"Azərqızıl" Dövlət Şirkəti ilə Amerikanın "P.V.İnvestment" Qrup Servisis LLS" Şirkəti arasında sazişin imzalanması mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü və yekun nitqi - 20 avqust 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Bu gün biz Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, xalqın rifah halının yaxşılaşdırılması sahəsində yeni bir layihənin imzalanması mərasiminə toplaşmışıq. Bu layihə Azərbaycanda təbii sərvətlərin Amerika Birləşmiş Ştatları ilə müştərək işlənməsinə həsr olunmuşdur.

Azərbaycan zəngin təbii sərvətlərə malikdir. Bu təbii sərvətlərdən keçmiş zamanlarda da Azərbaycan xalqının rifahı naminə istifadə olunubdur. İndi isə biz öz taleyimizin sahibi olaraq, müstəqil dövlət olaraq təbii sərvətlərimizdən sərbəst və daha da səmərəli istifadə etmək imkanını əldə etmişik.

Son illər bu istiqamətdə bir sıra gərəkli işlər görülmüşdür. Bildiyiniz kimi, Azərbaycan Respublikasının neft və qaz yataqlarının müştərək işlənməsi barədə dünyanın iri neft şirkətləri ilə bir çox böyük müqavilələr imzalanmışdır. Azərbaycanın zəngin neft-qaz yataqları var və bunların bir çoxu Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Bu, artıq bütün dünyaya məlumdur.

Ancaq Azərbaycanın təbii sərvətləri təkcə neft və qazdan ibarət deyildir. Biz bir çox başqa yeraltı sərvətlərə də malikik. Məlumdur ki, Azərbaycanın zəngin dəmir filizi, alunit, Filizçayda qurğuşun və sink yataqları, eyni zamanda zəngin qızıl, mis və gümüş yataqları var. Biz bu sərvətdən də səmərəli istifadə etməliyik.

Məlumdur ki, keçmiş zamanlarda Azərbaycanın dəmir filizi, alunit yataqlarından istifadə olunmağa başlanıb və bu, öz müsbət nəticələrini veribdir. XX əsrin əvvəlindən Azərbaycanın Gədəbəy bölgəsində olan mis yataqlarının da işlənməsinə və istifadə olunmasına başlanmışdı. Bildiyiniz kimi, bu işlər Almaniyanın "Simens" Şirkəti və bir neçə digər xarici ölkənin şirkətləri ilə həyata keçirilibdir.

Təxminən 50-ci illərdən başlayaraq Azərbaycanın əlvan metal yataqlarının istifadə olunmasına ciddi fikir verilib və bu sahədə bir çox kəşfiyyat işləri aparılıbdır. Bu kəşfiyyat işləri Azərbaycanın bir sıra bölgələrində əlvan metallardan qızıl, gümüş və mis yataqlarının mövcud olduğunu aşkar edibdir. Təəssüflər olsun ki, bu yataqlar kəşf ediləndən sonra bunların istifadə olunması barəsində uzun müddət lazımi tədbirlər görülməyibdir. Bu, keçmişin səhvləridir. Ola bilər, Azərbaycanın iqtisadiyyatının başqa sahələrində çox imkanlar olduğuna görə keçmiş zamanlarda bu sahələrə lazımi diqqət yetirilməyibdir.

Son illər biz müstəqil dövlət kimi, Azərbaycanın bütün sərvətlərinin müəyyən edilməsi və onlardan istifadə olunması planlarının təşkili işlərinə ciddi fikir veririk. Bununla əlaqədar Azərbaycanın qızıl, gümüş və mis yataqlarına xarici şirkətlərin marağı da artıbdır.

