Aqrar bölmədəki islahatlarla əlaqədar vaxtilə təşkil olunmuş komissiyaların üzvlərini və ümumiyyətlə, aqrar islahatlarla məşğul olan orqanların, təşkilatların rəhbərlərini mən bu gün buraya dəvət etmişəm. Məqsədim bu işlərin gedişini təhlil etməkdən ibarətdir.
Bilirsiniz ki, 1995-ci ilin fevral ayında biz aqrar bölmədə islahatlar haqqında iki qanun qəbul etmişik və bu qanunların həyata keçirilməsini, onların icrasını təmin etmək üçün xüsusi komissiya təşkil etmişik. Eyni zamanda, aqrar islahatları geniş miqyasda aparmaq üçün bu müddətdə bir neçə dəfə görüşlər keçirilib, müzakirələr aparılıb. Biz ayrı-ayrı ölkələrdə, xüsusən Müstəqil Dövlətlər Birliyinə mənsub olan ölkələrdə aqrar islahatların aparılması ilə əlaqədar təcrübə ilə tanış olmaq üçün bəzi tədbirlər həyata keçirmişik. Bu islahatların bir neçə rayonda eksperiment şəklində geniş miqyasda keçirilməsi barədə də qərarlar qəbul etmişik. Şübhəsiz ki, bunlar öz nəticəsini veriblər. Ancaq hələ ki, biz aqrar islahatların həyata keçirilməsi, yəni aqrar bölmənin yeni prinsiplər əsasında işləməsi üçün qarşıda qoyduğumuz vəzifələrin hamısını yerinə yetirə bilməmişik, məqsədə nail ola bilməmişik.
Hesab edirəm ki, bir tərəfdən, qəbul etdiyimiz qanunların, qərarların həyata keçirilməsində səhlənkarlıq mövcuddur, amma eyni zamanda, təcrübənin olmaması və bəzi yerlərdə isə mühafizəkarlıq meylləri bu islahatların həyata keçirilməsinə maneçilik edir. Bu məsələ ilə dəfələrlə maraqlanarkən mənə bildirirlər ki, bu islahatları tamamilə geniş miqyasda həyata keçirmək üçün bir qanun da - torpaq islahatı haqqında qanun da lazımdır. Şübhəsiz ki, qanun lazımdır. Ancaq bu qanunu qəbul etmək üçün də, yəqin ki, bir çox işlər görmək, ölçüb-biçmək, təcrübə qazanmaq lazımdır.
İndi bu qanun layihəsi hazırlanıb, vaxtilə mənim fərmanımla yaradılmış komissiyada Arif Rəhimzadənin rəhbərliyi ilə bir neçə dəfə müzakirə olunubdur. Ancaq mənə məlumatlar veriblər ki, bu qanun layihəsinin bəzi müddəaları çox mübahisəlidir. Belə olan halda, şübhəsiz, mən həmişə məsləhət görürəm ki, məsələni bir daha, bir daha dərindən öyrənin, təhlil edin, məsləhətləşin, səhv buraxılmasın.
Bir şey hamıya aydın olmalıdır. Mən bunu dəfələrlə bəyan etmişəm və bu gün də deyirəm ki, iqtisadiyyatımızın bu günü və gələcəyi yalnız və yalnız iqtisadi islahatların həyata keçirilməsi ilə bağlıdır. Yolumuz budur, başqa yol yoxdur. Güman edirəm ki, ictimaiyyətimizin əksəriyyəti artıq bunu dərk edir. İslahatların bəzi yerlərdə həyata keçirilməsindən alınan müsbət nəticələr, mənfəətlər də insanları buna daha da inandırır. Ona görə də heç kəs başqa cür düşünməsin.
Bəziləri özlərini həddindən artıq islahatçı göstərmək istəyirlər ki, guya onlar çox islahatçıdırlar, amma başqaları mühafizəkardırlar. Onlar bu populist hərəkətlərindən əl çəkməlidirlər. Çünki burada dövlət siyasəti var. Dövlət siyasəti də prezident tərəfindən müəyyən edilir.
Bir prezident kimi mən Azərbaycanın aqrar bölməsində, ümumiyyətlə, iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Bu, dövlət siyasətimizin əsas prinsipləridir. Mən bunu dəfələrlə elan etmişəm.
