Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə nitqi - 4 mart 1994-cü il


Hörmətli müşavirə iştirakçıları!

Bu gün respublikamızın kənd təsərrüfatında yaranmış vəziyyətlə əlaqədar çağırılmış müşavirə çox böyük zərurətdən doğan bir hadisədir. Biz bir neçə aydır ki, kənd təsərrüfatı ilə əlaqədar müəyyən tədbirlər keçirmək fikrindəydik. Bu tədbirlər sırasında belə bir müşavirənin keçirilməsi, ayrı-ayrı regionlarda görüşlər, məsləhətləşmələr aparılması və ümumiyyətlə kənd təsərrüfatının vəziyyətinin təhlil olunması nəzərdə tutulurdu.

Respublikanın belə ağır vəziyyətdə olması və bizim, şəxsən mənim vaxtımın çox hissəsinin müharibə məsələlərinə həsr edilməsi bu müşavirənin vaxtında keçirilməsinə mane olmuşdur. Şübhəsiz ki, belə bir müşavirə iki-üç ay bundan əvvəl keçirilsəydi və müvafiq tədbirlər görülsəydi, biz daha yaxşı nəticələr əldə etmiş olardıq. Ancaq buna imkan olmadı. Sizə deyə bilərəm ki, elə bu gün də müşavirə ekstremal bir şəraitdə keçirilir. Bu gün bizim mühüm tədbirlərimiz var, onlar çox vaxt aparır. Əlbəttə, bunlarla yanaşı, bugünkü görüşümüzün də keçirilməsinə mən çox çalışdım. Üç saatdan çoxdur ki, biz kənd təsərrüfatı ilə əlaqədar müzakirə aparırıq.

Bildiyiniz kimi, respublikamız ağır iqtisadi-sosial böhran içərisindədir. Respublikanın iqtisadiyyatının və sosial həyatının bütün sahələrini bürüyən bu böhran təəssüf ki, ilbəil dərinləşir, ölkənin həyatına onun mənfi təsiri güclənir.

Mən respublikanın bu vəziyyətdə olması barədə öz fikirlərimi dəfələrlə demişəm, təkrara ehtiyac yoxdur. Ancaq qısaca bir də qeyd etmək istəyirəm ki, respublikanın böhran vəziyyətində, müharibə şəraitində olması müstəqil Azərbaycanı həddindən ziyadə ağır vəziyyətə salmışdır. Bunlar hamısı əhalinin həyat tərzinə mənfi təsir edir və ümumiyyətlə, respublikanın bu günü və gələcəyi üçün çox böyük çətinliklər yaradır. Ancaq eyni zamanda xalqımız, ictimaiyyət bilməlidir ki, Azərbaycanın daxili imkanları çox böyükdür, böhran vəziyyətindən çıxmaq üçün mümkünatlar da var. Biz bu imkanların hamısını işə salmalı, onlardan səmərəli istifadə etməli və respublikamızı bu ağır vəziyyətdən çıxarmalıyıq.

Məlumdur ki, bu iqtisadi və sosial böhran hələ keçmiş Sovetlər İttifaqı mövcud olduğu dövrdə gedən mənfi proseslərin məntiqi nəticəsi idi. Sovetlər İttifaqı dağılandan sonra, Azərbaycan müstəqillik əldə etdiyi dövrdən indiyə qədər respublikanın iqtisadiyyatında düzgün və doğru yolun təyin edilməməsi və iqtisadiyyatla ciddi məşğul olunmaması da bu sahədə xeyli gerilik yaratmışdır. Bütün bunlar həm də Azərbaycanın son illər müharibə şəraitində olmasının nəticəsidir. Əgər iqtisadi və sosial böhran keçmiş Sovetlər İttifaqının bütün respublikalarına bu və ya digər səviyyədə təsir etmişdirsə, bizim respublikada belə ağır vəziyyət yaranmasının başqa bir səbəbi də müharibə şəraitidir.

Yenə də qeyd edirəm, vəziyyət ağırdır, çətindir. Bu da xalqın həyat səviyyəsinin aşağı düşməsinə gətirib çıxarmışdır, əhalinin kasıblaşmasına səbəb olmuşdur. Ancaq respublikamızın daxili potensialı böyükdür. Bu potensialdan səmərəli istifadə olunsa, vəziyyət tədricən yaxşılaşa bilər və yaxşılaşmalıdır. Azərbaycan bu vəziyyətdən tədricən çıxa bilər və çıxmalıdır. Bu vəziyyətdən çıxmaq üçün şübhəsiz ki, birinci növbədə müharibəyə son qoyulmalıdır. Bilirsiniz ki, bu sahədə biz ciddi addımlar atmışıq. Ançaq bunlar hələ nəticə verməyib, müharibə davam edir. Biz bundan sonra da lazımi tədbirlər görmək əzmindəyik. Müharibə nə qədər davam etsə, respublikanın iqtisadiyyatında olan bu vəziyyəti normal hala salmaq çox çətin olacaq.

Bir həqiqəti də hamı bilməlidir ki, müharibə aparan ölkə (dünya təcrübəsində də bu belə olub) iqtisadi çətinliklərə məruz qalır və bu çətinliklərə dözməlidir. Müharibə gedən ölkənin əhalisi də dərk etməlidir ki, əgər respublika müharibə aparırsa və bu müharibə ölkənin suverenliyinin, müstəqilliyinin qorunmasına xidmət edirsə, belə halda hamı bir olmalı və hamı bilməlidir ki, müharibə şəraitində yaşayış sülh dövründəki yaşayışdan fərqlidir. Bu, təbii bir haldır, bunu hər kəs dərk etməlidir. Ancaq bunlar hamısı o demək deyil ki, biz hər şeyi müharibənin üstünə yıxıb, yaxud müharibə ilə bağlayıb iqtisadiyyatda lazımi tədbirlər görməməliyik. Məhz bu mənada kənd təsərrüfatının vəziyyətinin təhlil olunması və yaşadığımız konkret mərhələdə kənd təsərrüfatı sahəsində lazımi tədbirlər görülməsi zərurəti bizi bu müşavirəyə gətirib çıxarmışdır.

İqtisadiyyatdakı böhrandan danışarkən, şübhəsiz ki, kənd təsərrüfatındakı ağır vəziyyəti unutmaq olmaz. Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir, demək olar ki, yarısından çoxudur. Əhalinin yarısı, ola bilər ki, yarısından bir qədər azı kənddə yaşayır, kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğuldur.

Ona görə də kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında, bir tərəfdən böyük yer tutur, digər tərəfdən isə, iqtisadiyyatımıza həm mənfi, həm də müsbət təsir göstərə bilir. Sənayenin də bir hissəsi, ola bilsin, böyük bir hissəsi kənd təsərrüfatı məhsulları istehsalı ilə bağlı olduğuna görə kənd təsərrüfatının Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti var. Bunu aşkar görürük.

