Azərbaycan Prezidenti Heydər Əliyevin Bakıda yeni sellülyar rabitə sisteminin təntənəli açılışı mərasimində nitqi - 15 dekabr 1996-cı il


Hörmətli xanımlar və cənablar, hörmətli dostlar, bacılar və qardaşlar!

Mən sizin hamınızı, buraya toplaşan Bakı şəhərinin sakinlərini, Azərbaycan vətəndaşlarını ürəkdən salamlayıram və sizin hamınıza öz xoş arzularımı çatdırıram, sizə səadət, xoşbəxtlik diləyirəm.

Bu gün, 1996-cı ilin sona çatdığı bir vaxtda, dekabr ayında paytaxtımızda, Bakı şəhərində günəş, gözəl hava hamımızı sevindirir. Bu gözəl gündə siz hamınız istirahət etməlisiniz, öz işlərinizlə məşğul olmalısınız. Ancaq görürəm ki, Azərbaycanın ümumi işlərinə, ümumi məsələlərinə olan münasibətiniz sizi buraya toplayıbdır. Mən bundan çox məmnunam və sizinlə, öz bacı-qardaşlarımla görüşdüyümə görə çox sevindiyimi bildirirəm. Sizin hamınıza hörmət və ehtiramımı bildirirəm.

Bugünkü hadisə münasibətilə Azərbaycana Türkiyə Cümhuriyyətindən böyük nümayəndə heyəti, hörmətli qonaqlarımız gəlibdir. Mən qardaş Türkiyədən Azərbaycana gəlmiş və bu mərasimdə iştirak edən bütün dostlarımızı ürəkdən salamlayıram, onların hamısına "Azərbaycana xoş gəlmisiniz!" deyirəm.

Bu gün burada yeni rabitə sisteminin - "Azərsell" rabitə sisteminin açılması, şübhəsiz ki, həyatımızda yeni bir hadisədir, çox mühüm bir hadisədir. Çünki indiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir. İnsanların işləməsi üçün, fəaliyyət göstərməsi üçün, dövlətin, dövlət orqanlarının, ayrı-ayrı özəl qurumların, hər bir təşkilatın səmərəli işləməsi üçün rabitə indi çox mühüm bir vasitədir. Rabitə sahəsində son illər nailiyyətlərimiz təqdirəlayiqdir. Mən onları bu gün məmnuniyyət hissi ilə qeyd edirəm. Ancaq eyni zamanda, dünyada rabitə sahəsində əldə olunan nailiyyətlərə bizim çatmağımız üçün hələ bundan sonra da çox iş görməliyik. Bu yolda, bu mərhələdə "Azərsell" rabitə sisteminin açılması hesab edirəm ki, Azərbaycan Respublikası vətəndaşlarının, dövlət orqanlarının, iş adamlarının, ölkəmizdə işlə məşğul olan qurumların hamısının işlərini asanlaşdıracaq və bu işləri vaxtlı-vaxtında, operativ surətdə həyata keçirməkdə onlara yardım edəcəkdir.

Mən bunu çox mühüm hadisə hesab edirəm və buna görə də burada sizinlə bir yerdəyəm. Çox əhəmiyyətli hal bundan ibarətdir ki, bu rabitə sistemi Azərbaycan rabitəçiləri ilə Türkiyə rabitəçiləri arasında əməkdaşlıq nəticəsində hasil olmuş, meydana gəlmiş və təşkil edilmişdir. Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələri bütün sahələrdə əməkdaşlıq etməyimizə əsas yaradıbdır. Biz bu əməkdaşlığı son illərdə gündən-günə gücləndirir, gündən-günə genişləndiririk.

Mən dəfələrlə demişəm ki, xarici ölkələrlə əməkdaşlığımızda Türkiyə Cümhuriyyəti birinci yerdə durur və birinci yerdə də durmalıdır. Türkiyənin iş adamlarının, şirkətlərinin, iş görən bütün qurumlarının Azərbaycana daha sürətlə, daha inamla gəlməsi üçün çox gözəl şərait yaranıbdır. Məmnunam ki, son vaxtlar Türkiyə şirkətləri, iş adamları, özəl sektoru bu imkanlardan səmərəli istifadə etməyə çalışır və səmərəli istifadə edirlər. Bunların nəticəsi olaraq belə bir birgə müəssisə yaranıbdır və bu, həm Azərbaycan-Türkiyə əməkdaşlığının gözəl bir nümunəsidir, həm də Azərbaycan ilə Türkiyə arasında iş birliyinin, əməkdaşlığın inkişaf etməsi üçün gözəl bir vasitədir. Mən bu hadisə münasibətilə həm Türkiyə Cümhuriyyətindən gələn qonaqlarımızı, həm də Azərbaycan rabitəçilərini ürəkdən təbrik edirəm, sizə bu işinizdə uğurlar arzulayıram.

Azərbaycan Respublikası öz dövlət quruculuğunda, sosial-iqtisadi problemlərin həllində tutduğu strateji yolla gedir. Bizim bu yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir. Bizim iqtisadi siyasətimiz məlumdur və o, Azərbaycanda bazar iqtisadiyyatı yaratmaq, bazar iqtisadiyyatı yolu ilə getmək və bu yol ilə Azərbaycan iqtisadiyyatını dünya iqtisadiyyatına sıx bağlamaq məqsədi daşıyır.