Eyni zamanla, "Aqrar bölmədə islahatları belə aparmaq, elə aparmaq lazımdır" deyənlərdən daha yaxşı bilirəm və məlumatlıyam ki, iqtisadiyyatın aqrar bölməsi çox mürəkkəbdir. İndi biz özəlləşdirmə aparırıq. Məsələn, yanacaqdoldurma məntəqələrinin satılması o qədər də problem deyil. Onları ilk dəfə satmaq istəyən adamlar satıb pulun bir hissəsini ciblərinə qoymaq istəyirdilər. Biz bunun qarşısını aldıq. Ona görə də bu iş ləngidi. Ola bilər, belə şeylər olacaq, çünki biz bundan tamamilə sığortalanmamışıq. Ancaq bunlar o qədər də böyük problemlər deyil. Mağazaları da, başqa kiçik müəssisələri də özəl bölməyə satmaq problem deyil. Şübhəsiz ki, böyük müəssisələri özəlləşdirmək bunlara nisbətən mürəkkəb problemdir. Amma bunun da yolları məlumdur.
Aqrar bölmədə xüsusən torpaqla əlaqədar olan məsələ ən mürəkkəb məsələdir. Torpaqda işləməmiş, ömrünü Bakının küçələrində keçirmiş adamlar elə bilirlər ki, bu, asan məsələdir. Amma asan deyil. Mən bunu bir neçə dəfə demişəm, bir daha deyirəm. Vaxtilə, oktyabr inqilabından sonra kollektivləşmə prosesinə nail olmaq üçün on ildən çox vaxt keçdi. 1929-1930-cu illərdə kollektivləşmə proqramı oldu, kolxozlar yarandı, şəxsi mülkiyyətdən torpaqlar, kənd təsərrüfatı istehsal vasitələri alındı - bütün bunlar təzyiqlər, inzibati tədbirlərlə, insanların repressiyası, məhkum olunması ilə baş verdi. Bunlar tarixdən məlumdur ki, o vaxt qolçomaqları sürgün edirdilər. Torpaqların, ümumiyyətlə, kənd təsərrüfatının kollektivləşdirilməsinə mane olanları aradan götürürdülər, sürgün edirdilər. Muzdurları onların üzərinə qaldırırdılar. Yəni böyük bir repressiya gedirdi. Bütün bunlar da təsadufi deyildi. Çünki nəsildən-nəslə keçmiş torpaq mülk sahibinin idi. Onun torpağı, mülki, mal-qarası var idi və bunları tutub əlindən alanda, əlbəttə ki, o, müqavimət göstərəcəkdi. Bu, təbii bir şeydir. Ancaq o vaxtkı rejimin nə qədər sərt olmasına baxmayaraq kollektivləşdirmə prosesini bir-iki ilə aparmaq mümkün olmadı, nə qədər vaxt keçdi, qanlar töküldü, insanlar repressiya edildi.
Bundan sonrakı dövrdə insanların bir çoxu bunun əksi olan psixologiya ilə tərbiyə edildi. Onlar da fikirləşirlər ki, kolxozsuz, sovxozsuz yaşaya bilməzlər. Bu psixologiyanı da dəyişdirmək üçün indi biz inzibati bir iş görə bilmərik və görməyə də ehtiyac yoxdur, buna yol vermək, məcburi iş görmək olmaz.
Ona görə də torpaq islahatı, torpaq mülkiyyətində dəyişiklik aparmaq çox çətin məsələdir. Əvvəllər keçirdiyimiz görüşlərdə mən bunu bir neçə dəfə demişəm. Məsələn, mal-qaranın özəlləşdirilməsinə çox müqavimət göstərirlər, ancaq biz bunu çox yerlərdə həyata keçiririk. Məsələn, biz Naxçıvanda bu işə 1992-ci ildə başlamışıq. Mən dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə görüşümdə maraqlandım. O mənə dedi ki, Şahbuz rayonunda iki kolxozda qalıb, orada bir qədər mühafizəkarlıq edirlər, qalan yerlərdə bütün mal-qara kəndlilərə verilib, satılıb. O mənə dedi ki, indi hər tərəf - çöl, səhra mal-qaradır, qoyun-quzudur. Soruşuram ki, ət necədir, deyir ki, doludur. Mən Naxçıvanda yaşayanda, - hər halda mənim o vaxtkı yaşayış şəraitimi bilirsiniz, - bir də görürdün, xəbər gəlirdi ki, sabah səhər Cəhri kəndində ət kəsəcəklər. Yığışıb gedirlər ki, görsünlər kim tez bir kilo, iki kilo ət ala bilər. Bir neçə gündən sonra deyirdilər ki, Nehrəm kəndində ət kəsəcəklər. Ora gedirdilər. Çünki mağazalarda ət yox idi. İndi mənə danışırlar ki, Naxçıvanda küçələrdə, bazarlarda, hər yerdə ət var. Həmin yer, həmin torpaqdır, indi necə olur ki, orada hər yer ətlə doludur? Hətta deyirlər ki, əti aparıb sərhəddən o tayda da satırlar.
