafına dair hesabat" kitabının təqdimat mərasimində çıxışı - Sumqayıt, Kimyaçıların Mədəniyyət Sarayı, 2 iyun 1996-cı il


Hörmətli sumqayıtlılar!

Hörmətli bacılar və qardaşlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar, Azərbaycan Respublikasının hörmətli qonağı cənab Ceyms Spet!

Bu gün Sumqayıt şəhərində Azərbaycan Respublikasının həyatında çox böyük əhəmiyyət kəsb edən bu tədbirin, mərasimin keçirilməsini mən əlamətdar hadisə hesab edirəm. Bu salona toplaşanların hamısını, bütün sumqayıtlıları bu münasibətlə təbrik edirəm.

Bu mərasim Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanda insan inkişafına dair hazırlanmış proqramın, kitabın təqdim edilməsinə, eyni zamanda Sumqayıtın sənayesinin, bütün iqtisadiyyatının inkişafı ilə əlaqədar bu şəhərin azad iqtisadi zonaya çevrilməsi barədə görülən işlərin təhlilinə həsr olunmuşdur. Bunlar həm Sumqayıt, həm də bütün Azərbaycan Respublikası, dövləti üçün çox əhəmiyyətli tədbirlərdir. Bu münasibətlə BMT-nin nümayəndə heyəti respublikamıza qonaq gəlibdir. Mən bu nümayəndə heyətini ürəkdən salamlayıram. Nümayəndə heyətinin başçısı cənab Ceyms Spetə xüsusi salamlarımı və hörmətimi bildirirəm.

Gənab Ceyms Spet bu mərasimin iştirakçılarına, Azərbaycan xalqına BMT-nin baş katibi, hörmətli dostumuz Butros Butros-Qalinin salamlarını və təbrikini çatdırdı. Mən hörmətli Butros Butros-Qaliyə bu münasibətlə öz təşəkkürümü yetirirəm və bu mərasimin iştirakçıları, Azərbaycan xalqı adından, öz adımdan ona hörmət və ehtiramımı bildirirəm.

Bugünkü mərasimimiz Azərbaycan hökumətinin və BMT-nin birgə həyata keçirdiyi tədbirdir. Bu, çox əlamətdar bir hadisədir. Bu, Azərbaycan Respublikasına, onun həyatının çox mühüm sahələrinə BMT-nin göstərdiyi diqqətin və qayğının parlaq təzahürüdür. BMT İnkişaf Proqramı nümayəndəliyinin son illər Azərbaycanla əməkdaşlığından mən çox məmnun olduğumu bildirmək istəyirəm. Bu əməkdaşlığa görə onlara təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, əməkdaşlığımız bundan sonra daha da uğurla irəliləyəcəkdir.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycanın həyatının bütün sahələrinə göstərdiyi diqqət və qayğı, xüsusən Sumqayıt şəhərinə diqqəti, qayğısı təsadüfi deyil. Çünki Sumqayıt Azərbaycanda xüsusi yer tutur. Onun həm əhalisi, həm sənaye potensialı, həm də ictimai-siyasi, iqtisadi vəziyyəti doğrudan da çox diqqət, qayğı tələb edir. Buna görə də BMT öz səylərini birinci növbədə Sumqayıt şəhərinə ünvanlandırıbdır. Mən bunu bəyənirəm və tamamilə təbii hesab edirəm.

Sumqayıt gənc şəhərdir. Onun cəmisi 46 yaşı var. 46 il bundan əvvəl Sumqayıtda - Abşeron yarımadasının səhralıq bir hissəsində Azərbaycanın neft sənayesi üçü çox lazım olan boru-prokat zavodunun tikintisi başlanıbdır. О vaxt bu zavodu yaradan inşaatçılar üçün burada taxtadan bir neçə ev qurulub. Sumqayıt şəhərinin yaşı о günlərdən, aylardan başlayıbdır. 46 il müddətində Sumqayıt demək olar ki, çox şərəfli, gözəl bir tarixi yol keçibdir. İndi Sumqayıt Azərbaycanın həm gözəl, həm də böyük iqtisadi, sənaye potensialına malik olan bir şəhəridir, həm də gözəl insanlar şəhəridir.

