Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Varna-Poti-Batumi-İliçovsk bərə keçidinin təntənəli açılışı mərasimində çıxışı - Poti limanı, 17 aprel 1999-cu il


Zati-aliləri Gürcüstan Prezidenti, hörmətli Eduard Şevardnadze!

Zati-aliləri Ukrayna Prezidenti, hörmətli Leonid Kuçma!

Möhtərəm xanımlar və cənablar, dostlar!

Sizin hamınızı əlamətdar hadisə - Poti-İliçovsk-Varna bərə keçidinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.

Poti-İliçovsk bərə keçidi Transqafqaz dəhlizinin mühüm elementi və tərkib hissəsidir. Bu gün TRASEKA planları, TRASEKA proqramının həyata keçirilməsi ilə bağlı olan planlarımız reallığa çevrilir. Mərkəzi Asiyanı Avropa ilə və Avropanı Mərkəzi Asiya ilə birləşdirən Transxəzər nəqliyyat dəhlizindən istifadəyə dair bir neçə il öncə Gürcüstan, Özbəkistan, Türkmənistan və Azərbaycan arasında saziş imzalanmışdır. Sonra həmin sazişə bu magistral boyunca yerləşən digər dövlətlər də qoşulmuşlar.

Ölkələrimizdə bir sıra digər tədbirlər də görülmüşdür və bunlar Qafqazda Şərq-Qərb TRASEKA proqramıın həyata keçirilməsini təmin etmişdir. Ötən ilin sentyabrında Bakıda TRASEKA proqramına dair, Böyük Tarixi ipək yolunun bərpasına dair beynəlxalq konfrans keçirilmişdir. Bu gün biz hamımız ona səfərbər edilmişik ki, TRASEKA proqramı, Tarixi ipək yolunun bərpası proqramı reallaşsın, çünki bu, ölkələrimizin hamısına böyük iqtisadi fayda gətirir. Odur ki, Poti-İliçovsk bərə keçidinin - Ukrayna ərazisi ilə, Qara dəniz, Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan vasitəsilə və buradan o yana yüklərin Qərbdən Şərqə, Şərqdən Qərbə müvəffəqiyyətlə hərəkətini təmin edəcək keçidin yaradılması bizim planlarımızın son dərəcə mühüm vəsiləsidir, Böyük ipək yolunun bərpası proqramının mühüm vəsiləsidir.

Biz Azərbaycanda buna böyük əhəmiyyət veririk. Transxəzər dəhlizinin səmərəli inkişafına kömək üçün hər şey edirik və bu nəqliyyat dəhlizinin imkanlarını genişləndirmək və yüklərin Qərbdən Şərqə, Şərqdən Qərbə daha fəal hərəkətini təmin etmək üçün bundan sonra da hər şey edəcəyik.

Şadam ki, bu gün mənə bu təntənəli tədbirdə iştirak etməyə imkan verilmişdir. Gürcüstan Prezidenti hörmətli Eduard Şevardnadzeni, Ukrayna Pezidenti hörmətli Leonid Kuçmanı, Avropa Birliyinin, Şərq-Qərb nəqliyyat dəhlizinin həyata keçirilməsində iştirak edən bütün ölkələrin burada olan nümayəndələrini təbrik edirəm və hamıya tərəqqi və uğurlar, bu böyük proqramın inkişafı naminə yeni-yeni xarüqələr arzulayıram.

Poti-İliçovsk bərə keçidi proqramının həyata keçirilməsinin bütün iştirakçılarına təşəkkür edir və hörmətli dostlar, sizin hamınıza yeni nailiyyətlər, yeni uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.

"Heydər Əliyevin neft strategiyası Azərbaycanın müstəqilliyi və rifahı naminə" - "Nurol" nəşriyyatı, Bakı, 2001-ci il, səh. 185.