Təəssüf ki, Azərbaycanın bir çox başqa rayonlarında bu proses ləng gedir. Ona görə də bu il aprelin 2-də biz müşavirə keçirərkən bir daha ciddi göstəriş verdim ki, bunu etsinlər. Yəqin, vəziyyətin nə yerdə olduğu barədə bu gün məlumat verəcəklər. Mənim narahatçılığım yoxdur, bu proses gedir və bir neçə müddət də gedəcəkdir. Kənd təsərrüfatı naziri də mənə bir neçə dəfə məlumat veribdir ki, Bakının özündə də hər yerdə ət doludur, onun qiyməti də qalxmır, hətta deyirlər aşağı düşür. Yəni demək istəyirəm ki, heyvandarlıq sahəsində bu tədbirləri keçirməkdə problemlər var, amma çətin deyil.
Torpaq problemi isə ayrı-ayrı regionlarda müxtəlif xarakter daşıyır. Bununla mən bu gün onu demək istəyirəm ki, birincisi, fevralda qəbul etdiyimiz qanunlar icra edilir, ikinci tərəfdən də mən bu məsələnin mürəkkəbliyini bilirəm. Amma bunlara baxmayaraq nə qədər mürəkkəb olsa da, biz bu mürəkkəb məsələni iqtisadiyyatımız, vətəndaşlarımızın rifah halı üçün doğru-düzgün həll etməliyik.
Xatirinizdədir, vaxtilə mən müxtəlif respublikalara nümayəndə heyətləri göndərdim ki, getsinlər, onların təcrübələrini öyrənsinlər. Xəbər gəldi ki, Rusiyanın Oryol, Nijni Novqorod vilayətlərində islahatlar yaxşı nəticələr veribdir. Mənim göstərişimlə oraya gedən nümayəndə heyətinə Arif Rəhimzadə rəhbərlik edirdi. Onlar gedib həm Oryol, həm də Nijni Novqorod vilayətlərində olublar. Orada yaxşı təcrübə əldə edilib. Mən göstəriş vermişdim ki, digər sahələrdəki təcrübə ilə də yaxından tanış olsunlar, harada yaxşı nə varsa, onu götürək. Amma hansı sahədə səhv varsa, biz ona yol verməyək. Hesab edirəm ki, bizim bu sahədə müəyyən üstünlüyümüz var. Yəni biz tələsməmişik, ona görə də müxtəlif ölkələrdə, regionlarda olan təcrübədən daha da səmərəli istifadə edə bilərik.
Bu gün mən işimizi belə planlaşdırıram. Fevralda qəbul etdiyimiz iki qanunun icrası haqqında Abbas Abbasov məlumat versin. Torpaq islahatına aid hazırlanmış qanun layihəsi haqqında Arif Rəhimzadə məlumat versin və bu qanun layihəsinin məzmunu, mənası, çatışmayan cəhətləri, mübahisə doğuran yerləri, yaxud bu qanunun əhəmiyyəti haqqında danışsın. Bundan sonra fikir mübadiləsi aparaq. Ancaq xəbərdarlıq edirəm ki, bu gün danışıqlarımız, çıxışlar çox yığcam və konkret olmalıdır. Çıxış edənlərin hər biri çalışsın ki, konkret söz, fikir söyləsin, təklif desin, yaxud təcrübə haqqında yığcam məlumat versin. Yəni vaxtımıza qənaət etmək lazımdır. Mənim bu gün bir neçə başqa tədbirlərim də var. İmkan vermək olmaz ki, vaxt çox getsin.