Məlumdur ki, biz indiki imkanlarımıza, öz vəsaitimizə görə bu yataqlardan müstəqil istifadə etmək imkanına malik deyilik. Ona görə də xarici ölkələrin şirkətləri ilə müştərək iş görülməsini bu barədə məqsədəuyğun hesab edirik. Bu baxımdan Amerika Birləşmiş Ştatlarının, Kanadanın şirkətləri ilə müəyyən danışıqlar aparılıb, müəyyən öyrənilmə işləri görülübdür. Bu işlərin nəticəsində biz hələ 1995-ci ildə belə bir fikrə gəldik ki, artıq bu yataqlardan istifadə etmək, yəni onların daha ətraflı kəşfiyyatının, işlənməsinin və nəticədə sənaye işləri aparılmasının vaxtı çatıbdır. 1995-ci ildən indiyə qədər aparılan tədqiqatlar, təhlillər, müzakirələr nəticəsində belə qərara gəlmişik ki, Azərbaycanın ərazisində olan bir qrup qızıl, mis və gümüş yataqlarının Amerika Birləşmiş Ştatlarının şirkəti ilə müştərək istifadə edilməsinin vaxtı gəlib çatıbdır.

Bu məsələlərlə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti məşğul olubdur. Respublikanın Nazirlər Kabineti bu məsələlərlə bilavasitə məşğul olub və öz təkliflərini irəli sürübdür. Bu təkliflər dəfələrlə müzakirə olunub, baxılıb, təhlil edilibdir.

Nəticədə mən bu barədə qərar qəbul etmişəm ki, Amerika şirkəti ilə Azərbaycanın "Azərqızıl" Dövlət Şirkəti arasında mühüm bir saziş imzalamaq mümkündür.

Bildirmək istəyirəm ki, biz bu məsələyə həddindən artıq ciddi və diqqətli yanaşırıq. Çünki Azərbaycanın neft və qaz yataqlarından istifadə edilməsinin böyük tarixi və bu sahədə böyük təcrübəmiz olduğuna görə son illərdə xarici ölkələrin iri neft şirkətləri ilə Azərbaycan arasında imzalanmış müqavilələrin hazırlanması bizim üçün o qədər çətin deyildir. Ancaq qızıl, gümüş, mis yataqlarından istifadə olunması sahəsində, - mən açıq demək istəyirəm, - bizim hələ təcrübəmiz yoxdur. Bu sahədə kəşfiyyat işləri çox aparılıb və deyə bilərəm ki, bizim geoloqlarımız, alimlərimiz bu məsələdə çox böyük təcrübə toplayıblar və çoxlu kəşfiyyat materialları əldə ediblər. Ancaq keçmiş zamanlarda biz bu yataqlardan, xüsusən qızıl, gümüş və mis yataqlarından bilavasitə istifadə olunmasına, yəni onların sənaye üsulu ilə işlənməsinə başlaya bilməmişik.

Ona görə də biz bu yataqlardan istifadə etmək, xarici şirkətlərlə əlaqə yaradıb müştərək işləmək üçün, - bir də qeyd edirəm, - çox iş görmüşük, xüsusən keçmiş Sovetlər İttifaqına mənsub olmuş bir neçə müstəqil dövlətin təcrübələrini öyrənmişik. Bu gün imzalanmağa hazır olan saziş məhz belə çox böyük, ətraflı işlərin nəticəsində mümkün olubdur.

Hesab edirəm ki, bu sazişin iqtisadi səmərəliliyi Azərbaycan üçün çox dəyərlidir. Sazişin göstəricilərinə görə bu yataqlardan təxminən 400 ton qızıl, 2500 ton gümüş, 1,5 milyon ton mis hasil etmək nəzərdə tutulubdur. Sazişin həyata keçirilməsi üçün ümumi sərmayə təxminən 500 milyon dollar həcmində nəzərdə tutulur. Bu vəsaitin 30-40 milyon dolları kəşfiyyat işlərinə yönəldiləcəkdir. Sazişin müddəti 15 ildir, 5 il və daha 5 il artırıla bilər. Üç il kəşfiyyat işlərinə həsr olunacaqdır. Əldə edilən gəlir hasilatın pay bölgüsü prinsipi əsasında bölüşdürüləcəkdir.