Yadımdadır, vaxtilə biz sizinlə bərabər Sumqayıt şəhərinin 30 illik yubileyini qeyd etmişdik. Sizin qoruyub saxladığınız fotolara bu gün baxanda nədənsə о yubiley mərasiminə aid bir foto görmədim. Bəlkə də orada var idi. Yadımdadır, о vaxt biz təntənəli mərasim keçirdik, Sumqayıtın 30 illik yubileyini qeyd etdik. Sumqayıt şəhərinin 45 illik yubileyini də keçirmək nəzərdə tutulmuşdu. Mən о yubileydə iştirak etmək istəyirdim. Ancaq təəssüflər olsun ki, о vaxt respublikanın həyatındakı bəzi mühüm məsələlər mənə bu imkanı vermədi. Bu gün mən sizinlə bir yerdəyəm və ümidvaram ki, gələcək illəri biz sizinlə bərabər yaşayacağıq və Sumqayıtı daha da inkişaf etdirəcəyik, bu şəhərin yarıməsrlik yubileyini birlikdə qeyd edəcəyik.

Mən bu gün bu fürsətdən istifadə edib Sumqayıt şəhərinin əsasını qoyanlara, onu qurub-yaradanlara, inkişaf etdirənlərə, bu günlərə gətirib çıxaranlara öz hörmət, ehtiramımı və Azərbaycan dövləti adından təşəkkürümü bildirirəm. Sumqayıtın əsası qoyulan gündən bu şəhərdə yaşayıb çalışan insanlar bu gün bu salona toplaşıblar, bu salonda əyləşiblər. Azərbaycanın dəyərli insanları, Sumqayıtı qurub-yaratmaq üçün buraya gəlmiş və 46 il müddətində bu şəhərdə yaşamış, heç bir yerə getməmiş, buraya bağlı olan dəyərli adamlar bu gün bu salona toplaşıblar.

Əziz dostlarım, sumqayıtlılar, Azərbaycanın dəyərli vətəndaşları, mən sizə xüsusi hörmət və ehtiramımı bildirirəm. Sumqayıtda yaranmış nəhəng sənaye, istehsal müəssisələri nəinki bu şəhərin iqtisadiyyatının inkişafında, bütün Azərbaycanın iqtisadiyyatının yüksəlişində və xalqımızın rifah halının yaxşılaşmasında, respublikamızın inkişafında böyük rol oynamışlar. Biz bunu heç vaxt unuda bilmərik. Həmin bu nəhəng sənaye müəssisələri Azərbaycanın sənaye, iqtisadi potensialının özəyini təşkil edib. Bu, Sumqayıtın ən əsas xüsusiyyətlərindən biridir.

Sumqayıtda yaranmış sənaye - qara metallurgiya, əlvan metallurgiya, kimya, toxuculuq, yüngül sənaye müəssisələri, sənayenin başqa sahələrinə aid olan istehsal müəssisələri, burada yaranmış inşaat kompleksi - bunlar hamısı birlikdə Azərbaycan iqtisadiyyatının inkişafında çox əhəmiyyətli rol oynamışdır. Biz bunu heç vaxt unuda bilmərik. Sumqayıtın sakinləri də məhz bu nəhəng sənaye müəssisələrinin yaranmasında, inşa edilməsində, işlədilməsində öz fəaliyyətlərini göstərmək üçün respublikamızın bütün regionlarından, guşələrindən buraya toplaşmış vətəndaşlarımızdır. Sumqayıtın sakinləri bilavasitə bu şəhərdə doğulmuş, ərsəyə gəlmiş, təhsil almış və bu gün bu şəhərin böyük hissəsini təşkil edən sumqayıtlılardır. Bir daha qeyd etmək istəyirəm, onlar Sumqayıt şəhərində böyük sənaye müəssisələrinin yaradılması ilə əlaqədar buraya toplaşmışlar. Sumqayıt da məhz bu müəssisələrin yaranması ilə qurulmuş bir şəhərdir.

Bu sənaye müəssisələrini qurarkən, tikərkən, işlədərkən şübhəsiz ki, müəyyən səhvlərə də yol verilibdir. Bu da təbiidir. Sumqayıtda böyük kimya kompleksi qurarkən biz bunu Azərbaycanda kimya sənayesi yaratmaq üçün etmişik. Şübhəsiz ki, orada görülən işlər yüksək qiymətə layiqdir. Burada bütün sənaye müəssisələrinin və nəhəng sənaye potensialının yaranması Azərbaycan Respublikasının tarixində böyük bir səhifədir. Bunlar hamısı yüksək qiymətə layiqdir. Bu gün mən keçmişə bir daha nəzər salaraq tam qətiyyətlə deyirəm ki, Sumqayıtda görülən işlərin hamısı Azərbaycan xalqının rifahı, müstəqil respublikamızın iqtisadi potensialının yaranması naminə görülmüş işlərdir. Bu işlərin hamısı Azərbaycan xalqının xeyrinə görülmüşdür.