Yekun sözü
Görürəm ki, bu qanun layihəsinin 11-ci maddəsi ətrafında çox söhbət gedir. Mübahisə də, fikir ayrılığı da əsasən bu maddə ilə əlaqədardır. Deyəsən, başqa maddələrlə bağlı o qədər də müxtəlif fikirlər yoxdur. Ancaq eyni zamanda bugünkü müzakirə bir daha təsdiq edir ki, torpaq islahatı aparmaq həqiqətən mürəkkəb bir prosesdir. Lakin biz bu işi görməliyik və torpaqda mülkiyyətin forması dəyişməlidir, konstitusiyamızda yazıldığı kimi, torpaq üzərində də xüsusi mülkiyyət olmalıdır. Bunların hamısı yalnız və yalnız respublikanın torpaqlarından ölkəmizin iqtisadiyyatının inkişafı üçün və əhalinin, vətəndaşların rifahının yaxşılaşması üçün daha səmərəli istifadə etmək məqsədi daşıyır.
Torpaq daim insanların ən böyük sərvəti olubdur. Hər şey torpaq üzərində qurulur. Bəşər tarixi torpaqdan istifadə üzərində meydana gəlib və əsrlər boyu bəşəriyyətin bugünkü vəziyyətinə gəlib çıxmasına xidmət edibdir. Ona görə də bir tərəfdən, biz torpağı qorumalıyıq, ona çox diqqətlə, çox qayğı ilə, çox ehtiyatla yanaşmalıyıq. Torpağın hər bir kvadratmetri bizim üçün əziz və əvəzsiz bir sərvətdir. Biz torpağa bu mövqedən yanaşmalıyıq. Bununla yanaşı, torpaqdan səmərəli istifadə olunması üçün bundan sonra çox ciddi işlər, çox ciddi tədbirlər görməliyik.
Ümumiyyətlə, bu gün torpaq islahatından söhbət gedəndə Azərbaycanın bütün torpaqları göz qabağına gəlir. Bütün torpaqları. Əldə etdiyimiz nailiyyətləri qiymətləndirməklə yanaşı, deməliyik ki, təkcə kənd təsərrüfatı məhsullarının istehsalı üçün yox, ümumiyyətlə, torpaqlardan səmərəli istifadə etmək prinsipləri daim pozulubdur. Təkcə kənd yelərində deyil, yəni kənd təsərrüfatı məhsulları istehsal edilən torpaqlarda deyil, şəhərlərdə də binaların, istehsal müəssisələrinin tikilməsində, yolların çəkilməsində, insan yaşayışı üçün lazım olan bütün qurğuların yaradılmasında torpağa münasibət həmişə çox səthi olubdur. Belə düşünüblər ki, torpaqdır, onun üstündə hər şey tikmək olar. Amma harada nə tikmək lazımdır, harada hansı binanı ucaltmaq lazımdır, torpağın hansı hissəsindən bağ üçün, bağça üçün istifadə etmək lazımdır, şəhərin hansı hissəsində, məsələn, bina, fabrik, zavod tikmək mümkündür, torpağın hansı hissəsində bitki əkilməlidir, məhsul istehsal edilməlidir, hansı hissəsi isə otlaq, yaxud meşə olmalıdır, hansı hissəsi Azərbaycanın təbiəti kimi qorunub saxlanılmalıdır. Bu məsələlər cəmiyyətimizdə alimləri də, ayrı-ayrı adamları da narahat edibdir. Bu bir tərəfdən. Digər tərəfdən isə bu işlərdə, bu məsələlərdə pərakəndəlik, bəzən özbaşınalıq, bəzən də torpağın çox qiymətli olduğunu dərk etməmək belə hallara gətirib çıxarmışdır.
Biz XX əsri sona çatdırırıq, 2000-ci ilə yaxınlaşırıq. Biz tarixin böyük bir ayrıcındayıq. Bir neçə ildən sonra üçüncü minilliyə qədəm qoyacağıq. Bu dünyada, yəni bizim planetimizdə insanlar nə qədər yaşayırlarsa, onların torpağa olan ehtiyacları da gündən-günə bir o qədər artır, torpağın qiyməti də bir o qədər artır. Biz indi müstəqil dövlətik, öz taleyimizin sahibiyik. Ərazimiz də o qədər böyük deyil, torpaqlarımız da o qədər çox deyil. Əhalimiz də artır, bundan sonra da artacaqdır. Ona görə də bu məsələyə çox qlobal mövqelərdən yanaşmaq lazımdır. Ümumiyyətlə, Azərbaycanın təbiəti, bütün torpaqları haqqında düşünmək gərəkdir. Bizim bu barədə gərək böyük dövlət proqramımız olsun.