Yataqların adlarını da sizə bildirmək istəyirəm. Bunlar Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vəcnəli yataqlarıdır. Sazişin xüsusiyyəti bir də ondan ibarətdir ki, bu yataqlar Azərbaycanın müxtəlif bölgələrində yerləşir, onun ərazisinin bir çox hissəsini əhatə edir, işlər bu bölgələrdə həyata keçiriləcəkdir. Paytaxtda, Bakının ətrafında, Abşeron yarımadasında həyata keçirilən neft müqavilələrindən fərqli olaraq, bu işlər Azərbaycanın ərazisinin, demək olar, bir çox hissəsində görüləcəkdir. Bu da Azərbaycanın müxtəlif bölgələrində yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Sazişə görə işlərin aparılması üçün təxminən 10 min insan cəlb ediləcək və bunların 90 faizi yalnız yerli əhalidən ibarət olacaqdır.

Sazişin iqtisadi göstəricilərindən biri də ondan ibarətdir ki, Azərbaycanın "Azərqızıl" Şirkətinin payı 51 faiz, Amerika Birləşmiş Ştatlarının şirkətinin payı 49 faiz olacaqdır. Hasilatın pay bölgüsünə görə gəlirin təxminən 80 faizi Azərbaycana məxsus olacaqdır. Güman edirəm, bu deyilənlərin hamısı sazişin Azərbaycan üçün iqtisadi cəhətdən səmərəli olduğunu və sazişin imzalanmasının zəruriliyini sübut edir.

Bildirmək istəyirəm ki, iqtisadiyyat sahəsində indiyədək gördüyümüz işlər, həyata keçirdiyimiz tədbirlər, atdığımız addımlar və imzaladığımız müqavilələr Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək və Azərbaycan Respublikası əhalisinin, vətəndaşlarının rifah halını yaxşılaşdırmaq üçün edilibdir. Bu saziş də məhz həmin məqsədi daşıyır. Ona görə də hesab edirəm ki, bu saziş də Azərbaycan üçün faydalıdır, xeyirlidir və mən bunları nəzərə alaraq belə bir sazişin imzalanması haqqında qərar qəbul etmişəm. Bu saziş respublikamız üçün böyük əhəmiyyət kəsb etdiyinə görə buraya, imzalanma mərasiminə Azərbaycanın hökumət, dövlət nümayəndələri dəvət olunublar və mən bu sazişin imzalanmasında iştirak edirəm. Hesab edirəm ki, bu, iqtisadiyyat, Azərbaycanın sosial problemlərinin həlli sahəsində yeni bir addım olacaqdır. Bu sözlərlə də mən dəvət edirəm ki, saziş bu gün burada imzalansın.

Yekun nitqi

- Hörmətli xanımlar və cənablar, hörmətli qonaqlar, dostlar!

Mən sizin hamınızı bu gün burada, Azərbaycanın paytaxtı Bakıda Amerika-Azərbaycan iqtisadi əlaqələrinə həsr olunmuş yeni bir sazişin imzalanması münasibətilə təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu saziş uğurlu olacaq və Azərbaycan üçün, Amerika Birləşmiş Ştatlarının şirkəti üçün çox faydalı olacaqdır. Əmin olduğumu bildirmək istəyirəm ki, sazişin əməli surətdə həyata keçirilməsi üçün dərhal iş başlanacaq, lazımi təşkilatlar, müştərək orqanlar, rəhbər təşkilatlar yaranacaqdır. Şübhə etmirəm ki, bu saziş Azərbaycanın Milli Məclisi tərəfindən təsdiq olunacaq və ardıcıl surətdə həyata keçiriləcəkdir.

Sazişin imzalanması münasibətilə Amerika Birləşmiş Ştatlarından Azərbaycana gəlmiş və bu mərasimdə iştirak edən Amerika şirkətinin nümayəndələrini salamlayır və onları əmin edirəm ki, Azərbaycan tərəfi, Azərbaycan dövləti sazişin həyata keçirilməsinə nəzarət edəcək və onun yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasını təmin edəcəkdir.

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri vəzifəsini yerinə yetirən hörmətli xanıma, Amerikanın həyatında uzun illər çox böyük dövlət işlərində çalışmış və indi də ABŞ-ın siyasətində görkəmli yer tutan cənab Sununuya və Amerika şirkətinin prezidenti cənab Vəziriyə buradakı çıxışlarına və Azərbaycanın, Azərbaycan xalqının ünvanına dedikləri xoş sözlərə görə təşəkkür edirəm.