Təəssüf ki, Azərbaycanın böyük kənd təsərrüfatı potensialı son illər ərzində ardı-arası kəsilmədən dağılıbdır. Burada Nikitin 1982-ci ildə kolxoz və sovxozların, kənd təsərrüfatının vəziyyətindən danışdı. Gəlin, tək 82-ci ili götürməyək. Həmin ildən sonra, təxminən 85-ci ildən başlayaraq Sovet İttifaqında gedən proseslərin nəticəsində və xüsusən bu proseslərin Azərbaycanda çox əcaib şəkildə həyata keçirilməsi nəticəsində respublikanın kənd təsərrüfatı potensialı dağılıbdır.

Mənə keçən ilin yekunlarına dair rəqəmlər veriblər. Keçən il əldə edilmiş məhsullar az miqdarda olub. Ötən il respublikamız 1 milyon 143 min ton taxıl, 283 min ton pambıq istehsal edibdir. Üzüm istehsalı 410 min tondur, lakin burada nazir dedi ki, 287 min ton üzüm tədarük olunubdur. Bunlar bizim əsas kənd təsərrüfatı məhsullarımızdır. Tütün 47 min ton, digər məhsullar da əvvəlki illərə nisbətən bir neçə dəfə az istehsal edilib. Mən burada cədvələ baxarkən gördüm ki, yalnız çay məhsulu istehsalı əvvəlkinə nisbətən azalmayıb.

Deyin görək, Azərbaycanda nə vaxt 280 min, yaxud 275 min ton pambıq yığılıb təhvil verilmişdir?! Deyin görək belə şey nə vaxt olub? Yadınızdadırsa, bu, 60-cı illərdə olmuşdur. Ondan sonra Azərbaycanda pambıqçılığın inkişafı üçün çox geniş və səmərəli tədbirlər görülmüş, yeni sahələr istifadəyə verilmiş, təmizlənib əkin üçün yararlı hala salınmış, su qurğuları yaradılmış, suvarılan sahələr genişləndirilmiş, pambıqçılıq sahəsində təcrübə artırılmış və nəticədə o illərdə pambıq istehsalı sabit olaraq təxminən 800 min ton səviyyəsinə çatdırılmışdır.

Həmin illərdə üzüm istehsalı da sabit olaraq 1,5-1,8 milyon ton idi, taxıl istehsalı 1,5-1,6 milyon ton olurdu. Bəs sonralar nə oldu? Yenə də deyirəm, 1985-ci ildən sonra Sovet İttifaqında gedən düşünülməmiş cürbəcür tədbirlərin Azərbaycanda da həyata keçirilməsi, özü də əcaib şəkildə, zərərli şəkildə həyata keçirilməsi kənd təsərrüfatımızı gətirib bu hala salmışdır. kənd təsərrüfatı naziri məlumat verir ki, 150 min hektar üzüm sahəsi məhv edilmişdir. Bir təsəvvür edin, bu, Azərbaycan xalqı üçün necə böyük zərbədir, xəyanət, zərərdir! 150 min hektar üzüm plantasiyalarını dağıdıblar ki, guya onların yerində yem bitkiləri əkəcək, heyvandarlığı inkişaf etdirəcəklər. Bəs haradadır o yem bitkiləri? Nə üçün əkilmədi? Yoxsa, Azərbaycanda yem bitkiləri üçün yer qəhət idi?

Üzümçülər ümumiyyətlə, kənd təsərrüfatı sahəsində işləyənlər yaxşı bilirlər ki, bir hektar sahədə üzüm bağı salmaq üçün nə qədər vəsait lazımdır, nə qədər zəhmət çəkmək gərəkdir. 70-ci illərlə Azərbaycanda üzüm sahələrinin hər il 10-15 min hektar artırılması nəticəsində biz ildə 1,5-1,8 milyon ton üzüm istehsal edirdik. Azərbaycan müstəqil bir dövlət kimi yaşaması üçün hansı kənd təsərrüfatı məhsullarını sata bilər? Dünən biz bu məsələni dörd saat müzakirə etmişik. Satılası əsas məhsullar pambıq, şərab məhsulları və bir də tütündür. Başqa heç nə sata bilmərik. Bunlar müstəqil Azərbaycanın kənd təsərrüfatı sahəsində ixrac imkanlarıdır.

Lakin yadınıza salın, o vaxtlar deyinməyə başladılar ki, nə üçün pambıqçılıq belə geniş miqyasda inkişaf etdirilir. Üstəlik, bir şair də dedi ki, pambıq əkilib-becərilməsi Azərbaycana xəyanətdir. Bir jurnalist burdan, bir artist ordan danışmağa başladı ki, nə üçün üzümçülük bu qədər inkişaf etdirilmişdir. Bəli, Azərbaycana paxıllıq, düşmənçilik edən adamların, xüsusən qonşu ermənilərin Azərbaycanda üzüm istehsalının görünməmiş miqdarla artmasına görə ürəkləri partlayırdı. Çünki Ermənistan dövri-qədimdən üzümçülük, şərabçılıq ölkəsi olduğu halda, ildə vur-tut 240-250 min ton üzüm istehsal edirdi, Azərbaycanda isə bir neçə ilin ərzində üzüm istehsalı bir milyon tonu ötüb keçmişdi. Əlbəttə ki, onlar buna həm paxıllıq edir, həm də Azərbaycanın iqtisadiyyatını pozmaq, respublikamıza zərbə, ziyan vurmaq üçün cürbəcür təbliğat işləri aparırdılar. Bu, təbiidir. Çünki onlar bizə düşməndirlər, Azərbaycan iqtisadiyyatının, xüsusən kənd təsərrüfatının böyük yüksəlişdə olması, sürətlə inkişaf etməsi onların ürəyini partladırdı.

Bəs Azərbaycanın ziyalıları, bəzi guya qabaqcıl adamları, bəzi guya alimləri, kənd təsərrüfatı alimləri nə etdilər? Azərbaycanı haraya gətirib çıxartdılar? Biri başladı çıxış etməyə ki, üzümçülük Azərbaycana zərərdir, biri dedi ki, pambıqçılıq Azərbaycana zərərdir. Azərbaycanda da ağıllı bir adam olmadı ki, bunlara desin, ay kişi sən şairsən, get şairliyini elə, jurnalistsən, get jurnalistliyinlə məşğul ol, artistsən, get artistliyini et, müğənnisən, get mahnını oxu. Axı sən nə bilirsən kənd təsərrüfatı nədir?

Sonra da başladılar bir-birinə hay verməyə, küy verməyə, qəzetlər yazdılar, axırda Azərbaycanın kənd təsərrüfatını batırdılar. Həmin şəxslər heç bir zərər çəkməyiblər, onlar yenə də əmək adamlarının, zəhmət adamlarının, necə deyərlər, qanını sormaqla məşğuldurlar, onların yaşayışında elə bir çətinlik olmayıb.