İndi biz torpaq islahatı haqqında qanunun layihəsini müzakirə edirik. Sadəcə olaraq bu torpaqdan necə istifadə edilməsi, xüsusən kənd təsərrüfatı məhsulları üçün istifadə olunması haqqında danışırıq.
Amma mən sizi ümumiyyətlə bu məsələdən daha ətraflı danışaraq Azərbaycanın bütün təbiətinə, bütün torpaqlarına qlobal nöqteyi-nəzərdən baxmağa dəvət edirəm. Buna görə də fikirləşirəm ki, bizim ümumiyyətlə Azərbaycanın təbiəti ilə əlaqədar, Azərbaycanın bütün torpaqları ilə əlaqədar dövlət proqramımız olmalıdır. Bəlkə bu barədə bir qanun, böyük bir dövlət proqramı da qəbul etməliyik ki, təkcə kolxoz və sovxozlarda olan torpaqlar deyil, ümumiyyətlə, bütün torpaqlarımızdan bundan sonra necə istifadə olunmasını müəyyənləşdirək. Prinsip də bundan ibarət olmalıdır: qurmaq, qayğıkeşliklə yanaşmaq, torpağın qiymətli olduğunu daim dərk etmək və cəmiyyətə, ictimaiyyətə çatdırmaq, torpağa münasibəti tamamilə dəyişdirmək.
Güman edirəm ki, Nazirlər Kabineti, mənim aparatım, Prezident Aparatı bu məsələlərlə məşğul olmalı və mənə xüsusi təkliflər verməlidirlər.
Konkret surətdə müzakirə edilən məsələ haqqında isə onu demək istəyirəm ki, şübhəsiz, torpağı şəxsi mülkiyyətə vermək lazımdır. Amma bunu elə etmək lazımdır ki, bu proses hətta həyata keçirildiyi zaman da bizə zərər gətirməsin. Əksinə, bu prosesin həyata keçirildiyi dövrdə də biz bu qanunun, yaxud bu tədbirin müsbət nəticəsini, səmərəsini görə bilək.
Burada müxtəlif fikirlər söylənildi və bu, əvvəlki müzakirələrdə də olubdur. Bəziləri deyir ki, torpağı kənddə yaşayanların hamısına vermək lazımdır, digərləri deyir ki, torpaq yalnız təsərrüfatla bağlı olan adamlara verilməlidir, başqaları isə deyir ki, adamları kateqoriyalara bölmək, kimə az, kimə çox torpaq vermək lazımdır. Bu fikirlərin hamısında əsas var. Yəni cürbəcür fikirlərin olması da bu məsələnin həqiqətən nə qədər mürəkkəb olduğunu bir daha nümayiş etdirir. Bu gün görüşümüzün əvvəlində dediyim kimi, buna görə də bu məsələyə səthi, ötəri yanaşmaq olmaz. Gördüyünüz kimi, mən maraqlandım ki, təcrübə nədən ibarətdir, yaxud Nijni Novqorod vilayətində nəticə, səmərə nədən ibarətdir? Məmməd Abbasov Nijni Novqorod vilayətində görülən işlərin nəticəsi haqqında yazını burada oxudu. Mən onları da qınamıram, yəni onlar heç bir şeydə günahkar deyildilər. Onlar iş görüblər, işin müsbət nəticəsi də var, mənfi nəticəsi də. Bu işi biz də görürük. Ona görə də düşünməliyik ki, bu iş özbaşına rəvan getməyəcəkdir. Bunun çətinlikləri də olacaqdır.