Bu mərasim münasibətilə mənə göndərdiyi məktuba görə Amerika Birləşmiş Ştatları Ticarət Nazirliyinin müşaviri və ABŞ prezidentinin yeni müstəqil dövlətlər üzrə xüsusi nümayəndəsi cənab Yan Kalitskiyə təşəkkür edirəm. Onun məktubda Azərbaycan haqqında ifadə etdiyi fikirləri yüksək qiymətləndirirəm və Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsindəki xidmətlərinə görə ona təşəkkürümü bildirirəm.

Hörmətli xanımlar və cənablar, bu gün sizinlə birlikdə biz əlamətdar bir hadisənin şahidiyik. Biz Azərbaycanın xoşbəxt gələcəyi üçün yeni bir ciddi addım atırıq. Azərbaycanın ərazisində olan yeraltı sərvətlər, o cümlədən qızıl, gümüş və mis filizi əsrlər boyu yatıb qalmış sərvətlərimizdir. Xatirimdədir, on illərlə Azərbaycanın alimləri, mütəxəssisləri ölkəmizin xəritəsini çəkərək belə əlvan metal yataqlarının olmasını daim qeyd ediblər, xəritələrdə işarə ediblər. Biz bununla daim fəxr etmişik, iftixar hissi ilə cürbəcür məclislərdə demişik, ancaq bu sərvətlər indiyə qədər yerin altında yatıb qalıb və xalq bunlardan heç vaxt istifadə edə bilməyibdir.

Biz Allahın, taleyin Azərbaycan xalqına bəxş etdiyi bu sərvətləri indi məhz xalqın rifah halını yaxşılaşdırmaq, xalqa təqdim etmək üçün işə başlayırıq. Bu, tarixi hadisədir. Bu gün iftixar hissi ilə deyə bilərik ki, bu tarixi addımı məhz indi, müstəqil Azərbaycanda biz atırıq. Biz Azərbaycanın gələcək nəsilləri üçün böyük töhfə veririk. Bu, XXI əsrə böyük bir töhfədir. Mən şübhə etmirəm ki, bu yataqlar işlənən zaman Azərbaycanın yeraltı sərvətlərinin daha da çox olduğunu müşahidə edəcəyik. Göstərilən rəqəmlər ancaq ilkin rəqəmlərdir, onlar daha da artacaq və bu saziş Azərbaycan xalqına 15-20 il yox, bütün XXI əsrdə çox böyük xidmətlər göstərəcəkdir.

Bugünkü hadisə Azərbaycanın müstəqilliyini bir daha təsdiq edir, iqtisadiyyatımızın bazar iqtisadiyyatı yolu ilə getdiyini göstərir, Azərbaycanın qapılarının xarici investisiyalara açıq olduğunu əyani surətdə nümayiş etdirir, Azərbaycan dövlətinin iqtisadi siyasətini sözlə yox, əməli işlə dünyaya nümayiş etdirir.

Bu saziş Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əlaqələrin ardıcıl surətdə inkişaf etməsini göstərir. Onu göstərir ki, avqustun 1-də Vaşinqtonda Amerika prezidenti Bill Klintonun və Azərbaycan prezidentinin imzaladığı sənədlər bizim tərəfimizdən artıq əməli surətdə həyata keçirilir.

Fürsətdən istifadə edərək bir daha bildirmək istəyirəm ki, Azərbaycan prezidentinin Amerika Birləşmiş Ştatlarına ilk rəsmi səfəri, bu səfər zamanı keçirilən görüşlər və aparılan danışıqlar, imzalanan sənədlər, ABŞ prezidenti cənab Bill Klinton, Amerikanın digər dövlət xadimləri ilə çox səmərəli görüşlər və danışıqlar, əldə edilən nəticələr Azərbaycan Respublikası, xalqı üçün tarixi əhəmiyyət kəsb edir. Bu rəsmi səfərə, imzalanmış sənədlərə görə və əldə edilən nəticələr Azərbaycan Respublikası, xalqı üçün tarixi əhəmiyyət kəsb edir. Bu rəsmi, səfərə, imzalanmış sənədlərə görə və əldə edilən çox müsbət nəticələrə görə, Amerika Birləşmiş Ştatlarında Azərbaycanın nümayəndələrinə hər yerdə, hər şəhərdə göstərilən qayğı və diqqətə, böyük qonaqpərvərliyə görə mən bir daha, bir daha təşəkkürümü, minnətdarlığımı bildirirəm.