Bilirsiniz ki, üzüm bağlarının salınması nəticəsində əməkçilər nə qədər zəhmət haqqı almışdılar, zənginləşmişdilər. Məsələn, Yardımlı, Lerik rayonlarında hər hektardan 45 sentnerdən artıq taxıl almaq mümkün deyildi. Həmin rayonlarda bir neçə min hektar üzüm bağı salmaqla, orada 15-20 min ton üzüm istehsal etməklə, bu rayonların iqtisadiyyatı o illərdə yüksək səviyyəyə qaldırılmışdı. Yaxşı, götürün o bağları kəsin, sonra nə olsun?

150 min hektar üzüm bağı dağılıb. Dağıtmaq asandır, yaratmaq çətr. O vaxt işləyən adamların yəqin ki, yadındadır, biz o üzüm bağlarını salmaq üçün nə qədər böyük əziyyətlər çəkdik. Tənək çubuqlarını Avropadan, Moldovadan, Krımdan, Bolqarıstandan, Rumıniyadan, Macarıstandan gətirirdik. Onları əkmək üçün adamları öyrətmək lazım idi. Tənəkləri qaldırmaq üçün beton dirəklər, məftillər lazım idi. Nə qədər işlər tələb olunurdu. Bunlar hamısı aybaay, günbəgün, ilbəil görüləsi işlər idi. Respublikanın kənd adamlarının zəhməti nəticəsində yaranmış ənənələri, mövcud potensialı bir-iki ilin içərisində dağıtdılar. Qorbaçov guya alkoqolizmə qarşı mübarizə aparırdı. Bunun Azərbaycana dəxli var idimi? Ermənilər Azərbaycana xəyanət edərək deyirdilər ki, nə üçün burada bu qədər şərab istehsal olunub?

Azərbaycanın müstəqilliyi haqqında düşünən adamlar o vaxt bilməli, başa düşməli idilər ki, respublikanın ixrac etdiyi əsas kənd təsərrüfatı məhsulları üzüm, pambıq, tütün və tərəvəz məhsullarıdır. Azərbaycan nə ot, nə süd, nə də yağ istehsal edib ixrac edə bilməz. Çünki bizim iqlimimiz və təbiətimiz buna imkan vermir.

1980-ci illərdə, xüsusilə 80-ci illərin ikinci yarısında və 1990-cı ildə aparılan təbliğat Azərbaycanın kənd təsərrüfatını gətirib bu vəziyyətə saldı. Dünən biz oturub fikirləşirdik. Respublikada cəmi 110 min ton mahlıc var. Bu mahlıc hara, nə qədər getsin, necə satılsın ki, bunun bir hissəsi kənd təsərrüfatımızın ehtiyaclarının təmin olunmasına yönəldilsin, qalan hissəsi isə respublikaya valyuta gətirsin? Amma əvvəlki dövr, o vaxtkı istehsal olsaydı mahlıc bundan dörd dəfə artıq olacaqdı, bu mahlıcı da biz rahat satıb həm kənd təsərrüfatının ehtiyaclarını ödəyə bilər, həm də Azərbaycanın valyuta fonduna xeyir verərdik - respublikanın bu ağır vəziyyətində camaatın yaşayışını təmin edə bilərdik.

Yenə də deyirəm, dağıtmaq böyük ağıl tələb etmir. Dağıdanlar həmişə ağılsızlar, xalqa xəyanət edən adamlar olublar. Onlar o illərdə respublikanın kənd təsərrüfatını dağıdıblar. Amma yaratmaq üçün, şübhəsiz ki, səy, iş, xalqa sədaqətlə xidmət etmək lazımdır. Dağılmış şeyləri bərpa etmək daha çətindir.

Əgər vaxtilə yeni torpaqlar istifadəyə verib üzüm bağları əkirdiksə, yeni bir şey yaradırdıq. Amma dağılmış bağlarda yeni bir şey yaratmaq asan deyil. Siz təsəvvür edin, üzüm tənəklərini oradan çıxarmaq üçün nə qədər vəsait sərf etmək lazımdır. Bu qədər də cinayət, xalqa xəyanət etmək olardımı?

Bu xəyanəti törədənlər indi də özlərini qəhrəman hesab edirlər, də böyük iddialarla yaşayırlar. Mən üzümçülük, pambıqçılıq haqqında xüsusi danışdım, çünki bunlar Azərbaycanın kənd təsərrüfatının əsas sahələridir. Mən Azərbaycanda uzun müddət işlədiyim dövrdə o zaman kənd təsərrüfatımızı lazımi səviyyədə öyrəndiyimə görə, respublikanın mənafeyini, başqalarından az müdafiə etmədiyimə görə o vaxt da, bu gün də belə fikirdəyəm ki, kənd təsərrüfatımızda bu sahələr inkişaf etməlidir. Bundan sonra gərək xalqımız ayrı-ayrı nadanların sözü ilə imkan verməsin ki, həmin sahələr dağılsın, inkişaf etməsin.

Şübhəsiz ki, bu vəzifələrin hamısını bir gündə, bir ayda, bir ildə yerinə yetirmək mümkün deyil. Ancaq biz bu işə başlamalıyıq, bu işi görməliyik və Azərbaycanın böyük kənd təsərrüfatı potensialını hərəkətə gətirməliyik. İndi bir tərəfdən müharibə gedirsə və erməni silahlı qüvvələrinin işğal etdiyi rayonlarda ərazilər darmadağın olubsa, bu, müharibənin nəticəsidir. Ancaq kənd təsərrüfatı sahəsini bilməyənlər və bəzən ona qəsdən xəyanət edənlər, bəzən də öz ağılsızlıqları üzündən bu sahəni pis vəziyyətə salanlar - Azərbaycanın o vaxtkı rəhbər adamları kənd təsərrüfatımızı müharibədən çıxmış bir vəziyyətə salmışlar. Biz kənd təsərrüfatını bu vəziyyətdən çıxarmalıyıq.

Respublikamız artıq müstəqil bir ölkədir, dövlətdir. Kənar yerdən bizə nə ət, nə yağ gələcək, nə taxıl məhsulları, nə də başqa şeylər gələcək. Biz öz ərazimizin, təbiətimizin imkanlarından, Allahın respublikamıza, xalqımıza verdiyi bu nemətlərdən səmərəli istifadə edərək xalqımızı yaşatmalıyıq. Sizə qəti deyirəm ki, xalqımızın öz torpağından, iqlimindən, təbiətindən istifadə edərək rahat və yaxşı maddi səviyyədə yaşaması üçün Allah ölkəmizə hər şey verib. Biz bundan, yenə də deyirəm, səmərəli istifadə etməliyik, bu işi planlı, ardıcıl şəkildə aparmalıyıq. Azərbaycanın kənd təsərrüfatı potensialı bərpa edilməlidir. Torpaqlarımız, hava, su, ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə olunmalıdır. Belə hesab edirəm ki, bu işlər qısa bir müddətdə öz nəticəsini verəcək, Azərbaycan Respublikasının əhalisi öz torpağının bəhrəsini götürüb yaşayacaqdır.