Ancaq mən hesab edirəm ki, bir prinsip əsas götürülməlidir. Bu, ədalət prinsipidir. Sosial ədalət prinsipi. Keçmişdə Azərbaycanda, ümumiyyətlə başqa ölkələrdə də torpaqlar mülkədarların əlində olubdur. Bilirsiniz ki, 1861-ci ildə Çar Rusiyasında torpaq islahatı aparılıbdır. Təhkimçilik hüququ deyirdilər, onu ləğv ediblər. Gördüyünüz kimi, torpaqla hələ o vaxtlar da məşğul olublar. Sonralar Stolıpin islahatları deyilən islahatlar aparıldı, siz onu da bilirsiniz. Oktyabr inqilabından sonra sosialist quruluşu, kommunist rejiminin qanunları meydana gəldi. Lakin torpaq ümumiyyətlə həmişə şəxsi mülkiyyətdə olubdur. Amma keçmişdə şəxsi mülkiyyət şəraitində də hər adamda torpaq olmayıbdır. Keçmişin ədalətsizliyi bundan ibarət olub ki, torpağı vərəsəliklə nəsildən-nəslə veriblər - kimin ki, torpağı vardı, torpaq onunku olubdur, o da torpağını genişləndirib. Torpaq sahibləri olubdur, qalan adamlar da o torpaq sahiblərinin mülklərində, malikanələrində işləyiblər. Məsələn, bilirsiniz ki, Baltikyanı respublikalarda, Şərqi Avropa ölkələrində - kollektivləşmə aparılıb torpağın kolxozlara verildiyi ölkələrdə də bu proses çox gərgin gedir. Məsələn, Rumıniya prezidenti cənab İliyesku onlarda çətinliklərin nədən ibarət olduğunu mənə danışdı. Keçmişdə, 1945-1946-cı illərə qədər onlarda torpaq şəxsi mülkiyyətdə olubdur. Odur ki, onlar qərar qəbul etdilər ki, torpaqlar həmin illərədək kimin olubsa, onlara verilsin. Ona görə də bir para adamlar deyiblər ki, bu torpaq mənimdir, o torpaq mənimdir. Bəs onlardan sonra gələnlər?
Litva prezidenti Brazauskas mənə danışırdı ki, onlar da vaxtilə belə bir qanun qəbul ediblər və böyük çətinliklərlə qarşılaşıblar. Şükürlər olsun ki, bizdə belə deyildir. Amma keçmişdə torpaqlar ayrı-ayrı mülkiyyətçilərin əlində olubdur, torpağı onların əlindən alıblar, ümumiləşdiriblər, torpaq kollektiv mülkiyyət olubdur və bu kollektiv mülkiyyətdə hər adamın öz payı olubdur. Amma bununla yanaşı onların real payı olmayıbdır. Keçmişdə cürbəcür mərhələlərdə cürbəcür ədalətsizliklər olubdur. Gərək indi biz bu ədalətsizliyə yol verməyək. Keçmiş vaxtlarda nə olubsa, olubdur. Bu qaldı arxada. Biz indi gərək bu islahatı elə quraq ki, ədalətsizliyə yol verməyək. Sonra nə cür olacaq? Bu proseslər müəyyən qədər görünür. Amma bunlar artıq bazar iqtisadiyyatının qanunları ilə meydana gələn proseslərdir. Mən də bu fikirdəyəm.
Burada bəziləri belə fikir söylədilər ki, torpağı, məsələn, hamıya paylayanda hamının torpaqdan istifadə etməyə imkanı olmayacaqdır. Yəni biri sadəcə olaraq torpaq alacaq, lakin görəcək ki, ondan istifadə edə bilmir. Biri başqa işlə məşğuldur, torpaq payını alır, amma bu işə baş qatmaq istəmir, çünki onun başqa işi var. Buna görə də o, torpağı ya qohumuna verəcək, ya satacaq, ya da icarəyə verəcəkdir. Bunların hamısı olacaqdır. Torpaq islahatından sonra bir proses - təmərküzləşmə prosesi gedəcəkdir. Bəli, bu proses, şübhəsiz, gedəcəkdir. O şəxslər, o mülkiyyətçilər, yaxud torpağa bağlı olacaq, torpaqdan səmərəli istifadə edə biləcək ailələr bu işlə məşğul olacaqlar və onların ətrafında o xırda torpaq sahibləri də bəlkə birləşəcəklər. Amma bu, prosesin ikinci mərhələsidir. Bu, artıq təbii, obyektiv proses olacaqdır. İndi isə biz bu işi tənzimləyirik. Biz onu tənzimləyərkən, yəni qərar qəbul edərkən gərək sosial ədalətsizliyə yol verməyək. Yəni sosial ədalət prinsipini əsas götürək. Biz gərək sosial ədalət prinsipi ilə hərəkət edək.