Bu münasibətlə dünən, avqustun 19-da prezident Klintonun doğum günündə mən cənab Klintona xüsusi məktub göndərdim, Amerika-Azərbaycan əlaqələri, Azərbaycan prezidentinin Amerikaya səfərinin yekunları haqqında öz fikirlərimi, mülahizələrimi ifadə etdim və bir daha bildirdim ki, biz Amerika-Azərbaycan əlaqələrinə sadiqik, tərəfdaşlıq, dostluq əlaqələrinə bundan sonra da sadiq olacağıq və əldə edilmiş nəticələri daha da yüksəklərə qaldırmaq üçün çalışacağıq.

Amerika Birləşmiş Ştatlarında aparılan danışıqlardan və keçirilən görüşlərdən, imzalanmış sənədlərdən sonra bu gün Bakıda, Azərbaycanda Amerika şirkəti ilə Azərbaycan şirkəti arasında böyük bir sazişin imzalanması bizim imzaladığımız sazişlərə sadiq olduğumuzu və eyni zamanda verdiyimiz bəyanatların həyata keçirilməsini sübut edir.

Amerika Birləşmiş Ştatlarında olarkən mən bütün görüşlərdə bildirmişdim ki, Azərbaycanın iqtisadi imkanları təkcə neft və qaz sənayesi, yaxud neft-qaz yataqları ilə məhdudlaşmır. Azərbaycanın təbii sərvətləri və iqtisadi imkanları çoxdur. Ona görə də Amerika Birləşmiş Ştatlarının şirkətləri bütün başqa sahələrdə Azərbaycanla əməkdaşlıq edə bilərlər və mən onları bu əməkdaşlığa dəvət etmişdim.

Bu gün imzalanmış saziş onu sübut edir ki, doğrudan da Azərbaycanın belə imkanları var və ölkəmizin iqtisadiyyatının bir çox başqa sahələrinə güclü investisiya qoymaq mümkündür. Amerika Birləşmiş Ştatlarının çox mühüm bir şirkətinin Azərbaycanın əlvan metal yataqlarına böyük həcmdə investisiya qoyması bunu sübut edir. Ümidvaram ki, Amerika Birləşmiş Ştatlarının, digər ölkələrin şirkətləri bugünkü hadisəyə maraq göstərəcək və Azərbaycan iqtisadiyyatının bir çox başqa sahələrində bizimlə əməkdaşlıq üçün təkliflər təqdim edəcəklər. Bildirmək istəyirəm ki, biz hər belə təklifə diqqətlə yanaşacağıq və əməkdaşlıq üçün əlverişli şərait yaranmasını təmin edəcəyik.

Bu gün bir daha bəyan edirəm ki, Azərbaycan öz dövlət müstəqilliyini qoruyub saxlayaraq ərazisində olan bütün imkanlardan bundan sonra da səmərəli istifadə etməyə çalışacaq və bu münasibətlə xarici investisiyaların Azərbaycana gəlməsini zəruri, çox əhəmiyyətli hesab edir. Qapılarımız hamı üçün açıqdır və Azərbaycana maraq göstərən hər bir şirkəti, ölkəni qəbul etməyə hazırıq.

Hörmətli xanımlar və cənablar, bu əlamətdar hadisə münasibətilə, Azərbaycanın gələcəyi üçün çox əhəmiyyətli olan sazişin imzalanması münasibətilə sizi təbrik edirəm və əminəm ki, bu saziş uğurlu, xeyirli olacaqdır. Sağ olun.

"Azərbaycan" qəzeti, 21 avqust 1997-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Sosial-iqtisadi inkişaf