Şübhəsiz ki, bu məqsədlə lazımi tədbirlər görmək lazımdır. Biz bu tədbirləri həyata keçirəcəyik. Bugünkü müşavirəmiz həm bu məsələlərin həll olunmasına, həm də Azərbaycanın ictimai fikrinin bu sahəyə cəlb edilməsinə yönəldilmişdir, eyni zamanda ki dövrdə, bu mərhələdə kənd təsərrüfatının cari problemlərinin və həmin sahədə olan vəzifələrin müəyyən olunmasına həsr edilmişdir.

Bu baxımdan nə deyə bilərəm? Şübhəsiz ki, keçən illərə nisbətən, yəni bu illərlə müqayisədə vəziyyət ağırdır, çox şeylər çatmır. Əvvəlki illərdən fərqli olaraq, biz müstəqil bir dövlət kimi çatışmayan texnikanı özümüz tapmalıyıq.

Əvvəllər belə idi ki, çatmayan texnika, gübrə, kənd təsərrüfatı işlərini aparmaq üçün ayrı-ayrı ləvazimat ümumittifaq fondundan gəlirdi. bunların heç biri yoxdur. Müstəqil dövlətik. Respublikamız hər şeyi öz vəsaitimiz hesabına ala bilər - haradansa, hansı ölkədənsə almalıyıq, gətirməliyik. Buna görə də şübhəsiz ki, vəziyyət həddindən artıq çətindir, ağırdır. Ancaq bu o demək deyil ki, biz heç bir iş görə bilmərik. Xeyr, biz elə bu şəraitdə, bu dövrdə çox iş görə bilərik.

İndi artıq mart ayıdır. Yaz tarla işləri sürətlə aparılmalı, hər bir təsərrüfat, hər bir rayon öz imkanlarından istifadə etməli, Kənd Təsərrüfatı Nazirliyi, başqa nazirliklər, müvafiq orqanlar, Nazirlər Kabineti bu məqsədlə bütün daxili imkanları səfərbərliyə almalıdırlar. Pambıqçılıq rayonlarında səpinə hazırlaşmaq, taxıl əkini sahələrində becərmə işləri aparmaq, yem bitkiləri sahəsində müvafiq işlər görmək lazımdır. Üzüm, meyvə bağlarında, tərəvəz əkini sahələrində lazımi tədbirlər görülməlidir. Bir sözlə, bitkiçilik sahəsində çox qızğın iş getməlidir.

Dediyim kimi, dünən biz Nazirlər Kabinetinin, Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi ilə bir neçə saatlıq müzakirələr apararkən çox tələblər qoyulmuşdur: filan qədər gübrə, pestisid, herbisid, texnika lazımdır və s. Mən dünən dedim və də təkrar edirəm. Keçmiş dövrlərin əhval-ruhiyyəsindən uzaqlaşmaq lazımdır.

Əvvəllər belə idi: sifarişlər verilir, ümumittifaq fondundan texnika, gübrələr və s. alınırdı. Təchizat bir qədər gecikəndə hay-küy salırdıq. bunların heç biri yoxdur. Respublikamızda istehsal edilməyən gübrələri, yaxud texnikanı alıb ətirmək üçün gərək valyuta verək. Biz dünən müəyyənləşdirdik, Kənd Təsərrüfatı Nazirliyinə müəyyən qədər valyuta vəsaiti ayrılıb və o, lazım olan şeyləri alıb gətirməlidir. Ancaq belə qərara gəldik ki, bu iki-üç ay müddətində nə tələb olunursa, əsas diqqət ona yönəldilməlidir. Sonra nə tələb olunacaqsa, ona ayrıca baxacağıq.

Nikitin burada çıxış edərək dedi ki, ehtiyat hissələrindən başqa, kənardan heç nə gətirmək lazım deyildir. Texnikamız var və həmin ehtiyat hissələrindən istifadə edərək onu işlətmək lazımdır. Mən onu çoxdan tanıyıram, təcrübəli təsərrüfat rəhbəridir, təkcə öz kolxozunun deyil, ümumiyyətlə, Azərbaycan kənd təsərrüfatının vəziyyətini yaxşı bilir. Onun sözlərinə inanıram. Mən dünən kənd təsərrüfatı nazirinə dedim və bu gün də təkrar edirəm: Keçmişdəki qayda ilə hazırlanmış siyahılar heç nəyə yaramır. Hər bir rayonda, təsərrüfatda nəyin olduğunu və bundan necə istifadə etməyin mümkünlüyünü aydınlaşdırmaq lazımdır. Mən ilk növbədə texnikanı nəzərdə tuturam. Onu təmir edib yararlı hala salmaq lazımdır.

Əvvəllər belə idi ki, istənilən qədər texnika, gübrə və s. gətirir, lakin az qala yarısından istifadə etmirdik. Xatirimdədir ki, gübrəni gətirirdik, onu daşıtdırmaq bizdən ötrü böyük problemə çevrilirdi. Birtəhər rayonlara çatdırırdıq, orada isə təsərrüfatlara vermək əvəzinə, çox vaxt yolların kənarına tökürdülər. Çünki onun haradan, hansı qiymətə alınmasının fərqinə varmırdılar. İndi isə vəziyyət başqadır. Ona görə də öz imkanlarımızı ətraflı dəqiqləşdirməli, kənardan isə nə və nə qədər lazımdırsa, onu alıb gətirməliyik. Həm də bunlardan səmərəli istifadə olunmalıdır. Başqa yolumuz yoxdur.

İndi biz müstəqil dövlətik, iqtisadi imkanlarımız məhduddur. Çünki böhran içərisindəyik, müharibə aparırıq. Müharibə isə bildiyiniz kimi, çox böyük xərc tələb edir. İndi hər şeyi ölçüb-biçməliyik. Rayonların, təsərrüfatların rəbhərləri gərək qənaətcil ailə başçısı kimi fikirləşsinlər ki, təsərrüfat işlərini aparmaq üçün nə lazımdır və onu hansı vəsaitlə almaq mümkündür. Yalnız bu yolla, qənaət və iqtisadi səmərəlilik yolu ilə, təsərrüfatçılıq yolu ilə işləmək lazımdır. Mən qəti fikirdəyəm ki, bundan ötrü Azərbaycan Respublikasının hər bir rayonunda, hər bir təsərrüfatında böyük imkanlar var. Bunlardan istifadə olunmalıdır. Kənd təsərrüfatı ilə bağlı bütün sahələrlə çalışan rəhbər işçilərin də əsas vəzifəsi bundan ibarətdir.

Biz bu il gərək kənd təsərrüfatı məhsulları istehsalını ötən ildəkinə nisbətən xeyli artıraq. Başa düşün, əgər bunu etməsək, respublikanın vəziyyəti daha da ağır olacaqdır.