Mənə elə gəlir ki, belə olan halda bu gün torpağın hamıya verilməsi, yaxud da verilməməsi məsələsi ortaya çıxır. Burada bir söz də dedilər ki, torpaq hamıya mənsubdur. Deyəsən, Aydın müəllim dedi ki, 7 milyon əhali var və bu 7 milyonun hamısına torpaq verilməlidir. Belə deyil. Məsələn, adam var ki, şəhərdə doğulub, onun babası da, ulu babası da heç vaxt torpaqla bağlı olmayıbdır. Mən vaxtilə burada işləyəndə yanımda mənə vəzifəcə çox yaxın olan bir nəfərlə, - onun adını çəkmək istəmirəm, - Zuğulbada dövlət bağında bəzən söhbət edəndə ondan soruşurdum ki, bu nə ağacıdır? Bu adam, məsələn, ərik ağacı ilə alça ağacını, yaxud alma ağacı ilə armud ağacını ayırd edə bilmirdi. Mənə məlum idi ki, bu adam bunu bilmir. Ona görə də gəzişərkən qəsdən soruşdum ki, bu nə ağacıdır? Ola bilsin ki, o küknarı, yaxud qovağı hər adam tanımasın. Amma, şübhəsiz, bağça-bağı olan, torpaqla məşğul olan adam meyvə ağacını mütləq bilir. O bilir ki, məsələn, bu ərikdir, bu almadır, alçadır, bu heyvadır, yaxud başqa ağacdır. Lakin dediyim həmin adam bunları bilmirdi. Neçə dəfə də demişdim ki, a kişi, sən bunları öyrən, gələn il biz bu bağda gəzişəndə səndən yenə soruşacağam ki, bu hansı ağacdır, o hansı ağacdır. Lakin yenə də bunu öyrənə bilmirdi. Əlbəttə, mən onu təqsirləndirə bilməzdim. Çünki bu adam dünyasında nə bağ görmüşdü, nə də bağça, nə kənd görmüşdü, nə də torpaq. Bu adam şəhərdə doğulub, şəhərdə də yaşayıb, asfaltdan, binadan başqa heç nə görməyibdir, kəndlə də əlaqəsi olmayıbdır. İndi bizdə belə adamlar çoxdur. Yoxsa, deməliyik ki, onlara da torpaq düşür? Əlbəttə ki, onlara torpaq düşmür. Əgər düşürsə, onda şəhərdə - deyək ki, Bakıda, Sumqayıtda, yaxud da Gəncədə olan torpaqlardan düşməlidir.
Buna görə də söhbət kənd təsərrüfatına yararlı torpaqlardan və kənd təsərrüfatı məhsulları istehsal etməklə məşğul olan adamlardan gedir. İndi bizim rayonlarda elə adamlar var ki, bu gün torpaqla bağlı deyil, yəni kolxozda işləmir, amma kənddə yaşayır, onun həyətyanı torpağı var. Burada o, tərəvəz də əkir, onun alması da var, armudu da, narı da var. Lakin kolxozda işləmir, yaxşı, biz ona torpağı nə təhər verməyək? Mən hesab edirəm ki, ona torpaq verməmək olmaz. Axı, o da bu torpağın sahibidir, vaxtilə kolxozda işləyibdir. Elə burada oturanların təxminən 90 faizi vaxtilə torpaqdan çıxan adamlardır. Elədirmi? Onlar torpaqdan çıxıblar, indi bəzilərinin kənddə qohum-əqrəbası qalıb, bəzilərinin heç kəsi qalmayıb, buraya gəliblər. Amma onlar torpaqla əlaqəsi olan adamlardır. Ona görə də bu barədə düşünmək lazımdır.
Zənnimcə, bunu bir də müzakirə etmək və düzgün qərara gəlmək vacibdir. Yenə də deyirəm, biz gərək bu tədbiri, bu qanunu çox ədalətli tədbir, çox ədalətli qanun edək. O, mənada ədalətli ki, əgər vaxtilə ədalətsizlik olubsa, kimlərinsə torpağını əlindən alıblarsa, kimləri isə öz mülkündən, öz əmlakından məhrum ediblərsə, biz ikinci dəfə bu islahatı apararkən gərək ədalətsizliyə yol verməyək. Bir daha qeyd edirəm, bizim bu tədbirimizin, yəni islahatımızın, qəbul edəcəyimiz qanunun əsas məqsədi bundan ibarətdir ki, torpaqdan istifadənin səmərəsini artıraq. Torpağımız çoxdur. Əgər biz bu torpaqlardan səmərəli istifadə etsək, o torpaqlardan 70-ci illərdə aldığımız məhsullardan da xeyli artıq məhsul əldə edə bilərik. Bütün tarix də bunu göstərdi ki, torpaqlardan yalnız o halda səmərəli istifadə etmək olar ki, bu torpaq kiminsə mülkü olsun, o buna şəxsi mülk kimi baxsın və ondan çox mənfəət götürməyə çalışsın. O, torpaqdan çox mənfəət götürdükdə, deməli, istehsalı artıracaqdır. Özü də mənfəət götürəcək, ümumi istehsalı da artıracaqdır. Bizim isə indi ümumi istehsalı artırmağımızın yolu sahibkarlığı, xüsusi mülkiyyətçiliyi artırmaq yoludur. Biz həm aqrar sektorda, həm sənaye sektorunda, həm də iqtisadiyyatın başqa sektorlarında bu yolla gedəcəyik.
Bax, bu mülahizələrlə mən komissiyaya bir daha tapşırıram ki, bugünkü müzakirələri də nəzərə alsınlar və iyul ayının 5-dək bu qanun layihəsinin son variantını mənə təqdim etsinlər. Bu komissiyanın rəhbəri Arif Rəhimzadədir. Siz dediniz ki, məsələn, 11 rayondan belə təklif gəlib, 30 rayondan başqa təklif gəlib, filan rayon başqa təklif göndərib. Görürsünüzmü, burada nə qədər rəngarənglik var. Elədirmi? Ona görə də oturub bunları bir daha təhlil edirik. Rayonlarda olan fikirlərlə əlaqədar daha bir müzakirə aparaq. Görək, bu niyə belə təklif verir, başqası niyə ayrı təklif göndərir. Şübhəsiz ki, bu, onların xüsusiyyəti ilə də bağlıdır.
Bir məsələni də qeyd edim ki, biz bu ümumi qanunu qəbul etdikdən sonra onun tətbiqi hər bir rayonda, hətta hər bir kənddə bir-birindən çox fərqli olacaqdır. Bu, tamamilə təbii haldır. Amma biz ümumi prinsipləri bu qanunda təsbit etməliyik, onun icrasını isə, zənnimcə, rayon təşkilatlarına, kənd təşkilatlarına həvalə etməliyik. Əlbəttə ki, məsələn, Lənkəranda torpaq azdır, İmişlidə isə çoxdur. Buna görə də Lənkəranda torpaq payı az, İmişlidə isə çox olacaqdır. Ağcabədidə torpaq payı çox, Astarada isə az olacaqdır. Bunlar tamamilə təbiidir. Lakin hər rayonun öz xüsusiyyəti var. Bu proses, məsələn, Xızıda bir cür gedib, Zaqatalada isə başqa cur. Bu da təbiidir. Ona görə bunları da nəzərə alaraq siz bu məsələni qanunda əks etdirməyə çalışın ki, seçmək üçün, manevr üçün imkan olsun. Əlbəttə, mən bu məsələ barəsində fərman verəcəyəm. Bəli, manevr üçün imkan olsun ki, daha keçmişdəki kimi olmasın - yəni Moskvada nə deyirdilərsə, onu hər yerdə tətbiq etmək lazım idi. Bilirsinizmi, o böyüklükdə ölkədə belə hərəkət edirdilər, yəni Moskvada bu cür deyiblər, ona görə də bunu Azərbaycanda da, yaxud Özbəkistanda da, Sibirdə də etmək lazımdır.
Biz burada fərq məsələsinə çox ciddi yanaşmalıyıq. Baxın görün, bunu qanunda necə əks etdirmək olar.
Mən hesab edirəm ki, biz bu gün çox səmərəli müzakirə apardıq. Siz bu layihəni mənə iyul ayının 5-dək təqdim etməlisiniz. Mən proqramımı əvvəldən sizə deyirəm. İyulun 5-dən 10-dək biz bunu sizinlə birlikdə bir daha müzakirə edəcəyik. İyulun təxminən 10-da bu məsələni artıq Milli Məclisdə müzakirəyə çıxarıb qanun qəbul etmək olar. Sağ olun.
"Azərbaycan" qəzeti, 25 iyun 1996-cı il.