Bildiyiniz kimi, bu sahədə çox işlər görülübdür. Bunlardan biri də Azərbaycanın zəngin neft və qaz yataqlarının dünyanın böyük neft şirkətləri ilə müştərək işlənməsindən və böyük fayda götürülməsindən ibarətdir. Dünən biz Bakıda Xəzər dənizinin Azərbaycan sektorundakı "Dan ulduzu" və "Əşrəfi" neft yataqlarının Amerika Birləşmiş Ştatları, Yaponiya və Səudiyyə Ərəbistanının şirkətləri ilə birlikdə, müştərək işlənməsi və neft hasilatı ilə əlaqədar yeni bir müqavilə imzaladıq. Bu, iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün böyük bir addımdır, eyni zamanda Azərbaycana xarici sərmayənin gəlməsi üçün, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatı ilə bağlanması üçün böyük bir addımdır və böyük bir tədbirdir.

Biz bu yolla gedirik və gedəcəyik. Bu sırada atılan hər bir addım, görülən hər bir iş Azərbaycan iqtisadiyyatının inkişaf etməsinə kömək edir. Bu baxımdan rabitə sahəsində görülən işlər də, şübhəsiz ki, yüksək qiymətə layiqdir və bugünkü hadisəni də mən belə qiymətli hadisələrdən biri hesab edirəm. Bunların hamısı Azərbaycan xalqının, vətəndaşlarının sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmağa, xalqımızın, vətəndaşlarımızın rifah halını yüksəltməyə yönəldilibdir.

Bu gün respublikamızın çətin dövrüdür. Ermənistan silahlı qüvvələrinin səkkiz il öncə Azərbaycana qarşı başladığı təcavüz Azərbaycana böyük zərbələr vurubdur. Torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. Bir milyondan çox Azərbaycan vətəndaşı işğal edilmiş torpaqlardan zorla çıxarılıb, yerindən-yurdundan didərgin olunubdur. Güman edirəm, bu gün buraya, bu meydana toplaşmış Azərbaycan vətəndaşları arasında da həmin rayonlardan, həmin bölgələrdən didərgin düşmüş insanlar var, qaçqın vəziyyətində yaşayanlar var. Biz onların vəziyyəti haqqında, həyatı haqqında daim düşünürük. Azərbaycan dövləti, Azərbaycan prezidenti qaçqınlara, yerindən-yurdundan didərgin düşmüş insanlara qayğı göstərməyi özünün əsas vəzifələrindən biri hesab edir. Əmin ola bilərsiniz ki, biz bu vəzifələrimiz üzərində hər gün düşünürük və onları axıradək yerinə yetirəcəyik. Ancaq bizim məqsədimiz ölkəmizin işğal olunmuş torpaqlarını azad etməkdən, Azərbaycanın suverenliyini təmin etməkdən, vəzifəmiz Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etməkdən, müstəqil Azərbaycan Respublikasının bütün ərazisinə öz nəzarətimizi təmin etməkdən, bütün ərazimiz üzərində öz hakimiyyətimizi təmin etməkdən ibarətdir.

Bilirsiniz ki, biz bu yolda çox işlər görmüşük. Bunların sırasında dekabr ayının əvvəllərində Portuqaliyanın Lissabon şəhərində ATƏT-in Zirvə görüşündə aparılan işlər və əldə edilən nəticələr sizə məlumdur. ATƏT-in Zirvə görüşündə bu təşkilata aid qlobal əhəmiyyət, dünya əhəmiyyəti kəsb edən bir çox işlər sırasında Ermənistan-Azərbaycan münaqişəsi də müzakirə olunmuşdur. Orada Azərbaycan öz haqlı tələblərini irəli sürmüş, Ermənistanın Azərbaycana qarşı etdiyi təcavüzü bir daha pisləmiş və onların bu təcavüzkar siyasətini dünyaya bir daha bildirmiş, bu məsələnin sülh yolu ilə həll olunması haqqında bir daha bəyanat vermişdir. Aparılan işlər nəticəsində biz müsbət nəticə əldə etmişik. Bu da ondan ibarətdir ki, Lissabon Zirvə görüşündə toplaşmış bütün dövlət başçıları, hökumət başçıları hamısı birlikdə Azərbaycanın ədalətli işini müdafiə etmişdir, məsələnin sülh yolu ilə həll olunması üçün irəli sürülmüş əsas prinsipləri - Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması və təmin olunması, yalnız və yalnız Azərbaycan Respublikasının tərkibində Dağlıq Qarabağa status verilməsi prinsiplərini dəstəkləmiş və bu barədə sizə məlum olan sənədi qəbul etmişdir. Hesab edirəm ki, bu, məsələnin sülh yolu ilə həll olunması üçün, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi üçün atılan çox dəyərli bir addımdır. Əminəm ki, bu görülən iş, əldə olunan nəticə gələcəkdə bizi daha uğurlu nəticələrə gətirib çıxaracaqdır.

Bunların hamısı onu göstərir ki, biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq. Bunların sırasında da rabitə sisteminin inkişaf etdirilməsi mühüm sahələrdən biridir. Məhz buna görə də bugünkü hadisəyə belə münasibət göstərmişəm. Ona görə də siz buraya toplaşmısınız və mən buraya gəlmişəm.

Bu hadisə münasibətilə mən rabitəçilərimizi təbrik edirəm, Türkiyə Cümhuriyyətindən Azərbaycana gəlmiş və Azərbaycanla birgə iş aparmış, yaxşı nəticə əldə etmiş Türkiyə şirkətlərini və Türkiyə Cümhuriyyətinin nümayəndələrini ürəkdən təbrik edirəm. Sizin hamınızı təbrik edir, gələcək işlərinizdə sizə uğurlar arzulayıram!

Əziz bacı və qardaşlar, hamınıza bir daha hörmət və ehtiramımı bildirir, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Sağ olun.