Heyvandarlıqda da vəziyyət bitkiçilikdən yaxşı deyil, ağırdır. Nəticələr çox narahatedicidir və bunlarla heç cür razılaşmaq olmaz. Hər bir təsərrüfat, rayon rəhbəri, təsərrüfat orqanları heyvandarlıqda vəziyyətin yaxşılaşdırılması barədə ciddi düşünməlidirlər. Kənd Təsərrüfatı Nazirliyi, əlaqədar təşkilatlar bu barədə təsirli tədbirlər görməli, sahənin ehtiyaclarının ödənilməsinə diqqəti artırmalıdırlar. Aydındır ki, respublikanın daxili imkanları çox məhduddur. Amma buna baxmayaraq, mövcud imkanlardan maksimum səmərə ilə istifadə edilməlidir. Bu barədə geniş danışmaq istəmirəm, tələb edirəm ki, heyvandarlıq məhsullarının artırılması, mal-qaranın sayının çoxaldılması üçün təsirli tədbirlər görülsün və sahənin inkişafına diqqət artırılsın.

Burada kənd təsərrüfatının mövcud problemlərinin həlli ilə əlaqədar bir sıra təkliflər, fikirlər irəli sürüldü. Onlar əsasən kənd təsərrüfatında iqtisadi islahatların keçirilib-keçirilməməsi və yaxud nə vaxt başlanması ilə əlaqədardır. Mən təəccüb edirəm ki, neçə ildir iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı sahəsində islahatların başlanması barədə müzakirələr, mübahisələr gedir, fikirlər söylənilir, qərarlar qəbul edilir, ancaq heç bir nəticə yoxdur.

Bəziləri çıxışlarında deyirlər ki, kolxoz, sovxoz sistemindən imtina etmək lazımdır, bir çoxları isə bunun əleyhinə çıxır. Ancaq bu söhbət nə qədər davam edəcək? Təəccüb edirəm, bir natiqin çıxışında da deyildi ki, Azərbaycanda bir neçə il bundan əvvəl Torpaq Komitəsi yaradılmışdır, onun sədri Türkiyədən dəvət olunmuşdur. Məqsəd bu idi ki, başqa ölkələrin də təcrübəsini öyrənək. Ancaq nə bu Torpaq Komitəsi işlədi, nə də onun Türkiyədən dəvət olunmuş sədri bir iş gördü. Əgər bir iş gördüsə, bunun nəticəsi olmalı idi. Heç bir nəticə yoxdur. Ona görə də mənim əsasım var deyəm ki, o, bir iş görməyib.

İqtisadiyyatla bu qədər ehtiyatsız davranmaq olmaz. Belə münasibət iqtisadiyyatı dağılmış vəziyyətə gətirib çıxarıb. Yaxud kolxoz və sovxozlara münasibətdə, fermer təsərrüfatlarının, icarə prinsiplərinin tətbiq olunması, kiçik müəssisələrin yaradılması sahəsində də lazımi tədbirlər görülməyib. Biz hansı sistemdə yaşayırıq? Əgər biz müstəqil dövlətiksə, socialist sistemindən imtina etmişiksə, demək, yeni bir sistem yaratmalıyıq, yoxsa yox?

Mən demirəm ki, bu, bir gündə, bir ayda yaransın. Ancaq ötən dövrdə bunu yaratmaq mümkün idi. Bayaq misal çəkdim ki, üzüm bağlarını yaratmaq üçün beş il vaxt lazım oldu. Bir üzüm tənəyinin məhsul verməsinə də bu qədər vaxt sərf edilməlidir. Amma onu dağıtmaq üçün bir neçə saat vaxt tələb olunur. Eləcə də bu sistem 70 il hökm sürüb. Onun müsbət tərəfləri də, mənfi qərəfləri də olub. Ümumi fikir belə olub ki, biz bu sistemdən imtina etməli, bazar iqtisadiyyatına keçməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparmalıyıq.

Azərbaycan iki ildir ki, müstəqil dövlətdir. O, SSRİ-nin tərkibində olduğu dövrdə də iqtisadi islahatlar prosesi gedib. Bəs kənd təsərrüfatında hansı islahatlar aparılıb? İqtisadi islahatların bu gün hansı nəticələri haqqında danışmaq mümkündür? Heç biri yoxdur. Ancaq danışıq, yazı-pozu, məqalə, mübahisə seminar, cürbəcür konfranslar və s. Həddindən artıq olub. Alimlər orada-burada yığışıblar, məruzələr ediblər, amma nəticəsi yoxdur. Nə etməli?

Natiqlərin bəziləri deyirlər ki, müharibə gedən ölkədə kolxoz və sovxoza dəymək olmaz və onu inkişaf etdirmək lazımdır. Bir çoxlarının fikrincə isə şəxsi təsərrüfata keçmək lazımdır. Amma onun yollarını da aydın görmürlər. Bilinmir ki, xüsusi təsərrüfata necə keçmək olar. Hesab edirəm ki, biz artıq sözdən işə keçməliyik. Düzgün başa düşün, bu sistemi dağıtmaq fikrində deyiləm, ancaq kənd təsərrüfatı sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur. Bəs bu islahatları necə, hansı müddətdə keçirmək lazımdır? Bu barədə düşünmək, proqram yaratmaq lazımdır. İndiki halda biz ortada qalmışıq - nə o yanlıq, nə də bu yanlıq bir iş görülmür. Əgər intizamı möhkəmlətmək üçün inzibati-amirlik üsulu tələb olunursa, o artıq yoxdur. İqtisadi səmərəlilik prinsiplərini deyirsinizsə, o da tətbiq olunmayıb.

Belə qeyri-müəyyən vəziyyətdə yaşamaq mümkün deyil. Mən konkret heç nə demək istəmirəm. Yeganə bir təcrübə var. Burada Naxçıvan MR baş nazirinin birinci müavini Abbasov çıxış edərkən heyvandarlıq sahəsindəki təcrübədən danışdı. Bəli, bu, 1992-ci ilin yazında olub. Çoxlu mübahisələr gedirdi ki, malqaranı nə edək. O vaxt biz Naxçıvanda belə qərara gəldik ki, xırda-buynuzlu malqaranın hamısı kənd əhalisinə satılsın. Onda da buna etiraz etdilər, dedilər ki, aparıb qonşu dövlətlərdə satacaqlar və s. Belə hallar həqiqətən baş verdi: malqaranı Arazdan İrana keçirib satanlar da oldu. Bunlar ola bilər. Amma siz nəticəyə fikir verin. Naxçıvanda mal-qaranın ümumi sayı artıb, demək ət istehsalı da çoxalıb. Biz bir şey itirməmişik. Təcrübə öz bəhrəsini verib. Bu o demək deyil ki, bunu hər yerdə tətbiq etmək lazımdır. Mən respublika baş nazirinin müavini Abbas Abbasovdan soruşuram ki, bu təcrübəni respublikanın hansısa bir rayonunda tətbiq etmək olardımı? Tətbiq edilməyib.

Yerdən səs: Daşkəsən rayonunda tətbiq edilmişdi, lakin hər yerdə ictimai binalar söküldü.

- Harada söküldüyünü deyə bilmərəm. Bəs siz nə üçün buna imkan vermisiniz? Həmin ictimai binaları nə üçün istifadəsiz saxlamışlar? Əgər haradasa bir dəyişiklik, islahat aparılırsa, bunu düşünülmüş şəkildə etmək lazımdır. Yəni konkret halda fikirləşmək lazımdır ki, həmin binalardan necə istifadə edilməlidir. Dəyişiklikləri, islahatları düşünülmədən apardıqda, əlbəttə, nəticəsi belə olacaqdır. Belə məsələlərin mexanizmini işləyib hazırlamaq lazımdır. Mən belə hesab edirəm ki, bu işdə Nazirlər Kabineti günahkardır. O, 1991-ci ildə də və sonrakı illərdə də bu işləri görməli idi, lakin görməmişdir. Ancaq biz sadəcə tənqidlə məşğul ola bilmərik. Ona görə də mən Abbas Abbasova tapşırıram ki, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların keçirilməsi ilə bağlı təkliflərini versin. Bu islahatların keçirilməsi üçün ilk növbədə komissiya yaradılmalıdır. Həmin komissiyaya təkcə vəzifəli şəxslər deyil, səriştəli adamlar, mütəxəssislər, alimlər, bilavasitə bu sahədə çalışan adamlar daxil olmalıdır. Komissiya kənd təsərrüfatında islahatlar keçirilməsinə dair qısa müddətdə proqram hazırlamalıdır. Həmin proqram bir günlük, bir aylıq olmamalıdır. Biz bilməliyik ki, hər növbəti rübdə nə etməliyik, 1995-ci ilə nə ilə gəlməliyik. Bir sözlə, kənd təsərrfatında iqtisadi islahatlar həyata keçirilməlidir. Şübhəsiz ki, bu işlər görülərkən güclü kolxoz və sovxozlar fəaliyyətini davam etdirməli və bundan ötrü şərait yaradılmalıdır.

Məsələn, Nikitin nə üçün kolxozun tərəfdarıdır? Çünki çox gözəl kolxozu var. Yəqin ki, burada oturanların çoxu onun təsərrüfatı ilə tanışdır. Mən Nikitinə sual verdim ki, İsmayıllı rayonunda yenə də rentabelli kolxoz varmı? Dedi ki, yoxdur! Belə çıxır ki, İvanovka kəndi İsmayıllı rayonunda elə bir adadır ki, Allah oraya ayrıca sərvətlər bəxş etmişdir, buna görə də onlar yüksək məhsul götürürlər. Bu nə cür olur? Son illərdə respublikada məlum proseslərin getdiyi bir vaxtda, hakimiyyətlərin dəyişdiyi bir vaxtda, kolxozu, sovxozu birinin bəyəndiyi, başqasının bəyənmədiyi, özləri isə heç bir şey etmədiyi illərdə bu kolxozun üzvləri öz işləri ilə məşğul oldular və yaxşı da yaşayırlar. Hətta Nikitin deyir ki, mən təhvil vermək istəyirəm, lakin qəbul etmək istəmirlər: bir belə süd veririk və yenə verəcəyik. Şübhəsiz ki, belə təsərrüfatlar yaşamalıdır. Heç kim də belə təsərrüfatların dağılmasına yol verməz. Mən özüm də qətiyyən buna razı deyiləm.

Ancaq eyni zamanda fikirləşməliyik ki, harada nəyimiz var və ondan necə istifadə etməliyik. Yenə də deyirəm: Azərbaycanın təbiəti, iqlim şəraiti, torpağı kənd təsərrüfatı məhsulları istehsalını artırmaq üçün böyük imkanlar verir. İmişli rayonunun icra hakimi burada çıxış edərək Arazın o tayında, İranda olan vəziyyətdən danışdı. Bəli, həmin torpaq, həmin sudur, amma yüksək məhsul götürürlər. Onların çox məhsuldar mal-qarası, iri təsərrüfatları var. Bir sözlə, yaxşı işləyirlər. Necə deyərlər, bir-iki addımlıq yoldur, gedin öyrənin, görün necə işləyirlər. Heç olmasa, onlar kimi işləyin.

Burada qiymətlər barədə də söhbət getdi. Mən bunu cari məsələlər və gələcək üçün də deyirəm. Şübhəsiz ki, kənd təsərrüfatı məhsullarının qiymətlərinə baxılmalıdır. Biz bu barədə dünən müvafiq göstərişlər vermişik. Nazirlər Kabineti öz təkliflərini hazırlamalıdır. Cari ilin vəzifələrini yerinə yetirmək üçün kənd təsərrüfatı məhsullarının qiymətləri elə olmalıdır ki, həmin sahədə işdən əli soyumuş adamları bir daha buraya cəlb etmək mümkün olsun. Güman edirəm ki, biz bu məsələni həll edəcəyik.

İslahatlardan bir-iki il sonra kənd təsərrüfatının vəziyyətinin necə olacağını gələcək göstərəcəkdir. Ancaq bir şey məlumdur: əsrin əvvəlindən indiyədək, daha doğrusu, 20-30-cu illərdən başlayaraq kənd təsərrüfatında nailiyyətləri nizamintizam, bütün sahələrə diqqətin artırılması hesabına əldə etmişik.

Demək olar ki, biz kənd təsərrüfatı sahəsində indiyədək mövcud olan iqtisadi sistem şəraitində yaşayırıq. Ona görə də rayonların, təsərrüfatların, kənd təsərrüfatı ilə məşğul olan orqanların rəhbərləri ilk növbədə özlərini nizamintizama dəvət etməlidirlər. İkincisi isə, bütün kənd təsərrüfatı sahəsində, nizamintizamı, tələbkarlığı, nəzarəti möhkəmləndirərək işi sürətlə aparmalıyıq.

Son illərdə iqtisadiyyat sahəsindəki bəzi proseslərlə əlaqədar adamların, ola bilər çox bir qismi hər şeydən şəxsi mənfəət götürməyə çalışır. Biz, ümumiyyətlə, təşəbbüskarlığa mühüm yer vermişik. Bazar iqtisadiyyatına keçərək sahibkarlığa geniş meydan açmışıq. Xeyli miqdarda kiçik müəssisələr, kooperativlər yaranmışdır; icarədarlar var. Bunların hamısı təbiidir və hamısının inkişaf etməsinə indən belə də qanun-qayda çərçivəsində imkan verməliyik. Ancaq təəssüf ki, bəziləri qayda-qanunu pozaraq belə bir şəraitdən, nəzarətin olmamasından istifadə edərək dövlətin, xalqın malını oğurlamaqla, mənimsəməklə öz şəxsi məqsədlərinə nail olurlar, bəzi adamlar qanunsuz yolla varlanırlar. Bütün bunlar isə iqtisadiyyatımızın, o cümlədən kənd təsərrüfatının geriləməsinə və əhalinin bir hissəsinin həddindən artıq yoxsullaşmasına gətirib çıxarır.

Biz bununla razılaşa bilmərik. Hüquq-mühafizə orqanları, maliyyə orqanları, vergi sistemi və bu sahələrlə məşğul olan bütün başqa orqanlar belə mənfi halların qarşısını almalıdırlar. Çünki bu mənfi hallar bir tərəfdən iqtisadiyyatımızın dağılmasına şərait yaradır, ikinci tərəfdən isə əhali, kütlələr içərisində narazılıq və işə etinasızlıq əmələ gətirir. Ona görə də artmaqda olan belə mənfi hallara qarşı mübarizəni kəskinləşdirmək lazımdır. Rayonların, kənd təsərrüfatı orqanlarının, təsərrüfatların rəhbərləri bu işdə nümunə göstərməli və özləri də belə hərəkətlərə yol verməməlidirlər.

Bizə çox siqnallar gəlir ki, məhz bu işlərə nəzarət etməli olan adamlar özləri cürbəcür əyri yollarla dövlət əmlakını, xalq malını dağıtmağa, mənimsəməyə çalışırlar və bütün bunlar ümumi işimizə zərbə vurur. Bir də təkrar edirəm: indiyədək yaşadığımız dövrün təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, nizam-intizamı möhkəmləndirməklə kənd təsərrüfatında müvəffəqiyyətlərə nail olmaq və mövcud imkanlardan istifadə edərək yaz tarla işlərini, ümumiyyətlə, kənd təsərrüfatı işlərini uğurla aparmaq, yaxşı nəticələr qazanmaq olar. Bunu hamınızdan tələb edirəm.

Burada çıxış edənlərin bəziləri respublikadakı mövcud ictimai-siyasi vəziyyətə toxundular. Mən bu barədə geniş danışmaq fikrində deyiləm. Ancaq həmin çıxışlarla əlaqədar bir neçə kəlmə demək istəyirəm. Qeyd etdiyim kimi, respublikamız ağır sosial-iqtisadi böhran içərisindədir. Azərbaycan müharibə aparır. Son illərdə ordumuz lazımi səviyyədə yaranmadığına, torpaqlarımızın müdafiəsi kifayət dərəcədə təşkil edilmədiyinə görə Azərbaycan ərazisinin bir qismi işğal edilmişdir və biz həmin torpaqların geri qaytarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün tədbirlər görürük.

Belə bir şəraitdə Azərbaycanda bütün başqa dövrlərdən fərqli olaraq daxili ictimai-siyasi sabitlik, cəmiyyətin bütün təbəqələrinin həmrəyliyi, birliyi əsas şərtdir. Ancaq təəssüf ki, bəzi qruplar, qüvvələr şəxsi siyasi hikkələrini həyata keçirmək, öz niyyətlərinə nail olmaq üçün, vəzifə, hakimiyyət hərisliyi azarına tutulduqlarına görə cürbəcür çirkin əməllərə yol verir və daxili sabitliyi pozmağa çalışırlar. Biz elan etmişik: respublikamız demokratiya yolu ilə gedir. Bütün vətəndaşların azadlığı təmin olunmuşdur. Keçmiş dövrlərdən fərqli olaraq hər kəs öz sözünü, fikrini açıq demək imkanına malikdir. Siyasi dünyagörüşünə, öz şəxsi fikrinə görə heç kim təqib edilmir, cəzalandırılmır. Bir sözlə, respublikada bütün azadlıqlar elan olunmuşdur.

Ancaq bu şəraitdə, demokratiya, siyasi plüralizm şəraitində həmin azadlıqlardan doğru və düzgün istifadə etmək lazımdır. Təəssüf ki, belə bir şəraitdə bəzi qüvvələr təxribata əl atır, daxildə ictimai-siyasi vəziyyəti pozmaq istəyirlər. Hətta son vaxtlar inzibati orqanlarımızın aldıqları bəzi məlumatlar göstərir ki, yenə də dövlət orqanlarına, iqtidara qarşı cürbəcür hərəkətlər etmək, hakimiyyət uğrunda mübarizə aparmaq fikrinə düşürlər. Bütün bunlar isə həm müdafiə qüvvələrimizi zəiflədir, həm də iqtisadiyyatda yaranmış ağır vəziyyətdən çıxmağımıza çox böyük maneə törədir. Ona görə də demək istəyirəm ki, bizdə bütün partiyalar, mətbuat azaddır, Azərbaycanda adamların bütün azadlıqları təmin olunmuşdur və olunacaqdır. Azərbaycan dövlət quruculuğunda, cəmiyyətdə, iqtisadiyyatda demokratiya, siyasi plüralizm, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir. Ancaq bu yolla getmək üçün imkan vermək lazımdır ki, həmin tədbirlər həyata keçirilsin. Bundan ötrü bütün siyasi qüvvələr birləşməlidir. Onların hər biri bu yolla irəliləmək üçün öz töhfəsini verməli, səyini, xidmətini göstərməlidir.

Mən bir daha bəyan edirəm ki, biz bu yoldan dönməyəcəyik. Eyni zamanda təxribatçılara, böhtançılara çirkin məqsədlərlə hakimiyyət uğrunda mübarizə ilə məşğul olan qüvvələrə qarşı lazımi tədbirlər görəcəyik. Heç kim güman etməsin ki, onlar hansı yollarla nəyə isə nail ola bilərlər. Heç bir yolla nail ola bilməzlər! Azərbaycan dövlətinin gücü, Konstitusiyasına əsasən özünü qorumaq hüququ var, biz bu hüquqları qoruyacağıq və mən prezident kimi, həm hər bir vətəndaşın azadlığının, həm də cəmiyyətdə ictimai-siyasi sabitliyin və dövlətin möhkəmliyinin təminatçısıyam. Adını çəkdiyim qüvvələr böhtançılıqla heç bir şeyə nail ola bilməzlər.

İki-üç gün bundan əvvəl televiziya ilə xəbər verdilər ki, Xalq Cəbhəsinin binasının zirzəmisində nə qədər hərbi sursat tapılmışdır. Bu, konkret faktdır. Əgər bu sursatı orada gizlətmişlərsə, heç olmasa, etiraf etsinlər, üzr istəsinlər. Lakin bunun əvəzində xarici informasiya vasitələrinə məlumat verməklə ki, guya 100-150 adam tutulmuşdur, bununla nəyə nail olmaq istəyirlər? Hansı xarici agentlik gəlib burada bizim dövlətimizin işinə qarışacaq? Kimin nə ixtiyarı var?

Şübhəsiz ki, cinayətkarlar tutulmalıdır. Ancaq mən yenə də hamını vətəndaş həmrəyliyinə, insani münasibətlərə dəvət edirəm. Bəsdir, bəd hərəkətlərdən əl çəkmək lazımdır. Yenə də bəzi qruplar orada-burada yığışırlar, bir tərəfdən də Mütəllibovun sorağı gəlir. Mütəllibovun Azərbaycan haqqında düşünməyə nə kimi mənəvi hüququ var? O, Azərbaycana xəyanət etmişdir. 20 Yanvar faciəsi məsələsinə Milli Məclisdə baxılacaq və mən güman edirəm ki, Milli Məclis bu barədə öz fikrini deyəcəkdir. Yaxud da başqa qruplar, o qruplar ki, hakimiyyətdə olduqları bir il ərzində Azərbaycanın iqtisadiyyatını dağıtdılar, onlar hansı mənəvi hüquqla danışırlar? Qoy siyasi fəaliyyətlərini davam etdirsinlər, heç kim onlara məhdudiyyət qoymur: qəzet nəşr etsinlər, iclas keçirsinlər - onlara mane olan yoxdur. Lakin təxribatla məşğul olmasınlar və biz buna yol verməyəcəyik. Ona görə də mən bu gün bəyan edirəm: Azərbaycan Respublikasının daxili ictimai-siyasi vəziyyəti sabitdir və sabit olacaq. Heç bir qrup, heç bir qüvvə bu sabitliyi poza bilməyəcək və hər hansı bir tərəfdən bunu pozmağa səy göstərilərsə, belə hərəkətlərin qarşısını almağa qadirik və alacağıq.

Respublikamızın ərazi bütövlüyünü qorumaq üçün lazımi tədbirlər görürük. Sizə məlumdur ki, mən son vaxtlar xarici ölkələrdə - Türkiyədə və İngiltərədə olarkən həm mətbuatda, həm də dövlət başçıları ilə görüşlərdə demişəm ki, Azərbaycan müharibənin sülh yolu ilə qurtarmasına tərəfdardır. Bu, bizim səmimi prinsipimizdir və onu müxtəlif dairələrdə, səviyyələrdə bəyan etmişik. Biz beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalışırıq. ATƏM-in Minsk qrupunun böyük bir heyəti respublikamıza gəlmişdir. Mən Minsk qrupunun yeni sədri, çox təcrübəli diplomat Yan Eliasson ilə görüşərək danışıqlar aparmışam. Onunla birlikdə gələn qrup Dağlıq Qarabağda da olmuşdur.

Ermənistana da gedəcəkdir. Qayıtdıqdan sonra mən onlarla yenə görüşəcəyəm. Biz başqa vasitələrdən də istifadə edirik. Rusiya bu problemin sülh yolu ilə həll edilməsi barədə təkliflərini vermişdir. Biz bunları da rədd etməmişik. Əgər səmərəli olarsa, həmin təkliflərdən də istifadə etmək fikrindəyik. Ancaq mən hər yerdə demişəm və bu gün də deyirəm ki, yalnız bir şərtlə: Azərbaycanın müstəqilliyi toxunulmazdır, onun ərazi bütövlüyü təmin olunmalıdır və erməni silahlı qüvvələri işğal edilmiş torpaqlarımızdan dərhal çıxarılmalıdır. Başqa yol ola bilməz.

Bildiyiniz kimi, müdafiə nazirimiz fevralın 18-də Ermənistanın və Rusiyanın müdafiə nazirləri ilə görüşmüş və atəşin kəsilməsi haqqında razılıq əldə olunmuşdur. Biz bunu təmin etdik. Lakin erməni silahlı qüvvələri dünən Füzuli rayonunun ərazisində güclü hücuma keçdi və qanlı döyüşlər oldu. Ordumuz öz mövqelərini etibarlı müdafiə edərək düşmənə güclü zərbə vurdu. Lakin atəşkəs haqqında sazişi pozan ermənilər həmişəki kimi, tələsik hay-küy qaldıraraq guya Azərbaycan Ordusunun hücuma keçməsi barədə car çəkmişlər. Rusiya televiziyasının "Vesti" proqramı da dərhal bu məlumatı yaymışdır. Şübhəsiz, bu, bizim təbliğatımızın zəifliyidir. Bəla burasındadır ki, Xalq Cəbhəsinin də təbliğatı ermənilərin təbliğatı ilə eynidir. Onlar ermənilərdən yalnız bir şeyi - təbliğat sahəsində çevikliyi əxz etmişlər. Kimə isə bir balaca toxunan olsa, "Vesti" bu barədə də dərhal xəbər verir.

Bir daha təkrar edirəm: dünən "Vesti" proqramında xəbər verilmişdir ki, guya Azərbaycan tərəfi hücuma keçmişdir. Bunu eşidərkən mən məsələni araşdırdım və bəyan edirəm ki, Azərbaycan əsgərləri heç bir istiqamətlə hücuma keçməmişlər. Erməni silahlı qüvvələri atəşkəs müddətindən istifadə edərək hücuma keçmişlər. Azərbaycan Ordusunun hissələri Füzuli istiqamətinlə düşmənə layiqli müqavimət göstərərək onun bir neçə zirehli texnikasını, çoxlu canlı qüvvəsini məhv etmişdir. Şübhəsiz ki, bizim tərəfdən də itki var. Mən bu gün səhər də həmin məsələlərlə məşğul olmuşam və göstəriş vermişəm ki, müdafiə qüvvələrimiz öz mövqelərində sayıq dayansın. Ola bilər ki, ermənilər fitnəkarlıq məqsədilə hücuma keçmiş və öz əməllərini bizim üstümüzə atmışlar. Ona görə də Minsk qrupunun rəhbəri Dağlıq Qarabağdan qayıdanda bu barədə onunla danışacağam.

Biz belə ağır şəraitdə işləyirik. Bir tərəfdən hər gün Ermənistanın fitnəkarlıqları ilə qarşılaşır, digər tərəfdən isə daxildəki təxribatçıların əməllərinin şahidi oluruq. Ancaq heç kim narahat olmasın. Biz hər bir sahədə - həm müdafiə sahəsində, həm də respublikanın daxili vəziyyəti ilə bağlı dövlət strukturlarını idarə edirik və bundan sonra da idarə edəcəyik. Ordumuz Azərbaycan torpaqlarını qorumağa qadirdir və bundan sonra daha da etibarlı qoruyacaqdır. Əminəm ki, əgər ermənilər bu məsələnin sülh yolu ilə həllinə getməsələr, biz əz ədalətli müharibəmizi davam etdirəcəyik. Bunların hamısını təmin etmək üçün kənd təsərrüfatı işçilərindən, kənd əhalisindən, bu sahədə çalışan bütün məsul şəxslərdən daha səmərəli işləmək tələb olunur. Müşavirəni yekunlaşdıraraq hamınıza müraciət edir, sizi səmərəli işləməyə, milli həmrəyliyə, milli birliyə dəvət edirəm. İndi bizim bir məqsədimiz var, respublikamızın ərazi bütövlüyünü təmin etmək, qəsbkarları işğal olunmuş torpaqlardan çıxarmaq, respublikamızı iqtisadi-sosial böhrandan qurtarmaq. Bu məqsədlərin həyata keçirilməsi yolunda bir prezident kimi mən bütün qüvvələrlə əməkdaşlıq etməyə hazıram və hamınızı bu əməkdaşlığa, vətənpərvərliyə, vətəndaşlıq borcunu yerinə yetirməyə dəvət edirəm.

Hamınıza cansağlığı arzu edirəm və ümidvaram ki, bu il kənd təsərrüfatı sahəsində dönüş yaranacaqdır.

Oçerklər

Ümumi tarixi arayış

İQTİSADİYYAT

Tarixi arayış

Sosial-iqtisadi inkişaf