Sumqayıtın yaranması, inkişaf etməsi dövründə görülən işlərin ən mühümü ondan ibarətdir ki, insanların burada yaşaması üçün yaraşıqlı, müasir tələblərə uyğun yaşayış binaları yaradılıb, tikilibdir. Burada mədəniyyət ocaqları, məktəblər, elmi tədqiqat institutlarının binaları tikilib, bu müəssisələrin işləməsi üçün gözəl şərait yaradılıb. Ticarət müəssisələri, xəstəxanalar, insanlara bütün sahələr üzrə lazım olan binalar, müəssisələr tikilib. Bunlar hamısı Sumqayıtı gözəl bir şəhər kimi formalaşdırıbdır. Bunlar hamısı 46 il ərzində həm sumqayıtlıların, həm də Azərbaycan hökumətinin, dövlətinin gördüyü işlərin nəticəsidir. Mən bu gün bunları böyük hörmət hissi ilə qeyd edirəm.

Bu gün toplaşdığımız bu gözəl sarayı da sumqayıtlılar yaradıblar. Bu, sumqayıtlılar üçün yaradılıb. Eyni zamanda bu, respublikamızın ən gözəl saraylarından biridir. Mən tam qətiyyətlə deyə bilərəm ki, dünyanın Sumqayıtdan da böyük şəhərlərində belə gözəl, yaraşıqlı, çox münasib saraya rast gəlmək bəlkə də mümkün deyil. Bu, sumqayıtlıların əməyinin nəticəsidir, eyni zamanda Sumqayıtın sakinlərinə göstərilən qayğının nəticəsidir. Bu sarayın tikilməsi, yaradılması üçün mən nə qədər zəhmət çəkmişəm, iş görmüşəm, bu sarayda bu gün çıxış edərkən, sizinlə görüşərkən düşünürəm ki, nə qədər gözəl işlər görmüşük, bu gün üçün də, gələcək nəsillər üçün də belə saray yaratmışıq.

Bu gün Sumqayıta gələrkən məni çox şey sevindirdi. Məni çox sevindirən cəhətlərdən biri də Sumqayıtdakı bu yaşıllıqlar, gözəl-gözəl ağaclar, güllər, çiçəklərdir. Sumqayıt indi bir yaşıl şəhər, demək olar ki, parklar şəhəridir. Mən sizi yenə də tarixə nəzər salmağa dəvət edirəm. 46 il bundan əvvəl Sumqayıtın ilk bünövrə daşları, kərpicləri qoyulanda burada bir dənə də ağac yox idi. Bura Abşeron yarımadasının bir səhra hissəsi idi. Keçmişdə burada olmuş adamlar bunu xatırlayırlar. Bura Xəzərin sahilində qumlu, səhra, külək çox olan bir yer idi. İndi burada böyük, gözəl bir şəhər yaradılıb. Bu şəhər yaşıl ağaclar, güllər-çiçəklər şəhəridir.

Burada çox yüksəklərə qalxmış ağaclar məni həddindən artıq sevindirir. Bu da təsadüfi deyil, 1970-ci ildə Azərbaycanın şəhərlərində - Bakıda, Sumqayıtda, bütövlükdə Abşeron yarımadasında yaşıllaşdırma proqramına başlamağımızın nəticəsidir. İndi Bakıdan Sumqayıta gələn yolun hər iki tərəfi gözəl ağaclarla əhatə olunub. Ancaq təsəvvür edin ki, 25 il bundan əvvəl Bakıdan Sumqayıta gələn yolda bir dənə də ağac yox idi. Bu ağacları əkib, bəsləyib, böyüdüb, ərsəyə gətirib güclü ağac etmək üçün biz 1970-ci ildə böyük bir proqram irəliyə sürdük. Mən çox sevinirəm, məmnunam və bunu Azərbaycanda olan fəaliyyətimin ən mühüm hissələrindən biri hesab edirəm ki, biz buna nail olduq. İndi Sumqayıt da yaşıl bir şəhərdir, gözəl ağaclar, güllər, çiçəklər şəhəridir. Bakı da yaşıl bir şəhərdir.

Bilirsiniz ki, Bakı ilə Sumqayıt arasındakı о yolu da vaxtilə biz çəkmişik. Mən indi baxıram - bu avtomobil yolunun о tərəfi də, bu tərəfi də göz işlədikcə ağaclardır, yaşıllıqlardır. Bunlar bizim təbii sərvətimizdir. Bunları qoruyub saxlamaq lazımdır. Nəinki qoruyub saxlamaq, daha da inkişaf etdirmək lazımdır.

Abşeron yarımadasında, Bakıda, Sumqayıtda, bütün bu qəsəbələrdə yaşıllıqları artırmaq lazımdır. Biz bunları gələcəkdə də edəcəyik. Mən buna əminəm ki, əgər 70-ci illərdə irəli sürdüyümüz proqram artıq həyata keçirilibsə, baxmayaraq ki, 88-ci ildə Azərbaycan çox bərbad vəziyyətdə olub, bu dövrdə ağacların bəziləri qırılıb, dağıdılıb, amma onların əksəriyyəti yaşayırsa, biz bundan sonra bunları da yaşadacağıq, yeni ağaclar da əkəcəyik. Sumqayıtın belə gözəl, yaşıl bir şəhər olması həm insanlar, həm Sumqayıtın ab-havası, ekologiyası üçün, həm də gözəlliyi üçün lazımdır. Bunlar məni çox sevindiribdir. Mən sizə təşəkkür edirəm ki, bu ağacları qorumusunuz, saxlamısınız, ucaltmısınız. Çox sağ olun.

Azərbaycan xalqı, respublikası qarşısında Sumqayıtın böyük xidmətlərindən biri də ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərimizdən didərgin düşmüş, elindən-obasından zorla çıxarılmış vətəndaşlarımızın böyük bir hissəsini bu şəhər qucağına alıbdır, qəbul edibdir və onlar burada müvəqqəti olaraq məskunlaşıblar, yaşayırlar.

Sumqayıt şəhəri bu gün Azərbaycanın böyük bir guşəsi kimi respublikamızın ictimai-siyasi, iqtisadi həyatında görkəmli rol oynayır. Lakin onun qarşısında böyük problemlər var. Sumqayıtdakı böyük sənaye potensialını tam gücü ilə işə salmaq, bundan səmərəli istifadə etmək, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək həm respublikamızın, həm də Sumqayıtın sakinlərinin rifah halının yaxşılaşdırılması deməkdir.

Sumqayıtlılar, bu şəhərin rəhbərləri, buradakı sənaye müəssisələrinin, eləcə də Azərbaycan hökumətinin rəhbərləri, üzvləri, respublikanın müvafiq nazirlikləri, konsernləri, şirkətləri, Sumqayıtın problemləri ilə məşğul olan bütün təşkilatları bundan sonra ciddi iş görməlidirlər. Mən indiyədək görülən işləri qənaətbəxş hesab etmirəm. Obyektiv çətinliklərə, maneələrə baxmayaraq hesab edirəm ki, bundan da çox iş görülə bilərdi və Sumqayıtın iqtisadiyyatı yüksək səviyyədə ola bilərdi.

Nazirlər Kabineti, respublikanın müvafiq orqanları bu gün ciddi tədbirlər görməlidirlər, amma eyni zamanda, Sumqayıt şəhərinin, müəssisələrinin rəhbərləri də çox ciddi tədbirlər görməlidirlər. Burada imkanlar var. Məsələn, mən bu gün buradakı çox kiçik sərgiyə baxarkən məlumat verdilər ki, kimya kompleksində istehsal bu ilin ötən aylarında 30 faiz artıb. Bu, sevindirici haldır. Eyni zamanda bu göstərir ki, bunu başqa sahələrdə də etmək mümkündür. Mənə bir neçə başqa müəssisənin işinin canlanması haqqında da məlumat verdilər. Deməli, bu sənaye müəssisələrinin özlərinin mövcud imkanlarından istifadə edib cürətli, qeyri-adi addımlar atmaq yolu ilə istehsalatı işə salmaq, hərəkətə gətirmək və beləliklə də iqtisadiyyatı qaldırmaq olar. Siz bunları edə bilərsiniz. Mən bu gün bunları əsas vəzifə kimi qarşıya qoyuram.

İqtisadiyyatı inkişaf etdirmək, sənayeni canlandırmaq üçün bizim əsas yolumuz islahatlar keçirməkdən, iqtisadiyyatı bazar münasibətləri yolu ilə qurmaqdan ibarətdir. Bizim bu sahədə də proqramlarımız var. Bunları həyata keçirmək lazımdır. Azərbaycanda mülkiyyətin özəlləşdirilməsi haqqında qanun qəbul olunub və onun həyata keçirilməsinə başlanıbdır. Bu, bir qədər ləngiyib, lakin qarşımızda duran ən əsas vəzifə bu özəlləşdirmə proqramını sürətlə həyata keçirməkdən, bazar iqtisadiyyatını geniş tətbiq etməkdən ibarətdir. Strateji yolumuz budur, biz bu yolla gedəcəyik. Bizim bundan savayı yolumuz yoxdur. Bu yolu təmin etmək üçün hər bir sənaye, istehsal müəssisəsində təşəbbüs göstərmək lazımdır. Hərə öz işinin xüsusiyyətini nəzərə alaraq ciddi addımlar atmalıdır.

Sumqayıtın əsas problemlərindən biri ekologiya problemidir. Sumqayıtda keçmişdə yaradılmış sənaye müəssisələri Azərbaycan, bu şəhər üçün çox gərəkli idi. Bunların hamısının yaranması çox zəruri idi və bunların heç birinə heyfsilənmək lazım deyil. Bu müəssisələrin yaradılması barədə ötən 46 ildə qəbul olunmuş qərarlar əsaslıdır, doğrudur, düzgündür. Eyni zamanda qeyd etmək lazımdır ki, bu böyük, nəhəng sənaye müəssisələri yaradılarkən ekologiya məsələləri lazımi səviyyədə planlaşdırılmamışdır. Bunun müəyyən obyektiv səbəbləri olmuşdur. Çünki о zamanlar, təəssüf ki, Sumqayıt müəssisələrinin əksəriyyətinin planlaşdırılması, onlara vəsait ayrılması Sovetlər İttifaqının paytaxtından həyata keçirilirdi. Əgər onlar zavodun tikilməsinə vəsait ayırırdılarsa, onun təmizləmə sexinin işləməsinə vəsait nəzərdə tutmurdular, deyirdilər ki, bunu sonra ayıracağıq və sairə. Bu sahədə müəyyən uyğunsuzluq о vaxtdan yaranıbdır və bunlar da Sumqayıtda ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə təsir göstəribdir. Sumqayıtda ekoloji vəziyyət pozulubdur. Bu həqiqətdir.
 
Sumqayıt sənayesinin modernləşdirilməsi, yeniləşdirilməsi, müəssisələrin bəzilərinin yenidən qurulması onların müasir texnologiya və texnika ilə təmin olunması proseslərini həyata keçirərkən bu ekologiya məsələləri, tələbatları mütləq nəzərə alınmalıdır. Biz keçmişdə buraxılmış səhvləri aradan qaldırmağa və bundan sonra belə səhvlərə yol verməməyə çalışmalıyıq. Bunları qeyd edərək onu da bildirmək istəyirəm ki, təxminən 1988-ci ildən başlayaraq, Azərbaycan Respublikasını ləkələmək, hörmətdən salmaq məqsədi ilə irəli sürülmüş qərəzli fikirlər - "Sumqayıt ölülər şəhəridir, ölü zonadır, bədbəxtlər şəhəridir" - bu fikirlər respublikamıza xeyirxah münasibət göstərməyən adamlar tərəfindən irəli sürülüb. İndi bəzi populist fikirli adamlar da bunları danışırlar, orda-burda yayırlar. Mən bunlara tamamilə etiraz edirəm. Mən bu fikirləri tamamilə rədd edirəm, bu fikirlərlə razı deyiləm. Sumqayıt xoşbəxtlər, gözəl insanlar şəhəridir.

Azərbaycan xalqının mənəviyyatına zidd olan, xalqımızı ləkələmək məqsədi ilə irəliyə atılan cürbəcür fikirlər, sözlər yenə də deyirəm, öz içimizdən, özümüzdən olan ayrı-ayrı adamlar tərəfindən məhz Sumqayıtda, Azərbaycanda görülən işləri ləkələmək, öz şəxsi, çirkin məqsədlərinə nail olmaq üçün edilib. Mən 1988-ci ildə həmin bu məsələləri ortaya atanlardan və bundan sonrakı dövrlərdə xalq hərəkatının içindən çıxıb, ayrı-ayrı mitinqlərdə bu sözləri danışan adamlardan, bu gün orda-burda həmin fikirləri yayan adamlardan sual edirəm: onlar Sumqayıtın həyatı üçün nə ediblər, hansı daşı daş üstə qoyublar, hansı ağacı əkiblər, hansı tədbiri görüblər ki Sumqayıt daha da yaxşı, gözəl olsun? Heç bir şey etməyiblər! Ancaq Azərbaycan xalqının mənəviyyatını, hörmətini ləkələyən bu sözləri ortaya atıblar. Yenə də deyirəm, mən bunların hamısına nifrət edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, sumqayıtlılar da bu fikirlərimlə razıdırlar.

Azərbaycanda, о cümlədən Sumqayıtda mövcud olan problemlərin müvəffəqiyyətlə həll edilməsinə mane olan əsas amil Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalmasıdır. Bildiyiniz kimi bu təcavüz nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. İşğal olunmuş ərazilərdən bir milyondan artıq vətəndaşımız qaçqın düşüb, respublikamızın müxtəlif guşələrində yaşayır. Onların bir qismi də Sumqayıtda yaşayır. Bunlar hamısı Azərbaycanın həyatını gərginləşdirən amillərdir.

Öz ərazisini qorumaq, müdafiə etmək üçün Azərbaycan xalqı döyüşüb, vuruşub, çalışıbdır. Doğrudur, keçmişdə dövlətin ayrı-ayrı dairələri tərəfindən buraxılan səhvlər bir çox sahələrdə məğlub olmağımıza gətirib çıxarıbdır. Ancaq xalq, millət döyüşüb, vuruşub. Xalqımız böyük itkilər, qurbanlar, şəhidlər veribdir. О cümlədən sumqayıtlılar da torpaqlarımızı müdafiə edərkən şəhidlər veriblər. Dənizkənarı parkda Şəhidlər Xiyabanı var, keçən dəfə mən Sumqayıta gələrkən oranı ziyarət etdim, şəhidlərin məzarları qarşısında baş əydim. Azərbaycan torpaqlarının qorunması üçün özlərini qurban, şəhid etmiş xalqımızın övladlarını böyük minnətdarlıq hissi ilə yad edirəm. Onların qəhrəmanlıq nümunələri, ruhu qəlbimizdə əbədi yaşayacaqdır. Sumqayıtlı şəhidlərin də ruhu qəlbimizdə əbədi yaşayacaq və bunlar hamısı xalqımızı öz torpaqlarımızı daha cəsarətlə qorumağa dəvət edəcəkdir. Bilirsiniz ki, iki ildir biz müharibəni dayandırmışıq, atəşkəs haqqında saziş imzalamışıq. Ermənistan ilə Azərbaycan arasında olan münaqişənin, Ermənistanın ölkəmizə etdiyi təcavüzün aradan qaldırılması ilə məşğul oluruq. Bu məsələni danışıqlar, sülh yolu ilə həll etməyə çalışırıq. Çox ciddi, ardıcıl danışıqlar aparırıq. Çalışırıq ki, bu məsələni sülh yolu ilə həll edək.

Bundan sonra da çalışacağıq. Biz müharibə etmək istəmirik, sülh istəyirik. Yenidən döyüşlərə qayıtmaq istəmirik. Məsələni sülh yolu ilə həll etmək əsas prinsipimizdir. Eyni zamanda biz torpaqlarımızın işğal altında qalmasına dözə bilmərik. Tələbimiz ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çəkilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalıdır, sərhədlərimizin toxunulmazlığı təmin edilməlidir, yurdundan didərgin düşmüş vətəndaşlarımız öz yerlərinə qayıtmalıdır. Ermənistan ilə Azərbaycan arasında tədricən sülh münasibətləri yaradılmalıdır. Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa muxtariyyət statusu vermək mümkündür.

Sumqayıtda sizinlə birlikdə olarkən küçələrdə, meydanlarda mənə dəfələrlə müraciətlər olundu. Sumqayıtlılar, yerindən-yurdundan didərgin düşmüş vətəndaşlar müraciət edirlər ki, işğal olunmuş torpaqlar tezliklə azad edilsin, onlar öz yerlərinə qayıtsınlar. Füzulidən didərgin düşərək burada yaşayan bir bacım mənə xüsusi müraciət etdi. Onun sözləri mənə olduqca təsir etdi. O, apardığımız bu sülhsevər siyasəti dəstəklədi. Bildirdi ki, o, bu siyasətimizi bəyənir. Füzulililər, didərgin düşərək Sumqayıtda məskunlaşan vətəndaşlar adından dedi ki, biz sizin gördüyünüz işləri bəyənirik, dəstəkləyirik. İndi artıq tabut gəlmir, qan tökülmür, şəhidlər yoxdur. Bunlar yaxşıdır. Ancaq belə qaçqın vəziyyətində də qala bilmərik. Mənim füzulili həmin bacım yəqin burada iştirak edir, о mənə dedi ki, əgər görülən işlər nəticə verməsə, mən də bir əsgər kimi gedərəm ki, torpaqlarımızı nəyin bahasına olursa-olsun azad edək. Əziz dostlarım, bacılarım, qardaşlarım, mən sizin bu fikirlərinizlə razıyam. Mən də belə fikirdəyəm. Əgər bütün bu işlərimiz nəticə verməsə biz öz torpaqlarımızı nəyin bahasına olursa-olsun azad etməliyik, öz ərazimizin, torpaqlarımızın sahibi olmalıyıq.

Sumqayıtda qarşıda duran problemlərin həll olunmasından danışarkən mən bu barədə BMT-nin bizimlə bərabər gördüyü gərəkli işləri xüsusi qeyd etmək istəyirəm. Sumqayıtın sənaye kompleksinin inkişaf proqramı demək olar ki, işlənib hazırlanıbdır. BMT-nin respublikamızdakı nümayəndəliyi və ona başçılıq edən cənab Lembo bu sahədə bizimlə bərabər çox işlər görmüşdür. Mən bunu xüsusi qeyd edirəm. Sumqayıtın sənaye potensialının inkişaf etdirilməsinə dair aparılan təhlil və topanmış materiallar xüsusi yaradılmış bir kitabda öz əksini tapıbdır. Mən bu kitabla tanış olarkən çox məmnun oldum. Bu kitabı cənab Lembo mənə təqdim etdi. İki cilddən ibarət olan bu kitabda Sumqayıtdakı böyük sənaye müəssisələrinin bütün göstəriciləri, onların tarixi, indiyədək görülən iş, indiki vəziyyət və hansı sənaye müəssisəsini bu vəziyyətdən necə çıxarmaq məsələləri öz əksini tapıbdır. Bunlar çox dərin təhlilin, çox ciddi tədqiqatların, işlərin nəticəsidir. Bunların nəticəsində hazırlanan kitablar, mən hesab edirəm ki, bu günümüz, gələcəyimiz üçün çox əsaslı bir sənəddir.

Sumqayıtı azad iqtisadi zonaya çevirmək sahəsində də çox iş görülübdür. Biz iki il bundan əvvəl bu barədə qərar vermişik. Bu müddətdə BMT ilə bizim müvafiq təşkilatlarımız, Nazirlər Kabineti çox gərəkli işlər görmüşlər, gözəl proqram hazırlamışlar. Artıq biz Sumqayıtın azad iqtisadi zona elan olunması şüarından əməli işə keçmək səviyyəsinə çatmışıq.

Sumqayıtın problemlərinə aid olan proqramların hazırlanmasında BMT-nin Azərbaycandakı nümayəndəsi cənab Paolo Lembo xüsusi xidmətlər göstərmişdir. Mən bunu burada qeyd edirəm. Güman edirəm ki, BMT-dən bizə qonaq gəlmiş cənab Ceyms Spet bu fikrimizi nəzərə alacaqdır və onlar da bu xidmətləri öz tərəflərindən qiymətləndirəcəklər. Ümidvaram ki, sumqayıtlılar da cənab Paolo Lembonun bu xidmətlərini qiymətləndirəcəklər.

BMT ilə respublikamızın müvafiq orqanları tərəfindən birgə hazırlanmış və bu gün təqdim olunan, Azərbaycanda insan inkişafına həsr edilən xüsusi kitab bu beynəlxalq təşkilatın ölkəmizə göstərdiyi qayğının təzahürüdür. Bu, Azərbaycanda insan inkişafına həsr olunmuş, BMT tərəfindən hazırlanmış ikinci kitabdır. Mən bu kitabın hazırlanması və bu gün təqdim olunması münasibətilə BMT-yə öz təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, Azərbaycanda insan inkişafına həsr olunmuş bu kitab BMT tərəfindən beynəlxalq təşkilatlarda, dünya dövlətlərində, ölkələrində yayılacaqdır. Bütün bunlar da Azərbaycanın indiki vəziyyəti haqqında geniş məlumatlar verəcəkdir. Şübhəsiz ki, bunların nəticəsində Azərbaycana başqa ölkələr, beynəlxalq təşkilatlar tərəfindən olan maraq, diqqət və qayğı artacaqdır.

Ermənistanın respublikamıza təcavüzü nəticəsində Azərbaycan əhalisinin, yerindən-yurdundan didərgin düşmüş adamların ağır vəziyyəti, ümumiyyətlə, ölkəmizin iqtisadiyyatının bütün bu səbəblərə görə düşdüyü ağır vəziyyət bu kitabda öz əksini tapıbdır. Ümidvaram ki, BMT belə bir təşəbbüs, bu kitabın yaradılmasına öz səylərini göstərməklə yanaşı, eyni zamanda respublikamızın vəziyyətini yaxından bildikdən sonra Azərbaycana diqqətini və qayğısını artıracaqdır.

Mən BMT-nin nümayəndə heyətinin və xüsusən BMT-nin İnkişaf Proqramının rəhbəri cənab Ceyms Spetin respublikamıza gəlməsini və bu gün səhərdən indiyədək burada bizimlə bərabər olmasını xüsusi qiymətləndirirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, onlar bütün bu vəziyyəti gördükdən, problemləri yaxından hiss etdikdən sonra cənab Ceyms Spet BMT tərəfindən Azərbaycana göstərilən yardımın bundan sonra artırılması üçün öz səylərini əsirgəməyəcəkdir.

Biz bu gün səhərdən başlayaraq bir neçə saatdır ki, Sumqayıtdayıq, sizinlə bir yerdəyik. Güman edirəm ki, birlikdə gördüyümüz işlər öz səmərəsini verəcəkdir. Bizim üçün bu gün çox əziz gündür. Mən sumqayıtlılarla görüşməyimdən çox məmnunam. Keçmiş illərdə, 10- 15, 20-25 il bundan əvvəl Sumqayıta gələrkən zavodlarda, fabriklərdə, küçələrdə, ayrı-ayrı toplantılarda gördüyüm adamlarla, əmək veteranları ilə, bu şəhəri qurub-yaradan adamlarla yenidən görüşməyimdən çox məmnun olduğumu bildirmək istəyirəm.

Bu gün demək olar ki, Sumqayıtın bütün sakinləri - uşaq da, böyük də, qadın da, kişi də, gənc də, veteran da - hamısı bu şəhərin küçələrində, meydanlarında idilər. Onlar bizimlə görüşmək istəyirdilər. Mənim üçün də ən dəyərlisi odur ki, onlarla görüşmək arzum bu gün yerinə yetdi.

Məlumdur ki, respublikamız, ölkəmiz indi ağır vəziyyətdədir, əhalimiz, insanlar ağır iqtisadi şəraitdə yaşayırlar. Məlumdur ki, təkcə Sumqayıtda yox, Azərbaycanın başqa şəhərlərində, məntəqələrində də insanlar var ki, onların həyat tərzi, maddi vəziyyəti həddindən artıq çətindir. Bunlar hamısı məlumdur. Sumqayıtda da belə adamlar var, az deyil, bəlkə də çoxdur. Bu gün sumqayıtlıların hamısının - ağır şəraitdə yaşayanın da, maddi vəziyyəti ən çətin olanın da xoş əhval-ruhiyyə ilə, sevinclə, dövlətinə, millətinə, dövlət başçısına hörmətlə küçələrə, meydanlara çıxması, bunlar hamısı xalqımızın yüksək mənəviyyatını bir daha nümayiş etdirir. Bu bizim ən böyük sərvətimizdir. Bu, mənim üçün ən gözəl bir görüşdür. Bunlar üçün mən sizin hamınıza, bütün sumqayıtlılara hörmət və ehtiramımı, təşəkkürümü bildirirəm.

Azərbaycan xalqı bu ağır günlərdən keçib gedəcəkdir. Əminəm ki, biz bu çətinliklərin hamısının öhdəsindən gələcəyik, Azərbaycanın ərazi bütövlüyünü təmin edəcəyik. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyi günü-gündən daha da möhkəmlənəcəkdir. Əminəm ki, Azərbaycan xalqı bundan sonra daha da sıx birləşəcək, öz müstəqilliyini, dövlətçiliyini qoruyacaqdır. Əminəm ki, Azərbaycanda demokratiya, insan hüquqlarının qorunması, bütün demokratik prinsiplər bundan sonra da ardıcıl surətdə həyata keçiriləcəkdir. Əminəm ki, Azərbaycan demokratik hüquqi dövlət kimi bundan sonra da dünya Birliyində özünə layiq yer tutacaqdır. Əminəm ki, Azərbaycan xalqını xoşbəxt gələcək gözləyir və bu xoşbəxt gələcək naminə mən sizin hamınıza cansağlığı, səadət arzulayıram. Hamınıza işinizdə uğurlar arzulayıram. Sağ olun.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf