Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Vayxır su anbarı ilə tanışlığı - 12 avqust 2002-ci il


Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının böyük bir ərazisində suvarmanın təmin edilməsində mühüm rol oynayacaq Vayxır su anbarının tikintisi ilə bağlı məsələlərlə yerində tanış olmaq üçün buraya gəlmişdir.

Azərbaycan Baş nazirinin müavini Abid Şərifov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əhməd Əhmədzadə muxtar respublikada bütün sahələrdə, xüsusən iqtisadi sahədə islahatların uğurla həyata keçirilməsi üçün son illər görülmüş işlər, o cümlədən Vayxır su anbarının inşası barədə dövlətimizin başçısına məlumat verdilər. Bildirildi ki, su anbarı xarici sərmayə hesabına tikiləcəkdir. Bəndin hündürlüyü 70 metrə çatdırıldıqdan sonra anbara yığılan su Üçtəpə, Nehrəm, Sirab dəryaçalarının doldurulmasında mühüm rol oynayacaqdır. Sonra Vayxır su anbarında aparılacaq inşaat işləri, bu sututarın perspektivləri və imkanlarından maksimum səmərə ilə istifadə olunması məsələləri ətraflı təhlil olundu, mütəxəssislərin rəyləri öyrənildi. Azərbaycan prezidenti Heydər Əliyev su anbarının tikintisində işlərin daha da sürətləndirilməsi üçün dəyərli tövsiyələrini verdi.

Abid Şərifov: Cənab Prezident, su anbarının həcmini Siz bilirsiniz. Nəzərdə tutulmuş layihədə 100 milyon kubmetrdir. Onun 10 milyonu göl, 90 milyonu suvarma üçündür. Beləliklə, 9900 hektar sahənin suvarılması yaxşılaşdırılacaq və əlavə olaraq təxminən 7 min hektar yeni sahələr suvarılacaqdır. 

Əhməd Əhmədzadə: Cənab Prezident, bu vaxta qədər olan suvarma şərti suvarmadır, yəni nasosların hesabınadır. Ancaq tikiləndən sonra 9900 hektar sahənin suvarılması yaxşılaşacaq, 6900 hektar yeni suvarma sahəsi yaranacaqdır. Sağ və sol tərəfdən iki kanal da çəkiləcəkdir.

Heydər Əliyev: Demək, su kanallarla gedəcəkdir. Kanalların uzunluğu nə qədər olacaq?

Abid Şərifov: Təxminən 22–27,5 kilometr.

Heydər Əliyev: 27,5 kilometr tam çatacaqdır?

Vasif Talıbov: Cənab Prezident, Naxçıvanın bir hissəsinə çatacaqdır.

Heydər Əliyev: Hansı hissəsinə, yəqin ərazi hissəsinə çatacaqdır.

Vasif Talıbov: Bəli. Biz buradakı gölün boşalmasına yol vermirik, yəni su işləndikcə yenidən doldururuq.

Heydər Əliyev: Göllərdə daim su olur?

Vasif Talıbov: Bəli.

 Heydər Əliyev: Demək, burada əsas iş bəndin torpaqla doldurulması və lazımi səviyyəyə qaldırılmasıdır. Bundan sonra betonlanması və su sızan yerlərin qarşısının alınması olacaqdır. Birinci növbədə iş bundan ibarətdir. Bəndi qaldırmaq, betonlamaq, sonra suyu doldurmaq. İndi burada kanal yoxdur?

Vasif Talıbov: Bəli, faktiki yoxdur.

Heydər Əliyev: Demək, suyu çaya buraxırsınız.

Vasif Talıbov: Köhnə kanallar vasitəsilə çaya buraxırıq.

Abid Şərifov: Hazırda müəyyən işlər görülür. Mütəxəssislər bəndin bütün qüsurlarını yoxlayırlar.

Heydər Əliyev: Siz deyirdiniz ki, haradasa deşik var.

Vasif Talıbov: Biz özümüz əlavə bir kanal açmışıq ki, əgər sel olarsa – bəzən güclü sel olur – bəndi dağıtmasın, zərər verməsin.

Heydər Əliyev: Yəni bəndin deşilməsində problem yoxdur.

Vasif Talıbov: Yox, heç bir şey yoxdur.

Abid Şərifov: Biz Sizə məruzə etdik. Sentyabrın 30- dək mütəxəssislər rəylərini deyəcək və qiymətlər müəyyən olunacaqdır.

Heydər Əliyev: Əgər bənd varsa, demək, bu daha da möhkəmlənibdir, strukturunu necə itirə bilər?

Əhməd Əhmədzadə: Cənab Prezident, bəndin hər iki küncündə birləşmə getməlidir. Bu ondan ötrüdür ki, möhkəm olsun, su tam dayansın. İndiyə qədər bu birləşmə aparılmayıbdır.

Heydər Əliyev: Bəndi yoxlayanda əsas onun beton hissəsinə baxmaq lazımdır. Siz deyirsiniz ki, bu bəndin səviyyəsi qalxacaqdır. Burada istifadə olunacaq, ya olunmayacaqdır?

Əhməd Əhmədzadə: Beton bəndin səviyyəsini yuxarı qaldıracaqdır.

Heydər Əliyev: Nə qədərdir?

Əhməd Əhmədzadə: 24 metr. Yuxarıda, bəndin üstündən 1,5 metrlik beton divar töküləcəkdir. Arxa hissəsində də maşınla gedib gəlmək üçün 10 metrlik yol olacaqdır.

Abid Şərifov: İndi mütəxəssislər işləyirlər. Sentyabrın axırında dəqiq rəqəmlər müəyyən olunacaqdır.

Heydər Əliyev: Sentyabrın axırında. Hələ sizin bir ay yarımınız var. Yəqin burada yeni iş yerləri də olacaqdır.

Abid Şərifov: Bəli. Cənab Prezident, Sizin göstərişinizlə  Vayxır su anbarının yenidən işə başlaması ilə əlaqədar tapşırıqlar verilibdir. Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mütəxəssisləri və mühəndislər hazırda işləyirlər. Sizə məruzə etdiyimiz kimi, sentyabrın sonuna layihəçilər öz işlərini təqdim edəcəklər. Biz buraxılış obyektlərinin siyahısını Sizə verəcəyik. Bu obyektləri tikmək üçün ən son layihə və qiymət göstəriləcəkdir. Sizin tapşırığınızla aşağıdakı işlərin görülməsini nəzərdə tuturuq. Birinci növbədə su anbarının tikintisinin qurtarması. Su anbarının həcmi 100 milyon kubmetrdir. Bu gün anbara yığılan su 22–25 milyon kubmetrdir. Bildiyiniz kimi, bu su anbarının tikintisi maliyyə çətinlikləri ilə əlaqədar 1995-ci ildən tam dayandırılmışdır. Elə bilirəm ki, biz iki ay ərzində Sizə tam məruzə edəcəyik. Layihədə sağ-sol kanallarının tikilməsi də nəzərdə tutulur. Bu kanalların ümumi uzunluğu 50 kilometrə yaxındır.

Heydər Əliyev: Bu kanallar hansı hissəni, hansı kəndləri tutur?

Vasif Talıbov: Cənab Prezident, Sirab, Nəcəfalı, Dizə kəndlərini və Culfa rayonunun ərazisini tutur. Bu, hazırda suvarılan 9,5 min hektar torpaqdır. 4 min 364 hektar isə yeni suvarılacaq sahələrdir. Sonra Culfanın 2 min 311 hektar və Şahbuzun 406 hektar suvarma sahələrinin yenidən qurulması, 244 hektar isə yeni sahələrin suvarılmasıdır.

Abid Şərifov: Cənab Prezident, bu yeni kanallar hesabına nasos stansiyalarından istifadə olunmayacaqdır. Yəni suvarma üçün nasosların hamısı ləğv olunur. 

Vasif Talıbov: Nasoslar ləğv olunmur, ehtiyatda qalır. Kanaldakı su öz axarı ilə gedir, bu əraziləri suvarır. Nasoslar isə ehtiyata keçir.

Heydər Əliyev: Bu, əsas kanaldır?

Vasif Talıbov: Bu çaydır.

Heydər Əliyev: Anbardan çıxan suyun bir hissəsi kanallarla, bir hissəsi də çayla gedəcəkdir.

Abid Şərifov: Çoxu kanallarla gedəcək, qalan hissəsi isə çaya buraxılacaqdır. Ehtiyac olanda suyu anbara yığacağıq, ehtiyac olmayanda isə çaya buraxılacaqdır.

Heydər Əliyev: Başa düşürəm, buraya toplayacağımız sudan kanallarla istifadə edəndə, eyni zamanda, artıq su qalacaqdır və bunu çaya buraxacaqsınız. Elədir? 

Abid Şərifov: Bəli.

Heydər Əliyev: Bu, köhnə kanaldır. İndi yenisini tikəcəksiniz. Köhnə kanal gedib oraya qədər çatır?

Vasif Talıbov: Köhnə kanal var, ancaq bunlar nasoslarla qidalanırlar. Ona görə də səmərəli istifadə etmək olmur.

Heydər Əliyev: Demək, köhnə kanal var və gedib oraya qədər çatır. Su buradan niyə öz axarı ilə getmir?

Abid Şərifov: Həm relyefinə görə, həm də buraxma qabiliyyəti çox azdır.

Heydər Əliyev: Deməli, su buradan öz axarı ilə getmir. Amma kanalı siz buradan çəkəndə su öz axarı ilə gedəcəkdir. İkinci kanal hanı?

Abid Şərifov: Budur, uzunluğu 25 kilometr olacaqdır.

Heydər Əliyev: Haraya qədər gələcəkdir?

Vasif Talıbov: Əliabada, Qaraçuqa qədər.

Heydər Əliyev: Bu kanal suvarma üçün deyildir.

Əhməd Əhmədzadə: Həm suvarma üçündür, həm də Uzunoba gölünü doldurmaq mümkün olacaqdır.

Heydər Əliyev: Yaxşı, onda su bu kanaldan haraya gedəcəkdir? Çünki əgər aşağıya gələcəksə..

Əhməd Əhmədzadə: Yox. Çayla o biri kanalın arası ilə gələcək.

Heydər Əliyev: Buradan da öz axarı ilə gələcəkdir, yoxsa...

Əhməd Əhmədzadə: Bəli, hamısı öz axarı ilə gələcək.

Heydər Əliyev: Demək, su bura qalxacaqdır.

Əhməd Əhmədzadə: Bəli. Buradakı üç gölü –  Uzunoba, Sirab və Nehrəm göllərini doldurmaq mümkün olur. Bununla 30 milyon kubmetr su yığmaq olur. Vayxırda su çox olanda bu üç gölü doldurmaq mümkün olacaqdır. Faktiki olaraq, bu sistemlə 130 milyon kubmetr su yığmaq olacaqdır.

Heydər Əliyev: Sizin bu çoxillik müşahidələriniz nəyi göstərir? Vayxırla bu göl həmişə dolacaqdır?

Əhməd Əhmədzadə: Cənab Prezident, 75 faiz təminatla 142 milyon kubmetr su var. Yəni 100 ilin 75 ilində 142 milyon kubmetr su olacaqdır.

Heydər Əliyev: Yəni istədiyimiz qədər.

Əhməd Əhmədzadə: Bəli. Amma arada quraqlıq illər də olur. Ancaq bu göllərin dolması hesabına düzələcəkdir. Ümumiyyətlə, bizə 16 min 800 hektar sahəni suvarmaq üçün 175 milyon kubmetr su lazım olur.

Heydər Əliyev: 175 milyon, demək, onda çatmır?

Əhməd Əhmədzadə: Biz 130 milyonu birdəfəlik yığırıq. Amma suyun axını davam edir. Yəni suyun dövr etməsi hesabına bu düzəlir və tam təminatlı suvarma sistemi olur.

Heydər Əliyev: Demək, əsas məsələ, bəndi, bu kanalları yaratmaqdır.

Əhməd Əhmədzadə: Burada iki məsələ də qalır. 15 kilometrlik elektrik xəttinin və 8 kilometrlik Şahbuz yolunun 3 kilometrinin çəkilməsi qalıbdır. Bunları da etmək lazımdır. Çünki 460 hektar sahəni su basması ehtimalı ola bilər. Ona görə də o sahədən yolu və elektrik xəttini çıxarmaq lazımdır.

Vasif Talıbov: Yol Şahbuza tərəf düz keçəcəkdir.

Heydər Əliyev: Ona görə yolu dəyişmək lazımdır.

Vasif Talıbov: Bəli, bir hissəsi, 5 kilometri çəkilibdir. Ortada bir hissə, 3 kilometr qalıbdır.

Abid Şərifov: Biz bu gün səhər yerli mütəxəssislərlə yerində xəttin və yolun yenidən qurulmasına baxmışıq.

Heydər Əliyev: Yaxşı, deməyə başqa sözünüz var?

Abid Şərifov: Xeyr.

Heydər Əliyev: Mənim üçün hər şey aydındır. Sabah müşavirədə geniş məlumat verərsiniz.

Oçerklər

İQTİSADİYYAT

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf